Məhkəmə qərarları › İş №1(099)-594/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-594/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-594/2022 10.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emil Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X6 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1976-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, suaby, Bakı Ağır Cinayətlər məhkəməsinin 16 noyabr 2011-ci il tarixli hökmünə əsasən CM-nin 234.4.3, 317.1-1-ci maddələri ilə təqsirli bilinərək barəsində 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı apelyasiya Məhkəməsinin 01 fevral 2011-ci il tarixli qərarına əsasən cəzası 7 ilə endirilmiş,Lənkəran şəhəri, ünvan 1-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,220 qr, 2,475qr və 1,354 qram olmaqla ümumi təmiz çəkisi 13,046 qram külli miqdar hesab edilən tiryəkdən küstar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,452qr, 7,666qr və 0,251 qram olmaqla ümumi təmiz çəkisi 8,369 qram külli miqdar hesab edilən eyni tərkibli psixotrop maddə metamfetamini üstündə saxlayıb, daşıyaraq yaşadığı evə gətirmiş, həmin narktoik vasitə heroindən təmiz çəkisi 1,341 qram olan hissəsini özündə olan elektron tərəzi ilə çəkib 5 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,264 qram, 0,277 qram, 0,263 qram, 0,257qram və 0,280 qrama bölərək satış üçün hazırlayıb onları sonra 31 may 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Lənkəran şəhəri ünvan 1 ünvanında onunla qonşuluqda yaşayan X4 25 manata satmış, heroinin qalan 9,220 qram və 2,485 qram hissəsini, həmçinin metamfetaminin 7,666 qram və 0,251 qram hissəsini yaşadığı evində gizlətməklə, habelə metamfetaminin bir ədəd bükümdə qalan 0,452 qram hissəsini üzərində saxlamaqla daşımış, 31 may 2022-ci il tarixdə saat 16 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əmkdaşları tərəfindən keçirimiş əməliyyat axtarış tədbirləri nəticəsində X11 rayonun Sütəmurdov kəndi ərazisində polis əməkdaşları tərəfində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncuya satdığı 5 ədəd bükümdə 05 ədəd ayrıayrılqda çəkiləri 0,264 qram, 0,277 qram, 0,263 qram, 0,257 qr, 0,280 qram ümumi təmiz çəkisi 1,341 qram olan narkotik vasitə heroin M.Mahmudzadənin əynindəki şalvarının sağ yan cibində, sarı rəngli plasmas qabda sellofan bükümlərinin içərisində aşkar edilərək götürldükdən sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 22:30-da Lənkəran şəhəri Füzuli küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı satış üçün hazırladığı psixotorp maddə metamfetamini 1 ədəd bükümdə təmiz çəkisi 0,452 qram hissəsi əynindəki idman şalvarının sol yan cibində aşkar edilərək götürülmuş, həmin gün əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə keçirilmiş baxış zamanı ayrı-ayrılıqda təmiz çəkiləri 9,220 qram, 2,475 qram ümumi təmiz çəkisi 11,695 olan narkotik vasitə heroin, 2 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 7,666 qram və 0,251 qram olmaqla ümumi təmiz çəkisi 7,917 qram psixotrop maddə metamfetamin yaşadığı evin yataq otağında dəridən hazırlanmış pul qabının içərisində sellofan bükümlərin içərisindən, əldə etdiyi heroinin 0.01 qram hissəsi isə evində aşkar edilmiş bir ədəd şprisin içərisində və bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 10 ildir ki, narkotik vasitə qəbul edir. 31 may 2022-ci il tarixdə Lənkəran şəhərində tanımadığı şəxsdən özü istifadə etmək üçün 0,3-0,4 qram heroin almışdır. Həmin gün qonşusu Mənsura 0,2 qram heroin vermiş, lakin ondan pul almamışdır. Bundan 20 dəqiqə sonra Mənsur Lənkəran rayon polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmin gün onun evinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı onun evindən heroin, 2 ədəd istifadə olunmuş şpirislər və elektron tərəzi çıxmışdır. Lakin onun evində 13 qram heroin olmamışdır. O Mənsura heroini pulla verməmişdir. Etdiyi əməldən peşmandır. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, onu istifadəçi kimi rəsmiləşdirəcəklərini dediklərindən etirafedici ifadə vermişdir. Narkotiki özü istifadə etmək üçün əldə etdiyinə görə peşmandır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini inneksiya yolu ilə qəbul edir. Adətən istifadəsi üçün narkotik vasitə və psixotrop maddəni Lənkəran şəhəri, Kiçik Bazar ərazisində tanımadığı şəxslərdən alır. 31 may 2022-ci il tarixdə saat 15 radələrində istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almaqdan ötrü Lənkəran şəhəri, Kiçik bazar adlanan əraziyə getmişdir. O həmin yerdə bir qədər ətrafa baxdıqdan sonra əvvəl də bir neçə dəfə narkotik maddə aldığı üzdən tanıdığı şəxsin bir kənarda dayandığını görmüşdür. Həmin şəxsə yaxınlaşıb, ona istifadəsi üçün heroinə və metamfetaminə ehtiyacı olduğunu, özündə olduğu təqdirdə ona satmasını istəmişdir. Uzun müddətdir ki, narkotik maddə və psixotrop maddə qəbul etdiyi üçün istifadə miqdarı artdığından və teztez narkotik almaq üçün gedə bilmədiyi üçün narkotik vasitə və metamfetamini çox miqdarda almaq qərarına gəlmişdir. Üzdən tanıdığı həmin şəxsə 250 manat verib ondan təxminən 10 qram heroin və 10 qram metamfetamin almışdır. Heroin və metamfetamini alıb oradan uzaqlaşıb yaşadığı evə gəlmişdir. Evdə aldığı metamfetamindən bir qədərini ayırıb, kiçik sellofan kəsiyinə büküb ağrıları olduqda istifadə etməyi üçün cibinə qoymuş, digər hissəsini isə gümüşü kağıza bükmüşdür. Aldığı heroindən bir qədərini ayırıb sellofan kəsiyinə və kağıza büküb saxlamışdır. Həmin heroin və metamfetamin bükümlərini evdə olan kiçik pul qabına yerləşdirib, evdə otağında döşəyin üstündəki kağız qutuya qoymuşdur. Həmin gün gündüz saatlarında qonşluluqda yaşayan Mənsur onun evin gələrək bədənində güclü ağrılar olduğunu, üstündə 25 manatı olduğunu və ona narkotik vasitə verməsini demişdir. O da özü üçün aldığı heroindən bir bükümü götürüb onu özündə olan elektron tərəzi ilə 5 bükümə bölüb Mənsurə vermişdir. Mənsurda ona 25 manat vermişdir. Həmin gün axşam yəni 31 may 2022-ci il tarixdə gecə saat 22:30 radələrində yaşadığı Lənkəran şəhəri, Fizuli küçəsi ilə yolun kənarı ilə hərəkət etdiyi zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb ona özlərini təqdim edərək Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, onu Lənkəran şəhər rayon polis şöbəsinə gətirmişlər. Lənkəran şəhər rayon polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq müdafiəçi ilə təmin edilmişdir. Sonra müdafiəçisinin iştirakı ilə üstündə videoçəkiliş lə axtarış aparılmağa başlanılmışdır. Üzərinə axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Lənkəran şəhəri, Kiçik Bazar ərazisində aldığımmetamfetamindən ayırıb üstündə saxladığı 1 büküm metamfetaminin polis əməkdaşlarının üzərinə axtarış keçirtdiklərində cibindən aşkar ediləcəyini bilib, həmin sellofan bükümü əynindəki şalvarının sol yan cibindən çıxarıb təqdim etmiş və bükümdə metamfetamin olduğunu, onu istifadəsi üçün Lənkəran şəhəri, Kiçik Bazar ərazisində aldığı metamfetaminin bir hissəsi olduğunu və onlrı təqdim edə biləcəyini demişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərinə axtarış aparıldıqda üzərindən başqa hər hansı predmet, əşya aşkar edilməmişdir Üzərindən aşkar edilmiş 1 bükümdə metamfetamin elektron tərəzidə çəkildikdə çəkisi 0,56 qram olmuşdur. Sonra aşkar olunmuş 1 bükümdə metamfetamini ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlanılaraq möhürləmişdir. Zərfin üstünü o və müdafiəçisi İntiqam Hüseynov imzalamışdır. Üzərinə axtarış keçirilməsi prosesi zamanı videoçəkiliş aparılmışdır. Axtarış aparılması barədə protokol yazıb onlara oxunmuşdur. Protokolu o və başqa iştirakçılar imzalamışlar. Üzərinə şəxsi axtarış keçirilib başa çatdırıldıqdan sonra ünvan 2 ünvana getmişlər. O polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirmələrinə hər hansı etirazının olmaması barədə ərizə təqdim etmişdir. Yaşadığı ünvana baxış keçirilməyə başlandıqda ona yaşadığı ünvanda qoyduğunu bildirdiyi narkotik vasitə və metamfetamini təqdim etməyi təklif edilmişdir. O da yaşadığı evin ikinci mərtəbəsinə qalxmış, eyvana girişdən birinci yerləşən otağa daxil olaraq otağın ortasında yerdə olan döşəyin üstündəki kağız qutunun içərisindən 1 ədəd qara rəngli kiçik pul qabını götürüb, qabın içərisindən 1 ədəd sellefon bükümü, 2 ədəd kağız bükümləri çıxarıb təqdim edərək, həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Döşəyin üstündən həmçinin 1 ədəd elektron tərəzini götürüb təqdim edərək, tərəzini narkotik vasitə aldığı təqdirdə çəkisini bilməyi üçün istifadə etdiyini bildirmişdir. Evə baxış zamanı döşəyin üzərindən həmçinin 2 ədəd istifadə edilmiş şprislər aşkar edilmişdir. Həmin şprislərlə narkotik vasitə heroin qəbul etdiyi barədə məlumat vermişdir. Təqdim etdiyi 1 ədəd sellofan büküm açıldıqda içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Həmçinin 2 ədəd gümüşü kağız bükümlərin qatı açıldıqda bükümlərin birinin içərisində psixotrop maddə metamfetamin, digərində isə içərisində narkotik vasitə heroin olan 1 ədəd sellofan büküm aşkar edilmişdir. İçərisində heroin olan 2 ədəd bükümlər elektron tərəzidə çəkilmiş, onlaırn ümumi çəkisi 12,28 qram, həmçinin içərisində psixotrop maddə metamfetamin olan 2 ədəd bükümlər elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8,45 qram olmuşdur. Həmin içərisində heroin olan 2 ədəd bükümlər, içərisində psixotrop maddə metamfetamin olan 2 ədəd bükümlər, elektron tərəzi və istifadə edilmiş 2 ədəd şprislər ekspertizaya təqdim olunması məqsədi ilə 3 ədəd ayrı-ayrı zərfdə qablaşdırılaraq DİN-nin 135 saylı möhürü ilə möhürlənmişdir. Zərflərin üstünü o və müdafiəçisi İntiqam Hüseynov imzalamışlar. Baxış keçirilməsi prosesi zamanı videoçəkiliş aparılmışdır. Baxış keçirilməsi barədə protokol yazıb ona və iştirakçılara oxunmuşdur. Protokolu o və başqa iştirakçılar imzalamışlar. Bildirir ki, etdiyini əməldə peşman olmuşdur. O narkotik vasitələri aldığı şəxsi tanımır. Ad soyadını və harada yaşadığını həmçinin mobil nömrəsini bilmir. O əldə etdiyi heroin və metamfetamindən Mənsur Mahmudzadədən savayı heç kəsə verməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsindən başqa, dindirilmiş şahid ifadələri, tədqiq edilmiş ekspertiza rəyləri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 31 may 2022-ci il tarixdə saat 21 radələrində əməliyyat müvəkkilləri Babək Hüseynov və Şahid2 iştirakları ilə keçirimiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini X1 5 ədəd bükümdə ümumi çəkisi 1,56 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Mənsur Mahmduzadənin üzərinə şəxsi axtarış keçirilən zaman o heroini Lənkəran şəhər Füzuli küçəsində yaşayan Nail adlı şəxsdən 25 manata aldığını bildirmişdir. Tərəfindən əməliyyat tədbirləri keçirilərkən həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Füzuli küçəsində yaşadığı evinin yaxınlığında saxlanılaraq Lənkəran payon polis şöbəsinə aparılmışdır. Orada video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanusuz maddə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də həmin vaxt əynindəki şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü çıxardıb təqdim edərək bükümdə metamfetamin olduğunu, onu istifadəsi üçün Lənkəran şəhəri, Kiçik Bazar ərazisində aldığı metamfetaminin bir hissəsi olduğunu, qalan hissəsi evində olduğunu və onları təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış aparıldıqda onun üzərindən başqa hər hansı predmet, əşya aşkar edilmədi. Sonra təhqiqiatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunmuş 1 bükümdə metamfetamini qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir.Protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun yaşadığı Lənkəran şəhəri, Fizuli küçəsi 106 saylı evinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsinə qalxaraq, özünə məxsus yataq otağına daxil olaraq otağın ortasında yerdə olan döşəyin üstündəki kağız qutunun içərisindən 1 ədəd qara rəngli kiçik pul qabını götürüb, qabın içərisindən 1 ədəd sellefon bükümü, 2 ədəd kağız bükümləri çıxarıb təqdim edərək, həmin bükümlərdə heroin və metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt döşəyin üstündən 1 ədəd elektron tərəzini də götürüb təqdim edərək, tərəzini narkotik vasitə alarkən çəkisini bilmək üçün istifadə etdiyini bildirmişdir. Evə baxış zamanı döşəyin üzərindən həmçinin 2 ədəd istifadə edilmiş şprislər aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində narkotik vasitə heroin və metamfetamin olması müəyyən edilmişdir. Həmçinin 2 ədəd gümüşü kağız bükümlərin qatı açıldıqda bükümlərin birinin içərisində metamfetamin, digərində isə heroin olan 1 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilmişdir. Sonra da aşkar olunmuş maddələr, işlənmiş şpirislər və elektron tərəzi ayrı ayrılıqda qabalaşdırılaraq üzərləri möhürlənmiş və bu barədə protokol tərti edilmiş və Təqsirləndirilən şəxs özünə oxunmuşdur. Baxış videoçəkilişlə aparılmışdır. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində axtarış və evinə baxış keçirilərkən ona hər hansı təsir və təzyiq olunmamışdır. O özü də Mənsur Mahmudzadəyə beş bükümdə heroini 25 manata satdığını etiraf etmişdir. Dindirilmiş şahidlər X12 və Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə verdilər. Cinayət işində olan Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilmiş şəxsiaxtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin psixotrop maddənin özünə məxsus olduğunu onu evində saxladığı psixotrop maddədən götürüb üzərində saxladığını təsdiq etmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evə videoçəkilişlə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında dəri pul qabın içərisindən 2 ədəd bükümdə heroin, 2 ədəd bükümdə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümlərə baxış keçirildikdə bükümlərdə olan heroin və metamfetaminin özünə məxsus olmasını o təsdiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs üzərinə axtarış və evinə baxış keçirilərkən həmin istinaq hərəkətlərinin köçürüldüyü DVD disklərdə olan görüntülər nümayiş etdirilmişdir. Həmin görüntülər də qeyd edilən axtarış və baxış protokollarında göstərilən xüsusatlar öz təsdiqini tapır. Cinayət işi materiallarında olan X2 üzərinə şəxsi-axtarışın keçirilməsi haqqında protokoldan da görünür ki, onun üzərindən 5 ədəd bükümdə heroin aşkar edilərək götürülmüşdür. Mənsur Mahmudzadə həmin narkotik vasitə heroin özünə məxsus olduğunu onu qonşuluqda yaşayan Nail adlı şəxsə 25 manat verərək əldə etdiyini təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən X7 CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib müvafiq cəzaya məhkum edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. Qeyd edilən qanuni qüvvəsini almış hökmdə Mənsur Mahmudzadənin ifadəsindən də görünür ki, o məhkəmə iclasında dindirilərkən 31 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 25 manat almaqla ona 5 ədəd selefon bükümlərdə heroin satmasını bildirmişdir. Tədqiqata təqdim edilmiş məhkəmə kimyəvi ekspertizasının 1 iyun 2022-ci il tarixli 19/954 saylı rəyində göstərilmişdir ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş içərisində narkotik vasitə heroinə bənzər maddə olan 2 ədəd bükümlər.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -9,220 qram, 2,475 qram, ümumi təmiz çəkisi -11,695 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,452 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş içərisində psixotrop maddələr olan 2 ədəd bükümlər.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -7,666 qram, 0,251 qram, ümumi təmiz çəkisi -7,917 qram olan ağ rəngli maddə kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş 1 ədəd elektron tərəzi və 2 ədəd istifadə edilmiş şpris....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı və 1 ədəd içərisi boş olan 1ml-lik tibbi şprisin içərisində narkotik vasitə vəya psiotorp maddələrin izləri yoxdur. Həmçinin həmin zərfdə 1 ədəd 1mllik tibbi şpirisin həcmi: 0,2 ml olan maye, narkotik vasitə heroin məhluludur, məhluldakı heroinin quru maddəsinini ümumi təmiz çəkisi: 0,01 qramdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvandan və üzərindən aşkar edilərək götürülmüş ümumi sayı 3 büküm və təmiz çəkisi ümumi təmiz çəkisi -8,369 qram olan metamfetaminlər olan ağ rəngli kristal formada olan maddə metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 2 büküm heroinlər ilə X4 məxsus 5 büküm heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Təqsirləndirilən şəxs məxsus 1 ədəd şprisdəki heroin məhlulu tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün deyil. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxildir. (Siyahı İ) Məhkəmədə tədqiq edilmiş cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 01 iyun 2022-ci il tarixli 19/653 saylı rəyindən göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “X3 təqdim etdiyi 5 ədəd büküm və bir ədəd elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 05 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri -0,264 qram; -0,277 qram, -0,263 qram, -0,257 qram, -0,280 qram, ümumi təmiz çəkisi -1,341 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər və bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğuna görə tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədiqiqat (eynilik) aparmaq mümkün olmadı. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 2 iyun 2022-ci il tarixli, 933 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburu müalicəyə ehtiyyacı vardır. Lənkəran Narkoloji xəstəxanasında 2007-ci ildə “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan ibtidai araşdırma zamanı verilmiş əməliyyat tapşırığın cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik heroini əldə etdiyi mənbəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və həmçinin X4 narktoik vasitə satması barədə CAB-na əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 31 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində əldə etdiyi narkotik vasitələri öz şəxsi istifadəsindən ötrü üzərində və evində saxladığını, Mənsur Mahmudzadəyə 0,2 qrama yaxın çəkidə heroin verdiyini, lakin ondan pul almadığını, özündə isə 13 qram deyil, 0,3- 0,4 qram heroin oldunu və onu özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs gətirdiyi dəlillər özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə elan ediməklə tədqiq edimiş vəkilinin iştirakı ilə verdiyi üzərində və evində heroin və metamfetaminin, elektron tərəzinin aşkar edilməsi, Mənsur Mahmudzadəyə 5 bükümdə heroini 25 manata satması barədə ifadəsi, qeyd edilən xüsusatları təsdiq edən həm Təqsirləndirilən şəxs, həm də Mənsur Mahmudzadənin üzərlərinə axtarış keçirilməsi, eləcədə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş heroin və metafetaminlərin, həmçinin ondan aşkar edilmiş heroinlə Mənsur Mahmudzadədən aşkar edilmiş heroinlərin eyni tərkibli olması barədə ekspertiza rəyləri, Mənsur Mahmudzadənin barəsində olan Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış hökmü ilə təkzib olunduğundan həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsini səmimi etirafedici, həmçinin işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1976-cı il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Lənkəran şəhəri ünvan 1-da qeydiyyatda olmaqla yaşamışdır. Yaşayış yeri üzrə verilən müsbət xasiyyətnamədə məhəllə sakinləri və qonşularla normal və səmimi münasibətdə olması, tərbiyəli və ədəb-ərkanlı şəxs kimi səciyyələndirilir. Cinayət işinin materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, həbs müddətinin əvvəli 31 may 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs oğunun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 16 noyabr 2011-ci il tarixli hökmü ilə CM-nin 234.4.3, 317.1-1-ci maddələri ilə təqsirli bilinərək barəsində 09 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 01 Fevral 2011-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 7 ilə endirilmişdir. 02 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad edimişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 16 noyabr 2011-ci il tarixli hökmü ilə CM-nin 234.4.3, 317.1-1-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 01 Fevral 2011-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 07 ilə endirilmiş və 02 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad edimişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətdiyinə görə məhkum olunmuş və hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Onun əməlində cinayətlərin təhlükəli residivi halı mövcuddur. Ona görə də bu hal CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalı və CM-in 65.2-ci maddəsinin tələbinə əsasən cəza təyin edilərkən təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın son həddinin üçdə ikisindən az olmamaqla müddəasına əsaslanmaqla ona cəza təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 31 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CPM-in 132-ci maddəsinin tələbinə əsasə cinayət işi üzrə maddi sübutların məsələsi həll edilməlidir. İş üzrə maddi sübut olan və Lənkəran Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 11,595 qram heroin, qalıq çəkisi 8,219 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, iki ədəd şpris məhv edilməlidir. İş üzrə 65 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 11,595 qram heroin, qalıq çəkisi 8,219 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, iki ədəd şpris məhv edilsin. İş üzrə 65 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar