Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-603/2023 03.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bir ədəd bükümdə, külli miqdarda 5,492 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında, 11 may 2023-cü il tarixdə saat 11 radələrində Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisindən keçən asfalt yolun kənarında saxlanılaraq Masallı rayon Polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə, təmiz çəkisi 5,492 qram təşkil edən külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 aprel 2023-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində iştirak etdiyi toyda dava olmuşdur. 30 aprel 2023-cü il tarixdə ona polis əməkdaşlarının onu axtarmaları ona məlum olmuşdur. Bundan sonra, 11 may 2023-cü il tarixdə yaşadığı evdən təxminən 20 metr aralıda 15 nəfərə qədər polis əməkdaşı ona yaxınlaşaraq 29 aprel 2023-cü il tarixdə toyda dava etməsini bildirərək onu şöbəyə aparmışlar. Polis şöbəsində üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar etdilər. Üzərində narkotik vasitə olmasada polislər zorla üzərinə narkotik vasitə qoymuşlar. Polislər onu əmisini, əmisi uşaqlarını da polis şöbəsinə gətirəcəklərini, evindən narkotik vasitə çıxardacaqlarını dedikləri üçün üzərindən aşkar olunmuş narkotik vasitəsinin ona məxsus olmasını demişdir. O, yalnız narkotik vasitə “nəşə” (qurudulmuş marixuana) qəbul etmiş, digə narkotik vasitələrdən istifadə etməmiş, heç vaxt narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Heç bir günahı yoxdur, ədalətli qərar verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün, onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, tutulduğu xx.xx.2023-cü il tarixdən təxminən 5-6 gün əvvəl Bakı şəhərində olduğu vaxt Yasamal rayonu ərazisinə gedib orada yerləşən adını xatırlamadığı dar küçələrin birində əvvəllər tanımadığı şəxsdən 110 manat müqabilində pulun qarşılığında bir bükümdə narkotik vasitə heroin almışdır. Sonra “20 Yanvar” dairəsində yol avtomaşını ilə yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən evinə çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində əldə etdiyi həmin narkotik vasitədən istifaadə etmək üçün evdən çıxıb qəsəbə ərazisində özünə uyğun yer axtarmağa başlamışdır. Ərkivan qəsəbəsindən keçən asvalt yolun kənarı ilə tək piyada hərəkətdə olduğu vaxt üç nəfər mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin əldə etmə, saxlama və satışında şübhəli olmasını bildirib, ondan şifahi formada üzərində narkotik vasitə olubolmamasını soruşmuşdur. Həmin vaxtı o qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları cavab vermədiyini görüb üzərinə baxış keçirilməsindən ötrü birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Masallı rayon polis şöbəsinə gəlmişdir. Orada vəkilin iştirakı ilə videoçəkiliş keçirilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis təhqiqatçısı ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt oda əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə maddəni çıxardıb təqdim edərək içərisində narkotik vasitə heroinin olduğunu və həmin heroini şəxsi istifadəsi üçün 5-6 gün əvvəl Bakı şəhərində aldığnı bildirmişdir. Sonra həmin narkotik vasitə qablaşdırılaraq götürülmüş və protokol yazılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi “polis əməkdaşlarının üzərinə narkotik vasitələri qoyması, onu yaxın qohumları ilə hədələməsinə görə etirafedici ifadə verməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qanunsuz əldə edib üzərində gəzdirməkdə, istifadəsində və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu Ərkivan qəsəbəsi ərazisindən keçən yol kənarında olması barədə məlumat əldə edib digər əməkdaşlarla birlikdə həmin yerə getmişlər. Natik Cəfərovun piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində daşımaqda və satışında şübhəli olduğunu bildirmişlər. Sona ondan şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona üzərinə şəxsi axtarış keçirilməsindən ötrü birlikdə Masallı rayon polis şöbəsinə getməli olduğunu demişlər, sonuncu da heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir digər əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə maddəni çıxardıb təqdim edərək, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroinin olduğunu və həmin heroini 5-6 gün əvvəl Bakı şəhərində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 110 manat pulun müqabilində alıb üzərində gəzdiridiyini bildirmişdir. Bundan sonra, həmin bükümə baxış keçirildikdə, içərisində spesifik iyə məxsus olan narkotik vasitə heroinə bənzər maddə olması məlum olmuşdur. Bundan sonra həmin büküm qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 may 2023-cü il tarixli 19/533 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -5,492 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonrakı qalıq heroin 5,392 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 may 2023-cü il tarixli 425 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs Qəriman oğlunun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 12 may 2023-cü il tarixli 529 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 11 may 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan, həmçinin CD diskdə olan videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə maddəni çıxardıb təqdim etmiş, həmin bükülünün içərisində narkotik vasitə heroinin olduğunu və həmin heroini 5-6 gün əvvəl Bakı şəhərində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 110 manat pulun müqabilində alıb üzərində gəzdiridiyini bildirmişdir. Sonra həmin büküm qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 11 may 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı rayon məhkəməsinin 12 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 11 may 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 29 may 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 5,392 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Masallı RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Cəfərov X2 Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 3 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş, 30 noyabr 2018-ci ildə vaxtından əvvəl şərti müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmişdir. İş materiallarında olan 16 iyun 2023-cü il tarixli Lənkəran Rayonlararası Psixatriya Xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli Masallı Rayon Mərkəzi Xəstəxanamsı Publik hüquqi şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Masallı rayonu, Ərkivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Cəfərov X2 rayonu, Ərkivan qəsəbəsində qeydimyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, 03 iyul 2020-ci il təvəllüdlü X5 və 07 dekabr 2021-ci il təvəllüdlü X3 adlı azyaşlı uşaqlarından ibarətdir. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 01 iyul 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 5,492 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini o, tutulduğu gündən bir neçə gün əvvəl Bakı şəhəri Yasamal rayonu ərazisində şəxsiyyəti hələki məlum olmayan tanımadığı şəxsdən 110 manat pulun müqabilində satış məqsədilə alıb üzərində saxlamışdır. Bundan başqa keçirilmiş tədbirlər zamanı daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin alış-satışı ilə məşğul olması və buna görə də məhkum olunduğu, son zamanlar rayon ərazisində olan narkotik istifadəçiləri ilə birlikdə göründüyü, həmin şəxslərə narkotik maddələri satmaq istiqamətində söhbətlər apardığı və satdığı göstərilsə də, lakin həmin şəxslərin dairəsi hələ ki, müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs satmaq məqsədilə narkotik vasitə heroin almaq üçün Bakı şəhərinə gedib-gələn zaman istifadə etdiyi nəqliyyat vasitələrin dövlət qeydiyyat nişanları və sürücüləri, narkotik vasitə heroini ona satan şəxsin kimliyi barədə hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması cəzasının yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Masallı RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 5,392 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 11 may 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 may 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Masallı RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5,392 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-603/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-603/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver