Məhkəmə qərarları › İş №1(099)-590/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-590/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-590/2025 27.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X3 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 2008-ci il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanların penitensiar müəssisəsində həbsdə saxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs (Fin:8YNH7SY) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-nin) 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 yanvar 2026-cı il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 avqust 2025-ci il tarixdə saat 23 radələrində bacısı Şahid5 əri Şahid1 və sonuncunun valideynləri ilə aralarında baş vermiş ailə-məişət zəminində mübahisədən sonra ata evinə gəlib ağlamasından hiddətlənərək qisas almaq məqsədilə bacısının qayınatası Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək öz cinayətkar niyyətini yerinə yetirmək məqsədilə 19 avqust 2025-ci il tarixdə saat 04 radələrində yaşadığı fərdi yaşayış evindən götürdüyü təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs yaşadığı Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olub qaranlıq, görünməz hissədə gizlənərək əlverişli məqamı gözləmiş, həmin vaxt təbii ehtiyaclarını ödəmək üçün həyətdəki sanitar qovşağa doğru gələn Zərərçəkmiş şəxs görüb həmin anda onun üzərinə hücum edərək əlindəki bıçaqla zərbələr endirib ona döş qəfəsinin sol yarısının ön səthinin, döş və qarın boşluğuna keçən diafraqmanı zədələyən 1 (bir) ədəd, qarının ön divarının, qarın boşluğuna keçən və mədəni zədələyən 1 (bir) ədəd, (cəmi 2 iki ədəd) kəsilmiş-deşilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sağ qabırğaaltı nahiyədə 1 (bir) ədəd və qarının sağ yarısının ön səthində 3 (üç) ədəd, (cəmi dörd ədəd) kəsilmiş səthi yarası kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs hadisə zamanı aktiv müqavimət göstərməsi, bundan sonra sonuncunu oğlu Şahid1 səs-küyə çıxıb vaxtında hadisəyə müdaxilə edərək onu tutub müqavimətini qıraraq əlindəki bıçağı alıb tərksilah etməsi və Zərərçəkmiş şəxs “Biləsuvar rayon Mərkəzi xəstəxanası” X6 çatdırılaraq tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi ilə əlaqədar öz iradəsindən aslı olmayan səbəblərə görə qəsdən adam öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bacısı Şahid5 Şahid1lə ailə həyatı qurduqdan sonra sonuncunun atası Zərərçəkmiş şəxs məxsus Biləsuvar rayonu Nərimankənd kəndində yerləşən fərdi yaşayış evində yaşamağa başlamışdır. Bir müddət sonra Turalın ailəsi onlara həmin evə gedibgəlməyi qadağan etmiş, ara-sıra ailədaxili mübahisələri olmuşdur. 18 avqust 2025-ci il tarixdə saat təxminən 23 radələrində atası Saleh bacısı Arzunu Azərgilin evindən öz evlərinə gətirmiş, onlar avtomobildən enəndə o, bacısı qızı Aylinin ağladığını, bacısı Arzunun isə halsız vəziyyətdə olduğunu görmüşdür. O, ümumi vəziyyətdən bacısı Arzu ilə Azərgil arasında mübahisə baş verdiyini anlamışdır. 19 avqust 2025-ci il tarixdə evin mətbəxindən bir ədəd mətbəx bıçağı götürərək Azərin yaşadığı evə getmişdir. Evdən çıxarkən ailə üzvlərindən heç kəs onu görməmiş, eləcə də, o, bu barədə heç kəsə məlumat verməmişdir. O, Azərgilin evinə çatıb hasardan evin həyətinə tullanmış, evin həyətində yerləşən sanitar qovşağın yanında ağacların arxasında gözləməyə başlamışdır. Təxminən 15-20 dəqiqə gözlədikdən sonra Azərin evdən çıxaraq sanitar qovşaq istiqamətində gəldiyini görmüşdür. Azər sanitar qovşaqdan çıxdıqdan sonra o, Azərə yaxınlaşaraq onunla salamlaşmış, ondan “bacımı nəyə görə bədbəxt edirsən? Uşağı var, niyə ailə dağıdırsan?” deyə soruşmuş, Azər isə “əcəb edirəm” deyərək onun üzərinə gəlməyə başlamışdır. Bu zaman o, sol əlində tutduğu mətbəx bıçağı ilə Azərə zərbələr vurmuşdur. Bıçaq zərbələrini onun sinə nahiyyəsinin alt hissələrindən vurmuşdur. Azərin bədənindən qan axdığını gördükdə özünü itirmiş, həmin vaxt səsə Tural gəlmişdir. O, bıçağı Azərin özünə vermiş, Tural isə onu yerə yıxaraq döyməyə başlamış, daha sonra əlayağını iplə bağlamışdır. Onun Azəri öldürmək niyyəti olmamış, sadəcə Azəri qorxutmaq istəmişdir. Azər onunla aqressiv formada danışdığından əsəbiləşib ona bıçaq zərbələri vurmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Şahid5 onun oğlu Turalın həyat yoldaşıdır. Onlar ailə qurduqdan sonra Biləsuvar rayonu Nərimankənd kəndində yerləşən ona məxsus fərdi yaşayış evində birlikdə yaşamışlar. Tural və Arzu ailə qurduqdan təxminən dörd ay sonra Arzunun yaşamaq üçün Bakı şəhərinə köçmək istəməsi ilə əlaqədar onların arasında mübahisələr yaranmışdır. Belə ki, o, Turalın Biləsuvar rayonunda mühafizə polisində işləməsi, yaşının çox olması ilə əlaqədar təsərrüfat işlərində Turalın köməyinə ehtiyacı olması, eləcə də Turalın yeganə oğul övladı olması ilə bağlı Arzunun bu istəyinə qəti etiraz etmişdir. Bu zəmində baş vermiş mübahisələr zamanı Arzu dəfələrlə evi tərk edərək atasının evinə getmişdir. Sonuncu dəfə 18 avqust 2025-ci il tarixdə yenidən həmin mövzuda aralarında mübahisə yaranmış, mübahisə zamanı Arzunun atası da orada olmuş, daha sonra Arzu valideynləri ilə birlikdə evdən çıxıb getmişdir. 19 avqust 2025-ci il tarixdə saat 04 radələrində yuxudan oyanmış, yerindən qalxaraq evin həyətində yerləşən sanitar qovşağa getmişdir. Sanitar qovşaqdan çıxıb qapını bağlamaq istəyərkən bir nəfər onun üzərinə hücum edərək əlindəki bıçaqla onun sinəsinin alt hissəsinə iki bıçaq zərbəsi vurmuş, bundan sonra ona bıçaq xəsarətləri yetirən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmiş, onun sifət nahiyyəsinə bir sillə zərbəsi vurmuşdur. Bununla belə Kənan əlindəki bıçaqla ona zərbələr yetirməyə davam etmiş, lakin o, Kənanın əlindən tutduğundan sonrakı bıçaq zərbələri onun bədəninin daxilinə nüfuz etməmişdir. O, Kənanın bıçaq zərbələri endirməyə davam etdiyini görüb, fiziki cəhətdən ona daha artıq müqavimət göstərə bilməyəcəyini anlayıb qışqıraraq oğlu Turalı köməyə çağırmışdır. Tural onun səsinə evdən çıxaraq həyətə gəlmiş, Kənanı tutaraq bıçağı onun əlindən almışdır. O, bir qədər irəliləyərək yerə yıxılmış, kimsə ona kömək edərək yerdən qaldırıb evin giriş hissəsindəki pilləkənlərinin yanına gətirmiş, o, aldığı xəsarətlərdən yenidən müvazinətini itirərək yerə yıxılmışdır. Bundan sonra qonşuluqda yaşayan dayısı oğlu özünə məxsus avtomobillə onu xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayət və ya tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 avqust 2025-ci il tarixdə saat 04 radələrində Biləsuvar rayonu Nərimankənd kəndində yaşadığı fərdi yaşayış evində yatarkən atası Zərərçəkmiş şəxs qışqırıq səslərinə yuxudan oyanmış, atasının yüksək səslə “Tural, məni bıçaqladılar” dediyini eşitmişdir. O, səsin evin həyətindən gəldiyini anlayıb evin həyətinə çıxmış, həyətdə yerləşən sanitar qovşağın qarşısında atasının bir nəfər şəxslə əlbəyaxa olduğunu görmüşdür. Onlara yaxınlaşdıqda atası Zərərçəkmiş şəxs ona həmin şəxsin əlində bıçaq olduğunu bildirmişdir. O, həmin şəxsə yaxınlaşaraq bıçağın olduğu sol əlindən tutmuş, bu zaman o, həmin şəxsin həyat yoldaşının qardaşı Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Kənan ona müqavimət göstərməyə davam etmiş, o, Kənanı zərərsizləşdirmək üçün qolunu burmuş, bu zaman Kənanın əlindəki bıçaq yerə düşmüşdür. Səs-küyə anası və əmisi oğlu Rəşad gəlmiş, Rəşadın köməkliyi ilə Kənanın əllərini kəndirlə bağlamış, daha sonra baş vermiş hadisə barədə DİN-nin “102” zəng xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisidir. Onlar Biləsuvar rayonu Nərimankənd kəndində qonşuluqda yaşayırlar. 19 avqust 2025-ci il tarixdə saat 04 radələrində əmisi Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid3 səsinə yuxudan oyanmışdır. Belə ki, Mehriban təlaşla onların evinə gələrək Təqsirləndirilən şəxs əmisi Azəri bıçaqlaması barədə məlumat vermişdir. O, cəld Azərgilin evinə getmiş, evin həyətinə daxil olduqda əmisi Azərin evin giriş hissəsində pilləkənlərdə uzandığını, əynindəki geyimlərin qan içində olduğunu görmüşdür. Həmin vaxt bir qədər kənarda Turalın Kənanı yerə yıxıb uzanmış vəziyyətdə yerdə saxladığını görmüşdür. O, Turalla birlikdə Kənanın əllərini bağlamış, daha sonra baş vermiş hadisə barədə DİN-nin “102” zəng xidmətinə məlumat vermişlər. Kənangilin ailəsi ilə əmisi Azər arasında münaqişə olmasını bildiyindən hadisənin məhz bu zəmində baş verdiyini düşünmüş, lakin Kənanın əmisi Azərə konkret olaraq hansı şəraitdə xəsarət yetirdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 19 avqust 2025-ci il tarixdə saat 04 radələrində Azərin qışqırıq səsinə yuxudan oyanmış, həyətə düşdükdə Azərin qan içində olduğunu, tanımadığı şəxsin Azərə xəsarət yetirdiyini görmüşdür. O, qışqıraraq kömək üçün yaxınlıqdakı qohumlarının evinə getmiş, onlara məlumat verdikdən sonra yenidən evə qayıtmış, evə gəldikdə Azərə xəsarət yetirən şəxsin Kənan olduğunu öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi oğludur. Onlar Biləsuvar rayonu Nərimankənd kəndində qonşuluqda yaşayırlar. 19 avqust 2025-ci il tarixdə saat 04 radələrində çöldən gələn qışqırıq səslərinə yuxudan oyanmış və Azərgilin evinə getmişdir. Evin həyətinə daxil olduqda Azərin qan içində evin giriş hissəsindəki pilləkənlərdə uzandığını, bir qədər kənarda Kənanın əli-qolu bağlı vəziyyətdə yerdə uzandığını görmüşdür. Bu zaman Azərə bıçaqla xəsarət yetirən şəxsin Kənan olduğunu öyrənmişdir. Bundan sonra o, istifadəsində olan avtomobillə Azəri Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid1lə ailə qurduqdan sonra 03 dekabr 2023-cü il tarixdən etibarən Biləsuvar rayonu Nərimankənd kəndində qayınatası Zərərçəkmiş şəxs, qayınanası Şahid3 və həyat yoldaşı Şahid1lə birlikdə yaşamışlar. Ailə qurduqdan sonra ara-sıra qayınanası ilə aralarında mübahisələr olmuşdur. Hadisədən təxminən üç gün əvvəl Tural onu atasıgilin evinə aparmış, 18 avqust 2025-ci il tarixdə atası və anası ilə birlikdə qayınatasıgilin evinə geri qayıtmışdır. Həmin vaxt qayınatasıgillə aralarında sözlü mübahisə olmuş, o, yenidən atasıgilə geri qayıtmalı olmuşdur. Həmin gün təxminən saat 23 radələrində evə geri qayıtdıqda qardaşı Təqsirləndirilən şəxs da evdə olmuş, Kənan onu pərişan halda görərək nə baş verdiyini soruşmuş, o, Kənana heç nə deməsə də, Kənan ümumi vəziyyətdən qayınatasıgillə mübahisə etdiklərini anlamışdır. 19 avqust 2025-ci il tarixdə səhər saatlarında anası ona Kənanın evdə olmadığını bildirmiş, bir müddət sonra qardaşı Kənanın qayınatası Azərə bıçaqla xəsarət yetirdiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün səhər saatlarında heyvan sağmağa gedərkən oğlu Təqsirləndirilən şəxs evdə olmadığını görmüşdür. Bir müddət sonra Kənanın Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini öyrənmişdir. Həmin gün qızı Şahid5 qayınatasıgillə mübahisəsi olmuşdur. Hesab edir ki, oğlu Kənan bacısı Arzunun düşdüyü vəziyyətdən əsəbiləşərək qeyd olunan cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; İşdə olan, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 19 avqust 2025-ci il tarixli qərardan görünür ki, Biləsuvar rayon PŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Vüsal Adışov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraatına qəbul edilərək istinatın aparılması qərara alınmışdır. (Cild 1, i.v. 1;) İşdə olan, 19 avqust 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Biləsuvar rayonu, Nərimankənd kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətidir. Baxış zamanı Zərərçəkmiş şəxs bədənindən tökülən qan damcıları hadisə yerinin evin yan hissəsində, ayaqyolunun qarşısında baş verməsi müəyyən edildi. Baxış zamanı həyətin ortasında bir neçə ədəd qan damcılarının və 01 ədəd ağ rəngli pres ipinin olması müəyyən edildi. Baxış zamanı evin qarşısında olan taxta pilləkənlərin üzərində 01 ədəd mətbəx bıçağı və 01 ədəd qısaqol yay köynəyi aşkar edilərək götürüldü. Bıçağa baxış zamanı dəstəyinin uzunluğunun 110 mm, orta hissəsindən eninin 30 mm, orta hissəsindən qalınlığının 21 mm və tiyəsinin uzunluğunun 160 mm olması müəyyən edildi. Qısaqol köynəyin qana bulaşması və boz rəngli olması müəyyən edildi. Baxış zamanı 01 ədəd mətbəx bıçağı və 01 ədəd qısaqol yay köynəyi müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. (Cild 1, i.v. 6-9;) İşdə olan, 19 avqust 2025-ci il tarixli qanuni nümayəndə təyin edilməsi barədə qərardan görünür ki, Qanuni nümayəndə Elbrus oğlu yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin edilmişdir. (Cild 1, i.v. 16;) İşdə olan, 19 avqust 2025-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs HK-1/254 nömrəli yoxlama materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinərək 19 avqust 2025-ci il tarixdə saat 10:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v.24; Cild 1, i.v.35;) İşdə olan, 19 avqust 2025-ci il tarixli “əşyaların təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı hadisə zamanı əynində olmuş üst geyim əşyalarının-bir ədəd qəhvəyi rəngli qolu qısa yay köynəyi, bir ədəd qara rəngli şalvar və bir ədəd ağ rəngli mayka olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli, iki ədəd yan və iki ədəd arxa cibli, üzəri bulaşmış vəziyyətdə olan şalvar, bir ədəd açıq qəhvəyi rəngli, yaxası düyməli, yaxasında ağ rəngli emblemli-yazılı qısaqol köynək və bir ədəd ağ rəngli qolsuz mayka götürülmüşdür. (Cild 1, i.v. 46;) İşdə olan, 20 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 50;) İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 20 avqust 2025-ci il tarixli 4(022)-29/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina olunması, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilməsi, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbirinin seçilməsi, ev dustaqlığı qətimkan tədbirinin əvvəlinin 19 avqust 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. (Cild 1, i.v. 77-84;) İşdə olan, 23 avqust 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. (Cild 1, i.v. 97;) İşdə olan, məhkəmə ballistik ekspertizasının 04 sentyabr 2025-ci il tarixli, 3/973 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu sınmışdır, deşici xassəyə malik olan, təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. (Cild 1, i.v. 150-151;) İşdə olan, məhkəmə tibbi ekspertizasının 20 sentyabr 2025-ci il tarixli, 311 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin, döş və qarın boşluğuna keçən diafraqmanı zədələyən 1 (bir) ədəd, qarının ön divarının, qarın boşluğuna keçən və mədəni zədələyən 1 (bir) ədəd, (cəmi 2 iki ədəd) kəsilmiş-deşilmiş yara, sağ qabırğaaltı nahiyədə 1 (bir) ədəd və qarının sağ yarısının ön səthində 3 (üç) ədəd, (cəmi dörd ədəd) kəsilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarətlər batıcı-kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, döş qəfəsinin sol yarısının ön səthinin, döş və qarın boşluğuna keçən diafqramı zədələyən 1 (bir) ədəd, qarının ön divarının, qarın boşluğuna keçən və mədəni zədələyən 1 (bir) ədəd, (cəmi 2 iki ədəd) kəsilmiş-deşilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Digər 4 (dörd) ədəd kəsilmiş səthi yara isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (Cild 1, i.v. 178-180;) İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 26 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. (Cild 1, i.v. 186;) İşdə olan, məhkəmə trasoloji ekspertizasının 17 sentyabr 2025-ci il tarixli, 3/976 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin köynəyin üzərində olan zədələr öz formasına, quruluşuna, və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri aiddir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd mayka və bir ədəd şalvar üzərində hər hansı bir trasoloji zədənin olması aşkar edilmədi. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. (Cild 1, i.v. 188-190;) İşdə olan, materialların məhkəmə ekspertizasının 26 sentyabr 2025-ci il tarixli, 6/2885 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyasının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyasının tərkib liflərindən yoxdur. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manatdır. (Cild 1, i.v. 200-202;) İşdə olan, 10 oktyabr 2025-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs 19 avqust 2025-ci il tarixdə saat 04 radələrində Biləsuvar rayonu, Nərimankənd kəndində özünə məxsus fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolunun qarşısında gəlini Şahid5 qardaşı Təqsirləndirilən şəxs bir ədəd mətbəx bıçağı ilə onun sinə və qarın boşluğu nahiyəsinə 7 dəfə bıçaqla vurmaqla sağlamlığına ağır zərər vurduğunu bildirməklə ifadəsində qeyd etdiyi xüsusatları və Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir. (Cild 1, i.v. 205- 208;) İşdə olan, ambulator məhkəmə psixiatrik ekspertizasının 22 avqust 2025-ci il tarixli 2777 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək va onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs 19 avqust 2025-cü il tarixdə və həmin tarixdən sonrakı tarixlərdə, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. (Cild 1, i.v. 219- 220;) İşdə olan, 29 oktyabr 2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinin həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif olunması və cinayət işinin istintaq aidiyyəti üzrə Biləsuvar rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. (Cild 1, i.v. 222-223;) İşdə olan, 30 oktyabr 2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Biləsuvar rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, 2-ci dərəcəli hüquqşunas İnal Kazımov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. (Cild 1, i.v. 227;) İşdə olan, Biləsuvar RİHB-nın Nərimankənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Abuzərov X2 rayonu, Nərimankənd kəndində yaşayır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdışdır. (Cild 1, i.v. 244-245;) İşdə olan, 21 noyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerinə baxış keçirilərkən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısındakı taxta materialdan olan pilləkənlərin üzərindən götürülmüş bir ədəd mətbəx bıçağı və Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qısaqol yay köynəyi, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş və cinayət işinin istintaqı zamanı götürülmüş bir ədəd qara rəngli, iki ədəd yan və iki ədəd arxa cibli, üzəri bulaşmış vəziyyətdə olan şalvar, bir ədəd açıq qəhvəyi rəngli, yaxası düyməli, yaxasında ağ rəngli embilemli-yazıh qısaqol köynək və bir ədəd ağ rəngli qolsuz maykanın maddi sübut kimi tanınması qərara alınmışdır. (Cild 2, i.v. 18-39;) İşdə olan, 24 noyabr 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə yenidən ittihamın elan edilmişdir. (Cild 2, i.v. 46-47;) İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli, 1(099)-590/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə dəyişdirilməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbs edilməsi qərara alınmışdır. (Cild 3). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü müdafiə üçün irəli sürdüyü dəlilləri yəni, Zərərçəkmiş şəxs öldürmək niyyətində olmaması, sadəcə onu qorxutmaq istəməsi, Zərərçəkmiş şəxs bıçaq zərbələri endirdikdən sonra hərəkətlərini dayandırıb bıçağı könüllü şəkildə Zərərçəkmiş şəxs təhvil verməsi ilə bağlı göstərdiklərini təqsirləndirlən şəxsin şəxsi mülahizələrinə əsaslanan, məhkəmədə tədqiq olunan sübutlarla o cümlədən, Zərərçəkmiş şəxs, hadisənin bilavasitə şahidi Şahid1 ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, digər sənədlər və iş materialları ilə təkzib olunan, onun əsassız olaraq cinayət məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və həmin hissələrdə sübut kimi qəbul etmir. Belə ki, Zərərçəkmiş şəxs və Şahid1 məhkəmə istintaqı zamanı verikləri ifadələrin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs heç də özünün qeyd etdiyi kimi Zərərçəkmiş şəxslə salamlaşıb söhbət etdikdən sonra sonuncuya zərbə vurmağa başlamamış, əksinə sanitar qovşağın yanındakı ağaclıq ərazidə sutkanın qaranlıq vaxtından istifadə etməklə gizlənmiş, Zərərçəkmiş şəxs sanitar qovşaqdan çıxdıqdan sonra qəfil hücum edərək ona bıçaq zərbələri vurmağa başlamış, hətta Zərərçəkmiş şəxs yalnız ilk iki bıçaq zərbəsindən sonra ona xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olduğunu anlamış, bundan sonra Təqsirləndirilən şəxs aktiv müqavimət göstərməyə başlamış (sonrakı dörd bıçaq zərbələrinin sağ qabırğaaltı nahiyədə 1 (bir) ədəd və qarının sağ yarısının ön səthində 3 (üç) ədəd, (cəmi dörd ədəd) kəsilmiş səthi yarası kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərə səbəb olması bunu təsdiq edir), həmin vaxt səsə gələn Şahid1 Təqsirləndirilən şəxs mane olmağa çalışarkən belə Təqsirləndirilən şəxs ona da müqavimət göstərməyə davam etmiş, öz iradəsindən asılı olmayan səbəblərdən yəni, Şahid1 onun qolunu burması nəticəsində bıçağın yerə düşməsi, daha sonra onu yerə yıxaraq zərbələr yetirməsi nəticəsində tərksilah olaraq hərəkətlərini davam etdirə bilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qorxutmaq istədiyini bildirsə də, onun hadisədən əvvəl və hadisənin gedişindəki hərəkətləri, yəni gecə saat 04 radələrində Zərərçəkmiş şəxs evinə sonuncudan və sonuncunun ailə üzvlərindən xəbərsiz hasardan tullanmaqla daxil olması, özü ilə mətbəx bıçağı götürməsi, evin həyətindəki sanitar qovşağın yanında ağaclıq hissədə “maskalanaraq” gizlənməsi, Zərərçəkmiş şəxs evdən sanitar qovşağa gələrkən deyil, sanitar qovşaqdan çıxdıqdan sonra onun qarşısına çıxması (Təqsirləndirilən şəxs niyyəti Zərərçəkmiş şəxslə söhbət edib qorxutmaq olsa idi, Zərərçəkmiş şəxs ilk gördüyü andan ona yaxınlaşa bilərdi), Zərərçəkmiş şəxs hər hansı söz demədən qəfil hücum edərək bıçaq zərbələri endirməyə başlaması, xəsarətlərin Zərərçəkmiş şəxs həyat üçün mühüm orqanlarına yetirilməsi, ümumilikdə Zərərçəkmiş şəxs ikisi ağır dərəcəli, dördü dərəcəsi təyin edilməyən xəsarətlər olmaqla 6 (altı) bıçaq zərbəsi vurması (xəsarətlərin sayına uyğun), Zərərçəkmiş şəxs aktiv müqaviməti və Şahid1 ona mane olmasına baxmayaraq cinayətkar hərəkətlərinə davam etməsi onun niyyətinin məhz Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə yönəldiyini təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi bağlı qeyd edir ki, cinayət qanunvericiliyinə görə qəsdən adam öldürmə, digər şəxsi qəsdən həyatdan məhrumetmədə ifadə olunur. Adam öldürmə cinayətinin obyektini başqa şəxsin həyatı təşkil edir. Adam öldürmə cinayətinə görə məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxsin dərhal və yaxud müəyyən müddətdən sonra ölməsinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Adam öldürmə maddi tərkibli cinayət olduğundan törədilən əməllə (hərəkət və ya hərəkətiszliklə) baş verən nəticə arasında (ölüm) arasında səbəbli əlaqənin müəyyən edilməsi zəruridir. Əgər səbəbli əlaqə müəyyən edilməzsə, təsadüfi şərait zəminində ölümün baş verməsi qəsdən adam öldürmə sayıla bilməz. Təqsirkarın qəsdinin məzmunu və istiqaməti məsələsini həll edərkən törədilmiş cinayətin bütün hallarının məcmusunu əsas tutmalı və xüsusilə cinayətin üsulu və alətini, yetirilən yaraların və sair bədən xəsarətlərinin sayını, xarakterini və bədənin hansı nahiyəsinə yetirildiyini (məsələn, həyat üçün mühüm olan orqanlara zərər yetirilməsini), cinayət hərəkətlərinin kəsilməsi səbəblərini araşdırmalı, habelə təqsirkarın şəxsiyyəti, onun zərərçəkmişlə qarşılıqlı münasibəti, hadisədən əvvəl və hadisədən sonrakı davranışı haqqında məlumatlar tədqiq edilməlidir. Adam öldürmə cinayətlərinin düzgün tövsifi üçün cinayətin motivinin, məqsədinin, üsulunun tam və hərətəfli araşdırılması zəruridir. Belə ki, qəsdən adam öldürmənin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Həmin qərarın 3-cü bəndində qeyd olunur ki, təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmayan cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs xx xxxxx 2008-ci il tarixdə doğulmaqla, qeyd edilən cinayəti törədərkən 18 yaşı tamam olmamış, yəni yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını CM-nin 59.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini CMnin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasında CM-nin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 85.5-ci maddəsinə əsasən Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. CM-nin 63.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ona təyin edilə biləcək azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yəni, 10 (on) ilin dörddə üçünün dörddə üçü həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, ev dustaqlığında olduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Biləsuvar Rayon Məhkəməsinin 20 avqust 2025-ci il tarixli 4(022)-29/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs haqqında ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirinin əvvəlinin 19 avqust 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalında dərhal həbs edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 19 avqust 2025-ci il tarixdən 25 dekabr 2025-ci il tarixədək ev dustaqlığında olduğu 4 (dörd) ay 06 (altı) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə daxil edilməklə çıxılmalı, onu üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınanaraq Biləsuvar rayon prokurorluğunun maddi sübutların saxlanc yerində saxlanan 01 (bir) ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qısaqol yay köynəyi, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli şalvar, 01 (bir) ədəd açıq qəhvəyi rəngli, qısaqol köynək və 01 (bir) ədəd ağ rəngli qolsuz mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 217 (iki yüz on yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə 05 (beş) il 07 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 4(022)-29/2025 saylı qərarı ilə 19 avqust 2025-ci il tarixdən 25 avqust 2025-ci il tarixədək ev dustaqlığında olduğu 04 (dörd) ay 06 (altı) gün müddət ona təyin edilmiş 05 (beş) il 07 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına daxil edilərək çıxılsın və üzərində qəti olaraq 05 (beş) il 03 (üç) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Biləsuvar rayon prokurorluğunun maddi sübutların saxlanc yerində saxlanan 01 (bir) ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qısaqol yay köynəyi, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli şalvar, 01 (bir) ədəd açıq qəhvəyi rəngli, qısaqol köynək və 01 (bir) ədəd ağ rəngli qolsuz mayka məhv edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 217 (iki yüz on yeddi) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar