Məhkəmə qərarları › İş №1(099)-596/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-596/2025

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-596/2025 12.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2h Balabəy oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X9, təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Lənkəran rayonu Təngivan kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu Təngivan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 263-1.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 sentyabr 2025-ci il tarixdə, saat 07:30 radələrində çiskin yağmurlu hava şəraitində, etibarnaməsiz və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Lənkəran rayonu Təngivan kəndində qeydiyyatda olan qardaşı Şahid3 məxsus “Mersedes Benz C180” markalı 10SV620 dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran rayonu Təngivan kəndi istiqamətindən Lənkəran şəhəri istiqamətində 90km/saat sürətlə hərəkətdə olarkən, rayonun Şovu kəndi ərazisində “Ədo Petrol” adlanan yanacaq doldurma məntəqəsini keçdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edib, həmçinin həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, yaşayış məntəqəsi daxilində maksimim icazə verilən 60km/saat sürətdən artıq idarə etməməli olduğu halda, o cümlədən həmin qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, hərəkət təhlükəsizliyini təmin etməli, qarşıda yolun hərəkət hissəsinin sağ kənarı ilə onunla eyni istiqamətdə piyadaların hərəkətdə olmasını nəzərə almalı və həmin piyadalardan təhlükəsiz yan məsafəsi saxlamalı, piyadaların yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli olduğu halda, həmin maddələrin tələblərini pozaraq, yəni avtomobilin dayanıqlı hərəkətini təmin etməyib, idarəetməni itirərək avtomobilin fırlanaraq yolun sağ çiyninə çıxıb onunla eyni istiqamətdə yolun sağ çiyni ilə hərəkətdə olan piyada - Lənkəran rayonu, Şovu kənd sakinləri xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yanlarından hərəkətin təhlükəsizliyini təmin edib keçib getmək üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunlara əməl etməyib, sonuncuları avtomobilinin sol hissəsi ilə vurmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər X6 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik – kəllə sümüklərinin (alın, sağ gicgah) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, alıntəpə nahiyəsində yumşaq toxumalar altına yayılmış qansızma, sağ baldır sümükləri, sağ qalça qanadı sümüyü və sağ bud sümüyün boyun hissədən sınıqları, sağ sağrı, sol baldır, alın nahiyələrində əzilmiş-cırılmış-didilmiş yaralar, sağ baldır, sağ diz qapağı, qarın nahiyələrində sıyrıqlar, alın nahiyəsində qançır kimi xəsarətlər alıb, başın küt travması ilə əlaqədar kəllə sümüklərinin (alın, sağ gicgah) sınığı, baş beyin toxunmasına və mədəciklərinə yayılmış qansızmasından, X3 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik – baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, alın-təpə nahiyəsində yumşaq toxumalar altına yayılmış qansızma, sol bud, sol baldır, sağ diz oynağı nahiyələrində sıyrıqlar, alın, sol bazu nahiyələrində qançırlar kimi xəsarətlər alıb, başın küt travması ilə əlaqədar baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızmasından ölmələrinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, sürücülük vəsiqəsi yoxdur, hadisə günü qardaşına məxsus maşını təmir etdirmək üçün bibisi oğlu Samirlə bərabər yola çıxmış, hava çiskinli olmuş, qəfildən idarəetməni itirmiş, maşının yolda hərəkətdə olan azyaşlı uşaqların üzərinə getdiyini gördükdə maşını kənara çəkməyə cəhd göstərmiş, lakin mümkün olmamış, maşınla uşaqları vurmuşdur, dərhal maşından düşərək uşaqlara yardım göstərmiş, lakin, onları xilas etmək mümkün olmamışdır. Əməlindən peşmandır, barəsində nə qərar qəbul ediləcəyini məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə yerində olmamışdır, hadisə günü uşaqları məktəbə gedərkən təqsirləndirilən şəxs tərəfindən maşınla vurulmuşdur, təqsirləndiirlən şəxslə qonşu kənddəndir, maşın təqsirləndirilən şəxsin özünə məxsusdur, neçə ildir ki, sürücülük hüququ olmadan maşın idarə edir, həmin maşını qardaşı Mahsud ona satmış, özünə yeni maşın almışdır, maşın nasaz olmamışdır, təqsirləndirilən şəxs yalan deyir, təqsirləndirilən şəxsdən şikayətçidir, barışmamışdır, heç bir maddi yardım qəbul etməmişdir, təqsirli bilinəcəyi maddənin sanksiyasında göstərilmiş ən yuxarı həddə cəza təyin edilməsini xahiş edir. İş üzrə Şahid1 X4 bildirdiklərinə uyğun ifadə verərək qeyd etmişdir ki, vəfat edən uşaqların anasıdır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, hadisəni görməmişdir, təqsirləndirilən şəxsə ən yuxarı həddə cəza təyin edilməsini xahiş edir. İş üzrə Şahid2 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs dayısı oğludur, hadisə günü rayona getmək üçün Vurğunun maşınına minmişdir, Vurğun da maşını təmir etdirmək üçün yola çıxmışdır, yolda idarəetməni itirib uşaqları vurmuşdur, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, belə ki, o qeyd edilənlərə əlavə olaraq ibtidai istintaq zamanı bildirmişdir ki, onlar rayonun Şovu kəndi ərazisində 80-90 km/saat surətlə hərəkətdə olarkən Şovu kəndində yerləşən “Ədo petrol” adlı yanacaq doldurma məntəqəsini keçən zaman qarşılarında olan avtomobili Vurğun ötüb keçmişdir. Həmin vaxtı Vurğun avtomobilin sürətini artırmış, ötmə əməliyyatını həyata keçirdikdən sonra həmin yol sola tərəf dönürmüş və yol enişli olmuşdur. Həmin vaxtı avtomobilin arxa sol təkəri asfalt yoldan çıxıb yolun çiyninə tərəf düşmüş və avtomobil sürüşməyə başlamışdır. Vurğun avtomobilin əyləcini sıxmışdır ki, avtomobilin sürətini azaltsın. Həmin vaxtı avtomobilin arxa hissəsi sürüşməyə başlamış və yolun sağ ehtiyat hissəsi ilə piyada gedən iki nəfər məktəbliyə doğru sürüşüb fırlanaraq avtomobilin sol tərəfi uşaqlara çırpılmışdır. Daha sonra avtomobil sürüşərək yolun sağ ehtiyat hissəsindən sonra olan qaz borusuna dəyib üzü Təngivan kəndi istiqamətində dayanmış, maşından düşüb uşaqlara yardım göstərmişlər. İş üzrə Şahid3 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin qardaşıdır, hadisə günü qardaşı maşın nasaz olduğu üçün onu təmirə aparmaq istəmişdir, hadisəni görməmiş, lakin, eşitmişdir ki, qardaşı Vurğun 19 sentyabr 2025-ci il tarixdə səhər radələrində maşınla 2 uşağı vurmuş, uşaqlar vəfat etmişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə şahidlər Şahid4 və Şahid5 ifadələrində Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə Şahid6 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisəni görməmiş, lakin hadisə Lənkəran rayonu Şovu kəndində işlətdiyi “042 market” adlı ərzaq mağazasının videomüşahidə kamerasına düşmüş, polislər kamera görüntülərini ondan götürmüşlər. İş üzrə Şahid9 oğlu ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin axtarış üzrə inspektorudur, xx.xx.2025-ci il tarixdə, səhər saat 07:30 radələrində Lənkəran rayonu Şovu kənd sakinləri 2 nəfər azyaşlı uşağın piyada yolu keçmək istədikləri zaman Mersedes markalı avtomaşının onları vurması nəticəsində Lənkəran RMX-na gətirildiyi zaman ölmələri barədə rayon mərkəzi xəstəxanasından məlumat daxil olmuş, faktla bağlı dərhal əməliyyat qrupunun tərkibində hadisənin baş verdiyi yerə getmiş, hadisə yerinə baxışda iştirak etmiş, protokollaşdırılmışdır, daha sonra şəxsi polis şöbəsinə aparmışlar. İş üzrə şahid Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Şahid10 ifadəsində Şahid9 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə Şahid8 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Lənkəran rayonu Şovu kəndində yaşayır, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, hadisə vaxtı görmüşdür, ona polislər hadisə yerinə baxışda hal şahidi kimi iştirak etməyi təklif etmişlər, o da iştirak etmiş, polislər orada sxem cızmış, yolu ölçmüş, o da protokolla tanış olub imzalamışdır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varsininin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və onlara əlavə edilmiş sənədləri, həmçinin, digər yazılı sənədləri mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 19 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarix, saat saat 18:00-da Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhə edildiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. - 19 sentyabr 2025-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, hadisə Lənkəran rayonu, Şovu kəndi ərazisində baş vermiş, yol nəqliyyat hadisəsini törətmiş “Mersedes benz C180” markalı 10SV620 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisə yerində olmuş, yol 7 metr enində, üzəri asfalt-beton örtüklü olmaqla iki zolaqlıdır, yolun sağ və sol tərəfində yol çiyni vardır, yol kənar obyektlərdən düşən işıqla işıqlandırılır, yolun solunda və sağında fərdi yaşayış evləri və torpaq sahələri yerləşir. Ərazi yaşayış məntəqəsi olduğundan yolda sürət həddi 60 km/saat təyin edilmişdir. Hadisə yerində yol enişli olmaqla, yolun eni 7 metr, hərəkət hissəsi 3,5 metr, asfalt örtüyü yaş olmuşdur. Piyadaları vurma Lənkəran şəhəri istiqamətində, asfalt örtüyünün başlanğıcından 0,7 metr məsafədə yolun sağ çiyni üzərində baş vermişdir. “Mersedes benz C180” markalı 10SV620 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmadan öncə texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Baxış aydın hava şəraitində təbii işıqlandırma altında həyata keçirilmiş, protokol tərtib edilərkən heç bir vəsatət, ərizə və şikayət daxil olmamışdır. (i.v. 05-14) - xx.xx.2025-ci il tarixli CD “diskə baxış keçirilməsi haqqında” protokoldan və diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi yerinə baxış keçirilən zaman hadisə yerinin yaxınlığında yerləşən “042 market” adlanan marketin müşahidə kamerasından hadisənin baş verdiyi anın qeydə alındığı videogörüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskdə 16 saniyəlik videogörüntü vardır. Görüntünün sağ yuxarı hissəsində xx.xx.2025-ci il tarixdə qeydə alındığı görünür. Görüntünün 8-ci saniyəsində Lənkəran şəhəri istiqamətində hərəkətdə olan “Mersedes benz” markalı avtomobilin sürücüsünün avtomobilin idarəetməsini itirərək yolun sağ ehtiyat hissəsi ilə piyada gedən iki nəfər şəxsi avtomobilin sol hissəsi ilə vurması, sonra isə yol kənarındakı qaz borusuna çırpılaraq üzü Lerik rayonu istiqamətində yol ehtiyat hissəsində dayanması müşahidə edilir. (i.v. 26-27) - Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 21 oktyabr 2025-ci il tarixli, 8/2190 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Mercedes Benz C180 markalı 10SV620 dövlət qeydiyyat nişanlı avomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 141-142) - Məhkəmə-tibbi ekspertizasının 15 oktyabr 2025-ci il tarixli 19 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində kəllə sümüklərinin (alın, sağ gicgah) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, alın-təpə nahiyəsində yumşaq toxumalar altına yayılmış qansızma, sağ baldır sümükləri, sağ qalça qanadı sümüyü və sağ bud sümüyün boyun hissədən sınıqları, sağ sağrı, sol baldır, alın nahiyələrində əzilmiş-cırılmışdidilmiş yaralar, sağ baldır, sağ diz qapağı, qarın nahiyələrində sıyrıqlar, alın nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X2 ölümünə başın küt travması ilə əlaqədar kəllə sümüklərinin (alın, sağ gicgah) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma səbəb olmuşdur.(i.v. 143-147) - Məhkəmə-tibbi ekspertizasının 15 oktyabr 2025-ci il tarixli 20 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, alın-təpə nahiyəsində yumşaq toxumalar altına yayılmış qansızma, sol bud, sol baldır, sağ diz oynağı nahiyələrində sıyrıqlar, alın, sol bazu nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilərdə və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə başın küt travması ilə əlaqədar baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma səbəb olmuşdur. (i.v. 148-152) - DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Lənkəran rayonu Şovu kənd sakini xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin verilmədiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. (i.v. 160) - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 10SV620 dövlət qeydiyyat nişanlı “Mercedes benz C180” markalı avtomobil Şahid3 mülkiyyətindədir. (i.v. 28) - “Maddi sübut kimi tatnınma haqqında” qərarla Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Mersedes-benz C180” markalı 10SV620 dövlət qeydiyyat nişanlı avtomobil və hadisə anının qeydə alındığı bir ədəd CD diskdə olan videogörüntü iş üçün əhəmiyyət kəsb edə biləcəyinə görə maddi sübut kimi tanınmışdır. (i.v. 153-154) - xx.xx.2025-ci il tarixli, 923 nömrəli arayışdan görünür ki, Quluzadə X8 Şəhər Psixiatriya Xəstəxanasından qeydiyyatda deyil. (i.v. 166) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Prosessual Məcəlləsinin 126.6-cı madddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Yuxarıda təhlil olunan sübutların məzmunundan görünür ki, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı dövründəki etirafedici ifadələri iş üzrə digər sübutlarla, yəni, dindirmə protokolları, yol-nəqliyyat hadisəsi yerinə, CD diskə baxış keçirilməsi haqqında protokollar, hadisə yerinin sxemi və fotoşəkilləri, məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri və digər istintaq sənədləri ilə tam təsdiq olunduğundan, məhkəmə ittiham tərəfinin təqdim etdiyi yuxarıda qeyd edilən və məhkəmə istintaqında tədqiq olunan sübutlarla birlikdə həmin ifadələri mötəbər sübut kimi qəbul edir. Belə ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs çiskin yağmurlu hava şəraitində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobil ilə 90km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edib, yaşayış məntəqəsi daxilində maksimim icazə verilən 60km/saat sürətdən artıq idarə etməməli olduğu halda, o cümlədən həmin Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, hərəkət təhlükəsizliyini təmin etməli, qarşıda yolun hərəkət hissəsinin sağ kənarı ilə onunla eyni istiqamətdə piyadaların hərəkətdə olmasını nəzərə almalı və həmin piyadalardan təhlükəsiz yan məsafəsi saxlamalı, piyadaların yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli olduğu halda, həmin maddələrin tələblərini pozaraq, yəni avtomobilin dayanıqlı hərəkətini təmin etməyib, idarəetməni itirərək avtomobilin fırlanaraq yolun sağ çiyninə çıxıb onunla eyni istiqamətdə yolun sağ çiyni ilə hərəkətdə olan piyadalar - xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017ci il təvəllüdlü X3 aldığı xəsarətlərən ölümlərinə səbəb olan yol-nəqliyyat hadisəsini törətməsi sübuta yetirilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adı qeyd edilmiş şəxslərin ifadələri, «hadisə yerinə baxış keçirilməsi haqqında» protokol, tərtib olunmuş sxem, fotocədvəl, «məhkəmə yol-nəqliyat hadisəsi ekspertizası»nın rəyi, «məhkəmə-tibb ekspertizası»nın rəyləri, hadisə anının videogörüntüsünü əks etdirən disk, maddi sübut olan avtombil və digər ittiham sübutları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edilməsi zamanı aşağıda qeyd olunanları nəzərə alır: - DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v. 159) - Lənkəran ŞİHB Şovu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (i.v. 165) Məhkəmə cəza təyinində Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəza siyasətinə dair formalaşmış təcrübəni, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və şahid qismində dindirilmiş zərərçəkmiş şəxslərin anası Şahid1 mərhum zərərçəkmiş şəxslərdən başqa övladları olmamış, hadisə nəticəsində 2 azyaşlı övladlarını itirmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçidir, barışmamışdır, ona maddənin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsin əməli nəticəsində mövcud iki övladının ikisini də itirməsi cinayət əməlinin ictimai təhlükəliliyini artıran haldır. Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyasında 5 ilədək müddətdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, bununla belə əməlin ictimai təhlükəliliyinin ağırlığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, təyin ediləcək cəza elə həddə seçilməlidir ki, cəzanın məqsədlərinə xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla belə, Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın bir məqsədi-sosial ədalətin bərpası da nəzərdə tutulmuşdur ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ehtiyatsızlıqdan törədilsə də valideynlər cinayət əməli nəticəsində hər iki övladını ömürlük itirmişlər. Baxılan cinayət işində vurulmuş ziyanın dərəcəsi müqayisə edilməzdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, təyin ediləcək cəzanın həddi sosial ədalətin bərpasına mümkün qədər xidmət etməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 19 sentyabr 2025ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Bundan başqa, müəyyən edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 ( yüz əlli) manat məhkəmə məsrəfi vardır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, AR CPM-in 198.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsdən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 150 (yüz əlli) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan “Mercedes-benz C180 minik” markalı, 10SV620 dövlət nömrə qeydiyyat nişanlı avtomobilin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü mülkiyyətçi Şahid3 təhvil verilməsi nəzərə alınmalı, hadisə anının qeydə alındığı bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi zərərlə bağlı, ziyan vuranın yaşadığı yer və ya ziyanvurma yeri üzrə rayon (şəhər) məhkəməsində mülki iddia vermək hüququnun olmasını izah etməlidir. Həmçinin, hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiqinə zərurət yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarının, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan “Mercedes-benz C180 minik” markalı, 10SV620 dövlət nömrə qeydiyyat nişanlı avtomobilin istintaqın yekunlaşmasından sonra mülkiyyətçi Şahid3 təhvil verilməsi nəzərə alınsın, hadisə anının qeydə alındığı bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci-150 (yüz əlli) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar