Məhkəmə qərarları › İş №1(099)-602/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-602/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-602/2024 26.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X10 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1975-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonunun Mollahəsənli kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu “Fariz” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik maddələrin və psixotrop maddənin əldə olunması, saxlanması, daşınmasına və satışına (realizə edilməsinə) razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd torbada qablaşdırılmış ayrı-ayrı bağlamalarda xüsusilə külli miqdarda-1616,378 qram narkotik vasitə olan heroinin, xüsusilə külli miqdarda-1827,061 qram psixotrop maddə olan metamfetaminin və külli miqdarda-7100,0 qram narkotik vasitə olan qurudulmuş marixuananın Masallı şəhəri, H.Əliyev prospektində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında, üzü X9 istiqamətində yolun sol çiyin hissəsində, mişar daşlarının yanında gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 05 aprel 2024-cü il tarixdə saat 20 radələrində həmin əraziyə gedib qeyd olunan yerdən bir ədəd torbada qablaşdırılmış ayrı-ayrı bağlamalarda xüsusilə külli miqdarda-1616,378 qram narkotik vasitə olan heroini, xüsusilə külli miqdarda-1827,061 qram psixotrop maddə olan metamfetamini və külli miqdarda-7100,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 05 aprel 2024-cü il tarixdə, saat 20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində şəxsi axtarış zamanı əlindəki torbada olan üç ədəd bağlamada ayrı-ayrılıqda 955,0 qram, 615,0 qram və 46,378 qram olmaqla cəmi, xüsusilə külli miqdarda-1616,378 qram narkotik vasitə olan heroin, üç ədəd bağlamada ayrı-ayrılıqda 850,0 qram, 930,0 qram və 47,061 qram olmaqla cəmi, xüsusilə külli miqdarda-1827,061 qram psixotrop maddə olan metamfetamin və səkkiz ədəd bağlamada 890,0 qram, 430,0 qram, 990,0 qram, 900,0 qram, 1045,0 qram, 975,0 qram, 970,0 qram və 900,0 qram olmaqla cəmi, külli miqdarda-7100,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Masallı rayonunun Mollahəsənli kəndində qeydiyyatda olmaqla yaşamış, heç bir yerdə işləməmişdir. O, uzun müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən və metamfetamindən istifadə etmişdir. O, hazırda narkomaniya və vərəm xəstəliyindən əziyyət çəkir. Əvvəllər Ukraynada yaşamış və orada olarkən narkotik istifadə etdiyinə görə tutulmuş və cəzasını orada çəkib qurtardıqdan sonra Azərbaycana qayıtmışdır. Burada yaşadığı müddətdə əvvəllər heç bir cinayət əməli törətməmişdir. Tutulmamışdan bir müddət əvvəl sosial şəbəkədə özünü iranlı kimi təqdim edən “Fariz” adlı şəxslə tanış olmuş və həmin şəxs ona narkotik maddə sata biləcəyini demiş, o da razılaşıb istifadəsi üçün təxminən 5-10 qram heroin istəmiş və buna görə iranlıya bankomat vasitəsi ilə deyilən kart hesabına 300 manat pul göndərmişdir. 05 aprel 2024-cü il tarixdə, axşam saatlarında “Fariz” adlı şəxsdən mobil telefonuna vatsapla zəng gəlmiş, “Fariz” ona narkotikin qoyulduğu yerin konumu-məkan yerin xəritəsini göndərmiş, o da həmin yerə gedib oradan, yəni Masallı şəhərində polis şöbəsinə və “Asan Xidmət” Mərkəzinə yaxın yerdə, asfalt yolun qırağında ağacların yanındakı yerdə olan mişar daşının altından 10 qram narkotik maddəni götürüb cibinə qoymuşdur. Götürdüyü narkotik 5 qram heroin və 5 qram “şüşə” (metamfetamin) olmuşdur. O, istifadəsi üçün 5 qram heroin və 5 qram metamfetamin sifariş vermiş, sonra həmin yerə heroin və metamfetamini Fariz adlı şəxs qoydurmuş, həmin şəxsin isə harada olmasını bilməmiş, onunla yalnız vatsapla danışmışdır. 05 aprel 2024-cü il tarixdə, axşam saat 17 radələrində dediyi yerdən 10 qram narkotik maddəni (5 qram heroini və 5 qram metamfetamini) götürüb gedərkən küçədə (Masallı şəhəri, H.Əliyev prospektində) polis əmkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Tutularkən üzərində 5 qram heroin və 5 qram metamfetamin olmuşdur. Sonra polis əməkdaşları onu narkotik maddələri götürdüyü yerə aparmış, orada Nəsimi adlı polis əməkdaşı ona ağacın yanında olan torbanı götürməsini demiş, o isə torbanı götürməmişdir. Həmin torbanı oradan polis əməkdaşları götürmüş və o, həmin torbanın içərisində nə olmasını bilməmişdir. Sonra polis əməkdaşları onu vura-vura polis şöbəsinz aparmışlar. Polis şöbəsində o, üzərində olan əşyaları, o cümlədən 10 qram narkotiki stolun üstünə qoymuş, lakin polislər bir az əvvəl yolun qırağından götürdükləri torbanı qarşısına qoyub ona məxsus olmasını bildirmişlər. İranlı ona dediyi yerə əlavə bağlama qoymasını deməmiş, həmin yerdən bir ədəd bağlamada olan 10 qram narkotiki götürərkən orada başqa bağlama olmamış, görməmişdir. Polis şöbəsində üzərində axtarış zamanı ona təzyiqlər olduğu üçün o, qarşısına qoyulmuş torbanın içərisində olan narkotik maddələrin özünə məxsus olmasını demiş və sonradan polislərin dediyi kimi izahat və ifadə vermişdir. Əslində isə torbada aşkar olunmuş heroin, metamfetamin və marixuana ona məxsus deyil, o, yalnız 10 qram narkotikə (5 qram heroinə və 5 qram metamfetaminə) görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, xeyli müddətdir ki, narkotiklərdən istifadə etməyə başlamış və narkotikləri tanımadığı şəxslərdən alıb istifadə etmişdir. İstifadəsində üzərində 055/810-01-41 saylı mobil nömrə olan “Lenova” markalı planşet mobil telefon olmuşdur. Təxminən 15 gün əvvəl +98 937 258 6122 saylı mobil nömrədən tanımadığı bir şəxs vatsapla ona zəng edib adının “Fariz” olduğunu və İran vətəndaşı olmasını bildirmişdir. Həmin şəxs onunla narkotiklərdən danışıb birlikdə iş görməyi və bunun müqabilində ona həm pul, həm də ehtiyacı olan qədər narkotik maddə verəcəyini vəd vermiş, o da razılaşmışdır. On gündən sonra Fariz vatsapla ona mesaj göndərib hazırda xatırlamadığı yerə 5 qram heroin və 5 qram “şüşə” (metamfetamin) qoymasını deyib həmin yerin şəkillərini göndərmiş, o da həmin yerə gedib heroini və metamfetamini götürmüş və buna görə Farizin dediyi bank kartına 300 manat pul göndərmiş, sonra həmin maddələri istifadə etmişdir. Bundan bir neçə gün sonra, 04 aprel 2024-cü il tarixdə Fariz onunla əlaqə saxlamış, bir gün sonra, yəni 05 aprel 2024-cü il tarixdə Fariz onunla əlaqə saxlayıb Masallı şəhər ərazisində bir iş görməyi təklif edib ona dediyi yerə gedib içərisində narkotik vasitələr və psixotrop maddə olan bağlamanı (torbanı) götürüb həmin maddələri sonradan deyəcəyi şəxsə verməyi və buna görə ona 1000 manat pul verəcəyini bildirmiş, o da Farizlə razılaşmışdır. Onlar 05 aprel 2024-cü il tarixdə, saat 16 və 17 radələrində vatsapla danışmışlar. Həmin vaxt Fariz vatsapla ona içərisində narkotik və psixotrop maddələr olan bağlamanın (torbanın) qoyulduğu yerin şəklini göndərmiş, o da şəkilə əsasən həmin yeri tanımışdır. Həmçinin Fariz vatsapla ona həmin bağlamanın (torbanın) qoyulduğu ünvanın xəritə üzrə yerləşmə nöqtəsini də göndərmişdir. Yaşadığı yerlə həmin ünvanın arasında təxminən 7-8 km məsafə olmuşdur. Həmin ərazi Masallı şəhəri, H.Əliyev prospektində üzü “Asan Xidmət” tərəfə gedən yolda, yanacaq doldurma məntəqəsinin qarşı tərəfindəki yolda işıq dirəyinin arxası olmuşdur. O, 05 aprel 2024-cü il tarixdə, saat 20 radələrində həmin ünvana gedib orada olan işıq dirəyinin arxasındakı mişar daşlarının altından bir ədəd qara rəngli bağlamanı (torbanı) götürmüşdür. O, bağlamanı (torbanı) götürməyi barədə Farizə heç bir məlumat verməmiş, evə çatdıqdan sonra ona xəbər etməyi fikirləşmişdir. Sonra o, bağlamanı (torbanı) əlinə götürüb H.Əliyev prospekti ilə hərəkət edərkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğunu bildirilib Masallı RPŞ-nə aparılmışdır. Polis şöbəsinə aparılarkən torba əlində olmuşdur. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışlar. Şəxsi axtarış zamanı özü üzərində olan bir ədəd “Lenova” markalı planşet mobil telefonu və əlində saxladığı torbanı polislərə təqdim etmişdir. Təqdim etdiyi torbada 13 ədəd (bir ədəd bağlamada 1 ədəd büküm də olmaqla cəmi 14 ədəd) yapışqan lentlə bağlanmış bağlamalar və bu bağlamaların içərisində narkotik maddələr (heroin, metamfetamin və marixuana) aşkar edilmişdir. Şifahi sorğu zamanı o, aşkar olunmuş maddələrin (heroin, metamfetamin və marixuananın) özünə məxsus olduğunu, həmin maddələri Fariz adlı şəxsin dediyi yerdən götürüb əldə etdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və “Lenova” markalı planşet mobil telefon qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra protokol tərtib edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün üzərində axtarış zamanı o, polislər tərəfindən yolun qırağında olan ağacın altındakı daşın yanından götürdükləri bir ədəd torbanın içərisində aşkar olunmuş narkotik maddələrin (heroin, metamfetamin və marixuananın) özünə məxsus olmasını demişdir. Əslində isə o, tutulan vaxt üzərində 10 qram narkotik maddə (5 qram heroin və 5 qram metamfetamin) olmuşdur. Polislərin götürdükləri torbanın içərisində aşkar olunan narkotik maddələr (heroin, metamfetamin və marixuana) ona məxsus deyildir. İranlı ilə vatsapla telefon danışıqlarını təsdiq edir, həmin vaxt iranlı ilə narkotiklə bağlı söhbətləri olmuş, iranlı ona narkotik maddəni götürərkən ehtiyatlı olmasını bildirmiş, o da narkotik maddəni götürmk üçün getdiyini demişdir. O, verilmiş ittihamda göstərilən narkotiklərlə bağlı özünü təqsirli bilmir, lakin üzərində olmuş 10 qram narkotik maddə (5 qram heroin və 5 qram metamfetamin) ilə bağlı özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşimandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, o, Masallı RPŞnin əməkdaşıdır. 05 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs X5 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və 05 aprel 2024-cü il tarixdə, saat 20 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış nəticəsində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında üzü idman kompleksi istiqamətində yolun kənarı ilə piyada hərəkət edərkən saxlanılıb ona üzərində narkotik maddələr saxlamasında şübhəli olduğu bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əlində qara rəngli torba olmuş, sonra o, əlindəki torba ilə birlikdə Masallı RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki torbanı təqdim edib içərisində narkotik maddələr olduğunu bildirmişdir. Təqdim olunmuş torbanın içərisində 13 ədəd bağlama və həmin bağlamaların (bir ədəd bağlamanın içərisində bir ədəd bükümdə olmaqla 13 ədəd bağlamaların və 1 ədəd bükümün) içərisində heroinə, metamfetaminə və marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs tanışı Fariz adlı şəxsin dediyi yerdən içrisində narkotik maddələr olan torbanı götürüb sonradan deyiləcək yerə aparmalı olduğunu və buna görə Farizin ona 1000 manat pul göndərəcəyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və bir ədəd mobil telefon qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid1, Şahid7, Şahid3 və Şahid5 Şahid4 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur, Valeh əvvəllər evli olmuş, sonra ailəsindən ayrılmış və onunla bir evdə yaşamağa başlamışdır. Digər oğlu Taleh 1-ci Qarabağ müharibəsində itkin düşərək şəhid olmuşdur. Valeh tutulduğu gün (05 aprel 2024-cü il tarixdə) evdə olarkən ona tez-tez zənglər gəlmiş və o, əsəbli halda olmuş, sonra Valeh siqareti götürüb cibinə qoyub evdən çıxıb getmişdir. Sonra ona məlumat verilmişdir ki, polislər Valehi narkotiklə bağlı tutmuşdur. Sonradan telefonla danışarkən oğlu Valeh ona bildirmişdir ki, onu (Valehi) çağırıblar ki, 10 qram narkotik maddə götürsün, lakin tutulandan sonra polislər ona daha çox narkotik maddə veriblər ki, üzərinə qoyub özünə məxsus olmasını bildirsin. İşdə olan, Masallı RPŞ-nin əməkdaşının 05 aprel 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Masallı rayon sakini Təqsirləndirilən şəxs narkotik maddə əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 aprel 2024-cü il tarixdə, saat 20 radələrində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan, Masallı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərarı ilə müəyyən edilir ki, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 05 aprel 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 08 aprel 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, həmçinin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs 05 aprel 2024-cü il tarixdə tutulub polis şöbəsinə gətirildiyini, bu müddət ərzində heç bir xəsarət almadığını və heç bir şikayətinin olmadığını bildirmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi və götürmə barədə” 05 aprel 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Abbasağa Paşayev tərəfindən müdafiəçi Tofiq Şahmarovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki bir ədəd qara rəngli torbanı təqdim edib torbanın içərisində narkotik maddələr olduğunu bildirmişdir. Təqdim olunmuş torbadan 14 ədəd üzəriləri yapışqan lentlə bağlanmış bağlamalar və həmin bağlamaların (o cümlədən bir ədəd bağlamanın içərisində bir ədəd bükümdə olmaqla 13 ədəd bağlamalar və 1 ədəd bükümün) içərisində narkotik maddələr olan qurudulmuş marixuanaya və heroinə, habelə psixotrop maddə olan metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərində saxladığı bir ədəd “Lenova” markalı mobil telefonu (planşeti) təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik maddələrin və psixotrop maddənin özünə məxsus olmasını, həmin maddələri tanışı iranlı “Fariz” adlı şəxsdən əldə etdiyini, telefonla vatsap vasitəsilə Farizlə əlaqə saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra həmin kütlələr və bir ədəd “Lenova” markalı mobil telefon (planşet) qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə kimyəvi və bioloji ekspertizasının 06 aprel 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar ...) sözlər və imzalar olan bir ədəd kisədəki, 8 ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 890,0 qram, 430,0 qram, 990,0 qram, 900,0 qram, 1045,0 qram, 975,0 qram, 970,0 qram, 900,0 qram olmaqla ümumilikdə təmiz çəkisi 7100,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Üç ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 850,0 qram, 930,0 qram 47,061 qram olmaqla ümumilikdə təmiz çəkisi 1827,061 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr psixotrop maddə metamfetamindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Üç ədəd ədəd bükülüdə ayrı-ayrılıqda çəkiləri 955,0 qram, 615,0 qram, 46,378 qram olmaqla ümumilikdə təmiz çəkisi 1616,378 qram tünd-qəhvəyi rəngli maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 7099,2 qram, qalıq heroin 1616,078 qram və qalıq metamfetamin 1826,761 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 06 aprel 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 7099,2 qram qurudulmuş marixuana, qalıq 1616,078 qram heroin və qalıq 1826,761 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Masallı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 08 aprel 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və stimulyatorların qəbulundun yaranan asılılıq sindromu (palonarkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Azərbaycan Respublikası DİN-nin BİKİ-dən daxil olmuş 16 aprel 2024-cü il tarixli məlumata əsasən iş üzrə müəyyən edilmiş +98 937 258 61 22 saylı telefon nömrəsi İran İslam Respublikasının mobil operatorlarına aiddir. İşdə olan, “Baxış keçirilməsi barədə” 10 aprel 2024-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Lenova” markalı mobil telefonun (planşetin) üzərində 055/810-01-41 saylı mobil nömrə ilə qeydiyyatda olan vatsap tətbiqi vardır. Həmin vatsap tətbiqin yaddaşında “Fariz” adı ilə qeyd edilmiş +98 ********** saylı mobil nömrə ilə vatsapla əlaqə saxlanıldığı görünür. Həmin hesabla 04 aprel 2024-cü il tarixdə aparılan mesajlaşma və zəngləşmə silinmiş, 05 aprel 2024-cü il tarixdə, saat 16:27-də Təqsirləndirilən şəxs hesabından həmin “Fariz” adlı kontaktın hesabına “salam qardaş, bir xəbar yoxdur?” mesajı yazılmışdır. “Fariz” adlı şəxs həmin gün saat 16:28-də cavab olaraq “motorxanası açılmış avtomobil” şəkli, ardınca “valeh maşını açdırmışam, əlimdə işim var, qoy bir xəbər olsun, özüm deyəcəm sənə” səs mesajı göndrmişdir. 05 aprel 2024-cü il tarixdə, saat 17:34-də “Fariz” adlı hesabdan Təqsirləndirilən şəxs hesabına “Google Map” tətbiqi vasitəsilə yerləşmə nöqtəsi və Masallı şəhər, H.Əliyev prospektində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında yarıtikili evin qarşısında olan işıq dirəyinin yerləşdiyi yol kənarının şəkli göndərilmiş və həmin şəkildə ox işarəsi ilə yolun kənar hissəsində bir nöqtəyə işarə edilmişdir. Həmin tarixdə, saat 17:35də Təqsirləndirilən şəxs “Fariz” adlı hesaba “sənin başına dönərəm, sənin ayağının altında ölərəm, qardaşım, öpürəm” səsli mesaj göndərilmişdir. Eyni gün saat 17:37-də “Fariz” adlı hesabdan “Valeh, ünvana gedəndə ehtiyatlı get, bir də ünvana yaxınlaşanda döyrə bərə qardaşım ehtiyatnan bax ha, başını salıb ünvanlara şey eləmə. Bu günnəri bidənə də dostum vardu, onu xahiş eləmişəm, deyir tuthatutdu” səs mesaj göndərilmişdir. Həmin gün saat 17:39-da Təqsirləndirilən şəxs “Fariz” adlı hesaba “baş üstə qardaşım, narahat olma başına dönüm, sənin qadoy alaram, mən də ehtiyatnan gedəcəm. Sağ ol başına dönüm. Götürüm gəlim naxadi sənə xəbər eliyəcəm” səsli mesaj göndərilmişdir. Həmin gün saat 17:48-də “Fariz” adlı hesabdan “nə qadar yoldu” mesajı gəlmiş, saat 17:53-də Təqsirləndirilən şəxs “Fariz” adlı hesaba “gedirəm, inşallah. Yaxındı, xəritədə 8 kilometr göstərir. İnşallah götürüm, sənə xəbər eliyəcəm, Allahın köməkliyi ilə” səsli mesaj göndərilmişdir. Həmin gün saat 17:54-də “Fariz” adlı hesabdan “ehtyadi ol qardaş” mesajı gəlmiş və Təqsirləndirilən şəxs “Fariz” adlı hesaba saat 17:54-də “ok” mesajı yazmışdır. Baxış zamanı aşkar olunmuş video və fotolar DVD diskə köçürülüb protokola əlavə edilımişdir. İşdə olan, “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 19 iyun 2024cü il tarixli il tarixli qərarla müəyyən olunur ki, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan digər üzvlərinin barəsində CM-nin 234.4-1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid4, Şahid1, Şahid7, Şahid3 və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (iranlının dediyi yerdən 10 qram narkotik maddə götürməsi və tutulan vaxt üzərində 10 qram narkotik maddə (5 qram heroin və 5 qram metamfetamin) olması, tutulduqdan sonra polis əməkdaşlarının onu narkotik maddələri götürdüyü yerə aparmaları və orada ona ağacın yanında olan torbanı götürməsinin deyilməsi, onun həmin yerdən torbanı götürməməsi, sonra oradan torbanın polis əməkdaşları tərəfindən götürülməsi, götürülmüş torbanın içərisində nə olmasını bilməməsi, polis şöbəsində qarşısına torbanın qoyulub ona məxsus olmasının bildirilməsi, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün qarşısına qoyulmuş torbanın içərisində olan narkotik maddələrin özünə məxsus olmasını deməsi və sonradan polislərin dediyi kimi izahat və ifadə verməsi, torbanın içərisində aşkar olunmuş narkotik maddələrin (heroin, metamfetamin və marixuananın) özünə məxsus olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid1, Şahid7, Şahid3 və Şahid5 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni iranlının dediyi yerdən 10 qram narkotik maddə götürməsi və tutulan vaxt üzərində 10 qram narkotik maddə (5 qram heroin və 5 qram metamfetamin) olması, tutulduqdan sonra polis əməkdaşlarının onu narkotik maddələri götürdüyü yerə aparmaları və orada ona ağacın yanında olan torbanı götürməsinin deyilməsi, onun həmin yerdən torbanı götürməməsi, sonra oradan torbanın polis əməkdaşları tərəfindən götürülməsi, götürülmüş torbanın içərisində nə olmasını bilməməsi, polis şöbəsində qarşısına torbanın qoyulub ona məxsus olmasının bildirilməsi, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün qarşısına qoyulmuş torbanın içərisində olan narkotik maddələrin özünə məxsus olmasını deməsi və sonradan polislərin dediyi kimi izahat və ifadə verməsi, torbanın içərisində aşkar olunmuş narkotik maddələrin (heroin, metamfetamin və marixuananın) özünə məxsus olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid1, Şahid7, Şahid3 və Şahid5 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs torbada aşkar olunmuş heroin, metamfetamin və marixuananın ona məxsus olmasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (ifadələrində o, torbada aşkar olunmuş heroin, metamfetamin və marixuananın özünə məxsus olmasını, həmin narkotik maddələri iranlı “Fariz” adlı şəxsin dediyi yerdən götürüb əldə edib saxlamasını bildirmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahid Zərifə Xudaverdiyevanın ifadəsində göstərdiyi xüsusatlar, yəni telefonla danışarkən oğlu Valehin onun (Valehin) 10 qram narkotik maddə götürmək üçün çağırılması, tutulandan sonra polislərin ona (Valehə) daha çox narkotik maddə verib üzərinə qoyub özünə məxsus olmasını bildirməsinin deməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Həsənov, Şahid1, Şahid7, Şahid3 və Şahid5 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunduğundan məhkəmə şahid Zərifə Xudaverdiyevanın ifadəsini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi oğlu Təqsirləndirilən şəxs adından və sonuncunun öz müdafiəsi məqsədi ilə verilmiş mülahizə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” və “Marixuana-Kannabis” (o cümlədən qurudulmuş marixuana) olan maddələr narkotik vasitələr, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan 2 qramadək, qurudulmuş marixuananın 5 qramdan 500 qramadək hissəsi xeyli miqdar, heroinin 2 qramdan artıq 800 qramadək, metamfetaminin 2 qramdan artıq 400 qramadək və qurudulmuş marixuananın 500 qramdan artıq 50000 qramadək külli miqdar, heroinin 800 qramı, metamfetaminin 400 qramı və qurudulmuş marixuananın 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 12-ci bəndində izah edilir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs götürülmüş 7099,22 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar, 1616,378 qram narkotik vasitə olan heroin və 1826,761 qram psixotrop maddə olan metamfetamin xüsusilə külli miqdar təşkil edir. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxsin cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onun niyyəti narkotik və psixotrop maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda heroin və metamfetamin, eləcə də külli miqdarda qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Masallı Rayon Məhkəməsinin 07 aprel 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 aprel 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Ukrayna Respublikası Xarkov şəhər Kiyev Rayon Məhkəməsinin 03 avqust 1999-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Ukrayna Respublikası CM-nin 229-1-ci maddəsinin 2-ci hissəsi və 229-6-cı maddəsinin 1ci hissəsi ilə (qanunsuz olaraq narkotik vasitələr əldə etmə və istifadəsi) təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan hökm üzrə olan cinayəti Azərbaycan Respublikasının hüdudlarından kənarda törətmiş və həmin cinayətə görə təyin edilmiş cəzanı da Azərbaycan Respublikasının hüdudlarından kənarda çəkmişdir. Eyni zamanda bu hökm Azərbaycan Respublikasının səlahiyyətli orqan və ya məhkəməsi tərəfindən tanınıb Azərbaycan Respublikası qanunvericiliyinə, o cümlədən cinayət qanunvericiliyinə uyğunlaşdırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan hökmdən irəli gələn hüquqi nəticələr Azərbaycan Respublikası cinayət qanunvericiliyinə uyğun olmadığına görə bu hökmə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunmalıdır. İşdə olan, Masallı rayon Təklə kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 16 iyun 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Masallı rayonun Mollahəsənli kəndində qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer qənaətbəxş (nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətnin Masallı rayon Şöbəsinin və Masallı şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 28 avqust 2024-cü il tarixli arayışlarla müəyyən edilir ki, xx xxxxxxx 1975-ci il təvəllüdlü X6 (Təqsirləndirilən şəxs qardaşı) 19 yanvar 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və 20 aprel 1994-cü ildə Kəlbəcər rayonunun Ömərdağ ərazisində itkin düşmüş və mövcud qanunvericiliyinə əsasən o, şəhid hesab olunur. İşdə olan, Masallı RMX-nın Vərəm şöbəsinin 28 avqust 2024-cü il tarixli arayışı ilə müəyyən olunur ki, xx xxxxxxx 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağ ciyərlərin iltilablı vərəmi” diaqnozu ilə Masallı RMX-nın Vərəm şöbəsində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qardaşı X3 şəhid olması və Təqsirləndirilən şəxs “Ağ ciyərlərin iltilablı vərəmi” xəstəliyindən əziyyət çəkməsi CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı və ərazi üzrə narkoloji xəstəxanada profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Masallı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 7099,2 qram qurudulmuş marixuana, 1826,761 qram metamfetamin və 1616,078 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X5 X7 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Masallı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 7099,2 qram (7 kq 99,2 qram) narkotik vasitə olan qurudulmuş marixuana, 1826,761 qram (1 kq 826,761 qram) psixotrop maddə olan metamfetamin və 1616,078 qram (1 kq 616,078 qram) narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar