Məhkəmə qərarları › İş №1(099)-591/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-591/2022

17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-591/2022 17.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1989-cu ildə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Hacıqabul şəhəri, S.Almazov küçəsi, ev 25-də qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-4,072 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 23 iyun 2022-ci il tarixdə, saat 20 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində “Elit” ticarət mərkəzinin yaxınlığında saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda-4,072 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, rəsmi olaraq işləməsə də, fərdi qaydada tikintidə üsta işləmişdir.O, ailəsi ilə birlikdə Hacıqabul şəhəri, S.Almazov küçəsi, ev 25-də qeydiyyatda olub yaşasa da, tutulduğu vaxtadək işi ilə bağlı Şirvan şəhərində kirayə evdə yaşamışdır.Tutulmamışdan təxminən 5-6 ay əvvəl heroindən istifadə etməyə başlamış, heroini tanımadığı şəxslərdən alıb istifadə etmişdir.Tutulmamışdan bir müddət əvvəl tanımadığı şəxsdən 30 manata bir bükümdə təxminən 1 qramdan bir az çox miqdarda heroin alıb şəxsi istifadəsi üçün əynindəki şalvarının cibində saxlamışdır.23 iyun 2022-ci il tarixdə, axşam saat 20 radələrində Şirvan şəhərində mağazadan çörək alıb yaşadığı evə gedərkən küçədə iki nəfər polis əməkdaşı onu tutub üzərində narkotik maddə saxlamaqda şübhəli olması bildirilib polis şöbəsinə aparmışlar.Polis şöbəsinə aparılarkən üzərində istifadəsi üçün saxladığı bir bükümdə 1 qram heroin olmuşdur.Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış olmuş, axtarış zamanı özü cibində saxladığı bir bükümdə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu zamanı o, təqdim etdiyi bükümün içərisində aşkar olunan kütlənin heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Həmin vaxt heroin orada tərəzidə çəkilmədən zərfə qablaşdırılıb götürülmüş, sonra sənədləşmə aparılmışdır.Bundan sonra o, həmin gün tutulmuş, səhərisi gün, yəni 24 iyun 2022-ci il tarixdə məhkəmədə olarkən həbsdən buraxılmışdır. Barəsində olan cinayət işi ilə bağlı ifadə verəkən ona məlum olmuşdur ki, üzərindən aşkar olunmuş heroinin çəkisi 4 qramdır (4,072 qram), lakin üzərində bu qədər heroin olmamış və üzərində aşkar olunan 1 qram heroinin üzərinə 3 qram heroini kimin əlavə etməsini bilmir.Üzərində aşkar olunmuş heroini şəxsi istifadəsi üçün almış, həmin heroindən heç kəsə satmamış və heç kəsə də istifadə etmək üçün verməmişdir.O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmçinin üzərində aşkar olunmuş heroini satmaq niyyəti ilə əldə etməsi ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün az miqdarda heroin əldə edib üzərində saxladığına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 23 iyun 2022-ci il tarixdə, saat 15 radələrində yaşadığı evin yaxınlığında gəzərkən yerdən içərisində heroin olan bir ədəd sellofan bükümün tapmış və həmin heroin bükümünü şəxsi istifadəsi üçün cibinə qoymuşdur. Həmin gün saat 20 radələrində o, Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində olarkən polis əməkdaşları onu saxlayıb narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır.Axtarış zamanı o, əynindəki şalvarının cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir.Həmin bükümün içərisindən heroin kütləsi aşkar olunmuşdur.Şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş kütlənin heroin olduğunu, həmin heroini yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra polis əməkdaşları üzərindən aşkar olunmuş kütləni qablaşdırıb götürmüş, daha sonra protokol tərtib olunmuşdur.O, narkotik vasitələrin satış ilə məşğul olmamış, əldə etdiyi heroini istifadəsi üçün üzərində saxlamışdır İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, tutulduqdan sonra polis əməkdaşlarının dediyi kimi ifadə verib üzərində aşkar olunmuş heroini tapdığını bildirmişdir. Əslində isə tutularkən üzərində 1 qram heroin olmuş, həmin heroini şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır.O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmçinin üzərində aşkar olunmuş heroini satmaq niyyəti ilə əldə etməsi ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün az miqdarda heroin əldə edib üzərində saxladığına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstəmişdir ki, o, Şirvan ŞPŞnin əməkdaşıdır. 23 iyun 2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində narkotik maddələr əldə edib üzərində gəzdirməsi barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 23 iyun 2022-ci il tarixdə, saat 20 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilərək Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində, “Elit” ticarət mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılıb qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və istifadəsi ilə məşğul olmasında şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Şöbədə təhqiqatçı İbrahim Qəhrəmanov tərəfindən vəkil Xəqani Salahovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir büküm çıxarıb təqdim edib heroin olduğunu bildirmişdir. Baxış zamanı həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini yerdən tapdığını və özünün şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir.Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur.Əməliyyat yolu ilə Təqsirləndirilən şəxs narkotik maddə satmış şəxsin kimliyini müəyyən etmək mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs kiməsə narkotik vasitələr satması barədə məlumatlar da əldə edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 23 iyun 2022-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində kirayə evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə-heroin əldə etməsi, istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş və bu məlumat əsasında 23 iyun 2022-ci il tarixdə, saat 20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində, “Elit” ticarət mərkəzinin yaxınlığında, küçədə saxlanılıb şəhər polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı İbrahim Qəhrəmanov tərəfindən müdafiəçi Xəqani Salahovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu, Şirvan şəhərində yerdən tapdığını və şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “.. Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-4,072 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 4,022 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 02 sentyabr 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 4,022 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir İşdə olan, Salyan RPŞ-nin 31 avqust 2022-ci il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat tədbiri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib-etməməsi və narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə (onun əldə etdiyi narkotik vasitəni kimə və ya kimlərəsə satması barədə məlumatlar) əldə etmək mümkün olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutularkən üzərində 1 qram heroin olmasına, üzərində ittihamda göstərilən qədər heroin olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, özünün şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutularkən üzərində 1 qram heroin olmasına, üzərində ittihamda göstərilən qədər heroin olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış barədə protokol ilə (həmin vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş heroinin özünə məxsus olması və istifadəsi üçün üzərində saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-4,072 qram heroini əldə edib, saxlayıb üzərində daşıması cinayətini törətmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda- 4,072 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 23 iyun 2022-ci il tarixdə, saat 20:00-da Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığında saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd sellofan bükülüdə təmiz çəkisi-4,072 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, o, tutulmamışdan təxminən 5-6 ay əvvəl heroindən istifadə etməyə başlamışdır.O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunan az miqdarda olan heroini satmaq məqsədi ilə deyil, özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Habelə, işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər (polis əməkdaşları) də göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələri əldə etməsi, saxlaması və istifadəsi barədə məlumat daxil olsa da, onun satış məqsədi ilə narkotik maddələri əldə etməsi barədə, habelə kiməsə narkotik vasitələr satması barədə məlumatlar əldə edilməmişdir. Həmçinin saxlandığı vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddəni özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 4,072 qram heroin əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir.Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan tiryəkin miqdarı 4,072 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin külli miqdarda olması onun bu narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu maddələri satış məqsədi ilə əldə etməsi, habelə onların satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir.Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Qeyd olunan əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi narkotik maddənin satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özünə məlum mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-4,072 qram qram heroin əldə edib, saxlayıb, üzərində daşımış, 23 iyun 2022-ci il tarixdə, saat 20 radələrində Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, Şirvan şəhərində saxlanılıb üzərində şəxsi axtarış zamanı 4,072 qram heroin aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, “Cinayət törətməklə şübhəli şəxsi tutma haqqında” 23 iyun 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli şəxs kimi təhqiqat orqanı tərəfindən tutulmuşdur. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, istintaq orqanının Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatəti təmin edilməmiş və o, məhkəmə zalında həbsdən azad edilmişdir. İşdə olan, “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 24 iyun 2022-ci il tarixli qərarla müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Hacıqabul şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 25 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, S.Almazov küçəsi, ev 25-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş xarakterizə olunur. Həmçinin işdə olan, Hacıqabul şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 25 iyul 2022-ci il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı-xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X8 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub 23 iyun 2022-ci il tarixdən 24 iyun 2022-ci il tarixədək həbsdə saxlanılması müddəti, yəni bir gün müddət təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs olunmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 4,022 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X5 X7 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub 23 iyun 2022-ci il tarixdən 24 iyun 2022-ci il tarixədək həbsdə saxlanılması müddəti, yəni 1 (bir) gün müddət təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 4,022 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar