Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-609/2025 06.03.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1953-cü ildə Cəlilabad rayonun Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Cəlilabad şəhəri, Ə.Vahid küçəsi, ev 95-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə, 28 avqust 1967-ci ildə Salyan rayonun Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Salyan rayonun Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə olunması, saxlanması və daşınaraq qrupun digər üzvlərinə çatdırılmasına razılaşaraq, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan üzvləri tərəfindən iki ədəd kisədə qablaşdırılmış külli miqdarda-24745 qram narkotik vasitə olan qurudulmuş marixuananın Salyan rayonun Xələc kəndinin ərazisində gizlədilməsi barədə məlumat verməsindən sonra qrup üzvlərinin arasında vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə sonuncunun idarə etdiyi VAZ-2107 markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə 02 oktyabr 2025-ci il tarixdə, saat 21 radələrində Salyan rayonun Xələc kəndinin ərazisinə gedib gizlədilmiş yerdən bir ədəd torbada qablaşdırılmış külli miqdarda- 24745 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb, həmin narkotik vasitənin qrupun digər üzvlərinə çatdırılması üçün daşıyaraq Təqsirləndirilən şəxs2 yaşadığı Salyan rayonun Qaraçala qəsəbəsində olan fərdi yaşayış evinə gətirib otaqların birində gizlədib saxlayarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 oktyabr 2025-ci il tarixdə, saat 23 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Salyan rayonun Qaraçala qəsəbəsində Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda saxlanılıb Təqsirləndirilən şəxs2 yaşadığı Salyan rayonun Qaraçala qəsəbəsində olan fərdi yaşayış evinə baxış zamanı bir hissəsi bir ədəd torbada və bir hissəsi otaqda döşənin üzərində olmaqla 15 ədəd bağlamada, ayrı-ayrılıqda 975 qram, 970 qram, 1000 qram, 1000 qram, 1000 qram, 985 qram, 990 qram, 1015 qram, 995 qram, 880 qram, 1070 qram, 995 qram, 1010 qram, 995 qram, 985 qram, 885 qram, 995 qram, 990 qram, 990 qram, 1005 qram, 1020 qram, 1015 qram, 995 qram, 995 qram və 990 qram olmaqla cəmi, külli miqdarda 24745 qram (24 kq 745 qram) narkoti vasitə olan qurudulmuş marixuana və üzərində cüzi miqdarda bitki mənşəli narkotik vasitə marixuana hissəcikləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, ünvan 7-də qeydiyyatda olmaqla yaşamış, xəstə olduğu üçün heç bir yerdə işləməmişdir. Əvvəllər narkotiklə bağlı bir dəfə-2013-cü ildə məhkum olunmuş, 2020-ci ildə azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs2la eyni cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuş və onunla münasibətləri yaxşı olmuşdur. Narkotik vasitələrdən istifadə etməmişdir. İstifadəsində üzərində 050/705-63-99 və 055/705-63-99 saylı mobil telefon nömrələri olan “Redmi” markalı mobil telefon olmuşdur. Tutulmamışdan bir müddət əvvəl özünü İran vətəndaşı “Salehoğlu” kimi təqdim edən bir şəxs ona vatsapla zəng edib narkotik vasitələrin satışında köməklik etməyi təklif edib 15 kq marixuananı gizlədildiyi yerdən götürüb deyəcəyi başqa bir ünvana çatdırsa ona 10.000 manat pul verəcəyini bildirmiş, maddi imkanı pis olduğundan o da razılaşmışdır. Həmin narkotikin qoyulduğu yerə getməsi üçün onun maşını olmadığından tanışı salyanlı Tərlana müraciət etmişdir ki, iranlının dediyi narkotikin götürüb deyiləcək ünvana çatdırılmasında ona köməklik etsin və buna görə də iranlıdan alacağı pulun yarısını ona verəcək. Tərlan da onun təklifi ilə razılaşmışdır. Həmçinin Tərlanla razılaşmışlar ki, iranlının dediyi yerdən narkotik maddəni götürüb Tərlanın yaşadığı Salyan rayonunda olan evinə aparsınlar, sonra da həmin narkotiki ona deyiləcək ünvana çatdırsınlar. 02 oktyabr 2025-ci il tarixdə, axşam saatlarında iranlı deyilən şəxs (“Salehoğlu”) vatsapla ona zəng edib narkotik maddənin Salyan rayonun Xələc kəndinin ərazisinə qoyulduğunu, gedib narkotiki oradan götürməyi demiş, o da razılaşıb bu barədə Tərlana məlumat vermişdir. Bundan sonra o, Salyana gedib Tərlanla görüşüb birlikdə Tərlanın idarə etdiyi avtomobillə (VAZ-2107 markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə) iranlının dediyi yerə-Salyan rayonun Xələc kəndinin ərazisinə gedib gizlədilmiş yerdən iki ədəd torbada 15 kq marixuananı götürüb Tərlanın evinə gətirib otaqlarından birinə qoymuşlar. Aralarında belə razılığa gəlmişlər ki, sonradan həmin narkotik maddəni deyiləcək ünvana çatdırsınlar və alacaqları 10000 manat pulu aralarında bölsünlər. Həmin gün gecə saatlarında Tərlanın evində olarkən mülki paltarlı bir qrup şəxs evə daxil olub polis əməkdaşları olduğunu bildirib onu və Tarlanı tutmuş, onun və Tərlanın mobil telefonları üzərilərindən götürmüş, sonra evə baxış keçirmişlər və otağa qoyduqları 15 ədəd marixuana bağlamaları, həmçinin otaqda olan bir ədəd elektron tərəzi aşkar edilmişdir. Az sonra polis əməkdaşları onun və Tərlanın iştirakı ilə videoçəkilişlə otaqda aşkar olunmuş marixuana bağlamalarına baxış keçirmişlər və həmin vaxt ona məlum olmuşdur ki, narkotik maddənin çəkisi 15 kq deyil, daha çoxdur, 25 kq-dır. Sonra sənədləşmə aparılmışdır. Şifahi sorğu zamanı o, aşkar olunmuş marixuananın ona və Tərlana aid olmasını, həmin marixuananı iranlı kimi özünü təqdim edən şəxsin dediyi yerdən götürüb, sonra ona deyiləcək yerə aparmalı olduqlarını və buna görə veriləcək 10000 manat pulu Tərlanla aralarında yarı böləcəklərinə dair razılaşmalarının olduğunu bildirmişdir. Həmçinin o, götürülmüş marixuananın çəkisinin 25 kq olması ilə razılaşmır, onların götürdükləri bağlamaların içərisində cəmi 15 kq marixuana olmuşdur. Güman edir ki, polis əməkdaşları həmin 15 kq marixuananı götürdükdən sonra üzərinə 10 kq marixuana əlavə edib narkotikin çəkisini artırmışlar. Ona görə də verilmiş ittihamda göstərilən miqdarda, yəni 25 kq (24 kq 745 qaram) marixuanadan yalnız 15 kq marixuananın ona məxsus olmuş, qalan hissəsi ona aid deyildir. Bu səbəbdən o, 25 kq marixunaya görə deyil, yalnız 15 kq marixuanaya görə özünü təqsirli bilir və əməlindən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadələri, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı aparılmış videoçəkiliş tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini (narkotik vasitənin çəksinin 15 kq-dan çox olmasına aid hissələr istisna olunmaqla) təsdiq edib bildirmişdir ki, o, verilmiş ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Salyan rayonun Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi qaydada təsərrüfat işləri ilə məşğul olmuşdur. Əvvəllər narkotiklə bağlı bir dəfə-2010-cu ildə məhkum olunmuş, 2022-ci ildə azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs1la eyni cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuş və onunla münasibətləri yaxşı olmuşdur. Narkotik vasitələrdən istifadə etməmişdir. İstifadəsində üzərində 051/232-19-90 saylı mobil telefon nömrəsi olan “Redmi” markalı mobil telefon olmuşdur. Tutulmamışdan bir müddət əvvəl Səfərxanla görüşüb söhbət edərkən Səfərxan ona tanışı iranlı “Salehoğlu” adlı şəxsin narkotiklə bağlı iş təklif etdiyini, yəni iranlının deyəcəyi yerdən 15 kq marixuananı götürüb sonradan deyiləcək yerə aparıb qoysalar 10000 manat pul veriləcəyini bildirib, ona maşını ilə gedib narkotik maddəni götürüb evinə gətirib sonradan deyiləcək yerə aparmaqda kömək etməsini və qazancdan da ona da pul veriləcəyini demiş, o da razılaşmşdır. 02 oktyabr 2025-ci il tarixdə, axşam saatlarında Səfərxan ona zəng edib iranlının dediyi narkotik maddənin Salyan rayonun Xələc kəndinin ərazisində gizlətdiyini, gedib götürmək lazım olduğunu bildirmiş, o da razılaşmışdır. Həmin gün Səfərxan Qaraçala qəsəbəsinə gəlib onunla görüşmüş, sonra onlar birlikdə onun idarə etdiyi VAZ-2107 markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonun Xələc kəndinin ərazisinə gedib orada gizlədilmiş yerdən içərisində narkotik maddə olan iki ədəd torbanı götürüb yaşadığı evə qayıtmışlar. Səfərxanın dediyinə görə götürdükləri torbanın içərisində 15 kq marixuana olmuşdur. Evdə torbalardan birinin içərisində olan bağlamaları çıxarıb döşəmənin üzərinə qoymuşlar, həmçinin otaqda narkotik vasitəni çəkmələri üçün özünə məxsus bir ədəd elektron tərəzi də olmuşdur. Həmin gün gecə saat 23 radələrində bir qrup polis əməkdaşları evinə daxil olub ona və Səfərxana narkotik vasitələr əldə edib saxlamaqda şübhəli olduqları bildirilib üzərlərinə və evə baxış keçiriləcəyini bildirmişlər, onlar da etiraz etməmişlər. Sonra videoçəkilişlə evə baxış keçirilmiş və otağa qoyduqları 15 ədəd marixuana bağlamaları, həmçinin otaqda olan, özünə məxsus bir ədəd elektron tərəzi də aşkar edilmişdir. Şifahi sorğu zamanı o, aşkar olunmuş marixuananın ona və Səfərxana aid olmasını, həmin marixuananı Səfərxanın tanışı olan bir nəfərlə danışdıqdan sonra özünün maşını ilə birlikdə gedib götürüb yaşadığı evə gətirdiklərini, sonra deyiləcək yerə qoyduqdan sonra 10000 manat pul veriləcəyini və həmin pulu aralarında böləcəklərini bildirmişdir. Həmçinin Səfərxanın dediyinə görə götürülmüş marixuananın çəkisi 15 kq olmuşdur. Ona görə də o, 25 kq marixunaya görə deyil, yalnız 15 kq marixuanaya görə özünü təqsirli bilir və əməlindən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadələri, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı aparılmış videoçəkiliş tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edib bildirmişdir ki, o, verilmiş ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, o, DİN-nin BNMİ-nin əməkdaşıdır. 02 oktyabr 2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələr əldə etmələri və narkotik vasitələrin Təqsirləndirilən şəxs2 məxsus avtomobillə (VAZ-2107 markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə) daşınıb Təqsirləndirilən şəxs2 yaşadığı ünvana aparılması barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və elə həmin gün gecə saatlarında əməliyyat qrupu Təqsirləndirilən şəxs2 yaşadığı ünvana-Salyan rayonun Qaraçala qəsəbəsinə getmişdir. Əvvəl Qaraçala qəsəbəsində Təqsirləndirilən şəxs2 məxsus avtomobil (VAZ-2107 markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil) saxlanılmış, avtomobilin Tərlanın oğlu Əkbər idarə etdiyi məlum olmuş, saxlandığı yerdə yoxlama aparılarkən Əkbərin üzərində və avtomobildə hər hansı qanunsuz əşyalar, o cümlədən narkotik maddələr aşkar edilməmişdir. Sonra əməliyyat qrupu Tərlanın yaşadığı evə getmiş, həmin vaxt saat 23 radələri olmuşdur. Evdə Təqsirləndirilən şəxs2 və onun ailə üzvləri, həmçinin Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 X1 əldə edib dövriyyəsi ilə məşğul olmalarında şübhəli olmaları izah edilib üzərilərinin yoxlanılacağı və evə baxış keçiriləcəyi bildirilmiş, onlar da etiraz etməmişlər. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzəriləri yoxlanılmış, onların üzərində hər hansı qanunsuz əşyalar, o cümlədən narkotik maddələr aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə və videoçəkilişlə evə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı evin otaqlarının birində bir ədəd torba və döşəmənin izərində bağlamalar, torbada və döşəmədə olan cəmi 25 ədəd bağlamaların içərisində qurudulmuş marixuanaya oxşar kütlələr, həmçinin bir ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olumuş kütlələrin qurudulmuş marixuana olmasını, həmin kütlələri birlikdə gedib Salyan rayonun Xələc kəndi ərazisindən gizlədilmiş yerdən götürüb əldə etdiklərini bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 aşkar olunan kütlələri “Salehoğlu” adlanan iranlı ilə danışdıqdan sonra Tərlanla birlikdə Salyan rayonun Xələc kəndinin ərazisinə gedib gizlədilmiş yerdən götürüb gətirdiklərini, sonradan deyiləcək ünvana çatdırdıqdan sonra veriləcək 10.000 manat pulu aralarında bölməli olduqlarını bildirmişdir. Aşkar edilmiş kütlələr və bir ədəd elektron tərəzi qablaşdırılıb götürülmüşdür. Bundan sonra aparılmış əməliyyat tədbiri ilə bağlı müvafiq sənədləşmə aparılmış, daha sonra materiallar və maddi sübutlar, eləcə də saxlanılmış şəxslər təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərilərində yoxlama aparılarkən, habelə evə baxış zamanı onların hər hansı şikayəti və ya narazılığı olmamışdır. İşdə olan, DİN-nin BNMİ-nin əməkdaşının 02 oktyabr 2025-ci il tarixli “Raport”u və “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və evə baxış keçirilməsinə dair” 02 oktyabr 2025-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələr əldə etmələri və narkotik vasitələrin Təqsirləndirilən şəxs2 məxsus avtomobillə (VAZ-2107 markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə) daşınıb Təqsirləndirilən şəxs2 yaşadığı ünvana, Salyan rayonun Qaraçala qəsəbəsinə aparılması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı əsasında 02 oktyabr 2025-ci il tarixdə, saat 23 radələrində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı Salyan rayonun Qaraçala qəsəbəsində olan fərdi yaşayış evində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılıb onlara X1 əldə edib dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqları bildirilmiş və videoçəkilişlə onların üzərində yoxlama aparılmış və üzərilərindən qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə və videoçəkilişlə evə baxış keçirilmiş və baxış zamanı evin otaqlarının birində bir ədəd torba və döşəmənin izərində bağlamalar, torbada və döşəmədə olan cəmi 25 ədəd bağlamaların içərisində qurudulmuş marixuanaya oxşar kütlələr, həmçinin bir ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olumuş kütlələrin qurudulmuş marixuana olmasını, həmin kütlələri birlikdə gedib Salyan rayonun Xələc kəndi ərazisindən gizlədilmiş yerdən götürüb əldə etdiklərini bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 aşkar olunan kütlələri “Salehoğlu” adlanan iranlı ilə danışdıqdan sonra Tərlanla birlikdə Salyan rayonun Xələc kəndinin ərazisinə gedib gizlədilmiş yerdən götürdüklərini, sonradan deyiləcək ünvana çatdırdıqdan sonra veriləcək 10.000 manat pulu aralarında bölməli olduqlarını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, habelə bir ədəd elektron tərəzi də qablaşdırılıb götürülmüşdür. Yoxlama ilə bağlı aparılmış videoçəkilişin yazıldığı iki ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 03 oktyabr 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş ...” yazısı və imzalar olan şəffaf polietilen bağlamadakı 25 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkilər- 975 qram, 970 qram, 1000 qram, 1000 qram, 1000 qram, 985 qram, 990 qram, 1015 qram, 995 qram, 880 qram, 1070 qram, 995 qram, 1010 qram, 995 qram, 985 qram, 885 qram, 995 qram, 990 qram, 990 qram, 1005 qram, 1020 qram, 1015 qram, 995 qram, 995 qram və 990 qram olmaqla ümumilikdə külli miqdarda 24745 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda bitki mənşəli narkotik vasitə marixuananın hissəçikləri vardır. Marixuananın hissəcikləri cüzi miqdar olduğundan onun çəkisini müəyyən etmək və eynilik tadqiqatı aparmaq mümkün deyildir. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 24 kq 743,75 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir. İşdə olan, “Maddi sübutun tanınması və təhvil verilməsi haqqında” 03 oktyabr və 02 dekabr 2025-ci il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq- 24 kq 743,75 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə qurudulmuş marixuanadan izləri olan 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün DİN-nin BMCMİ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 02 ədəd DVD disklər iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 noyabr 2025-ci il tarixli, 7357 №-li və 01 dekabr 2025-ci il tarixli, 7527 №-li rəyləri ilə müəyyən olunur ki, müayinə zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmirlər və məcburi müalicəyə ehtiyacları yoxdur. İşdə olan, “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 02 dekabr 2025-ci il tarixli qərarla müəyyən olunur ki, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan digər şəxslərinin barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə Şahid ifadəsi onun birbaşa şahid olduğu hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadəni mötəbər sübut hesab edir, onun göstərdiyi halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (onlara məxsus olan narkotik vasitənin (qurudulmuş marixuananın) miqdarının 15 kq olması, polis əməkdaşları həmin 15 kq marixuananı götürdükdən sonra üzərinə 10 kq marixuana əlavə edib narkotikin çəkisinin artırılması və buna görə də onlara verilmiş ittihamda göstərilən miqdarda, yəni 25 kq (24 kq 745 qaram) marixuanadan yalnız 15 kq marixuananın onlara məxsus olması, qalan hissənin onlara aid olmamasına aid hallar istisna olunmaqla) məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat-axtarışın keçirilməsi zamanı aparılmış videoçəkiliş, habelə bununla bağlı tərtib olunmuş protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadələrində göstərdikləri xüsusatlar, yəni onlara məxsus olan narkotik vasitənin (qurudulmuş marixuananın) miqdarının 15 kq olması, polis əməkdaşları həmin 15 kq marixuananı götürdükdən sonra üzərinə 10 kq marixuana əlavə edib narkotikin çəkisinin artırılması və buna görə də onlara verilmiş ittihamda göstərilən miqdarda, yəni 25 kq (24 kq 745 qaram) marixuanadan yalnız 15 kq marixuananın onlara məxsus olması, qalan hissənin onlara aid olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat-axtarışın tədbirinin keçirilməsi zamanı aparılmış videoçəkiliş, habelə bununla bağlı tərtib olunmuş protokolla, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ümumən, məhkəmə istintaqı zamanı isə qismən etirafedici ifadələri ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər onlara verilmiş ittihamda göstərilən cinayəti törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramdan 50000 qramadək külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 12-ci bəndində izah edilir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 24745 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar təşkil edir. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxslər öz aralarında və cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti külli miqdarda narkotik vasitəni (o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni 10000 manat müqabilində qrupun digər üzvlərinə çatdırılması) məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 12 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Prezidentinin 06 aprel 2020-ci il tarixli, 1970 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 19 sentyabr 2014-cü il tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməlində cinayətlərin təhlükəli residivi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətlərin təhlükəli residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Cəlilabad şəhər İƏD üzrə Nümayəndəlikdən verilmiş 14 oktyabr 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşamış və qeydiyyatda olduğu yer üzrə qənaətbəxş (ondan nümayəndəliyə şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 73 yaşının olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03 iyun 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Prezidentinin 27 may 2022-ci il tarixli 3282 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən 03 iyun 2010-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməlində cinayətlərin təhlükəli residivi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətlərin təhlükəli residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Salyan rayon Qaraçala qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 08 oktyabr 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyə şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Salyan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən verilmiş 04 iyun 2014-cü il tarixli, 015111 №-li “Şəhid ailəsi üzvünün Vəsiqəsi”nin surəti ilə müəyyən edilir ki, X4 (Təqsirləndirilən şəxs2 anası) şəhid ailəsinin üzvü hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şəhid ailəsinin üzvü olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 65.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhlükəli residivə görə cəza təyin edilməli, yəni onlara təyin olunacaq cəza ittiham olunduqları maddələr (CM-nin 234.4.1 və 234.4.3-cü maddələri) üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və DİN-nin BMCMİ-nin maddi sübutlar otağında saxlanılan ayrı-ayrı qablaşdırılmaqla cəmi 24743,75 qram (24 kq 743,75 qram) narkotik vasitə olan qurudulmuş marixuana və üzərində cüzi miqdarda bitki mənşəli narkotik vasitə marixuana hissəcikləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-70 manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 35 manat və Təqsirləndirilən şəxs2 35 manat tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan ayrı-ayrı qablaşdırılmaqla cəmi 24743,75 qram (24 kq 743,75 qram) narkotik vasitə olan qurudulmuş marixuana və üzərində cüzi miqdarda bitki mənşəli narkotik vasitə marixuana hissəcikləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-70 (yetmiş) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 35 (otuz beş) manat və məhkum Təqsirləndirilən şəxs2 35 (otuz beş) manat tutulub tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-609/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-609/2025
06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver