Məhkəmə qərarları › İş №1(099)-590/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-590/2022

14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-590/2022 14.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 2,702 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroin (bundan sonra heroin), hər biri ayrı-ayrılıqda müvafiq olaraq təmiz çəkiləri 1,144 qram və 1,671 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən psixotrop maddə olan metamfetamin (bundan sonra - metamfetamin) və narkotik vasitə olan tiryəki (bundan sonra – tiryək) əldə etmiş, daşımış, həmin heroini ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram, 1,033 qram və 1,321 qram olmaqla üç ədəd bükümlərə, həmin metamfetamini ayrı-ayrılıqda təmiz çəkiləri 0,086 qram və 1,058 qram olmaqla iki ədəd bükümlərə böldükdən sonra göstərilən heroinlərin bir ədəd bükümdə təmiz çəkisi 0,348 qram təşkil edən hissəsini əynindəki şalvarın sağ cibində, qalan iki ədəd bükümlərdə, ümumi təmiz çəkisi 2,354 qram təşkil edən hissələri, göstərilən metamfetaminlər və tiryəki isə bir ədəd elektron tərəzi ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşadığı evin yataq otağındakı dolabın üzərində olmuş boşqabda saxlamışdır. Həmin maddələr və bir ədəd elektron tərəzi 26 may 2022-ci il tarixdə Neftçala Rayon Polis Şöbəsinin (bundan sonra – Neftçala RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində şübhəli şəxs qismində saxlanılıb Neftçala RPŞ-yə gətirilməsindən sonra üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən sonuncunun yuxarıda saxladığı göstərilmiş yerlərdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, əvvəllər heroin və metamfetamindən istifadə etmiş, tiryəkdən istifadə etməmiş, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Arvadı ilə onun arasında baş vermiş mübahisə ilə əlaqədar sonuncunun onun barəsində Neftçala RPŞ-yə şikayət etməsindən bir neçə gün sonra 26 may 2022-ci il tarixdə polis əməkdaşları onu narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi ünvan 1 ünvanında yerləşən yaşadığı evdə (bundan sonra – yaşadığı ev) saxlayıb Neftçala RPŞ-yə gətirmişlər. Orada adını bilmədiyi polis əməkdaşı əynində olmuş şalvarın cibinə bir ədəd bükümdə heroin qoymuş, onu əks halda arvadının da cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə hədələyib həmin heroinin özünə məxsus olmasını etiraf etməyə məcbur etmiş, ona həmin heroinin özünə məxsus olmasını etiraf edərsə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyinə vəd vermişdir. Bu səbəbdən həm məcburiyyət qarşısında qalıb, həm də polis əməkdaşına inanıb üzərinə qoyulmuş heroinin özünə məxsus olmasını qəbul etmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman polis əməkdaşının əvvəlcədən şalvarının cibinə qoyduğu bir ədəd bükümdəki heroini polis əməkdaşlarına təqdim edib ona məxsus olduğunu demişdir. Bundan sonra onun yazılı razılığı, həmçinin onun və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla yaşadığı evə baxış keçirilərkən yataq otağında yatağındakı balışın altından iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,0 qram və 0,033 qram təşkil edən heroinlər, bir ədəd bükümdə təmiz çəkisi 0,086 qram təşkil edən metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Həmin maddələri bir neçə gün əvvəl Neftçala şəhərində yerdən tapmış, satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün saxlamışdır. Həmin elektron tərəzidən şəxsi istifadəsinə lazım olmuş narkotik vasitələrin çəkisini müəyyən etmək məqsədilə istifadə etmişdir. Baxış zamanı Elvin adlı polis əməkdaşı yataq otağındakı dolabın üzərində olmuş boşqabın içərisinə hər biri bir ədəd bükümdə heroin, metamfetamin və tiryək qoymuş, təhqiqatçı həmin maddələri guya ona məxsus olmasına görə qablaşdırıb götürmüşdür. Həmin maddələr ona məxsus olmasa da, baxış zamanı polis əməkdaşı tərəfindən yaşadığı evə qoyulmasına etiraz etməmişdir. Bunun səbəbini polis əməkdaşının qabaqcadan ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyinə vəd verməsi ilə izah edir. Göstərdiklərinə əsasən təhqiqatçı və müstəntiqin adından eyni məzmunda tərtib etdikləri izahat və ifadələrə imza etmiş, onların məzmununu təsdiq etmir, ona qarşı irəli sürülmüş ittihamda üzərindən aşkar edildiyi göstərilmiş heroin, yaşadığı evdən aşkar edildiyi göstərilmiş tiryək, bir ədəd bükümdə təmiz çəkisi 1,058 qram təşkil edən metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 1,321 qram təşkil edən heroinin ona aidiyyəti yoxdur. İş üzrə təhqiqatçı və müstəntiq ona qarşı hər hansı qanunsuz hərəkət etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə 26 may 2022-ci il tarixdə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən şübhəli şəxs qismində və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş təqdimata 27 may 2022-ci il tarixdə Neftçala Rayon Məhkəməsində baxılarkən təqsirləndirilən şəxs qismində şifahi, sonra şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatları, müvafiq olaraq 27 may 2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, eləcə də şəxsən tərtib edib 27 may 2022-ci il tarixdə Neftçala rayon prokurorluğuna təqdim etdiyi ərizəsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 26 may 2022-ci il tarixdə saat 16:30-da yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsində piyada gedərkən polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb Neftçala RPŞ-yə gətirmişlər. İş üzrə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ cibindən çıxarıb təqdim etdiyi bir ədəd bükümdə heroin, yaşadığı evə baxış keçirilərkən yataq otağındakı dolabın üzərində olmuş boşqabdan aşkar edilmiş iki ədəd bükümlərdə heroin, iki ədəd bükümlərdə metamfetamin və bir ədəd bükümdə tiryək ona məxsusdur. Həmin maddələri 20 may 2022-ci il tarixdə hər biri ayrı-ayrılıqda bir ədəd bükümdə olmaqla Neftçala şəhərində yerdən tapmış, satış deyil, şəxsi istifadə məqsədi ilə yaşadığı evə gətirmiş, heroin və metamfetamini şəxsi istifadəsinə hazırlamaq məqsədi ilə iş üzrə yaşadığı evdən götürülmüş elektron tərəzidə çəkməklə müvafiq olaraq üç və iki ədəd bükümlərə bölüb saxlamışdır. Əməlindən səmimi peşimandır (səh. 29, 30, 32-35, 54, 55, 62, 63, 69-71, 77). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər ona Təqsirləndirilən şəxs (bundan sonra – Azər) narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. 26 may 2022-ci il tarixdə sonuncunu qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində və yaşadığı evdə saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar əsasında yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində piyada hərəkətdə olarkən polis əməkdaşı Şahid2 ilə birlikdə üzərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb Neftçala RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla, müdafiəçi, onun və Şahid2 iştirakları ilə Azərin üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynindəki şalvarın sağ cibindən bir ədəd bükümdə ümumi çəkisi 0,6 qram olan heroinə oxşar maddəni çıxarıb təqdim etmişdir. Həmin maddə qablaşdırılıb götürülmüşdür. Bundan sonra Azərin yazılı razılığı ilə videoçəkiliş aparılmaqla, sonuncu, müdafiəçisi, onun və Şahid2 iştirakları ilə Azərin ünvan 1 ünvanında yerləşən yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Azərin təqdim etdiyi, yataq otağındakı dolabın üzərində olmuş boşqabdan iki ədəd bükümlərdə heroin, iki ədəd bükümlərdə metamfetamin və bir ədəd bükümdə tiryəkə oxşar maddələr, bir ədəd elektron tərəzi aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Göstərdikləri barədə tərtib edilmiş protokollara imza etmişdir. O və hər hansı polis əməkdaşı Azərə qarşı qanunsuz hərəkət etməmiş, o cümlədən sonuncunu hədələməmiş, üzərinə və yaşadığı evə narkotik vasitə və psixotrop maddə qoymamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin kiçik inspektoru Şahid2, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 26 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olması haqqında raport, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi barədə protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə razılıq verməsinə dair imzaladığı ərizədən iş üzrə sonuncu barəsində əməliyyat-axtarış tədbiri, şəxsi axtarış və ünvan 1 ünvanında yerləşən yaşadığı evə baxış keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ cibindən çıxarıb təqdim etdiyi bir ədəd bükümdəki heroin, yaşadığı evə baxış keçirilərkən yataq otağındakı dolabın üzərində olmuş boşqabdan aşkar edilmiş iki ədəd bükümlərdə heroin, iki ədəd bükümlərdə metamfetamin və bir ədəd bükümdə tiryəkə oxşar maddələrin ona məxsus olduğunu və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini göstərməsi, üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi barədə protokollara həmin istintaq hərəkətləri ilə bağlı etiraz və şikayətinin olmadığı barədə şəxsən qeyd yazdığı müəyyən edilir (səh. 3, 5, 11, 29-33). - Materialların məhkəmə ekspertizasının 27 may 2022-ci il tarixli, 18/589 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş ...” sözləri yazılmış kağız paketdəki iki ədəd bükümlərdə təmiz çəkiləri 1,033 qram və 1,321 qram olmaqla, ümumi təmiz çəkisi 2,354 qram təşkil edən maddələr, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş ...” sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,348 qram təşkil edən maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlərdir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş ...” sözləri yazılmış kağız paketdəki iki ədəd bükümlərdə təmiz çəkiləri 0,086 qram və 1,058 qram olmaqla, ümumi təmiz çəkisi 1,144 qram təşkil edən maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 1,671 qram təşkil edən maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. Təqdiqata təqdim edilmiş bir ədəd elektron tərəzi üzərində narkotik vasitə və ya psixotrop maddə izi və ya qalığı aşkar olunmadı. Tədqiqata sərf edildikdən sonra heroin və metametaminin ümumi qalıq çəkiləri müvafiq olaraq 2,522 qram və 1,044 qram, tiryəkin qalıq çəkisi 1,611 qram təşkil edir. Ekspertiza xərci 60,80 manatdır (səh. 45-47). - Məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2022-ci il tarixli, 4356 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlər və alkoqoldan sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya, alkoqolizm xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür (səh. 104, 105). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin üzərindən aşkar edilmiş heroin, yaşadığı evdən aşkar edilmiş heroin, metamfetamin və tiryəkə münasibətdə satış niyyətinin olmaması ilə bağlı olan hissələri istisna olmaqla, qalan hissələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin və tiryək narkotik vasitə, metamfetamin psixotrop maddə hesab edilir. Heroin və metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı hədləri 0,15 qram, külli miqdarının (qramla) aşağı hədləri isə 2,0 qramdır. Tiryəkin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki,: - təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. - Aşkar edilmiş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə cinayət işi materiallarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs: - məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş üzrə ona qarşı irəli sürülmüş ittihamda üzərindən aşkar edildiyi göstərilmiş heroin, yaşadığı evdən aşkar edildiyi göstərilmiş bir ədəd bükümdə tiryək, metamfetaminin bir ədəd bükümdə təmiz çəkisi 1,058 qram və heroinin bir ədəd bükümdə təmiz çəkisi 1,321 qram təşkil edən hissələrinin ona məxsus olmaması, polis əməkdaşı tərəfindən yaşadığı evə qoyulması, qabaqcadan hədələnməsi və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə yalan vədlə aldadılması səbəbindən ibtidai araşdırma zamanı həqiqətə uyğun olmayan məzmunda izahat və ifadələr verməsi barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər özünün ibtidai araşdırma zamanı təhqiqatçı və müstəntiqə izahat və ifadələrini, eləcə də barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş təqdimata 27 may 2022-ci il tarixdə Neftçala Rayon Məhkəməsində baxılarkən izahatını müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirməsi ilə yanaşı, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən hər hansı hala etiraz etməməsi, bu barədə tərtib edilmiş istintaq hərəkəti protokollarına hr hansı halla bağlı etiraz və şikayətinin olmadığı barədə şəxsən qeyd yazması, 27 may 2022-ci il tarixdə Neftçala rayon prokurorluğuna şəxsən yazdığı ərizəsində iş üzrə üzərindən aşkar edilmiş heroin, yaşadığı evdən aşkar edilmiş heroinlər, metamfetaminlər və tiryəkin ona məxsus olmasını göstərməsi, ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edildiyi göstərilmiş faktiki halları, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, - ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinə, yaşadığı evdən aşkar edilmiş heroinlər, metamfetaminlər və tiryəkə münasibətdə satış niyyətinin olmaması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil üzərindən bir ədəd bükümdə heroin, yaşadığı evdən iki ədəd bükümlərdə heroin, iki ədəd bükümlərdə metamfetamin, bir ədəd bükümdə tiryək və bir ədəd elektron tərəzinin aşkar edilməsindən ibarət işin faktiki halları, ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş, hər biri ayrı-ayrılıqda bir ədəd bükümdə heroin, metamfetamin və tiryəki əldə etdikdən sonra yaşadığı evdən aşkar edilmiş elektron tərəzidən istifadə etməklə heroin və metamfetamini müvafiq olaraq üç və iki ədəd bükümlərə bölməsini göstərməsi ilə tam təkzib edilir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin, yaşadığı evdən aşkar edilmiş heroinlər, metamfetaminlər və tiryəkə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2022-ci il tarixli, 4356 nömrəli rəyinə əsasən opioidlər sui-istifadə edilməsi nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəksə də, məhkəmənin müəyyən etdiyi ictimaitəhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmışdır. Məhkəmə bu barədə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyinə olaraq, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş metamfetaminlər və tiryəkin yalnız şəxsi istehlak miqdarından artıq miqdarda olsa da, sonuncunun həmin kütlələrə dair niyyətinin ayrı-ayrılıqda deyil, üzərindən və yaşadığı evdən aşkar edilmiş, ümumi təmiz çəkisi 2,702 qram olmaqla külli miqdar təşkil edən heroinlə birlikdə qiymətləndirilməli olmasını, bu halda cəmi üç növdə və bir neçə ədəd bükümlərdə olan həmin maddələrin onlara dair niyyətin satış olmasına dəlalət etməsini, eləcə də materialların məhkəmə ekspertizasının 27 may 2022-ci il tarixli, 18/589 nömrəli rəyində iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş bir ədəd elektron tərəzi üzərində narkotik vasitə və ya psixotrop maddə izi və ya qalığının aşkar olunmadığı göstərilsə də, sonuncunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində həmin tərəzidən şəxsi istifadəsinə lazım olmuş narkotik vasitələrin çəkisini müəyyən etmək məqsədilə istifadə etdiyini göstərməsini də nəzərə alır. Məhkəmə göstərilənlərin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin, ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 verdikləri ifadələr, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi barədə 26 may 2022-ci il tarixli protokollar, ona əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının 27 may 2022ci il tarixli, 18/589 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, metamfetamin və tiryək qalıqları, bir ədəd elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (səh. 87). - Neftçala RİHB-nın Bankə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamə, doğum haqqında şəahdətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı və bir nəfər azyaşlı uşağı ilə birlikdə yaşamış, yaşayış yeri üzrə normal xarakterizə olunmuşdur (səh. 101-103). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, məhkumluğu olmayan şəxs olması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində bir nəfər azyaşlı uşağın olmasından ibarət cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CMin 59.1.4-cü maddəsinə əsasən), cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvünün həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün həmin Məcəllənin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 5 (beş) il 6 (altı) ay müddətə təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 26 may 2022-ci il tarixdən hesablanmalı və Neftçala Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının müvafiq olaraq 08 avqust 2022-ci il tarixli, 4356 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkiləri müvafiq olaraq 2,522 qram və 1,044 qram təşkil edən heroin və metametamin, qalıq çəkisi 1,611 qram təşkil edən tiryək və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 26 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkiləri müvafiq olaraq 2,522 qram və 1,044 qram təşkil edən heroin və metametamin, qalıq çəkisi 1,611 qram təşkil edən tiryək və bir ədəd elektron tərəzi məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar