Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-609/2024 09.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşları “Yaşar” və “Baba” adlı şəxslər və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, şəxsiyyəti istintaqla araşdırılan “Yaşar” və “Baba” adlı şəxslər və qeyrilərinin naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Hacıqabul rayonu ərazisində gizlətdikləri külli miqdarda - 11 kq 200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı-Qazax sərhədi avtomobil yolunun 102-ci kilometrliyində, Hacıqabul rayonu Pirsaat yaşayış məntəqəsindən keçən hissəsində yolun kənarına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 aprel 2024-cü il tarixdə saat 22:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq BDYPİ YPX alayının 7-ci taqımının 720 saylı YPX stasionar postunun inzibati binasına gətirilmiş və orada həmin gün saat 23:35-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əlində saxladığı satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd qara rəngli, üzəri yapışqanlı lentlə sarınmış qara rəngli sellofan bağlamadan tərkiblərinə görə eyni olan 07 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 950 qram, 2000 qram, 2050 qram, 1650 qram, 1750 qram, 1000 qram və 1800 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 11 kq 200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən bir ildir ki, Baba adlı şəxslə əlaqəsi var, 04 aprel 2024-cü il tarixdə Bakı şəhərinə işləmək üçün getsə də işləri qaydasında getmədiyindən Baba adlı şəxsin vasitəsilə iranlı Yaşar adlı şəxslə tanış olmuşdur. Yaşar adlı şəxs ona Hacıqabul rayonunda 5-6 kiloqram narkotik vasitə qurudulmuş marixuana olduğunu, onları oradan götürüb Bakıda deyilən ünvana çatdıracağı halda ona 1000 manat pul verəcəyini bildirmiş, o da razılaşmışdır. 05 aprel 2024-cü il tarixdə Bakı şəhərindəki avtovağzaldan Hacıqabul rayonuna gəlmiş, Hacıqabula çatanda Yaşara bildirmiş və Yaşar da içərisində həmin narkotik vasitələr olan bağlamanın saxlanıldığı yerin şəklini atmışdır. O, taksini saxlatdırıb maşından düşmüş və Yaşarın ona dediyi yerə getmişdir. Orada şəkildə olduğu kimi qara rəngli bağlama olmuş, o, həmin bağlamanı oradan götürüb yolun kənarına çıxmış və Bakı istiqamətində gedən maşınlara saxlamaları üçün əl etməyə başlamışdır. Daha sonra isə polis əməkdaşları vəsiqələrini təqdim edərək ona yaxınlaşıb və polis şöbəsinə aparmışlar. Bu əməli pula ehtiyacı olduğu üçün törətmişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni daşıması müqabilində ona 1000 manat pul veriləcəkdi, əvvəllər Yaşar adlı şəxsə məxsus narkotik vasitəni daşımamışdır, ona polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsir tətbiq edilməmişdir, Yaşar adlı şəxs qurudulmuş marixuana növündə narkotik vasitənin çəkisinin 5-6 kq olacağını bildirmişdir, əməlindən peşmandır, maddi cəhətdən çətin vəziyyətdə olduğundan və anası göz xəstəsi olduğundan bu əməli törətmiş, narkotik vasitəni daşıması müqabilində qazanacağı pulla anasını müalicə etdirmək istəmişdir, iş materiallarında yazılan və şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş ona məxsus “Redmi” markalı telefonda olan yazışmalar onunla İran İslam Respublikası vətəndaşı kimi Yaşar adlı tanıdığı şəxs arasında olmuşdur, telefondakı səs yazıları ona məxsusdur. Sonda təqsirləndirilən şəxs sonda ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini tam şəkildə etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsi və satışı ilə məşğul olması barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın araşdırılması ilə bağlı polis şöbəsində əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupunun rəhbəri təyin olunmuşdur. 05 aprel 2024-cü il tarixdə Hacıqabul rayonu ərazisində barəsində əməliyyat məlumatı daxil olmuş Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib, həmin əraziyə yaxınlıqda yerləşən X8 binasına dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq baxış keçirilmiş və üzərindən narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Verilən suallara cavab olaraq şahid M.Qəhrəmanov bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur, müdafiəçi şübhəli şəxs saxlanıldıqdan təxminən 1 saat sonra dəvət olunmuşdur, əməliyyat məlumatında narkotik vasitənin dəqiq çəkisi bildirilməmiş, sadəcə külli miqdarda olması məlum olmuşdur, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsini soruşduqda o, narkotik vasitəni iranlı bir nəfərin istiqamət verməsi ilə əldə etməsini, həmin narkotik vasitəni Hacıqabul rayonundan Bakı şəhərinə aparıb deyilən ünvana çatdırması müqabilində 1000 manat pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs nə üçün cinayət törətməyə razılaşdığını soruşduqda cavabında pula ehtiyacı olduğunu, anasının gözündən əməliyyat olunmalı olduğunu və buna görə də pul əldə etmək üçün bu yola əl atdığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təsir olunduğunun şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-ın əməkdaşları Şahid2 Şahid1la eyniməzmunlu ifadə verərək, verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təsir olunduğunun şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 və Şahid2 ilə eyniməzmunlu ifadə verərək, suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanarkən polis əməkdaşlarına hansısa formada etiraz bildirməmiş, əksinə özü bildirmişdir ki, iranlı vasitəsilə həmin narkotik vasitəni əldə edib və pul qarşılığında Bakıda deyilən ünvana çatdırmalıdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təsir olunduğunun şahidi olmamışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. - İşdə olan :-«şübhəli şəxsin tutulması haqqında» 5 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 19-20) - «şəxsi axtarış və götürmə aparılması haqqında» 5 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2024-cü il tarixdə saat 22:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq BDYPİ YPX alayının 7-ci taqımının 720 saylı YPX stasionar postunun inzibati binasına gətirilmiş və orada həmin gün saat 23:35-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əlində saxladığı satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd qara rəngli, üzəri yapışqanlı lentlə sarınmış qara rəngli sellofan bağlamadan tərkiblərinə görə eyni olan 07 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 950 qram, 2000 qram, 2050 qram, 1650 qram, 1750 qram, 1000 qram və 1800 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 11 kq 200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və həmçinin üzərindən aşkar edilmiş bir ədəd “ Redmi” markalı mobil telefon götürülmüşdür.(i.v.29-32) - «Məhkəmə-bioloji ekspertizası»nın 06 aprel 2024-cü il tarixli, 14/416 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr” yazı və imzalar olan sintetik kisədəki 7(yeddi) ədəd üzərləri yapışqan lentlə bağlanmış şəffaf sellofon paketlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri, 950 qram, 2000 qram, 2050 qram, 1650 qram, 1750 qram, 1000 qram, 1800 qram, ümumi təmiz çəkisi 11200 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır və tərkiblərinə görə eynidirlər. ( iş vərəqi 40-44 ) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 13 mart 2024-cü il tarixli, 3219 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs kannaboidlərdən istifadə etmə halları olub, lakin, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Gözəlov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.” (i.v.164-165) - «təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 7 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (i.v. 71-73) - «təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur.(i.v.194-196) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2024-cü il tarixli, 4(005)- 467/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ( i.v. 97-101) - “Mobil telefona baxış keçirilməsi haqqında 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefona baxış zamanı telefonun yaddaşında “Whatsaap Business” ani mesajlaşma mübadilə sistemində Təqsirləndirilən şəxs +99***-***-**-** GSM mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi və həmin proqramda qeydə alınmış ***-***-**-** mobil nömrə istifadəçisi ilə arasında aşağıdakı kimi səs yazıları və SMS mətnləri aşkar edilmişdir: Qardaş mənə birdənə zəng edirsən? (********** mobil nömrə istifadəçisindən səs yazı) Kimi? (Təqsirləndirilən şəxs yazı) 3 dəqiqə səsli zəng Qardaş nətərsən? Yaxşısan? Sabah sənə zəng edəcəm iş barəsində danışarıq. İstəsən şəxsiyət vəsiqəni verərsən mənə əlaqədə işləyərik. İşləməsən də özün bilən məsləhətdir. Qardaşım belə deyim də sənə, mən işləmək istiyirəm. Başqa cür başa düşmə mənim anam xəstədi. Sırf bundan dolayı mən işləmək istəyirəm. Ofisiant işləməklə problemləri həll etmək olmur. Məni narahat edən o oldu ki, bu şəxsiyyət vəsiqəsi məsələsi. (Təqsirləndirilən şəxs səs yazı) Oldu qardaş sabah nahardan sonra mənə zəng elə səninlə işim var. (********** mobil nömrə istifadəçisindən səs yazı) Yaxşı qardaş, gözüm üstə. Saat 1 üçün, 12 üçün uyğundur? (Təqsirləndirilən şəxs səs yazı) 6 dəqiqə səsli zəng Salam, Yaşar, hər vaxtın xeyir olsun. Mən işə gedirəm axşam da gec çıxacam 2-də, 1-də belə çıxacam. Sabahda kı biz başlayırıq da. Mən Hacıqabuldan gedib götürəcəm də? Mən Hacıqabuldan əlbəəl götürücəm? Yoxsa harasa qoyacaqlar götürəcəm? Yəqin ki, əlbəəl götürərəm? (Təqsirləndirilən şəxs səs yazı) Salam gör nə deyirəm. Bu gün ayrı adam göndərirəm gətirər. Sən işini işlə. Sabah da, biri gündə qurtarsın, səni göndərəcəm. (********** mobil nömrə istifadəçisindən səs yazı) Oldu. Neçə kq götürəcəm? Sabah boş olacam sabah götürsəm yaxşıdır. Özü verəcək mənə Hacıqabulda? Yoxsa harasa qoyacaq götürəcəm? (Təqsirləndirilən şəxs yazı) Qaqa nətərsən? Səs at da mənə. 5 kilo əmanətləri Hacıqabuldan götürüb ya Bakıya gətirib bir ünvanda verə bilərsən hamısın bir yerdə, özündə edə bilərsən ünvana atasan. Gör qəbul edirsənsə bu gün get götür. Bir dənə qadın var kola çəkir. Prosta çox yatır. (********** mobil nömrə istifadəçisindən səs yazı) Bu gün getmək istəyirəme alınmır. Ora getmək üçün mənə pul lazımdı. Bu gün gedim işləyim sabah başlayaq. (Təqsirləndirilən şəxs səs yazı) Mən istəyirəm bu qadını yollayam. Qadın da kola çəkəndi. Gedərdin bunu götürürədin, gətirib bir yerdə verərdin mənə. Bir saat 20 dəqiqəlik yoldu. Balamın canı, Allaha and olsun o qadınla 1000 manat danışdım. Gedək götürək gələk bir yerdə bir ünvan qoyaq. (********** mobil nömrə istifadəçisindən səs yazı) Yaxşı qoy mən onu yollayım. Sabah sənlə iş görərik. (********** mobil nömrə istifadəçisindən səs yazı) Yaxşı onda sabah danışarıq mütləq. (Təqsirləndirilən şəxs səs yazı) Mən bir şey başa düşmədim sən Azərbaycandasan yoxsa İranda? Ay qaqa mən Azərbaycan neyniyirəm. İrandayam. Görüntülü zəng elə görsədim. (********** mobil nömrə istifadəçisindən səs yazı) Bəs bu səsdə deyirsən get götür, gətir ver mənə. Necə olur bəs? Yəni ver mənim adamıma. Mənim özüm orda deyiləmki. (********** mobil nömrə istifadəçisindən səs yazı) Bilirsən mən sabah sənlə bu işi görəcəm. Mən bilmək istiyirəm nəyi necə edəcəm. Bayaqları telefonda danışanda dedinki, yüz-yüz, iki yüz-iki yüz atacaqsan. İndi deyirsən hamısı bir yerdə. Görüşəcəksən. Mən görüşüb verəcəm yoxsa necə. Mən sabah üçün danışıram. İndidən mənə izah elə başa düşüm. (Təqsirləndirilən şəxs səs yazı) Qaqa sən deyirsən bu günə qurtarır, bəlkə bu iki günə qutaracaq. Eləyə bilirsənsə ünvana sən atırsansa at. Eləyə bilmirsənsə bir yerdə hamısın ver mənim adamıma pulu yığılsın. (********** mobil nömrə istifadəçisindən səs yazı) İndi bax mən bu adamı yollasam bu gün sabah iş olmaya bilər. Qala 2-3 gündən sonraya. (********** mobil nömrə istifadəçisindən səs yazı) Yaxşı sən mənə 1 gün qabaqcadan xəbər elə ki işimiz olacaq. Kilosunu da kı 600- 700-dən danışdıqda. (Təqsirləndirilən şəxs səs yazı) Oldu. (********** mobil nömrə istifadəçisindən yazı) Ama mənə bir gün qabqacadan xəbər elə. Əgər bu gün götürülən qurtarsa, axşamdan mənə denən sabah başlayaq. (Təqsirləndirilən şəxs səs yazı) Yaxşı qardaş. Getdin işə? (********** mobil nömrə istifadəçisindən yazı) Bəli gəlmişəm işdəyəm. (Təqsirləndirilən şəxs səs yazı) Bu gün getməsəydin nolardı. Mənə deyərdin sənə pul verərdim getməyərdin. Bu arvad telefonlarıma cavab vermir. Sən mənə demədin axı mən sənə pul göndərim sən get o işin arxasınca. Əgər alınsa məndə onu səndən çox istəyirəm. Əgər bu gün 40 manat qazansam sən dediyinlə daha çox arada əməlli fərq var.Amma ki mənim o ünvana getməyim üçün pul lazımdı. Oda yoxdu. (Təqsirləndirilən şəxs səs yazı) Əgər alınırsa səbrli ol sabah başlayaq. Mən sabahdan istəyirəm ki, başqa işin ardınca getməyim. (Təqsirləndirilən şəxs səs yazı) 50 manat pul olsa idi gedib qayıdardında sən. (********** mobil nömrə istifadəçisindən səs yazı) Adamım rayondandı. Gedəcək qalmayacaq. İstiyir o ünvana görə çıxa gedə. (********** mobil nömrə istifadəçisindən səs yazı) 50 manatım olsa idi gedərdim. Yoxdu axı. (Təqsirləndirilən şəxs səs yazı) Mənə deyərdin vurardım. Gör o işdən çıxa bilirsənsə mən vurum çıx get. (********** mobil nömrə istifadəçisindən səs yazı) Bir dəfə mən bu işi görəndən sonra mənim əlimdə pul olacaq. Ondan sonra rahat olacaq. İlərləyən zamalarda maşında alaram vapşe zor olar. (Təqsirləndirilən şəxs səs yazı) Mənim üzüm gəlmədi sənə deyim pulum yoxdu. Çünki səni təzə tanıyıram. (Təqsirləndirilən şəxs səs yazı) Hədə sən biraz işdəsən özünə maşında alarsan. (********** mobil nömrə istifadəçisindən səs yazı) Gəl belə edək də, sən o malı saxla mən sabah gedib nə vaxt deyirsən götürüm. (Təqsirləndirilən şəxs səs yazı) Ay gaga o adamim Fuzilidən geri gəlmez axi özü də 1 saatdı çixib yoldadi. (********** mobil nömrə istifadəçisindən yazı) Qardaş o mal hacıqabulda deyil? Fuzili hara Hacıqabul hara. (Təqsirləndirilən şəxs səs yazı) Qaqa gəlir ora də, gəlməyəcək, malı verib qayıdır. (********** mobil nömrə istifadəçisindən yazı) Hə bildim. (Təqsirləndirilən şəxs yazı) Səndən bir xahişim var neynirsən elə ki mən sabah iş işdiyimdə bildin necə. Çünki başqa işlərə getməyəcəm. (Təqsirləndirilən şəxs səs yazı) 1 dəqiqə səsli zəng Söz soruşum. Mən sumka çamadan nəsə bir şey götürüm onu götürmək üçün? Yoxsa onun özündəki ? şübhə çəkməsin də ona görə deyirəm. (Təqsirləndirilən şəxs səs yazı) Qardaş yoxe bağlamadı da, neynirsen sumkanı. (********** mobil nömrə istifadəçisindən səs yazı) Bilirsən nəyə görə deyirəm kənardan diqqət çəkməsin. (Təqsirləndirilən şəxs səs yazı) Özün bilərsən götürürsən götür. 6-7 kilo maldı. Onu sumkaya soxmaq lazım deyil ki, özü sellofana bağlanıb, sumka kimi bir şeydi. Qoyassan maşına götürüb gələssən. (********** mobil nömrə istifadəçisindən səs yazı) Fotoşəkill. (********** mobil nömrə istifadəçisindən) 6 kilo 700 qram 7 kilo hesabla sən. (********** mobil nömrə istifadəçisindən səs yazı) Malımızın bağlaması budu bax. Bütöv sumka lazım deyil. (mobil nömrə istifadəçisindən səs yazı) Hə bildim başa düşdüm. (Təqsirləndirilən şəxs səs yazı) Qaqa sən get Hacıqabula çat yaxşı. Hacıqabulda olanda mənə denən deyim malı qoysun, sənə konum verəcəm, şəkil verəcəm. Gedib rahat götürəssən. (********** mobil nömrə istifadəçisindən səs yazı) Oldu əzizim. Bu səfər məni yola ver birinci səfərdi. O qədərədə məlumatlı deyiləm. Növbəti dəfələrdə öyrəşəcəm. Özümündə qismət olar maşınımın olanda rahat olacam. (Təqsirləndirilən şəxs səs yazı) Bildim sənin qadanı alaram. Elə get ki, saat 7 olsun. Hava qaranlıqlayan kimi ünvanı götürək qayıdaq gələk. Saat yeddi, səkkizin yarısı götürsən ona kimi Bakıda verərsən özümüzə paylıyarsız. Ordan çıxdın mənə zəng elə de. (********** mobil nömrə istifadəçisindən səs yazı) Yaxşı oldu əzizim baş üstə. (Təqsirləndirilən şəxs səs yazı) Gör nə deyirəm. Bəlkə malı mən özüm paylayım. Yeddi kilodu düzdü. Danışdığımız qiymətlə paylayım, hara lazımdı verim. (Təqsirləndirilən şəxs səs yazı) Maşının pulun yiğmaq lazımdı ya yox. (Təqsirləndirilən şəxs səs yazı) Mən uje çıxdım burdan. (Təqsirləndirilən şəxs səs yazı) Paylaya biləcəksənsə, konum ata biləcəksənsə problem yoxdu. Sən payla qazancı sən götür. Başqasına verməyək. Çıx ora çatana 20 dəq qalmış mənə xəbər elə. (********** mobil nömrə istifadəçisindən səs yazı) Bu boyda ora əziyyət çəkib gedib götürürəmsə paylamağa nə var ki. (Təqsirləndirilən şəxs səs yazı) Hə yaxşı gətir özün payla. (********** mobil nömrə istifadəçisindən səs yazı) Onuda deyim ki mən Hacıqabula getməmişəm. Hacıqabula gedən adam bilməlidi ki, harda düşməlidi. Sən mənə bir dənə yer denən. O adama denən mənə bir yer desin gedim orda düşüm. (Təqsirləndirilən şəxs səs yazı) 2 dəq səsli zəng Baba mən işdən çıxmışam. Gedirəm evə sumka deyirdime sənə onu götürməyə. Sonra gəlməliyəm şamaxinka deyilən yerə ordan getməliyəm. Mənim ora getməyim bəlkə saat səkkizə gedib çatacaq. Əgər sifariş verib getsəm 70-80 manat edəcək. Məndə də 50 manat pul var. (Təqsirləndirilən şəxs səs yazı) Mən məcburam ki, yol maşını ilə gedim. Əsas çətinliyim gedib malı ora götürüb qayıtmaqdır. Ondan sonra çətinliyim olmayacaq. Gedim malı götürüm gətirim evə. Ondan sonra qaldığım yerə yaxın ünvanlara atacam. Ondan sonra mənə pul lazım deyil rahat. (Təqsirləndirilən şəxs səs yazı) Mən ora saat səkkizə ancaq gedib çatacam. Gör o adam Bakıya gələ bilir. Mən Hacıqabul da tanımıram. Bilmirəm indi necə gedim. Getməlyəm Şamaxinkaya ordan gedir maşınlar. Görüm indi necə edəcəm. (Təqsirləndirilən şəxs səs yazı) Ay qaqa sən nə deyirsən saat səkkizə doqquza nədi. Sən indi get ora. Sən çat o adamında 40 dəqiqəlik yolu var. Sən get çat ora sənə konum atsın. Şəkil atsın. Malı götür gəl. (********** mobil nömrə istifadəçisindən səs yazı) Bildime. Mən sumkanı götürüb çıxıram. Mənim ora çatmağım saat səkkizə ancaq. Çünki yol uzaqdı mən xəritədə baxdım saat yarımlıq yoldu. Zakazla olsa problem yoxdu. Mən saat 7-yə özümü çatdıraram ora. Ona da ki 150 manat lazımdı. (Təqsirləndirilən şəxs səs yazı) Atdıra bilirsənsə mənə 100 manat atdır. Mən yol maşını ilə girinc olmuyum. O da orda çox gözləməsin. (Təqsirləndirilən şəxs səs yazı) 32 saniyə səsli zəng. Sumkanı götürmüşəm. Evdən çıxmışam. Yarım saata maşınların olduğu yerə çatacam. (Təqsirləndirilən şəxs səs yazı) O çatanda soruş gör Hacıqbaulun hansı tərəfindədir. O çatanda taksiyə deyim o tərəfə sürsün. Birdə girinc olmuyum. Ora da şəhər deyil ki çatım bir də taksi axtarım. (Təqsirləndirilən şəxs səs yazı) Yaxşı bildim qadan alım. (********** mobil nömrə istifadəçisindən səs yazı) Mən Hacıqabulu tanımadığım üçün həm də birinci səfərdi məni başa düş və səbrli ol. Başa düşürəm biraz əsəb gəlir sənə. Səbrli ol birincini həll edib qalanları yaxşı olacaq. (Təqsirləndirilən şəxs səs yazı) Canın sağolsun. Olar əvvəlidir də düzələcək sonra. (********** mobil nömrə istifadəçisindən səs yazı) 18 saniyə səsli zəng. Tapmışam maşın. (Təqsirləndirilən şəxs səs yazı) Yaxşı. (********** mobil nömrə istifadəçisindən səs yazı) Yol maşınıdı. Adam toplayacaq bu. Yarım saat çəkəcək. Soruşmuşam şoferdən. Deyir maşın tərpənən kimi 1 saat 20 dəqiqəyə ordayıq. (Təqsirləndirilən şəxs səs yazı) Sən ordan çıx yarım saat yol gedəndən sonra mənə denən konum atım sənə. (********** mobil nömrə istifadəçisindən səs yazı) Yaxşı, əzizim. (Təqsirləndirilən şəxs səs yazı) 1 dəqiqə səsli zəng. Bir nəfər özü tapıb. 2 nəfərin pulunu da mən verəcəm. (********** mobil nömrə istifadəçisindən səs yazı) Hə vaxtdı min get. (********** mobil nömrə istifadəçisindən səs yazı) Sən mənə konumu ver mən çıxdım uje. (Təqsirləndirilən şəxs səs yazı) Sən məni zamanla tanıyacaqsan. Mən heç kəsin bir qəpiyinində arxasına keçən deyiləm. Nədisə odu. Mən sənə yalandan heç nə demərəm. (Təqsirləndirilən şəxs səs yazı) Gör nə deyirəm 20 dəqiqə yolun qalandan mən ondan konumu alıb atıram sənə. Birbaşa konumun üstünə gedib götürüb qayıdırsan Bakıya. Sən 20 dəqiqə yolun qalanda mənə xəbər et denən yetirmişəm. Mən ünvana qoydurum. (********** mobil nömrə istifadəçisindən səs yazı) Bildim əzizim arxayın ol. Mən getdiyim maşınla qayıtmayacam başqa maşın tapıb qayıdacam. (Təqsirləndirilən şəxs səs yazı) Bildim 20 dəqiqə yolun qalanda mənə deyirsən. Konum atıram sənə. Gedirsən ora. Lap konumdan 10 metr qabaqda düşürsən. Onu yola sal getsin. Amanatları yerbəyer elə qayıt, ayrı maşın çağır çıx gəl. (********** mobil nömrə istifadəçisindən səs yazı) Yaxşı əzizim başa düşdüm. Eliyəcəm onu. (Təqsirləndirilən şəxs səs yazı) Qardaş bir xəritədə bax gör nə qədər yolun qalıb. (********** mobil nömrə istifadəçisindən səs yazı) Gör nə deyirəm biz təzə çıxmışıq da. Yəqin 1 saat 15 dəqiqəyə, 1 saat 20 dəqiqəyə çatarıq. (Təqsirləndirilən şəxs səs yazı) Yaxşı qardaş 20 dəqiqə yolun qalanda deyərsən. (********** mobil nömrə istifadəçisindən səs yazı) Prosta konumu atanda gecikdirmə. Sən konumu atanda məndə dayıya deyim sürsün ora. (Təqsirləndirilən şəxs səs yazı) Sənin 20 dəqiqə yolun qalanda konumu sənə atacam. (********** mobil nömrə istifadəçisindən səs yazı) Oldu qardaş. (Təqsirləndirilən şəxs yazı) Bizim 30 dəqiqə yolumuz qalıb. (Təqsirləndirilən şəxs səs yazı) Yaxşı qadanalım. (********** mobil nömrə istifadəçisindən səs yazı) Sən istiyirsənsə at konumu. (Təqsirləndirilən şəxs səs yazı) 10 dəqiqə qala mənə de. (********** mobil nömrə istifadəçisindən səs yazı) Atırsan uje mənim 11 dəqiqəm qalıb. (Təqsirləndirilən şəxs səs yazı) Hələ bir get darıxma. (********** mobil nömrə istifadəçisindən səs yazı) Biz uje çatmışıq bir iki dəqiqəlik yol qalıb. Bu da yol maşınıdı məni gözləyə bilməz başa düşürsən. (Təqsirləndirilən şəxs səs yazı) Çatmışam mən. Qardaş nə oldu. (Təqsirləndirilən şəxs yazı) 20 saniyə səsli zəng. 22 saniyə səsli zəng. Qardaş bu gec atacaqsa mən bu kişinin 20 manatın verim. Ora başqa maşınla gələrəm. (Təqsirləndirilən şəxs səs yazı) Konum. (********** mobil nömrə istifadəçisindən) Get tez bura. (********** mobil nömrə istifadəçisindən yazı) Nə qədər yolun var ? (********** mobil nömrə istifadəçisindən yazı) Vurduğun konuma gəlirik zəng eləmə ki atdığın konuma rahat gəlib çıxa bilək. (Təqsirləndirilən şəxs səs yazı) Fotoşəkillər. (********** mobil nömrə istifadəçisindən) 90 znakının sağında yolun qırağında kolun dibində görəcək. (mobil nömrə istifadəçisindən yazı) Sənin qadan alim götür tez mənə xəbər elə. (********** mobil nömrə istifadəçisindən yazı) Şəkile bax. Ay qaqa, nə qədər yoldu? (********** mobil nömrə istifadəçisindən yazı) Qaqa, nə xəbər? (********** mobil nömrə istifadəçisindən yazı) Çatmışam buralardayam götürüm tez xəbər edəcem. (Təqsirləndirilən şəxs səs yazı) Adama dedim malı o yerə qoymuşdu yerin dəyişdi. Deyir 2 dəqiqəyə dəyişib atıram sənə (********** mobil nömrə istifadəçisindən səs yazı) Sən gec gəldin çıxdın. Oda düz trasın yanına qoymuşdu. Gəlib gedən görürdü. Dedim yerin dəyiş. 2 dəqiqəyə dəyişdirirəm. (********** mobil nömrə istifadəçisindən səs yazı) Ora getmə. Səsə qulaq as bir. 3 dəqiqə dayan, atır dedim dəyişir. (********** mobil nömrə istifadəçisindən yazı) Onu sənə deyim başın gedib uzağa atmasın. Mən piyadayam yolun düzündə. (Təqsirləndirilən şəxs səs yazı) Yaxşi gadan alim 5 dəqiqəyə atır. (********** mobil nömrə istifadəçisindən səs yazı) Tez götür də, yubanma (********** mobil nömrə istifadəçisindən səs yazı) Həyacan basıb uje əsirəm. Elə eləsinki aydın düşsün mən gedib tapa bilim. Birinci səfərdi. (Təqsirləndirilən şəxs səs yazı) O ordan götürüb onu? Mən baxdım tapa bilmədim axı. (Təqsirləndirilən şəxs səs yazı) Sən yubandın, mən narahat oldum, cavab vermədin. Mən də götüzdürdüm başqa yerə qoydurdum. Malı götürüb gedərdilər yol qırağı idi. Dedim yaxşı yerə qoy rahat gəlib götürsün. Deyir 2 dəqiqəyə atıram. (********** mobil nömrə istifadəçisindən səs yazı) Hə, hə götürüb başqa yerə qoyubda. Bi-iki dəqiqəyə səndədi. (********** mobil nömrə istifadəçisindən səs yazı) Sən canı tapşır uzağa aparmasın mən piyadayam. (Təqsirləndirilən şəxs səs yazı) Dedim 500 metr qabağa atsın. (********** mobil nömrə istifadəçisindən səs yazı) Konum və fotoşəkil. (********** mobil nömrə istifadəçisindən) 16 dəqiqəlik yoldu. 1200 metr məsafəyə atıb da. (Təqsirləndirilən şəxs səs yazı) Yaxındanda şəkli var? Bayaq ətraflı atmışdı. Rahat tapmaq olurdu. (Təqsirləndirilən şəxs səs yazı) Qaqa yol qırağı işarə qoyduğum yer. Yaxşıdı görəcəksen. Yaxşı əzizim, 16 dəqiqəlik yolum var mənim piyada. Götürüm xəbər edəcəm sənə. (Təqsirləndirilən şəxs səs yazı) Fotoşəkil. (********** mobil nömrə istifadəçisindən) Nə qədər qalır ?. (********** mobil nömrə istifadəçisindən yazı) Çatmışam, götürmüşəm, məndədi. Prosta bu mənim sumkama yerləşməz. Mənim sumkama uyğun ölçüdə deyil. Sumkam balacadı. (Təqsirləndirilən şəxs səs yazı) Hə qadan alım ordan götür get. (********** mobil nömrə istifadəçisindən səs yazı) Narahat olma məndədi. Bir dənə problem olmasın sağ salamat evə çatım. (Təqsirləndirilən şəxs səs yazı) Ne vaxta çatarsan evə? Oldu qadan alim. (********** mobil nömrə istifadəçisindən yazı) Qardaş yolun qirağındayam trasdı. Hansı maşın saxlasa minib gedəcəm. (Təqsirləndirilən şəxs səs yazı) Belə işə bilirsən necə, əlində pul olar, vurdun gəldin, şofer ağzın açan kimi deyirsən qardaş varımdı nə lazımdı verim, sox içinə sakit qal. Şofer mənim başımı xarab elədi də. 20 manata danışmışdıq 5 manat da əlavə verdim. Haram xoşu olsun. Özünə də dedim halal eləmirəm. (Təqsirləndirilən şəxs səs yazı) Bu işə qardaş ən gözəli nədi. Ya özünün maşını ola, özünün maşının da yoxdusa sifarişlə taksi. Yada ki tanıdığın adam ola, tanıdığım adam da var 100 manat ver, denən qardaş apar məni gətir. (Təqsirləndirilən şəxs səs yazı) Bildim qadan alım. Başa düşdüm səni. (********** mobil nömrə istifadəçisindən) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5 qram, külli miqdarının (qramla) isə aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 7 ədəd bükümdə 11.200 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda qurudulmuş marixuana əldə edib bu maddəni çəkilib ayrı-ayrı hissələrə bölünüb çoxsaylı (7 ədəd) xırda bükümlərdə qablaşdırılmış vəziyyətdə həmin bükümləri üzərində saxlamaqla yaşadığı ərazidən bilavasitə kənarda daşıması onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Yaşar adlı şəxsin Hacıqabul rayonuna qoydurduğu 5-6 kq qurudulmuş marixuananı götürmək üçün getdiyi ilə bağlı ifadəsinə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxs həm məhkəmə istintaqında verdiyi etirafedici ifadəsindən, həm də ona məxsus “Redmi” telefonunun whatsap proqramında olan yazışmalardan görünür ki, ***-***-**-** telefon nömrəsinin şəklini çəkib atdığı bağlama götürdüyü bağlama olmuşdur və üzərindən aşkar olunmuş bağlama 11 kq200 qram qurudulmuş marixuana növündə narkotik vasitələrdən ibarətdir. Həmçinin, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin bildirdiyi çəki (5-6 kq) üzərində daşıdığı narkotik vasitənin çəkisindən 2 qat az olmaqla, dərhal hiss ediləndir. Qeyd olunan səbəbdən Təqsirləndirilən şəxs istəməsə idi əldə etmək üçün gəldiyi narkotik vasitəni götürməkdən imtina edə biləcəyi halda, 11 kq 200 qram çəkidə qurudulmuş marixuana növündə narkotik vasitəni bilərək, tamah niyətilə və satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamış və daşımışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi onun etirafedici ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 06 aprel 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının 14/416 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 13 mart 2024-cü il tarixli, 3219 nömrəli rəyi, “Redmi” markalı mobil telefona baxış protokolu və ona əlavə edilmiş fotoşəkillər, maddi sübut qərarı və digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında 20 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.166-167) - Masallı Rayon İcra Hakimiyyəti Başçısının Birinci Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 5-66-12/2- 80/2024 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 8 sentyabr 1999-cu ildə Masallı rayonu, Xırmandadlı kəndində anadan olmuşdur. X2 10 avqust 1975-ci il təvəllüdlüdür, Xırmandalı kənd X.Məmmədov adına tam orta məktəbində xadimə işləyir. Təqsirləndirilən şəxs hal-hazırda Xırmandalı kəndində qeydiyyatda olsa da, həmin ərazidə yaşamır. (i.v 154-157) - Cinayət işinin materiallarına əlavə edilmiş haqqında elektron məhkəmə sistemindən şəxsi məlumatlara dair çıxarışdan görünür ki, təqsirləndirilən şəxs Faiq X1 adında xx.xx.2020-ci il tarixli azyaşlı övladı vardır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət törətməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını, həmçinin, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində minimum həddə cəzalandırılmalıdır ki, həm cəzanın məqsədlərinə xidmət etsin, həm də təqsirləndirilən şəxsin ailəsi onun varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunmuş olsun. Əks təqdirdə, təqsirləndirilən şəxsə daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar etməklə, təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Bundan əlavə, Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət- Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 5 aprel 2024-cü il tarixdən hesablanmalı və Nərimanov Rayon Məhkəməsinin 4(005)-467/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, xx.xx.2024-cü il tarixli rəyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altımış manat səksən) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və keçirilmiş məhkəmə-fiziki kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 11198,6 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş «Redmi» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvlərinə qaytarılmalı, 1(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarı, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 5 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 11198,6 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş «Redmi» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 1(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci olan 60,80 (altımış manat səksən) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-609/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-609/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver