Məhkəmə qərarları › İş №1(099)-599/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-599/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-599/2023 06.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, Şəhriyar küçəsi, ev 67-də qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, bina 15, mənzil 36-da yaşamış, barəsində 31 mart 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə, külli miqdarda, 20,705 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 29 mart 2023-cü ildə, saat 19:30-da Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Cəlilabad şəhəri, Cavadxan küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən 01 ədəd bükümdə, qeyd olunan çəkidə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü ildə H.Əliyev küçəsində meyvə-tərəvəz dükanın qarşısında olarkən mülki geyimli polis əməkdaşları tərəfindən əl-qolu burularaq avtomobilə mindirilib Cəlilabad rayon polis şöbəsinə aparılmış, şöbəyə aparılarkən üzərində psixotrop maddə olmamış, şöbədə Fariz adlı polis əməkdaşı tərəfindən cibinə kərpic ağırlığında kütlə qoyulmuş, sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin kütlə – yəni, psixotrop maddə olan metamfetamin üzərindən aşkar edilərək götürülmüş, şəxsi axtarışla bağlı tərtib edilmiş protokola imza etmiş, polis şöbəsində ona təsir göstərilsə də, ona qarşı zor tətbiq olunmamışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsirtəzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və hadisə barədə ətraflı ifadələr verərək göstərmişdir ki, 29 mart 2023-cü ildə, təxminən saat 19 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində piyada hərəkət edərkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ iç cibində saxladığı bir bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, sorğu-sual zamanı üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini həmin gün saat 14 radələrində Cavadxan küçəsi ərazisində piyada hərəkət edən zaman yolun kənarından tapdığını, istifadə etmək məqsədi ilə üzərində daşıdığını bildirmiş, polis əməkdaşları tərəfindən ona qarşı heç bir formada təsir və ya təzyi q olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Cəlilabad RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini, Təqsirləndirilən şəxs şəhər ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və daşıması ilə bağlı rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs 29 mart 2023-cü ildə, saat 19:30 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində piyada gedərkən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən üzəri yapışqan lentlə bağlı olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb polis əməkdaşlarına təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə metemfetamin olduğunu, həmin kütləni saat 14 radələrində Cavadxan küçəsində piyada hərəkət edən zaman yerdən tapdığını, şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmiş, həmin bükülü açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmiş, bükülü elektron tərəzidə çəkilərək qablaşdırılmış, şəxsi axtarışla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilərkən, şöbədə sorğu-sual olunarkən, eləcə də ilkin izahatı alınarkən ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid4 da digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan Cəlilabad RPŞ-dən daxil olan 12 aprel 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitə və psixotrop maddələr sataraq qazanc əldə etməsi müəyyən edilsə də, üzərindən aşkar olunaraq götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini kimdən, nə vaxt və harada əldə etməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Qeyd olunan xüsusatlarla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilsə də, lakin müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 29 mart 2023cü il tarixli protokoldan və istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli, 19/367 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -20,705 qram maddə, ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamindir. Qeyd: - Metamfetaminin təmiz çəkisi – 20,705 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq çəkisi - 20,655 qram təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 may 2023-cü il tarixli, 506 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 06 may 2023-cü il tarixli, 1254 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstlik aşkar edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi yoxdur. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan və qalıq çəkisi- 20,655 qram, psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs məxsus «İphone SE» markalı mobil telefon Cəlilabad rayon polis şöbəsində saxlanılır, şəxsi axtarış və götürmə ilə bağlı çəkilmiş videogörüntünün yazıldığı 01 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraatı zamanı verdiyi qismən etirafedici və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, onun ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətindən yanınmağa (kənarda qalmağa) yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin külli miqdar təşkil etməsi, şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında məlumatların olması göstərilən psixotrop maddənin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə cinayət qanunvericiliyinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 29 mart 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 29 mart 2023cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Qurbanov X2 şəhəri, Şəhriyar küçəsi, ev 67-də qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, bina 15, mənzil 36-da yaşamış və yaşayış yerindən qənaətbəxş xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun məhkəməyədək icraat zamanı təqsirini qismən etiraf etməsini və ilk məhkumluğunu Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 20,655 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «İphone SE» markalı mobil telefon onun yaxın qohumuna qaytarılmalı, şəxsi axtarış və götürmə ilə bağlı çəkilmiş videogörüntünün yazıldığı 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 29 mart 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 20,655 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus «İphone SE» markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın, şəxsi axtarış və götürmə ilə bağlı çəkilmiş videogörüntünün yazıldığı 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar