Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-613/2025 05.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 1981-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi qaydada əməklə məşğul olmuş (avtomobil təmiri ustası), əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz ümumi çəkisi 2591,46 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və soyuq silah hesab edilən bir ədəd kustar üsulla hazırlanmış kasteti (beşbarmağı) istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən əldə edib özü ilə gəzdirib daşımaqla saxlamış, 08 sentyabr 2025-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 17:21-dən 17:50-dək yaşadığı Şirvan şəhəri, Neftçilər küçəsi, ev 26A ünvandakı evinin həyətyanı sahəsinə onun razılığı ilə təxirəsalınmadan baxış keçirilən zaman həyətində iki ədəd göy rəngli plastik çəlləkdə qanunsuz saxladığı qırx dörd ədəd müxtəlif həcmli şüşə bankada ayrı-ayrılıqda təmiz çəkiləri 33,0, 58,0, 53,0, 103,0, 43,0, 48,0, 53,0, 58,0, 83,0, 43,0, 48,0, 68,0, 73,0, 63.0, 118,0, 38,0, 53,0, 48,0, 53,0, 98,0, 8,0, 43,0, 48,0, 83,0, 58,0, 28,0, 68,0, 58,0, 43,0, 88,0, 83,0, 33.0, 88,0, 23,0, 63,0, 68,0, 53,0, 83,0, 73,0, 68,0, 33,0, 43,0, 68,0, 48,0 qram, üç ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,43, 1,02, 1,01 qram, ümumilikdə çəkisi külli miqdarda 2591,46 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan orqanoleptlk əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və soyuq silah hesab edilən isifadəyə yararlı bir ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik predmet aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir, bir azyaşlı uşağı var, maşın ustası işləmiş, arabir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 08 sentyabr 2025-ci il tarixdə günorta vaxtı, yəni tutulmamışdan bir-iki saat qabaq Çılpaqlı qəsəbəsinin ərazisində Kür çayının kənarı ilə piyada hərəkət edərkən su motorlarının yanında iki ədəd göy rəngli plastik çəlləkdə içərisində şüşə bankalar, bankaların içərisində isə nəsə olduğunu görmüş, yaxınlaşıb bankalardan bir neçəsinin ağzını açdıqda, içərisindəki bitkinin rəngi və qoxusundan nəşə olduğunu başa düşmüş, həmin çəlləkləri götürüb arabir ürəyi istəyəndə çəkmək məqsədilə yaşadığı evinə gətirmişdir. Evinə gəlib çəlləkləri boşaldanda çəlləyin birinin içərisində iki ədəd bıçaq və əlavə olaraq üç ədəd kağızda da qurudulmuş marixuana olduğunu görmüş, həmin əşyaları yenidən çəlləyin içərisinə yığıb, həyətindəki it damının yaxınlığında gizlətmişdir. Elə həmin gün axşamtərəfi, saat 17 radələrində polis əməkdaşları yaşadığı ünvana gəlib baxış keçirəcəklərini deyəndə tapdığı iki ədəd çəlləyi onlara göstərmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, tutulmamışdan üç-dörd gün əvvəl narkotik vasitə istifadə etmişdir. Narkotik vasitədən istifadə həddi vəziyyətinə bağlı olmuşdur. İstifadə etdiyi narkotik vasitəni adətən məhkum dostundan əldə etmiş, gedib ondan götürmüşdür. Həmin şəxs üç ay əvvəl məhkum edilmişdir. Çəlləklərdə olan narkotik vasitəni 08 sentyabr 2025-ci il tarixdə, günorta saat 13-14 radələrində tapmış və hər iki çəlləyi əlində piyada evinə gətirmişdir. Beşbarmaq özünə məxsus olmuş, qadağan olunduğunu bilməmiş və narkotik olan çəlləklərin içərisinə atmışdır. Polislərin onun evində narkotik vasitə olması barədə necə məlumat əldə etdiklərini bilməmişdir. İş materiallarında olan evinə baxış keçirilməsinə razılıq ərizəsini özü yazmışdır. Baxış keçirilən ev özünə məxsusdur. Polislər yaşadığı evə videoçəkilişlə baxış keçirən vaxt həyəcanlı olmuş, bəlkə də, ona görə narkotiki tapdığı vaxtı iki saat əvvəl əvəzinə iki gün əvvəl kimi demişdir. Əvvəllər həmin ərazidə narkotik vasitə görməmişdir. Əməlindən tapdığı narkotik vasitəni evinə gətirməsi hissədə peşmandır. Əməliyyatçılar tərəfindən, həmçinin ibtidai istintaqın gedişində heç bir təzyiq və təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs məhkəmədəki son sözündə himayəsində bir azyaşlı uşağının, həmçinin bacısının onkoloji səbəblə ikinci qrup əlil olduğunu bildirərək, məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidlərin ifadələri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 08 sentyabr 2025ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitə və ya psixotrop maddələrin istehlakı və satışı ilə məşğul olması barədə qərəzsiz və etibarlı mənbədən daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarın icrası ilə bağlı onunla birlikdə Şirvan Şəhər Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Konvoy Hissəsinin polis nəfəri, serjant Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və qrupun rəhbəri özü təyin olunmuşdur. Həmin gün saat 17:21-dən 17:50-dək olan müddət ərzində əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Neftçilər küçəsi, ev 26A ünvanına gedib videoçəkilişlə əməliyyat tədbiri həyata keçirmişlər. Təqsirləndirilən şəxs evinin giriş darvazasını döydükdə Daşqın qapını açmış, özlərini təqdim edərək, üzərində, evində həyətyanı sahəsində narkotik vasitə və ya psixtotrop maddələrin olması, onların istifadəsi və dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasını ona bildirmişlər. Təqsirləndirilən şəxs həyətində narkotik vasitələrin olduğu etiraf edərək, həmin vasitələri Kürün qırağından tapdığını bildirmiş, evinə və evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə həm şifahi, həm yazılı şəkildə razılıq verdikdən sonra evinin həyətyanı sahəsinin bir hissəsində üst-üstə yığılmış daş kubiklərin arxasında it damının qarşısında iki ədəd göy rəngli plastik çəlləkləri təqdim etmişdir. Həmin çəlləklərin içərisində qırx dörd ədəd bankada və üç ədəd kağız bükümdə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlələr aşkar olunmuş və həmin predmetlər ağ rəngli polietilen kisəyə qoyularaq qablaşdırılmışdır. Eyni zamanda çəlləklərin birində bir ədəd dəmir beşbarmaq və iki ədəd, biri qara, digəri metallik rəngində bıçaq aşkar edilərək götürülmüş və kağız zərfdə qablaşdırılmış, həmin ağ polietilen kisə və kağız zərf möhürlənmiş, üstləri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda özü tərəfindən həmin əməliyyat-axtarış tədbirinin keçirilməsinə və müvafiq əşyaların götürülməsinə dair protokol tərtib olunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinə gətirilmiş, raportla rəhbərliyə müraciət etdikdən və raport üzrə araşdırma aparılması təhqiqat bölməsinə həvalə olunduqdan sonra təhqiqata təhvil verilmişdir. Şahid1 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, əməliyyat tədbiri ilə əlaqədar tanıdığı Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq və ya təsir olmamışdır. Əməliyyat məlumatı şəxsin evinə doğru istiqamətli idi. Təqsirləndirilən şəxs şəxsiyyəti əməliyyat qrupuna məlum olmuşdur. Adətən şəxsin şəxsiyyəti, ətrafı ilə münasibəti, əməliyyat məlumatı dəqiqləşdiriləndən sonra tədbirin realizəsinə başlanılır. Əməliyyat məlumatı şəxsin narkotik vasitəni saxlaması və daşıması ilə bağlı idi. Məlumat daxil olan kimi dərhal zəruri tədbirlər həyata keçirilməyə başlanılmışdır. Əməliyyat qrupuna yeni gəlmiş və əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat eşitməmişdir. Həmçinin digər istiqamətlərdə, yəni kultivasiya və sair barədə tədbirlər müsbət nəticə verməmişdir. Narkotik vasitənin mənbəyi ilə bağlı əməliyyat tədbiri realizə olunmamışdır. Daşqının narkotik vasitə tapdığı ərazidən qanunsuz nəsə aşkar edilməmiş, bu barədə əməliyyat məlumatı da daxil olmamışdır. Nəzəri biliyinə əsasən deyə bilər ki, aşkar olunmuş narkotik vasitənin çəkisinin külli miqdarda olması, eyni zamanda hissələrə bölünməsi əməlin satışına dəlalət edir. Məhkəmə iclasında dindirilmiş şahidlər Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Müvəqqəti Saxlama Yeri Konvoy Hissəsinin polis nəfəri, serjant Şahid3 hər biri ayrı-ayrılıqda ifadələrində Şahid1 ifadəsində bildirdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Şahid3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni nə vaxt tapması ilə bağlı dediyi yadında qalmamış, içərisində narkotik vasitə olan tomat bankaları qırx dörd ədəd olmaqla, çəlləklərin içərisində olmuşdur. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin müstəntiqi, polis polkovnik-leytenantı Şahid4 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qismində cəlb qərarında, eləcə də, iş üzrə tərtib etdiyi ittiham aktında Şirvan şəhəri, Naxçıvan küçəsində saxlanılması kimi qeyd olunması texniki səhvlə bağlıdır, yəni digər cinayət işi üzrə cəlb olunmuş şəxslə bağlı materialdan olan hissədir. Təqsirləndirilən şəxs 08 sentyabr 2025-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Şirvan şəhəri, Neftçilər küçəsi, ev 26A ünvanda yerləşən evində saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq aidiyyəti üzrə həmin şöbənin istintaq bölməsinə verilməsi qərara alınmışdır (iş vərəqi 01). Şirvan Şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli əmri, qərarı və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə həmin idarənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayətprosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 03-09). Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onun ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı yoxdur (iş vərəqi 10). Şirvan Şəhər Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” və “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Neftçilər küçəsində yerləşən evinin həyətyanı sahəsindən xx.xx.2025-ci il tarixdə, saat 17-21-dən 17:50-dək olan müddət ərzində videoçəkiliş vasitəsi ilə keçirilmiş əməliyyat tədbirləri zamanı həyətində iki ədəd göy rəngli plastik boçkada (çəlləkdə) saxladığı qırx dörd ədəd şüşə bankada və üç ədəd kağız bükümdə saxladığı narkotik vasitə marixuanaya bənzər kütlələr və həmin boçkanın içərisində bir ədəd beşbarmaq, iki ədəd qara, metalik rəngli bıçaq aşkar edilərək götürülmüş və bu barədə protokollara əlavə edilmiş DVD disklərə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 11-13, 36-38). Şirvan Şəhər Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixtrop maddələrin istehlakı ilə məşğul olması, hazırda da ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində olacağı və həyətində saxladığı narkotik vasitənin istehlakına hazırlıq görəcəyi barədə məlumat daxil olmuşdur (iş vərəqi 14). Şirvan Şəhər Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2025-ci il tarixli qərar və protokolundan görünür ki, azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdə, saat 17:21 dəqiqədən məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 18-19). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/658 nömrəli, xx.xx.2025-ci il tarixli “məhkəmə-bioloji ekspertizası”nın rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış sintetik torbada qırx dörd ədəd şüşə bankada ayrı-ayrılıqda təmiz çəkisi 33,0, 58,0, 53.0, 103,0, 43,0, 48,0, 53,0, 58,0, 83,0, 43,0, 48,0, 68,0, 73,0, 63,0, 118,0, 38,0, 53,0, 48,0, 53,0, 98.0, 8,0, 43,0, 48,0, 83,0, 58,0, 28,0, 68,0, 58,0, 43,0, 88,0, 83,0, 33,0, 88,0, 23,0, 63,0, 68,0, 53,0, 83.0, 73,0, 68,0, 33,0, 43,0, 68,0, 48,0 qram, üç ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 2,43, 1,02, 1,01 qram, ümumi çəkisi 2591,46 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertza tədqiqatından sonra 2590,52 qram narkotik vasitə qurudulmuş marixuana istintaq orqanına geri qaytarılmış, aparılmış tədqiqatın dəyəri 67 (altmış yeddi) manat 30 (otuz) qəpik müəyyən edilmişdir (iş vərəqi 47-51). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 55-56). Şirvan Şəhər Məhkəməsinin 4(032)-128/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 08 sentyabr 2025-ci il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 74-78). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqi 98-99). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.4-cü maddələrinə əsasən, məhkumluq ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada, Təqsirləndirilən şəxs əməllərində cinayətin residivi yoxdur. “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb kabinetində və narkoloji qeydiyyatda yoxdur (iş vərəqi 100-101). Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışı, xasiyyətnaməsi, şəxsiyyət vəsiqələrinin surəti və müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşamış, himayəsində xx.xx.2020-ci il təvəllüdlü azyaşlı uşağı var, bacısı Rəxşəndə Bekmatova ikinci qrup müddətsiz əlilliyi olan şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqi 102-108). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin ”telefon məlumatları barədə CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan (099) ***-**-** saylı mobil nömrə barədə məlumatların əks olunduğu "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış zamanı onun xx.xx.2025-ci il tarixdə Şirvan şəhəri, Neftçilər küçəsi, ev 26A-da olması müəyyən edilmişdir (iş vərəqi 117-119). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 523 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır (iş vərəqi 125-126). Məhkəmə Ekspertizası Mərkəzinin 3/1180 nömrəli, xx.xx.2025-ci il tarixli “məhkəmə ballistik ekspertizası”nın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vuruçu-əzici xassəyə malik soyuq silahdır, istifadəyə yararlıdır; bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır; bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş turist bıçağının dəstəyidir, soyuq silah hesab edilmir, istifadəyə yararsızdır. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir (iş vərəqi 127-130). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 6141 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sındiromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 131-132). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” və ”ittihama əlavələr edilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə yeni məzmunda yenidən ittihamın elan edilməsi haqqında” qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 228.5 və 234.4.3-cü maddələrinə tövsif edilməklə, ona həmin maddələrlə yeni məzmunda ittiham elan edilmiş; narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işinin materiallarından ayrıca icraata material ayrılmış; Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 2590,52 qram çəkidə qalığı və soyuq silah hesab edilən isifadəyə yararlı bir ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik predmet maddi sübut kimi tanınaraq, həmin şöbənin saxlancına təhvil verilmiş; “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” və “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokollara əlavə edilmiş iki ədəd DVD disk maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 140-148, 150-151). Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqsirləndirilən şəxsə məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 14 (on dörd) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında həm müdafiə, həm də ittiham tərəfin hüquqlarına hörmətlə yanaşılmış, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözügedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Haqqında bəhs olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olsa da, satışı ilə məşğul olmadığı, beşbarmağın qadağan olunması barədə məlumatının olmaması barədə bildirdikləri əsassız olaraq törətdiyi əməllərdə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatında, habelə Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir (iş vərəqi 46, 65-66). Bundan başqa, Şirvan Şəhər Məhkəməsində barəsində qətimkan tədbiri seçilərkən məhkəmə nəzarəti qaydasında keçirilmiş iclasda özünü eyni qaydada, yəni ona verilmiş ittiham üzrə təqsirli bilmişdir (iş vərəqi 74-78). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin Qərarın 26-cı bəndinin tələbinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən Təqsirləndirilən şəxs mövcud ziddiyyəti hər hansı səbəblə əlaqələndirə bilməmiş, əksinə ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiq və təsirə məruz qalmadığını bildirmişdir. Belə olan halda məhkəmə tərkibi təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini cinayət məsuliyyətindən yayınmaq, məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyan ifadə kimi qiymətləndirib, sübut kimi nəzərə almır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə, Təqsirləndirilən şəxs soyuq silah əldə etmə və gəzdirmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşımadan ibarət cinayət əməllərini törətmişdir. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ondan aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın ayrı-ayrı olmaqla qırx dörd ədəd bankada, bundan başqa kağız bükümlərdə qablaşdırılması, narkotik vasitənin çəkisi onlara münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsində qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla; 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 2 nömrəli Qərarının 14-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində (hazırda 228.5-ci maddəsində) milli geyim ləvazimatı hesab olunduğu ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən, soyuq silahlara konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan (nizə, döyüş baltası və s.) eləcə də zərbə-dağıdıcı təsirli əşyalar (beşbarmaqlar, nunsaklar, gürzlər, toppuzlar və s.) aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa, göstərilən cinayət əməli formal tərkibli olduğundan başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddədə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. “Digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 146-cı bəndinə əsasən marixuana (kannabis) dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edərək qiymətləndirmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici, məhkəmədə isə qismən etirafedici, həmçinin şahidlərin ifadələri, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” və “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” pprotokollar və həmin protokollara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, maddi sübutlar, ekspert rəyləri və digər sənədlər, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda onu da xüsusi vurğulayır ki, cinayət işinin materiallarında olan Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərarında və iş üzrə tərtib olunmuş ittiham aktının təsviri-əsaslandırıcı hissələrində Təqsirləndirilən şəxs 08 sentyabr 2025-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 17:21-dən 17:50-dək Şirvan şəhəri Naxçıvan küçəsində videoçəkiliş vasitəsilə keçirilmiş əməliyyat tədbiri zamanı saxlanıldıqdan sonra onun razılığı ilə yaşadığı Şirvan şəhəri, Neftçilər küçəsi, ev 26A ünvandakı evinin həyətyanı sahəsinə təxirəsalınmadan baxış keçirilərkən həyətində iki ədəd göy rəngli plastik çəlləkdə qanunsuz saxladığı qırx dörd ədəd müxtəlif həcmli şüşə bankada və üç ədəd kağız bükümdə ümumilikdə çəkisi külli miqdarda 2591,46 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan orqanoleptlk əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və soyuq silah hesab edilən isifadəyə yararlı bir ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik predmetin aşkar edilərək götürülməsi qeyd olunmuşdur (iş vərəqi 55-56, 165-170). Lakin, cinayət işinin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 08 sentyabr 2025-ci il tarixdə, saat 17:21-də yaşadığı Şirvan şəhəri, Neftçilər küçəsi, ev 26A ünvandakı evində saxlanılmışdır. Qeyd olunan fakt məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan Şəhər Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Müvəqqəti Saxlama Yeri Konvoy Hissəsinin polis nəfəri, serjant Şahid3 hər birinin ayrıayrılıqda ifadələrində də öz əksini tapmışdır. Məhkəmə göstərilən halın araşdırılması ilə əlaqədar işin ibtidai istintaqını aparmış Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin müstəntiqi, polis polkovnik-leytenantı Şahid4 əlavə şahid qismində dəvət etmiş və Şahid4 məhkəmə iclasında ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qismində cəlb qərarında, eləcə də, iş üzrə tərtib etdiyi ittiham aktında Şirvan şəhəri, Naxçıvan küçəsində saxlanılması kimi qeyd olunması texniki səhvlə bağlı olmuşdur. Təqsirləndirilən şəxs 08 sentyabr 2025-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Şirvan şəhəri, Neftçilər küçəsi, ev 26A ünvanda yerləşən evində saxlanılmışdır. Bundan başqa, cinayət işinin materiallarında olan Şirvan Şəhər Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolunda və həmin protokola əlavə edilmiş DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 17- 21-də Şirvan şəhəri, Neftçilər küçəsində yerləşən evində saxlanılması öz əksini tapmış və açıq-aydın müşahidə edilmişdir (iş vərəqi 11-13). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2025-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 17:21-dən 17:50-dək Şirvan şəhəri Naxçıvan küçəsində videoçəkiliş vasitəsilə keçirilmiş əməliyyat tədbiri zamanı saxlanıldıqdan sonra yaşayış evində aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində deyil, həmin tarixdə və saatda yaşadığı Şirvan şəhəri, Neftçilər küçəsi, ev 26A ünvandakı evində saxlanılması faktı əsas götürülməli və belə qeyd olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Sözügedən Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. 349-cu maddənin tələbinə əsasən isə məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Haqqında bəhs olunan Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət hüququ nəzəriyyəsində göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəliliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının, bacısının ikinci qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən özünü təqsirli bildiyi hissədə peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran, habelə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.2 və 15.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Bu mənada, məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 2590,52 qram çəkidə qalığı və soyuq silah hesab edilən isifadəyə yararlı bir ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik predmet məhv edilməli; “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” və “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokollara əlavə edilmiş iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, iş materiallarında saxlanılmaldırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi olmadığına görə məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmənin ilkin mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatların dəyəri olan 131 (bir yüz otuz bir) manat 30 (otuz) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq hərəkətlərinin faktiki məhdudlaşdırıldığı vaxtdan şübhəli şəxs qismində tutulanadək, həmçinin tutulduğu, habelə həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 08 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatların dəyəri olan 131 (bir yüz otuz bir) manat 30 (otuz) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 2590,52 qram çəkidə qalığı və soyuq silah hesab edilən isifadəyə yararlı bir ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik predmet məhv edilsin; “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” və “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokollara əlavə edilmiş iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-613/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-613/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver