Məhkəmə qərarları › İş №1(099)-601/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-601/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-601/2022 06.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Əli-Bayramlı (hazırkı Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri M.Mirzəyev küçəsi, ev 313 B-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 5,282 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini bir ədəd bükümdə əldə edib üzərində saxlayaraq daşımış, 13 may 2022-ci il tarixdə saat 10:20 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şirvan şəhəri Mahir Mirzəyev küçəsində yaşadığı evin yaxındığında saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı göstərilən bükümdə və çəkidə psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, özü psixotrop maddələrdən istifadə edir. Heç bir vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Kəmağıllıq xəstəliyindən əziyyət çəkməklə 2-ci dərəcəli əlildir. 12 may 2022-ci il tarixdə Şirvan şəhərində yaşadığı evin yaxınlığında gəzən zaman yerdən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin tapmışdır. Həmin metamfetamini özü istifadə etmək üçün əynindəki şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. 13 may 2022-ci il tarixdə saat 02 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu bildirilməklə polis şöbəsinə aparılmışdır. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən şlvarının sağ cibində saxladığı bir ədəd bükümdə olan psixotrop maddəni çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində metamfetamin olduğu aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuş və protokola imza etmişdir. Ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərində aşkar olunan metamfetamini də öz istifadəsi üçün əldə edib üzərində saxlamış, satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid2 məhkəmədə göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyat müvəkkili vəzifəsində işləyir. 13 may 2020-ci il tarixdə Şirvan şəhəri M.Mirzəyev küçəsi, ev 313 B-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs həmin gün saat 01.20 radələrində Şirvan şəhərində yaşadığı küçədə saxlanılmaqla polis şöbəsinə gətirilmiş, şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu, küçədən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin maddə qablaşdırılmaqla götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 polis şöbəsi rəisinə yazdığı 15 may 2022-ci il tarixli raportundan görünür ki, Şirvan şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs iş üzrə 13 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmaqla üzərində şəxsi axtarış aparılması barədə eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən o, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümüçıxarıb təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 12 may 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Onun təqdim etdiyi büküm açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 13 may 2022-ci il tarixli, 18/534 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-5,282 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 20 may 2022-ci il tarixli, 2649 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar olunur. Lakin o, İİ dərəcəli əlil olduğundan ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatriya ekspertizasının 01 sentyabr 2022-ci il tarixli, 2393 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yüngül kəmağıllıq müəyyən edilir. Lakin onada müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Bu onun anlamaq imkanını kifayət qədər inkişafı ilə, praktiki həyata qarşı bələdliyi ilə, tənqidi imkanların kifayət qədər olması ilə təsdiq olunur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Cinayət işinə əlavə olunmuş 11 avqust 2022-ci il tarixlə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq 2-ci dərəcəli əlil olmaqla aylıq 180 manat sosial müavinət alır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə onun barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. “Şirvan şəhər mərkəzi xəstəxanası” X4 24 may 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada ruhi-əsəb kabinetində “Kəmağıllıq” diaqnozu ilə qeydiyyatdadır, lakin narkoloji kabinetdə qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdlarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 5,282 qram miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin miqdarda metamfetamini satış mıqsədi ilə əldə etməsi həm məhkəmə istintaqında, həm də ibtidai istintaq zamanı toplanmış sübutlarla təsdiq olunmamışdır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə ilkin sənədlərlə və məhkəmədə şahid kimi dindirilmiş narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsi ilə müəyyən edilir ki, yaşayış yeri üzrə polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokoldan və protokola əlavə edilmiş videogörüntülərdən görünür ki, o, üzərində bir bükümdə metamfetamin aşkar olunduğu zaman həmin metamfetamini öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Eyni zamanda ibtidai istintaqda verdiyi ifadələrində də metamfetamini öz istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunan psixotrop maddəni satmaq üçün hər hansı şəxslə və ya alıcı ilə sövdələşməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünün məhz metamfetamindən sui-istifadə etməsi nəticəsində narkomaniya xəstəsi olması, psixotrop maddənin miqdarı (5,282 qram) və bir bükümdə olması, xırda bükümlərə ayrılmaması da onun psixotrop maddəni satmaq məqsədinin olmamasını, öz şəxsi istifadəsi üçün əldə etməsini təsdiq etməklə yanaşı onun psixotrop maddəni satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verməklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi təsdiq edilmədiyindən və onun psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirildiyindən əməli CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs kəmağıllıq olmaqla 2-ci qrup əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CMnin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs kəmağıllıq xəstəliyinin olmasını, onun 2-ci qrup əlil olmasını, ilk məhkumluğunu nəzərə alaraq onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Təyin edilən azadlığın məhdudlaşdırılması cəzası müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona təyin edilən cəzanın icrası Şirvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 5,232 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 69 manat 10 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Şirvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 5,232 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar