Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-602/2023 13.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X10 və müdafiəçi- Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Neftçala rayonu, 2- Qaralı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Neftçala rayonu, 2-ci Qaralı kəndində qeydiyyatda olmaqla olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 112,399 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 30 mart 2023-cü il tarixdə saat 14:40 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, 2-ci Qaralı kəndində, yaşadığı evin yaxınlığında, küçədə saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan üst cibindən qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 112,399 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu, 2-ci Qaralı kəndində qeydiyyat da olsa da, faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Alatava deyilən məhəllədə yaşayır. Qaynaqçılıqla məşğul olmaqla dolanır. 28 mart 2023-cü il tarixdən 29 mart 2023-cü il tarixə keçən gecə saat 03:30 radələrində oruc tutduğu üçün imsaka qalxmış, həmin vaxt anası X1 ona zəng edərək həyətlərində 15 nəfərə yaxın polis əməkdaşının olduğunu ona bildirmişdir. Anası ona polis əməkdaşlarının həyəti axtardıqlarını bildirmişdir. X3 polis əməkdaşların nə axtarmaları barədə xəbər almış, polis əməkdaşları atasına oğlu Eminin İranda təhsil aldığı üçün nəzarətdə olduğunu, həyətlərində axtarış aparılacaqlarını bildirmişdir. Bu vaxt polis əməkdaşları atasına digər övladının nə işlə məşğul olmasını soruşmuşlar. Atası da oğlunun Bakı şəhərində qaynaqçı işlədiyini bildirimş, polis əməkdaşları atasından onun mobil nömrəsini götürmüşlər. Anası ilə danışandan təxminən 10 dəqiqə sonra adını və nömrəsini xatırlamadığı polis əməkdaşı ona zəng etmiş, həmin şəxs harda qaldığı və nə işlədiyi barədə ondan maraqlanmış, o, özü barədə məlumat vermişdir. Həmin şəxs onu Neftçala rayon polis şöbəsinə dəvət etmiş, o da həmin şəxsə işdən icazə alıb gələ biləcəyini demişdir. Bir neçə saat keçmişdir. Elə həmin günü 10:30 radələrində həmin şəxs yenidən ona zəng etmiş, ona Bakı şəhərində 20 Yanvar dairəsi adlana yerdə olduqlarını, onunla görüşmək istədiklərini bildirmiş o, da razılaşmışdır. O, 20 Yanvar metrostansiyasının yanında olduğu yer barədə məlumat vermiş, yanında BMW markalı avtomobildən 4 nəfər mülki geyimli şəxs düşüb heç biri özünü təqdim etmədən onu qolundan tutub avtomobilə əyləşdirmişlər. Həmin şəxslərdən birini səsindən tanımışdır ki, onunla telefonda danışandı. Onu Bakı şəhərində 20-ci Polis bölməsinə aparmışlar. Onu polis bölməsindəki digər polis əməkdaşlarına təhvil verib getmişlər. Polis əməkdaşları bildirmişlər ki, dünən deputat Fazil Mustafa güllələnib, həmin hadisəni dindarlar törətmişdir. O, da guya dindar olduğuna görə şübhəlidir. Onun həmin vaxt mobil telefonunu və şəxsiyyət avəsiqəsini də götürmüşlər. Təxminən 2-3 saat həmin polis bölməsində qalmış, təxminən 3 saatdan sonra əl barmaq izlərinin götürüləndən sonra buraxılacağı ona deyilmişdir. Daha sonra onun əl barmaq izi götürülmüş və evə buraxılmışdır. O, mobil teleofununu və şəxsiyyət vəsiqəsini də istəmiş, bu vaxt ona sabah saat 09 radələrində gəlib götürməyini demişlər. O, evə getmiş, səhəri günü təxminən 30 mart 2023-cü il tarixdə saat 09 radələrində həmin polis bölməsinə getmiş, həmin vaxt onun bir daha üzərini yoxlamışlar, bu vaxt yenidən üzərindən heç bir şey aşkar edilməmişdir. Daha sonra ona rəisi müavinin gözləməsini demişlər, o, da gözləmişdir. Bir müddət sonra adını bilmədiyi bir şəxs gəlmişdir. Həmin şəxs telefonda kiməsə zəng edib öz ayağıyla gəlib demişdir. Təxminən 30 dəqiqə sonra Neftçala RPŞ-nin əməkdaşları 4 nəfər tanımadığı şəxs gəlib onu Mercedes markalı avtomobillə gəlib Neftçala şəhərinə aparmışlar. Təxminən 3 saat sonra onlar Neftçala şəhərinə çatmışlar. Orada polis əməkdaşları onu rəisin otağına qaldırmış, bu vaxt rəis ona sən də deputatı güllələyənlərdənsən demişdir. O da rəisə həmin vaxt işdə olduğunu demişdir. Bu vaxt ona deyilmişdir ki, ya silah ya da narkotik üzərinə qoyulacaq. O, razı olmamışdır. Sonra isə digər əməkdaşlar ona demişdir ki, ya döyüləksən ya da başqa bir silah sənin üzərinə qoyulacaq. O, qorxusundan səsini çıxara bilməmiş, daha sonra inzibati binanın otaqlarının birində narkotik vasitə olan heroin cibinə əməliyyatçı Nəsiminin göstərişi ilə tanımadığı polis əməkdaşı tərəfindən qoyulmuş və ona bildirilmişdir ki, bunu boynuna götür. O, qorxusundan səsini çıxarmamış, daha sonra elə cibinə qoyan polis əməkdaşının iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmiş, Həmin narkotik vasitə üzərindən çıxarılmışdır. Ondan narkotik vasitəni hardan əldə etdiyi soruşulmuşdur. O, isə bütün sullara bilmirəm deyə cavab vermişdir. Həmin narkotik vasitə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmiş, protokol tərtib olunmuşdur. O, isə bu günə qədər olan heç bir sənədə imza etməmişdir. Onun tutulmağına səbəb kimi də qardaşı Eminin hazırda İran İslam Respublikasında dini təhsil alması göstərilmişdir. Düzdür o, qardaşıyla arabir əlaqə saxlayır. Ancaq nə qardaşı nə də o, səhv bir hərəkət etməmişlər. Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamış, kiməsə narkotik vasitə satmamış, verməmişdir. Məhkəmədən günahı olmadığı üçün ona bəraət verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrində göstərdiyi “deputat Fazil Mustafaya qarşı ola sui-qəsdə görə polis əməkdaşları tərəfindən cibinə narkotik vasitə qoyulması” xüsusatı obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Neftçala rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 Səfadər oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş və əməliyyat qurupu yaradılmışdır. 30 mart 2023-cü il tarixdə saat 14-15 radələrində daxil olan əməliyyat məlumatı əsasında Rüstəmov X7 rayonu, 2-ci Qaralı kəndində yaşadığı evin yaxınlığında küçədə tərəflərindən saxlanılmışdır. Həmin zaman ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sağ yan üst cibindən bir ədəd polietilen büküm aşkar olunmuşdur. Həmin büküm açılıb-baxıldıqda içində narkotik maddə olan heroinə bənzər maddə olması müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs narkotik maddənin ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə polis əməkdaşları tərəfindən qoyulmamış, ona qarşı tərəflərindən hər hansı bir zor tətbiq olunmamışdır. Şahid qismində dindirilmiş Neftçala rayon polis Şöbəsinin əməkdaşları X2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Ramazan ayı olduğuna görə 2023-cü ilin mart ayının 27-sindən 28-nə keçən gün imsaq üçün səhər erkən oyanmşdır. Qapı döyüldü, təxminən 15 nəfər polis əməkdaşı həyətə daxil oldu. Polis əməkdaşları evlərini axtarmaq istədiklərini bildirmişlər, onlar da icazə vermişdirlər. O, əvvəlcə İranda təhsil alan oğlu Elnura görə evlərini axtardıqlarını bilmiş, lakin sonra digər oğlu Xanəlini soruşmuşlar onlar da Xanəlinin Bakı şəhərində olduğunu bildirmişlər. Sonra polis əməkdaşları Xanəlinin mobil telefonunu istəmiş, onlar da vermişdirlər. Polis əməkdaşları Xanəli ilə danışıb, Bakıda görüşmüş, 20-ci Polis bölməsinə aparıb şəxsiyyət vəsiqəsini və telefonunu alıb buraxmışdırlar. Oğlu Xanəli ilə danışanda o, Qazaxıstana işləmək üçün gedəcəyini onun paltarlarını hazırlayaraq gətirməsini demişdir. O, oğluna Bakı şəhərində xəstəxanaya gedəcəyini, xəstəxananın yaxınlığından ondan paltarlarını götürməsini demişdir. Xəstəxanadan çıxdıqdan sonra nə qədər oğluna zəng etsə də o cavab verməmiş. O, 20-ci Polis bölməsinə getmiş, orada oğlunun Neftçaladan polis əməkdaşlarının apardıqlarını demişlər. Xanəli narkotik vasitələrdən istifadə etmir, satışı ilə məşğul deyil, onu deputatın güllələnməsinə görə həbs ediblər. Şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart aynın 28indən 29-na keçən gecə səhər imsak üçün oyanmış, qızı həyətdən səs gəldiyini bildirmiş, həyətə baxmış, polis əməkdaşlarının gəldiyini görmüş. Həmin şəxslər oğlu Xanəlini soruşduqda o, da oğlunun Bakıda olduğunu demişdir. Xanəlinin telefon nömrəsini alıb danışmış, 20 yanvar dairəsi yaxınlığında səhəri günü görüşməyi planlaşdırmışlar. Səhəri günü görüşən zaman oğlunu tutub 20 saylı polis bölməsinə aparmışlar. İzahat verib, şəxsiyyət vəsiqəsi və telefonu alınaraq buraxılıb. Sonra səhəri günü onu tutub Neftçala rayon polis şöbəsinə aparmışdırlar. Oğlu narkotik vasitələrdən istifadə etmir, satışı ilə məşğul deyil, deputatın güllələnməsinə görə həbs ediblər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 31 mart 2023-cü il tarixli 18/382 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-112,399 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonrakı qalıq heroin narkotik vasitə 112,349 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edır. İş materiallarında olan 03 aprel 2023-cü il tarixli 378 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olub. Lakin Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli 4/958 saylı məhkəmə linqvistik və dinşünaslıq rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş materiallarda linqvistik və dinşünaslıq təhlil baxımından Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar, həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə zorla saxlanılmasına və ya Azərbaycan Respublikası Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn çağrışları müəyyən edilməmişdir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat təşkil edır. İş materiallarında olan 03 aprel 2023-cü il tarixli 58 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 30 mart 2023-cü il tarixli videoçəkilişlə aparılan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və videogörüntülərdən müəyyən olunur ki, şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın sağ yan üst cibindən 1 ədəd şəffaf sellofan büküm aşkar edildi. Həmin 1 ədəd şəffaf sellofan büküm açıldıqda içərisindən qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edildi və həmin kütlə kağız zərfdə qablaşdırıldı. İş materiallarında olan 30 mart 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Neftçala rayon məhkəməsinin 01 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Neftçala Rayon Mərkəzi xəstəxanası Publik Hüquqi şəxsin 08 aprel 2023-cü il tarix məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın əsəb-ruhi, nevroloji və narkoloji dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Neftçala rayonu, Yuxarı Qaramanlı kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Rüstəmov X7 rayonu, ikinci Qaralı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası, anası, qardaş və bacısından ibarətdir yaşadığı müddətdə nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli «maddi sübut kimi tanınma haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və ekspertiza tədiqatından sonrakı qalıq 112,399 qram heroin narkotik vasitəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Neftçala RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumluğunu, məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Neftçala Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 112,399 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 169 (yüz altmış doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 mart 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış – Neftçala Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 112,399 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə 169 (yüz altmış doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-602/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-602/2023
13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver