Məhkəmə qərarları › İş №1(099)-587/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-587/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-587/2022 04.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci ildə Ağcabədi rayonu Aran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu Aran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdə saat 16 radələrində qardaşı Zərərçəkmiş şəxs yeni doğmuş qoyunları balası ilə ona məxsus fermadan gəlib vaxtında atasıgilə aparmadığına görə Ağcabədi rayon Aran kəndində atası Şahid1 məxsus yaşayış evinin həyətində aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi cib bıçağı ilə qardaşı Zərərçəkmiş şəxs sağ kürək nahiyyəsinə qəsdən iki zərbə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ saidin kəsilmiş yarası və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sağ yarısının arxa səthindən döş boşluğuna keçərək sağ ciyərin zədələnməsi ilə və pnevmahemotoraksla nəticələnən deşilmiş-kəsilmiş yara kimi ümumilikdə iki ədəd xəsarət yetirən Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1993-cü ildən ailəsi ilə birlikdə Laçın rayonundan məcburi köçkün kimi Ağcabədi rayonu Aran kəndində məskunlaşmışlar. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Özü heyvandarlıqla məşğuldur, Aran kəndində fermada qoyun saxlayır və orada yaşayır. Valideyinləri qoca olduqlarından heç bir iş görə bilmirlər, qoyunlar doğduqca ailəsini dolandırmaq üçün onları satıb qazanc əldə edib ərzaq məhsulları almışdır. Öz heyvanları ilə birlikdə qardaşı Sücaətin də heyvanlarına baxmış, yanıbalalı heyvanlara baxmaq çətin olduğundan onlar bala doğduqca Sücaət gəlib öz heyvanlarını atasıgilə aparmışdır. Baş vermiş hadisədən bir neçə gün əvvəl qoyunlardan biri doğduğu üçün qardaşı Sücaətə demişdir ki, gəlib yanı balalı qoyunu aparsın, onlara baxmaq çətindir. 2022-ci ilin may ayının 20-də səhər saatlarında Sücaət piyada fermaya gəlmiş və demişdir ki, maşınla gəlib heyvanları aparacaq. Həmin gün qoyunları otarmış və yorulmuş, Sücaət gəlib öz heyvanlarını aparmadığna görə ona əsəbləşmişdir. Saat 16 radələrində atasıgilə gəlmiş və Sücaətin orada maşını yuduğunu görmüş, ondan nə üçün gəlib qoyunu aparmadığını soruşmuş, Sücaət isə cavabında fermanın ərazisi palçıqlı olduğundan gələ bilmədiyini demişdir. Onun bu sözlərinə daha da əsəbləşmiş və aralarında mübahisə yaranmış, mübahisə zamanı bir-birlərinin yaxasından tutaraq itələşmişlər. Bu zaman ani olaraq şalvarının cibində saxladığı bıçağı çıxarıb Sücaətin kürəyinə bir dəfə vurmuş, sonra əlində bıçaqla həyətdən çıxıb yaxınlıqda “moyka”da işləyən qardaşı Əbülfətin yanına getmiş və Sücaəti bıçaqla vurduğunu demişdir. Həmin gün fermaya getməmişdir. Səhərisi gün polislər tərəfindən axtarıldığını bilib 21 may 2022-ci il tarixdə atası ilə polis şöbəsinə getmişlər. Törətdiyi əməldən çox peşmandır. Qardaşı Sücaətlə barışmışdır. Məcburi köçkün və ailələrinə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi bu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı Raquf Ağcabədi rayon Aran kəndində fermada yaşayır, orada heyvandarlıqla məşğul olur. Onun özünə məxsus 11 baş qoyunu da var. Raquf fermada yaşadığından saxlamaq üçün öz qoyunlarını da fermaya aparmışdır. Qoyunla Raquf baxırdı. Fermanın ərazisində üzəri örtülü tikili olmadığından hər dəfə qoyun doğanda onları aparıb atasıgilin həyətlərində olan tövlədə saxlamışlar. Hadisədən əvvəl fermaya getmiş, Raquf ona demiş ki, “qoyunlardan biri doğub onu apar atamgilin həyətinə”. Raqufa gəlib aparacağına söz vermiş, lakin qoyunların dalınca gedə bilməmişdir. Səhəri gün - 20 fevral 2022-ci il tarixdə saat 16 radələrində atasıgilin yaşadığı evin qarşısında maşını yuyarkən bir az keçmiş qardaşı Raquf gəlmiş, ona əsəbi halda «niyə gəlib qoyunları aparmadın» deyə soruşmuş, cavabında ona “maşını yumuşdum, palçıq olduğundan gələ bilmədim, sonra gəlib aparacam” demişdir. Raquf daha da əsəbləşmiş və ona “birdə fermanın ərazisinə gəlsən səni doğraycam” dedikdə “sən kimsən məni doğrayasan, sən adam doğrayansan” deyə cavab vermişdir. Bundan sonra Raqufla tutaşmış və itələşmişlər. Bu zaman Raquf cibindən bıçağı çıxarıb onun kürəyindən vurmuş, kürəyindən qan axtığını görüb tez küçəyə qaçıb köməyə çağırmağa başlamışdır. Atası və qardaşı Teyyub həyətə girib onun kürəyini şalı ilə bağlamış və rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada məlum olmuş ki, Raquf onu bıçaqla vuran zaman bıçaq sol qolunu zədələyib və kürək nahiyəsinə xəsarət yetirib. Hal hazırda özünü yaxşı hiss edir, qardaşı Raqufa qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Raqufun ailələrinə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq olunmuş ərizə ilə müraciət edrək Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1993-cü il tarixdən ailəsilə birlikdə məcburi köçkün kimi Ağcabədi rayon Aran kəndində məskunlaşıb yaşayırlar. X2 rayon Aran kəndində qoyun saxlayır, fermada yaşayır. Digər oğlu Sücaət də ayrı yaşayır, onun bir neçə baş xırda buynuzlu heyvanlarını Raquf özünə məxsus heyvanlarla birlikdə fermada saxlayır. 20 may 2022-ci il tarixdə saat 16 radələrində o, yaşadığı kənddə kafedə oturan zaman evdən gəlini ona zəng edib tez evə gəlməyini demiş, evin qarşısına çatan zaman görmüşdür ki, oğlu Teyyub Sücaəti maşına mindirir, Sücaətin qolundan qan gəldiyi üçün qolunu yaylıqla bağlamışlar. Dərhal Sücaəti rayon xəstəxanasına aparmışlar. Sücaət əməliyyat olunmuş, həmin gecəni o, xəstəxanada qalmış, səhəri gün yəni 21 may 2022-ci il tarixdə oğlu Raquf gəlmiş, birlikdə rayon polis şöbəsinə getmişlər. Raquf və Sücaət arasında hər hansı bir ədavət olmamış, Raquf ani olaraq əsəbləşib Sücaəti bıçaqla vurmuşdur. Özü və arvadı heç yerdə işləmirlər, hazırda Raqufla Sücaət barışıblar, Raquf ailəyə yeganə qazanc gətirən şəxsdir. Buna görə də, onların ağır ailə vəziyyətini nəzərə alıb Raqufa yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Raquf maldarlıqla məşquldur, fermada qoyun saxlayır, ailəni dolandırır. Eyni zamanda Raquf digər oğlu Sücaətin də qoyunlarına baxır. 20 may 2022-ci il tarixdə saat 15 radələrində oğlu Sücaət yaşadığı evə gəlmiş, təxminən 20 dəqiqə sonra digər oğlu Raquf da gəlmişdir. Raqufla qardaşı Sücaət həyətdə dayanıb söhbət edərkən Raquf «sən birdə fermaya gəlmə, gəlsən səni doğrayacam» sözlərini demiş, bundan sonra onlar mübahisə etməyə başlamışlar. Raquf Sücaətin boğazından tutmuş, sonra Sücaət yerə yıxılmışdır. Sücaət yerə yıxılan kimi Raquf qaçıb getmişdir. O, yaxınlaşıb görmüşdür ki, Sücaətin üstü qandır. Dərhal şalını çıxarıb Sücaətin kürəyini bağlamış, sonra onu xəstəxanaya aparmışlar. Mübahisəyə səbəb Raquf doğan heyvanı Sücayətə fermadan aparmasını xahiş etməsi, Sücaətin isə maşını yuduğunu, palçığa bulaşmasın deyə aparmayacağını deməsi olmuşdur. Raquf və Sücaət arasında hər hansı bir ədavət olmamış, Raquf ani olaraq əsəbləşib Sücaəti bıçaqla vurmuşdur. Hazırda Raquf və Sücaət barışmışlar, ailəni dolandıran Raqufdur Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə 1993-cü il tarixdən məcburi köçkün kimi Ağcabədi rayon Aran kəndində məskunlaşıb yaşayırlar. Raquf Ağcabədi rayon Aran kəndi ərazisində fermada yaşayır və bundan başqa fermada heyvandarlıqla məşqul olur. Sücaət də ayrı yaşayır, onun bir neçə baş xırda buynuzlu heyvanlarını Raquf özünə məxsus heyvanlarla birlikdə fermada saxlayır. Kənd ərazisində maşın yuyulan sexdə işləyir. 20 may 2022-ci il tarixdə saat 16 radələrində işdə olarkən qardaşı Raquf onun yanına gəlib Sücaəti bıçaqla vurduğunu, onu həkimə aparmağını xahiş etmişdir. Dərhal atasıgilin yaşadığı evin qarşısına gəlmiş, Sücaətin qolunun qan içində olduğundan yaranı yaylıqla bağlandığını görmüşdür. Sücaəti dərhal rayon xəstəxanasına çatdırmışlar. Xəstəxanada Sücaət əməliyyat olunmuşdur. Hazırda Raquf və Sücaət barışmışlar, münasibətləri yaxşıdır. Raquf maldarlıqla məşğul olduğundan valideyinlərinə o, baxır, yəni ailəyə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibbi ekspertizasının 06 iyun 2022-ci il tarixli 408 N-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: -sağ tərəfdən arxadan döş boşluğuna dəlib keçən kəsilmiş-deşilmiş yara, sağ ağciyərin zədələnməsi, pnevmohematoraks, sağ saiddə kəsilmiş yara--- iti kənarlı əşaynın təsirindən törənmişdir, kənar şəxs tərəfindən deşici-kəsici alət olan bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 20.05. 2022-ci il tarixə uyğun gəlir. -Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən-döş qəfəsinin sağ yarısının arxa səthindən döş boşluğuna keçərək sağ ağciyərin zədələnməsi ilə və pnevmahemotoraksla nicələnən deşilmiş-kəsilmiş yara--dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya; sağ saiddə olan kəsilmiş yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 30 avqust 2022-ci il tarixli 432/2022 N-li maddi sübutların məhkəmə tibbi-bioloji, məhkəmə-krimnalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sağ ayağının ön yuxarı nahiyəsində bir ədəd; gödəkçənin və köynəyin arxa hissəsinin sağ orta nahiyəsində bir ədəd və gödəkçənin sağ qolunun arxa aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr və Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər(döş qəfəsinin sağ yarısının arxa səthindən döş boşluğuna keçərək sağ ağciyərin zədələnməsi il əvə pnevmohemotoraksla nəticələnən deşilmiş-kəsilmiş yara və sağ saiddə olan kəsilmiş yara) iti ucu, iti ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişlər. -Zərərçəkmiş şəxs zədələrin yetirildiyi anda bıçaqla zərərçəkmiş müxtəlif qarşılıqla yerləşmə vəziyyətində ola bilərdilər. -Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın sol ayağının ön-aşağı nahiyəsində iki ədəd məhdud cırımlar aşkar olundu. Bu cırımlar küt yaranma mexanizmə malikdir, şalvarın müvafiq nahiyələrinin hər-hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsinin və sviter üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-psixiatriya ekspertizasının 31 avqust 2022-ci il tarixli, 525/235 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2022-ci il tarixli 1276 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 20 may 2022-ci il tarixli “baxış keçirilməsi haqqında protokol”dan və fotocədvəldən görünür ki, hadisə baş verdiyi yer Ağcabədi rayon Aran kəndi ərazisində məskunlaşıb yaşayan Şahid1 məxsus yaşayış evinin həyətidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 20 may 2022-ci il tarixli “götürmə və baxış keçirmə haqqında protokol”dan görünür ki, hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd ağ rəngli qısa qol köynək, bir ədəd qısa qol mayka və 1 ədəd mavi rəngli gödəkçə iş üçün əhəmiyyət kəsb etdiyindən baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 21 may 2022-ci il tarixli “götürmə və baxış keçirmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd açılıb bağlanan cib bıçağı iş üçün əhəmiyyət kəsb etdiyindən baxış keçirilərək götürülmüşdür. İşdə olan 21 may 2022-ci il tarixli “götürmə və baxış keçirmə haqqında protokol”dan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan 1 ədəd şalvar, 1 ədəd idman gödəkçəsi və 1 ədəd sviter iş üçün əhəmiyyət kəsb etdiyindən baxış keçirilərək götürülmüşdür. İşdə olan 31 avqust 2022-ci il tarixli qərarla bir ədəd göy rəngli cins şalvar, bir ədəd ağ rəngli qısa qol köynək, bir ədəd qısa qol köynək, bir ədəd mavi rəngli gödəkçə, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 1 ədəd şalvar, 1 ədəd qış üçün qolu uzun kofta və 1 ədəd kapuşonlu gödəkçə və Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərində «Coluibiya» sözləri yazılmış bıçaq maddi sübut hesab kimi tanınmışdır. İşdə olan “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda dayanmır. İşdə olan məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Ağcabədi RİHB Aran kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin 10 avqust 2022-ci il tarixli 39 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli 88 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonu Şeylanlı kəndində pasport qeydiyyatda olmaqla Ağcabədi rayonu Aran kəndində məskunlaşmışlar, onun ailə üzvləri Könül Mirzəyevadan, bacısı Manya Mirzəyevadan, atası Şahid1 və anası Şahid2 ibarətdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ailəyə yeganə qazanc gətirən şəxs olmasını, ailəsinin 1993-cü ildən Laçın rayonundan məcburi köçkün olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən və başqa) yoxdur. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayət əməlinin məhz onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı, ona həmin maddədə müəyyən edilən azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə 1993-cü ildən Laçın rayonundan məcburi köçkün və ailəyə yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxsin müalicəsinə köməklik göstərərək bütün müalicə xərclərini ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və onunla yaxın qohumluq münasibətində (qardaşı) olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşimançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəxsiyyətini, ictimai təhlükəli olmamasını və zərərçəkmiş şəxsin onu bağışlayaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza cəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə, sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək, iş yerini dəyişməmək kimi vəzifələri qoyulsun, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş üzrə maddi sübut olub, Ağcabədi rayon polis şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan bir ədəd göy rəngli cins şalvar, bir ədəd ağ rəngli qısa qol köynək, bir ədəd qısı qol köynək, bir ədəd mavi rəngli gödəkcə, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan bir ədəd şalvar, bir ədəd qış üçün qolu uzun kofta və bir ədəd kapuşonlu gödəkcə, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərində “Coluibiya” sözləri yazılmış bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab olunsun və üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə, sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək, iş yerini dəyişməmək kimi vəzifələri qoyulsun, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut olub, Ağcabədi rayon polis şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan bir ədəd göy rəngli cins şalvar, bir ədəd ağ rəngli qısa qol köynək, bir ədəd qısı qol köynək, bir ədəd mavi rəngli gödəkcə, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan bir ədəd şalvar, bir ədəd qış üçün qolu uzun kofta və bir ədəd kapuşonlu gödəkcə, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərində “Coluibiya” sözləri yazılmış bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar