Məhkəmə qərarları › İş №1(099)-608/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-608/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-608/2025 16.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X7 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X6 və onun müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Lənkəran rayon Vəkil bürosunun vəkili X5, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və tərcüməçi X2 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Azərbaycan Respublikası balakən rayonu Şərif kəndində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi sürücülük fəaliyyəti ilə məşğul olan, Balakən rayonu, Şərif kəndində müvəqqəti qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 yanvar 2025-ci il tarixdə saat 12:55-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, 21 sentyabr 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqla şəxsiyyətləri müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda – 23555 qram qurudulmuş marixuana narkotik vasitəsini ayrı-ayrılıqda 9 ədədi 310 qram, 7 ədədi 305 qram, 6 ədədi 340 qram, 5 ədədi 350 qram, 5 ədədi 355 qram, 5 ədədi 300 qram, 5 ədədi 315 qram, 5 ədədi 325 qram, 4 ədədi 290 qram, 3 ədədi 360 qram, 3 ədədi 330 qram, 3 ədədi 295 qram, 2 ədədi 285 qram, 2 ədədi 345 qram, hər biri 1 ədəd 415 qram, 370 qram, 250 qram, 275 qram, 380 qram, 365 qram, 320 qram və 335 qram olmaqla, alüminium folqalara bükülmüş ümumilikdə 73 ədəd bağlamada qablaşdırıb malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir qəbildən olan malların digər şəklə salmaqla üzərilərini kahı ilə sarıyaraq örtücü mal qismində istifadə olunmuş kahı yükü ilə birlikdə onun idarə etdiyi “Scania” markalı, KH069HT-34 qeydiyyat nişanlı dartıcı və “Schmitz” markalı, EB1857-34 qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinə yüklətmiş, o, isə qeyd edilən narkotik vasitəni qanunsuz olaraq tamah və satış məqsədi ilə qəsdən əldə edərək Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Rusiya Federasiyasına aparmaq üçün idarə etdiyi yük nəqliyyat vasitəsində “kahı” yükü adı ilə saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 21 sentyabr 2025-ci il tarixdə, saat 19 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Cənub- Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və qeyd edilən narkotik vasitə 23 sentyabr 2025-ci il tarixdə, saat 12 radələrində gömrük baxışı zamanı aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 17 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikası ərazisinə idarə etdiyi yük avtomobili ilə daxil olmuşdur. İran İslam Respublikasına getməkdə niyyəti oradan yük götürüb Rusiya Federasiyasına qayıtmaq olmuşdur. O, İran İslam Respublikasında olarkən əvvəllər tanıdığı dispetçerlə ona yük tapması üçün əlaqə saxlamış, həmin şəxs ona mövsümlə əlaqədar yüklərin az olduğunu, iki həftə gözləməli olduğunu bildirmişdir. O, iki həftə gözləmək istəmədiyindən əvvəllər də tanıdığı, Pəyanə terminalında dispetçer kimi işləyən Mahmud adlı İİR vətəndaşı ilə əlaqə saxlamış, Mahmud ona kahı yükü olduğunu bildirmişdir. O, yükü Rusiya Federasiyası Moskva şəhərinə daşımağa razılaşmış, ona yük tapdığı üçün xidmət haqqı olaraq Mahmuda 200 dollar pul vermişdir. Mahmudun ona yönləndirdiyi Rəmiş və Amir adlı şəxslər İİR ərazisində anbarda onun idarə etdiyi avtomobilin qoşqusundakı yük yerinə kahı yükünün yüklənməsini təmin etmişlər. Həmin yük başqa bir yük avtomobilinin yük yerində olmuş, anbarın ərazisində o, özünün idarə etdiyi avtomobilin qoşqusunun arxa hissəsini həmin avtomobilin yük yerinin bilavasitə qarşısında yaxın məsafədə saxlamış, kahı yükü paletlərdə həmin avtomobildən onun avtomobilinin qoşqusunun yük yerinə yüklənmişdir. O, kahı yükü avtomobilə yüklənərkən orada olmuş, yüklənmə prosesini mobil telefonu vasitəsilə qeydə almış, lakin yük yerinə qalxıb yüklərə bilavasitə yaxından baxmaq imkanı olmamışdır. Kahı yükü avtomobilin yük yerinə 22 paletdə yüklənmiş, yükün ümumi çəkisi təxminən 10 ton olmuşdur. Bundan sonra o, Pəyanə terminalına geri qayıtmış, orada sənədləşdirmə işləri aparılaraq yük yeri möhürlənmişdir. 21 sentyabr 2025-ci il tarixdə o, Azərbaycan Respublikası ərazisinə daxil olmuş, 23 sentyabr 2025-ci il tarixdə avtomobilin yük yerinə gömrük əməkdaşları tərəfindən baxış keçirilərkən kahıların içərisində narkotik vasitə aşkar edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, o, 2007-ci ildən yük avtomobilinin sürücüsü kimi fəaliyyət göstərir. Son 3-4 il ərzində isə o, İran İslam Respublikasından Rusiya Federasiyasına həmçinin, əks istiqamətində yüklərin daşınmasını həyata keçirmişdir. İdarə etdiyi yük avtomobili qohumuna məxsus olmuş, o, etibarnamə əsasında həmin avtomobildən istifadə etmiş, yükün daşınmasından əldə etdiyi gəlirin bir hissəsini avtomobilin mülkiyyətçisi kimi ona vermişdir. O, əvvəllər İİR-dən Azərbaycan Respublikasına daşınan yüklərdə narkotik vasitələr aşkar edildiyini eşitmiş, qeyd olunan yükü ona tapan Mahmud adlı şəxsi əvvəllər tanısa da, digər sürücülərdən də onun haqqında soruşmuş, Mahmudun tapdığı yüklərdə hər hansı neqativ halların olması ilə bağlı ona hər hansı xəbərdarlıq edilməmişdir. Eləcə də, o özü də yükün yüklənmə prosesində hər hansı şübhəli hallara rastlaşmamışdır. Yükün sahibi Sergey adlı şəxslə mobil telefon vasitəsilə bir dəfə danışmış, həmin şəxs yükün Rusiya Federasiyasında hara çatdırılması ilə bağlı ona təlimatlar vermişdir. Onun yükün içərisində narkotik vasitə olmasından məlumatı olmamış, narkotik vasitələr olan kahılar ümumi yükün orta hissəsində olmuşdur. İçərisində narkotik vasitələr olan kahılar elə qablaşdırılmışdır ki, fiziki görünüşcə adi kahılarla həmin kahıları vizual olaraq ayırmaq imkanında olmamışdır. Təqsirləndirilən şəxs son sözündə heç bir təqsirinin olmadığını, istifadəsində olan yük avtomobilinin qoşqu hissəsində aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmadığını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, CPM-nin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsinin baş inspektoru vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2025-ci il tarixdə iş bölgüsünə uyğun olaraq yoxlama qrupunda olan zaman Rafael Khtutraev idarə etdiyi yük avtomobili ilə gömrük yoxlamasına daxil olmuş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs avtomobildə və avtomobilin yük yerinə hər hansı qanunsuz predmet daşımadığını bildirmiş, bundan sonra onun idarə etdiyi yük avtomobili rentgen aparatında yoxlamaya göndərilmişdir. Yoxlama zamanı yük yerinə şübhəli cizgilər müəyyən edildiyindən yük yerindəki 22 paletdə olan kahı yükləri Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə boşaldılmış, xidməti it tətbiq edilməklə həmin yüklərə baxış keçirilmişdir. Xidməti it yük yerinin orta hissəsindən ən aşağıda olan paletlərdəki kahı yüklərinə reaksiya vermiş, həmin kahılara baxış zamanı narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Baxış zamanı içərisində narkotik vasitə olan kahılarla adi kahıları fiziki görünüşcə vizual olaraq fərqləndirmək mümkün olmamışdır. Aşkar edilmiş narkotik vasitələrlə bağlı Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin yük yerinə hansı şəraitdə və kimlər tərəfindən yerləşdiriməsindən məlumatsız olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Astara Gömrük idarəsində fəhlə işləyir. 23 sentyabr 2025-ci il tarixdə o iş yerində olarkən gömrük idarəsinin inspektoru Şahid1 onu çağıraraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyə dəvət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yük yerində olan kahı yükləri boşaldılmış, xidməti it tətbiq edilməklə yüklərə baxış keçirilən zaman yük yerinin orta hissəsindəki paletlərdə olan kahıların içərisində narkotik vasitə aşkar edilmişdir. Fiziki görünüşcə içərisində narkotik vasitələr olan kahılar adi kahılardan fərqlənməmişdir. Məhkəmə CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir: İşdə olan “Cinayət işinin başlanması haqqında” 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsi rəisinin müavini, gömrük xidməti polkovniki İlkin Bağırov tərəfindən fakt üzrə toplanmış material əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır. (Cild 1, i.v. 1;) İşdə olan “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, İstintaq İdarəsinin 1-ci şöbəsinin baş müstəntiqi, gömrük xidməti mayoru Mahir Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin icraata qəbul olunmaqla istintaqın aparılması qərara alınmışdır. (Cild 1, i.v. 2;) İşdə olan, 23 sentyabr 2025-ci il tarixli “Malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” protokoldan görünür ki, Astara Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı K069HT34/EB185734 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü apararkən, xx.xx.2025-cü il tarixdə, saat 20 radələrində Astara Gömrük İdarəsi “Cənub-Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılmış və onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparılmışdır. Sorğu-sual zamanı onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində, həmçinin nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, o isə öz növbəsində onun üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra zərurət yarandığından “Scania” markalı K069HT34/EB185734 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Cənub-Astara” gömrük postunun inzibati ərazisində yerləşən “NUCTECH MT1213DE” markalı mobil tipli rentgen qurğusundan keçirilmişdir. Nəqliyyat vasitəsi rentgen qurğusundan keçirildikdən sonra daxil olmuş əməliyyat məlumatına əsasən, sözügedən yük nəqliyyat vasitəsi yoxlama qrupuna yönləndirilmişdir. Bundan sonra həmin nəqliyyat vasitəsindəki yükə növbəlilik prinsipi əsasında xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama qrupunda tətbiq edilmiş gömrük yoxlaması zamanı “Scania” markalı K069HT-34/EB1857-34 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda ümumilikdə 22 ədəd paletdə olan “kahı” yükü yerə boşaldılmış və həmin yükə “Qrey” ləqəbli kinoloji xidməti it tətbiq edilmişdir. Bu zaman kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış 2 ədəd paletə reaksiya vermişdir. Xidməti itin reaksiyasına əsasən sözügedən paletlərə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı birinci paletdə 33 ədəd, ikinci paletdə 40 ədəd olmaqla, ümumilikdə 73 ədəd folqaya bükülmüş formada üzəriləri kahı ilə sarınaraq fiziki görünüşcə kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilmiş bağlamalar aşkar edilmişdir. Daha sonra həmin bağlamalar açılmış, sayılmış, çəkilmiş və 73 ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 29 kiloqram 100 qram açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olmuşdur. Yoxlamalar tam başa çatdıqdan sonra Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusunda aşkar olunmuş hüquqpozma predmetləri götürülmüş, araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. (Cild 1, i.v. 17-20;) İşdə olan, invoys sənədindən görünür ki, təzə ayzberq kahısı yükü 22 (iyirmi iki) ədəd paletdə birgə çəkisi 10020 kq olmuşdur. (Cild 1, i.v. 23;) İşdə olan, “şəxsi yoxlama aparılması haqqında” 23 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. (Cild 1, i.v. 31-32;) İşdə olan, 23 sentyabr 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, 3-33-1300/013/002773 nömrəli material üzrə Təqsirləndirilən şəxs 23 sentyabr 2025-ci il tarixdə, saat 16:00-da Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 44; Cild 1, i.v. 54;) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2025-ci il tarixli, 19/374 nömrəli məhkəmə bioloji ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı “K069HT-34/EB1857-34” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən aşkar edilmiş bağlamalar” yazısı olan 7 ədəd bağlamadakı, ümumilikdə 73 ədəd bükülüdə ümumi təmiz çəkisi 23555,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Qeyd: Marixuananın ümumi təmiz çəkisi -23555,0 qram, tədqiqata sərf edilmişdir -2,0 qram, qalıq -23553,0 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edir.(Cild 1, i.v 82-84;) İşdə olan, 24 sentyabr 2025-ci il tarixli “əşyaların maddi sübut kimi tanınmaları və saxlanılma yerlərinin müəyyən olunması haqqında” qərardan görünür ki, iş üzrə 23 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən, “kahı” yükün içərisindən aşkar edilərək götürülmüş bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olması, həmin qurudulmuş marixuana narkotik vasitəsinin ümumi təmiz çəkisinin 23555 qram olması, külli miqdarda təşkil etməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən, “kahı” yükün içərisindən aşkar edilərək götürülmüş 73 ədəd bağlamada ümumi təmiz çəkisi 23555 qram olan qurudulmuş marixuana narkotik vasitəsi törədilmiş cinayətlərin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qurudulmuş marixuana narkotik vasitəsinin qalıq çəkisinin 23553 qram olması və məhkəmənin hökmü çıxarılanadək, yaxud iş üzrə digər yekun qərarı qəbul edilənədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanca verilməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, “124G" modelli, K069HT-34 qeydiyyat nişanlı, YS2R4X**********0 şassi nömrəli, 1997-ci il buraxılışlı yəhərli dartıcı, həmin dartıcının “SCHMİTZ” markalı, “SKO 24" modelli, EB1857-34 qeydiyyat nişanlı, WSMS**********287 şassi nömrəli, 1996cı il buraxılışlı qoşqusu hazırkı cinayətlərin törədilməsində alət və vasitə kimi istifadə edildiyindən iş üzrə maddi sübut kimi tanınması, Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin dayanacağında saxlanılmasının nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsində daşınmış, İran İslam Respublikasında yaşayan X14 adlı fərdi sahibkar tərəfindən satılan, İran İslam Respublikasında yaşayan Farshad Zal adlı fərdi sahibkar tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən "Victoria” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilən net çəkisi 8550 kiloqram, brutto çəkisi 10020 kiloqram olan “kahı” yükü külli miqdarda - 23555 qram qurudulmuş marixuana narkotik vasitəsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq yolu keçirilməsində, satış məqsədi ilə qəsdən qanunsuz əldə edilməsində, daşınmasında və göndərilməsində örtücü mal qismində istifadə olunduğundan, yəni hazırkı cinayətlərin törədilməsində alət və vasitə kimi istifadə edildiyindən maddi sübut kimi tanınması və həmin “kahı” yükünün tez xarab olma ehtimalını nəzərə alaraq, tez xarab olan əşyalar kimi qəbul edilməsi, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsində daşınan həmin “kahı” yükünün tez xarab olma ehtimalını nəzərə alaraq, həmin yükün satışı həyata keçirilsin, həmin malların satışından əldə ediləcək pul vəsaiti depozit hesaba köçürülməklə məhkəmənin hökmü çıxarılanadək, yaxud digər yekun qərarı qəbul edilənədək həmin hesabda saxlanılması və göstərilən məsələlərin həlli Dövlət Gömrük Komitəsinin bu sahədə səlahiyyətli qurumu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə həvalə edilməsi qərara alınmışdır. (Cild 1, i.v 87-90;) İşdə olan, 24 sentyabr 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və çıxarışlardan görünür ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs mütəmadi olaraq Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasına və Rusiya Federasiyasına səfərlər etmiş, sonuncu dəfə, 17 sentyabr 2025-ci il tarixdə, saat 16:52-də X13 Buraxılış Məntəqəsindən istifadə etməklə İran İslam Respublikası istiqamətində ölkə ərazisini tərk etmiş, 21 sentyabr 2025-ci il tarixdə saat 19:00:13-də idarə etdiyi “Scania” markalı, K069HT34 qeydiyyat nişanlı yük avtomobili ilə X13 Buraxılış Məntəqəsindən (körpü – “Cənub Astara”) istifadə etməklə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə girişi qeydiyyata alınmış, 23 sentyabr 2025-ci il tarixdə yük avtomobilinə keçirilmiş baxış zamanı qurudulmuş marixuana narkotik vasitəsinin aşkar edilərək götürülmüşdür. (Cild 1, i.v 92-99;) İşdə olan, 24 sentyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır. (Cild 1, i.v 133-134;) İşdə olan, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli 4(004)-745/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmişdir. (Cild 1, i.v. 175-184;) İşdə olan, 25 sentyabr 2025-ci il tarixli başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 1, i.v. 185-186;) İşdə olan, xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (Cild 1, i.v. 253;) İşdə olan, 02 oktyabr 2025-ci il tarixli, 4(103)-1097/2025 nömrəli qərardan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli 4(004)- 745/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v. 254-263;) İşdə olan, 31 oktyabr 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edlmiş bir ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrə ilə Azərbaycan Respublikası ərazisində olan zaman telefon danışıqlarının həyata keçirildiyi məlum olmuş, hər hansı bir ismarıc, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə bağlı hər hansı bir xüsusat müəyyən edilməmişdir. (Cild 2, i.v. 68-69;) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2025-ci il tarixli, 5/953 nömrəli komputer-texniki ekspert rəyindən görünür ki, təqdim edilmiş obyektin sensor ekran və “İOS 17.4.1” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “iphone 13 Pro” markalı “A2640” modelli **********90027, **********30342” İMEİ kodlu mobil smartfon olması müəyyən edildi, təqdim edilmiş “iphone 13 Pro” markalı “A2640” modelli mobil smartfonun yaddaşından toplanmış mövcud olan və silinmiş məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar “Whatsapp” proqram təminatında aparılmış məlumat mübadiləsi və sairə) müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5- 953” adlı qovluq daxilində xarici yaddaş qurğusuna köçürüldü. Tədqiq olunan “iphone 13 Pro" markalı “A2640” modelli mobil smartfonun yaddaşında “+7 *** *** ** **” abonent nömrəsi və “P....” istifadəçi adı ilə qeydiyyatdan keçmiş “Whatsapp” hesabında, “+994 563 31 44” abonent nömrəsi və “RR” istifadəçi adı ilə qeydiyyatdan keçmiş “WhatsappBusiness” hesabında və “+ 7 *** *** ** **” abonent nömrəsində və “RX” istifadəçi adı ilə qeydiyyatdan keçmiş “Telegram” hesabında və “rafakhutra” adlı “İnstagram” hesabında aparılmış məlumat mübadiləsi müəyyən olunsada mobil smartfonun təhlükəsizlik və konstruktivlik xüsusiyyəti ilə əlaqədər həmin məlumatla köçürdərək elektron formada istintaq orqanına təqdim olunması mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.(Cild 2, i.v 95-98;) İşdə olan, 16 oktyabr 2025-ci il tarixli, 6432 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop və ya güclü təsir edən maddələrdən istifadənin və narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmişdir. (Cild 2, i.v. 133-134;) İşdə olan, 17 noyabr 2025-ci il tarixli nəqliyyat vasitəsinin təhvil verilməsi barədə aktdan görünür ki, “Scania” markalı, KH069HT-34/EB1857-34 dövlət nömrə nişanlı yüksüz nəqliyyat vasitəsi Rusiya Federasiyası vətəndaşı X3 işlək və saz vəziyyətdə təhvil verilmişdir. (Cild 2, i.v. 166;) İşdə olan, 08 dekabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, aşkar edilmiş 23555 qram qurudulmuş marixuana narkotik vasitəsinin cinayətin predmeti qismində, Təqsirləndirilən şəxs idarə etdiyi “Scania" markalı, KH069HT-34 qeydiyyat nişanlı dartıcı və “Schmitz" markalı, EB1857-34 qeydiyyat nişanlı qoşqundan ibarət yük nəqliyyat vasitəsinin və həmin nəqliyyat vasitəsinə yüklənmiş “kahı” yükünün cinayət əməllərinin törədilməsində istifadə edilmiş alət qismində 24 sentyabr 2025-ci il tarixli qərarla maddi sübut qismində tanınması, ekspertiza tədqiqatı zamanı 2 qramı sərf edilmiş, qalıq çəkisi 23553 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinin cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilməsi, “kahı” yükünün 25 sentyabr 2025-ci il tarixdə satılaraq əldə edilmiş 5070 manat vəsaitin depozit hesaba köçürülməsi, üzərinə həbs qoyulması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müvafiq vəsatət və təqdimat verilsə də, həmin Məhkəmənin 24 oktyabr 2025-ci il tarixli qərarı ilə vəsatət təmin edilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 131.1.4-cü maddəsinin tələblərinə əsasən, “Scania" markalı, KH069HT-34 qeydiyyat nişanlı dartıcı və “Schmitz" markalı, EB1857-34 qeydiyyat nişanlı qoşqundan ibarət yük nəqliyyat vasitəsinin mülkiyyətçilərinin nümayəndəsinə təhvil verilməsinin nəzərə alınması, maddi sübut kimi tanınmış qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisi 23555 qram qəbul edilməsi, Təqsirləndirilən şəxs Astara Gömrük İdarəsində götürülmüş 5 ədəd bank kartının, ********** seriyalı sürücülük vəsiqəsinin, 1 ədəd qara rəngli portmanatın, 600 (altı yüz) ABŞ dollar, 5000 (beş min) rus rublu, 353 (üç yüz əlli üç) manat, 60 (altmış) qəpik pul vəsaitlərinin, 76 ******* nömrəli pasportun və 1 ədəd “iphone 13 Pro” markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılmasının nəzərə alınması qərara alınmışdır. (Cild 2, i.v. 205-222;) İşdə olan, 10 dekabr 2025-ci il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsini təsdiq edən kifayət qədər sübutların toplandığını nəzərə alaraq ibtidai araşdırmanı və işin məhkəməyə göndərilməsini uzatmamaq üçün qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə cinayətlərinin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması və icraata qəbul edilməklə istintaqın aparılması qərara alınmışdır. (Cild 2, i.v. 223-224;) Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş İran İslam Respublikasında şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Azərbaycan Respublikasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, külli miqdarda-23555,0 qram qurudulmuş marixuananı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 73 ədəd bağlamada fiziki görünüşcə kahı formasına salınmaqla gizlədərək Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Rusiya Federasiyasına daşımaq üçün idarə etdiyi yük avtomobilinin qoşqusunda qanunsuz olaraq qəsdən saxlaması, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq 23 sentyabr 2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsin Astara rayonu ərazisində yerləşən “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi heç bir sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, işin faktiki halları, şahid ifadələri və iş üzrə toplanmış digər istintaq sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin yük yerində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixunanı fiziki görünüşcə kahı formasına salınmaqla 73 ədəd bağlamada gizlədən şəxsləri tanımamış, onlarla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər də yük daşınması ilə əlaqədar tanıdığı, İran İslam Respublikasında dispetçer kimi fəaliyyət göstərən Mahmud adlı yük dispetçerinin təklifi ilə qeyd edilən yükü daşımağa qəbul etmiş, göstərdiyi xidmətə görə Mahmuda xidmət haqqı ödəmiş, Mahmudun vasitəsilə tanış olduğu Amir və Rəmiş adlı şəxslər həmin yükün avtomobilin qoşqusuna yüklənməsini və müvafiq sənədləşmə işlərinin aparılmasını təmin etmişlər. Həmçinin, yük avtomobillərinin qoşqu hissələrinin birbirinə yaxın məsafədən qarşılıqlı formada yerləşdirilərək bilavasitə yükün olduğu avtomobildən digər avtomobilə yüklənməsi həyata keçirilmişdir ki, bu da Təqsirləndirilən şəxs kahı yüklərini bilavasitə yaxın məsafədən vizual olaraq müşahidə etmək imkanını məhdudlaşdırmışdır. Yük yükləndikdən sonra avtomobilin yük yeri möhürlənmiş, Təqsirləndirilən şəxs yük yerinə hər hansı fiziki müdaxilə imkanı olmamışdır. Bundan başqa avtomobilin yük yerində olan kahı yükündə içərisində narkotik vasitə yerləşdirilmiş “kahılar” fiziki görünüşcə təbii kahılardan fərqlənməmişdir. Həmin yükdə narkotik vasitənin olması yalnız texniki qurğu – rentgen aparatı, həmçinin kinoloq tərəfindən xidməti it tətbiq edilməklə aşkar edilmişdir. Bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs həmin yüklərə hətta vizual olaraq ətraflı baxış keçirmiş olsaydı belə, içərisində narkotik vasitə olan kahılarla təbii kahıları fərqləndirə bilməzdi. Bu zaman onu da nəzərə almaq lazımdır ki, içərisində narkotik vasitə olan kahılar ümumi yükün (10000 kq) çox kiçik bir hissəsini (23 kq 555 qram) yəni, 1/425 hissəsini təşkil etmişdir. Eləcə də, o, yükün sahibini şəxsən tanımamış, həmin şəxs onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq yükün Rusiya Federasiyasında hara daşınması ilə bağlı təlimatlar vermişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefona baxış zamanı onun təqsirini sübut edən hər hansı səsli və ya yazılı ismarıc, fotoşəkil, videoyazı və sair məlumatlar aşkar olunmamış, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı işin hallarına uyğun, hər hansı digər sübutla ziddiyyət təşkil etməyən ifadələr verməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs avtomobilin yük yerində aşkar olunmuş narkotik vasitədən məlumatı olmaması barədə ifadəsində göstərdiyi xüsusatlar cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş heç bir sübutla təkzib edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 38.3-cü maddəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Beynəlxalq yükdaşımaları müqaviləsi haqqında” 19 may 1956-cı il tarixli Cenevrə Konvensiyasının 8ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, beynəlxalq yükü qəbul edən avtomobil sürücüsü (daşıyıcı) yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Yəni, sürücü (daşıyıcı) yükü qəbul edərkən qabların və möhürlərin bütövlüyünü yoxlamalı, say və miqdarda uyğunsuzluq varsa bu barədə CMR qaiməsində qeyd etməli, əgər yükdə zədələnmə və uyğunsuzluq görürsə, qeyd yazmadan imza atmamalıdır. Görünüdüyü kimi beynəlxalq qanunvericilikdə də sürücünün yükləri yalnız vizual yoxlama vəzifəsi təsbit edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, ibtiidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddənin tələblərinə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, eskpertiza tədqiqatından sonra qalıq çəkisi 23553,0 qram qurudulmuş marixuana materiala əlavə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Scania” markalı, KH069HT34 qeydiyyat nişanlı dartıcı və “Schmitz” markalı, EB185734 qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin mülkiyyətçinin nümayəndəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, 19 sentyabr 2025-ci il tarixli, 01 nömrəli invoysa əsasən netto çəkisi 8550 kq, dəyəri 5472 dollar təşkil edən “təzə kahı” yükünün realizə edilməsindən əldə olunmuş və Dövlət Gömrük Komitəsinin depozit hesabına köçürülmüş 5070 (beş min yetmiş) manat məbləğində pul xüsusi müsadirə predmeti ola biləcəyindən (malın qanuni sahibinin əməlində cinayət tərkibinin olub-olmamasından asılı olaraq) həmin məbləğin malın qanuni sahibinə qaytarılması məsələsi hazırki cinayət işində ayrılmış ********* nömrəli cinayət işi üzrə həll edilməlidir. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 220 (iki yüz iyirmi) manat ekspertiza xərcinin-məhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 51-2, 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 220 (iki yüz iyirmi) manat məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, ekspert tədqiqatından sonrakı qalıq çəkisi 23553,0 qram olan qurudulmuş marixuana materiala əlavə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Scania” markalı, KH069HT34 qeydiyyat nişanlı dartıcı və “Schmitz” markalı, EB185734 qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin mülkiyyətçinin nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, 19 sentyabr 2025-ci il tarixli, 01 nömrəli invoysa əsasən netto çəkisi 8550 kq, dəyəri 5472 dollar təşkil edən “təzə kahı” yükünün realizə edilməsindən əldə olunmuş və Dövlət Gömrük Komitəsinin depozit hesabına köçürülmüş 5070 (beş min yetmiş) manat məbləğində pulun qanuni sahibinə qaytarılması məsələsinin hazırki cinayət işindən ayrılmış Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə həll edilməli olması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar