Məhkəmə qərarları › İş №1(099)-615/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-615/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-615/2022 28.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmiov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və İflı şəhəri 10 saylı vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, sürücü işləyən, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 240.2.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında vüdeokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən satış məqsədi ilə qəsdən qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri və külli miqdarda güclü təsiredici maddələri İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma barədə 4 iyun 2022-ci il tarixdə tanışı istintaqa məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq həmin tarixdə İran İslam Respublikasının Astara şəhərində cinayətkar qrupun üzvü İran İslam Respublikası vəvəndaşından satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda təsiredici maddəsinin miqdarı 30 qram təşkil edən 100 həb “Gabapentin 300” göstəricili narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan qabapentin güclü təsir edən maddəsi və təsiredici maddəsinin miqdarı 0,3 qram təşkil edən 300 həb “Ergotamine C 1mg” göstəricili narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan erqotamin tartrat zəhərli maddəsini əldə etmiş, idarə etdiyi “Daf” markalı, “44CF453/44ZA603” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsinin tavanının sağ və sol üzlüklərini sökərək həmin maddələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzlüklərin altındakı boşluqda yerləşdirərək saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, 5 iyun 2022-ci il tarixdə saat 18 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən X8da Azərbaycan Respublikasının gömrük sərhədindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 8 ildir ki, sürücü işləməklə beynəlxalq yük daşımalar ilə məşğul olmuşdur. “Ərkivan trans“ şirkətində sürücü işləmişdir. 30 may 2022-ci il tarixdə İşlədiyi şirkətə məxsus “44CF453/44ZA603” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasına getmiş, 4 iyun 2022-ci il tarixdə idarə etdiyi avtomobilə Moskva şəhərinə aparmaq üçün sarımsaq yükü yükləndikdən sonra İran gömrüyünün qarşısına gəlmiş, evə ərzaq mallarını almaq məqsədi ilə əvvəlcədən tanıdığı Qafur adlı İran vətəndaşının dükanına getmiş, dükanda olan zaman Qafur ondan dərman vasitələrini Azərbaycan Respublikasına aparmasını və apardığı təqdirdə ona 150 manat pul veriləcəyini bildirmiş, o da Qafurun təklifi ilə razılaşmış, Qafur həmin dərmanları 3 ədəd qara rəngli sellofan paketə yerləşdirib ona vermişdir.Həmin vaxt Qafur dərmanların kömrükdən keçirilməsi ilə əlqədar ona heç bir köməklik etməmişdir. O dərmanları gömrükdən gizli özü tək keçirmişdir.Bundan sonra o avtomobilin kabinəsinin tavanının üzlüyünü sökərək dərmanlar olan paketləri üzlüyün altındakı boşluqda gizlətmiş və üzlükləri yerinə bərpa etmişdir. 5 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası X8a daxil olmuş, bir qədər növbədə gözlədikdən sonra 5 iyun 2022-ci il tarixdə saat təxminən 18 radələrində idarə etdiyi nəqliyyat vasitəsini yoxlama xəttinə sürmüş, orada gömrük inspektoru ondan üstündə, ona məxsus əşyalarında və ya idarə etdiyi yük maşınında qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya predmet və ya dərman preparatları olub-olmadığını soruşmuş o da onda və avtomobilində belə predmet və əşyalarımn olmadığını bildirmişdir. Sonra hal şahidləri və onun iştirakı ilə nəqliyyat vasitəsində gömrük yoxlaması aparılmış, yoxlama zamanı gömrükçü onun idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsinin tavanının sağ və sol üzlüklərinin altındakı boşluqda gizlətdiyi dərman preparatlarını aşkar etmişdir. Dərman preparatları aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Sorğu zamanı o dərman preparatlarının iranlı Qafur adlı şəxsə məxsus olduğunu, həmin dərman vasitələrini Azərbaycan Respublikası ərazisinə keçdikdən sonra ona Əmir adlı şəxsin zəng edib ondan götürəcəyini bildirmişdir. O dərman preparatlarının yalnız bahalı dərman preparatı olduğuna görə gizlətmişdir. Əməlindən peşmandır. Himayəsində 4 nəfər azyaşlı uşaqları vardır. Ailədə tək işləyən odur. Xahiş edir ki, cəza təyin edilərkən nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməllərini törətməsi özünün ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 5 iyun 2022-ci il tarixdə X8 yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirməklə öz xidməti vəzifəsini yerinə yerərkən saat təqribən 18 radələrində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı “44CF453/44ZA603” dövlət nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyasına yükü müşayiət edən “014157” saylı CMR-ə və “02” nömrəli invoysa əsasən “sarımsaq” yükü apararkən, gömrük nəzarəti zamanı onun tərəfindən saxlanılaraq nəqliyyat vasitəsinə Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması keçirilmiş, yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə bəyan edilməmiş predmet olduğu təqdirdə gömrük orqanına könüllü təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs isə idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində heç bir hüquqpozma predmetinin, narkotik, psixotrop tərkibli maddələrin, güclü təsiredici və zəhərli maddələrin olmadığını bildirmişdir. Lakin yoxlama zamanı onun idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsinin tavanının sağ və sol üzlüklərinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş üzərində “Ergotamine C” yazısı olan 3 ədəd qutuda, hər qutuda 10 konvalut, hər konvalutda 10 həb olmaqla, ümumilikdə 300 ədəd həb olan dərman preparatı, üzərində “Gabapentin 300” yazısı olan 1 ədəd qutuda 10 konvalut olmaqla hər konvalutda 10 ədəd ümumilikdə 100 həb olan dərman preparatı, üzərində “Erbitux” 5 mg yazısı olan 42 flakon dərman preparatı, üzərində farsca yazı olan 3 ədəd qutuda hər birində 1 ədəd flakonda şəffaf maye halında, 1 ədəd flakonda toz halında dərman preparatı, üzərində “Sildenafil” 100 mg yazısı olan 4 ədəd qutuda hər qutuda 5 konvalut olmaqla hər konvalutda 4 ədəd ümumilikdə 80 ədəd həb olan dərman preparatlarını aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs dərmanların ona aid olduğunu və İranda Qafur adlı şəxsin həmin dərmanları ona verdiyini, onun göstərişinə əsasən dərmanların baha olduğunu düşündüyü üçün dərmanları gizlətdiyini və onları Qafurun dediyi adam zəng edərək ondan götürəcəyini bildirmişdir. Bundan sonra götürülmüş dərmanlar qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Dindirilmiş şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdilər. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 2022-ci ilin aprel ayında səhhətində problem olan bacısı qızı Şahid6 ilə birlikdə İran İslam Respublikasına getmiş, İran İslam Respublikasına getməmişdən əvvəl onkoloji xəstəlikdən əziyyət çəkən qonşusu Şahid7 ondan dərman gətirməyini xahiş etmiş və bunun üçün onlara pul vermişdir. Sonra o Sevda ilə birlikdə İran İslam Respublikasına keçdikdən sonra orada Ərdivanla adlı şəxslə görüşmüş və ondan 42 flakon“Erbitux” 5 mg dərman preparatını və 3 ədəd qutuda hər birində 1 ədəd flakonda şəffaf maye halında üzərində farsca yazı olan toz halında dərman preparatını götürmüş, İran İslam Respublikasında işlərini yekunlaşdırıb İran gömrüyünə gələn zaman həmin dərmanlar resept olmadığı üçün buraxılmamış, bu səbəbdən o, dərmanları Əmirağanın özünün İrana gedəndə resept əsasında gətirməsi üçün İranda əvvəlcədən tanıdığı Qafur adlı şəxsin yanına qoymuşdur. Dindirilmiş Şahid6 Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Məhkəmədə ifadəsi elan olunmaqla tədqiq edilmiş gəlməyən Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir və bu xəstəliklə bağlı dərmanları Azərbaycan Respublikasında əldə etməyə maddi imkanı olmadığı üçün dərman preparatlarını İran İslam Respublikasından alır, qonşusu Şahid5 2022-ci ilin aprel ayında İran İslam Respublikasına gedərkən ondan xahiş etmişdir ki, İrana keçdikdən sonra Ərdivan adlı şəxsə pul verib ondan üzərində “Erbitux” 5 mg yazısı olan 42 (qırx iki) flakon dərman preparatını və üzərində farsca yazı olan 3 (üç) ədəd qutuda hər birində 1 ədəd flakonda şəffaf maye halında, 1 ədəd flakonda toz halında dərman preparatı gətirsin. O, ifadəsində Şahid5 İrana getdiyini və bir neçə gün sonra geri qayıdarkən dərmanların İran İslam Respublikasının gömrük postunda resept olmadığı üçün buraxılmadığını və bu səbəbdən orada tanışı olan bir şəxsin yanına qoyduğunu və Şahid5 ona özü İrana gedəndə həmin dərmanları resept əsasında gətirməsinin mümkün olduğunu bildirdiyini qeyd etmişdir. Məmmədova Əmirağa ifadəsində Şahid5 dərmanları yanına qoyduğu İranlı Qafuru tanımadığını, “Ergotamine C” yazısı olan, “Gabapentin 300” yazısı olan, “Sildenafil” 100 mg yazısı olan dərmanların isə özünə aid olmadığını, həmin dərmanları onun sifariş vermədiyini, Təqsirləndirilən şəxs öz ifadəsində həmin malların çatdırılması üçün Bahar, Sevda ilə yanaşı nə üçün Şahid7 da adını çəkməsinin səbəbini bilmədiyini, eləcə də Təqsirləndirilən şəxs tanımadığını, özünə aid olan dərman preparatlarının göndərilməsini kimdənsə xahiş etmədiyini, həmin dərmanları özünün İran İslam Respublikasına gedib gətirməli olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi X8da “Malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” 5 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 5 iyun 2022-ci il tarixdə saat 18 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən X8da İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisidən tranzit keçməklə Rusiya Federasyasına yükü müşayiət edən “014157” saylı CMR-ə və “02” nömrəli invoysa əsasən “sarımsaq” yükü aparan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı, “44CF453/44ZA603” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlanması zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə kabinənin tavanının sağ və sol üzlüklərinin altında boşluqda gömrük nəzarətindən gizlədilmiş külli miqdarda təsiredici maddəsinin miqdarı 30 qram təşkil edən 100 həb “Gabapentin 300” göstəricili narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan qabapentin güclü təsiredən maddəsi və təsiredici maddəsinin miqdarı 0,3 qram təşkil edən 300 həb “Ergotamine C 1mg” göstəricili narkotik vasitələrə və psixotrop maddlərə aid olmayan erqotamin tartrat zəhərli maddəsi aşkar edilib götürülmüşdür. Cinayət işinin materiallarında olan “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2014-cü ilin may ayından etibarən 2022-ci ilin iyun ayının 5-dək həmin aylar ərzində müxtəlif sərhəd nəzarət məntəqələrindən keçməklə ümumilikdə 362 dəfə ölkə ərazisini tərk edərək geri qayıtmışdır. Sonuncu dəfə, o, 30 may 2022-ci il tarixdə saat 08:27-də Astara sərhəd nəzarət məntəqəsindən keçməklə “Daf” markalı ** CF *** nömrəli nəqliyyat vasitəsi ilə İran İslam Respublikasına getmiş və 5 iyun 2022-ci il tarixdə saat 18:00-da İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası Astara sərhəd nəzarət məntəqəsindən keçməklə Respublika ərazisinə geri qayıtmışdır. Cinayət işinin materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonunda “Vatsap” proqramında +98-***-***-**-** mobil nömrəsinin istifadəçisinin adını “Qafur İran” kimi qeyd etmişdir. “Vatsap” proqramında “Qafur İran” kimi qeyd edilmiş şəxslə Təqsirləndirilən şəxs arasında olan danışıqlar silindiyindən baxış zamanı həmin danışıqların məzmununu qeyd etmək mümkün olmamışdır. Mobil əlavənin söhbətlər bölməsində aşkar edilmiş iş üzrə əhəmiyyət kəsb edən danışıq telefonun yaddaşına adı qeyd edilməmiş +99***-***-**-** saylı mobil nömrənin istifadəçisi ilə aparılmış danışıqlardır. Qeyd olunan mobil nömrənin istifadəçisi ilə ona “Telman əmi” deyə müraciət edən Təqsirləndirilən şəxs arasında xx.xx.2022-ci il tarixdə 17:36 radələrində aparılmış danışıqların məzmununda Telman adlı şəxsin həmin hadisə ilə bağlı sualına cavab olaraq Təqsirləndirilən şəxs gətirdiyi dərman preparatlarının “xərçəng xəstəsi üçün şüşə ampulalar” olduğunu, həmin “ampulaların” 45 ədəd olduğunu və bundan başqa dərman preparatlarının da olduğunu, onları “İranlı” adlandırdığı şəxsin verdiyini söyləmiş, əlavə olaraq qeyd etmişdir ki, “İranlı” adlandırdığı şəxs dərman preparatlarını Lənkəranda ondan götürəcəklərini və ona 150 manat pul verəcəklərini bildirmişdir. Bundan başqa mobil əlavənin söhbətlər bölməsində aşkar edilmiş iş üzrə əhəmiyyət kəsb edən danışıq telefonun yaddaşına adı “Pepi” kimi qeyd edilmiş +99***-***-**-** saylı mobil nömrənin istifadəçisi ilə aparılmış danışıqlardır. Onlar arasında 15 iyun 2022-ci il tarixdə 00:25 radələrində aparılmış danışıqların məzmununda “Vatsap” proqramında “Pepi” adı ilə qeyd olunmuş şəxs Təqsirləndirilən şəxs göndərdiyi səs yazısında “Nə məsələdi, səni deyirlər dərmanla tutublar, nə məsələdi?” deyə söyləmiş, Təqsirləndirilən şəxs isə cavab olaraq “Pepi” adlı şəxsə göndərdiyi səs yazısında “Heç bir şey qaqa, başı boşluq, eşşəklik, özüm özümü bağışlıya bilmirəm, başım xarab olub e, görək necə olacaq allahın qisməti, neçə ildi bu yolu işliyirdim, bi anda ani moment səhv, olub görək indi necə olacaq, əsəbləşmişəm, nə yemək yeyə bilirəm, başım xarab olub, ölüm mənə bundan yaxşıdı, özüm özümə nifrət edirəm, 8 ildir ki bu yolu gedib gəlirəm, bir dənə oşibka elədim, eşşəklik elədim” deyə qeyd etmişdir. İşdə olan “CD-i diskə baxış keçirilməsi haqqında” 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Şahid5 istifadəsində olan ***-***-**-**, Şahid6 istifadəsində olan ***-***-**-** və Şahid7 istifadəsində olan 050-40-20-21 nömrə arasında əvvəllər hər hansı danışıq həyata keçirilməmiş, hər hansı bir yazışma aparılmamışdır. İşdə olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, “DAF” markalı ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və həmin nəqliyyat vasitəsinin kabinəsinin tavanının sağ və sol üzlüklərində vintaçanla açıldıqdan sonra boşluq yaranır, həmin boşluqlar kabinənin tərkib hissəsidir, konstruksiya dəyişikliyinə yol verilməklə kustar üsulla hazırlanmamışdır, hər hansı bir mal və ya maddənin gizlədilməsi üçün əlverişlidir, baxış keçirilən zamanı kabinənin tavanın sol tərəfində üzlüyün vintinin yerində olmadığı müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 7 iyun 2022-ci il tarixli, 6/3191 nömrəli rəyində göstərilmişdir ki, təqdim olunmuş ümumi sayı 100 ədəd olan "Gabapentin 300" kapsullarının əsas təsiredici maddəsi qabapentindir və tərkiblərində qabapentinin təsir maddəsinin ümumi miqdarı 30 qramdır. Təqdim olunmuş ümumi sayı 300 ədəd olan “Ergotamine C 1 mg” həblərinin əsas təsiredici maddəsi ergotamin tartratdır və tərkiblərindəki ergotamin tartratin təsir maddəsinin ümumi miqdarı 0,3 qramdır. Qabapentin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli Əlavə) daxildir. Ergotamin-tartrat 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Zəhərli maddələrin siyahısına” (2 nömrəli əlavə) daxildir. Təqdim olunmuş digər dərman preparatları 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Tədqiqata təqdim olunmuş dərman preparatlarının qablaşmaları üzərindəki tarix göstəricilərinə görə yararlıq müddəti keçməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə Əmtəəşünaslıq Ekspertizasının 11 iyun 2022ci il tarixli, 19/681 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş İran İslam Respublikasında istehsal edilmiş “Ergotamine C”, “Gabapentin 300”, “Erbitux” 5 mg, “Sildenafil” 100 mg və üzərinə farsca yazı olan dərman preparatlarının Respublika ərazisində yerləşən apteklərdə satışı nəzərdə tutulmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmədə tədqiq edilmiş Məhkəmə Kompyuter Texniki Ekspertizasının 19 iyul 2022-ci il tarixli, 5/739 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Samsung Galaxy J6” markalı “SM-J600F” modelli smartfon tipli mobil telefon işlək vəziyyətdədir və həmin mobil telefonun yaddaşında olan məlumatlarla yanaşı və yaddaşından pozulmuş məlumatlar mövcuddur. Məhkədə tədqiq edilmiş X3 Tibbi yoxlamanın 01 avqust 2022-ci il tarixli 4190 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Təqsirləndirilən şəxs samsung markalı mobil telefonuna 24 iyun 2022-ci il tarixdə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, baxış keçirilərkən aşkar edilmiş, ifadəsində adını çəkdiyi və vatsap profilində şəkli olan “İranlı Qafur” adlı şəxslə Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş məktubda qeyd edilən X10 məxsus pasport və sərhədkeçmə fotoşəkillərindəki şəxsin eyni şəxs olmasının müəyyən edilməsi məqsədi ilə hər üç fotoşəkilə baxış keçirilmiş və baxış zamanı qeyd edilən fotoşəkildəki şəxslərin xarici görünüşcə eyni şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan fotoşəkillərlə tanıma aparılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, X4 Təqsirləndirilən şəxs, Şahid5 və X2 ifadələrində adını çəkdikləri “Qafur” adlı şəxs olub-olmamasını müəyyən etmək üçün X4 fotoşəkli oxşar fotoşəkillər arasında tanımaları üçün adları çəkilən şəxslərə təqdim edilmiş və onlar tanınma zamanı X4 fotoşəklini göstərərək həmin şəxsin ifadələrində adını çəkdikləri “Qafur” adlı şəxs olduğunu bildirmişlər. İşdə olan ibtidai istintaq orqanının 5 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, İran İslam Respublikasının vətəndaşı X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 240.2.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin Azərbaycan Respublikasının hüdudlarından kənarda olması, yəni 4 fevral 2020-ci il tarixdə saat 22:05-də Azərbaycan Respublikasının hüdudlarını tərk edərək geri qayıtmaması səbəbindən, Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan gizləndiyindən ona həmin maddələr üzrə ittihamın elan edilməsi mümkün olmamışdır. X11 Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan gizləndiyindən, tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün onun barəsində 5 sentyabr 2022-ci il tarixində axtarış elan olunmuşdur. İşdə olan ibtidai istintaq orqanının 7 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, həmin qərara əsasən tədqiqatlardan sonra ümumi sayı 299 həb təşkil edən olan “Ergotamine C 1 mg” göstəricili erqotamin tartrat zəhərli maddəsi və ekspertiza tədqiqatlarından sonra ümumi sayı 99 həb olan “Gabapentin 300” göstəricili qabapentin güclü təsir edən maddəsi və bir ədəd Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmışlar. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs İran İslam Respublikasının Astara şəhərində cinayətkar qrupun üzvü başqa bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq olaraq satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda təsiredici maddəsinin miqdarı 30 qram təşkil edən 100 həb “Gabapentin 300” göstəricili narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan qabapentin güclü təsir edən maddəsi və təsiredici maddəsinin miqdarı 0,3 qram təşkil edən 300 həb “Ergotamine C 1mg” göstəricili narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan erqotamin tartrat zəhərli maddəsini əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Göründüyü kimi, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş külli miqdarda təsiredici maddəsinin miqdarı 30 qram təşkil edən 100 həb “Gabapentin 300” göstəricili narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan qabapentin maddəsi külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs ilə cinayətkar qrupun digər üzvünün arasında olan razılaşmaya əsasən onun, o cümlədən Təqsirləndirilən şəxs niyyəti satış məqsədi ilə külli miqdarda qabapentin güclü təsir edən maddəsi və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan erqotamin tartrat zəhərli maddəsini əldə etmə, saxlama, daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlərin və təqsirləndirilən şəxsin məhkəmədə vermiş olduğu ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qabapentin güclü təsir edən maddəsi və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan erqotamin tartrat zəhərli maddəsini əldə edib saxlamış və daşımış, habelə həmin narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsini icra etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs ilə cinayətkar qrupun digər üzvünün arasında olan razılaşmaya əsasən onların, o cümlədən Təqsirləndirilən şəxs niyyəti külli miqdarda qabapentin güclü təsir edən maddəsini və erqotamin tartrat zəhərli maddəsini əldə etmə, saxlama, daşıma cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qabapentin güclü təsir edən maddəsini və erqotamin tartrat zəhərli maddəsini qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama, daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-in 240.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Lakin ona CM-in 240.1-ci maddəsində nəzərdə tutlmuş əməllər bir qrup şəxs tərəfindən törədildiyi əsas götürülməklə ona CM-in 240.2.1-ci maddəsi ilə də ittiham verilmişdir. CM-nin 240.3.2-ci maddəsinin dizpozisiyasından görünür ki, CM-in 240.2-ci maddəsində nəzərədə tutulmuş əməllər güclü təsir edilən maddələrə münasibətdə külli miqdarda törədildikdə təqsirkarın əməli bu maddə ilə tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 2021-ci il tarixli Qərarın 39-cu bəndində göstərilmişdir ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifi məsələsini qanuna müfafiq surətdə izah etməlidir.Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi həmdə xüsusi normada nəzərdə tutulmuş cinayətin əməllərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunmalıdır. CM-in 17-ci maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq edilir. Məhkəmədə dövlət ittihamçısı çıxış edərkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə hərəkətləri CM-nin 240.3.2-ci maddəsi ilə əhatə olunduğundan onun ittihamından 240.2.1-ci maddəsi rəqəm ifadəsi ilə onun ittihamından xaric edilməsini xahiş etmişdir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, CPM-in 318-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 240.3.2-ci maddəsi ilə əhatə edildiyindən 240.2.1-ci maddəsi rəqəm ifadəsi ilə onun ittihamından xaric edilməlidir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında deyil tək halda icra etməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-in 206.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun əməli CM-in 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayəti tək halda törətmişdir. Həmçinin onun qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa icra etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə külli miqdarda qabapentin güclü təsir edən maddəsini və erqotamin tartrat zəhərli maddəsini qaçaqmalçılığını Təqsirləndirilən şəxs icra etmişdir. CM-in 34.1 və 34.2-ci maddələrinə əsasən bir qrup şəxsin icra etdiyi cinayət iştirakçılığın “bir qrup şəxs” və yaxud “qabaqcadan əlbir olan bir qrup şəxs” formalarını yaratmır. CM-nin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Qabaqcadan əlbir olan bir qrup şəxs”-i CM-nin 34.1-ci maddəsində göstərilən iştirakçılığın formasından fərqləndirilən yeganə cəhət də CM-nin 34.2-ci maddəsinə görə iştirakçılar (icraçılar) arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılaşmanın olmasıdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs külli miqdarda qabapentin güclü təsir edən maddəsini və erqotamin tartrat zəhərli maddəsini qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına gətirmiş, yəni narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarın 13 –cü bəndində göstərilmişdir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhəddindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyr-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məəcmusu ilə CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Bu Qərarın 19-cu bəndində göstrilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin biləvasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədindək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə biləvasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsizz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların biləvasitə keçrildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavsitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhəddindən qeyri-qanuni üsullarla biləvasitə keçirdikdə və ya qaçaqmalçılığın biləvasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən aşlı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olmaqla) iştirakçılığın növündən aşlı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayəti tək özü icra etdiyindən onun əməli CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından keçirdiyi dərman preparatlarının bahalı dərman preparatı olduğuna görə gizlətdiyini bildirməsi özünü müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan habelə dindirilmiş şahidləri ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin hissədə onun ifadəsinə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 206.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 206.2 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, təqsirləndirilən şəxs Həsənov X5 rayonu, Ərkivan qəsəbəsində doğulmuşdur. Həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Öhtəsində 6 nəfər ailə üzvü olmaqla onlardan 15 yanvar 2014-ci il təvəllüdlü oğlu Asif, 29 mart 2015-ci il təvəllüdlü oğlu Emil, 29 mart 2015-ci il təvəllüdlü ekiz doğulmuş oğlu Emin və 6 avqust 2016-cı il təvəllüdlü qızı Mehriban vardır. Ailədə yeganə qazanc gətirəndir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 23 iyun 2022-ci tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistka İnformasiya İdarəsinin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıda göstərilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinəəsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinəəsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59-cu maddəsində sadalanan, eləcədə 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 59.2-ci maddəsi isə bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, o cümlədən şəxsin əməlindən peşmançılıq çəkməsi, başqa şəxslərin qayğısına qalması kimi halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasını istisna etmir. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 4 nəfər azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, əməlində peşmançılıq çəkməsini, öhtəsində 6 nəfər ailə üzvü olmaqla onlardan 4 nəfərinin azyaşlı uşaq və qoca valideyinlərinin olmaqla ailədə yeganə qazanc gətirən olmasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləışdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmədə müəyyən edilmiş yuxarıda sadalanan hallar təqsirləndirilən şəxsin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini, Ali Məhkəmə Plenumunun tövsiyyələrini və Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və cəzasını ağırlaşdıran hallar olmamaqla, kifayət qədər cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddələrdə müəyyən edilmiş aşağı həddə yaxın azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi məqsədə uyğundur. CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. CM-nin 70-ci maddəsinin mahiyyəti ondan ibarətdir ki, şəxsiyyəti buna imkan verən təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı çəkmədən islah olunması mümkündürsə, həmin şəxsə cinayət qanunvericiliyinin ədalət və humanizm prinsipindən yanaşmaq olar və bu halda onun cəza çəkməsinə lüzum yoxdur. CM-nin 70.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs şərti məhkum edilərkən sınaq müddəti təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini dəyişdikdə bu barədə onun davranışına nəzarət edən orqanlara məlumat vermək vəzifəsi qoyulmalıdır. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdən başlayaraq 28 dekabr 2022-ci il tarixədək, yəni 6 ay 5 gün həbsdə qalmışdır. Lakin məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 22 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinin 5-ci abzasına olunan əlavədə göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, CM-in 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilmiş cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə qaldığı yuxarıda qeyd edilən müddət ona təyin edilmiş cəzaya hesablanmamalı, şərti tətbiq etmə barədə qərar təyin edilmiş cəzaya tətbiq edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, ona qarşı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan tədqiqatlardan sonra ümumi sayı 299 həb təşkil edən “Ergotamine C 1 mg” göstəricili erqotamin tartrat zəhərli maddəsi və ekspertiza tədqiqatlarından sonra ümumi sayı 99 həb olan “Gabapentin 300” göstəricili qabapentin güclü təsir edən maddəsi məhv edilməli və “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 51-2,132, 318,344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 206.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 240.3.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qərimkan tədbiri ilə əvəz edilsin. O saxlanıldığı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyşdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan tədqiqatlardan sonra ümumi sayı 299 həb təşkil edən “Ergotamine C 1 mg” göstəricili erqotamin tartrat zəhərli maddəsi və ekspertiza tədqiqatlarından sonra ümumi sayı 99 həb olan “Gabapentin 300” göstəricili qabapentin güclü təsir edən maddəsi məhv edilsin. “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar