Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-62/2022 31.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 26 yanvar 1995-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, sürücü işləyən, Rusiya Federasiyası, Dağıstan Respublikası, Levaşinskiy rayon, Ulluaya kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda ittiham verilmişdir ona görə ki, o, külli miqdarda narkotik vasitəni tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tranzit qaydada keçirib Rusiya Federasiyasına daşımaqla qanunsuz dövriyyəsini təşkil etmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə “Renault Magnum” markalı, “P159TE05/ AK712905” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 10 aprel 2021ci il tarixdə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postundan keçməklə İran İslam Respublikasına getmiş, cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvlərinin İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən və istintaqla müəyyən edilməmiş vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda, 43645 qram (43 kg 645 qr) həşiş qətranı narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzəriləri “silver” və “silver/export” etiketlər yapışdırılmış 72 ədəd düzbucaqlı sellofan paketləri 34 bağlamaya qablaşdırıb İran İslam Respublikasının “X7” şirkətindən Rusiya Federasiyasının Moskva şəhərinə X3 adına mebel yükünün 6 ədəd kreslosunun və 2 ədəd divanının qolaltı hissələrində gömrük nəzarətindən gizlədərək yerləşdirmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 19 aprel 2021-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində onun iştirakı ilə idarə etdiyi yük nəqliyyat hissəsinin qoşqusuna yüklədərək satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə edib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 19 aprel 2021-ci il tarixdə saat 19 radələrində Astara rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün “Astara” gömrük postunda idarə etdiyi nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı qaçaqmalçılıq yolu ilə keçirilmiş qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə birlikdə Rusiya Federasiyası Dağıstan Respublikası Levaşinskiy rayonun Ulluaya kəndində yaşayır. Dörl il olar ki, sürücü işləyir və ölkələrarası yük daşımaları ilə məşğul olur. İdarə etdiyi “Renault Magnum” markalı, “P159TE05/AK712905” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi və qoşqusu özünə məxsusdur. 06 aprel 2021-ci il tarixdə idarə etdiyi yük maşınına panel yükü yükləyib Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirmiş, həmin yükü Azərbaycan Respublikası Bakı şəhərində təhvil verdikdən sonra İran İslam Respublikasından Rusiya Federasiyasına yük aparmaq məqsədi ilə 10 aprel 2021-ci il tarixdə Azərbaycan-İran sərhəddini keçib İran İslam Respublikasının Astara şəhərinə getmiş, yük tapa bilmədiyinə görə doqquz gün orada qalmışdır. Təxminən 3-4 gün öncə uzaq qohumu və onun kimi sürücü işləyən Abdulla ona zəng edərək İran İslam Respublikasında Rza adlı bir şəxs tanıdığını və həmin şəxsin onun üçün yük tapa biləcəyini demişdir. Həmin gün Rza ona zəng edərək Rusiya Federasiyasına göndərməli ümumi çəkisi 21000 kq olan mebel yükü olduğunu bildirmişdir. Rza yük tapan şəxs olmuş və aralarında olan razılaşmaya əsasən onun üçün yük tapdığına görə Rzaya 100 ABŞ dolları pul verməli olmuşdur. Həmin gün Rza bir nəfərlə onun qaldığı otelə gəlmiş, yanındakı adamın mebel yükünü göndərən şəxs olduğunu və adının Navid olduğunu demişdir. Navid ona sabah mebel yükü gələcəyini və İran gömrüyündə maşınına yüklənəcəyini demişdir. Razılaşmalarına əsasən həmin yükü İran İslam Respublikasından Rusiya Felerasiyasına aparması müqabilində ona 2300 ABŞ dolları veriləcəkmiş. Navid ona 300 ABŞ dollarını özünün, qalan hissəsini isə yükü Rusiya Federasiyasında qəbul edən şəxsin verəcəyini demiş, özü də onunla razılaşmışdır. Ertəsi gün mebel yükü gəlməmiş, bir gün sonra, yəni 18 aprel 2021-ci il tarixdə balaca yük maşını onun maşınına yaxınlaşmış, həmin vaxt Navid də onun yanına gəlmişdir. Naviddən burada nə qədər yük olduğunu soruşmuş, Navid isə 1000 kq. yük olduğunu demişdir. Ona əvvəlcədən yükün 21000 kiloqram olduğunu dediyini xatırlatmışdır. Navid isə yükün bahalı yük olduğunu, ona görə az vurulduğunu demişdir. Həmin gün İran gömrüyündə onun iştirakı ilə mebel yükü gətirldiyi avtomaşından birbaşa onun idarə etdiyi “Renault Magnum” markalı, “P159TE05/AK712905” dövlət qeydiyyat nişanlı yük avtomaşınına yüklənmişdir. Mebel yükü bağlamalarda və blomlanmış vəziyyətdə olmuşdur. Mebel yükünün xarici görünüşündə hər hansı şübhəli hallar olmamışdır. Navid +**********2 telefon nömrəsini ona verərək həmin nömrənin Rusiya Federasiyasında olan və mebel yükünü qəbul edəcək şəxsin nömrəsi olduğunu, həmin şəxsin adının Rafik olduğunu bildirmiş, həmçinin Rusiya Federasiyasına çatdığı zaman onunla əlaqə saxlamasını tapşırmışdır. 19 aprel 2021-ci il tarixdə Rusiya Federasiyasına getmək məqsədi ilə İran İslam Respublikası gömrüyünü keçib İran-Azərbaycan dövlət sərhədi istiqamətində gəlmişdir. İran gömrüyünü keçəndə mebel yükü və avtomobili it tədbiq etməklə və rentgen aparatı vasitəsi ilə yoxlanılmış və heç bir şübhəli hallar müəyyən edilməmişdir. Yoluna davam edərək İran-Azərbaycan lövlət sərhədini keçib “Astara” gömrük postuna daxil olmuş, bir qədər növbədə gözlədikdən sonra, saat 19 radələrində növbə ona çatmış və nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Gömrük işçisi onunla şifahi sorğu-sual apararkən idarə etdiyi nəqliyyat vasitəsində heç bir qadağan olunmuş və ya gömrük nəzarətindən gizlədilmiş malların olmadığını bildirmişdir. Yoxlama zamanı ilk öncə yük avtomobilinə xidməti it tətbiq edilmiş, bu zaman xidməti it yük maşınının qoşqusunun ətraflarına reaksiya vermişdir. Sonra onun idarə etdiyi nəqliyyat vasitəsi “Astara” gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirildikdən sonra gömrük işçiləri ona idarə etdiyi yük maşınının qoşqusunda olan mebel yükünə gömrük yoxlaması tədbiq ediləcəyini bildirmişlər. Həmin vaxt Rafiqə zəng edərək Azərbaycan gömrüyündə olduğunu, idarə etdiyi yük avtomaşınına gömrük yoxlaması tədbiq ediləcəyini bildirmişdir. Rafiq isə on dəqiqə sonra ona zəng edərək problem olmadığını demişdir. Ləhcəsindən Rafiqin Azərbaycanlı olduğunu hiss etmişdir. Yoxlama zamanı idarə etdiyi yük avtomobilinin qoşqusunda mebel yükü yerə boşaldılmış və yenidən xidməti it tədbiq etdikdə it 6 ədəd kreslonun və 2 ədəd divanın qoltuqaltı hissələrinə reaksiya vermişdir. 6 ədəd kreslonun və 2 ədəd divanın qoltuqaltılarının qalın parçadan və maçalkadan ibarət olan üz hissələri kəsici alətlə kəsilməklə sökülmüşdür. Qoltuqaltılar xüsusi aldətlərlə çıxarılmışdır. Sonra qoltuqaltıların üz hissəsində olan taxta örtük balta və başqa kəsici alətlərlə kəsilərək qoltuqaltıların metal hissələri çıxarılmışdır. Qoltuqlatıların metal hissələri kəsici alətlərlə kəsilərkən metal hissələrin boşluqlarında gizlədilmiş gümüşü rəngli falqaya yerləşdirilmiş ümumilikdə 34 ədəd bağlama aşkar edilmişdir. Daha sonra həmin bağlamalar açılaraq baxış keçirilmiş və baxış zamanı 34 ədəd bağlamanın içərisində üzərinə “silver” və “silver/export” yazılı etiketlər yapışıdırlmış ümumilikdə 72 ədəd ayrıayrılıqda şəffaf sellofan paketdə qablaşdırılmış yastı və düzbucaqlı formalı bağlamalarda qara rəngli, kəskin iyli maddənin olduğu məlum olmuşdur. Həmin bağlamalar ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, bağlamalarda olan maddənin ümumi çəkisinin 43 kiloqramdan çox olduğu məlum olmuşdur. Həmin bağlamalar götürülmüş və bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Sonra onun üzərində şəxsi yoxlama aparılmış, lakin qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. Sonda mebel yükü idarə etdiyi yük nəqliyyat vasitəsinə yüklənmiş, nəqliyyat vasitəsi “Astara” gömrük postunun inzibati ərazisində gömrük nəzarəti altında saxlanılmış, aidiyyəti sənədlər götürülmüş və bu barədə sənədləşmə aparılmışdır. Özü də həmin sənədlərlə tanış olub imza etmişdir. Onun idarə etdiyi avtomobilə bağlamalarda yüklənmiş 6 ədəd kreslonun və iki ədəd divanın qoltuqaltılarının metal hissələrinin boşluqlarında narkotik vasitə olmasını bilməmiş və bilə də bilməzdi. Belə ki, içərisində narkotik vasitələr olan həmin bükümlər divan və kresloların qoltuqaltılarının metaldan olan hissəsinin boşluqlarına yalnız istehsalçı tərəfindən yerləşdirilə bilərdi. Həmin divan kresloların isə harada, nə zaman istehsal olunmasını bilmir və onları istehsal etmiş şəxsləri tanımır. Divan və kresloların qoltuqaltılarının parça, maçalka və taxta üzlükləri söküldükdən, alt hissədə olan metal hissələri də sökülməklə xüsusi alətlə kəsildikdən sonra metal hissələrin boşluqlarına yerləşdirilmiş narkotik vasitəni aşkar etmək olardı. Onun isə daşıyıcı kimi divan və kresloları sökmək, onların daxilini yoxlamaq hüququ və imkanı olmamışdır. Divan və kresloların xarici görkəmində isə heç bir şübhəli hal olmamışdır. Divan və kresloları göndərən Navid adlı şəxsi həmin vaxt tanımış, onunla hər hansı münasibəti olmamışdır. Eyni ilə mebeli Moskva şəhərində qəbul etməli olan Rafiq adlı şəxsi tanımamışdır. Yalnız mebelin idarə etdiyi avtomobilə yüklənməsindən sonra Navid ona mebeli qəbul etməli olan şəxs kimi Rafiqin telefon nömrəsini vermişdir. Navid və ya başqa hər hansı şəxs avtomobilinə yüklənmiş divan-kresloların daxilində narkotik olması barədə ona heç bir söz leməmişdir. Navidin özünün də divan və kresloların daxilində narkotik olması barədə məlumatının olub-olmamasını bilmir. Divan və kresloları Rusiya Federasiyasında qəbul etməli olan Rafik adlı şəxslə heç bir ünsiyyəti olmamışdır. O, yük daşımaqla ailəsini dolandırır. Əgər divan və kresloların daxilində narkotik olduğunu bilsəydi, heç vaxt həmin yükü daşıma üçün qəbul etməzdi. Həmçinin mebel yükü onun avtomobilinə digər avtomobildən birbaşa İran İslam Respublikası gomrüyünün ərazisində yüklənmişdir. Şahid1 məhkəmədə göstərdi ki, Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postunun inspektoru vəzifəsində xidmət aparır. 19 aprel 2021-ci il tarixdə yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində öz vəzifələrini həyata keçirdiyi zaman saat 19 radələrində Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Magnum” markalı, “P159TE05/ AK712905” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə idxal yoxlama xəttinə daxil olmuşdur. Yük sənədlərinə baxarkən Təqsirləndirilən şəxs İran İslam Respublikasından Rusiya Federasiyasına mebel yükü apardığı məlum olmuşdur. Maqomed Magomedovdan idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olubolmamasını soruşmuş, Maqomed Magomedov idarə etdiyi yük nəqliyyat vasitəsində yükü müşayiət edən sənədlərdə göstərilmiş mebel yükündən əlavə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs sərbəst olmuş, onda hər hansı qorxu, həyəcan hiss olunmamışdır. Avtomobilə kinoloji xidmət it tətbiq edildikdə it xüsusi işarə və hərəkətlərlə yük maşınının qoşqusunun ətraflarına reaksiya vermişdir. Bundan sonra həmin nəqliyyat vasitəsi “Astara” gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, stasionar rentgen qurğusunda nəqliyyat vasitəsinin qoşqusunda olan mebelin daxilində dördkünc formalı şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi əsaslı yoxlanılması üçün yoxlama qrupuna göndərilmişdir. Avtomobilinin qoşqusunda olan mebel yükü yerə boşaldılmış və yenidən kinoloji xidməti it tətbiq edildikdə it 6 ədəd kreslonun və 2 ədəd divanın qoltuqluğuna reaksiya vermişdir. Həmin 6 ədəd kresloya və 2 ədəd divana gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı divan və kresloların qoltuqaltılarının üzərində olan parça və maçalka örtük kəsilərək çıxarılmışdır. Sonra qoltuqaltılar xüsusi alətlərlə öz yerindən çıxarılmışdır. Qoltuqaltıların üzərləri taxta material ilə örtülmüş və taxta materialın boşluğunda qoltuqaltıların metal hissələri yerləşdirilmişdir. Qoltuqaltıların üzərlərindəki taxta balta, çapacaq vasitəsilə ilə kəsilməklə metal hissə çıxarılmışdır. Sonra isə qoltuqaltıların metal hissələri xüsusi alətlərlə kəsildikdə metal hissələrin boşluqlarında, xüsusi düzəldilmiş yerlərdə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilmiş gümüşü rəngli folqaya yerləşdirilmiş, ümumilikdə 34 ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamalar açılaraq onlara baxış keçirilmiş və baxış zamanı 34 ədəd bağlamanın içərisində üzərinə “silver” və “silver/export” yazılı etiketlər yapışıdırlmış, ümumilikdə 72 ədəd ayrı-ayrılıqda şəffaf sellofan paketdə qablaşdırılmış yastı və düzbucaqlı formalı bağlamalarda qara rəngli, kəskin iyli narkotik vasitə həşişə oxşar maddənin olduğu məlum olmuşdur. Daha sonra həmin bağlamalar ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və bağlamalarda olan narkotik vasitə həşişə oxşar maddənin hər birinin qablaşdırılmaları ilə birgə çəkiləri müəyyən edilməklə ümumilikdə təqribi çəkisinin 43 kiloqram 491 qram olduğu məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə yüklənmiş divan-kresloların qoltuqaltı hissələrinin daxilində narkotik vasitə olmasını bilmədiyini, həmçinin mebeli göndərən və qəbul etməli olan şəxsləri tanımadığını demişdir. Yoxlama tam başa çatdıqdan sonra yük avtomobilindən aşkar edilmiş narkotik vasitə həşişə oxşar maddələr protokol əsasında hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs hər hansı şübhəli hərəkətlərini müşahidə etməmişdir. Narkotik vasitənin divan və kresloların istehsalından sonra onların daxilinə yerləşdirilməsi mümkün deyildir, narkotik vasitə yalnız istehsalçı tərəfindən divan və kresloların qoltuqaltılarının metal hissələrində olan boşluqlara yerləşdirilə bilərdi. Şahid2 məhkəmədə göstərdi ki, 19 aprel 2021-ci il tarixdə saat 19 radələrində “Astara” gömrük postunda Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə kömrük yoxlaması keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Yoxlamadan əvvəl sürücü Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsində mebel yükündən əlavə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sonra avtomobilə it tətbiq edilərkən it xüsusi işarə və hərəkətlərlə yük maşınının qoşqusunun ətraflarına reaksiya vermişdir. Sonra həmin nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilmişdir. Nəqliyyat vasitəsinin qoşqusunda şübhəli cizgilər müşahidə edilmişdir. Sonra yük avtomobilinin qoşqusunda olan mebel yükü yerə boşaldılmış və yenidən it tətbiq edildikdə it yerə boşaldılmış 6 ədəd kreslonun və 2 ədəd divanın qoltuqaltlıqlarına reaksiya vermişdir. Avtomobilin qoşqusundan boşaldılmış divan və kresloların qoltuqluqları sökülməklə çıxırılmışdır. Qoltuqaltıların üzərlərində olan taxta örtük balta vasitəsi ilə kəsilməklə onun içərisində olan metal hissə çıxarılmışdır. Metal hissələr xüsusi alətlərlə kəsildikdə metal hissələrin boşluqlarında gümüşü rəngli folqaya yerləşdirilmiş, ümumilikdə 34 ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamalar gömrük əməkdaşları tərəfindən açılaraq baxış keçirildikdə bağlamanın içərisində üzərinə “silver” və “silver/export” yazılı etiketlər yapışıdırlmış, ümumilikdə 72 ədəd ayrı-ayrılıqda şəffaf sellofan paketdə qablaşdırılmış yastı və düzbucaqlı formalı bağlamalarda qara rəngli, kəskin iyli narkotik vasitə həşişə oxşar maddənin olduğu məlum olmuşdur. Həmin bağlamalar ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş ümumilikdə çəkisinin 43 kiloqram 491 qram olduğu məlum olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, lakin qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. Narkotik vasitəyə oxşar maddə protokol əsasında onların və Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs iştirakı ilə götürülərək qablaşdırılmışdır. Şahid3 da məhkəmədə Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. 19-20 aprel 2021-ci il tarixlərdə tərtib edilmiş malların və nəqliyyat vasitələrinin yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Magnum” markalı, “P159TE05/ AK712905” dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük baxışı keçirilərkən qoşquda olan 6 ədəd kreslonun və 2 ədəd divanın qoltuq hissələrində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə 34 ədəd bağlamada gömrük nəzarətindən gizlədilmiş üzərində “silver” və “silver/export” yazılı etiketlər yapışdırılmış ümumilikdə 72 ədəd şəffaf sellofan paketdə həşiş qətranı narkotik vasitəsinə bənzər maddələrin aşkar edilməsi, həmin maddələr elektron tərəzidə çəkildikdə, qablaşdırmaları ilə birlikdə ümumu çəkilərinin 43 kiloqram 491 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Magnum” markalı, “P159TE05/ AK712905” dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük baxışı keçirilərkən aparılmış və məhkəmə baxışı zamanı nümayiş etdirilmiş videogörüntülərdən məlum olur ki, avtomobilin qoşqusunda olan 6 ədəd kreslonun və 2 ədəd divanın qoltuq hissələrinin üz hissələrindəki qalın parça gömrük əməkdaşları tərəfindən kəsici alətlə kəsilməklə açıldıqda parçanın alt hissəsində maçalka qatının olması müəyyən edilir. Həmin maçalka qatı da sökülməklə çıxarıldıqda alt hissədə taxta qatının olması müəyyən edilir. Üzəri taxta qatı ilə örtülmüş qoltuqaltı xüsusi alətlərdən istifadə edilməklə digər hissələrdən ayrılaraq çıxarılır. Sonra həmin taxta qatı balta və çapıcı alətlərin köməkliyi ilə kəsilməklə onun içərisində olan metal hissə çıxarılır. Daha sonra qoltuqaltının möhkəm metal hissəsi xüsusi alətlərin vasitəsi ilə kəsildikdə metal hissəsənin içərisində olan boşlaqlarda içərisində narkotik vasitə olan bağlamaların yerləşdirilməsi müəyyən edilir. İş materiallarında olan beynəlxalq mal-nəqliyyat qaiməsindən və sənədlərdən görünür ki, ümumi çəkisi 1000 kq olan mebel yükü İran İslam Respublikasının Astara şəhərində yerləşən «X7» şirkəti tərəfindən Rusiya Federasiyasının Moskva şəhərinə X4 adına göndərilmişdir. Divan və kreslolar 34 ədəd ayrı-ayrı bağlamalarda olmuşlar. Şəhadətnamələrin iş materiallarında olan surətlərindən görünür ki, 2002-ci il buraxılışlı, yedəkli “Renault Magnum” markalı, P159TE05 dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobili və həmin nəqliyyat vasitəsinin 1995-ci il buraxılışlı, “SCHMİTZ SPR 24” markalı, AK712905/RUS dövlət qeydiyyat nişanlı, WSMS**********243 ban nömrəli qoşqusu Təqsirləndirilən şəxs adına olmaqla onun mülkiyyətindədir. “Renault Magnum” markalı, P159TE05 dövlət qeydiyyat nişanlı yedəkli, dartıcı yük avtomobili və həmin nəqliyyat vasitəsinin 1995-ci il buraxılışlı, “SCHMİTZ SPR 24” markalı, AK712905/RUS dövlət qeydiyyat nişanlı, WSMS**********243 ban nömrəli qoşqusu 09 iyun 2021-ci il tarixdə maddi sübut kimi tanınmış, Bakı şəhər Yasamal rayon məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 5(004)-538/2021 saylı qərarı ilə üzərinə həbs qoyulmuş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılır. Məhkəmə-bioloji ekspertizasının 20 aprel 2021-ci il tarixli, 7/374 nömrəli rəyində göstərilmişdir ki, tədqiqatına təqdim edilmiş 72 ədəd bağlamada olan maddələr eyni tərkibli olmaqla, 43 kiloqram 645 qram (tədqiqata sərf edildi 1,44 qram, qalıq 43 kiloqram 643,56 qram) çəkidə həşiş qətranı narkotik vasitəsidir. 43 kiloqram 643,56 qram həşiş qətranı iş üzrə 9 iyun 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş idarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Baxış keçirilməsi bardə 23 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sestemində qeydə alınmış məlumatlara əsasən Təqsirləndirilən şəxs “Renault Magnum” markalı, P159TE05 dövlət qeydiyyat nişanlı dartıcı nəqliyyat vasitəsi ilə 25 fevral 2021-ci il tarixdən etibarən müxtəlif tarixlərdə Rusiya Federasiyası istiqamətindən «Samur» sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikası ərazisinə və «Astara» sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasına iki dəfə gedib qayıtmış, sonuencu dəfə isə xx.xx.2021-ci il tarixdə saat 17.26-da “Renault Magnum” markalı, P159TE05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə eyni sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs iş üzrə 20 aprel 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Azərbaycan Respublikası DİN BƏSİİ-nin 01 may 2021-ci il tarixli, 012-7608-1121 №-li məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hazırkı cinayət işinin materiallarından 20 oktyabr 2021-ci il tarixli qərarla digər şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərildiyi kimi, külli miqdarda narkotik vasitə olan həşiş qətranını satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Rusiya Federasiyasına daşımaqla qanunsuz dövriyyəsini təşkil etmə barədə hər hansı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, idarə etdiyi yük avtomobilinin qoşqusuna yüklənmiş İran İslam Respublikasından Rusiya Federasiyasının Moskva şəhərinə aparmalı olduğu mebel yükünün tərkibində olan 6 ədəd kreslonun və 2 ədəd divanın qoltuqlatılarının daxilinə 43645 qram (43 kg 645 qr) həşiş qətranı narkotik vasitənin yerləşdirilməsi barədə əvvəlcədən məlumatının olması, həmin miqdarda narkotik vasitəni əldə etməsi və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən bilərəkdən keçirməsi heç bir sübutla təsdiq olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs verilmiş ittihamın əsaslandırılması üçün narkotik vasitə olan külli miqdarda həşiş qətranının onun idarə etdiyi avtomobilə yüklənmiş mebel yükündə 6 ədəd kresloların və 2 ədəd divanın qoltuqaltılarının daxilindəki metal hissələrin boşluqlarında aşkar olunmasından əlavə heç bir sübut göstərməmişdir. Halbuki, Təqsirləndirilən şəxs naməlum şəxslər tərəfindən ayrı-ayrılıqda mebelin hissələri olan 6 ədəd kresloların və 2 ədəd divanın qoltuqaltılarının metal hissələrinin içərisindəki boşluqlara narkotik yerləşdirilməsi və həmin metal hissələrin digər hissələrlə birləşdirilməklə divan və kresloların istehsalı ilə heç bir əlaqəsi olmamış, o, yalnız nə zamansa istehsal edilməklə hazır məhsul olan divan və kresloları idarə etdiyi avtomobil ilə daşımaq üçün qəbul etmişdir. Təqsirləndirilən şəxs daşımaq üçün qəbul etdiyi mebel yükünə gömrük yoxlaması tədbiq edilərkən aparılmış və məhkəmə baxışında nümayiş etdirilmiş videogörüntülərdən məlum olur ki, avtomobilin qoşqusunda olan 6 ədəd kreslonun və 2 ədəd divanın qoltuqaltılarının üz hissələrindəki qalın parça gömrük əməkdaşları tərəfindən kəsici alətlə kəsilməklə açıldıqda parçanın alt hissəsində qalın maçalka qatının olması müəyyən edilir. Həmin maçalka qatı da sökülməklə çıxarıldıqda alt hissədə taxta qatının olması müəyyən edilir. Üzəri taxta qatı ilə örtülmüş qoltuqaltıları xüsusi alətlərdən istifadə edilməklə digər hissələrdən ayrılaraq çıxarılır. Sonra həmin taxta qatı balta və digər çapıcı alətlərin köməkliyi ilə kəsilməklə onun içərisində olan metal hissə çıxarılır. Daha sonra qoltuqaltının möhkəm metal hissəsi xüsusi alətlərin vasitəsi ilə kəsildikdə metal hissəsənin içərisində olan boşlaqlarda içərisində narkotik vasitə olan bağlamaların yerləşdirilməsi müəyyən edilir. Məhkəmə göstərilən həmin hallara əsasən belə nəticəyə gəlir ki, içərisində həşiş qətranı olan bağlamalar divan və kresloların qoltuqaltılarının metal hissələrindəki boşluqlara onların istehsalı prosesində və ya bundan əvvəl yerləşdirilə bilərdi. Belə olan halda Təqsirləndirilən şəxs divan və kresloların istehsalı zamanı və ya ondan əvvəl onların qoltuqaltılarının əsasını təşkil edən və dərinlikdə yerləşməklə üzərində taxta, maçalka və parça qatları olan metal hissələrinin boşluqlarına narkotik yerləşdirilməsini bilə bilməzdi. Çünki, narkotik vasitənin aşkar olunması üçün mütləq divan və kreslolar sökülməli və metal hissələr xüsusi alətlə kəsilməklə daxilinə baxılmalı idi. Bu isə əmlakın məhf edilməsi deməkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması» Qaydalarının 35.1-ci maddəsinə əsasən (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin qaydaların 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən CMR-də (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsi) olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Beynəlxalq yükdaşımaları müqaviləsi haqqında» 19 may 1956-cı il tarixli Cenevrə Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə görə beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin maddəyə əsasən daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücünün) nəzarət sahəsinə aid deyildir. Göründüyü kimi, avtomobil nəqliyyatı ilə benyəlxalq yükdaşımaları tənzimləyən normalara əsasən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Sürücünün yükün tamlığını pozmaqla, sökməklə və sair üsullarla yükün daxilini yoxlamaq hüquq və vəzifəsi yoxdur. Eyni zamanda gömrük sənədlərindən görünür ki, avtomobilə yüklənmiş və möhürlənmiş yükün möhürlənmə tamlığı da pozulmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs ona daşıması üçün mebel yükünü tapmış Rza, mebel yükünü göndərən Navid adlı şəxslərlərlə, mebel yükünü Moskva şəhərində qəbul etməli olan X5 ilə və başqa hansısa bir şəxslə daşıma üçün qəbul etdiyi mebel yükündə narkotik vasitə olmasına dair danışıq aparması və ya razılaşması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs telefon danışıqları və istifadəsində olan telefonun «Vhatsapp» proqramı vasitəsi ilə göndərdiyi və qəbul etdiyi smslər də məhkəmə baxışında tədqiq edilmiş, onun idarə etdiyi avtomobilə yüklənmiş, Rusiya Federasiyası Moskva şəhərinə aparmalı olduğu mebel yükündə narkotik olmasını bilməsini təsdiq edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində olan, +**********2 nömrəli sim kart quraşdırılmış «İpone 7» markalı mobil telefona baxış keçirilməsi bardə 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, telefonun «mesajlar», «zənglər», «fotoşəkillər» və digər bölmələrində, həmçinin «Vhatsapp Messenger» ani mesajlaşma tədbiqində cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı hallar müəyyən edilməmişdir. Həmçinin müəyyən edilir ki, 19 aprel 2021-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan +**********2 mobil telefon nömrəsi ilə Navid adlı şəxsin istifadəsində olmuş +**********61 və mebeli Moskva şəhərində qəbul etməli olan Rafiq Cavadovun istifadəsində olan +**********2 telefon nömrələri arasında danışıqlar aparılmamışdır. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 43645 qram çəkidə narkotik vasitə həşiş qətranının əldə edilməsi, İran İslam Respublikasında onun idarə etdiyi avtomobilə yüklənmiş, Azərbaycan dövlətinin ərazilərindən tranzit keçməklə Rusiya Federasiyasına aparmalı olduğu mebel yükündə altı ədəd kreslonun və iki ədəd divanların qoltuqaltı hissələrində yerləşdirilməsi və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsi cinayətlərinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.4-cü maddəsinə əsasən şəxsin cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs mülkiyyətində olan, iş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan “Renault Magnum” markalı, VF611JTA000100169 ban nömrəli, P159TE05 dövlət qeydiyyat nişanlı, 2002-ci il buraxılışlı, yedəkli, dartıcı yük avtomobili və həmin nəqliyyat vasitəsinin “SCHMİTZ SPR 24” markalı,1995-ci il buraxılışlı, AK712905/RUS dövlət qeydiyyat nişanlı, WSMS**********243 ban nömrəli qoşqusu üzərinə Bakı şəhər Yasamal rayon məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 5(004)-538/2021 saylı qərarı ilə qoyulmuş həbs ləğv edilməli, həmin nəqliyyat vasitəsi və qoşqusu mebel yükü ilə birlikdə Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 43 kiloqram 643,56 qram həşiş qətranı Azərbaycan Respublikası Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərclərinin ödənilməsindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 42.1.2, 344-347, 349, 350, 352-353; 357 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. X2 mülkiyyətində olan, iş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan “Renault Magnum” markalı, VF611JTA000100169 ban nömrəli, P159TE05 dövlət qeydiyyat nişanlı, 2002-ci il buraxılışlı, yedəkli, dartıcı yük avtomobili və həmin nəqliyyat vasitəsinin “SCHMİTZ SPR 24” markalı,1995-ci il buraxılışlı, AK712905/RUS dövlət qeydiyyat nişanlı, WSMS**********243 ban nömrəli qoşqusu üzərinə Bakı şəhər Yasamal rayon məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 5(004)-538/2021 saylı qərarı ilə qoyulmuş həbs ləğv edilsin, həmin nəqliyyat vasitəsi və qoşqusu mebel yükü ilə birlikdə Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan 43 kiloqram 643,56 qram həşiş qətranı Azərbaycan Respublikası Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-62/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-62/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver