Məhkəmə qərarları › İş №1(099)-602/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-602/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-602/2022 06.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Saatlı rayonu, Sarıcalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Sarıcalar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayının sonunda Saatlı rayonu, Sarıcalar kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsindəki ağac və kolların arasında, eləcə də orada və yarımçıq tikilinin damında saxladığı müxtəlif qablar və sintetik torbaların içərisində tərkibində narkotik maddələr olan 23 ədəd çətənə (kannabis) bitkiləri və 6 ədəd çətənə (kannabis) bitkisinin şitillərini qanunsuz olaraq əkib, suvarmaq və diblərini yumşaltmaq üsulu ilə aqrotexniki qaydada qulluq edib yetişdirməklə külli miqdarda kultivasiya etmişdir. Həmin çətənə bitkiləri və onların ştilləri 26 may 2022-ci il tarixdə Saatlı Rayon Polis Şöbəsinin (bundan sonra - Saatlı RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs əkib saxladığı göstərilmiş yerlərdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmişdir. 26 may 2022-ci il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən onun Saatlı rayonu, Sarıcalar kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən həyətdəki ağac və kolların arasından, eləcə də orada və yarımçıq tikilinin damında saxladığı müxtəlif qablar və sintetik torbaların içərisindən kök üzərində aşkar edilmiş cəmi 23 ədəd çətənə bitkiləri və 6 ədəd çətənə bitkisinin şitillərini 2022-ci ilin fevral ayının sonunda şəxsi istifadəsi üçün əkmiş, onlara suvarmaq və diblərini yumşaltmaqla qulluq göstərmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı RPŞ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, ona Təqsirləndirilən şəxs Saatlı rayonu, Sarıcalar kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkibbecərməsi barədə daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar əsasında həmin evin sakini X2 yazılı razılığı, onun, ev sakinləri, iki nəfər hal şahidləri, aqronom və Saatlı RPŞ-nin əməkdaşlarının iştirakları ilə, videoçəkiliş aparılmaqla həmin evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətdəki ağac və kolların arasından, eləcə də orada və yarımçıq tikilinin damında saxladığı müxtəlif qablar və sintetik torbaların içərisindən cəmi 23 ədəd çətənə (kannabis) bitkiləri və 6 ədəd çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı RPŞ-nin əməliyyat müvəkilləri Şahid5, X3 və Şahid7, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək Şahid4 ilə eyni məzmunda ifadələr vermişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 26 may 2022-ci il tarixdə tərtib edilmiş əməliyyat məlumatının rəsmiləşdirilməsi barədə raport, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar, X2 Təqsirləndirilən şəxs Saatlı rayonu, Sarıcalar kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə razı olduğu barədə yazılı ərizəsi, həmin əraziyə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə sonuncu barəsində keçirilmiş əməliyyataxtarış tədbiri və Saatlı rayonu, Sarıcalar kəndində yaşadığı evin həyətyanı sahəsinə baxışın əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərdikləri qaydada baş verdiyi müəyyən edilir (səh. 3, 4, 10-14, 16-21). - Saatlı Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qəbul edilmiş 26 may 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (səh. 94, 95). - 26 may 2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs Saatlı rayonu, Sarıcalar kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən aşkar edilmiş cəmi 29 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir (səh. 15). - Məhkəmə-bioloji ekspertizasının 27 may 2022-ci il tarixli, 18/587 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, yaş vəziyyətdə olan 23 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 6 ədəd bitki nümunələri isə əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləridir. Həmin bitkilər orqanoleptik əlamətləri və tərkiblərinə görə eynidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin çətənə bitkiləri və ştillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Ekspertiza xərci 30,40 manatdır (səh. 50-52). - Məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 4424 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (səh. 133, 134). Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində özünü müdafiə etmək üçün dəlil gətirməmişdir. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (31 hissə) başlayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimaitəhlükəli əməli törətməsi əməlində Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid, biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid5, X3, Şahid7 və Şahid4 verdikləri ifadələr, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi barədə 26 may 2022-ci il tarixli protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, 26 may 2022-ci il tarixli mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının 27 may 2022-ci il tarixli, 18/587 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış 23 ədəd çətənə bitkiləri və 6 ədəd çətənə bitkisi şitilləri ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 237.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 114). - Saatlı RİHB-nın Sarıcalar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı və iki nəfər yetkinlik yaşına çatmış uşaqları ilə birlikdə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 129, 130). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, şəxsiyyətini, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və törətdiyi cinayət əməlindən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən) və cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə, yəni 3 (üç) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 27 may 2022-ci il tarixdən hesablanmalı və Saatlı Rayon Məhkəməsinin 28 may 2022-ci il tarixli qərarı ilə (səh. 86, 87) seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 4424 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı RPŞ-də saxlanılan cəmi 23 ədəd çətənə bitkiləri və 6 ədəd çətənə bitkisi şitilləri məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 27 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı RPŞ-də saxlanılan cəmi 23 ədəd çətənə bitkiləri və 6 ədəd çətənə bitkisi şitilləri məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar