Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-59/2022 10.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1965-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran rayonu, Lüvəsər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayında, məlum olmayan tarixdə və şəxsdən bir ədəd selofan bükümdə, külli miqdarda olan 58,944 (əlli səkkiz tam doqquz yüz qırx dörd) qram çəkidə narkotik vasitə heroini satış məqsədilə qanunsuz əldə edib üzərində saxlayıb daşımış, 03 iyul 2021-ci il tarixdə, saat 19 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, idarə etdiyi “VAZ-2106” markalı, 10DA488 dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran şəhəri S.Vurğun küçəsində saxlanılaraq Lənkəran şəhər-rayon polis şöbəsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı qeyd olunan bükümdə və çəkidə olan külli miqdarda narkotik vasitə heroin və üzərində heroinin izləri olan 01 ədəd elektron tərəzi əlində daşıdığı qəhvəyi rəngli əl çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç vaxt narkotikin satışı ilə məşğul olmamış, yalnız narkotikdən istifadə etmişdir. 03 iyul 2021-ci il tarixdə Lənkəran rayonu Şilavar kəndi ərazisində idarə etdiyi avtomobili yol polisləri tərəfindən saxlanılmış, Lənkəran ŞRPŞ-yə aparılmışdır. Üzərinə baxış keçirilmiş və əl çantasında heroin aşkar olunmuşdur. Bundan başqa çanatada elektron tərəzi də aşkar olunmuş, həmin tərəzidən qızıl və gümüş əşyalarının satşı zamanı istifadə etmişdir. Tərəzi ilə narkotik çəkməmişdir. Həmin heroini saxlanılmamışdan təxminən 20 gün əvvəl gecə saat 3 radələrində iranlı tanışı olan Rzaqulu adlı şəxsin dediyi yerdən –Lənkəran şəhəri 3 N-li məktəbin qarşısında olan büyük bir daşın altından götürmüş, Rzaquluya çatan 250 manat pulu isə həmin daşın altına qoymuş, oradan uzaqlaşmışdır. Rzaqulu ilə əsasən “WhatsApp”la danışmışdır. Əvvəllər qızıl-zinət əşyalarının al-veri ilə məşğul olmuşdur. Ucuz qiymətə aldığı qızıl əşyalarını bir qədər baha qiymətə sataraq pul qazanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, satması, üzərində və idarə etdiyi avtomobildə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumata əsasən 03 iyul 2021-ci il tarixdə, saat 19 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran şəhəri, S.Vurğun küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, paltarlarında qadağan olunmuş əşya aşkar edilməmiş, əlində olan qəhvəyi rəngli əl çantasının içərisindən bir ədəd elektron tərəzi və bir ədəd sellofan bükümdə olan heroini təqdim etmişdir. Fuat şifahi sorğu zamanı bildirmişdir ki, çantasındakı 59,66 qram heroin və elektron tərəzi ona məxsusdur, uzun müddətdir ki, narkotik vasitələrdən olan heroindən istifadə edir, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs qarşı heç bir zor və ya qanunsuz hərəkətlər olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili X3 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 04 iyul 2021-ci il tarixli 19/584 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ sellofana bükülmüş bükülü .....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükümlərdə təmiz çəkisi -58,944 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd paketdəki,1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izləri vardır. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2021-ci il tarixli, 654 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. 03 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əl çantasının içərisindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş, ümumi çəkisi 59,66 (əlli doqquz tam yüzdə altmış altı) qram olan təqdim etdiyi kütlə və elektron tərəzi ona məxsusdur. Əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitə olan heroin əldə edərək istifadə etmiş, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. 25 iyul 2021-ci il tarixli qərarla ekspertiza tədqiqatından sonra qalıq qalan 58,894 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi və şəxsi axtarışa dair videogörüntü olan 01 ədəd CD disk maddi sübut kimi tanınmış, heroin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 23 oktyabr 2021-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən və tüfeyli həyat tərzi sürən Təqsirləndirilən şəxs əl çantasından külli miqdarda heroinin və elektron tərəzinin aşkar edilməsi, təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələri saxlaması, daşıması və narkotiki satış məqsədi ilə əldə etməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 3 iyul 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 5 iyul 2021-ci il tarixdə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 13 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsinə tövsif olunmuş və ona həmin maddə ilə yeni ittiham elan edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 5 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri ilə əvəz edilərək axtarışı edilmiş, işin icraatı Azərbaycan Respublikası CM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Məhkəməyə daxi olmuş Bakı İstintaq Təcridxanasının 25 aprel 2022-ci il tarixli 2730 N-li məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən həbs edilmiş və 23 aprel 2022-ci il tarixdə təcridxanaya keçirilmişdir. 25 aprel 2022-ci il tarixdə cinayət işinin dayandırılmış icraatı təzələnmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Salayev X2 Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli hökmü ilə CM-in 228.4-cü maddəsilə təqsirli bilinib qazancından 20% tutulmaqla 1 il 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum olunmuş, 27 avqust 2019-cu il tarixdə cəzasını tam çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmşıdr. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən 1 il keçdikdən, yəni məhkumluğu ödənildikdən sonra sözügedən cinayət əməlini törətdiyinə görə o, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur (tüfeyli həyat yaşayır, heç yerdə işləmir, narkotiklərə meyillidir). Məhkəməyə təqdim olunmuş “Lənkəran MRX Publik hüquqi şəxs” Təcili Yardım şöbəsinin 18 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Qaraciyər sancısı, qaraciyər serrozu” diaqnozu ilə ambulator yardım göstərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qaraciyər serrozu xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə məhkəmə qeyd edir ki, o, əvvəllər məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən və şüurlu surətdə ictimai təhlükəli əməli törətməkdə davam etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 3 iyul 2021-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədən həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olub hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 58,894 qram narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 3 iyul 2021-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədən həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin olunmuş 7 (yeddi ) il azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 8 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı 20 aprel 2022-ci il tarixdən hesablansın və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olub hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 58,894 qram narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işinə əlavə edilmiş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-59/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-59/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver