Məhkəmə qərarları › İş №1(099)-596/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-596/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-596/2024 30.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Süleymanov Elxan Xasay oğlunun sədrliyi, (məruzəçi hakim) Vəliyeva Ayşən Umud qızı və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 07 may 2024-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda 4,086 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, 06 may 2024-cü il tarixdə, saat 09:40 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsindəki yaşadığı evin qarşısındakı küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan üzərində daşıdığı 01 ədəd şəffaf sellofan bükümdə qeyd olunan çəkidə psixotrop maddə olan metamfetamin onun əynindəki boz rəngli parça gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 may 2024-cü il tarixdə arvadı onun narkotik vasitələrdən istifadə etməsi barədə DİN-in 102 xidmətinə şikayət etmiş, 06 may 2024-cü ildə saat 09 radələrində mülki geyimli polis əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə aparmış, şöbədə polis əməkdaşları tərəfindən döyülmüş, sonuncular içində psixotrop maddə olan 1 bükümdə metamfetamini qarşısına qoyaraq bunun ona məxsus olması barədə ifadələrə imza etməyəcəyi halda evindən daha çox narkotik vasitələr çıxacağını bildirmiş, polis əməkdaşlarının təsir və təzyiqi nəticəsində məcbur qalaraq istintaq zamanı ifadələrinə imza etmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, 06 may 2024-cü il tarixdə səhər saat 09:40 radələrində Ərçivan qəsəbəsindəki yol kənarı ilə piyada hərəkətdə olarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmiş, şəxsi axtarışla bağlı tərtib edilmiş protokol iştirakçılar, eləcə də onun tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini 05 may 2024-cü il tarixdə Astara rayon, Ərçivan qəsəbəsindəki torpaq sahəsindən evə tərəf piyada gedən zaman “Yanar Bulaq” adlanan yerin yaxınlığındakı küçədən tapdığını, nə vaxtsa istifadə etmək məqsədilə götürüb cibinə qoyduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Astara Rayon Polis şöbəsinin X1 əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 09:40-da saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan gödəkcənin sağ yan cibindəki 01 ədəd bükümdə şəffaf sellofona bükülmüş metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmiş, təqdim edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə şəffaf sellofona bükülmüş metamfetaminə bənzər kütləni 05 may 2024-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində küçədən tapdığını, istifadə etmək üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs istər saxlanılaraq polis şöbəsinə gətirilərkən, istərsə də polis şöbəsində ona qarşı təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 06 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 10:37-dən saat 10:47-dək Astara Rayon Polis şöbəsində xidməti otaqlarının birində videoçəkiliş vasitəsi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində narkotik vasitə və yaxud saxlanılması və gəzdirilməsi, qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli parça gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdə şəffaf sellofona bükülmüş ağ rəngli, kristal formada psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, həmin büküm elektron tərəzidə ölçülərək çəkisinin 4,2 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütləni öz istifadəsi üçün xx.xx.2024-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yoldan tapdığını, üzərində daşıyaraq saxladığını, ehtiyacı olanda istifadə edəcəyini bildirmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” 07 may 2024-cü il tarixli protokoldan görünür ki, Cəfərov X4 qəsəbəsindəki yol kənarını göstərərək 05 may 2024cü il tarixdə, saat 20 radələrində torpaq sahəsindən evə tərəf gələn zaman yolun sol tərəfindəki qaz xətt borusun yanında 01 ədəd şəffaf sellofon bükümdə psixotrop maddə olan metamfetamini görərək götürdüyünü, cibinə qoyduğunu və sonra yaşadığı evə getdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 may 2024-cü il tarixli, 19/397 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi 01 bükümdə kütlə...» sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi -4,086 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 08 may 2024-cü il tarixli, 424 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (Toksikomoniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş 18 may 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə istifadəçisi olmağı müəyyən edilmiş, lakin qanunsuz olaraq əldə edib üzərində daşıdığı psixotrop maddə metamfetamini nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, eləcə də onun psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı məlumat və ya digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin olması müəyyən edilməmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara RPŞ-nin Əməliyyat İşləri üzrə rəis müavini X3 tərəfindən qəbul edilmiş 06 may 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan təmiz qalıq çəkisi 4,036 qram psixotrop maddə olan metamfetamin Astara Rayon Polis şöbəsində saxlanılır, şəxsi axtarış aparılarkən, eləcə də Təqsirləndirilən şəxs qismində dindirilərkən qeydə alınmış videoçəkilişlərin köçürüldüyü 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində aşkar olunan psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, psixotrop maddənin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində təzyiqlərə məruz qaldığından məcbur olub psixotrop maddə metamfetaminin özünə məxsus olmasını yalandan etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Belə ki, Astara Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən sonuncu ona verilən ittihamla razılaşaraq istintaq orqanının çağırışlarına vaxtlıvaxtında gələcəyini (vəd verməklə) öhdəsinə götürərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində aşkar olunan psixotrop maddə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə bu hal barədə heç bir fikir bildirməməsi, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə əynində olan gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu etiraf edir, psixotrop maddənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması və ya hədəqorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Məhkəmə hesab edir ki, artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə icraatı zamanı verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə, başqa sözlə onun cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, həmçinin barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilərkən cinayəti etiraf etməsini, eyni zamanda şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli barədə qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 06 may 2024-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Astara rayon məhkəməsinin 07 may 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 06 may 2024-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Astara Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli hökmü ilə CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Astara Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 7(018)-39/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «8 noyabr –Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilərək, həmin Qərarın 2ci hissəsinin 2.5-ci bəndinə əsasən Astara Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və həmin Qərarın 3-cü hissəsinin 7-ci bəndinə əsasən onun üzərindən məhkumluq götürülmüş və hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı, biri azyaşlı, biri yetkinlik yaşına çatmayan olmaqla ümumilikdə beş uşağı ilə birgə göstərilən ünvanda yaşamış, yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və narkomaniya xəstəliyindən əziyyət çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra bir bükümdə ümumilikdə təmiz qalıq çəkisi 4,036 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış aparılarkən, eləcə də Təqsirləndirilən şəxs qismində dindirilərkən qeydə alınmış videoçəkilişlərin köçürüldüyü 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 06 may 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra bir bükümdə ümumilikdə təmiz qalıq çəkisi 4,036 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış aparılarkən, eləcə də Təqsirləndirilən şəxs qismində dindirilərkən qeydə alınmış videoçəkilişlərin köçürüldüyü 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elxan Süleymanov Hakimlər : Ayşən Vəliyeva Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar