Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-599/2022 12.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1983-cü ildə Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayının sonunda məlum olmayan tarixdə Neftçala rayonunun Ərəbqardaşbəyli kəndi ərazisində Kür çayının sağ sahilində atası X1 məxsus torpaq sahəsində torpaq bəndlə Kür çayı arasında olan yulğun kollarının arasında qanunsuz olaraq əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan külli miqdarda, 327 ədəd çətənə (kannabis) bitkilərini əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 03 iyun 2022-ci il tarixdə saat 08:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Neftçala rayon polis şöbəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin sahəyə keçirilən baxış zamanı külli miqdarda, 327 ədəd həmin narkotik tərkibli əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan aqrotexniki qaydada qulluq edilmiş, orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə bir-biri ilə eyni olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik istifadəçisidir. 2022-ci ilin fevral ayının sonlarında Salyan bazarından göyərti əkmək üçün toxum almış, həmin toxumların içərisində çətənə toxumlarını tanımış və onları atasının yaşadığı Neftçala rayonu Ərəbqardaşbəyli kəndində Kür çayının kənarında yulğunluq ərazidə əkib becərmək qərarına gəlmişdir. Həmin ərazini kollardan təmizləmiş, şumlamış və 327 ədəd çətənə toxumlarını əkmişdir. Çətənə kollarını suvarmış, diblərinə peyin vermiş, onlara qulluq etmişdir. 3 iyun 2022-ci il tarixdə saat 8 radələrində polis əməkdaşları kənddə yaşadğı evə gəlib Kür çayının kənarında qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib becərməsi barədə məlumatlarının olduğunu demişlər. Həmin əraziyə getmiş və əkib becərdiyi 327 ədəd çətənə bitkilərini təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Bu barədə ailə üzvlərinin xəbəri olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Neftçala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala rayonu Ərəbqardaşbəyli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əkib yetişdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və qərar əsasında 03 iyun 2022-ci il tarixdə saat 09 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayonunun Ərəbqardaşbəyli kəndindən keçən Kür çayının sağ sahilində torpaq bəndlə çay arasında təbii şəraitdə bitmiş sıx yulğun kolluq olan əraziyə Vüqar Məmmmədovun, mütəxəssis aqronomun və müdafiəçinin iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı həmin sahədə 3 metr enində, 5 metr uzunluqda kollardan təmizlənmiş, şumlanmış sahədə cərgə ilə səliqəli vəziyyətdə tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar 327 ədəd bitkilərin əkilməsini aşkar etmişlər. Həmin bitkilərin hər birinin dibi yumşaldılmış və nəm vəziyyətdə olmuşdur. Baxışda iştirak edən mütəxəssis Vidadi Bağırov bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və onlara xüsusi aqrotexniki qaydada qulluq edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, həmin bitkiləri 2022-ci ilin fevral ayında həmin yerə əkib, qulluq edib becərib, əkib becərməkdə də məqsədi bitki qalıqlarından qurudulmuş marixuana əldə etmək olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsatalar üzrə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilmiş 04 iyun 2022-ci il tarixli, 18/624 №li məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, “327 (üç yüz iyirmi yeddi) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi-6465.0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər”. Aqronomun rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022ci il tarixli 4202 №-li rəyindən görünür ki, “Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan “Aslılıq sindromu” (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür”. Məhkəmədə tədqiq edilmiş 3 iyun 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Neftçala rayonu Ərəbqardaşbəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı kənddə Kür çayının sahilində kolluq ərazidə 3 metr enində 5 metr uzunluğunda qanunsuz olaraq əkib-yetişdirdiyi 327 ədəd çətənə bitikiləri aşkar edilərək götürülmüşdür. 4 iyun 2022-ci il tarixli qərarla 6464,62 qram olan 327 ədəd narkotki tərkibli çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınmış və saxlanılması üçün Neftçala RPŞ-nin saxlanc yerinə verilmişdir. İş materiallarında olan Neftçala rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olmuş, o, həmin narkotik vasitələri özü üçün əkib becərmiş, satış niyyəti olmamışdır. İş materiallarında olan Neftçala Rayon Mərkəzi X4 Şəxsinin xx.xx.2022-ci il tarixli 397 N-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və əsəb-ruhi xəstəliklərlə dispanser qeydiyyatında yoxdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin 15 ədəddən yuxarısı külli miqdar hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadələrini, şahid ifadələrini, ekspertizanın rəylərini, istitntaq hərəkətlərinin protokllarını və məhkəmədə tədqiq edilmiş digər sübutları işin obyektiv hallarına uyğun gəldiyindən təqsirləndirilən şəxslərin təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 3 iyun 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 4 iyun 2022-ci il tarixdə CM-in 237.2.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Neftçala Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 3 iyun 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, Məmmədov X3 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan Neftçala rayon Cəngən kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəsinin xx.xx.2022-ci il tarixli 382 N-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs, Neftçala rayonu Ərəbqardaşbəyli kəndində qeydiyyatda olmaqla ailə tərkibi xx.xx.1981-ci il təvəllüdlü arvadı X2, xx.xx.2016-ci il təvəllüdlü oğlu Mahmud, xx.xx.2018-ci il təvəllüdlü Səmadan ibarətdir, birlikdə yaşayırlar. Neftçala rayonu Cəngən kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən əsasən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 237.2.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında üç idən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində müəyyən edilən azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 3 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Neftçala RPŞ-də saxlanılan 327 ədəd narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 3 iyun 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Neftçala RPŞ-də saxlanılan 327 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-599/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-599/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver