Məhkəmə qərarları › İş №1(099)-596/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-596/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-596/2023 31.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs külli miqdarda, yəni təmiz çəkisi 10,103 qram narkotik vasitə olan heroini qəsdən satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan vaxtda və mənbədən əldə edib 2 ədəd siqaretin sellofan bükümündə üzərində daşıyaraq saxlamış, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 mart 2023-cü il tarixdə saat 17 radələrində Ağcabədi şəhəri, H.Əliyev prospektində saxlanılaraq Ağcabədi RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman, qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində daşıyaraq saxladığı 02 ədəd siqaretin sellofan kəsiyinə bükülmüş, ayrı-ayrılıqda çəkiləri 5,121 qram və 4,982 qram, ümumi təmiz çəkisi 10,103 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulana qədər ev ustası işləmişdir. 29 mart 2023-cü il tarixdə adını bilmədiyi post patrul xidmətinin əməkdaşı ona zəng edərək polis şöbəsinə çağırıldığını bildirmiş, polisə olduğu yeri demiş və 2 nəfər polis əməkdaşı gəlib onu polis şöbəsinə aparmışlar. Şöbədə olarkən ona əvvəlcə Fazil Mustafayevin vurulmasında şübhəli olduğunu, sonra isə siyahıda adının gəldiyinə görə tutulmalı olduğunu bildirmişlər. Şöbədə Cavid adlı polis əməkdaşı ona narkotik verərək üzərinə qoymasını və boynuna götürməsini tapşırmışdır. Rəis müavini ona, narkotiki boynuna götürərsə onu buraxacaqlarını bildirdiyindən, habelə təzyiqlərə məruz qaldığından ifadəsində narkotikin özünə məxsus olduğunu yalandan etiraf etmişdir. Saxlanılarkən üzərində narkotik olmamışdır. Heç kimə narkotik satmamışdır. İranlı Baba adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, polislər onu çağıran zaman işdə olmuşdur, istintaq vaxtı müstəntiqə narkotikin ona məxsus olmadığını demişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilərək üzərində aşkar olunan ümumi çəkisi 10,103 qram olan heroinin özünə məxsus olduğunu, həmin bükümləri 2023-cü ilin mart ayında yaşadığı Ağcabədi rayonu ərazisində dörd yol deyilən yerdə kanaldan balıq tutmağa gedərkən tapdığını, əvvəllər heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini və onların satışı ilə məşğul olmadığını, narkotiki üzərində saxlamaqda məqsədi ondan istifadə etmək olduğunu, 29 mart 2023-cü il tarixdə saat 17 radələrində Ağcabədi rayonu, H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanıldığını, şəxsi axtarış zamanı üzərində saxladığı iki bükümdə heroini çıxarıb təqdim etdiyini, polis əməkdaşları tərəfindən ona təzyiq və zor tətbiq olunmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə icraatına Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış, 29 mart 2023-cü il tarixdə saat 17 radələrində Ağcabədi şəhəri, H.Əliyev prospekti ərazisində Təqsirləndirilən şəxs tərəfindən saxlanılmış və rayon polis şöbəsinə aparılmışdır. Vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman İlyas boz rəngli cins şalvarın sağ yan cibindən iki bükümü çıxarıb stolun üzərinə qoymuş, bükümlərə baxış keçirilmişdir. Həmin bükümün içərisində toz halında qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Kütlələr elektron tərəzidə çəkilmiş, çəkiləri ayrı-ayrılıqda 5,36 qram və 5,17 qram, ümumi çəki isə 10,53 qram olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nın polis nəfəri Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan materialların məhkəmə ekspertizasının 30 mart 2023-cü il tarixli, 18/365 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 5,121 qram, 4,982 qram, ümumi təmiz çəkisi 10,103 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi çəkisi 10,103 qram, cəmi tədqiqata sərf edildi - 0,1 qram (hər ob- 0,05 qram), qalıq - 10,003 qramdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məcburi narkolojitibbi yoxlamanın 11 aprel 2023-cü il tarixli, 619 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 aprel 2023-cü il tarixli, 204 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki pisixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, tibbi sənədlər (Ağcabədi RMX PHŞdən verilmiş xx.xx.2023-cü il tarixli 399 saylı arayış), anamnestik məlumatlar və halhazırdakı psixiatrik müayinələrin nəticələri sübut edir. - Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. - Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. - Təqsirləndirilən şəxs cinayət əməli törədərkən və hal-hazırda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. - Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 29 mart 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən 02 ədəd bükümdə ayrı-ayrılıqda 5,36 və 5,17 qram narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, o, əyani olaraq hadisə yerində narkotik vasitələri götürdüyü yeri göstərmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan Ağcabədi rayon poliklinikasının xx.xx.2023-cü il tarixli, 399 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs nevroloji və narkoloji kabinetlərdə qeydiyyatda dayanmır. İşdə olan Ağcabədi rayon məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. İşdə olan əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs maddi gəlir əldə etmək məqsədi ilə həmin narkotik vasitəni üzərində saxlaması və təyin edilən gündə təyin edilən şəxsə verəcəyi müəyyən edilmiş, lakin onun narkotik vasitəni kimdən və ya kimlərdən almasını, kimə və ya kimlərə verəcəyini və ya satacağını müəyyən etmək mümkün olmamışdır. 22 iyun 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,003 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcəbədi RPŞ-yə təhvil verilmişdir. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmadığını, narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində təzyiqlərə məruz qaldığı üçün məcbur olub qeyd olunan çəkidə heroinin özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq başlandığı ilk gündən istintaq başa çatanadək izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, üzərinə heroinin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı heç yerə şikayət etməmiş, ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan iki büküm heroini çıxarıb təqdim edərək özünə məxsus olduğunu səmimi etiraf edir, həmin maddənin polis əməkdaşları tərəfindən cibinə qoyulması və ya hədə-qorxuya və ya təzyiqlərə məruz qalması ilə bağlı müdafiəçinin iştirakı ilə hər hansı bir dəlil irəli sürmür. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007). Həmçinin, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən heroinin qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olunması və üzərinə narkotik vasitənin qoyulmasına dair gətirdiyi dəlillər əsassız hesab edilməlidir. Bununla da, Təqsirləndirilən şəxs üzərində iki bükümdə külli miqdarda heroinin aşkar edilməsi, təqsirləndirilən şəxsin həqiqətən də heroini qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq iki büküm külli miqdarda narkotki vasitə heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İşdə olan 29 mart 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 31 mart 2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Ağcabədi şəhəri, T.İsmayılov ünvanda yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.2008-ci il təvəllüdlü qızları Aydan və Fidan Qasımovadan, xx.xx.2011-ci il təvəllüdlü oğlu Tofiq Qasımovdan və arvadı Gülnarə Qasımovadan ibarətdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının və iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutlmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Ağcabədi RPŞ-də saxlanılan qalıq çəkisi 10,003 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparılmasına dair 1 ədəd CD disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Ağcəbədi Rayon Polis Şöbəsində saxlanılan 10,003 qram narkotki vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar