Məhkəmə qərarları › İş №1(099)-611/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-611/2025

30.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-611/2025 30.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə, xx xxxxx 1984-cü ildə Sabirabad rayonu Qaragüney kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, Sabirabad rayonu Qaragüney kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 09 oktyabr 2025-ci il tarixdə saat 17 radələrində Sabirabad rayonu Qaragüney kəndində yerləşən “Fərid” şadlıq sarayında həmkəndlisi X3 övladının toy mərasimində iştirak edərək tanışları ilə birlikdə yeyib-içdikdən sonra, alkoqol sərxoşluğu vəziyyətində olmaqla, saat 19 radələrində şadlıq sarayının həyətində sərxoş vəziyyətdə olan həmkəndlisi X8 ilə qarşılaşmış, sonuncunun toyda iştirak edən, şəxsiyyəti istintaqla müəyyən edilməyən digər şəxslərlə çəkişməsini görüb, onunla birlikdə evə getməsini təklif etmiş, lakin Telxas İsrəfilov onun dediklərinə məhəl qoymadan sifət nahiyəsinə yumruqla vurmaqla, eləcə də başı üzərinə qaldırıb yerə çırpmaqla onu döyərək sağ dirsək oynağının arxa səthində, sağ baldırın orta 1/3-də ön səthdə sıyrıqlarla müşayiət olunan sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, həmin vaxt orada olan oğlu Şahid2 yanında onun özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, bundan sonra o, Telxas İsrəfilovu bu hərəkətlərinə görə qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, yaxınlıqda olan “Elşən- Gülşən” ticarət mərkəzinə gedib oradan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı bir ədəd mətbəx bıçağı alaraq kəmərinin arxasında gizlətməklə şadlıq sarayının həyətinə qayıtmış, saat 19:47-də Telxas İsrəfilova yaxınlaşaraq bıçağı çıxarıb sağ əlində tutmaqla sonuncuya anası X4 və onun yetkinlik yaşına çatmayan oğlu Şahid1 gözləri qarşısında, adları qeyd olunan şəxslərə müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi iztirab və əzab verdiyini dərk etməklə, döş və qarın boşluğundan ardıcıl iki dəfə zərbə endirərək sol qoltuqaltı xətt üzrə 10-cu qabırğa səviyyəsində döş boşluğuna keçməyən səthi yara ilə müşayiət olunan sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və döş qəfəsinin sol ön səthində sol məmə xətt üzrə 7-8-ci qabırğa səviyyəsində döş və qarın boşluğuna daxil olan, qabırğaarası arteriya və venanın, plevranın, sol ağciyərin alt payının, diafraqmanın, qaraciyərin sol kiçik payının, mədənin yaralanması ilə müşayiət olunan həyat üçün təhlükəli olmaqla dərəcəsinə görə sağlamlığına ağır zərər vurmuş, həmin vaxt hadisə yerində olan oğlu Şahid2 onu tutub bıçağı əlindən alaraq növbəti zərbələri vurmasına imkan verməmiş, zərər çəkmiş Telxas İsrəfilov isə hadisə yerində olan yaxınları tərəfindən Şirvan şəhər mərkəzi xəstəxanasına aparılaraq, orada həkimlər tərəfindən əməliyyat edilsə də, həyatını xilas etmək mümkün olmadığından o, Telxas İsrəfilovu xüsusi amansızlıqla öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində yaşadığı kənddə yerləşən “Fərid” şadlıq sarayında keçirilən toy mərasiminə getmişdir. Toy məclisində yeyi-içərək spirtli içki qəbul etmiş, saat 19 radələrinə oğlu Fəqanla birlikdə şadlıq sarayının həyətindəki ayaqyoluna getmiş, qayıtdıdanda həmkəndlisi Telxas İsrəfilovun şadlıq sarayının zalında sərxoş vəziyyətdə bir neçə şəxslə mübahisə etdiyini görmüşdür. Telxası şadlıq sarayından çölə çıxarmışlar. O, Telxasa yaxınlaşmış, sakit olmasını bildirmiş və evə getməyi təklif etmişdir. Bu zaman Telxas İsrəfilov onun sağ qaş nahiyəsinə yumruqla vurmuş, onu başına qaldırıb yerə çırpmışdır. O, sağ dirsək nahiyəsindən xəsarət almışdır. Telxas İsrəfilov onun ünvanına nalayiq ifadələr işlətmiş, oğlunun yanında onu və ailəsini söymüşdür. O qəzəblənmiş və bıçaq götürüb Telxası öldürmək qərarına gəlmişdir. Bu məqsədlə yaxınlıqda yerləşən marketə gedərək bir ədəd mətbəx bıçağı almışdır. Bıçağı şalvar kəmərinə taxmış və yenidən şadlıq sarayına qayıtmışdır. Saraya daxil olmuş bir müddət orda dayandıqdan sonra çölə çıxmışdır. Bu zaman Telxas İsrəfilov da onunla birlikdə çölə çıxmışdır. Çölə çıxdıqdan sonra Telxas İsrəfilov anası Məleykə ilə mübahisə etməyə başlamışdır. Onlar mübahisə etdiyi zaman o, Telxasa yaxınlaşmış və sakit olmasını bildirmişdir. Bu zaman Telxas onun yaxasından yapışaraq, ünvanına söyüş söymüşdür. Bu vaxt o, əsəbləşərək belində olan bıçağı çıxarıb ona dalbadal bir neçə dəfə zərbə vurmuşdur. Bu zaman oğlu Fəqan onun qolundan tutmuş və onun Telxası vurmağa davam etməsinə imkan verməmişdir. Telxası şadlıq sarayının həyətində bıçaqladığı zaman oğlu Fəqan, Telxasın anası Məleykə və oğlu Əhməd də orda olmuşlar. Telxası bıçaqladıqdan sonra o, yerə yıxılmışdır. Bundan sonra oğlu Fəqan ilə birlikdə evinə getmişdir. Evə çatan vaxt arxasınca polis əməkdaşlarının gəldiyini görüb təslim olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmdə verdiyi ifadəsində göstərdi ki, mərhum Telxas İsrəfilov onun oğludur. xx.xx.2025-ci il tarixdə saat 17 radlərəində oğlu Telxas və nəvəsi Əhmədlə birlikdə kəndlərində yerləşən «Fərid» şadlıq sarayında keçirilən toy məclisinə getmişlər. Toy başladıqdan təxminən iki saat sonra oğlu Telxas İsrəfilov sərxoş halda olmaqla musiqi sifarişi üstündə kənd sakinləri ilə mübahisə etməyə başlamışdır. Telxas çölə çıxmış, bir az sonra yenidən içəri qayıtmış, biraz oynamış və yenidən şadlıq sarayının həyətinə çıxmışdır. Oğlu içkili olduğu üçün onu evə aparmaq istəmişdir. Saat 20:00 radələrində oğlu Telxasla birlikdə şadlıq sarayından həyətə çıxdıqları zaman kənd sakini Təqsirləndirilən şəxs onlara yaxınlaşmış və Telxasa nəsə demiş, bu zaman Telxasla Xaqani bir-birilərinin yaxalarından tutmuşlar. Təqsirləndirilən şəxs qəflətən şalvarının belindən bıçaq çıxarmış və Telxas İsrəfilova 3 dəfə vurmuşdur. Telxas İsrəfilov bıçaq zərbəsindən sonra yerə yıxılmışdır. Təqsirləndirilən şəxs isə çəkilib qıraqda dayanmışdır. Telxası İntiqamın avtomobili ilə dərhal Şirvan şəhər mərkəzi xəstəxanasına aparsalar da, Telxas xx.xx.2025-ci il tarixdə səhər saatlarında xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, xx.xx.2025-ci il tarixdə atası və anası ilə birlikdə yaşadıqları Qaragüney kəndində yerləşən “Fərid” şadlıq sarayına toy mərasinə getmişlər. Toy başladıqdan təxminən bir saat sonra sarayda toyda iştirak edən şəxslər arasında mübahisə yaranmışdır. Bir müddət sonra şadlıq sarayının həyətinə çıxdıqda həyətdə atası Telxas İsrəfilovun kənd sakinləri Təqsirləndirilən şəxs və Şahid5 ilə yaxalaşdığını görmüşdür. Vüqar atasını yumruqla vurmuş, atası da onu kəllə ilə vurmuş, Vüqar yerə yıxılmışdır. Təqsirləndirilən şəxs yumruqla atasının üzündən vurmuşdur. Xaqani atasını vuran zaman o içəri qaçmış və atasının dalaşması barədə əmisi Səxavətə məlumat vermişdir. Əmisi ilə birlikdə yenidən çölə çıxdıqları zaman Vüqarın Xaqaninin qoluna girərək onu şadlıq sarayından çölə apardığını görmüşdür. Onlar çıxıb getdikdən sonra o da atası Telxas İsrəfilov ilə birlikdə şadlıq sarayına qayıtmışdır. Təxminən 30 dəqiqə sonra atası və nənəsi Məleykə birlikdə zaldan şadlıq sarayının həyətinə çıxmışlar. Atası Telxas siqaret yandırmış bu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. Birdən-birə atası ilə Xaqaninin yaxalaşdığını görmüşdür. Bu vaxt Xaqani şalvarının arxa bel hissəsindən bıçağı çıxarıb ard-arda atasına vurmuşdur. Xaqani bıçaqla atasını vuran kimi Şahid5 onun sinəsindən yumruqla vuraraq Xaqaninin oğlu Fəqanla birlikdə qaçıb getmişdir. Şahid5 atasını bıçaqlamasa da, etdiyi hərəkətlərə görə Xaqani ilə əlbir olmuşdur. Şahid3 məhkəmə istintaqında göstərdi ki, mərhum X8 qardaşı olmuşdur. xx.xx.2025-ci il tarixdə qohumunun yaşadıqları kənddə yerləşən «Fərid» şadlıq sarayında keçirilən toy məclisində iştirak etmişlər. Toy başladıqdan təxminən iki saat sonra qardaşı Telxas İsrəfilov musiqi sifarişi üstündə kənd sakinləri ilə mübahisə etməyə başlamışdır. O, digər qardaşı Alxas ilə birlikdə Telxası sakitləşdirməyə çalışmış və onu sakitləşdirmək üçün çölə çıxarmışlar. Polis əməkdaşları onu toyda dalaşdığı üçün polis bölməsinə aparmışlar. Bölmədə olduğu zaman qardaşı Alxasın da orda olduğunu öyrənmişdir. Bu vaxtdan sonra şadlıq sarayında yaşanan hadisələrdən məlumatsız olmuşlar. Həmin gün bölmədə qalmışlar. Səhər evə gəldikləri zaman qardaşları Telxasın toyda Xaqani tərəfindən bıçaqlandığını öyrənmişlər. Şahid4 məhkəmədə göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində qohumları Daşqının toy məclisində iştirak etmək üçün əri Telxas ilə birlikdə yaşadıqları kənddə yerləşən «Fərid» şadlıq sarayına getmişlər. Toy başladıqdan təxminən iki saat sonra əri Telxas İsrəfilov musiqi sifarişi üstündə kənd sakinləri ilə mübahisə etməyə başlamışdır. Toyda həmin vaxt bir anlığa qarışıqlıq yaranmış, daha sonra Telxası çölə çıxarmışlar. Telxas sakitləşib içəri qayıtmış və bir müddət oynadıqdan sonra, yenidən çölə çıxmışdır. Saat 20 radələrində oğlu Əhməd qaçaraq yanına gəlmiş və atasının Xaqani tərəfindən bıçaqlandığını ona demişdir. O, bundan sonra şadlıq sarayının həyətinə çıxmış və ərinin qan içində yerdə uzandığını görmüşdür. Təqsirləndirilən şəxs isə görməmişdir. Bundan sonra kənd sakini İntiqamın avtomobili ilə ərini Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Telxas İsəfilov xəstəxanada əməliyyat olunsa da, xx.xx.2025-ci il tarixdə xəstəxanasında vəfat etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, xx.xx.2025-ci il tarixdə «Fərid» şadlıq sarayının həyətində atası Xaqani Telxası sakitləşdirmək üçün ona qaxınlaşdıqda Telxas heç nə demədən atasını vurmuş, sonra isə qaldırıb yerə çırpmış və ünvanına nalayiq sözlər işlətmişdir. Bundan sonra atası yaxınlıqdakı dükana bıçaq almağa gedərkən o da atası ilə getmiş və ona bıçaq almaq lazım olmadığını demişdir. Lakin atası onun sözünə baxmamış və mağazadan bıçaq alaraq şadlıq sarayının həyətinə qayıdaraq orada Telxası bıçaqla vurmuşdur. 10 oktyabr 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, hadisə yeri Sabirabad rayonu Qaragüney kəndi ərazisində yerləşən “Fərid” şadlıq sarayının həyətidir. Şadlıq sarayının müşahidə kamerasının yaddaşında olan videoçəkilişə baxarkən xx.xx.2025-ci il tarixdə axşam saat 20 radələrində Təqsirləndirilən şəxs həqiqətən də restoranın həyətində bıçaq zərbələri ilə Telxas İsrəfilovu vurub xəsarət yetirdiyi görünmüşdür. Kameranın yaddaş sistemi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. “Fərid” şadlıq sarayının videomüşahidə kameralarına baxış keçirilmiş və bu barədə 11 oktyabr 2025-ci il tarixli protokol tərtib edilməklə cinayət işi materiallarına əlavə edilmişdir. Həmin protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:46:43 saniyədə Telxas İsrəfilov şadlıq sarayının həyətinə çıxır və həmin vaxt onun yanında anası Məleykə İsrafilova, eləcə də Təqsirləndirilən şəxs və Xaqaninin oğlu Şahid2 olur. Saat 19:46:55-də Təqsirləndirilən şəxs əlini belinə ataraq əvvəlcədən belində gizlətdiyi bıçağın belində olubolmadığını yoxlayır. Həyətə çıxdıqdan sonra saat 19:47:13-də Telxas İsrəfilov anası ilə üzbə-üz danışdığı zaman, Təqsirləndirilən şəxs araya girərək Telxasa yaxınlaşır və bu zaman X13 Muradovun yaxasından yapışır. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan siqareti söndürmədən ağzına aparır və sağ əlini şalvarının arxasına ataraq belində gizlətdiyi bıçağı çıxararaq 3 dəfə arxa-arxaya Telxas İsrəfilova bıçaq zərbələri vurmaqla onu yerə yıxır. Əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Telxas İsrəfilovu bıçaqladığı zaman istifadə etdiyi bıçağı ona təqdim edilən oxşar bıçaqlar içərisindən tanımışdır. Cinayət işi üzrə zəruri olduğundan Sabirabad rayonu Qaragüney kəndi ərazində yerləşən “Elşən-Gülşən” Ticarət Mərkəzinin videomüşahidə kamerlarına baxış keçirilmiş və bu barədə 10 oktyabr 2025-ci il tarixli müvafiq protokol tərtib edilməklə materiala əlavə edilmişdir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19:38:38-də kassaya yaxınlaşaraq aldığı mətbəx bıçağının pulunu ödəyib marketdən çıxmaq istəyən zaman əvvəlcədən marketdə olan Şahid5 onun qolundan tutaraq marketdən çıxmasına mane olmağa çalışsa da, Təqsirləndirilən şəxs ona əhəmiyyət vermədən oğlu Şahid2 ilə birlikdə marketdən çıxıb gedir. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən rayon prokurorluğuna daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada “Əsəb-ruhi və narkoloji” kabinetlərində dispanser qeydiyyatda deyildir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 478 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol əlin 2-ci barmağının ovuc səthində səthi kəsilmiş yara müəyyən edilmişdir. Həmin xəsarət kəsici alətin, ola bilsin bıçağın təsirindən, sağ dirsək oynağının arxa səthində, sağ baldırın orta 1/3-də ön səthdə sıyrıqlar isə küt əşyanın təsirindən əmələ gəlmişdir, xəsarətlərin əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 49 nömrəli rəyindən görünür ki, X5 meyitinin məhkəmə-tibbi müayinəsi zaman aşkar edilmişdir-Döş qəfəsinin sol ön səthində sol məmə xətt üzrə 7-8-ci qabırğa səviyyəsində döş və qarın boşluğuna daxil olan, qabırğaarası arteriya və venanın, plevranın, sol ağciyərin alt payının, diafraqmanın, qaraciyərin sol kiçik payının, mədənin yaralanması, döş və qarın boşluğunda maye və laxtalı qan. Daxili orqanların azqanlılığı. Ürəyin daxili qişasında qansızma. Ağciyərdə ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqları. Qarnın ön səthində əməliyyat yarası. Sol qoltuqaltı xətt üzrə 8-ci qabırğa səviyyəsində, sağ qalça nahiyəsində drenaj boru izləri. Sol qoltuqaltı xətt üzrə 10-cu qabırğa səviyyəsində döş boşluğuna keçməyən yara, alın nahiyəsində səthi əzilmiş yara, üst dodağın selikli qişasında yara. b/Aşkar edilmiş, döş qəfəsinin sol ön səthində sol məmə xətt üzrə 7-8-ci qabırğa səviyyəsində döş və qarın boşluğuna daxil olan, qabırğaarası arteriya və venanın, plevranın, sol ağciyərin alt payının, diafraqmanın, qaraciyərin sol kiçik payının, mədənin yaralanması ilə müşayiət olunan yara, sol qoltuqaltı xətt üzrə 10-cu qabırğa səviyyəsində döş boşluğuna keçməyən səthi yara, alın nahiyəsində səthi əzilmiş yara, üst dodağın selikli qişasında yara-həyatidir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğundur. Qeyd olunmuş döş qəfəsinin sol ön səthində sol məmə xətt üzrə 7-8-ci qabırğa səviyyəsində döş və qarın boşluğuna daxil olan, qabırğaarası areteriya və venanın plevranın, sol ağciyərin alt payının, diafraqmanın, qaraciyərin sol kiçik payının, mədənin yaralanması ilə müşayiət olunan yara, sol qoltuqaltı xətt üzrə 10-cu qabırğa səviyyəsində döş boşluğuna keçməyən səthi yara kəsici-deşici alətin-bıçağın, təqdim olunan bıçağın təsirindən, alın nahiyəsində səthi əzilmiş yara, üst dodağın selikli qişasında yara isə küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Ayrıayrılıqda dərəcəsinə görə-döş qəfəsinin sol ön səthində sol məmə xətt üzrə 7-8-ci qabırğa səviyyəsində döş və qarın boşluğuna daxil olan, qabırğaarası arteriya və venanın, plevranın, mədənin yaralanması ilə müşayiət olunan yara həyat üçün təhülkəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Digər xəsarətlər-sol qoltuqaltı xətt üzrə 10-cu qabırğa səviyyəsində döş boşluğuna keçməyən səthi yara, alın nahiyəsində, üst dodaqda yaralar isə sağlamlığa zərər vurmayan dərəcələri təyin olunmayan xəsarətlər kimi qiymətləndirilir. X5 hadisə vaxtı əynində olmuş paltarlardakı zədələrin lokalizasiyası, bədənində olan xəsarətin lokalizasiyasına uyğundur. Yara kanalının istiqaməti bayırdan içəriyə, soldan sağa, bir qədər yuxarıdan aşağıya düz istiqamətdədir. X8 ölümündən az əvvəl spirtli içki və güclütəsiredici maddələr qəbul etməmişdir. X5 ölümünə səbəb döş və qarın boşluğuna daxil olan yaranın təsirindən baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm xx.xx.2025-ci il tarixdə saat 05:40-da baş vermişdir. Kompleks Məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli 453/MTKŞ-2025 nömrəli rəyindən görünür ki, təqdim edilmiş mərhum X6 məxsus qısaqol koftanın ön səthinin sol yarasında deşilmiş-kəsilmiş zədələr var, bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin(alətlərin) təsirindən törənmişlər. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Kompleks məhkəmə ambulator psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3796 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamış, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, əməli CM-nin 21-ci və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il il tarixli Elektron prokurorluq informasiya sistemindən əldə edilmiş məhkumluq məlumatlarına əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Sabirabad rayon Qaragüney kənd inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdın görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2007, xx.xx.2009 və xx.xx.2011-ci il tarixlərdə doğulmuş uşaqları vardır. xx.xx.2025-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2025-ci il tarixdə saat 19:47 radələrində Sabirabad rayonu Qaragüney kəndində sərxoş vəziyyətdə olmaqla həmkəndlisi X7 qisas almaq niyyəti ilə anası X4 və yetkinlik yaşına çatmayan oğlu Şahid1 gözləri qarşısında həmin şəxslərə istirab və əzab verməsini dərk etməklə müstəsna dərəcədə qəddarlıq göstərərək bıçaqla zərbələr vurmaqla həyatı üçün təhlükəli olub sağlamlığına ağır zərər vuran xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsi, əməllərində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini CM-nin 59.1.8-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, zərərçəkmiş X6 məxsus qısaqol köynək və cins şalvar məhv edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, zərərçəkmiş X6 məxsus qısaqol köynək və cins şalvar məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar