Məhkəmə qərarları › İş №1(099)-608/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-608/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-608/2022 03.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X2 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1971-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan şəhər məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində Şirvan şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar hesab edilən təmiz çəkisi 3,200 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən 29 iyun 2022-ci il tarixdə, saat 17 radələrində Şirvan şəhəri, 1 May küçəsində saxlanılıb, polis şöbəsinə aparılaraq üzərində şəxsi axtarış aparılan zaman 3,200 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 iyun 2022-ci il tarixdə saat təxminən 17 radələrində Şirvan şəhəri, 1 May küçəsində olarkən polis əməkdaşları onu saxlayaraq Şirvan şəhər polis şöbəsinə aparmışlar. Orada vəkilin iştirakı ilə, videoçəkilişə onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı onun üzərindən bir bükümdə heroin aşkar edilmişdir. Lakin həmin çəkidə heroin ona aid olmamışdır. Həmin narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoymuşlar. Təqsirləndirilən şəxs daha sonra göstərmişdir ki, onun üzərində 0,2-0,3 qram heroin olmuşdur. Qalan heroin isə ona aid olmamışdır. Üzərində olan heroini öz istifadəsi üçün saxlamışdır. Heç bir vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 29 iyun 2022-ci il tarixdə səhər vaxtı yaşadığı evin yerləşdiyi küçədə gəzərkən içərisində heroin olan bir büküm tapmış, özü heroindən istifadə etdiyi üçün bükümü cibinə qoymuşdur. Həmin gün saat 17 radələrində Şirvan şəhəri, 1 May küçəsində olarkən polis əməkdaşları onu saxlayaraq Şirvan şəhər polis şöbəsinə aparmışlar. Orda vəkilin iştirakı ilə, videoçəkilişə onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı təhqiqatçı təklif etdiyindən o üzərində heroin olduğunu, onu tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Daha sonra təqdim etdiyi heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokolu o da heç bir etiraz etmədən imnzalamışdır. Daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, sadəcə istifadə edir. Ona görə də əməlindən peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübut, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, dindirilmiş şahid Şirvan şəhər polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlaması və daşıyaraq üzərində gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat təxminən 17:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri 1 may küçəsinə saxlanılaraq Şirvan şəhər polis şöbəsinə dəvət edilmişdir. Orada vəkilinin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirmişdir. Axtarış zaman ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs də şalvarının cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı o təqdim etdiyi bükümdə heroin olduğunu, onu şəhərin 1 May küçəsində yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümə baxış keçirilərkən onun içərisində heroinə bənzər maddə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ondan qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Sonra da Təqsirləndirilən şəxs götürülmüş heroinə bənzər maddə bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və sonra ona heç bir təsir təzyiq olunmamışdır. Dindirilmiş Şahid3 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Məhkəmədə müdafiə və ittiham tərəfin razılığı ilə ifadəsi elan olunmaqla təqdqiq edilmiş gəlməyən Şahid2 ifadəsi ilə də Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməlini törətməsi təsdiq olunur. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 iyun 2022-ci il tarixli, 18/717 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə, təmiz çəkisi 3,200 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlanmanın 04 avqust 2022-ci il tarixli, 4265 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 avqust 2022-ci il tarixli, 2068 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs cinayət törətdiyi vaxt hər hansı psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs cinayət törətdiyi vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə və cəmiyyətdən təcrid olunmasına ehtiyac yoxdur. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına Şirvan şəhər polis şöbəsinin cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuş, sonuncu dəfə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilməklə üzərindən satış məqsədilə saxladığı narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İşdə olan «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 03 iyul 2022-ci il tarixli, 692 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs «Tiryek narkomaniyası» diaqnozu ilə ŞMP-nın narkoloji kabinetində qeydiyyatdadır. İşdə olan 29 iyun 2022-ci il tarixli təqrirdən və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, qeyd edilən sənədlərdə Təqsirləndirilən şəxs narkotik vasitələri gəzdirməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasının bildirildiyi göstərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, məhkəmədə elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrindən və şahidlərin ifadələrindən görünür ki, onun narkotik vasitəni satmaqda heç bir şəxslə əlbirliyi olmamış, o heç bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmişdir. O üzərində aşkar edilən heroini Şirvan şəhəri ərazisində tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Həm də heroin bir bükümdə olmuşdur. Bundan başqa məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryək narkomaniyası diaqnozu ilə Şirvan şəhər Polikilinikasında qeydiyyatdadır və onda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Həmçinin cinayət işinin materiallarında olan təqrirdən və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri gəzdirməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olması göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən narkotik vasitə heroinin əldə edilməsini satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı heroin külli miqdar təşkil edir. Lakin, ibtidai araşdırma zamanı onun həmin narkotik maddəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun narkotik maddəni satış məqsədi ilə əldə etməsi, həmçinin narkotik maddənin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. İbtidai istintaq orqanının gəldiyi bu nəticə ehtimallara əsaslanmış və məhkəmədə müəyyən edilmiş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə keçirilmiş şəxsi axtarış zamanı öz istifadəsi üçün üzərində saxladığı qeyd edilən narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Bunu məhkəmədə dindirilmiş şahidlər Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid3 ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən o həmin narkotik vasitəni özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs onda aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmcinin CPM-in 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və yerdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 3,200 qram olan narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində qanunsuz olaraq saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübutlar əldə edilməmiş və onun CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. İnsan Hüquqlarının və X4 X3 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalı dır. Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində üzərindən aşkar edilərək götürülmüş bir bükümdə heroinin ona aid olmadığını, daha sonra isə onun üzərindən 0,2-0,3 qram çəkidə bir bükümdə heroin aşkar olunduğunu, qalan heroinin ona aid olmadığını bildirmişdir. Məhkəmə onun vermiş olduğu bu ziddiyətli ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş vəkilinin iştirakı ilə videoçəkilişlə keçirilmiş baxış və götürmə aparılması haqqında protokolla, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heronin ona məxsus olması barədə vəkilinin iştirakı ilə verdiyi ifadələri, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə onun ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi yuxarıda qeyd edilən ifadəsini səmimi etirafedici və işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1971-ci ildə Əli-Bayramlı şəhərində doğulmuşdur. ünvan 3 ünvanda yaşamışdır. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halın olması müəyyə edilmədi. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Əliyev X6 şəhər məhkəmsinin 21 noyabr 2016-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Şirvan şəhər məhkəməsinin 26 yanvar 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 66.5-ci maddəsi tətbiq edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon məhkəməsinin 18 sentyabr 2018ci il tarixli qərarı ilə cəzası 04 il 03 aya endirilmiş, 05 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 18.2.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi halı mövcuddur. Ona görə də bu hal CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməli və CM-in 65.2-ci maddəsinin tələbinə əsasən ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tututlan ciddi cəzanın yarısından az olmamaqla müddəasına əsaslanmaqla cəza təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 29 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 3,150 qram heroin məhv edilməli və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 31,95 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 3,150 qram heroin məhv edilsin və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 31,95 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar