Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-613/2023 23.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1982-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 4 (dörd) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, ev 63-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 31 mart 2023cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən, 2 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 10,005 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, 29 mart 2023-cü ildə saat 16:00 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhəri, Qarabağ küçəsində icarə əsasında işlətdiyi ərzaq mağazasının qarşısında saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq əldə etdiyi 2 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 10,005 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü ildə iki nəfər polis əməkdaşı işlətdiyi dükana gələrək post-patrul avtomobili ilə rayon polis şöbəsinə aparılmış, cinayət axtarış bölməsinin rəisi Elvin adlı şəxs ondan millət vəkili Fazil Mustafayevə sui-qəsd olunan günü harada olmasını soruşmuş, ona dini inanclara görə saxlanıldığı bildirilmiş, şöbədə polis əməkdaşları içində narkotik vasitə olan 2 bükümdə heroini qarşısına qoyaraq bunun ona məxsus olduğunu demiş, lakin həmin vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə istintaqında elan olunmaqla tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan olunarkən özünü həmin ittihamda təqsirli bilərək törədilmiş cinayət haqqında ətraflı ifadə verərək göstərmişdir ki, 2023-cü ilin mart ayının əvvəllərində balıq tutmağa gedərkən kanalın qırağında yerdən bir ədəd büküm tapıb götürmüş, bükümlərə baxdıqda içərisində toz halında olan televiziyadan tanıdığı narkotik vasitə hesab edilən heroin olmasını bilmiş, həmin narkotik vasitəni maşına qoymuş, tutulmazdan bir gün öncə narkotik vasitəni avtomobilindən götürüb heç kimin görmədiyi yerdə atmaq məqsədilə cibinə qoymuş, lakin başı qarışıq olduğundan narkotik vasitə cibində qalmış, 29 mart 2023-cü ildə saat 16 radələrində Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən mağazasında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən iki ədəd sellofan kəsiyi bükümünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Ağcabədi rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, ev 63-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, 29 mart 2023-cü ildə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən 02 ədəd siqaretin şəffaf sellofanına bükülmüş bükümləri çıxararaq onlara təqdim etmiş, bükümlərə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuş, iki bükümdə olan kütlə qablaşdırılaraq götürülmüş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs istər saxlanılarkən, istərsə də polis şöbəsinə gətirilərkən, şöbədə olarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən 02 ədəd bükümdə ayrı-ayrılıqda 5,00 və 5,33 qram narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüş və ağ kağız zərfdə qablaşdırılaraq üzəri DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli, 18/364 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 4,843 qram və 5,162 qram olmaqla ümumi təmiz çəkisi 10,005 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin – 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi çəkisi 10,005 qram, cəmi tədqiqata sərf edildi – 0,1 qram (hər ob-0,05 qram), qalıq – 9,905 qramdır. İş materiallarında olan Ağcabədi rayon poliklinikasının 04 aprel 2023-cü il tarixli, 398 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs nevroloji və narkoloji kabinetlərdə qeydiyyatda dayanmır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının11 aprel 2023-cü il tarixli, 620 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 04 aprel 2023-cü il tarixli, 205 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki pisixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, tibbi sənədlər (Ağcabədi RMX PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli 398 saylı arayış), anamnestik məlumatlar və hal-hazırdakı psixiatrik müayinələrin nəticələri sübut edir. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən və hal-hazırda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 12 aprel 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri götürdüyü yeri göstərmişdir. İş materiallarında olan 05 may 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroini haradan, kimdən, nə vaxt əldə etməsi, həmçinin “Baba” adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyəti müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat tədbirlərimiz davam etdirilir, gələcəkdə hər hansı məlumat olarsa bu barədə Sizə əlavə məlumat veriləcəkdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 5 (017)-49/2023 nömrəli qərarından görünür ki, Ağcabədi rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 29 mart 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan və qalıq çəkisi - 9,905 qram olan narkotik vasitə heroin Ağcabədi rayon polis şöbəsində saxlanılır, şəxsi axtarışla bağlı videogörüntü olan 01 ədəd DVD disk və telefon məlumatlarının olduğu 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici, şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində aşkar olunan heroinin ona məxsus olmadığını, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində təzyiqlərə məruz qaldığından məcbur olub narkotik vasitə heroinin özünə məxsus olmasını yalandan etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Belə ki, Ağcabədi rayon məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən sonuncu ona verilən ittihamla razılaşaraq istintaq orqanının çağırışlarına vaxtlıvaxtında gələcəyini (vəd verməklə) öhdəsinə götürərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə bu hal barədə heç bir fikir bildirməməsi, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə əynindəki boz rəngli parça şalvarın sağ yan cibində daşıyaraq saxladığı 02 ədəd siqaretin sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edərək heroinin özünə məxsus olduğunu etiraf edir, narkotik vasitənin üzərinə polis əmkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Məhkəmə hesab edir ki, artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə icraatı zamanı verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə, başqa sözlə onun cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələrini ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, həmçinin barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilərkən cinayəti etiraf etməsini, eyni zamanda şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqan tərəfindən düzgün tövsif olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunan və iş materiallarında olan digər subutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Belə ki, CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərt onun külli miqdarda narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsidir. Yəni, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun narkotik vasitəni və ya psixotrop maddənin satış məqsədi ilə əldə etməsi və yaxud qanunsuz olaraq həmin vasitəni, maddəni satması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquq pozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdə narkotik vasitə heronin çəkisi külli miqdar – 10,005 qram təşkil etsə də, iş materiallarında onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Belə ki, CM-in 234.4.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə yaranır. CM-in 234.2-ci maddəsinə əsasən cinayət məsuliyyətini satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma yaradır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə cinayət məsuliyyəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı Ağcabədi RPŞ-nın əməliyyat tapşırığının cavabından görünür ki, bununla əlaqədarı müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, onun narkotik vasitə heroinin satışı ilə məşğul olması göstərilsə də, müsbət nəticə əldə edilməmiş, onun kiməsə narkotik vasitə satması müəyyən olunmamışdır. İş materiallarında olan Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 29 mart 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə kifayət qədər əsaslar olduğundan həmin gün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə aparılmışdır. Məhkəmə istintaqında müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir rəsmi məlumat yoxdur. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə irəli sürdüyü, yəni onda aşkar olunmuş 10,005 qram narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etməsinə dair dəlilləri təkzib edən hər hansı sübut mövcud olmadığı halda, həmçinin təqsirləndirilən şəxsin heroini satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, psixotrop maddəni və ya narkotik vasitələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan ibtidai araşdırma orqanı əsassız olaraq onun satış məqsədi ilə qanunsuz olaraq 10,005 qram heroini əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrək ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən ittihamın əsası kimi yalnız ona istinad etmişdir ki, aşkar olunmuş heroinin çəkisi külli miqdarda olmuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 21.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş 10,005 qram narkotik vasitə heroinin külli miqdarda olmasına görə şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair gəldiyi qənaəti ilə bağlı qeyd edir ki, həmin maddənin çəkisinin külli miqdar təşkil etməsi onun satış məqsədi ilə əldə etməsinə şübhələr yaratsa da, iş materiallarında təqsirləndirilən şəxsin heroini satış məqsədi ilə əldə etməsinə dair əsaslı və mötəbər sübutlar müəyyən edilmədiyindən ibtidai istintaq orqanının bu barədə gəldiyi nəticəni əsassız hesab edir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, iş materiallarında da belə sübut yoxdur və təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırıldığından onun əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi tövsif edilməli və həmin maddə ilə ixtisaslaşdırılmaqla ona cəza təyin olunmalıdır. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 29 mart 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Ağcabədi rayon məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 29 mart 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Hüseynov X2 şəhəri, Ü.Hacıbəyli prospekti, ev 63-də qeydiyyatda olmaqla himayəsində yaşlı valideynləri, heç bir yerdə işləməyən arvadı, 2010, 2011, 2014 və 2015-ci ildə doğulmuş uşaqları ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 4 (dörd) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində yaşlı validleynlərinin və heç bir yerdə işləməyən arvadının olmasını, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 99.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub - olmaması məsələsini həll edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi –- 9,905 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarışla bağlı videogörüntü olan 01 ədəd DVD disk və telefon məlumatlarının olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 29 mart 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi –- 9,905 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarışla bağlı videogörüntü olan 01 ədəd DVD disk və telefon məlumatlarının olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov