Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-604/2023 17.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4 Telman oğlu, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1995-ci il ildə Biləsuvar rayonu, Əsgərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşayan, 09 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 11 aprel 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 170.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1999-cu il ildə Biləsuvar rayonu, Əsgərabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşayan, 09 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 11 aprel 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx xxxx 2006-cı ildə Biləsuvar rayonu, Əsgərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşayan, 09 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 10 aprel 2023-cü il tarixli qərarla yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, xx xxxxxxx 2006-cı ildə Biləsuvar rayonu, Əsgərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan və yaşayan, 09 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 10 aprel 2023-cü il tarixli qərarla yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmişlər ondan ötrü ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub digər həmkəndliləri yetkinlik yaşlarına çatmayanlar, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs4 cinayətkar qrupa cəlb edərək 08 aprel 2023-cü il tarixdə saat 02 radələrində Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən həmin kənd sakini X3 məxsus evin pəncərəsinin şüşəsini sındırmaqla qanunsuz evə daxil olaraq, oradan sonuncuya məxsus 1000 (bir min) manat dəyərində bir ədəd İJ-58 markalı, 12 kalibrli, B- 15116№-li, qoşa lüləli mülki ov tüfəngini və 100 (bir yüz) manat dəyərində bir ədəd “Panasonic NV-GS90” markalı videokameranı oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1100 (bir min bir yüz) manat dəyərində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub digər həmkəndliləri yetkinlik yaşlarına çatmayan, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs4 cinayətkar qrupa cəlb edərək 08 aprel 2023-cü il tarixdə saat 04 radələrində Biləsuvar rayonu Əsgərabad kəndində yerləşən X8 X7 şöbəsinin inzibati binasının pəncərəinin şüşəsini sındırmaqla pəncərənin dəmir barmaqlıqlarının arasından qanunsuz daxil olub oradan həmin filiala məxsus 110 (bir yüz on) manat dəyərində “Tap, Qazan!” lotereyalarını gizli olaraq talamaqla, həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişlər. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 07 aprel 2023-cü il tarixdə yaşadıqları evdə Alışanla oturub yeyib-içmişlər və Təqsirləndirilən şəxs2 ilə birlikdə pul əldə etmək üçün oğurluq etməyi planlaşdırmışlar. 08 aprel 2023-cü il tarixdə saat 02 radələrində pul oğurlamaq niyyəti ilə Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən həmin kənd sakini X3 məxsus evin pəncərəsinin şüşəsini sındırmaqla evə daxil olaraq, oradan ona məxsus bir ədəd qoşa lüləli mülki ov tüfəngini və bir ədəd videokameranı oğurlamışlar, Xəyal, Elnur onlarla gələrək çöldə dayanmışlar. Elnur oğurluq üçün getdiklərini bilmiş, lakin Xəyal bilməmişdir. Elnura oğurluğa getdiklərini demişdir. Hadisə vaxtı Elnur və Xəyal oğurluğa onlarla könüllü getmişlər, onları məcburi olaraq oğurluğa aparmamışlar. Həmçinin pul oğurlamaq məqsədi ilə poçta daxil olmuşlar, lakin pul tapa bilməmişlər, 110 manat dəyərində olan “Tap, Qazan!” lotoreyalarını oğurlamışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, oğurluq etməyə getmələrindən Xəyalın xəbəri olmamış, gecə saat 2-3 radələrində oğurluq etmişlər. Oğurluq etdikləri ev onlarla qonşu olmuş, eyni zamanda digər təqsirləndirilən şəxslər də həmkəndliləri və qonşularıdır. O, Elnur və Alışan evdə birlikdə yeyib-içmişlər. Elnuru oğurluq etməyə təşviq etməmişdir. Hadisə günü Xəyalla yolda qarşılaşmışlar və ona, dukana su almağa getdiklərini demişlər. Hadisə vaxtı içkili vəziyyətdə Xəzanağanın evi kimsəsiz olduğu üçün, oğurluq etməyə onun evini seçmişdir. Darvazadan atlanaraq evə daxil olmuşlar, çünki evdə heç kim olmamış və qapı bağlı olmuşdur. Hadisə günü Xəyal sonradan arxalarınca gəlmişdir. O və Alışan evin pəncərəsinin şüşəsini sındırmaqla evə daxil olmuşlar. Hadisə günü oğurluq hadisəsini planlaşdıranda, Xəyal oğurluğa getdiklərini bilməmişdir. Oğurluq etmələrindən Xəyalın sonradan məlumatı olmuşdur. Oğurladıqları əşyalardan heç nəyi satmamışlar. O, Xəyal və Elnuru cinayətkar fəaliyyətə cəlb etməmişdir. Xəyal yalan ifadə vermiş, Xəyala oğurluq etməklə bağlı təklif etməmişdir. Xəzanağa qonşusu olduğu üçün onun evinə girməyi təklif etmiş, çünki ev barəsində ətraflı məlumatı olmuşdur. Hadisə ilə əlaqədar vurulmuş ziyan tamamilə ödənilmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2, ona elan edilmiş Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 07 aprel 2023-cü ildə həmkəndlisi Zahidlə birlikdə onun evində Xəzanağanın evinə girərək oğurluq etməyi planlaşdırmışlar, oğurluq təklifini kimin verməyi dəqiq yadında qalmamışdır. Elnur sonradan onlara qoşulmuşdur. Yolda Xəyalla rastlaşmışlar, ona dükana getdiklərini bildirmişlər, çünki Xəyalı özləriylə aparmaq istəmişlər. Xəyal dəfələrlə onlarla gəlməyi israr etdiyi üçün ona həqiqəti açıqlamışlar. Xəyala oğurluğa getməyi təklif etməmişdir. Zahid Xəyala oğurluğa getmək təklifini etmişdir. Zahid Xəyala “biz getdiyimiz yeri desək, bizimlə gedəcəksən” demiş, Xəyal da Zahidə “hə” demişdir. Bundan sonra Zahid Xəyala “biz Xəzanağagilin evindən oğurluq etməyə gedirik, gəlmiyən peysərdi” sözlərini demişdir. Hadisə günü onlar Xəzanağagilin evinin pəncərəsinin şüşəsini sındırıb evə daxil olmuşlar, oradan videokamera və tüfəng götürmüşlər. Tüfəngi özü, kameranı isə Zahid götürmüşdür. Evə və poçta girməkdə məqsədləri pul oğurlamaq olmuşdur. Poçtda pul tapmayaraq oradan 110 ədəd “Tap, Qazan!” lotoreyalarını oğurlamışlar. “Tap, Qazan!” lotoreyalarından udduqları 38 manata ərzaq, içki, siqaret alaraq xərcləmişlər və evə qayıtmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, oğurluq etdikləri Xəzanağanın evi yaşadığı evə daha yaxındır. Cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənilmişdir. Əməlindən peşmandır. Xəzanağanın evinə o və Zahid daxil olmuşlar, Xəyal və Elnur aşağıda gözətçilik etmişlər. Xəzanağanın evindən tüfəng və “Panasonic” markalı videokameranı götürmüşlər. Xəzanağanın evindən oğurluq etdikdən sonra, oğurluq etmək üçün poçta daxil olmuşlar və oradan pul tapmayıb “Tap, Qazan!” lotoreyalarını oğurlamışlar, poçtdan başqa heç nə götürməmişlər. Zahid Elnuru öz evinə, yeyib-içmək məqsədilə çağırmışdır. İbtidai istintaq zamanı, məhkəmədə verdiyi məzmunda ifadə vermiş və həmin ifadəsini oxumuşdur. Elnura zəng vuraraq Zahidin evinə dəvət etməmişdir. Zahidin Xəyalı söyməsinin şahidi olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zahid ona zəng vuraraq yeyib-içmək üçün evlərinə dəvət etmiş və o Zahidgilə getmişdir. Yeməkdən sonra Zahid demişdir ki, “Xəzağanın evinə girib oradan oğurluq edək və cinayət nəticəsində əldə olunmuş əmlakı (pulu) yarıbayarı bölək”. Qorxmuş və ona “mənlik deyil” demişdir. Yolda Xəyalla rastlaşmışlar və Zahid Xəyala “biz getdiyimiz yeri desək, bizimlə gedəcəksən” sözləri demişdir. Xəyal da “hə” demişdir. Bundan sonra Zahid “biz Xəzanağagilin evindən oğurluq etməyə gedirik, gəlmiyən peysərdi” sözlərini demişdir. Xəyal da razılaşmışdır. Zahid və Alışan onun neçə yaşında olduğunu bilməmişlər. Əvvəllər Zahid və Xəyalla görüşmüşlər. Xəyal və Alışan onu tanımışlar və onun peşə məktəbində oxuduğunu da bilmişlər. Zahidin təklifi əsasında, tamah niyyəti ilə oğurluğa getmişdir. Hasardan içəri tullanıb həyətdə yarım saat gözləmişdir. Evdən oğurluq etdikdən sonra birlikdə Zahidgilə getmişlər, Zahid poçtda 100 faiz pul olduğunu demiş, sonra da poçta gedərək oğurluq etmişlər. Zahidin Xəyalı söyməyinin şahidi olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, hadisə günündən əvvəl Zahid ona oğurluq etmək barədə heç bir təklif etməmiş, oğurluq etməyi Zahid ona hadisə günü təklif etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü oğurluğa getməyi ona Zahid təklif etmiş, o da razılaşmışdır. Zahid ona oğurluğa getməyəcəyi təqdirdə söyüş söymüş və o da söyüşə görə onlarla getmişdir. Xəzanağanın evindən heç bir predmet oğurlamamışdır. Zahid və Alışan evdən pul tapa bilmədikləri üçün, tüfəng və kamera oğurlamışlar. Xəzanağanın evindən sonra onlar, Zahidgilə getmişlər və pul oğurlamaq məqsədi ilə oradan çıxıb poçta getmişlər. Zahid və Alışan poçta girmişlər və oradan nə götürdüklərini bilməmiş, ona heç nə verməmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, həm Xəzanağanın evində, həm də poçtda edilən oğurluqda onun razılığı və qazancı olmamışdır. Zahid Xəzanağanın evində ediləcək oğurluğa razılıq vermədiyi üçün ona söyüş söymüşdür. Zahid ona oğurluğa razı olmayacağı təqdirdə “peysər” söyüşü söymüşdür. Məhkəmə baxışında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ildən Cəlilabad Rayon Poçt X4 Xitmətləri Şöbəsinin müdiri vəzifəsində işləmişdir. “Azərpoçt MMC”-nin 20 iyun 2023-cü il tarixli, 99 nömrəli məktub ilə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınan “Azərpoçt MMC”-ni cinayət işi üzrə nümayəndəsini təmsil etmək ona həvalə edilmişdir. 08 aprel 2023-cü il tarixdə saat 09 radələrində X8 X1rluq hadisəsi baş verməsi barədə həmin şöbənin rəisi Məhəbbət Mirzəzadə tərəfindən Biləsuvar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilmişdir. Eyni zamanda filiala da məlumat verilmişdir. 08 aprel 2023-cü il tarixdə saat 09 radələrində Cəlilabad Rayon Poçt X7 Şöbəsinin rəisi Məhəbbət Mirzəzadə tərəfindən Poçt Şöbəsinin pənəcərəsinin sındırıldığı, içəri daxil olandan sonra poçtun içərisində axtarış aparıldığı, orada olan filiala məxsus 89 ədəd “Tap, Qazan!” lotereyalarının oğurlanması müəyyən edilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, içəri daxil olmuş naməlum şəxs filiala məxsus dəmir seyfi açamağa da cəhd etmiş, lakin aça bilməmişdir. Bu oğurluq zamanı poçtda olan filiala məxsus 68 ədəd 1 (bir) manatlıq, 21 ədəd isə 2 (iki) manatlıq olmaqla ümumilikdə 89 ədəd “Tap, Qazan!” lotoreyalarının oğurlanması nəticəsində 110 (bir yüz on) manat, poçtun pəncərəsinin şüşəsinin sındırılması nəticəsində isə 10 (on) manat olmaqla X8 X7 Şöbəsinə ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi olmamış, poçta vurulmuş ziyan ödənilmişdir. Dindirilmiş şahid Qanuni nümayəndə1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs3 oğludur. 08 aprel 2023-cü il tarixdə saat 18 radələrində evdə olan zaman oğlu Elnurun nəsə narahat olduğunu, ondan uzaq gəzdiyini görüb şübhələnmişdir. Çağırıb onunla söhbət etmiş, nə baş verdiyini soruşmuşdur. Bundan sonra Elnur ona demişdir ki, “dünən gecə yəni 08 aprel 2023-cü il tarixə keçən gecə Zahid ona zəng edib evlərinə çağırdı və mən də onlara getdim. Orada Alışanla birlikdə yeyib içirdilər. Söhbət zamanı Zahid dedi ki, gedəyin Xəzanağanın evindən oğurluq edəyin. Nə oğurlasaq əldə etdiyimiz qazancı bərabər bölərik. Biz də razılaşdıq. Oğurluğa gedən zaman yolda Xəyal da bizimlə rastalşdı, Zahid ona da dedi ki, biz oğurluğa gedirik və ona təklif etdiki nə oğurlasaq bərabər böləcəyik. Xəyal da bizimlə getdi. Biz Xəzanağagilin evindən tüfəng və videokamera oğurladıq. Tüfəngi Alışan götürdü, videokameranı isə Zahid özünə götürdü”. Oğlu Elnur olanları danışdıqdan sonra o, qonşu Cəlalı çağırmış, ona baş vermiş hadisəni danışmışdır. Sonra da belə qərara gəlmişdir ki, Alışanın atası Hilala bu barədə desinlər, ev sahibi Xəzanağaya məlumat versin. Polisə şikayət etməsin. Öz aralarında yoluna qoyarlar. Cəlal da razılaşmışdır. Həmin gün Hilalgilə getmişlər. Ona da baş verənləri danışmışlar. Hilal demişdir ki, “mən sabah gedib Bakıda Xəzanağa ilə görüşüb ona deyərəm”. Bundan sonra evə getmişlər. Bir qədər keçdikdən sonra Hilal zəng edib demişdir ki, “tüfəngi və videokameranı gətizdirmişəm. Gəlin aparıb yerinə qoyun”. Onun yaşadığı evə getmişlər. Lakin Hilal demişdir ki, “oğlum Alışan evdə yoxdur”. Ona görə də o və Cəlal Elnur və Xəyalı çağırıb onlara demişlər ki, “bunları haradan götürmüsünüzsə aparıb orada qoyun”. Elnur və Xəyal tüfəngi və videokameranı aparıb Xəzanağanın evinə qoymuşlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Dindirilmiş şahid Qanuni nümayəndə2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs4 oğludur. 08 aprel 2023-cü il tarixdə saat 18 radələrində qonşu Ədalət Həbibov onu çağırmış, ona baş vermiş hadisəni danışmışdır. Sonra da belə qərara gəlmişlər ki, Alışanın atası Hilala bu barədə deyək, ev sahibi Xəzanağaya məlumat versin. Polisə şikayət etməsin. Öz aralarında yoluna qoyaq. Cəlal da razılaşmış, həmin gün Hilalgilə getmişlər. Ona da baş verənləri danışmışlar. Hilal demişdir ki, “mən sabah gedib Bakıda Xəzanağa ilə görüşüb ona deyərəm”. Bundan sonra onlar evə getmişlər. Bir qədər keçdikdən sonra Hilal zəng edib demişdir ki, “tüfəngi və videokameranı gətizdirmişəm. Gəlin aparıb yerinə qoyun”. Onun yaşadığı evə getmişlər. Lakin Hilal demişdir ki, “oğlum Alışan evdə yoxdur”. Ona görə də o və Cəlal uşaqlarını çağırıb onlara demişlər ki, “bunları haradan götürmüsünüzsə aparıb ora da qoyun”. Elnur və Xəyal da tüfəngi və videokameranı aparıb Xəzanağanın evinə qoymuşlar. Verilən suallara cavab olaraq şahid Qanuni nümayəndə2 bildirmişdir ki, oğlu Xəyal onu oğurluğa Alışan və Zahidin apardığını bildirmiş, lakin ona qarşı söyüş söyülməsi barədə ona heç nə deməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında Dövlət ittihamçısı2 vəsatət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittiham üzrə onların əməllərində Cinayət Məcəlləsinin 232-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əlamətlərin olması müəyyən edildiyinə görə onlara Cinayət Məcəlləsinin digər maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 232-ci maddəsi ilə də yenidən ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin icraatına xitam verilməsini və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısının vəsatətində göstərilir ki, təqsirlləndirilən şəxslər özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək X2 yaşadığı Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən fərdi yaşayış evinə hasardan keçməklə daxil olmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evin otaqlarını axtarmağa başlamışlar, yataq otağında divardan asılmış tüfəng olmuş, həmin tüfəngi Təqsirləndirilən şəxs2 özünün götürəcəyini bildirərək tüfəngi qabından çıxarıb baxmış, sonra yenidən qabına qoyaraq çiynindən asmış, birlikdə başqa otağa girib axtarmağa başlamış, digər otaqdan bir ədəd videokamera götürmüşlər. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 odlu silah hesab edilən İJ-58 markalı, 12 kalibrli qoşalüləli tüfəngi talasalar da istintaq orqanı tərəfindən onlara Cinayət Məcəlləsinin 232-ci maddəsi ilə ittiham elan edilməmişdir. Cinayət Məcəlləsinin 232-ci maddəsinə əsasən odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama həmin maddə ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231, 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilmiş yivsiz odlu ov silahının diqqətsiz saxlanması, eləcə də həmin silah və onun üçün döyüş sursatının mühafizəsi üzrə vəzifələrin lazımınca yerinə yetirilməməsi, habelə yivsiz odlu ov silahının, onun komplekt hissələrinin və onun üçün döyüş sursatının qanunsuz olaraq hazırlanması, talanması və ya hədə-qorxu ilə tələb edilməsi bu Məcəllənin müvafiq olaraq 230, 231, 229.1 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibini yaradır. Hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 232-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əlamətlərin olması müəyyən edildiyinə görə onlara Cinayət Məcəlləsinin digər maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 232-ci maddəsi ilə də yenidən ittiham irəli sürülməlidir. Məhkəmə tərkibi qeyd edir ki, talama cinayətlərinin predmeti qismində həm sərbəst mülki dövriyyədə olan, həm də mülki dövriyyəsi qismən və ya tamamilə qadağan edilmiş əmlak ola bilər. Lakin ibtidai istintaq orqanı tərəfindən nəzərə alınmamışdır ki, mülki dövriyyəsi qismən və ya tamamilə qadağan edilmiş bəzi əmlak növlərindən olan odlu silahı talamaya görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 232-ci maddəsində ayrıca nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etmiş, digər həmkəndliləri yetkinlik yaşlarına çatmayanlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayətkar qrupa cəlb edib 08 aprel 2023-cü il tarixdə saat 02 radələrində həmin kənd sakini Xəzanağa Xəlilova məxsus evin pəncərəsinin şüşəsini sındırmaqla qanunsuz evə daxil olaraq, oradan sonuncuya məxsus 1000 (bir min) manat dəyərində bir ədəd İJ-58 markalı, 12 kalibrli, B-15116№-li, qoşa lüləli mülki ov tüfəngini və 100 (bir yüz) manat dəyərində bir ədəd “Panasonic NV- GS90” markalı videokameranı oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1100 (bir min bir yüz) manat dəyərində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişlər. Cinayət Məcəlləsinin 35.1-ci maddəsində göstərilmişdir ki, icraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. Həmin məcəllənin 35.2-ci maddəsində göstərilmişdir ki, icraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Məhkəmə tərkibi bildirir ki, icraçının ekstsessi iştirakçılığın bütün formalarında mümkün olduğu kimi, hazırkı cinayət işi üzrə törətdilmiş əməldə də vardır. Cinayətin icraçısının ekstsessi üzrə törədilən cinayətlərin tövsifində təqsirə görə məsuliyyət prinsipi nəzərə alınmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, təqdim olunmuş ittiham aktında Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub digər həmkəndliləri yetkinlik yaşlarına çatmayanlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayətkar qrupa cəlb etdikləri göstərilsə də Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmamış və ona ittiham elan edilməmişdir. Təqsirləndirilən şəxslər, onların müdafiəçiləri və qanuni nümayəndələri vəsatətin əsassız olduğunu bildirməklə təmin olunmamasını xahiş etmişlər. Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Həmin məcəllənin 318.3-cü maddəsində göstərilmişdir ki, Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Bu qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Vergilər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi) rəhbərinə və Azərbaycan Respublikasının Baş Prokuroruna göndərir. Həmin məcəllənin 320-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin və onun nümayəndəsinin izahatlarını, habelə dövlət ittihamçısının, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) fikrini dinləyərək məhkəmə öz qərarı ilə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirini dəyişə və ya ləğv edə bilər. Məhkəmə tərkibi vəsatətlə əlaqədar tərəflərin rəy və fikirlərini dinləyərək, göstərilənlərə obyektiv qiymət verərək hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslıdır və təmin edilməlidir. Təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirləri dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Cinayət-Prosessual Məcəlləsinin 318.2, 318.3, 320 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: 1.Dövlət ittihamçısı2 vəsatəti təmin edilsin. 2.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində daha ağır cinayətin əlamətləri mövcud olduğundan cinayət işinin icraatına xitam verilsin və cinayət işi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa ittihamın irəli sürülməsi və digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Biləsuvar rayon prokuroruna qaytarılsın. 3.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirləri dəyişdirilməsin. 4.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.4-cü maddəsinə əsasən qərar elan edildikdən dərhal sonra qüvvəyə minir. 5.Qərar barədə təqsirləndirilən şəxslərə, onların qanuni nümayəndələrinə və müdafiəçilərinə, zərərçəkmiş şəxsə, zərərçəkmiş şəxsin nümayəndəsinə və dövlət ittihamçısına məlumat verilsin. 6.Qərardan apelyasiya şikayəti və protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №1(099)-604/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-604/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver