Məhkəmə qərarları › İş №1(099)-61/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-61/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-61/2023 24.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamcısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin may ayından iyun ayının 3-dək olan müddət ərzində Şirvan şəhəri, Bayramlı qəsəbəsi, H.Cavid küçəsi ev 55A-da yerləşən qohumu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz olaraq daxil olmuş, həyətdən 2 ədəd hər biri 4 metr uzunluqda və 20 sm endə olan 1 ədədi 80 manat dəyərində dəmir şveleri, 10 ədəd hər biri 35 manat dəyərində 3,5 metr uzunluqda olan dəmir boruları, 100 metr uzunluqda 180 manat dəyərində 20 mm-lik armaturu, 300 manat dəyərində dəmir qapının aşağı hissəsinə bərkidilmiş dəmir altlığı, 4,5 metr uzunluqda 70 sm endə 100 manat dəyərində dəmir listi, 20 metr uzunluqda 5mm-lik endə 100 manat dəyərində dəmir uqolniki, 2 ədəd hər biri 25 manat dəyərində dəmir açarları və 1 ədəd 100 manat dəyərində dəmir çarpayını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1340 (bir min üç yüz) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan məlum olmayan mənbədən və vaxtda külli miqdarda - 3,040 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 30 iyun 2022-ci il tarixdə saat 13:15-də Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Bayramlı qəsəbəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sol cibində qanunsuz olaraq saxladığı 01 ədəd bükümdə təmiz çəkisi-3,040 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə təqsirli bilmiş, həmin Məcəllənin 234.4.3-cü maddəsilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, maddi vəziyyəti ağır olduğundan ailəsinin dolanışığını təmin edə bilmədiyi üçün oğulruq etmək qərarına gəlmiş. 2022-ci ilin may ayında o, çəpər qonşusu olan dayısı Baratın həyətindəki daş hasarın yanına dəmir borular, list dəmirlər və başqa dəmir materiallar yığdığını görmüş, buna görə də, qərara gəlmişdir ki, həmin dəmir materialları oradan oğurlasın və sataraq qazanc əldə etsin. 2022-ci ilin may ayının təxminən 19-da günorta saatlarında dayısı Baratın evdə olmadığına əmin olub onun həyətinə girərək daş hasarın yanına yığılmış dəmir materialları götürüb öz həyətinə atmış, sonra gəldiyi qaydada daş hasardan keçərək öz həyətinə qayıtmışdır. Həmin dəmir materialları əl arabası ilə Şirvan şəhəri 1 May küçəsində yerləşən tanışı İzzətə məxsus dəmir sexinə gətirib ucuz qiymətə - 68 manata satmışdır. Sonradan dayısı Barat yaşadıqları küçədə hay küy salmış, ona yaxınlaşıb bildirmişdir ki, oğurluğu o, ebid, səs küy salmasın, oğurladığı dəmir materialların pulunu ona verəcəkdir, lakin dayısı Zərərçəkmiş şəxs onunla razılaşmamış və bu barədə Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə dəvət olunmuşdur. Şöbədə bir gün saxlanılmış və bir gündən sonra polis əməkdaşları zərəri ödəməsi üçün onu şöbədən buraxmışlar. Bu hadisədən bir müddət sonra 2022-ci ilin iyun ayının 30-da polis əməkdaşları onu və qardaşı Röyalı narkotik saxlamaqda şübhəli olduqları üçün Şirvan şəhərində saxlayıb şöbəyə aparmışlar. Videoçəkilişdə üzərinə baxış keçirmişlər. Şalvarının cibində heroin aşkar olunmuşdur. Narkotik ona məxsus deyil, tanımadığı polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Şöbədə demişlər ki, «əgər bu narkotiki üzərinə götürməsən qardaşını da tutacağıq». Buna görə də məcbur olub üzərində olan heroinin ona məxsus olduğunu demişdir. Narkotikdən əvvəllər istifadə etmiş, heç kimə narkotik satmamışdır. Şöbədə sənədləri imza etmişdir. Özünü yalnız oğurluqla bağlı təqsirli bilir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında uzərində narkotik vasitənin aşkar edilməsi xüsusatı ilə bağlıverdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri elan olunmuşdur. Belə ki, o, həmin ifadələrində göstərmişdir ki, 30 iyun 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında gəzərkən bir büküm heroin tapdığını, şəxsi istifadəsi üçün cibinə qoyduğunu, həmin gün günorta saatlarında qardaşı Röyal ilə birlikdə saxlanılaran polis şöbəsinə aparıldıqlarını, üzərinə baxış keçirilərkən şalvarının cibində olan bir büküm heroini çıxarıb təqdim edərək narkotikin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rəman onun bacısı oğludur, onunla çəpər qonşusudur. Yaşadığı Şirvan şəhəri, H.Cavid küçəsi 55 A №-li evini təmir etdikdən sonra artıq qalan dəmir materialları həyətinin daş hasarının yanına yığmışdır. 03 iyun 2022-ci il tarixdə səhər vaxtı daş hasarın yanına yığdığı materialların yerində olmadığını görmüşdür. Həyətdən 2 ədəd hər biri 4 metrlik, 1 ədədi 80 manat dəyərində dəmir şveler, 10 ədəd hər biri 35 manat dəyərində 3,5 metr uzunluğunda dəmir boru, 100 metr uzunluğunda 180 manat dəyərində 20 mm-lik armatur, 300 manat dəyərində dəmir qapının aşağı hissəsinə bərkidilmiş dəmir altlıq, 4,5 metr uzunluğunda 100 manat dəyərində dəmir list, 20 metr uzunluğunda 100 manat dəyərində dəmir «uqolnik», 2 ədəd hər biri 25 manat dəyərində dəmir açar və 1 ədəd 100 manat dəyərində dəmir çarpayı oğurlanmışdır.Oğlurluqda qonşusu Rəmandan şübhələnmiş və onu çağırıb dəmir materialları geri qaytarmasını, əgər qaytarmasa polis şöbəsinə şikayət edəcəyini bildirmişdir. Rəman xahiş etmişdir ki, heç yerə şikayət etməsin, oğurladığı materialların pulunu qaytaracaqdır. Rəman demişdir ki, dəmirləri İzzət adında tanışına satıbdır. Bundan sonra o, 03 iyun 2022-ci il tarixdə Şirvan şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1340 maant maddi ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyan tam ödənilmiş, Rəmana qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər PŞ-nin X1 sabiq baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 30 iyun 2022-ci il tarixdə Şirvan şəhər sakini Rəman və Röyal Qəniyev qardaşlarının qanunsuz olaraq üzərlərində narkotik vasitə saxlamaqda məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 13 radələrində şəhərin Bayramlı qəsəbəsi, H.Cavid küçəsində Rəman və Röyal qardaşları saxlanılıraq Şirvan şəhər PŞ-nə aparılmışlar. Şöbədə vəkilin iştirakı ilə Rəmanın üzərinə baxış keçirilərkən o, əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə olan heroini təqdim etmişdir. Şifahi sorğu zamanı Rəman bildirmişdir ki, heroini yaşadığı evin yaxınlığında yerdən tapmışdır və istifadə etmək üçün özündə saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat olmamışdır.Onun üzərinə şöbədə heç kim narkotik qoymamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin əməkdaşı Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroini öz istifadəsi üçün üzərində saxladığını, onun narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatının olmadığını, şöbədə Rəmanın üzərinə heç kimin narkotik qoymadığını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 iyul 2022-ci il tarixli 18/719 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 3,040 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 2,990 qram. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2022-ci il tarixli 4582 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixstimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş 30 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş 04 iyul 2022-ci il tarixli «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisəsini hadisə yerində necə və hansı qaydada etdiyini əyani olaraq göstərmişdir. İş materiallarında olan X2 X4 19 iyul 2022-ci il tarixli 702 №-li məktubudan görünür ki, X3 narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin satışı ilə məşğul olubolmaması ilə bağlı müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin onun kiməsə narkotik vasitə satmasına dair müsbət nəticə əldə etmək mümkün olmamışdır. 5 oktyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 8-ci bəndinə əsasən bir bükümdə ekspertiza tədqiqatında sonra qalıq qalan 2,990 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan ŞPŞ-nın saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Rəvan Qəniyevin məhkəmə istintaqında üzərində aşkar olunan heroinin ona məxsus olmaması, üzərinə polis əməkdaşları tərəfindən qoyulmasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Rəvan Qəniyev, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Rəvan Qəniyevin özü də bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Rəvan Qəniyevin üzərində aşkar olunan külli miqdarda heroinin ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə üzərində aşkar olunrun narkotik vasitənin ona məxsus olmaması, narkotikin üzərinə qoyulmasına dair verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə (narkotik vasitənin ona məxsus olmaması xüsusatı ilə bağlı) onun ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər subutlara əsaslanaraq təqsirləndirilən şəxs Rəvan Qəniyevin əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsinə dair müqayisəli qiymət verərək hesab edir ki, ibtidai istintaq orqan tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmamışdır. Belə ki, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərt onun külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsidir. Yəni, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun psixotrop maddənin satış məqsədi ilə əldə etməsi və yaxud qanunsuz olaraq həmin maddəni satması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (CM-nin 3-cü maddəsi)”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdə heroinin çəkisi külli miqdar- 3,040 qram təşkil etsə də, iş materiallarında onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər subutlar mövcud deyildir. Belə ki, CM-nin 234.4.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə yaranır. CM-nin 234.2-ci maddəsinə əsasən cinayət məsuliyyətini satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma yaradır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə cinayət məsuliyyəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. Bunun əksinə olaraq iş materiallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkmiş, yaşadığı evin yaxınlığında tapdığı bir bükümdə həmin heroini öz istifadəsi üçün əldə etdiyini bildirmiş və özünü narkotik vasitələrin satışı ilə təqsirli bilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniyadan əziyyət çəkməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyi ilə də təsdiq olunmuşdur. Bu halda narkomaniyadan uzun müddətdir əziyyət çəkən və həmin narkotik vasitələri mütəmadi digər şəxslərdən maddi vəsait hesabına əldə edən şəxsin öz istehlakı üçün lazım olan narkotik vasitəni və ya psixotrop maddəni satmaq niyyətində olması inandırıcı olmayan ehtimaldır. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı Şirvan ŞPŞ-nın əməliyyat tapşırığının cavabından görünür ki, bunula bağlı müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasına dair hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Həmiçnin, Şirvan ŞPŞ-nin sabiq əməkdaşı Şahid1 30 iyun 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitələri satması ilə deyil, yalnız gəzdirməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir məlumat yoxdur. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə irəli sürdüyü, yəni onda aşkar olunmuş 3,040 qram narkotki vasitə heroini şəxsi istifadəsi üçün əldə etməsinə dair dəlilləri təkzib edən hər hansı sübut mövcud olmadığı halda, həmçinin Təqsirləndirilən şəxs heroini satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, psixotrop maddəni və ya narkotik vasitələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan ibtidai araşdırma orqanı əsassız olaraq onun satış məqsədi ilə qanunsuz olaraq 3,040 qram heroini əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrək ona qarşı CM-nin 234.4.3cü maddəsi ilə ittiham irəli sürərkən ittihamın əsası kimi yalnız ona istinad etmişdir ki, aşkar olunmuş heroinin çəkisi külli miqdarda olmuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiəüçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş 3,040 qram heroinin külli miqdarda olmasına görə şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair gəldiyi qənaəti ilə bağlı qeyd edir ki, həmin maddənin çəkisinin külli miqdar təşkil etməsi onun satış məqsədi ilə əldə etməsinə şübhələr yaratsa da, iş materiallarında təqsirləndirilən şəxsin heroini satış məqsədi ilə əldə etməsinə dair əsaslı və mötəbər subutlar müəyyən edilmədiyindən ibtidai istintaq oraqının bu barədə gəldiyi nəticəni əsassız hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, iş materiallarında da belə sübut yoxdur və təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırıldığından onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə və saxlama kimi tövsif edilməli, onun əməli sonuncu maddə ilə ixtisaslaşdırılmaqla həmin maddə ilə cəza təyin olunmalıdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Sara Qəniyevadan, 2015-ci il təvəllüdlü qızı Aişə və 2018-ci il təvəllüdlü oğlu Əkbərdən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlurluq cinayəti nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona həmin maddələrdə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Həmin müddəanın tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğurluq cinayətinə münasibətdə cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxlərlə barışıq əldə etməsi ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın müddəti CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən- 3 il 7 aydan artıq olmamalıdır. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün, habelə barəsində həmin Məcəllənin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. 30 iyun 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 2 iyul 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Şirvan Şəhər Məhkəməsinin 2 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 iyun 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 30 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olub Şirvan ŞPŞ-nın maddi sübutların saxlanc otağında saxlanılan 2, 990 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 177.2.3-cü maddəsi ilə 2 (iki) müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-1ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 iyun 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş 2,990 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar