Məhkəmə qərarları › İş №1(099)-614/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-614/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-614/2023 31.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi qaydada tikinti və telefon təmiri ustası işləyən, Lənkəran şəhəri, M.Hüseynzadə küçəsi, ev 13/2-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-29,310 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 28 mart 2023-cü il tarixdə, saat 16 radələrində Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin (bundan sonra BNMİnin CBRŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən bir ədəd bükümdə külli miqdarda- 29,310 qram heroin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Lənkəran şəhəri, M.Hüseynzadə küçəsi, ev 13/2-də qeydiyyatda olmaqla yaşamış, tutulan vaxtadək rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi qaydada tikinti və telefon ustası kimi işləmişdir. Təxminən üç ildir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmiş, lakn narkotiklərin satışı ilə məşğul olmamışdır. 28 mart 2023-cü il tarixdə, axşam saatlarında yaşadığı evin qarşısında küçədə olarkən polis əməkdaşları onu tutmuşdur. Həmin vaxt üzərində narkotik maddə olmamış, lakin yaşadığı evdə bir müddət əvvəl öz istifadəsi üçün 30 manata aldığı 0,5 qram heroin olmuşdur. Onu tutan polis əməkdaşlarının biri, Tural adlı polis əməkdaşına evində heroin olduğunu bildirmiş, sonra həmin polis əməkdaşı ilə razılaşıb evinə gedib bir bükümdə 0,5 qram heroini götürüb Turala vermiş, bundan sonra polis əməkdaşları onu regional polis şöbəsinə gətirmişlər. Polis şöbəsində polis əməkdaşları ona qarşı təzyiqlər edərək təqdim etdiyi 0,5 qram heroini yox, daha çox, yəni 30 qram heroini üzərinə götürməyi məcbur etmiş, əks təqdirdə evindən daha çox narkotik çıxacağı ilə hədələmiş, daha sonra isə onu döymüşlər. Ona qarşı olan təzyiqlər olduğu üçün o, 30 qram heroinin özünə məxsus olmasını, həmin heroini sosial şəbəkədə tanış olduğu iranlı “Əli” adlı şəxsdən 200 manata aldığını bildirməyə razılaşmışdır. Sonra Mehdi adlı polis əməkdaşı içərisində 30 qram heroin olan bir ədəd bükümü və bir ədəd elektron tərəzini onun (Təqsirləndirilən şəxs) gödəkcəsinin cibinə qoymuş, bundan sonra polis əməkdaşları tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əynindəki gödəkcəsinin cibindən bir bükümdə heroini və bir ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Aşkar olunmuş heroin kütləsi və elektron tərəzi qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o, həmin heroini sosial şəbəkədə tanış olduğu iranlı “Əli” adlı şəxsdən 200 manata aldığınıı və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini və elektron tərəzini cibinə Mehdi adlı polis əməkdaşı qoymuşdr. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəblərini bilməmişdir. Üzərində aşkar olunmuş heroin və elektron tərəzi ona məxsus deyil, həmin heroin və elektron tərəzi polis əməkdaşlarına aiddir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, heroindən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamışdır. Tutulmamışdın 15-20 gün əvvəl instagram sosial şəbəkəsində “Əli” adlı İran vətəndaşı ilə tanış olmuş, sonra həmin şəxsə ona heroin satmasını demiş, bu şəxs də razılaşıb ona plastik kart nömrəsi göndərib həmin karta 200 manat göndərəcəyi halda ona 30 qram heroin verəcəyini bildirmiş, o da həmin plastik karta 200 manat göndərmiş, “Əli” adlı şəxs də ona zəng edib Bakı şəhərində, Neftçilər metrostansiyasının yaxınlığına heroin qoyduracağını, gedib oradan həmin heroini götürməsini bildirmişdir. Bundan sonra o, Bakı şəhərinə getmiş, iranlı “Əli” adlı şəxslə əlaqə saxlamış və “Əli” ona heroinin qoyulduğu yerin şəklini telefonuna göndərmiş, o da gedib həmin yerdən heroini götürüb Lənkəran şəhərinə evinə qayıtmışdır. 28 mart 2023-cü il tarixdə, saat 16 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı (bundan sonra Ş.Xiyabanı) küçəsində yerləşən “Sultan” şadlıq sarayının yaxınlığında küçədə olarkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddələr saxlamasında şübhəli olduğu bildirilib regional polis şöbəsinə aparılmışdır. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özü əynindəki gödəkcənin cibindən bir ədəd bükümdə heroini və bir ədəd elektron tərəzini çıxarıb təqdim edib bükümün içərisində heroin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını, heroindən heç kimə vermədiyini və satmadığını, elektron tərəzinin də ona məxsus olduğunu və narkotik maddə əldə edərkən çəkisini bilmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş heroin və elektron tərəzini qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə və elektron tərəzi olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin və tərəzinin özünə məxsus olduğunu bildirmiş, sonradan da polislərin dediyi kimi izahat və ifadələr vermişdir. Əslində isə üzərində aşkar olunmuş heroin və elektron tərəzi ona məxsus deyil, həmin heroini və elektron tərəzini cibinə polis əməkdaşı qoymuşdur. Üzərində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün əldə edib evində saxladığı, sonradan polisə təqdim etdiyi 0,5 qram heroinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, BNMİ-nin CBRŞ-nin əməkdaşıdır. 28 mart 2023-cü il tarixdə Lənkəran şəhəri sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 16 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində yerləşən “Sultan” şadlıq sarayının yaxınlığında küçədə saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib regional polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Famil Həsənov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən bir ədəd büküm və elektron tərəzi çıxarıb təqdim edib bükümün içərisində heroin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Təqdim olunmuş bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini sosial şəbəkədə tanış olduğu Əli adlı İran vətəndaşından 200 manata aldığını və özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə və elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Əməliyyat qrupu Təqsirləndirilən şəxsun yaşadığı evə getməmiş və onun yaşadığı evdə axtarış aparılmamışdır. Təqsirləndirilən şəxs küçədə saxlanılıb birbaşa regional polis şöbəsinə gətirilmişdir. Həmçinin CBRŞ-nin Tural adlı polis əməkdaşı keçirilmiş əməliyyataxtarış tədbirində iştirak etməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid3 şahid Mehdi Səfiyarovun ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin (bundan sonra regional şöbənin) əməkdaşının 28 mart 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran şəhəri, M.Hüseynzadə küçəsi, ev 13/2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və bu məlumat əsasında həmin tarixdə, saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində yerləşən “Sultan” şadlıq sarayının yaxınlığında küçədə saxlanılıb regional şöbəyə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 mart 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə regional şöbənin təhqiqatçısı Famil Həsənov tərəfindən müdafiəçi Vəliəhəd Həbibovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə heroinə oxşar kütlə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğu və 15-20 gün əvvəl sosial şəbəkədə tanış olduğu “Əli” adlı İran vətəndaşına kartla 200 manat pul verib alıb şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin elektron tərəzinin özünə məxsus olması və narkotik vasitə əldə edərkən çəkisini bilmək üçün istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş kütlə və bir ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, materialların məhkəmə ekspertizasının 29 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə heroinə bənzər kütlə və 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə, təmiz çəkisi- 29,310 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilən heroinlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 29,260 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sendromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 29 mart 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, DİN-in BNMİ-nin CBRŞ-nin 02 may 2023-cü il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən Lənkəran şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrndən istifadə etməsi, həm də onun narkotik vasitələrin satışını həyata keçirməsi barədə məlumatlar əldə edilmişdir. İşdə olan, “Maddi sübut qismində tanıma haqqında” 09 may 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 29,260 qram heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 03 iyul 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Mehdi Səfiyarov və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik maddə və elektron tərəzinin olmaması, tutulduqdan sonra bir nəfər polis əməkdaşı tərəfindən yaşadığı evə gətirilməsi və evində olan 0,5 qram heroini həmin polis əməklaşına təqdim etməsi, polis şöbəsində ona qarşı təzyiqlər olmaqla 30 qram heroinin üzərinə götürməsinin tələb edilməsi, üzərində aşkar olunmuş heroinin və elektron tərəzinin ona məxsus olmaması, həmin heroini və tərəzinin cibinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Mehdi Səfiyarov və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik maddə və elektron tərəzinin olmaması, tutulduqdan sonra bir nəfər polis əməkdaşı tərəfindən yaşadığı evə gətirilməsi və evində olan 0,5 qram heroini həmin polis əməklaşına təqdim etməsi, polis şöbəsində ona qarşı təzyiqlər olmaqla 30 qram heroinin üzərinə götürməsinin tələb edilməsi, üzərində aşkar olunmuş heroinin və elektron tərəzinin ona məxsus olmaması, həmin heroini və tərəzinin cibinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Mehdi Səfiyarov və Şahid3 ifadələri, maddi sübutlar (o cümlədən maddi sübut olan elektron tərəzinin üzərində heroin üzlərinin aşkar edilməsi), ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş heroinin və elektron tərəzinin özünə məxsus olmasını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin və elektron tərəzinin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Lənkəran Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və həmin heroini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 29,310 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda heroin əldə edib həmin maddəni elektron tərəzi ilə birlikdə üzərində saxlamaqla Lənkəran şəhəri ərazisində küçədə daşıması onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroini əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsindən verilmiş 01 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, M.Hüseynzadə küçəsi, ev 13/2-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsindən verilmiş 01 iyul 2023-cü il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 21 noyabr 2011-ci il təvəllüdlü X5 və 03 fevral 2013-cü il təvəllüdlü X7 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində ikiazyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ciü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 29,058 qram heroin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci- 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyatda alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 29,260 qram narkotik vasitə olan heroin və üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar