Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-60/2023 03.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hakimlər - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1997-ci ildə Ağsu rayonu Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdən təxminən 8-10 gün əvvəlki tarixlərdə öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə İran İslam Respublikasında olan şəxslə İran İslam Respublikasının mobil operatoruna məxsus +98910438-29-49 nömrəsi ilə whatsaap proqramından istifadə edərək əlaqə saxlamaqla danışıb razılığa gələrək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitələri Azərbaycan Respublikasında qəbul edəcəyini və lazım olan yerə çatdıracağını əvvəlcədən vəd etmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı üzvü hər biri külli miqdarda olmaqla: 500 qram heroin, 13565 qram qurudulmuş marixuana, 4855 qram tiryək və 420 qram psixrtrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, Biləsuvar rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin 6-cı sərhəd zastavasının 12-ci sahəsinin arxa tərəfində gizlətməklə bu barədə 02 aprel 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs məlumat verdikdən sonra Təqsirləndirilən şəxs ümumi cinayətkar niyyətə uyğun olaraq hərəkət etməklə taksi fəaliyyəti ilə məşğul olan xalası oğlu X2 idarə etdiyi «Toyota Prius» markalı avtomobil ilə Bakı şəhəri Balaxanı qəsəbəsindən yola düşməklə qrup üzvünün onun telefonuna göndərdiyi kordinatlar üzrə hərəkət edərək 02 aprel 2022-ci il tarixdə saat 23:50 radələrində Biləsuvar rayonu ərazisində, Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin 6-cı sərhəd zastavasının 12-ci sahəsinin arxa tərəfində narkotik vasitələrin gizlədildiyi yerə getmiş, göstərilən miqdarda narkotik vasitələri və psixotrop maddə metamfetamini oradan götürməklə satış məqsədi ilə qanunsuz olaraq ümumi cinayətkar niyyətlə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus 01 ədəd bağlamalarda 500 qram heroin, 13565 qram qurudulmuş marixuana, 4855 qram tiryək və 420 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, saxlanılmamışdan təxminən 8-10 gün əvvəl Ramin adlı İran İslam Respublikası vətəndaşı whatsaap vasitəsilə İran İslam Respublikasının mobil operatoruna məxsus +98910438-29-49 nömrədən istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək tanış olmuşdur. O, Ramin adlı şəxsə narkotik vasitə istifadəçisi olduğunu, ona narkotik göndərməsini demişdir. Ramin isə ona narkotiki Biləsuvar rayonu ərazisinə göndərəcəyini, gedib oradan götürməli olacağını demişdir. 02 aprel 2022-ci il tarixdə saat 19 radələrində Ramin ona zəng edərək 10 qram narkotik vasitə göndərdiyini, Biləsuvar rayonu ərazisinə gedərək həmin narkotik vasitəni götürməsini demişdir. O isə iranlı Raminə həmin yerə getmək üçün yol pulunun olmadığını bildirmişdir. Ramin ona demişdir ki, sənə pul göndərərəm. Ramin onun kartına 100 manat pul göndərmişdir. Bundan sonra o, Bakı şəhəri Balaxanı qəsəbəsində bir taksi sürücüsü ilə onu 70 manat pul müqabilində Biləsuvara aparıb gətirməsi barədə razılaşmışdır. Bundan sonra Biləsuvar istiqamətində yola düşmüşlər. Kartına Ramin adlı şəxs tərəfindən köçürülmüş pulun 30 manatını yolda çıxarmaqla avtomaşına benzin tökmüşdür. Pulun qalan hissəsini isə Bakı şəhərinə qayıdanda ödəyəcəyi barədə razılaşmışlar. Kartına köçürülmüş pulun 70 manatını isə Biləsuvarda çıxarmışdır. Ramin narkotikin olduğu yerin kordinantlarını (konumunu) onun telefonuna atmışdır. Bundan istifadə edərək narkotikin olduğu yerə getmişlər. Narkotikin olduğu yerə 02 aprel 2022-ci il tarixdə saat 23 radələrində catmışlar. O, telefon qülləsinin yanında avtomaşından düşmüşdür. Taksi sürücüsünə Biləsuvar rayonu Ağalı kəndinə gedərək onu orada gözləməsini, zəng edəndə gəlib onu götürməsini demişdir. Taksi həmin yerdən uzaqlaşmışdır. O isə narkotikin olduğu yerə çatanda orada böyük kisə olduğunu görmüş və Ramin adlı şəxsin onu aldatmasını, daha çox narkotik vasitələr göndərməsini başa düşmüşdür. Kisəni götürməyərək geri qayıtdıqda onu tutmuşlar. 10 qram narkotikə görə Ramin adlı şəxsə 150 manat pul verməli olmuşdur. Narkotikin haradan, nə zaman göndərilməsini bilmir. İbtidai istintaq zamanı ona təzyiq göstərildiyinə görə etirafedici ifadə vermişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, hadisədən 8-10 gün əvvəl Ramin adlı İran İslam Respublikası vətəndaşı whatsaap vasitəsilə İran İslam Respublikasının mobil operatoruna məxsus +98910438-29-49 nömrədən istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək tanış olmuşdur. O, Ramin adlı şəxsə narkotik vasitə istifadəçisi olduğunu, ona narkotik göndərməsini demişdir. 02 aprel 2022-ci il tarixdə saat 19 radələrində Ramin adlı şəxs ona zəng edərək Biləsuvar rayonu ərazisinə qoyulmuş, içərisində narkotik vasitələr və psixotrop maddələr olan bağlamanı götürmək lazım olduğunu bildirmiş, o da sonuncu ilə razılaşaraq taksi fəaliyyəti ilə məşğul olan xalası oğlu Vüsal Mürsəlova zəng etmiş, Vüsal ilə 50 manat müqabilində şəxsi işi ilə əlaqədar Biləsuvar rayonuna getməyə razılaşmışdır. Saat 21 radələrində İran İslam Respublikası vətəndaşı Ramin adlı şəxsin whatsaap vasitəsilə göndərdiyi kordinat üzrə Biləsuvar rayonu istiqamətində hərəkət etmiş, göndərilən kordinata çatdıqda ayaq yoluna getmək bəhanəsi ilə Vüsala maşını saxlamasını demişdir. Vüsal avtomaşını saxlamış avtomaşından düşərək Raminin whatsaap vasitəsilə fotoşəklinin göndərdiyi "xxxx" MMC-nin ötürücü antenasına doğru hərəkət etmiş, oradakı bağlamanı götürdükdən sonra bir neçə nəfər tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs cinayət əməli onun ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, «N» saylı hərbi hissənin əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmədə göstərdi ki, 02 aprel 2022-ci il tarixdə 6-cı sərhəd zastavasının 12-ci sahəsininin arxa istiqamətində "xxxx" operatoruna məxsus ötürücü antena dirəyinin yaxınlığında gizlədilmiş narkotik vasitəni götürməli olan şəxslərin həmin yerə gələrək narkotik vasitələri götürəcəkləri barədə əməliyyat məlumatı daxil olduğundan həmin ərazidə «pusqu» xidmətini təşkil etmişlər. Bir müddət sonra mavi rəngli, “Tayota Prius” markalı avtomobil həmin əraziyə gəlmiş, avtomobildən bir nəfər şəxs düşmüş, ətrafa baxabaxa bağlamanı götürmüş, avtomobil istiqamətdə hərəkət etmişdir. Bağlamanı götürən şəxsə “dayan” çağırışı vermiş, o isə bağlamanı yerə ataraq avtomobil istiqamətdə qaçmış, lakin ayağı büdrəyərək yıxılmış və onu saxlamışlar. Bundan sonra avtomobildə olan şəxs hadisə yerindən yüksək sürətlə hərəkət edərək uzaqlaşmışdır. Bağlmanı açıb baxdıqda içərisində bükümlər olduğu məlum olmuşdur. Sonra bağlamanı və saxlanılan şəxs Təqsirləndirilən şəxs özləri ilə birlikdə zastavaya aparmışlar. Zastavada bağlamada olan bükəmlərə hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilərkən bükümlərlə heroinə, tiryəkə və metamfetaminə bənzər maddələrin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlamaqla razılaşmış, həmin maddələrin ona İran İslam Respublikası vətəndaşı tərəfindən göndərilmişdir. İran vətəndaşının tapşırığına əsasən bağlamanı həmin yerdən götürüb Bakı şəhərinə aparmalı olmuşdur. Təqsirləndirilən şəxs içərisində narkotik vasitələr olan bağlamanı götürdüyü yerlə İran İslam Respublikası ilə dövlət sərhəd xətti arasında təxminən 500 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs heç bir təsir və ya təzyiq göstərməmişlər. Təqsirləndirilən şəxs bağlamanı faktiki olaraq götürməməsi barədə ifadəsi yalandır. Şahid1 da məhkəmədə Şahid2la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Eyni zamanda göstərdi ki, bağlamanın İran İslam Respublikasından göndərilməsi məlum olmuşdur. Şahid3 məhkəmədə göstərdi ki, gömrük postunda kafedə işləyir. 02 aprel 2022-ci il tarixdə gecə saatlarında «N» saylı hərbi hissənin sərhədçiləri tərəfindən dəvət olunmaqla Təqsirləndirilən şəxs sərəhəd yaxınlığında götürdüyü torbaya baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Böyük torbaya əvvəlcə sahədə açıb baxmışlar, içərisində bağlamaların olması məlum olmuşdur. Sonra Təqsirləndirilən şəxs və torbanı zastavaya aparmışlar. Zastavada bağlamalara Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən bağlamalarda narkotik vasitələrəbənzər maddələr aşkar olunmuş və həmin maddələr götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Protokola hal şahidi kimi imza etmişdir. Hadisə yerinə baxış keçirmə və götürmə haqqında 03 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə «N» saylı hərbi hissənin Biləsuvar rayonu ərazisində yerləşən 6-cı sərhəd zastavasının 12-ci sahəsinin arxa istiqamətindədir. İran İslam Respublikası sərhədindən Biləsuvar rayonuna qədər olan məsafə 2000 metrdir. Mühəndis texniki çəpərindən 500 metr arxa istiqamətdə ərazidə otların əyilməsi, 500 metr arxada isə "xxxx" ötürücü diryəinin yaxınlığında bir ədəd narıncı rəngli, alt hissəsindən yuxarıya doğru boz rəngli çızıqları olan bağlama aşkar olunaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında 03 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman aşkar olunmuş 01 ədəd bağlamanın içərisindən 14460 qram narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə, 510 qram narkotik vasitə olan heroinə oxşar maddə, 450 qram psixotrop maddə olan metamfetaminə oxşar maddə, 4905 qram narkotik vasitə olan tiryəkə oxşar maddə və 957 ədəd ağ rəngli həblərin olması aşkar olunmuşdur. Mobil telefona baxış keçirilməsi haqqında 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, 02 aprel 2022-ci il tarixdə saat 23 və 00 radələrində - «M qaqaw» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +98 910 438 29 49 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan SAMSUNG GALAXY J2 Prime markalı mobil telefonda olan whatsaap proqramında səs yazıları, zənglərin edilməsi, həmçinin fotoşəkillər göndərilməsi aşkar olmuşdur. Belə ki, «M qaqaw» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +98 910 438 29 49 nömrə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun vvatsaap proqramına “Qardaş qadan alım nə xəbər”, “Qardaş qadan alım götürdün xəbər çıxamdı səndən” səs yazılarını göndərmiş, Təqsirləndirilən şəxs isə “M qaqavv” adı ilə qeyd olunan şəxsə “goturdum brat”, “yığacam” sözlərini göndərmiş, yenidən «M qaqaw» adı ilə qeyd olunan nömrə “Yaxşı başıva dönərəm, ehtiyyatlı ol, yetişdin Bakıya mənə zəng elə” , “Nolub qardaş”, “ Ay qardaş sənin qadan alım camaatın orda 20 kq veşi var, məzələnmə mənimlə telefonu götür”, “ qardaş sənin qadan alım camaat tökülüb mənim üstümə, camaatın 20 kq malıdı, məni problemə qoyma, tez ol bunu yerbəyer elə qurtarsın, mənə tez zəng elə” səs yazılarını, həmçinin narkotik və pisxotrop maddələrin qoyulduğu yerin “google map “ vasitəsilə kordinatları, “içində narkotik vasitələr və psixotrop maddələr olan bağlamanın”, “deməy qardaş biləsuvar gömrüyünə gedən yolda yuxarı Ağalı kəndini keçəndən sonra azercell vişkasının didbində” sözləri olan yazısını göndərmişdir. Məhkəmə bioloji ekspertizasının 03 aprel 2022-ci il tarixli, 7/316 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd narıncı rəngli sintetik torbada 7 ədəd üzərləri skoçla bağlanmış, polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2700 qram, 1625 qram, 765 qram, 3820 qram, 825 qram ümumi çəkisi -13565 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Materialların məhkəmə ekspertizasının 03 aprel 2022-ci il tarixli, 6/1789 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən, üzərində “2003 № Hərbi Hİssə LİTER H” dairəvi möhürü əksi olan bir ədəd narıncı rəngli sintetik torbada olan 2 ədəd göy rəngli polietilen sellofanda ümumilikdə 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 955 qram, 1015 qram, 1015 qram, 1000 qram, 870 qram-ümumi təmiz çəkiləri 4855 qram qəhvəyi rəngli spesifik tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. Digər bir ədəd bağlamada təmiz çəkisi 420 qram olan ağ rəngli kristallik formada maddə psixotrop maddə-metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 500 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2082 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik olmamış, törətdiyi əməl barəsində anlaqlı hesab edilməli, onun əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3628 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və güclü təsiredici dərman preparatı olan tramadolun qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2020-ci ildə doğulmuş azyaşlı uşağı vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə nümayəndəliyə heç bir şikayətin daxil olmaması göstərilmişdir. İş materiallarında olan tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətməzdən əvvəl, 14 oktyabr 2021-ci il tarixdə törətmiş olduğu cinayətə görə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, hazırda qanuni qüvvəyə minmiş, hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı həmin iş üzrə barəsində həbs qətimkan tədbiri seçildiyi gündən-yəni 23 avqust 2022-ci il tarixdən hesablanmışdır. Hazırkı cinayət işi üzrə isə faktiki olaraq 02 aprel 2022-ci il tarixdən həbsdə olmuşdur. Cinayət işinin materiallarından 28 sentyabr 2022-ci il tarixli qərarla X5 və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 318.1, 206.3.2, 234.4.1və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda qaçaqmalçılıq cinayətinə görə CM-nin 206.3.2-ci maddəsi ilə ittiham verilsə də, dövlət ittihamçısı 28 fevral 2023-cü il tarixdə ittiham nitqi ilə çıxış edərəkən onun əməlini qaçaqmalçılıq cinayətinə münasibətdə CM-nin 32.5.206.2-ci maddəsinə tövsif edilməklə barəsində ittiham hökmü çıxarılmasını təklif etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək araşdırmada fiziki təsirlərə və işgəncəyə məruz qalmasını və bu təsirlərin altında ifadə verməsini göstərsə də, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən araşdırma aparılmış, onun fiziki ağrıya, işgəncəyə və qeyri-insani rəftara məruz qalması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılması xx.xx.2022-ci il tarixli qərarla rədd edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında olan şəxslə, həmin ölkə operatoruna məxsus mobil telefonda olan whatsaap proqramı vasitəsi ilə əlaqə saxlamaqla külli miqdarda narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi və həmin maddələri Azərbaycan Respublikası ərazisində qəbul etməklə lazım olan yerə çatdırmağı əvvəlcədən vəd etməklə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, qaçaqmalçılıq yolu ilə keçirilməklə dövlət sərhəd xidmətinin yaxınlığına qoyulmuş narkotik vasitələri götürmək məqsədi ilə 02 aprel 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhərindən Biləsuvar rayonu ərazisinə gəlməsi, cinayətkar qrupun üzvünün onun telefonuna göndərdiyi kordinantlar üzrə hərəkət etməklə narkotik vasitələrin olduğu bağlamanın gizlədildiyi yerə gələrək bağlamanı götürməsi və bu zaman dövlət sərhəd xidmətinin hərbiçiləri tərəfindən saxlanılması, əməlində cinayət hadisəsinin və cinayət cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasına məxsus telefon nömrəsi vasitəsi ilə onunla əlaqə saxlamaqla danışan şəxsin ona cəmin 10 qram narkotik vasitə göndərməli olması, narkotik vasitənin olduğu yerə çatdıqda isə böyük kisədə çoxlu miqdarda olmasını görərək həmin maddələri götürməyərək geri qayıdarkən dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılması, sərhəd xidmətinin əməkdaşları tərəfindən döyülməsi, təzyiqlərə məruz qalması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs cəmi 10 qram narkotik vasitəyə görə Bakı şəhərindən Biləsuvar ərazisinə gəlməsi, onun özü üçün 10 qram narkotik vasitəni götürmək üçün getdiyi halda cinayətkar qrupun digər üzvünün ona yolpulu olaraq 100 manat məbləğində pul göndərməsi inandırıcı deyildir. Bundan əlavə, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, onun narkotik vasitələri götürmək üçün əraziyə gəldiyi saatlarda cinayətkar qrupun İran İslam Respublikasında olan üzvü istifadəsində olan +98 910 438 29 49 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan «SAMSUNG GALAXY J2 Prime» markalı mobil telefonda olan whatsaap proqramına “Qardaş qadan alım nə xəbər”, “Qardaş qadan alım götürdün xəbər çıxamdı səndən”, “Yaxşı başıva dönərəm, ehtiyyatlı ol, yetişdin Bakıya mənə zəng elə” , “Nolub qardaş”, “ Ay qardaş sənin qadan alım camaatın orda 20 kq veşi var, məzələnmə mənimlə telefonu götür” məzmunlu mesajlar gəlmişdir. Təqsirləndirilən şəxs isə cavabında narkotik vasitələri götürdüyünü bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikasına kim tərəfindən nə zaman gətirilməsi barədə mülumatının olmadığını göstərsə də, məhkəmə onun narkotik vasitələrin keçirilməsi ərəfəsində cinayətkar qrupun İran İslam Respublikasında olan üzvü ilə sıx əlaqə saxlamasını, narkotik vasitələrin Biləsuvar rayonu ərazisində İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dövlət sərhəd xəttinin yaxınlığına qoyulmasını, habelə narkotik vasitələrin qoyulduğu yerə cinayətkar qrupun İran İslam Respublikasında olan üzvü tərəfindən onun mobil telefonuna göndərilmiş kordinatlar üzrə getməsini nəzərə alaraq hesab edir ki, o, narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə cinayətkar qrupun İran İslam Respublikasındakı üzvü ilə qabaqcadan razılaşmışdır. Bundan başqa Təqsirləndirilən şəxs dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilməsini, döyülməsini göstərsə də, iş materiallarında olan 03 aprel 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində həmin gün mövcud olan xəsarətləri sərəh xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən yıxılaraq aldığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən araşdırma aparılmış və ona işgəncə verilməsi, fiziki və psixi təsirlərə məruz qalması təsdiq olunmadığından xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini müzakirə edərək hesab edir ki, onun əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin qaçaqmalçılıq cinayətinə münasibətdə o, narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində birgə icraçı kimi iştirak etməmişdir. Qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitələri və psixotrop maddəni Azərbaycan Respublikası ərazisində qəbul edərək lazım olan yerə çatdırmağı əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətində köməkçi kimi iştirak etmişdir. Odur ki, qaçaqmalçılıq cinayətinə münasibətdə Təqsirləndirilən şəxs əməli CM-nin 206.3.2-ci maddəsindən 32.5,206.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs hazırkı iş üzrə hökm çıxarılmazdan əvvəl törətmiş olduğu başqa cinayətə görə ona Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasını CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hazırkı iş üzrə həbsdə saxlanıldığı müddət və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesalanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiəəata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 499,95 qram heroin, 13564,65 qram qurudulmuş marixuana, 419,95 qram metamfetamin və 4854,8 qram tiyək məhv edilməlidir. Ekspertiza xərci 137 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzsını hazırkı hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun hazırkı cinayət işi üzrə həbsdə saxlanıldığı müddət və birinci hökmə əsasən çəkdiyi cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 499,95 qram heroin, 13564,65 qram qurudulmuş marixuana, 419,95 qram metamfetamin və 4854,8 qram tiyək məhv edilsin. Ekspertiza xərci 137 (bir yüz otuz yeddi) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-60/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-60/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver