Məhkəmə qərarları › İş №1(099)-614/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-614/2024

27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-614/2024 27.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X23 və X13, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxxx 1991-ci ildə Qazax rayonunun Qarapapaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə (fəhləliklə) məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Qazax rayonu, Qarapapaq kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və xüsusilə külli miqdarda psixotrop maddənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Sadiq Nəbi” adlı İran İslam Respublikasının vətəndaşı, habelə digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 24 mart 2024-cü il tarixdə Biləsuvar rayonuna gəlib, orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvü tərəfindən gizlədilmiş Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 95-ci kilometrliyində yerləşən körpünün yanından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1229,0 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda 1644,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 12,52 qram təşkil edən 313 ədəd metadon həbi və xüsusilə külli miqdarda 2108,837 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib saxlayıb daşıyarkən həmin tarixdə, saat 21:30 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsində yerləşən yeməkxananın yaxınlığında saxlanılıb polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan torbadan bir ədəd üzəri yapışqanlı lentlə sarılmış falqa bükülüsündə külli miqdarda, təmiz çəkisi 1229,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, iki ədəd üzəri yapışqanlı lentlə sarılmış sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1995,0 qram, 113,837 qram olmaqla, ümumilikdə xüsusilə külli miqdarda təmiz çəkisi 2108,837 qram olan ağ rəngli kristallardan ibarət kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan psixotrop maddə metamfetamin, iki ədəd üzəri yapışqanlı lentlə sarılmış sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1155,0 qram, 489,0 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 1644,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanoleptik əlamətlərinə görə bir-birlərindən fərqlənən narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sellofan bükülünün içərisində üzərində “F/M40” yazılmış qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı, külli miqdarda 12,52 qram təşkil edən təsiredici maddəsinin miqdarına görə birbirləri ilə eyni olan 313 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, marixuana istifadəçisidir, ayda bir-iki dəfə olmaqla istifadə etmişdir. “Sadiq Nəbi” adlı İran İslam Respublikasının vətəndaşı ilə Qazax rayonunda olarkən “İnstagram” sosial şəbəkəsində tanış olmuş və tutulana qədər bir həftə olardı ki, danışırmışlar. İranlı ilə 100 qram marixuana almaq barədə danışığı olmuş və bu səbəbdən 24 mart 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı Qazax rayonundan Bakı şəhərinə gedən mikroavtobusla gəlib Ələt qəsəbəsində düşmüş, oradan da tanımadığı taksiyə əyləşib Salyan rayonu ərazisinə getmişdir. Orada olarkən “Sadiq Nəbi” ona içərisində narkotik vasitə olan torbanın qoyulduğu yerin şəklini göndərmiş, həmin ərazinin harada yerləşdiyini tapa bilməmişdir. Bundan sonra iranlı ona narkotik vasitənin olduğu məkan məlumatını göndərmiş, həmin yerə getmiş, torbanı tapıb, götürdükdən sonra “Sadiq Nəbi”yə bu barədə məlumat vermişdir. 100 qram marixuana arxasınca getmiş, “patı”, “kakos” kimi narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, iranlıya “İnstagram”da 100 qram marixuana istədiyini yazmış, iranlı da ona istədiyi qədər marixuana olduğunu bildirmişdir. Bundan sonra iranlıya “Novruz bayramını keçirək, narkotiki götürəcəm” demiş, iranlı da ona “konum atacam, gedib götürərsən” demişdir. Məkan məlumatı vasitəsilə narkotik vasitənin yerləşdiyi yerə getmişdir. Həmin vaxt içkili vəziyyətdə olmuşdur. Belə ki, Salyan rayonunda bir bakal pivə içmişdir. İranlının məkana qoydurduğu torbanı açıb içinə baxmamış, lakin torbanın böyük olduğu aydın göründüyündən iranlıya torbada narkotik vasitənin çox olduğunu bildirmişdir. Sadiq Nəbi ona “sənin payını artıqlaması ilə qoymuşam” dediyi üçün, marixuanadan 100-200 qram pay qoyduğunu düşünmüş, iranlının dediklərindən fikri qarışmış və torbanı götürmüşdür. Torbanın içində bu qədər “mal” olacağını fikirləşməmişdir. Belə olacağını bilsəymiş, torbanı götürməzmiş. Alacağı narkotik vasitənin müqabilində İran vətəndaşına 800 (səkkiz yüz) manat pul verməli imiş. Həmin pulu sonuncunun kart hesabına atacaqmış. Torbanı götürdüyü yerdən təxminən on metr aralandıqdan sonra yol polisi avtomobili gəlmiş və içərisindəki polis əməkdaşları onu axtardıqlarını bildirmişlər. Saxlanılarkən torba əlində olmuşdur. Biləsuvar Rayon Polis Şöbəsinə aparılmışdır. Şöbədə əlindəki sellofan torbanı qoymuş, ondan iki dəqiqəlik otaqdan çıxmasını istəmişlər. Çölə çıxıb tualetə getmiş və qayıtmışdır. Bundan sonra ondan həmin torbanın ona məxsus olub-olmadığını soruşmuşlar. Torbanı əlinə alaraq dəqiq bilmədiyini, gümanına görə həmin torbanın götürdüyü torba olduğunu demişdir. Ondan torbanın çəkisinə baxmağı istəmişlər. Əlinin tərəzi olmadığını, torbanın çəkisini bilmədiyini demişdir. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla torba açılmış və içindən müxtəlif növdə narkotik vasitələr, psixotrop maddə çıxmışdır. Torbadan çıxmış digər predmetlərdən məlumatı olmamışdır, iranlıdan həmin narkotiki istəməmiş, adlarını belə çəkməmiş, həmin vasitələr və maddənin istifadəçisi olmamışdır. Ona aid olmayan predmetlər torbaya qoyulmuşdur. Torbanın içində əvvəl bir yumru bağlama olmuş, sonra başqa bağlamalar da çıxmışdır. Nə baş verdiyini anlaya bilməmiş, həmin vaxt sərxoş olmuşdur. Şəxsi axtarış zamanı 100 qram marixuananın ona məxsus olduğunu, digərlərinin isə ona aid olmadığını bildirmiş, həmin vaxt mobil telefonunu ondan almışlar. Mobil telefonuna baxış keçirilmiş, dəqiq olaraq nəyə baxıldığını bilməmişdir. İranlı ilə yazışmaları “İnstaqram” hesabında olmuş, instaqram hesabına baxılıb-baxılmadığını bilməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimata məhkəmədə baxılarkən torbadan çıxarılmış digər narkotik vasitələrin ona məxsus olmadığını bildirmiş, bu barədə, həmçinin, müstəntiqə də demişdir. Polis əməkdaşı olan Şahid3 ona qarşı söyüş etmiş və üz nahiyəsinə həm polis şöbəsində, həm də şöbəyə aparılarkən avtomobildə sillə vurmuşdur. Avtomobildə olarkən Sərxan ona “bayaqdan səni axtarırıq, səni axtarıb tapdığımıza görə rəis bizə qonaqlıq verəcək” demişdir. Sərxanın onu vurması nəticəsində sifətində göyərti və ya başqa xəsarət yaranmamış, ona görə də təcridxanada yoxlanılarkən heç bir xəsarəti olmadığını bildirmişdir. Digər polis əməkdaşı Şahid2 ona, “iki nəfər narkomanın adını de, səni buraxıram” demiş, o da bunu bacarmayacağını bildirmişdir. Gürcüstan Respublikasına bazarlıq məqsədilə gedib-gəlmiş, heç vaxt İran İslam Respublikasında olmamışdır. Əvvəllər Əli adlı İran İslam Respublikası vətəndaşı ilə danışmış, daha sonra Əli ona Sadiq Nəbinin nömrəsini vermişdir. Mobil nömrəsinə zəng edənlər dost-tanışları olmuşdur. Aprel ayından etibarən dini ibadətlə məşğuldur. Polis əməkdaşlarından Şahid1 ona, heç bir iranlı vətəndaşın olmadığını, hər şeyin polisin oyunu olduğunu bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs son sözündə narkotik götürməyə gedəndə şəxsi istifadəsi üçün yalnız 100 qram narkotik vasitə əldə etmək niyyətində olduğunu, yanlış əmələ yol verdiyini və bundan peşman olmasını bildirmiş, anasının vəfat etdiyini, atasının xəstə olduğunu nəzərə almaqla, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etrmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi X3 baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır, onunla hər hansı qohumluq münasibəti, ədavət və ya düşmənçiliyi yoxdur. Ona Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və bu əsasla 24 mart 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Biləsuvar Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri polis leytenantı Şahid2, polis leytenantı Şahid3, Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı X14, X24 Bölüyünün inspektorları, polis serjantı X17 və polis baş serjantı X6 ibarət tərkibdə əməliyyat qrupu yaradılaraq, bu barədə protokol tərtib edilmişdir. Qəbul olunmuş qərara uyğun olaraq 24 mart 2024-cü il tarixdə, saat 21:30 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs əlində sellofan torba ilə Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsində yerləşən kafenin yaxınlığında yolun kənarı ilə piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmışdır. Həmin yerin şəraiti şəxsi axtarış və baxış keçirilməsi üçün münasib olmadığından Təqsirləndirilən şəxs əlindəki sellofan torba ilə birlikdə Biləsuvar Rayon Polis Şöbəsinə aparılmış və şöbədə müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri, habelə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə üzərində şəxsi axtarış keçirilməsi izah edilmişdir. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etməsi təklif olunmuş, Nəriman da öz növbəsində əlində olan sellofan torbanı təqdim edərək, torbada ona məxsus narkotik vasitə olduğunu, üzərində bundan başqa qanunla qadağan olunmuş heç bir şey olmadığını bildirmişdir. Sonra onun üzərində şaxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş heç bir şey aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı torbadan bir ədəd köynək, iki ədəd üzəri qəhvəyi rəngli yapışqan lentlə sarılmış biri böyük, biri balaca bükülü aşkar edilmişdir. Böyük bükülü açılıb baxıldıqda içərisində beş ədəd bükülü olması müəyyən olunmuşdur. Ümumilikdə altı ədəd bükülü aşkar edilmişdir. Həmin bükülülər hər biri ayrı-ayrılıqda açılıb baxıldıqda, bir ədəd bükülüdən tiryəkə bənzər narkotik vasitə, iki ədəd bükülüdən qurudulmuş marixuanaya bənzər bitki kütləsi, bir ədəd bükülüdən metadon həbləri, iki ədəd bükülüdən isə metamfetaminə bənzər psixotrop maddə aşkar edilmişdir. Daha sonra bükülülər hər biri ayrı-ayrılıqda elektron tərəzisində çəkildikdən sonra sellofan torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzərinə bütün iştirakçılar imza etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs torbanı haradan və hansı məqsədlə əldə etdiyi soruşulmuş, o da İran İslam Respublikasının vətəndaşı ilə danışdığını, həmin şəxsin ona 100 qram narkotik vasitə verməli olduğunu, narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir psixi və fiziki təsir və ya təzyiq göstərilməmiş, təqsirləndirilən şəxsə onunla danışanın iranlı vətəndaş olmaması, hər şeyin polisin oyunu olması kimi bir söz deməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadələr vermişlər. Şahid2 əlavə olaraq, Təqsirləndirilən şəxs saxlanılandan polis şöbəsinə gətirilənədək, ümumiyyətlə hazırki iş üzrə təqsirləndirilən şəxslə arasında bu və ya digər məzmunda dialoq olmamışdır. Şahid3 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən hansı müddətdə əməliyyat müşahidəsinə götürüldüyünü xatırlamır. Təqsirləndirilən şəxs saxlanılarkən müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirməmiş, onunla söhbət etməmiş, onu vurmamışdır. Təqsirləndirilən şəxs tutulduğu vaxtdan etibarən polisin müşahidəsi altında olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsində otağa saldıqdan sonra sənədlə əlaqədar otaqdan çıxıb, qısa müddət sonra da geri qayıtmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis X9 xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01-02). Biləsuvar Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması və daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 05). Biləsuvar Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli qərarı, məktubları və protokolundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayətprosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 06-10). Biləsuvar Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:30 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində Bəhruz adlı şəxsə məxsus yeməkxananın yaxınlığında yolun kənarında piyada hərəkətdə olan zaman saxlanılaraq şöbəyə aparılmışdır (iş vərəqi 11). Biləsuvar Rayon Polis X9 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 16; 26; 28). Biləsuvar Rayon Polis X9 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı təqdim edərək bildirmişdir ki, sosial şəbəkədə tanış olduğu iran vətəndaşından özünə 100 qram narkotik vasitə istəmiş, o da əlində olan torbanı göndərmişdir. Həmin torbaya baxış zamanı içərisində bir ədəd bağlama və bir ədəd bükülü olması müəyyən olunmuşdur. Böyük bağlama açılıb baxıldıqda içərisində beş ədəd bükülü, ümumilikdə isə altı ədəd bükülü olması aşkar edilmişdir. Birinci bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 1360 qram, ikinci bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 610 qram, üçüncü bükülü açılıb baxıldıqda içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 2040 qram, dördüncü bükülü açılıb baxıldıqda içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 150 qram, beşinci bükülü açılıb baxıldıqda içərisində üzərində “F-M40” mətni yazılmış narkotik vasitə metadona bənzər 313 ədəd həb olması, altıncı bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə tiryəkə bənzər kütlə olması, şöbənin elektron tərəzi ilə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 1285 qram olması müəyyən olunmuşdur. Bundan başqa əynində olan şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 35-37). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 19/279 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi və bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərin qablaşdırıldığı bağlama...” sözlər və imzalar olan bağlamadakı bir ədəd bükülüdə təmiz çəkisi 1229,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış naroktik vasitə tiryəkdir; iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1995,0 qram, 113,837 qram, ümumi təmiz çəkisi 2108,837 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər; iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1155,0 qram, 489,0 qram, ümumi təmiz çəkisi 1644,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə görə bir-birlərindən fərqlidirlər; bir ədəd bükülüdə təmiz çəkisi 119,412 qram olan bitki hissəcikləri narkotik vasitələrə aid deyildir; 313 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir və təsiredici maddəsinin miqdarına görə bir-birləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 12,52 qramdır (bir həbdə 0,04qr). Aparılmış tədqiqatın dəyəri 130 (bir yüz otuz) manat müəyyən edilmişdir (iş vərəqi 43-46). Biləsuvar Rayon Polis X9 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət işi aidiyyət üzrə Biləsuvar Rayon Polis X7 verilmiş və icraata qəbul edilmişdir (iş vərəqi 48-49; 53). Biləsuvar Rayon Polis X10 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4-1-ci maddəsinə tövsif edilmişdir (iş vərəqi 68-69). Biləsuvar Rayon Polis X10 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 71-72). Biləsuvar Rayon Məhkəməsinin 4(022)-32/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 24 mart 2024cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 94-97). Biləsuvar Rayon Polis X10 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1229,0 qram tiryəkin tədqiqatdan sonrakı 1228,9 qram qalığı, 2108,837 qram metamfetaminin tədqiqatdan sonrakı 2108,637 qram qalığı, 1644,0 qram marixuananın tədqiqatdan sonrakı 1643,8 qram qalığı, 313 ədəd metadon həbinin tədqiqatdan sonrakı 295 ədəd qalığı maddi sübut kimi tanınaraq həmin şöbənin saxlancına təhvil verilmişdir (iş vərəqi 98-99). Biləsuvar Rayon Məhkəməsinin 5(022)-106/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş Biləsuvar Rayon Polis Şöbəsi X3 təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 103). Biləsuvar Rayon Polis X10 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində bildirmiş və bu barədə fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 104-105). Biləsuvar Rayon Polis X10 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd "Redmi" markalı mobil telefonun üzərində 055 ***- **-** və 070 ***-**-** nömrələrinin olduğu, telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı İran mobil operatoruna aid “Sadig Nebi +98***-***-**-**” və “Ali +98***-***-**-**” nömrələr müəyyən olunmuş, “WhatsApp” proqramında zənglər və mesajlar siyahısına baxış zamanı Təqsirləndirilən şəxs ilə İran mobil operatoruna aid “sadig Nebi +98***-***-**-**” nömrə arasında 24 mart 2024-cü il və əvvəlki tarixlərdə sözügedən cinayət barədə çoxsaylı danışıqlar, səsli mesajlar, göndərilən narkotik vasitənin fotoşəkilləri, videogörüntüləri və zəngləri qeydə alınmışdır. Həmin səs yazıları, video və fotoşəkillər iş üçün əhəmiyyət kəsb etdiyindən CD diskə köçürülərək protokola əlavə edilmiş və həmin diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 109-114). Qazax Rayon İcra Hakimiyyəti Başçısının Ağköynək Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı, xasiyyətnaməsi və medal vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonunun Qaraqapaq kəndində qeydiyyatda olmaqla orada yaşamış, ailə tərkibi atası, anası, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş qardaşı X4 ibarətdir, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqi 116-120). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda) təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq olunmaqla 500 (beş yüz) manat cərimə edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Aministiya haqqında qərarına əsasən təyin edilmiş cəzadan azad edilmişdir (iş vərəqi 128-129). Cinayət Məcəlləsinin 83.3 və 83.3.2-ci maddələrinə əsasən, məhkumluq azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 1 (bir) il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4, 18.4.3 və 18.4.4-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Biləsuvar Rayon Polis X10 03 və 08 iyun 2024-cü il tarixli protokollarından görünür ki, “Azerfon” və "xxxx" MMC-dən daxil olmuş CD disklərə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 555-56-44 və 055 855-51-35 saylı mobil telefon nömrələri ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən mobil operotorlara aid müxtəlif nömrələrlə çoxsaylı qarşılıqlı danışıqlar aparılması müəyyən edilmişdir (iş vərəqi 153-158). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada narkoloji və psixoloji qeydiyyatda deyildir (iş vərəqi 158b). “Məhkəmə-Tibbi Ekspertiza və X11” X21 144 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinə zamanı hər-hansı xəsarət aşkar olunmamışdır (iş vərəqi 159-160). Lənkəran Şəhər Narkoloji X1 X12 xx.xx.2024-cü il tarixli, 297 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 161). Biləsuvar Rayon Polis X10 xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittihamda dəyişiklik edilərək ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmiş; üzərindən aşkar edilmiş bir ədəd "Redmi" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən üzərində olan kartlarla birlikdə maddi sübut kimi tanınaraq həmin şöbənin saxlancına təhvil verilmiş; üzərinə videoçəkiliş aparmaqla keçirilmiş şəxsi axtarış, təqsirləndirilən şəxs qismində ifadəsi və mobil telefona baxışın əks olunduğu üç ədəd CD disk maddi sübut hesab edilmiş; narkotik vasitələrin mənbəyinin, eləcə də cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmışdır (iş vərəqi 166-176; 178-179; 183-184). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olmuş 2812/2024 nömrəli "Tibbi Kitabça"-dan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs xəsarət aşkar edilməmiş, sol göz ətrafı nahiyədə, qarının ön səthində, hər iki saidin ön səthində, sağ dizin ön səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 12 (on iki) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqument və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və bununla da ona qarşı irəli sürülmüş ittiham mübahisələndirilmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, marixuana istifadəçisi olduğundan “Sadiq Nəbi” adlı İran İslam Respublikasının vətəndaşı ilə şəxsi istifadəsi üçün 100 qram marixuana almaq barədə danışıb 800 (səkkiz yüz) manat pul müqabilində razılaşması, 24 mart 2024-cü il tarixdə həmin narkotiki götürmək üçün iranlının göndərdiyi narkotik vasitə olan torbanın qoyulduğu yerə gedib, torbanı tapanda içinə baxmadan böyük olduğu aydın göründüyündən iranlıya torbada narkotik vasitənin çox olduğunu bildirməsi, Sadiq Nəbinin ona “sənin payını artıqlaması ilə qoymuşam” dediyi üçün, marixuanadan 100-200 qram pay qoyulduğunu düşünməsi və torbanı götürməsi, torbanın içərisində bu qədər “mal” olacağını fikirləşməməsi, əgər ağlına gəlsəydi torbanı götürməyəcəyi, polis şöbəsində şəxsi axtarış zamanı əlində olan torbadan aşkarlanmış marixuanadan başqa digər psixotrop maddə və narkotik vasitələrin ona aid olmaması, polis əməkdaşları tərəfindən bu və ya digər formada təzyiq və təsirlərə məruz qalması barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür) əlində olan torbanın içərisindən aşkar olunmuş psixotrop maddə və narkotik vasitələrlə bağlı bildirmişdir ki, həmin predmetlər olan torbanı instaqram sosial şəbəkəsində tanış olduğu özünü Sadiq kimi təqdim edən İran İslam Respublikası vətəndaşının vasitəsi ilə Biləsuvar rayonu ərazisində yol kənarından götürərək əldə etmiş və bağlama əlində oradan uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində, habelə ifadəsinin yerində yoxlanması zamanı eyni məzmunda danışmış, hətta səhfini başa düşdüyü üçün əməlindən səmimi olaraq peşimançılıq çəkdiyini bildirmişdir. Bundan başqa, o, Biləsuvar Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyini göstərmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlində olan sellofan torbanın içərisindən aşkar olunmuş psixotrop maddə və narkotik vasitələr barədə məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının rəyi ilə tanış olarkən hər hansı bir vəsatətinin olmadığını qeyd etmişdir. Məhkəmə müdafiə tərəfinin Avropa Məhkəməsinin mövqeyinə görə hazırkı iş üzrə təhrikçiliklə bağlı məqamlara diqqət yetirilməli olduğu, təqsirləndirilən şəxsin ifadəsində onunla iranlı adı ilə danışanların əməliyyatçılar olması barədə deməsi və məhz onların şəxsi narkotik vasitəni götürməsi üçün təhrik etmələri barədə dediklərinə dair qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs məxsus "Redmi" markalı mobil telefonunn yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı İran mobil operatoruna aid “Sadig Nebi +98***-***-**-**” və “Ali +98***-***-**-**” nömrələr və həmin nömrələrdən məhz Sadiq Nəbinin adına qeyd olunmuş +98***-***-**-**” nömrə arasında 24 mart 2024-cü il və əvvəlki tarixlərdə sözügedən cinayət barədə çoxsaylı danışıqlar, səsli mesajlar, göndərilən narkotik vasitənin fotoşəkilləri, videogörüntüləri və zəngləri əks olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təzyiq və təsirlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə, üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı polis əməkdaşları tərəfindən ona qarşı qanunazidd hərəkətlər edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq və təsirlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda özü bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişdir. Bundan başqa, “Məhkəmə-Tibbi Ekspertiza və X11” X21 xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tibbi müayinə zamanı hər-hansı bir xəsarət aşkar olunmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşı Şahid3 tərəfindən üz nahiyəsinə sillə ilə vurulması barədə deməsinə əsasən onun saxlanılandan sonra istintaq təcridxanasına aparıldığı vaxt üzərində xəsarət olubolmamasını müəyyənləşdirmək üçün verilmiş sorğuya Bakı İstintaq Təcridxanasından daxil olmuş cavabda müayinə zamanı Təqsirləndirilən şəxs xəsarət aşkar edilməməsi qeyd olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir və ya təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı polis əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərə məruz qalmamasını bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa, cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ona məxsus "Redmi" markalı mobil telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı istifadəsində olmuş 070 555-56-44 və 055 855-51-35 mobil nömrələrlə İran mobil operatoruna aid “Sadig Nebi +98***-***-**-**” və “Ali +98***-***- **-**” nömrələrindən başqa, Azərbaycan Respublikasında fəaliyyət göstərən mobil operotorlara aid müxtəlif nömrələrlə çoxsaylı qarşılıqlı danışıqlar aparılması müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ondan aşkar olunan narkotik vasitələrin qurudulmuş marixuana, tiryək, metadon kimi müxtəlif növdə olmaları, psixotrop maddə metamfetaminin çəkiləri narkotik vasitələrə və psixotrop maddəyə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən Qanunun 12-ci bəndinin mənasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bundan başqa, cinayət hüquq nəzəriyyəsinə görə, qeyd olunan cinayətlərin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Qeyd olunan Plenum Qərarının 16-cı bəndinin 3-cü yarımbaşlığına əsasən, bir neçə növ narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli və əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı müvafiq siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 102 və 146cı bəndlərinə əsasən tiryək, marixuana (kannabis) dövriyyəsi qadağan olunmuş narkotik vasitələr, 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddə və İİ Siyahısının 1-ci hissəsinin 6-cı bəndinə əsasən metadon dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitədir; Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana (kannabis) külli miqdar; 111-ci bəndinə əsasən təmiz halda 1,6 qramdan 160 qramadək çəkidə metadon külli miqdar; 182-ci bəndinə əsasən təmiz halda 50 qramdan 5000 qramadək tiryək külli miqdar; İİ Siyahısı”nın 118-ci bəndinə əsasən təmiz halda 400 qramdan artıq çəkidə metamfetamin xüsusilə külli miqdar təşkil edir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qardaşının İkinci Qarabağ müharibəsi iştirakçısı olmaqla “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” kimi medallarla təltif olunmasını, özünün qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, habelə narkotik vasitəni götürmək üçün getməyə görə səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09.0.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunduğundan və 56.1.3-cü maddəyə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1229,0 qram tiryəkin tədqiqatdan sonrakı 1228,9 qram qalığı, 2108,837 qram metamfetaminin tədqiqatdan sonrakı 2108,637 qram qalığı, 1644,0 qram qurudulmuş marixuananın tədqiqatdan sonrakı 1643,8 qram qalığı, 313 ədəd metadon həbinin tədqiqatdan sonrakı 295 ədəd qalığı məhv edilməli; ona məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatı üzərində olan sim kartlarla birlikdə yaxın qohumuna qaytarılmalı; üzərinə videoçəkiliş aparmaqla keçirilmiş şəxsi axtarış, təqsirləndirilən şəxs qismində ifadəsi və mobil telefona baxışın əks olunduğu üç ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 24 mart 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 130 (bir yüz otuz) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1229,0 qram tiryəkin tədqiqatdan sonrakı 1228,9 qram qalığı, 2108,837 qram metamfetaminin tədqiqatdan sonrakı 2108,637 qram qalığı, 1644,0 qram qurudulmuş marixuananın tədqiqatdan sonrakı 1643,8 qram qalığı, 313 ədəd metadon həbinin tədqiqatdan sonrakı 295 ədəd qalığı məhv edilsin; ona məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatı üzərində olan sim kartlarla birlikdə yaxın qohumuna qaytarılsın; üzərinə videoçəkiliş aparmaqla keçirilmiş şəxsi axtarış, təqsirləndirilən şəxs qismində ifadəsi və mobil telefona baxışın əks olunduğu üç ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar