Məhkəmə qərarları › İş №1(099)-602/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-602/2025

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-602/2025 03.03.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-ci ildə Göygöl rayonun Qırıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada sürücü işləyən, məhkum olunmamış, Göygöl rayonun Balçılı kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, 13 avqust 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında (bundan sonra İran) istintaqla şəxsiyyətləri müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İrandan Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda-28560 qram narkotik vasitə olan qurudulmuş marixuananı ümumilikdə 34 bağlamanın içərisində qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 1 paletdə Özbəkistan Respublikasında qeydiyyatda olan “X11” Şirketinin sifarişi əsasında X9 Okey Nejadian adlı fiziki şəxs tərəfindən Rusiya Federasiyasında (bundan sonra RF-da) qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına göndərilən 22 palet kahı yükünün arasında yerləşdirib onun idarə etdiyi “Mercedes Benz” markalı, “77DJ414/99ZJ414” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yüklətmiş, o isə qeyd edilən narkotik vasitəni İranda qanunsuz olaraq tamah niyyəti və satış məqsədi ilə qəsdən əldə etmiş, Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İrandan Rusiya Federasiyasına aparmaq üçün idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerində saxlamış, İrandan Azərbaycan Respublikasına daşımış və 13 avqust 2025-ci il tarixdə, saat 11 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonun ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, qeyd edilən narkotik vasitə 16 avqust 2025-ci il tarixdə, saat 21 radələrində gömrük yoxlaması zamanı aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyini təsdiq edən sübutlar əldə olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Rusiya Federasiyasına yük daşıması məqsədi ilə 08 avqust 2025-ci il tarixdə İran İslam Respublikasının (bundan sonra İranın) Astara şəhərinə getmiş və orada İran vətəndaşı olan və daşınacaq yükü təşkil edəcək “Mehdi” adlı şəxslə telefonla danışıb Rusiyaya aparması üçün “kahı” yükünün olduğunu bildikdən sonra o, “Pəyanə” terminalında “Mehdi” adlı şəxslə görüşüb veriləcək 320.000 Rus rublu və ya 600 ABŞ dolları müqabilində kahı yükünü (Özbəkistan Respublikasında qeydiyyatda olan “X11” şirkətinin sifarişi əsasında İran İslam Respublikasında X10 Nejadian adlı fiziki şəxs tərəfindən Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına göndərilən) Moskva şəhərinə “Fud-siti” meyvə-tərəvəz bazarına aparılmasına və Rusiya ərazisinə keçdikdən sonra kahı yükünün hara aparmalı olması barədə yük sahibinin ona telefonla zəng edilib deyiləcəyinə razılaşdıqdan sonra “Pəyanə” terminalında digər (naməlum) ağ rəngli “Volvo” markalı yük maşınının qoşqusundan onun idarə etdiyi “Mercedes Benz” markalı, 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusuna 22 ədəd paletdə kahı yükü yüklənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir müddət sərhəd keçidi üçün növbədə olmuş və 13 avqust 2025-ci il tarixdə İran gömrüyünə daxil olub orada yoxlamadan keçib saat 11 radələrində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuş, orada nəqliyyat vasitəsi rentgen qurğusunda yoxlanarkən nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə müəyyən edilən görüntülərin (şübhəli halların) olmasına, habelə daxil olmuş əməliyyat məlumatına (nəqliyyat vasitəsində narkotik vasitənin olmasına) əsasən nəqliyyat vasitəsi yoxlama qrupuna yönləndirilmişdir. 16 avqust 2025-ci il tarixdə, saat 21 radələrində gömrük nəzarəti qaydasında Təqsirləndirilən şəxs idarə etdiyi ““Mercedes Benz” markalı, 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yoxlanılarkən nəqliyyat vasitəsinin qoşqusunda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, 01 ədəd paletdə olmaqla cəmi 34 ədəd karton qutularda üzəri kahı yükü ilə örtülməklə qutuların aşağı hissəsində gizlədilmiş ağ rəngli sellofana bükülü vəziyyətdə dördbucaqlı formada 34 ədəd bağlamalarda xüsusilə külli miqdarda-28560 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən və özündə cinayət hadisəsinin olmasını ehtiva edən hadisə ilə bağlı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri törətməkdə təqsirsizliyi onun özünün və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Göygöl rayonun Balçılı kəndində qeydiyyatda olmaqla yaşayır, 8 ildir ki, fərdi qaydada yük maşının sürücü kimi yük daşıma ilə, əsasən də İrandan Rusiyaya və digər ölkələrə yüklərin daşınması ilə məşğul olmuşdur. X6 məxsus “Mercedes Benz” markalı 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı yük maşınını etibarnamə ilə idarə etmişdir. Sonuncu dəfə 08 avqust 2025-ci il tarixdə İrandan Rusiyaya yük aparmaq məqsədi ilə, yüksüz idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Astara gömrük postundan keçib İrana getmişdir. İranın Astara şəhərində yerləşən “Pəyanə” terminalında “dispeçer”, yəni yük təşkil edən şəxs, əvvəllər tanımadığı “Mehdi” adlı İran vətəndaşı ona Rusiyanın Moskva şəhərində yerləşən “Fud siti” meyvə-tərəvəz bazarına “kahı” yükü olduğunu, yükü aparacağı təqdirdə 320000 Rus rubulu ödəniş ediləcəyini bildirmişdir. Sonra o, vatsapla yük nəqliyyat vasitəsinin sahibi Məhəmmədə zəng edib məlumat vermiş, Məhəmməd də ona yükü təyinat üzrə aparmasını və bunun müqabilində ona 600 ABŞ dolları pul verəcəyini bildirmişdir. Daha sonra “Pəyanə” terminalında dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “Volvo” markalı yük nəqliyyat vasitəsinin qoşqu hissəsindən onun idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqu hissəsinə əvvəlcədən qablaşdırılmış formada olan kahı yükü yüklənmişdir. 12 avqust 2025-ci ildə İranın Astara şəhərindəki gömrük keçid məntəqəsində növbəyə dayanmış, 13 avqust 2025-ci il tarixdə İran gömrüyünə daxil olub orada yoxlamadan keçib saat 11 radələrində Azərbaycan Respublikasının gömrük məntəqəsinə (Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə) daxil olub yoxlama xəttində maşını saxlamışdır. Növbə ona çatdıqda bir nəfər gömrük əməkdaşı yaxınlaşıb üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş əşya və maddələrin olub-olmamasını soruşmuş, o da üzərində və idarə etdiyi nəqliyyat vasitəsində belə malların olmadığını bildirmişdir. İdarə etdiyi nəqliyyat vasitəsi rentgen qurğusunda baxışdan keçirildikdən sonra gömrük əməkdaşı ona qoşquda olan yükdə şübhəli görüntülərin olduğunu deyib qoşquda olan yükün yoxlanılacağını bildirilmişdir. Bundan sonra gömrük əməkdaşının göstərişi ilə o, idarə etdiyi nəqliyyat vasitəsini əlavə yoxlanma aparılması üçün ayrılan yerə (sahəyə) sürüb orada maşını saxlamışdır. Bir neçə gündən sonra, 16 avqust 2025-ci il tarixdə, axşam saatlarında bir nəfər gömrük əməkdaşı tərəfindən idarə etdiyi maşının qoşqusunda olan yükün yoxlanmasına başlanmış və qoşquda olan 22 ədəd palet kahı yükü yerə boşaldılıb həmin yüklərə it vasitəsilə (kinoloji xidməti it tətbiq edilməklə) yoxlanmışdır. Yoxlama zamanı it kahı yükü olan 1 ədəd paletə reaksiya vermiş və həmin paletdəki içərisində kahı olan qutular bir-bir açılıb baxılaraq yoxlanılmışdır. Yoxlama zamanı həmin paletlərdə, içərisində kahı olan qutularının alt hissəsində dəqiq sayını bilmədiyi qədər sellofana bükülmüş formada tanımadığı kütlələr aşkar edilmişdir. Gömrük əməkdaşı həmin kütlələrin narkotik maddələr, yəni marixuana olmasını dedikdən sonra o, qutuların aşağı hissəsində aşkar olunan bağlamalarda olan kütlələrin narkotik olmasını bilmişdir. Orada şifahi sorğu zamanı o, daşıdığı kahı yükünün içərisində narkotik maddənin olması barədə heç bir məlumatının olmamasını, aşkar olunan narkotik maddənin kimə məxsus olduğunu bilmədiyini, kahı yükünün sahibini tanımadığını və ələqə telefonunun belə olmadığını bildirmişdir. İranda olarkən Mehdi adlı şəxs ona Rusiyaya keçdikdən sonra yük sahibinin onunla telefonla əlaqə saxlayacağını demiş, lakin yük sahibin adını bildirməmişdir. O, iranlı Mehdi adlı şəxslə İrana aid telefon nömrəsi ilə əlaqə saxlamışdır. Yükdaşıyıcı sürücü kimi onun qablaşdırılmış vəziyyətdə maşınına yüklənmiş yükü açıb içərisində hansı malın olub-olmamasını yoxlamaq ixtiyarı olmamış, yalnız qablaşdırılmış yükün xarici görünüşünü yoxlamaq ixtiyarı olmuşdur. Bu səbəbdən o, maşına yüklənmiş yükün içərisində, eləcə də yük olan qutuların aşağı hissəsində dəqiq nə olmasını bilməmiş və bunu bilmək üçün praktiki olaraq heç bir imkanı da olmamışdır. Ona görə də yükdaşıyıcı sürücü kimi onun maşınına yüklənmiş yükün, yəni içərisində kahı yükü olan karton qutuların üst tərəfdən baxıldıqda nə olması bilinmiş, lakin qutuların aşağı hissəsində nə olması görünməmiş, ona görə də içərisində kahı yükü olan qutuların aşağı hissəsində narkotik vasitənin olmasını bilmək imkanı da olmamışdır. O, narkotik vasitələrdən heç vaxt istifadə etməmiş, narkotik vasitələrin əldə olunması və daşınmasının cinayət olduğunu bilmiş, lakin daşıdığı yükün içərisində narkotik vasitə olmasından məlumatı olmamışdır. Ona görə də o, verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Astara Gömrük İdarəsinin əməkdaşıdır və hazırda Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin baş inspektoru vəzifəsində xidmət edir. 16 avqust 2025-ci il tarixdə o, iş bölgüsünə əsasən Astara Gömrük İdarəsində yoxlama qrupuna yönləndirilmiş nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat 21 radələrində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İrandan Rusiyaya gedən şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsi (“Mercedes Benz” markalı 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi) rentgen yoxlamasından keçdikdən sonra müəyyən edilən şübhəli halların olmasına, həm də daxil olmuş əməliyyat məlumatına əsasən yoxlama qrupuna göndərilmişdir. Yoxlama zamanı dəvət edilmiş hal şahidlərinin və sürücünün iştirakı ilə həmin yük avtomobilinin qoşqusunda olan 22 ədəd paletdə kahı yükü yerə boşaldılıb kinoloji xidməti it tədbiq edilməklə yüklər yoxlanılmışdır. Yoxlama zaman kinoloji xidməti it avtomobilin qoşqusundan yerə boşaldılmış içərisində kahı yükü olan bir ədəd paletə reaksiya vermiş, həmin paletdə karton qutuların içərisində üzəri sellofanla bağlı vəziyyətdə kahı yükü olmuşdur. Sonra karton qutuların içərisindəki üzəri sellofanla bağlı kahı bağlamaları boşaldılmaqla karton qutular yoxlanmış və bu zamanı 34 ədəd karton qutularda üzəri kahı yükü ilə ilə örtülməklə qutuların aşağı hissəsində gizlədilmiş sellofana bükülü vəziyyətdə dördbucaqlı formada bağlamalar və həmin bağlamaların içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar etmişdir. Şifahi sorğu zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qoşqusunda olan kahı yükünün içərisində narkotik vasitənin olması barədə heç bir məlumatının olmamasını və həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Yoxlama başa çatdıqdan sonra aşkar olunmuş kütlələr qablaşdırılıb götürülmüş, bundan sonra yoxlama ilə bağlı protokol tərtib olunmuş, daha sonra isə sürücü Təqsirləndirilən şəxs və götürülmüş kütlələr, eləcə də nəqliyyat vasitəsi aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, DGK-nin əməkdaşıdır və Astara Gömrük İdarəsinə təhkim olunmaqla inspektor-kinoloq vəzifəsində işləyir. 16 avqust 2025-ci il tarixdə, saat 21 radələrində o, Astara Gömrük İdarəsinin əməkdaşı Şahid1lə birlikdə Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobillərinə gömrük nəzarətini həyata keçirmişdir. Şahid1 dediyinə görə həmin gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İrandan Rusiyaya yük aparan Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi (“Mercedes Benz” markalı 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi) rentgen yoxlamasından keçən vaxt şübhəli görüntülər müəyyən olunduğundan, həm də əməliyyat məlumatı olduğundan yoxlama keçirilməsi qərara alınmış və buna görə də o, yoxlamada iştirak üçün çağırılmışdır. Şahid1, özünün, hal şahidlərinin və sürücünün iştirakı ilə həmin yük maşının qoşqusunda olan 22 ədəd paletdə kahı yükü yerə boşaldılıb kinoloji xidməti it tədbiq edilməklə yüklər yoxlanılmışdır. Yoxlama zaman kinoloji xidməti it avtomobilin qoşqusundan yerə boşaldılmış içərisində kahı yükü olan bir ədəd paletə reaksiya vermiş, həmin paletdə karton qutuların içərisində üzəri sellofanla bağlı vəziyyətdə kahı yükü olmuşdur. Sonra karton qutuların içərisindəki üzəri sellofanla bağlı kahı bağlamaları boşaldılmaqla karton qutular yoxlanmış və bu zamanı 34 ədəd karton qutularda üzəri kahı yükü ilə ilə örtülməklə qutuların aşağı hissəsində gizlədilmiş sellofana bükülü vəziyyətdə dördbucaqlı formada bağlamalar və həmin bağlamaların içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar etmişdir. Şifahi sorğu zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qoşqusunda olan kahı yükünün içərisində narkotik vasitənin olması barədə heç bir məlumatının olmamasını və həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Yoxlama başa çatdıqdan sonra aşkar olunmuş kütlələr qablaşdırılıb götürülmüş, bundan sonra yoxlama ilə bağlı protokol tərtib olunmuş, daha sonra isə sürücü Təqsirləndirilən şəxs götürülmüş kütlələr, eləcə də nəqliyyat vasitəsi aidiyyəti üzrə təhvil verilmişdir. Həmçinin Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin qoşqusuna yüklənmiş 22 ədəd paletdə karton qutuların içərisində üzəri sellofanla bağlı vəziyyətdə kahı yükü olmuş və kənardan baxdıqda qutularda kahı yükünün olması görünsə də, həmin yükün qablaşdırıldığı karton qutuların aşağı hissəsində nə olmasını görmək mümkün olmamışdır. Həmçinin yoxlama zamanı yükün içərisindən narkotik vasitə aşkar olunarkən sürücü Təqsirləndirilən şəxs reaksiyasından belə başa düşmüşdür ki, onun bu maddələrin yükün içərisində gizlədilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, Astara Gömrük İdarəsinin yükləmə-boşaltma hissəsində günəmuzd fəhlə işləyir. 16 avqust 2025-ci il tarixdə, axşam saatlarında Elçin adlı gömrük əməkdaşının xahişi ilə Astara gömrük postunda Ramil adlı şəxsin (Təqsirləndirilən şəxs) idarə etdiyi yük maşınında (“Mercedes Benz” markalı 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində) olan yükün yoxlanılmasında hal şahidi kimi iştirak etmişdir. Yoxlama zamanı sürücü Ramil adlı şəxs də orada olmuşdur. Yoxlama zamanı əvvəl maşının qoşqusunda olan paletlər yerə boşaldılmış, sonra paletlərdə olan yüklər kinoloji iti tətbiq edilməklə yoxlanılarkən it bir paletdə olan yükə reaksiya vermişdir. Sonra həmin paletdə olan yüklər (içərisinə kahı yığılmış karton qutuları) bir-bir açılıb yoxlanılarkən dəqiq yadında qalmadığı sayda olan qutularda kahı bağlamaların altından, qutuların aşağı hissəsində üzəri sellofana bükülü vəziyyətdə bağlamalar və həmin bağlamaların içərisində narkotik maddələr aşkar edilmişdir. Orada olan gömrük əməkdaşları qutularda aşkar olunan kütlələrin narkotik maddə-marixuana olmasını bildirmişlər. Həmin vaxt sürücü Ramil adlı şəxs kahı yükünün içərisində narkotik vasitənin olmasından heç bir məlumatının olmasını və həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Yoxlama başa çatdıqdan sonra aşkar olunmuş kütlələr gömrük əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra yoxlama ilə bağlı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan, “X1 Sistemində sərhədkeçmə məlumatları” və digər sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 08 avqust 2025-ci il tarixdə X8 Məntəqəsindən keçməklə İrana getmiş, 13 avqust 2025-ci il tarixdə X8 Məntəqəsindən keçməklə İran ərazisindən Azərbaycan Respublikasının ərazisinə, daha sonra idarə etdiyi nəqliyyat vasitəsi ilə 16 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. İşdə olan, “İnvoys”la (yüklə bağlı sənədləşmə) müəyyən edilir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Rusiya Federasiyasına daşının kahı yükü Özbəkistan Respublikasında qeydiyyatda olan “X11” şirkətinin sifarişi əsasında İran İslam Respublikasında X10 Nejadian adlı fiziki şəxs tərəfindən Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" MMCnin ünvanına göndərilir. İşdə olan, “Malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 16 avqust 2025-ci il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Astara Gömrük İdarəsinin idxal yoxlama xəttinə daxil olduqdan sonra onunla şifahi şəkildə sorğusual aparılaraq üzərində, ona məxsus əşyalarda, idarə etdiyi yük nəqliyyat vasitəsində və həmin nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərdə gömrük nəzarətinə mütləq bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, sürücü Təqsirləndirilən şəxs üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Bundan sonra “Mercedes Benz” markalı, 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi gömrük postunda stasionar rentgen qurğusunda yoxlamadan keçirilərkən nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərdə müəyyən edilən görüntülərə (şübhəli halların olmasına), həm də daxil olmuş əməliyyat məlumatına əsasən yoxlama qrupuna göndərilmişdir. Daha sonra gömürük əməkdaşı tərəfindən hal şahidləri və sürücü Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə “Mercedes Benz” markalı, 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yoxlanmasına başlanmış və yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda kahı yükü olan 22 ədəd paletdən 1 ədəd paletdə olan cəmi 34 ədəd karton qutularında üzəri kahı yükü ilə örtülməklə qutuların aşağı hissəsində gizlədilmiş ağ rəngli sellofana bükülü vəziyyətdə dördbucaqlı formada 34 ədəd bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilib götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd CD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 17 avqust 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, 34 ədəd bağlamada ümumi təmiz çəkisi 28560 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik Aparılmış tədqiqatlardan sonra qurudulmuş marixuana narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 28558 qramdır. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 17 sentyabr 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, “Əşyaların maddi sübut kimi tanınması və saxlanılma yerlərinin müəyyən edilməsi haqqında” 19 avqust 2025-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 28558 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün DGK-nin Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 20 avqust 2025-ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung Galaxy A33” markalı mobil telefonun vastsap proqramına aid bölmədə adı qeyd edilmədən İran İslam Respublikasının mobil operatoruna məxsus +**********98 saylı mobil nömrədə qeydiyyatdan keçmiş profildən Təqsirləndirilən şəxs istifadəsində olmuş “Azerfon” mobil operatoruna məxsus 077/343-63-72 saylı mobil nömrədə qeydiyyatdan keçmiş profilə 16 avqust 2025-ci il tarixdə, saat 23:17-də bir dəfə buraxılmış zəngin olduğu müəyyən edildi. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung Galaxy A56 5G” markalı mobil telefona baxış zamanı telefonun “Kontaktlar” bölməsində “müdür” adı ilə qeydiyyata alınmış şəxsin istifadəsində +**********25 saylı mobil telefon nömrəsinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda məhkəmə cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara da hüquqi qiymət vermişdir. Belə ki, məhkəmə tədqiq olunmuş sübutları təhlil edib hesab edir ki, iş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrini törədilmiş cinayət hadisələrinə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayəti (CMnin 206.3.2-ci maddəsi), eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətinin (CM-nin 234.4.1 və 234.4.3-cü maddələri) baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də bu cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs iştirakını istisna edən sübutlar kimi də qəbul edir. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ittihamda göstərilən qaçaqmalçılıq cinayətini və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi tam təkzib olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş şəxslərlə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətləri kimlərlə birlikdə törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs bu cinayət əməllərini törətməsi öz təsdiqini tapmır. Göründüyü kimi, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətləri törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməllərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Hazırki iş üzrə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayəti (CM-nin 206.3.2-ci maddəsi), eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayəti (CM-nin 234.4.1 və 234.4.3-cü maddələri) ilə tövsif olunması iş üzrə olan sübutlarla uzlaşmır və belə qiymətləndirmə əsassızdır. Həmçinin iş üzrə Təqsirləndirilən şəxs qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsinin əsas sübutu kimi ittiham tərəfi Astara Gömrük İdarəsində gömrük nəzərəti ilə bağlı aparılan yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olan yüklərin, yəni kahı yükü olan 34 ədəd karton qutularda üzəri kahı yükü ilə örtülməklə qutuların aşağı hissəsində gizlədilmiş ağ rəngli sellofana bükülü vəziyyətdə dördbucaqlı formada 34 ədəd bağlamaların içərisində külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi faktına istinad etsə də, aşkar edilmiş həmin narkotik vasitənin şəxsiyyətləri məlum olmayan cinayətkar qrupun üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb, daşınmasında, yəni qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərinin törədilməsində Təqsirləndirilən şəxs iştirakını təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəməyə də təqdim olunmamışdır. Habelə məhkəmədə və ibtidai istintaq zamanı dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində olan yükün, yəni 22 ədəd paletdən 01 ədəd paletdə olan 34 ədəd karton qutuların içərisində üzəri sellofanla bağlı vəziyyətdə kahı yükü olmuş və kənardan baxdıqda qutularda kahı yükünün olması görünsə də, həmin yükün qablaşdırıldığı karton qutuların aşağı hissəsində nə olmasını görmək mümkün olmamışdır. Həmin qutular bir-bir açılıb yoxlanarkən bu qutuların bir hissəsinin içərisindən narkotik vasitə olan marixuana kütlələri aşkar edilmişdir. Bundan başqa “Malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 16 avqust 2025-ci il tarixli protokol və bununla bağlı protokola əlavə edilmiş videoçəkilişlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Astara Gömrük İdarəsinin idxal yoxlama xəttinə 13 avqust 2025-ci il tarixdə, saat 11 radələrində daxil olmuş, orada nəqliyyat vasitəsi rentgen qurğusunda yoxlanarkən nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə müəyyən edilən görüntülərə (şübhəli halların olmasına), habelə daxil olmuş əməliyyat məlumatına əsasən nəqliyyat vasitəsi yoxlama qrupuna (DGK Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə) yönləndirilmiş və növbəlik nəzərə alınmaqla 16 avqust 2025-ci il tarixdə, saat 21 radələrində gömrük nəzarəti qaydasında Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yoxlanılmağa başlanmışdır. Yoxlanılan nəqliyyat vasitəsinin yük qoşqusunun arxa tərəfdə yerləşən qapısının üzərində blom vardır. Gömrük əməkdaşı tərəfindən yoxlama ilə bağlı nəqliyyat vasitəsinin yük qoşqusunun arxa tərəfdə yerləşən qapısının üzərində blom qırılıb qapı açıldıqdan sonra nəqliyyat vasitəsinin qoşqusunda olan 22 ədəd paletdə olan yük yerə boşaldılır. Həmin 22 ədəd paletdə olan kahı yükü ayrı-ayrı karton qutulardadır. Kənardan baxdıqda qutularda kahı yükü olması görünür. Bundan sonra kinoloji it tətbiq edilməklə 22 ədəd palet yoxlanılır və kinoloji it 01 ədəd paletdə olan kahı yükünə reaksiya verdiyindən həmin paletdəki yüklər, yəni içərisinə kahı qablaşdırılmış karton qutular bir-bir açılıb yoxlanılır və 34 ədəd karton qutularda üzəri kahı yükü ilə örtülməklə qutuların aşağı hissəsində gizlədilmiş və sellofana bükülü vəziyyətdə dördbucaqlı formada 34 ədəd bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, aşkar olunmuş narkotik vasitənin idarə etdiyi maşında olan kahı qablaşdırılmış qutuların bir hissəsinin içərisində gizlədilməsini bilməmiş, onun bundan heç bir məlumatı olmamışdır. Həmin qutular heç bir yerdə açılmamış, yalnız Azərbaycanın Astara gömrük postunda yoxlama aparılarkən bu yük açılmış və onda ona məlum olmuşdur ki, həmin yükün içərisində narkotik vasitə gizlədilmişdir. Yükdaşıcı sürücü kimi onun qablaşdırılmış vəziyyətdə maşınına yüklənmiş yükləri açıb içərisində hansı malın (yükün) olub-olmamasını yoxlamaq ixtiyarı olmamış, yalnız qablaşdırılmış yüklərin xarici görünüşünü yoxlamaq ixtiyarı olmuşdur. Bu səbəbdən o, maşına yüklənmiş yükün içərisində dəqiq nə olmasını bilməmiş və bunu bilmək üçün praktiki olaraq heç bir imkanı da olmamışdır. Ona görə də yükdaşıcı sürücü kimi onun maşınına yüklənmiş yükün, yəni kənardan baxdıqda qutularda kahı yükünün qablaşdırması bilinmiş, lakin bu yükün altında nə olması görünməmiş, ona görə də həmin qutuların bir hissəsinin içərisində narkotik vasitənin olmasını bilmək imkanı olmamışdır. Beləliklə, iş üzrə dindirilmiş şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələri, habelə iş üzrə olan digər sübutlarla, o cümlədən Astara gömrük postunda Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, 77DJ414/99ZJ414 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin gömrük əməkdaşları tərəfindən yoxlanmasına dair 16 avqust 2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş videogörüntülərlə tam olaraq təsdiq olunur ki, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunda olan 22 ədəd paletdə olan kahı yükü üzəri sellofanla bağlı olmaqla ayrı-ayrı karton qutulara qablaşdırılmış və həmin yüklər Astara gömrük postunda yoxlanan vaxtadək açılmamış və yüklərin üzərində olan sellofanın cırılması və ya açılması halları aşkar edilməmişdir. Qeyd olunan 22 ədəd paletdən 1 ədəd paletdə olan 34 ədəd karton qutular yalnız gömrük postunda bir-bir açılıb yoxlanılarkən onların bir hissəsinin (01 ədəd paletdə olan 34 ədəd karton qutuların) içərisində narkotik vasitənin olması məlum olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, kahı yükü ayrı-ayrı karton qutularda olmaqla hər birinin üzəri sellofanla bağlanmış vəziyyətdə yükgöndərən tərəfindən yükdaşıyıcı (sürücü) Təqsirləndirilən şəxs təhvil verilmişdir. Eyni zamanda iş üzrə tədqiq olunmuş digər sübutlarla təsdiq olunur ki, yükdaşıyıcı (sürücü) Təqsirləndirilən şəxs daşıdığı yükün, yəni hər bir kahının üzəri sellofanla bağlanıb ayrı-ayrı karton qutulara qablaşdırılmış vəziyyətdə olması və üzəri kahı yükü ilə örtülməklə həmin qutuların bir hissəsinin içərisində, yəni bu qutuların aşağı hissəsində narkotik vasitənin gizlədilməsini bilməsi və ya bilməli olması istisna edilir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı, “Beynəlxalq Yükdaşımaları müqaviləsi haqqında” 19 may 1956-cı il tarixli Cnevrə Konvensiyasının 8-ci maddəsinin 1ci hissəsinə görə beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin maddəyə əsasən daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücüsünün) nəzarət sahəsinə aid deyil. Həmçinin bu Konvensiyasının 11-ci maddəsində yükgöndərən yükü göndərməzdən əvvəl lazımi sənədləri fakturaya əlavə etmək və ya daşıyıcının ixtiyarına vermək, gömrük və digər rəsmiyyətlərin icrası üçün tələb edilən bütün məlumatları təqdim etmək vəzifəsi təsbit edilmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən bu sənədlərin düzgünlüyünün və bütövlüyünün yoxlanılması daşıyıcının vəzifələrinə aid deyil. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edlilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 35.1-ci maddəsinə əsasən (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin Qaydaların 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən CMR-də (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsi) olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. X2 və Qaydalara əsasən hazırki iş üzrə daşıyıcı Təqsirləndirilən şəxs daşıdığı yükün daxilini (ayrı-ayrı qablaşdırılmış yükün qablaşdırılmış hissələrini açıb baxmaqla yükün nədən ibarət olmasını) yoxlamaq səlahiyyəti, eləcə də yükü müşayiət edən sənədlərin düzgünlüyünü və bütövlüyünü yoxlamaq vəzifəsi olmamışdır. Beləliklə, iş üzrə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla uzlaşmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən obyektiv sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayətləri törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən verilmiş ittihamda göstərilən cinayətləri törətməsi yalnız mülahizə (ehtimal) xarakteri daşımaqla məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. Məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Cinayət mühakimə icraatın prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslığına dair meyarlarla birlikdə götürməklə baxıldıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslansın. Yalnız belə olduqda, məhkəmə CPM-nin 28-ci maddəsində ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs təqsirliliyinə dair istintaq orqanı heç bir əsaslı dəlil-sübut gətirmədən, əməlin qiymətləndirilməsi şablon xarakterli cümlələr yazılmaqla, yəni “təqsirləndirilən şəxsin ifadəsi işin faktiki hallarına uyğun gəlmədiyindən, təqsirləndirilən şəxsin gətirdiyi dəlillər iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən cinayət məsuliyyətindən yaxa qurtarmaq və özünümüdafiə kimi qiymətləndirilməsi” yazılmaqla kifayətlənmiş, lakin təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlilləri (törədilmiş cinayətdə onun iştirakını istisna edən halları) təkzib edən sübutların nədən ibarət olmasını göstərməmiş, yalnız ümumi xarakterli əsaslar-narkotik vasitənin xüsusilə külli miqdarda olması və həmin narkotik vasitənin təqsirləndirilən şəxsin idarə etdiyi maşında olan yükün içərisində aşkar olunması, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, narkotik vasitənin Azərbaycan Respublikasından tranzit keçməklə Rusiya Federasiyasına daşınması faktı, cinayətlərin iştirakçılıqla törədilməsi və işin digər halların (həmin halların nədən ibarət olması məlum deyil) olması göstərilməklə Təqsirləndirilən şəxs cinayət əməlinin sübuta yetirilməsi qənaətinə gəlinmiş və onun cinayət məsuliyyətinə cəlb olunması barədə əsassız qərar qəbul etmişdir. Halbuki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməllər iş üzrə faktiki əldə olunmuş sübutlar əsasında CPM-nin 143-146-cı maddələrin tələblərinə müvafiq olaraq qiymətləndirilərək onun təqsirsizliyi barədə qərar qəbul edilməli idi. Həmçinin ibtidai istintaq natamam aparılmış, cinayət törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində əsaslı araşdırma aparılmamış, o cümlədən nəqliyyat vasitəsində olan kahı yükünün Özbəkistan Respublikasında qeydiyyatda olan “X11” şirkətinin sifarişi əsasında İran İslam Respublikasında X10 Nejadian adlı fiziki şəxs tərəfindən Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına göndərilməsi müəyyən edilsə də, bununla bağlı mümkün olan sübutların əldə edilməsi üçün yalnız Rusiya Federasiyasının, İranın və Özbəkistanın aidiyyəti orqanlarına işin mahiyyəti üzrə hüquqi yardımla bağlı müvafiq sorğular göndərilmiş, lakin həmin sorğuların cavabları alınmaqla sonrakı istintaq hərəkətlərin aparılması təmin edilməmişdir. Habelə istintaq orqanın gəldiyi nəticəyə əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar dəstənin fəaliyyətinin İran, Özbəkistan və Rusiya Federasiyasını əhatə etməsi, o cümlədən cinayətkar məqsədin reallaşması üçün Azərbaycan Respublikası ərazisindən tranzit marşrut kimi istifadə edilməsi cinayətkar dəstənin fəaliyyəti transmilli xarakter daşıması kimi qəbul edilməlidir. Hazırki iş üzrə verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs cinayətkar qrupun üzvü kimi rolunun nədən ibarət olması, yəni həmin narkotik vasitəni nə vaxt, harada, hansı şəraitdə əldə etməsi, eləcə də onun digər şəxslərlə qabaqcadan hər hansı bir razılaşmasının olmasını təsdiq edən heç bir sübutlar istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş şəxslərlə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətləri kimlərlə birlikdə törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla (iş üzrə dindirilmiş şəxslərin ifadələri, nəqliyyat vasitəsində olan kahı yükünün, yəni hər bir kahının üzəri sellofanla bağlanıb ayrı-ayrı karton qutulara qablaşdırılmış vəziyyətdə olması və üzəri kahı yükü ilə örtülməklə həmin qutuların bir hissəsinin içərisində, yəni bu qutuların aşağı hissəsində narkotik vasitənin gizlədilməsi və sürücünün yükün-qutuların bir hissəsinin içərisində narkotik vasitənin gizlədilməsini bilməsini istisna edən halların olması və s.) təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs bu cinayətini törətməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda cinayət qanunvericiliyinin və digər hüquqi aktların qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri xüsusilə külli miqdarda əldə etmə, saxlama, daşıma və satma cinayətləri ilə bağlı müddəaları baxımından məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmçinin şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqlarının və X4 X3 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən bəraətin əsasları məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən hallardan biri olduqda, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə (bu Məcəllənin 42.1.4-cü maddəsi) bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddısinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə heyəti cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, cinayət təqibi orqanı tərəfindən verilmiş ittihamlar üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPMnin 42.1.4-cü maddəsinə əsasən ona CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidır. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi qənaətinə gəldiyindən və cinayəti törətmiş şəxslər müəyyən edilməmiş qaldığından cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan 28558 qram (28 kq 558 qram) narkotik vasitə olan qurudulmuş marixuana həmin yerdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərclərinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344-347, 349, 350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan 28558 qram (28 kq 558 qram) narkotik vasitə olan qurudulmuş marixuana həmin yerdə saxlanılsın. İş üzrə olan məhkəmə xərclərinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar