Məhkəmə qərarları › İş №1(099)-589/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-589/2023

04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-589/2023 04.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X11, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1988-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Astara rayonu, Şahağacı kəndinda qeydiyyatda olmaqla yaşamış, 01 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 02 mart 2023-ci il tarixli, 4(049)-78/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında Bakı şəhərində istintaqla müəyyən edilməyən vaxtda və şəxsdən 1 (bir) ədəd bükümdə, tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda-13,455 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 01 mart 2023-cü il tarixdə, saat 02:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanında yerləşən polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirili bilməyərək göstərmişdir ki, həmkəndlisi X4 ilə 01 mart 2023-cü il tarixdə saat 02:30 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən körpüsünün yaxınlığında olarkən mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışlar, bundan sonra həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onlara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirmişlər. Onları avtomaşınla Lənkəran şəhərində yerləşən baş narkotiklərlə mübarizə idarəsinin cənub regional şöbəsinə aparmışlar. Orada onu döyərək və yaşadığı evə 1-2 kq narkotik vasitə qoyacaqları ilə hədələyib üzərinə bir büküm narkotik vasitə qoymuşlar, şəxsi axtarış zamanı həmin narkotik vasitəni təqdim etməyini və Bakı şəhərindən almağını deməyini bildirmişlər. Qorxduğu üçün video çəkilişlə aparılan şəxsi axtarış zamanı üzərinə qoyulmuş narkotik vasitəni çıxararaq təqdim etmiş və Bakı şəhərindən aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş 13,455 qram olan narkotik vasitə olan heroin ona məxsus deyildir. Məhkəmədən ona ədalətli cəza verilməsini xahiş etmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus deyil, tanımadığı polis əməkdaşları tərəfindən döyülərək və yaşadığı evə 1-2 kq narkotik vasitə qoyacaqları ilə hədələnərək üzərinə qoyulmuşdur. Saxlanılan zaman tanışı X4 ilə birlikdə olmuş, saxlanılmamışdan əvvəl Şadoğlan ilə birlikdə narkotik vasitədən istifadə etmişdir. Polislər tərəfindən döyüldüyündən və hədələndiyindən üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, Bakı şəhərindən aldığını bildirmişdir. Üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitənin təsiri altına olduğundan üzərindən aşkar olunmuş narkotik vasitədən Şadoğlanın da xəbəri olduğunu bildirmiş, hansı ki, üzərindən şakar olunmuş narkotik vasitə ona məxsus olmamışdır. Dişlərinin bəziləri əvvəl tökülsə də birini polis əməkdaşları sındırmış, ancaq dişini sındıran və ona qarşı şahid qismində ifadə verən polis əməkdaşlarını tanımamışdır. Onun üzərindən aşkar olunmuş narkotik vasitə ilə Şadoğlanın üzərindən aşkar olunmuş narkotik vasitənin eyni tərkibli olmasına dair verilmiş ekspert rəyi ilə bağlı heç bir fikiri yoxdur. Narkotik vasitə istifadə etdiyinə görə məcburi müalicə olunması ilə bağlı verilmiş ekspert rəyi ilə razıdır, narkotik vasitə istifadəçisidir, mütəmadi olaraq narkotik vasitə qəbul etmişdir. Polislər tərəfindən döyülsə də məhkəmətibb ekspertinin rəyində bədəni üzərində xəsarətin olmamasının yazılması ilə bağlı heç bir söz deyə bilməmişdir. Aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Əvvəllər məhkum olunmamış, narkotik maddə kakos, yəni heroin qəbul etmişdir. 01 mart 2023-cü il tarixdə saat 02:30 radələrində həmkəndlisi X4 ilə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən körpünün yaxınlığında olarkən mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışlar, özlərini polis əməkdaşı kimi təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını onlara bildirmişlər. Sonra onları avtomaşınla Lənkəran şəhərində yerləşən baş narkotiklərlə mübarizə idarəsinin cənub regional polis şöbəsinə aparmışlar. Regional şöbədə ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə video çəkilişlə axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olmuş və verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum olunmamış, narkotik maddə kakosu çəkməklə qəbul edir, kakosdan başqa digər narkotik maddələrdən qəbul etməmiş, satışı ilə məşğul olmamışdır. Sonra ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra əynindəki şalvarının sol yan cibindən «Ketel» markalı mobil telefonunu və şalvarın sağ yan cibində gizlətdiyi bir ədəd selofan bükümdə kakosu çıxarıb təqdim etmiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində kakos var, ona məxsusdur, dunən Bakı şəhərində adını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 50 manata əldə etmiş, heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik maddə yoxdur. Üzərində narkotik maddə olması barədə onunla birlikdə saxlanılan həmkəndlisi Şadoğlanın məlumatı olmamış, Şadoğlanın üzərində narkotk maddə olub-olmadığını bilməmişdir. Təqdim etdiyi selofan bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroin kütləsi aşkar olunaraq götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, narkotik maddə aşkar olunmamışdır. Ona məxsus olan mobil telefon götürülərək protokola əlavə olunmuşdur. Təqdim etdiyi selofan büküm elektron tərəzidə çəkildikdə heroin kütləsi 13,69 qram çəkidə olmuş, həmin selofan büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi olmamış, törətdiyi əmələ görə peşman olmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında nakotik vasitənin ona məxsus olmaması, polsilər tərəfindən döyülərək və hədələnərək üzərinə qoyulması, bu səbəbdən də üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş narokitk vasitənin özünə məxsus olmasını və Bakı şəhərindən adını bilmədiyi şəxsdən qəbul etmək üçün alması ilə bağlı dedikləri hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə tərkibi araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 bildirmişdir ki, Astara rayonu, Şahağacı kəndində yaşayan Təqsirləndirilən şəxs və X3 narkotik vasitələri əldə etmələri, saxlamaları, daşımaları və istifadə etmələri barədə əməliyyat məlumatı əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində onunla birlikdə polis nəfəri Şahid3 iştirak etmişdir. 01 mart 2023-cü il tarixdə saat 02:30 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs və X1-Astara magistral yolunun Lənkəran rayonu, Girdəni kəndindən keçən hissəsində, körpünün yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişlər. X13 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan kütlə təqdim etmişdir. Təqdim edilən bükümə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir, özünə məxsusdur, Bakı şəhərində tanımadığı şəxsdən 50 manata almış, heç kimə verməmiş, satmamışdır. Onun üzərində narkotik vasitə olmasından həmkəndlisi Şadoğlan Əsədullayevin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tədim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 13,69 qram təşkil etmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Sonra isə videoçəkiliş vasitəsi və müdafiəçi Əbdülhəsən Əzimovun iştirakı ilə X2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şadoğlan Əsədulayeva üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şadoğlan Əsədulayev əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olan kütlə təqdim etmişdir. Təqdim edilən bükümə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Şadoğlan Əsədullayev ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində kakos deyilən narkotik vasitə heroin vardır, özünə məxsusdur, Astara şəhərində tanımadığı şəxsdən 10 manata almışdır, bir dəfə istifatə etmişdir, heç kimə verməmiş, satmamışdır. Onun üzərində narkotik vasitə olmasından həmkəndlisi Təqsirləndirilən şəxs məlumatı olmamışdır. Şadoğlan Əsədulayevin tədim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,41 qram təşkil etmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokollar tərtib edilmiş və heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir təzyiq altında olmadan protokola imza etmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, üzərində aşkar edilmiş narkotik vasitə heroini tutulmazdan 1 gün əvvəl, yəni 28 fevral 2023-cü il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmiş, Şadoğlan Əsədullayev isə narkotik vasitə heroini tutulmazdan 1 gün əvvəl, yəni 28 fevral 2023-cü il tarixdə Astara şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs və Şadoğlan Əsədullayevin narkotik vasitəni əldə etdikləri mənbələri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs və Şadoğlan Əsədullayevin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamalarını müəyyən etmək məqsədilə şöbədə əməliyyat-axtarış tədbirləri keçirilmiş, yalnız onların uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edikləri müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs və Şadoğlan Əsədullayevin narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə heç bir məlumat əldə edilməmişdir. Verilən suallara cavab olaraq Şahid2 həmçinin bildirmişdir ki , nə onun tərəfindən nə də digər polis əməkdaları tərəfindən Təqsirləndirilən şəxs döyülməmiş, üzərinə narkotik vasitə qoyulmamış, yaşadığı evdən 1-2 kq narkotik vasitə çıxarılacağı ilə hədələnməmiş, üzərinə şəxsi axtarı aparılan zaman cibindən narkotik vasitəni çıxararaq Bakı şəhərindən adını bilmədiyi şəxsdən alması deməsi bildirilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncu özü narkotik vasitəni çıxararaq təqdim etmiş, həmin vaxtı videoçəkiliş də aparılmış və vəkildə iştirak etmişdir. Təqsirləndirilən şəxs dişini polis əməkdaşları vuraraq qırmamışlar, cəza çəkməkdən yayınmaq məqsədi ilə özünü müdafiə etmək üçün Təqsirləndirilən şəxs düzgün olmayan ifadə vermişdir. Təqsirləndirilən şəxs ilə Şadoğlan Əsədullayevin üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinlərin eyni tərkibli olması ilə bağlı heç bir fikri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ CBRŞ-nin baş əməliyyat müvəkkili və polis nəfəri Şahid3 ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək eyni məzmunlu ifadə verib, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -01 mart 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə cinayət işinin başlanılmasına əsas və səbəb, Astara rayonu, Şahağacı kəndinda yaşayan Təqsirləndirilən şəxs və X3 narkotik vasitələri əldə etmələri, üzərlərində daşımaları və saxlamaları barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə BNMİ CBRŞ-nin əməkdaşları tərəfindən 01 mart 2023-cü il tarixdə, saat 02:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncular Lənkəran rayonu, Girdəni kəndində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 01 (bir) bükümdə, təmiz çəkisi -13,455 qram olmaqla külli miqdarda narkotik vasitə olan heroin və Şadoğlan Əsədullayevin üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən 01 (bir) bükümdə, təmiz çəkisi -1,275 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi faktı olmuşdur. (i.v. 1-55) - “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 13) - “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şadoğlan Əsədullayev həmin tarixdə saat 03:45-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 30) -“şəxsi axtarış və götürmə aparılması haqqında” 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd narkotik vasitə olan heroinin çəkisi 13,69 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr kakos deyilən narkotik vasitə heroindir, özünə məxsusdur, Bakı şəhərində tanımadığı şəxsdən 50 manata almışdır, heç kimə verməmiş, satmamışdır. Onun üzərində narkotik vasitə olmasından həmkəndlisi Şadoğlan Əsədullayevin məlumatı olmuş, onun Şadoğlan Əsədullayevin üzərində narkotik vasitə olub-olmamasından məlumatı olmamışdır. (i.v. 47-50) -“məhkəmə fiziki-kimyəvi ekspertizası” nın 01 mart 2023-cü il tarixli 19/246 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə, təmiz çəkisi -13,455 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. X3 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-1,275 qram olan maddə tiryəkdən kusdar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” və “Vət. X3 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan iki ədəd zərfdəki, ümumilikdə 2 ədəd bükümdə olan heroinlər xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. (i.v. 82-85) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir ( i.v. 98-99). -Lənkəran Rayon Məhkəməsinin 02 mart 2023-ci il tarixli, 4(049)-78/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. ( i.v. 130-132) -“ambulator məhkəmə-narkoloji ekspertiza”nın 02 mart 2023-cü il tarixli, 242 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sendromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. ( i.v. 136) -məhkəmə-tibbi ekspertizasının 01 mart 2023-cü il tarixli, 204 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. ( i.v. 142-143) - “maddi sübut qismində tanıma haqqında” 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə, təmiz çəkisi - 13,455 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, təmiz çəkisi-13,405 qram narkotik vasitə heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. ( i.v. 164-165) -cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən X4 barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və istintaqı davam etdirilmişdir.(i.v. 184-185) -cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə barəsində cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və istintaqı davam etdirilmişdir.(i.v. 187) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şahid ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni Bakı şəhərində adını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 50 manata əldə etdiyini, üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ-nin CBRŞ-nin əməkdaşları Mehti Səfiyarlı və Şahid3 da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən cibindən heroini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, Bakı şəhərində adını bilmədiyi şəxsdən özü qəbul etmək üçün aldığını bildirmiş, hər hansı etirazı olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı” “Bobek Polşaya qarşı” və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -Bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri-saxlanılarkən polis əməkdaşları tərəfindən döyüldüyü, zor tətbiq olunduğu, hədələndiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altına alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə-tibbi ekspertizasının 01 mart 2023-cü il tarixli, 204 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə hər hansı orqana müraciət etməmişdir. Məhkəmədə dindirilmiş şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsində döyülməmiş və onun dişi hər hansı polis əməkdaşı tərəfindən vurularaq qırılmamışdır. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Mehti Səfiyarlı və Şahid3 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, “məhkəmə fiziki-kimyəvi ekspertizası” nın 01 mart 2023-cü il tarixli 19/246 nömrəli və “ambulator məhkəmə-narkoloji ekspertiza”nın 02 mart 2023-cü il tarixli, 242 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi iş materiallarında olan “məhkəmə fiziki-kimyəvi ekspertizası” nın 01 mart 2023-cü il tarixli 19/246 nömrəli rəyinin nəticə hissəsindən həmçinin qeyd edilmiş “tədqiqata təqdim edilmiş üzərlərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” və “Vət. X3 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan iki ədəd zərfdəki, ümumilikdə 2 ədəd bükümdə olan heroinlər xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər” halını dövlət ittihamçısının diqqətinə çatırmış, sonuncu həmin halın ibtidai istintaq orqanı tərəfindən yoxlanıldığını, “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 05 iyun 2023-cü il tarixli qərarla cinayət işindən Şadoğlan Əsədullayev barəsində Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılaraq istintaq aparıldığını, “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 05 iyun 2023-cü il tarixli qərarla isə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə barəsində cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılaraq istintaq aparıldığını bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 23 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v. 156) -Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağac İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2023-ci il tarixli, 520 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində iki azyaşlı uşağı vardır, yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir (i.v. 172-173). Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin külli miqdarda olmaqla 13,455 qram təşkil etməsini, himayəsində azyaşlı uşaqlarının olması (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi), cəzasını ağırlaşdıran halın olmadığını (Cinayət Məcəlləsinin 61-ci maddəsi) nəzərə alaraq təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının orta həddindən yuxarı cəza təyin edilməsi zəruridir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün tutulduğu 01 mart 2023-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 02 mart 2023-ci il tarixli, 4(049)-78/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınaraq Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 13,405 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı tutulduğu 01 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 13,405 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar