Məhkəmə qərarları › İş №1(099)-618/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-618/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-618/2023 05.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, 12 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli, 4(049)-148/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə 2023-cü ilin may ayında, Lənkəran rayonu, Velədi kəndi ərazisində qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə və mənbədən külli miqdarda-11,738 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 12 may 2023-cü il tarixdə saat 18:30 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Velədi kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə həmin küllü miqdarda psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, din məsələsi ilə əlaqədar həbs olunmuş, dövlətini sevən biri olmuş, dövlət əleyhinə heç bir fəaliyyəti olmamışdır. 12 may 2023-cü ildə evdə şəxsi təsərrüfatıyla məşğul olarkən 3 nəfər mülki geyimli polis əməkdaşı evə gələrək ona polis şöbəsinə gedərək orada izahat verməli olduğunu və ondan sonra buraxılacağını bildirmişlər. Etiraz etməyərək əyinini dəyişərək onların maşınına əyləşmiş və polis şöbəsinə aparılmışdır. Polis şöbəsində qarşısına psixotrop maddə qoyulmuş və ona məxsus olduğunu qəbul etməyi bildirilmiş, əks-halda ailə üzvlərinin polis şöbəsinə gətiriləcəyi və yaxud da vətən xaini olaraq şərləncəyi bildirilmişdir. Heç vaxt narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş və ilk dəfə psixotrop maddəyə əli polis şöbəsində dəymişdir. Polislər ona fiziki zor tətbiq etməmişlər, ancaq psixi təzyiq etmişlər və o da etirafedici ifadələr vermişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, psixotrop maddənin ona məxsus olduğunu deməyi üçün onu hədələyən polis əməkdaşını tanımamışdır. Polis əməkdaşları onu aparan zaman hansı məzmunda izahat verəcəyini soruşmamış, izahat verməyə dəvət edilməsinin din məsələsi ilə əlaqədar olduğunu fikirləşmişdir. Polislər dini məsələyə görə evinə gəldiklərini deməmişlər. Polislər onu evindən aparanda evdə anası, arvadı və uşaqları olmuşlar, başqa heç kim olmamışdır. Onu polis maşınına əyləşdirdikdən sonra səsə-küyə kimlərin gəldiyini bilməmişdir. Təqsirli olmadığı üçün məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Bildirmişdir ki, Lənkəran rayonu, Sütəmurdov kəndində həyat yoldaşı, anası, 9 və 10 yaşlı iki oğlu ilə birlikdə yaşamış, təsərrüfatla məşğul olmuş, bu yolla ailəsini dolandırmışdır. 12 may 2023-cü il tarixdə, saat 17 radələrində Lənkəran rayonu, Velədi kəndinə olmuş, həmin kənddə piyada hərəkətdə olarkən yerdə bir ədəd ağ rəngli sellofan büküm görmüşdür. Bükümün içərisində nə olması ona maraqlı gəlmiş və götürüb cibinə qoymuşdur. Həmin gün, saat 18 radələrində Lənkəran rayonu, Velədi kəndində olan zaman mülki geyimdə olan üç şəxs yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmişlər. O da özünü təqdim etmişdir. Həmin şəxslərdən biri ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumatları olduqlarını demiş və üzərində şəxsi axtarış keçirməli olduğunu, lakin ətrafda insanların intensiv hərəkətinə görə şəxsi axtarışın polis şöbəsinin inzibati binasına keçirilməli olduğunu ona izah etmişlər. O da həmin şəxslərin təklifini qəbul edərək polis şöbəsinə gəlmişdir. Onu otaqlardan birinə aparmışlar, orada ona şübhəli şəxs qismində tutulduğunu bildirib hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçi gələndən sonra videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Ona təklif edilmişdir ki, üzərində qanunsuz predmet varsa, təqdim etsin. O da Velədi kəndində hərəkətdə olan zaman tapdığı bükümü şalvarının sol yan cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və çəkisi 12,14 qram olmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat verərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Lənkəran Rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli, 4(049)-148/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin materiallarında qeyd edilən psixotrop maddə metamfetamini taparaq özündə saxladığını, əməlindən peşman olduğunu, şəxsi axtarış zamanı həmin narkotik vasitəni polis əməkdaşlarına təhvil verdiyini bildimişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, aşkar olunmuş psixotrop maddə metamfetamini yerdən tapmamış, polislər tərəfindən cibinə qoylmuş, həmin psixotrop maddə metamfetamin ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hədələr edildiyi, psixi zorakılığa məruz qaldığı üçün o, metamfetamini yolda hərəkətdə olarkən yerdən taparaq cibinə qoyduğunu bildirmişdir. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərindən-cibindən aşkar olunan psixotrop maddə metamfetaminin ona məxsus olmadığını yerdən tapdığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hədələr olunduğunu, üzərindəncibindən çıxan psixotrop maddə metamfetaminin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə-cibinə psixotrop maddə metamfetamin qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər hədələdikdən sonra bildirdiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin axtarış üzrə əməliyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə icraatına daxil olmuş əməliyyat məlumatları əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Onunla birlikdə əməliyyat qrupunun tərkibində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisləri Şahid2 və İdris Kişizadə olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. 12 may 2023-cü il tarixdə 18:30 radələrində Təqsirləndirilən şəxs cinayətkar əməllərinin müəyyən etmək üçün Lənkəran rayonu, Velədi kəndinə-onun çox hərəkətdə olduğu əraziyə çıxıb müşahidələr aparmağa başlamışlar. Təqsirləndirilən şəxs həmin kənddə piyada hərəkətdə olan zaman aşkar etmişlər. Bir qədər onu izlədikdən sonra Təqsirləndirilən şəxs yaxınlaşmağa qərar vermişdir. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs barəsində ona daxil olmuş əməliyyat məlumatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinin inzibati binasına dəvət etmişdir. Təqsirləndirilən şəxs heç bir narazılıq etmədən onlarla polis şöbəsinə gəlməyə razılıq vermişdir. Polis şöbəsində araşdırmanın aparılması təhqiqatçı Vurğun Məmmədova həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif olunmuşdur. Sonuncu da əynində olan şalvarın sol yan cibindən içərisində kristal şəkilli kütlə olan bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 12 qramdan yuxarı olmuşdur. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümü 12 may 2023-cü il tarixdə Lənkəran rayonu, Velədi kəndində piyada hərəkət edən zaman tapdığını bildirmişdir. Keçirilmiş ilkin əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə əldə edib üzərində saxlamışdır. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs din məsələsi ilə əlaqədar tərəflərindən saxlanılmamış, barəsində narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə icraatına daxil olmuş əməliyyat məlumatları əsasında saxlanılmışdır. Təqsirləndirilən şəxs yaşadıqları evdən aparmamışlar, Təqsirləndirilən şəxs qarşısına polis şöbəsində psixotrop maddə qoyularaq həmin maddənin ona məxsus olduğunu qəbul etməyi bildirməmişlər, əks-halda ailə üzvlərinin polis şöbəsinə gətiriləcəkləri və ya vətən xaini kimi sənədləşdiricəkləri ilə hədələməmişlər. Təqsirləndirilən şəxs psixi təzyiq etməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi X5 ifadələrində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 may 2023-cü il tarixdə saat 18:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Lənkəran rayonu, Velədi kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki şalvarın sol yan cibindən bir bükümdə ona məxsus ümumi təmiz çəkisi 11,738 qram külli miqdarda psixotrop maddə olan metamfetaminin aşkar olunaraq götürülməsi faktı ilə bağlı 13 may 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1-29) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 12 may 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:05-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 13) -«şəxsi axtarış və götürmə aparılması barədə» 12 may 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd CD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən içərisində kristal şəkilli kütlə olan 1 ədəd sellofan kəsiyi bükümünü çıxarıb təqdim edərək, həmin bükümü küçədə yerdən tapdığını bildirmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 1 ədəd büküm elektron tərəzidə çəkilmiş, çəkisi 12, 14 qram olmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümü 12 may 2023-cü il tarixdə Lənkəran rayonu, Velədi kəndində piyada hərəkət etdiyi zaman yerdən götürüb saxladığını bildirmişdir. (i.v. 28-29) -«məhkəmə-kimyəvi ekspertizası»nın 13 may 2023-cü il tarixli 19/544 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 1 ədəd büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 11,378 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. (i.v. 40-43) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 13 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Lənkəran Rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli, 4(049)-148/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 48-49, 64-65) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 15 may 2023-cü il tarixli 535 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları istisna olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. (i.v. 66) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş 27 may 2023-cü il tarixli, 895 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəsətxanasında qeydiyyatda deyildir. (i.v. 76) -«əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında» 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 11,738 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 11,688 qram qalığı, həmçinin şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmış, maddi sübut kimi tanınmış metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞnin maddi sübutlar otağına təhvil verilmiş, disk isə cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 84-85) -«cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən həmin fakta görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir. (i.v. 98) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində aşkar olunmuş psixotrop maddə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması, psixotrop maddə olan metamfetamini yerdən taparaq cibinə qoymasını deməsi üçün polislərin onu vətən xaini çıxardacaqları və ailə üzvülərini polis şöbəsinə gətirəcəkləri ilə hədələmələri məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, aşkar edilmiş metamfetamini yerdən taparaq cibinə qoyması ilə, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən metamfetamin psixotrop maddə hesab edilir. Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «Metafetamin» olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda- 11,738 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, əynindəki şalvarın sol yan cibində saxlayaraq daşımış, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülməsi onun narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütləni satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hədə qorxu gəldiklərini, üzərindən-cibindən çıxan psixotrop maddənin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polis əməkdaşları tərəfindən hədələnərək məcbur edildiyi üçün deməsi barədə etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol, həmin protokola əlavə edilmiş videoçəkliş, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 80) -Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 may 2023-ci il tarixli, 346 nömrəli arayış və 11 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla həmin ünvanda anası, arvadı və iki azyaşlı oğlanılarıxx.xx.2013-cü il təvəllüdlü Hüseyn Əsədov, xx.xx.2014-cü il təvəllüdlü Abbas Əsədov ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v. 73-74) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 12 may 2023-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 14 may 2023cü il tarixli, 4(049)-148/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın 15 may 2023-cü il tarixli, 535 nömrəli rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,688 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə» istintaq hərəkəti icra edilən zamanı çəkilmiş videoçəklişi özündə əks etdiriən 1 (bir) ədəd DVD disk icraat materialları saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 12 may 2023-cü il tarixdən hesablansın. Lənkəran Rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli, 4(049)-148/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,688 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə» istintaq hərəkəti icra edilən zamanı çəkilmiş videoçəklişi özündə əks etdiriən 1 (bir) ədəd DVD disk icraat materialları saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar