Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-592/2022 04.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əlfəddin oğlunun iştirakları ilə xx.xx.1988-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan 0,161 qram təmiz çəkiyə malik heroini məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində daşımaqla saxlamış, Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı 27 mart 2022-ci il tarixdə saat 13 radələrində Ağcabədi şəhəri, Səməd Vurğun küçəsində saxlanılıb rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə 0,161 qram təmiz çəkiyə malik narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən 9.002,63 qram təmiz çəkiyə malik külli miqdarda qurudulmuş marixuananı məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq vahid niyyətlə əldə edib daşımaqla, onlardan 2,63 qram hissəsini öz üzərində və 9.000 qram hissəsini isə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qanunsuz saxlamış, Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, 22 may 2022-ci il tarixdə saat 19 radələrində Ağcabədi şəhəri, Zülfü Adıgözəlov küçəsində saxlanılıb rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə 2,63 qram, həmçinin həmin tarixdə saat 21 radələrində qeyd edilən ünvanda yerləşən yaşadığı evə baxış aparılan zaman yataq otağındakı dolabın içərisindən bir ədəd sintetik kisədə 9000 qram, ümumilikdə isə 9002,63 qram təmiz çəkiyə malik çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, on dörd ilə yaxın müddətdir ki, narkotik istifadəçisidir. Bununla bağlı valideyinləri ilə aralarında tez-tez söz-söhbət olmuşdur. 27 mart 2022-ci il tarixdə günorta vaxtı Ağcabədi rayonu Səməd Vurğun küçəsində narkotik istifadəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, şöbəyə aparılmış, üzərində narkotik olmamış, orada polis əməkdaşları tərəfindən üzərinə 3 “çet” heroin qoyulmuşdur. 22 may 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən ikinci dəfə saxlanılmışdır. Üzərində heç bir narkotik vasitə olmamışdır. Həmçinin, həmin gün yaşadığı evdə axtarış aparılmış, yataq otağında 9 kiloqrama yaxın marixuana aşkar edilmiş, aşkarlanan 9 kiloqram marixuana özünə məxsus olmamış, polislər tərəfindən evinə qoyulmuşdur. 22 may 2022-ci il tarixdə atası onun haqqında polisə şikayət etdikdən sonra tutulmuşdur. Atası polislərdən onun bir il, bir il yarım müddətində müalicə alması üçün tutulmasını xahiş etmişdir. Heç kimə narkotik satmamışdır. Özünü yalnız narkotik istifadəsi ilə təqsirli bilir. Saxlanılarkən üzərindhə narkotik olmamışdır. İstintaq vaxtı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ilkin etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində 27 mart 2022-ci il tarixdə qəbirstanlıq tərəfdə fəhlə bazarında olarkən bir bükümdə heroin tapmış, narkotkidən istifadə etmək üçün şpris almaq məqsədi ilə yaxınlıqdakı aptekə gəlmiş, orada polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə aparılmış, baxış zamanı tünd göy rəngli cins şalvarının sağ yan cibində 0,22 qram çəkidə heroini aşkar edilmiş, heroini istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bununla bağlı barəsində cinayət işi başlanmış, lakin həbs olunmamışdır. Bundan başqa, 2021-ci ilin avqust ayında Ağcabədi rayonu Şənlik kəndinin ərazisində yerləşən su kanalının kənarında 20 ədəd çətənə kollarını gördüyünü, həmin kolların yarpaqlarını yığın kisələrə dolduraraq yaşadığı Ağcabədi rayonu Z.Adıgözəlov küçəsindəki 53 №li evə aparıb öz yataq otağında onları qurutduğunu, sonra qurudulmuş marixuananı kisələrə yığıb öz yataq otağındakı şkafın içərisində gizlədib saxladığını, 22 may 2022-ci il tarixdə həmin marixuanadan öz istifadəsi üçün götürüb üzərində saxladığını, həmin gün saat 19 radələrində Z.Adıgözəlov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparıdığını, üzərində baxış zamanı 2 qramdan artıq marixuananın, daha sonra isə yaşadığı evin yataq otağına baxış keçirilərkən 9 kiloqramdan artıq qurudulmuş marixuananın aşkar olunduğunu, narkotiklərin ona məxsus olduğunu, heç kimə narkotik satmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nın əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Ağcabədi rayon sakini Təqsirləndirilən şəxs Z.Adıgözəlov küçəsində saxlanılaraq polis şöbəsinə aprılmış, vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, o, cins şalvarının cibində bir bükümdə kağızla birlikdə 4 qramdan bir qədər artıq marixuana aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şifahi sorğu zamanı yaşadığı evdə də marixuana olduğunu bildirmişdir. Əməliyyat qrupu və Təqsirləndirilən şəxslə birlikdə onun yaşadığı Z.Adıgözəlov küçəsi 53 №li evə yollanmışlar. Elçin yataq otağındakı rəfin içərisindən bir kisə qurudulmuş marixuananı çıxarıb onlara təqdim etmişdir. Kisə ilə birlikdə marixuana çəkilmiş və çəkisi 11 kiloqrama yaxın olmuşdur. Təqsirləndirilən şəxs marixuananı şəxsi istifadəsi üçün evində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik satmasından məlumatı yoxdur. Elçinin nə üzərinə, nə də ki, evinə heç kim tərəfindən narkotik qoyulmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nın əməkdaşları Şahid4 və Şahid5 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzərində 4 qrama yaxın və yaşadığı evin yataq otağında kisə ilə birlikdə 11 kiloqrama yaxın qurudulmuş marixuananın aşkar edildiyini, Elçinin üzərinə və evinə heç kim tərəfindən narkotkin qoyulmadığını göstərərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nın əməkdaşı X8 ifadəsində göstərmişdir ki, 27 mart 2022-ci il tarixdə Ağcabədi rayon sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs rayonun ərazisində saxlanılıb polis şöbəsinə aparılmış, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şalvarının cibindən bir bükümdə 0,22 qram heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı o, bildirmişdir ki, heroin ona məxsusdur, üzərində şəxsi istifadəsi üçün saxlamışdır. Elçinin kiməsə narkotki satmasından məlumatı yoxdur. Elçinin üzərinə şöbədə heç kim narkotik qoymamışdır. Ona qarşı hər hansı bir qanunsuz hərəkətlər olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Elçin onun ögey oğludur. Elçin uzun müddətdir narkotkidən istifadə edir, narkotiki şprislə damarına vururdu. Son vaxtlar ağrıları çox olurdu. Elçin narkoman olduğu üçün o, ayrıca otaqda yaşamışdır. Oğlunun üzərində 27 mart 2022-ci il tarixdə narkotik aşkar edilmişdir. Sonra şöbədən evə buraxılmışdır. 22 may 2022-ci il tarixdə Elçin yenidən polislər tərəfindən saxlanılmış və şöbəyə aparılmışdır. Şöbədə şalvarının cibində narkoitk aşkar edilmişdir. Bundan sonra polislər tərəfindən Elçinin yataq otağına baxış keçirilmiş və rəfdən bir kisə narkotik aşkar edilmişdir. Elçinin narkotiki kimdən və hansı yolla əldə etdiyini bilmir. Elçin heç vaxt heç kimə narkotik satmamışdır. Elçinin evdə narkotik saxlamasından məlumatı olmamışdır. Məhkəmə istintaqında şahd qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Elçin doğma oğludur, onlarla bir evdə lakin narkotik istifadəçisi olduğu üçün başqa otaqda yaşayır. Elçin dəfələrlə narkomaniyadan müalicə olunmuş, lakin müalicələr müsbət nəticə verməmişdir. Buna görə də oğlunun müalicəyə göndərilməsi ilə bağlı dəfələrlə şifahi olaraq Ağcabədi RPŞ-yə müraciət etmişdir. Oğlunun üzərində və evində aşkar olunan narkotiklərdən məlumatı yoxdur. Evində heç vaxt narkotik görməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 23 may 2022-ci il tarixli, 18/567 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd ağ kağız bükümdə təmiz çəkisi – 2,63 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bikisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş maddi sübut” sözləri yazılmış və imzalar olan kisədəki təmiz çəkisi – 9,000 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bikisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Marixuananın təmiz çəkisi – 2.63 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq – 2,58 qram Marixuananın təmiz çəkisi – 9000 qram, tədqiqata sərf olundu 0,2 qram, qalıq – 8999,8 qram Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2022-ci il tarixli, 18/352 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən” aşkar olunmuş sözləri yazılmış kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi – 0,161 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 0.161 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq – 0,111 qram Məhkəmədə tədqiq edilmiş X5 X6 tibbi yoxlamanın 03 avqust 2022-ci il tarixli, 1091 №-li rəyindən görünür ki, X2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin 13 iyul 2022-ci il tarixli, 436 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Məhkəmədə tədqiq edilmiş 22 may 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin gün saat 20:20-dən başlayaraq saat 20:40-dək video çəkilişlə Ağcabədi rayon polis şöbəsində Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən kağız bükümündə olan yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Kütlə aşkar olunduğu formada elektron tərəzidə çəkilmiş və həmin narkotik vasitə marixuanaya bənzər kütlənin çəkisi 4.35 qram olmuşdur. Həmin büküm bir ədəd ağ kağız zərfdə qablaşdırılıb, üzərinə 143 saylı möhür vurularaq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş 22 may 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri, Z.Adıgözəlov küçəsi 53 saylı evə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs öz yataq otağında olan paltar rəfindən bir ədəd kisəni çıxarıb təqdim etmiş, kisə açılıb baxıldıqda işərisində qurudulmuş halda, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Kisədəki kütlə çəkildikdə 11.14 kq olması müəyyən edilmiş və üzərinə 143 saylı möhür vurularaq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş 27 mart 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən kağız bükümündə olan qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Narkotik vasitə heroinə bənzər kütlə aşkar olunduğu formada elektron tərəzidə çəkilmiş və kütlənin çəkisi 0.22 qram olmuşdur. Həmin büküm qablaşdırılıb, üzərinə 143 saylı möhür vurularaq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş 09 iyul 2022-ci il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, o, Ağcabədi rayonu, Şənlik kəndinin ərazisində kənarlarında bitmiş su kanalının ətrafını göstərib, 20 ədəd yabanı halda bitmiş çətənə kollarını həmin ərazidə gördüyünü və orada çətənə kollarının yarpaqlarını toplayıb kisəyə yığmasını və gətirib yaşadığı evdə öz yataq otağında qurutmasını bildirmişdir. İş materiallarında olan Ağcabədi rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 377 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi RMX-nın Poliklinika Şöbəsində narkoloji qeydiyyatdadır, lakin psixonevroloji kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığının cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini, sonradan üzərindən və yaşadığı evdən aşkar olunan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbə müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitlərin və psixotrop maddələrin satışı ilə məşğul olmasını hələki müəyyən etmək mümkün olmamışdır və hazırda bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni saxlamaqda, daşımaqda kömək edən şəxs müəyyən edilməmiş, Təqsirləndirilən şəxs özü tək külli miqdarda narkotik vasitəni saxlamışdır. 25 avqust 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 8-ci bəndinə əsasən qalıq qalmış 9002,38 qram qurudulmuş marixuana, qalıq qalmış 0,111 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində aşkar olunan az miqdarda heroinin, qurudulmuş marixuananın və evində yataq otağında aşkar olunan külli miqdarda 9000 qram qurudulmuş marixuananın ona məxsus olmaması, narkotikin üzərinə və evinə polis əməkdaşları tərəfindən qoyulmasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs üzərində və evində evində aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən üzərinə və evinə qoyulması ilə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaqın aparıldığı ilk gündən müdafiəçisinin iştirakı ilə onun üzərində aparılan şəxsi axtarış və götürmə, həmçinin evə baxış aparılması haqqında istintaq hərəkəti protokolu, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin etirafedici ifadələri, habelə məhkəmədə dindirilmiş çoxsaylı şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan mudafiəçisinin iştirakı ilə verdiyi ilkin ifadələrində polis əməkdaşları tərəfindən üzərinə və evinə narkotikin qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ilkin izahat və ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ilkin izahatını, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs üzərində az miqdarda bir büküm heroinin və qurudulmuş marixuananın, həmçinin evində kisədə külli miqdarda 9000 qram qurudulmuş marixuananın aşkar edilməsi, həmin maddələrin eyni tərkibli olması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin və qurudulmuş marixuana narkotik vasitələrdir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib evində qanunsuz saxlaması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək cəzlalandırılmalıdır. 27 mart 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 29 mart 2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün Ağcabədi RPŞ-nin MSY-dən azad olunaraq barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 may 2022-ci il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün barəsində Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 may 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına, CM-nin 234.4.3-cü maddəsi isə “ağır” cinayətlər kateqoriyasına aiddir, maddənin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə, CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlər nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəza çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 22 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs 27 mart 2022-ci il tarixdən 29 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, lakin onun ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olub Ağcabədi RPŞ-də saxlanılan 9002,38 qram narkotik vasitə qurudulmuş marixuana və 0,111 çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 62 manat 35 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 234.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ona cinayətlərin məcmusu üzrə 7 (yeddi ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs 27 mart 2022-ci il tarixdən 29 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olub Ağcabədi RPŞ-də saxlanılan 9002,38 qram narkotik vasitə qurudulmuş marixuana və 0,111 çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 62 (altmış iki) manat 35 (otuz beş) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-592/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-592/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver