Məhkəmə qərarları › İş №1(099)-597/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-597/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-597/2024 15.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6 dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxin müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-ARCM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X7 istinaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 9,791 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, 02 aprel 2024-cü il tarixdə saat 17:25 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Astara şəhəri, H.Əliyev prospekti ilə R.Məmmədov küçəsinin kəsişməsində piyada hərəkətdə olarkən saxlanılaraq Polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı X3 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş, ümumi təmiz çəkisi 9,791 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X7 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 aprel 2024-cü il tarixdə çay evində oturarkən 4 nəfər polis əməkdaşı içəri daxil olub ona bölməyə getməli olduğunu bildirərək, ona qarşı fiziki zor tətbiq etmişlər. Söz-söhbət olmaması üçün onlarla razılaşaraq şöbəyə getmişdir. Şöbədə ilk öncə yoxlama otağında üzərində olan şəxsi əşyaları götürmüşlər. Sonra polis rəisinin müavininin otağına apararaq qarşısına 8-9 qram narkotik vasitə qoyub həmin narkotik vasitənin ona məxsus olduğunu etitaf etməli olduğunu bildirmişlər. Nə üçün bunu etdiklərini soruşduqda isə bu cür istədiklərini bildirmişlər. Bundan sonra ona qarşı zor tətbiq edərək ayağından asmış və döymüşlər. Onların dedikləri ilə razılaşmazsa, evindən narkotik çıxaracaqlarını və onunla birlikdə babasını da tutacaqlarını bildirmişlər. Polislərin hədələrindən qorxduğu üçün dedikləri ilə razılaşmışdır. Onlardan etdiklərinin səbəbini soruşduqda, Bakı şəhərində 7-8 ay əvvəl söz-söhbətlə məşğul olduğunu bildirmişlər. Ə.İsgəndərli bildirmişdir ki, aylardır əsassız yerə həbsdə saxlanılır, görüşə və telefonla danışmağa icazə verilmir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Ə.İsgəndərli bildirmişdir ki, polislərlə heç bir ədavəti olmayıb, onlara qarşı hər hansı qeyri-qanuni söz işlətməmişdir, onun heç kimlə problemi olmamışdır, narkotik vasitə istifadə etməmişdir, onun başında və bədənində, ayaqlarının altında döyülməylə bağlı yaranmış xəsarətlər olmuşdur, ekspertizada xəsarətlərinin yazılıb-yazılmadığından əmin deyildir, ancaq ona həkim tərəfindən bütün xəsarətlərin yazıldığı deyilmişdir, izahatını sərbəst yazmamışdır, fiziki təsir nəticəsində polis əməkdaşlarının dedikləri sözləri yazmışdır, 4 əməliyyatçının 4-ü də onu döymüşdür, narkotik vasitəni qardaşının göstərişi əsasında Bakıya çatdırmalı olduğunu da fiziki təsirlər altında polis əməkdaşlarının dediklərinə əsasən yazmışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxs X3 ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CMin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, tutulmazdan təxminən 10-15 gün əvvəl İraq Respublikasında yaşayan qardaşı Vüsal İskəndərli ona Astara rayonu, Xəzər dənizi sahilində psixotrop maddə metamfetamin qoydurduğunu, onu götürüb deyəcəyi şəxsə verməli olduğunu bildirmiş, o da deyilən yerdən metamfetamini götürüb qardaşından xəbər gələnədək üzərində gəzdirdiyini bildirmişdir. Lakin onu tapdığı gündən polis əməkdaşları tərəfindən tutulduğu günə qədər ondan istifadə etməmişdir, belə ki, narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. 02 aprel 2024-cü il tarixdə, saat 17 radələrində Astara şəhəri ərazisində hərəkətdə olan zaman mülki geyimli şəxslər dərhal ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, özlərini ona təqdim etmişlər. Polis şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın başlanğıcında ona üzərində narkotik vasitə və ya psixotrop maddə olduğu halda təqdim etməyi təklif olunduğundan o, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamin kütləsini təqdim etmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsindən fərqli ifadə verməsinin səbəbi araşdırıldıqda polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması nəticəsində ibtidai istintaq zamanı narkotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Sonda təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən işgəncəyə və hədəyə məruz qaldığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ziddiyyətli ifadələrinə işdə olan digər sübutlarla birlikdə qiymət verərək hesab edir ki, Ə.İsgəndərlinin yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, iş üzrə Şahid1 bildirmişdir ki, hazırda Hacıqabul RPŞ-nin İTB-nin rəisi vəzifəsində işləyir, Astara RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyərkən 02 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsin saxlanılaraq üzərinə baxış keçirilməsi barədə qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə 17:30 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdən sonra əməliyyat qrupu ilə birlikdə onun saxlanılması istiqamətində əməliyyat təbdiri keçirilmiş, şəxs Astara şəhəri ərazisində saxlanılmışdır. Saxlanıldığı yerdə üzərinə şəxsi axtarış aparılması mümkün olmadığından şəxs rayon polis şöbəsinə aparılmış, xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Ə.İsgəndərli bir büküm metamfetaminə bənzər kütləni təqdim edərək özünə məxsus olduğunu bildirmiş, həmin kütlə təhqiqatçı tərəfindən ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır, onu saxlayarkən narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir, təqsirləndirilən şəxsə zor tətbiq olunmasının, yaxınları ilə hədələnməsinin şahidi olmamışdır, narkotik vasitənin polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin üzərinə qoyulması kimi hal baş verməmişdir, təqsirləndirilən şəxsi saxlayan zaman üzərində xəsarət olması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, hadisənin üstündən uzun müddət keçdiyi üçün xatırlamır. İş üzrə şahid qismində dindirilmiş Astara RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 da Astara RPŞ-nin cinayət-axtarış bölməsinin keçmiş baş əməliyyat müvəkkili Şahid1 ilə eyniməzmunlu ifadə vermişlər. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman vəkillə təmin olunmuşdur və vəkili ilə ünsiyyət qurmasına şərait yaradılmışdır, təqsirləndirilən şəxsə zor tətbiq olunmasının, yaxınları ilə hədələnməsinin və üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmasının şahidi olmamışdır. Onlarda təqsirləndirilən şəxslə bağlı əməliyyat məlumatı narkotik vasitəni üzərində saxlaması və daşıması barədə olmuşdur. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, təqsirləndirilən şəxsə zor tətbiq olunmasının, yaxınları ilə hədələnməsinin şahidi olmamışdır, təqsirləndirilən şəxs vəkillə təmin olunmuşdur, narkotik vasitənin polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin üzərinə qoyulması kimi hal baş verməmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. - “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirməklə, yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır.(i.v.5,6) -«Şübhəli şəxsin tutulması haqqında» 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, X7 həmin tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.16) -«Şəxsi axtarış keçirilməsi haqqında» 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Ə.İsgəndərlinin üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür ( i.v.33-35) -«Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Ə.İsgəndərli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.(i.v.61-62) - Astara Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 5(018)-65/2024 nömrəli qərarından görünür ki, X7 barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.75-77) - Astara Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 4(018)-23/2024 nömrəli qərarından görünür ki, X7 barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 02 aprel 2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. (i.v.83-84) - Məhkəmə-kimyəvi ekspertizasının 03 aprel 2024-cü il tarixli 19/313 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X3 üzərindən aşkar edilmiş kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd üzəri yapışqan lentlə(skoçla) sarılmış sellofon bükümdə təmiz çəkisi 9,791 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. (i.v.46) - Məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2024-cü il tarixli, 334 nömrəli rəyindən görünür ki, X4 psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları istisna olunmayır, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.97) - İşdə olan raportdan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə təhvil verildikdən sonra təlimata əsasən tutulmuş şəxsin üzərində tibbi müayinə keçirilərkən sağ əlində sıyrıq xəsarətinin olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin xəsarəti bir neçə gün əvvəl həyətdə işləyərkən özü tərəfindən ehtiyatsızlıq nəticəsində aldığını bildirmişdir. (i.v. 78) - Məhkəmə-tibbi ekspertizasının 06 aprel 2024-cü il tarixli, 116 nömrəli ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxs X3 başının təpə nahiyəsində 2,0*1,5 sm ölçüdə periferiyadan başlayaraq, yaşımtıl çalarlıq əmələ gəlməyə başlayan qançır, sağ saidin orta 1/3-nin bayır səthində 2,0*1,5 sm ölçüdə ətraf dəri səviyyəsindən hündürdə yerləşən , üzəri qonur rəngli qartmaqla örtülü, qartmağın altı qopmuş vəziyyətdə olan sıyrıq vardır, digər xəsarət aşkar edilməmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlğa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. (i.v. 98-99) - Müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş tibbi kitabçanın surətindən görünür ki, BİT-də müayinə olunan zaman Təqsirləndirilən şəxs bədənində sağ saidin bayır səthində 2-3 sm ölçüdə sıyrılmış, üzəri qərtməkli yara, başın təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sağ baldırın içəri səthində köhnə çapıq toxuma aşkar edilmiş, xəsarətləri həbs olunmazdan əvvəl aldığını bildirmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, AR ƏN BİT-dən daxil olmuş məlumat əsasında araşdırmanın nəticəsi olaraq, cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 14 aprel 2024-cü il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin 14 iyul 2019-cu il tarixli hökmünün surətindən görünür ki, X7 AR CM-in 206.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1.000 (bir min) manat miqdarda cərimə cəzasına məhkum edilmişdir.(i.v.105-106) - Məhkəmə baxışı zamanı əldə edilən ödəniş qəbzlərinin surətindən görünür ki, cərimə cəzası xx.xx.2019-cu il tarixdə könüllü olaraq icra edilmişdir. - Astara RİHB-nin İƏDN-dən verilmiş 04 iyun 2024-cü il tarixli, arayış və xasiyyətnamədən görününr ki, X1 şəhəri, Qum küçəsi ev 5-da qeydiyyatda olmaqla 3 (üç) nəfər ailə tərkibi ilə birlikdə yaşamış, onun barəsində yaşadığı ərazi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.(i.v.157-159) - Sübutların qiymətləndirilməsi haqqında 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X2 götürülmüş qalıq çəkisi 9,691 qram olan psixotrop maddə metamfetamin, həmçinin şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmışdır.(i.v 170) Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahid ifadəsini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, X3 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs X3 polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindəncibindən çıxan psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi və hədələnməsi barədə dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin bu dəlili aşağıda qeyd edilənlərlə tam təkzib olunur: Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də onun müdafiəçisi polis əməkdaşlarının qanunsuz hərəkətlərindən aidiyyəti orqanlara şikayət verməmişlər. Bakı İstintaq Təcridxanasının məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma isə cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi ilə nəticələnmişdir. Əksinə, həbs qətimkan tədbiri seçilən zaman Ə.İsgəndərli təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, bir müddətdir ki, narkotik vasitəni üzərində saxladığını bildirmişdir. (i.v.75-77) İbtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən etirafedici ifadələrin işgəncə altında verildiyindən, mötəbər sübut hesab edilməməsi ilə bağlı müdafiə tərəfinin dəlilinə münasibətdə məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əvvəla, işdə olan raportdan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə təhvil verildikdən sonra təlimata əsasən tutulmuş şəxsin üzərində tibbi müayinə keçirilərkən sağ əlində sıyrıq xəsarətinin olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin xəsarəti bir neçə gün əvvəl həyətdə işləyərkən özü tərəfindən ehtiyatsızlıq nəticəsində aldığını bildirmişdir. (i.v. 78). Bundan əlavə, işdə olan şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə haqqında protokol və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs sərbəst ifadə verməklə, üzərindən aşkar olunmuş metamfetamini İraqda yaşayan qardaşı Vüsalın Astara rayonunda dənizkənarı əraziyə qoydurduqdan sonra oradan tapdığını və həmin gündən sonra öz üzərində gəzdirdiyini, əlindəki xəsarəti müstəntiqin sorğusu əsasında əyani göstərərək, bir neçə gün əvvəl həyətdə işləyərkən aldığını, ona polis əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq edilməsi, cinayət işinin gedişatı ilə bağlı etirazının, xahişinin olub-olmaması ilə bağlı müstəntiqin dəfələrlə verdiyi suallarına heç bir təsir edilmədiyini və heç bir etirazının olmadığını müdafiəçisinin iştirakı ilə bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması haqqında ifadəyə əlavə edilmiş videoçəkiliş zamanı da müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində qeyd etdiklərini bir daha təkrar etmişdir. Göründüyü kimi, sadalanan istintaq hərəkətlərinin hamısı müdafiəçinin iştirakı ilə keçirilmiş, lakin, zorakılıqla bağlı heç bir ifadədə bildirilməmişdir. Belə ki, təqsirləndirilən şəxsin ona zor tətbiq etdiklərini bildirdiyi əməliyyat müvəkkilləri istintaq hərəkətlərində iştirak etməmiş, hədə üçün real əsaslar olmamışdır. Bundan əlavə, məhkəmə-tibbi ekspertizasının 06 aprel 2024-cü il tarixli, 116 nömrəli ekspert rəyində qeyd olunan başın təpə nahiyəsində 2,0*1,5 sm ölçüdə periferiyadan başlayaraq, yaşımtıl çalarlıq əmələ gəlməyə başlayan qançır, sağ saidin orta 1/3-nin bayır səthində 2,0*1,5 sm ölçüdə ətraf dəri səviyyəsindən hündürdə yerləşən , üzəri qonur rəngli qartmaqla örtülü, qartmağın altı qopmuş vəziyyətdə olan sıyrıq növündə xəsarətlərlə bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, elə həmin rəyin nəticə hissəsində qeyd olunan xəsarətlərin yaranma müddəti onların polis şöbəsində alınmasını inkar edir. Belə ki, müvafiq rəyin nəticə hissəsində göstərilmişdir ki, “qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlğa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir.” (i.v. 98-99) Təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə tibbi müayinədən keçdiyi, 02 aprel 2024-cü il tarixdə tutulub Astara RPŞ-yə gətirilməsi nəzərə alındıqda, rəyə əsasən müəyyən olunur ki, həmin xəsarətlər 02 aprel 2024-cü il tarixdən 1-3 gün əvvələ aid olan xəsarətlərdir. Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən qolundakı xəsarəti tutulmazdan bir neçə gün əvvəl həyətdə işləyərkən alması, məhkəmə istintaqında verdiyi başında, ayaqlarının altında dəyənəkdən yaranan xəsarətlərin olması ilə bağlı ifadələri müvafiq ekspert rəyi ilə birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadələri ekspert rəyi ilə üst-üstə düşür, ayaqlarının altında xəsarət olması, başındakı xəsarəti polisin nəzarəti altında olan zaman alması iş materialları ilə sübuta yetirilmir. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş tibbi kitabçanın surətindən görünür ki, yuxarıda qeyd olunan xəsarətlərdən əlavə, Təqsirləndirilən şəxs sağ baldırının içəri səthində köhnə çapıq toxuma aşkar edilmiş, xəsarətləri həbs olunmazdan əvvəl aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs baldırındakı xəsarəti uzun müddət əvvəl aldığını bildirmişdir. Bununla da, məhkəmə tərkibi ibtidai istintaqda verilmiş etirafedici ifadələrin işgəncə və qeyri-insani, ləyaqəti alçaldan, amansız rəftar nəticəsində verilməsi ilə bağlı müdafiə tərəfinin dəlillərini AR CPM-in 125.2.2-ci maddəsinə uyğun hesab etməyərək, məhz həmin ifadələri iş materialları ilə uzlaşan, məhkəmə istintaqı zamanı verdiyi ifadələrini isə iş materialları ilə uzlaşmayan, qeyri-mötəbər sübut hesab edir. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin bu dəlili müvafiq ekspert rəyi ilə uzlaşır, lakin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas deyil. Belə ki, məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2024-cü il tarixli, 334 nömrəli rəyindən görünür ki, X4 psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları istisna olunmayır, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə tərkibi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsində ekspert rəyinin sübuti əhəmiyyətliliyini dəyərləndirərək qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs daha öncə narkotik vasitə və ya psixotrop maddə istifadə etməməsi, asılılığının olmaması ona istinad edilən cinayət əməli üzrə təqsirsiz hesab edilməsi üçün əsas deyil. Ona görə ki, ARCM-in 234.1-1-ci maddəsi üzrə cinayət tərkibinin yaranması üçün satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama və ya daşıma kimi obyektiv cəhətə daxil olan hərəkətlərdən hər hansı birinin edilməsi kifayət edir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrdən asılılığının olmamasını şəxsiyyətini xarakterizə edən və əməlin ictimai təhlükəliliyini azaldan hal kimi nəzərə alır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etiraf ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokolla, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü, götürülmüş maddi sübutla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri ilə, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Ə.İsgəndərli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi təqsirləndirilən şəxs X7 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını, həmçinin, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, X7 Cinayət Məcəlləsinin tələbləri daxilində minimum həddə cəzalandırılmalıdır ki, həm cəzanın məqsədlərinə xidmət etsin, həm də təqsirləndirilən şəxsin ailəsi onun varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunmuş olsun. Əks təqdirdə, təqsirləndirilən şəxsə daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar etməklə, təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Məhkəmə təqsirləndirilən şəxs X3 narkotik vasitə və psixotrop maddələrdən asılığının olmamasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını ARCM-in 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. ARCM-in 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən X7 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu və həbsdə saxlanıldığı müdət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 02 aprel 2024-cü il tarixdən hesablanmalıdır. X7 ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altımış) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) məbləğdə məhkəmə məsrəfi təqsirləndirilən şəxs X2 tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, X3 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 9,691 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X3 üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarları, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X7 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2024-cü il tarixdən hesablansın. X7 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan 9,691 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci 60 (altımış) manat məbləğdə pul vəsaiti Ə.İsgəndərli dən tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan X5 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar