Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-612/2022 19.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Mehrəli oğlunun iştirakı ilə xx xxxxxx 1975-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan şəhəri, T.Davudzadə küçəsi ev 73-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-5,894 qram psixotrop maddə olan metamfetamin və külli miqdarda-3,173 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 14 iyul 2022-ci il tarixdə, saat 08:30 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan şəhəri, T.Davudzadə küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən 1 ədəd sellofan torbanın içərisində 02 ədəd bükümdə ayrı-ayrılıqda 2,419 qram və 0,754 qram olmaqla cəmi 3,173 qram narkotik vasitə olan heroin, 04 ədəd bükümdə ayrı-ayrılıqda 4,049 qram, 1,603 qram, 0,087 qram və 0,155 qram olmaqla cəmi 5,894 qram psixotrop maddə olan metamfetamin və üzərində heroin və metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, Salyan şəhəri, T.Davudzadə küçəsi ev 73-də ailəsi ilə birlikdə yaşamış, son vaxtlar ailəsi, yəni arvadı və oğlu Bakı şəhərində kirayə evdə, özü isə Salyan şəhərində öz evində tək yaşamışdır.Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də tiryək və “nəşə”dən (marixuanadan) istiadə etmiş, heroin və metamfetamindən istifadə etməmişdir.Əvvəllər istifadəsi üçün narkotik maddələr əldə edib saxladığına görə bir neçə dəfə, sonuncu dəfə 2017-ci ildə CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətə (02 il 01 ay 28 gün) azadlıqdan məhrum edilmiş, 03 fevral 2020-ci ildə cəzaçəkmə müddəti başa çatdığı üçün cəzaçəkmə müəssisəsindən azad olunmuşdur.Həmin vaxtdan sonra Salyan şəhərində evində olmuş, rəsmi olaraq heç bir yerdə işləməsə də, bazarda kartof-soğan satmaqla məşğul olmuşdur. O, son vaxtlar narkotik maddələrdən istifadə etməmiş, həmçinin narkotiklərin satışı ilə də məşğul olmamışdır.14 iyul 2022-ci il tarixlə, səhər saat 07:30 radələrində yaşadığı evin yaxınlığında küçədə olarkən bir qrup polis əməkdaşı onu tutub yaşadığı evdə 1 kq “nəşə” (marixuana) olması barədə məlumatları olduğunu bildirmiş, sonra polis əməkdaşları onu polis maşınında saxlamış, bir neçə polis əməkdaşı isə onun yaşadığı evə girmiş, sonra onu da evinə aparıb evdə axtarış aparmışlar. Həmin vaxt evində heç kim olmamış, həmçinin polis əməkdaşları onun evində narkotik maddələr axtarsa da, evdə heç nə tapmamışlar. Sonra polis polislər onu rayon polis şöbəsinə aparmışlar.Polis şöbəsinə aparılarkən üzərində narkotik maddələr və elektron tərəzi olmamışdır.Polis şöbəsində polis əməkdaşları ona artıq CM-nin 234.1-ci maddəsi ilə tutulduğunu bildirib təzyiqlər edərək üzərində narkotik maddə olmasını etiraf etməyə məcbur etmişlər.Bundan sonra polislər cibinə içərisində narkotik maddələr bir ədəd sellofan torba və bir ədəd elektron tərəzi qoymuş, daha sonra isə vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır.Axtarış zamanı özü cibinə qoyulmuş bir ədəd sellofan torbanı və elektron tərəzini cibindən çıxarıb təqdim etmişdir.Təqdim etdiyi torbanın içərisində heroin və metamfetamin bükümləri aşkar olunmuşdur.Orada polis əməkdaşların ona qarşı təzyiqləri olduğu üçün o, üzərində aşkar olunmuş heroin, metamfetmin və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir.Əslində isə üzərində aşkar olunmuş heroin, metamfetmin və elektron tərəzi ona məxsus deyildir, həmin maddələri və tərəzini cibinə polis əməkdaşları qoymuşdur.O, narkotik maddələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunmuş heroin və metamfetminlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotik maddələrdən istifadə etdiyi üçün özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 2022-ci il iyulun 12-də gündüz saatlarında Salyan rayonu ərazisində, Kür çayının sahilində gəzərkən yerdən siqaret qutusunda "kakos" deyilən heroin və "patı" deyilən metamfetamin tapmışdır.Uzun illər narkotik vasitələr qəbul etdiyi üçün həmin maddələri götürüb üzərində saxlamışdır ki, istifadə etsin.Yaşadığı evdə özünə məxsus elektron tərəzi olmuş və əldə etdiyi narkotik vasitələrin miqdarını bilmək üçün bu tərəzidən istifadə etmişdir.14 iyul 2022-ci il tarixdə, səhər saat 08 radələrində Salyan şəhəri, T.Davudzadə küçəsində, yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir.Axtarış zamanı özü üzərində "kakos" (heroin) və "patı" (metamfetamin) adlanan maddələrin olduğunu bildirmiş, sonra əynindəki şalvarının cibindən içərisində həmin maddələr və elektron tərəzi olan sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir.Təqdim etdiyi torbadakı bir ədəd balaca şüşə qabın içərisində 1 ədəd bükümdə metamfetamin, həmçinin torbanın içərisindən 3 ədəd bükümdə metamfetamin, daha 2 ədəd bükümdə heroin və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur.Şifahi sorğu zamanı o, torbanın isərisində aşkar olunmuş bükümlərdə olan kütlələrin heroin və metamfetamin olduğunu, həmin kütlələri 2 gün əvvəl rayon ərazisində, Kür çayı sahilində siqaret qutusunun içərisində tapdığını və özünün istifadə üçün üzərində saxladığını, elektron tərəzinin də özünə məxsus olduğunu və narkotikin miqdarını bilməsi üçün yaşadığı evdən götürüb istifadə etdiyini bildirmişdir.Üzərindən aşkar olunmuş heroin və metamfetamin kütlələri elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroin, metamfetamin və tərəzinin özünə məxsus olduğunu bildirmişdir.Əslində üzərində aşkar olunmuş heroin, metamfetamin və tərəzi ona məxsus deyil, onları üzərinə polis əməkdaşları qoymuşdur.O, narkotik və psixotrop maddələrin satışı ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotiklərdən istifadə etdiyi üçün özünü təqsirli bilir və əməlindən peşmandır.Eyni zamanda o, oğlu Emin Şahbazovun 2020-ci ildə əsgər kimi 2-ci Qarabağ Müharibəsində iştirak etməsi və medalla təltif olunmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 Füzuli oğlu ifadəsində göstərmişdir ki, o, Salyan RPŞ-nin əməkdaşıdır. 14 iyul 2022-ci il tarixdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs X3 dövriyyəsi ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün həmin gün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və saat 08 radələrində əməliyyat tədbiri keçirilmişdir.Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, Salyan şəhəri T.Davudzadə küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilmişdir.Şöbədə müstəntiq İlqar İsmayılov tərəfindən vəkil Elman Hənifəlinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir neçə bükümlərdə heroin və metamfetaminə oxşar kütlələr, həmçinin bir ədəd elektron tərəzi aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş heroin və metamfetamin kütlələrin, həm də elektron tərəzinin özünə məxsus olduğunu, heroin və metamfetamini bir müddət əvvəl rayon ərazisində yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını, habelə narkotiklərin miqdarını bilməsi üçün elektron tərəzini yaşadığı evdən götürüb üzərində saxladığını bildirmişdir.Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur.Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. İşdə olan, Salyan RPŞ-nin əməkdaşının 14 iyul 2022-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 73-də yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində mütəmadi olaraq narkotik və psixotrop maddələr əldə etməsi, daşıması və saxlaması barədə məlumat daxil olmuş və bu məlumat əsasında 14 iyul 2022-ci il tarixdə, saat 08:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan şəhəri, T.Davudzadə küçəsində, yaşadığı evin yaxınlığında saxlanılıb rayon polis şöəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyul 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılov tərəfindən müdafiəçi Elman Hənifəlinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 1 ədəd sellofan torba çıxarıb təqdim edib torbanın içərisində narkotik maddələr olduğunu bildirmişdir. Həmin torbanın içərisində bir ədəd şüşə qab, şüşə qabın içərisində 1 ədəd bükümdə metamfetaminə oxşar kütlə, həmçinin torbanın içərisindən 3 ədəd bükümdə metamfetaminə oxşar kütlələr, 2 ədəd bükümdə heroinə oxşar kütlələr və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 2 ədəd bükümdə olan kütlələrin "kakos" adlanan heroin, digər 4 ədəd bükümdə olan kütlələrin "patı" adlanan metamfetamin olduğunu, həmin maddələri 2 gün əvvəl Salyan rayonu ərazisində, Kür çayının sahilində siqaret qutusunun içərisində yerdən tapdığını və həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd elektron tərəzinin özünə məxsus olmasını, narkotikin miqdarını bilmək üçün evindən götürüb üzərində saxladığını bildirmişdir.Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və bir ədəd elektron tərəzi qablaşdırılıb götürülmüşdür.Şəxsi axtarışla bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “.. Təqsirləndirilən şəxs ..” sözləri yazılmış kağız paketi açdıqda 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-2,419 qram, 0,754 qram, ümumi təmiz çəkisi-3,173 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. 04 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-4,049 qram, 1,603 qram, 0,087 qram, 0,155 qram, ümumi təmiz çəkisi-5,894 qram olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir.01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır.İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir.Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 3,073 qram, qalıq metamfetamin 5,734 qramdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanınma haqqında” 19 iyul 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 3,073 qram heroin, 5,734 qram metamfetam və üzərində heroinin və metamfetaminin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 16 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını və tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən polinarkomaniya xəstəliyi aşkar olunur.Polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işi materiallarından ayrıca icraata cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında” 06 sentyabr 2022-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri əldə etmə mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərindən aşkar olunmuş heroin, metamfetamin və elektron tərəzinin ona məxsus olmaması, həmin maddələri və elektron tərəzini üzərinə polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərindən aşkar olunmuş heroin, metamfetamin və elektron tərəzinin ona məxsus olmaması, həmin maddələri və elektron tərəzini üzərinə polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid2 ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri (o cümlədən məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyinə əsasən maddi sübut olan elektron tərəzinin üzərində heroin və metamfetaminin üzləri aşkar edilmmişdir), məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş heroin, metamfetamin və elektron tərəzinin özünə məxsus olmasını, həmin maddələri Kür çayının kənarında yerdən tapdığını, elektron tərəzi isə evinə aid olmaqla istifadəsi üçün götürüb üzərində saxladığını göstərmişdir) tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik və psixotrop maddələrin, eləcə də elektron tərəzinin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin maddələrin və elektron tərəzinin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Salyan Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik və psixotrop maddələrin, eləcə də elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə, “Metamfetamin” olan maddə psixotrop maddədir.Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 3,173 qram narkotik vasitə olan heroin və 5,894 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmə Təqsirləndirilən şəxs əldə etdiyi maddələrin ayrı-ayrı növlərdən ibarət olmasını, onları çoxsaylı bükümlərə qablaşdırmaqla üzərində saxlamaqla yaşıdığı ərazidə küçədə üzərində daşımasını, habelə cibində üzərində heroin və metamfetamin izləri olan elektron təzənin aşkar edilməsinin onun həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin və metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Salyan Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu vaxtdan-14 iyul 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Salyan Rayon Xalq Məhkəməsinin 21 iyul 1999-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qüvvədə olmuş CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və barəsində Azərbaycan Respublikası Milli Məclisinin 10 dekabr 1999-cu il tarixli Amnistiya haqqında qərarının 5-ci bəndi tətbiq edilərək 25 yanvar 2000-ci ildə cəzadan azad edilmişdir.Bundan başqa Salyan Rayon Məhkəməsinin 03 sentyabr 2004-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2006-cı il tarixli qərarı ilə cəzanın çəkilməmiş 01 il 09 ay 07 günü şərti olaraq vaxtından əvvəl azad olunmuşdur.Həmçinin Salyan Rayon Məhkəməsinin 15 sentyabr 2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 16 dekabr 2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan əlavə Salyan Rayon Məhkəməsinin 24 iyul 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 19 mart 2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Habelə Salyan Rayon Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 09 günü şərti olaraq vaxtından əvvəl azad olunmuşdur.Həmçinin Salyan Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 03 fevral 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Salyan şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 iyul 2022ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, T.Davudzadə küçəsi ev 73-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, SX ******* №-li hərbi biletin və Azərbaycan Respublikası Medalının 5564 №-li vəsiqəsinin surətləri ilə müəyyən edilir ki, X6 N №-li hərbi hissənin tərkibində Ağdam istiqamətində gedən döyüşlərdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə iştirak etmiş və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs oğlu Emin Şahbazovun 2020-ci ildə 2-ci Qarabağ Müharibəsində iştirakı və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmasını Təqsirləndirilən şəxs münasibətdə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Salyan RPŞ-nin nin maddi sübutlar otağında saxlanılan 3,073 qram heroin, 5,734 qram metamfetamin və üzərində heroin və metamfetamin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 3,073 qram narkotik vasitə olan heroin, 5,734 qram psixotrop maddə olan metamfetamin və üzərində heroin və metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-612/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-612/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver