Məhkəmə qərarları › İş №1(099)-620/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-620/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-620/2022 21.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1975-ci ildə Lənkəran rayonu, Liman şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 azyaşlı uşaq atası, orta təhsilli, işləməyən, əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə 05 ay 02 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdə saat 16 radələrində əvvəlcədən qəbul etdiyi narkotik maddə olan tiryəkin təsirindən yaranmış sərxoşluq vəziyyətində yaşadığı ünvan 1-də tanışı X5 ilə telefon danışığı zamanı sonuncunun aralarında olan borc məsələsinə görə ünvanına və ailə üzvlərinə nalayiq ifadələr işlətdiyindən aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün Samir Novruzov ilə Lənkəran rayonu, Liman şəhəri, 28 may küçəsində yerləşən 75 saylı Dairə Seçki Komissiyasının inzibati binasının yanında görüşmüş, yenidən aralarında yaranmış mübahisə zamanı Samir Novruzov üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Təqsirləndirilən şəxs sağ əlinə zərbə vuraraq sağ əlin İİ barmağı nahiyəsində kəsilmiş yara ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olunan xəsarət yetirdikdən sonra sonuncu Samir Novruzovdan qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlmiş və bu cinayətkar niyyətini həyata keçirməkdən ötrü üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən bıçağın kəsici-deşici hissəsi ilə Samir Novruzovun qulaq, çənə, döş qəfəsi və boyun nahiyələrinə qəsdən zərbələr vuraraq onun boyununun sol səthindəki əzələ və vətərlərinin, sol yuxu arteriyasının zədələnməsi ilə müşahidə olunan 1 ədəd kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, çənəaltı, sol qulaqarxası nahiyələrində 2 ədəd kəsilmiş yaralar, döş qəfəsi nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuran və sağ almacıq nahiyəsində sıyrıqla müşayiət olunan dərəcəsi təyin edilməyən, kəskin qanitirməyə səbəb olmaqla ölümlə nəticələnən xəsarətlər yetirməklə Samir Novruzovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 iyun 2022-ci il tarixdə tanışı Samir Novruzov ona yaxınlaşıb 30 manat məbləğində borca pul istəmiş və iki gün sonra qaytaracağına söz vermişdir. Samir Novruzova 30 manat məbləğində borca pul vermişdir. 26 iyun 2022-ci il tarixdə saat 16 radələrində Samir ona zəng edib pulu qaytara bilməyəcəyini bildirmişdir. O da Samirdən pulunu təkidlə tələb etmişdir. Samir pulunun olmadığını bildirdikdə aralarında mübahisə başlamış, Samir isə ona nalayiq söyüşlər söyməyə başlamış, o da Samirə nalayiq söyüş söydükdə, Samir onun ailə üzvlərinə nalayiq ifadələr işlətməyə başlamışdır. O isə Samirin ailə üzvlərinə söyüş söyməmişdir. Bu hadisədən əsəbiləşərək Samirlə görüşmək istədiyini bildirmişdir, Samir də onu Liman şəhəri, 28 may küçəsi, 75 saylı dairə seçki komissiyasının inzibati binasının yaxınlığına çağırmışdır. Samirlə görüşməyə razılaşmış, təmir işləri görərkən istifadə etdiyi bıçağı evin həyətində yerləşən yardımçı tikilidən götürüb, cibinə qoyub 75 saylı dairə seçki komsissiyasının inzibati binasının yaxınlığına piyada getmişdir. Bir neçə dəqiqə sonra Samir də həmin əraziyə gəlmişdir. Samir ona yaxınlaşıb sözlə mübahisə etməyə başlamışdır. O, Samirə nə səbəbə arvadına küçə söyüşü söydüyünü bildirdikdə ona əsəbi şəkildə yaxşı etdiyini bildirmişdir. O Samirin sözlərinə daha da əsəbiləşərək üzərinə getdikdə Samir bel nahiyəsində gizlətdiyi dəstəyi qara rəngli mətbəx bıçağını çıxarıb ona tərəf gəlməyə başlamışdır. O da sağ cibindən bıçağı çıxarıb Samirin üzərinə getmişdir. Samir əlindəki bıçaqla onun qarın nahiyəsindən zərbə vurmaq istədikdə o, Samirin əlindəki bıçağı sağ əli ilə tutmuş, Samir bıçağı geri çəkdikdə onun sağ əl nahiyəsində ikinci barmağı kəsilmişdir. O, dərhal həmin əlində olan bıçaqla Samiri bıçaq zərbələri ilə vurduqdan sonra bir-birilərindən aralanmışlar. Samir əlindəki bıçağı yerə atmış və oradan uzaqlaşmışdır. O, Samirin haraya getdiyini bilməmişdir. Bundan sonra cinayətin aləti kimi istifadə etdiyi bıçağı və Samirə məxsus bıçağı götürüb Liman polis bölməsinə gedib cinayət törətdiyini etiraf etmiş və bıçaqları polis bölməsinə könüllü təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Samir piyada getdikdən sonra yerə yıxılmış və aldığı xəsarətlərdən orada ölmüşdür. Samiri öldürmək niyyəti olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, mərhum oğlu Samirin narkotikdən istifadə etməsindən məlumatı olmamışdır. Qonşuluqda yaşayan Qulam onun qaynı Həbiblə yaxın dost olmuşdur. Həbib hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün cəzaçəkmə müəssisəsində cəza çəkir. X12 tanış etmişdir. Bir neçə il idi ki, Samirlə Qulamın dostluğu yaranmışdı. Qulmın narkotkdən istifadə etməsini eşitmişdir. 26 iyun 2022-ci il tarixdə saat 16 radələrində Qulam Samirin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş oğlunu nalayiq sözlərlə təhqir etmiş, onlar bir-birləri ilə əsəbi danışmışlar. Bundan sonra Samir əsəbi vəziyyətdə evdə çıxmış və Qulamla dairə seçki komissiyasının inzibati binasının yaxınlığında görüşməyə getmiş, oğlundan bunun səbəbini soruşmamışdir. Qulam narahat insan olduğu üçün onların dalaşacaqlarını düşünüb bir neçə dəqiqə sonra evdən çıxıb onların mübahisə etdiyi yerə getmiş, dairəvi seçki komissiyasının binasına yaxın olan əraziyə insanların toplaşdığını görüb həmin əraziyə yaxınlaşmış və yerdə uzanıqlı vəziyyətdə Samirin meyitini görmüşdür. Orada camaatın deməsinə görə Qulamla Samir borc pul üstündə mübahisə edib dalaşmış, Qulam bıçaqla oğlunu vurub öldürmüşdür. O, həmçinin ifadəsində göstərmişdir ki, oğlu Samir evdən çıxanda özü ilə bıçaq götürdüyünü görməmişdir. Samirin dalaşma zamanı əlindən olan bıçağı haradan götürməsini bilmir. Təqsirləndirilən şəxs şikayətçidir, onu bağışlamır, ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, kürəkəni Təqsirləndirilən şəxs onlardan bir qədər aralı, yəni Liman şəhərində başqa küçədə yaşayır. Qulam neçə dəfə məhkum olunmuş, cəzaçəkmə müəssisəsindən 2020-ci ildə çıxmışdır. Samirlə Qulam bir-biriləri ilə dost olmuşlar. 26 iyun 2022-ci il tarixdə saat 12 radələrində qızı və nəvələri onlara gəlmişlər. Qızılgil ilə evinin arası təxminən 20 dəqiqəlik məsafədir. Saat 16 radələrində Qulamagilin qonşuluğunda yaşayan Mina ev telefonuna zəng edərək Qulamın əsəbi şəkildə telefonda kimləsə danışdığını deyərək qızının tez evə gəlməyini və Qulamı sakitləşdirməyini istəmişdir. Qızı dərhal öz evinə yollanmışdır ki, əri Qulamı sakitəlşdirsin. Özü də narahat olduğu üçün qızının arxasınca onlara yollanmış, yolda kənd sakinlərindən eşitmişdir ki, Qulam Samiri bıçaqlayaraq öldürmüş və polis bölməsinə təslim olmuşdur. Sonradan məlum olmuşdur ki, Samir hadisədən bir neçə gün əvvəl kürəkəni Qulamdan 30 manat borc almış, Qulamın ailə üzvlərinə nalayiq ifadələr işlətdiyi üçün aralarında mübahisə yaranmış, bunun üstündə aralarında mübahisə baş vermiş, hadisə baş verən gün Samir telefonda Qulamın varyoxuna söydüyü üçün onu bıçaqla öldürmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əri Qulam bir neçə dəfə məhkum olunmuş, 2020-ci ildə cəzaçəkmə müəssisəsindən çıxmışdır. Qulam narkotik vasitələrdən istifadə edirdi. Qulamla Samir dostluq münasibətlərində olmuşlar. 26 iyun 2022-ci il tarixdə saat 12 radələrində uşaqları ilə birlikdə anasıgilə getmiş, anasıgildə olarkən qonşusu Mina saat 16 radələrində ev telefonuna zəng edərək Qulamın əsəbi şəkildə yüksək səslə telefonda kimləsə danışdığını bildirərək tez evə gəlməyini və ərini sakitləşdirməyini demişdir. Hər hansı bir bədbəxt hadisənin baş verə biləcəyini hiss edib dərhal anasıgildən çıxıb piyada öz evinə gəlmiş, artıq Qulam həmin vaxt evdə olmamışdır. Onun yaşadığı evlə anasının yaşadığı ev arasında piyada 15-20 dəqiqəlik məsafə vardır. Evə çatdıqdan sonra qonşular Qulamın Samiri bıçaqlayaraq öldürüb polis bölməsinə təslim olduğunu bildirmişlər. Sonradan məlum olmuşdur ki, Samirin Qulama 30 manat borcu olmuş, bunun üstündə aralarında mübahisə düşmüş və Samir Qulamın ailə üzvlərinə nalayiq ifadələr işlətdiyi üçün sonuncu Samiri bıçaqlayaraq öldürmüşdür. Qulamın Samirə nə vaxt borca pul verməsindən də məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Qulamı və Samiri Liman şəhər sakini kimi tanımışdır. Qulam və Samir bir-biriləri ilə yaxın dost olmuşlar. Qulam və Samir narkotik vasitə aludəçisi olmuşlar. Qulamın Samiri bıçaqla vuraraq öldürməsinin şahidi olmamışdır. Lakin, hadisə baş verən günü yəni 26 iyun 2022ci il tarixdə saat 16 radələrində Samir əsəbi şəkildə onunla danışmaraq bədənində ağrılar olduğunu deyərək ondan narkotik istəmişdir. Samirə onda narkotikin olmadığını bildirmişdir. Sonra isə Samir əsəbi şəkildə Qulamı nalayiq ifadələrlə söyərək borcunu qaytarmadığı üçün ona narkotik vermədiyini bildirmişdir. Qulam Samirə narkotik vasitəsinin olmadığını bildirdiyi üçün Samir əsəbiləşmiş və Qulamı küçə söyüşləri ilə söymüşdür. Hadisədən sonra həmin gün eşitmişdir ki, Samir Qulama söydüyü üçün sonuncu onu bıçaqla öldürmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 28 iyun 2022-ci il tarixli 727 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərin tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 612 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs aşağıdakı xəsarətləri vardır: Sağ əlin İİ barmağı nahiyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya ucu alətin, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənməsi inkar olunmur, yetirilmə müddəti xx.xx.2022-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Aşkar edilmiş xəsarət sağ əl nahiyəsində yerləşdiyindən bıçaqla qarşı tərəfə xəsarət yetirən zaman əmələ gəlməsi istisna edilmir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 22 nömrəli rəyinə əsasən X3 meyiti üzərində - boyunun sol səthindəki əzələ və vətərlərinin, sol yuxu arteriyasının zədələnməsi ilə müşahidə olunan 1 ədəd kəsilmiş-deşilmiş yara, kəskin qanitirmə, döş qəfəsi nahiyəsində 1 ədəd kəsilmişdeşilmiş yara, çənəaltı, sol qulaqarxası nahiyələrində 2 ədəd kəsilmiş yaralar, sağ almacıq nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, onlardan boyunun sol səthindəki əzələ və vətərlərinin, sol yuxu arteriyasının zədələnməsi ilə müşahidə olunan 1 ədəd kəsilmiş-deşilmiş yara, kəskin qanitirmə, döş qəfəsi nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş yara, çənəaltı, sol qulaqarxası nahiyələrində 2 ədəd kəsilmiş yaralar kəsici-deşici əşyanın (əşyaların), sağ almacıq nahiyəsindəki sıyrıq isə bərk küt əşyanın təsirindən törəmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə boyunun sol səthindəki əzələ və vətərlərinin, sol yuxu arteriyasının zədələnməsi ilə müşahidə olunan 1 ədəd kəsilmiş-deşilmiş yara, kəskin qanitirmə, döş qəfəsi nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş yara, çənəaltı, sol qulaqarxası nahiyələrində 2 ədəd kəsilmiş yaralar ekspertizaya təqdim edilmiş bıçağın kəsici və deşici kənarı ilə əmələ gələ bilməsi inkar edilmir, sağ almacıq nahiyəsindəki sıyrıq isə bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə boyunun sol səthindəki əzələ və vətərlərinin, sol yuxu arteriyasının zədələnməsi ilə müşahidə olunan 1 ədəd kəsilmiş-deşilmiş yara sağlamlığa Ağır zərərvurmaya, döş qəfəsi nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş yara, çənəaltı, sol qulaqarxası nahiyələrində 2 ədəd kəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya, sağ almacıq nahiyəsindəki sıyrıq isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət kimi qiymətləndirilir. X4 yetirilən xəsarətlər müxtəlif vəziyyətlərdə (ayaqüstə, üzbəüz, arxası xəsarət yetirən şəxsə tərəf) olarkən o, cümlədən xəsarət yetirən şəxslə üz-üzə və sirkulyar vəziyyətlərdə yetirilə bilməsi mümkündür. X3 meyitində aşkar edilmiş xəsarətlərdən boyun nahiyəsindəki yara kanalının istiqaməti soldan-sağa, arxadan bir qədər önə doğru, bir qədər aşağıdan-yuxarıya, döş qəfəsi nahiyəsindəki yara kanalının istiqaməti isə arxadan-önə, sağdan bir qədər sola, yuxarıdan bir qədər aşağıya doğru olmuşdur. X3 ölümü zorakıdır. Ölüm boyun nahiyəsindən sol yuxu arteriyasının kəsilməsi ilə əlaqədar kəskin qanitirmədən baş vermişdir. S.B.Novruzovun ölümü ilkin meyit əlamətlərinə görə onun məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X3 bədəni üzərindəki xəsarətlərlə ekspertizaya təqdim edilmiş paltarlar üzərindəki zədələrə uyğun olub, üst-üstə düşürlər. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Alkoqol və psixotrop maddələr aşkar edilməmişdir. X3 düz bağırsağının arxa keçəcəyində hər-hansı bir xəsarət və ya onun əlaməti aşkar edilmədi. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan lifli materialların məhkəmə ekspertizasının 28 iyul 2022-ci il tarixli 6/3637 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərində aşkar edilmiş qəhvəyi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X4 məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş cinayət aləti olduğu qeyd edilən 01 ədəd bıçağın tiyə hissəsinin səthi üzrəindən aşkar edilmiş qəhvəyi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X4 məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə ballistik-trasoloji ekspertizasının 29 iyul 2022-ci il tarixli 3/884-3/895 nörməli rəylərinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən düzəlişlər edilməmişdir. -Tədqiqata təqdim edilmiş X4 məxsus 01 ədəd bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən düzəlişlər edilməmişdir. -Tədqiqata təqdim edilmiş geyim əşyalarından S.B.Novruzova məxsus köynəyin arxa sol yan nahiyyəsində ətəyin aşağı son kənarından 270 mm yuxarıda 20 mm ölçüdə zədə, maykanın arxa sol yan hissəində ətəyin aşağı son kənarından 310 mm yuxarıda 20 mm ölçüdə zədə vardır. Həmin zədə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən Təqsirləndirilən şəxs götürülmüş bıçağın tiyəsi də ola bilər. Təqdim edilmiş digər geyim əşyaları üzərində hər hansı mexaniki zədə aşkar edilmədi. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 505/2022-MTBŞ saylı rəyindən görünür ki, X4 məxsus qolsuz maykanın, şalvarın, köynəyin, ona məxsus mətbəx bıçağı tipli bıçağın tutacaq və tiyəsində, Təqsirləndirilən şəxs məxsus şalvarın, köynəyin, ona məxsus qatlanan bıçağın tutacaq və tiyəsində olan ləkələrdə, həmçinin təqdim olunmuş bir ədəd yarpaq üzərində olan ləkələrdə və onun qablaşdırıldığı paketin dibində olan maddə hissəciklərində, ot yığımı və iki ədəd pambıq topaları üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda antigen qismində yalnız «H» antigeni, aqqlyutinin qismində isə bəzi ləkələrdə «alfa», «beta» aqqlyutininləri də alındı. «H» antigeninin ABO sistemi üzrə tək halda əsas antigen qismində yalnız 0(1) qan qrupunu formalaşdırıb xarakterizə etdiyini göstərilən hər iki aqqlyutininin birlikdə həmin qan qrupu tərkibində olduğunu nəzərə alıb ləkələrdə olan qanın birmənalı olaraq ABO sistemi üzrə 0(1) qruplu şəxsin( şəxslərin) qanı hesabına əmələ gəlməsini söyləmək olar. Beləlikdə, təqdim olunmuş yuxarıda göstərilən maddi sübutlarda, o cümlədən də hər iki bıçağın tutacaq və tiyəsində aşkar edilmiş qan ləkələri ABO sistemi üzrə 0(1) qan qruplu zərərçəkmiş S.B. Novruzov məxsus ola bilər. Q.M. Səlimova gəldikdə isə o da zərərçəkmiş S.B. Novruzov kimi ABO sistemi üzrə 0(1) qan qruplu şəxs olduğu üçün bioloji ekspertizasının nəticəsinə görə hər iki bıçağın tutacaq və tiyəsində onun da həm ayrılıqda, həm də S.B.Novruzovla birlikdə qan qarışığının olması inkar oluna bilməz. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2090 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur, Təqsirləndirilən şəxs cinayət törədən zaman və cinayəti törətdikdən sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs oglu hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 26 iyun 2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi» haqqında protokolla və fotocədvəllə müəyyən edilmişdir ki, hadisə yeri Lənkəran rayonu Liman şəhərinin ərazisidir. Həmin ərazidə Liman şəhəri 28 may küçəsidə eni 8 metr olan asvalt yolun hərəkət hissəsində X4 məxsus meyit aşkar olunmuşdur. Yol boyunca damcı halında asvalt örtük üzərində qanabənzər ləkələr aşkar edilir. Məhkəmə 26 iyun 2022-ci il tarixli «meyitə baxış keçirilməsi», 27 iyun 2022-ci il tarixli «təqdim olunmuş paltarlara baxış keçirilməsi və götürülməsi» haqqında protokolları iş üçün əhəmiyyətli olan sübut kimi qəbul edir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 26 iyun 2022-ci il tarixli 171 nömrəli tibbi müayinə protokolundan görünür ki, hadisə baş verən günü Təqsirləndirilən şəxs opium sərxoşluğu müəyyən edilmiş, narkotik vasitə qəbulu təsdiq edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Lənkəran şəhər Narkoloji xəstəxanasının 08 iyul 2022-ci il tarixli 420 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2016-cı ildən “Opium narkomaniyası” diaqnozu ilə Lənkəran şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda durur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Lənkəran şəhər Psixatriya xəstəxanasının 07 iyul 2022-ci il tarixli 400 nömrəli cavab məktubundan görünür ki, Səlimov X6 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış protokolundan görünür ki, X10 Səlimovla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mütamadi olaraq telefon danışıqları olmuşdur. X11 Səlimov arasında sonuncu danışıq saat 16:29-da olmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Lənkəran ŞRPŞ-nin Liman polis bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Lənkəran rayonu Liman şəhər sakini Təqsirləndirilən şəxs ilə X3 arasında əvvəllər düşmənçilik və ya ədavətin, əvvəllər mübahisə, konfiliktlərin, dalaşma hallarının olmadığı, Təqsirləndirilən şəxs cinayətkar aləmlə, cinayət aləmində tanınan şəxslərlə heç bir əlaqəsinin olmadığı, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin aludəçisi olduğu, hadisənin baş verdiyi Liman şəhəri 28 may küçəsində yerləşən dairə seçki komissiyasının inzibati binasının yaxınlığında hadisə şahidlərinin olmadığı, həmin ərazidə kamera görüntülərinin olmadığı, Təqsirləndirilən şəxs cinayət aləti olan bıçağı yaşadığı evdən götürərək üzərində gəzdirdiyi müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində iki il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının sonu xx.xx.2021-ci il tarixdə olan məhkum Təqsirləndirilən şəxs, çəkilməmiş qalan 05 ay 02 gün cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Qarnizonu Hərbi Tribunalının xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, qüvvədə olan CM-nin 42-1-ci maddəsini tətbiq etməklə hökmün icrası iki il təxirə salınmışdır. Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 11000 manat cərimə cəzası təyin edilmişdir. O, Lənkəran rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.2, 70-ci maddələrinin tələblərinə əsasən təyin edilmiş 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası 02 il şərti sınaq müddəti ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azadıqdan məhrumetmə cəzası təyin edilmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı əsasında 05 ay 02 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda iki il keçmədən yenidən qəsdən xüsusi ilə ağır cinayət əməlini törətməsi CM-nin 18 -ci maddəsinin tələblərinə görə cinayətlərin residivini yaradır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilənlər təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini (zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasına aid hallar istisna olunmaqla) sübut kimi qəbul edir. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 21-ci bəndində göstərilir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadələrində zərərçəkmiş şəxs Samir Novruzovu öldürmək niyyətinin olmamasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Samir Novruzovu öldürmək niyyətinin olmamasına dair göstərdiyi xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertizanın rəyləri, maddi sübutlarla, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur və onun ifadəsinin bu hissəsini məsuliyyətini yüngülləşdirmək üçün gətirdiyi dəlil kimi qiymətləndirir, bu xüsusatı ittihamın qanuni və əsaslı həlli üçün sübut kimi qəbul etmir. Məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələri, ekspert rəyləri, maddi sübutlar məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənədlərə və iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs niyyəti zərərçəkmiş şəxs Samir Novruzovu qəsdən öldürmək olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən bıçağın kəsici-deşici hissəsi ilə Samir Novruzovun qulaq, çənə, döş qəfəsi və boyun nahiyələrinə qəsdən zərbələr vuraraq onun boyununun sol səthindəki əzələ və vətərlərinin, sol yuxu arteriyasının zədələnməsi ilə müşahidə olunan 1 ədəd kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, çənəaltı, sol qulaqarxası nahiyələrində 2 ədəd kəsilmiş yaralar, döş qəfəsi nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuran və sağ almacıq nahiyəsində sıyrıqla müşayiət olunan dərəcəsi təyin edilməyən, kəskin qanitirməyə səbəb olmaqla ölümlə nəticələnən həyat üçün təhlükəli olan çoxsaylı xəsarətlər yetirmişdir. Bu da Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Samir Novruzovu qəsdən öldürməsinə dəlalət edir. Təqsirləndirilən şəxsin əməlində onun təqsiriliyini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). İşdə olan 26 iyun 2022-ci il tarixli “könüllü gəlib təqsirini boynuna alma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nın Liman şəhər polis bölməsinə könüllü gələrək təqsirini boynuna almış, cinayətin aləti kimi istifadə etdiyi bıçağı və zərərçəkmiş şəxs Samir Novruzova məxsus bıçağı növbətçi hissəyə təhvil vermişdir. Təqsirləndirilən şəxs həmin gün saat 16:50-də Lənkəran ŞRPŞ-nın Liman şəhər polis bölməsi tərəfindən saxlanılmışdır. İş materiallarında olan Lənkəran RİHB-nin Liman şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş X5 barəsində xasiyyətnamədə sonuncu müsbət xarakterizə olunur. İş materiallarında olan Lənkəran RİHB-nin Liman şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş 07 iyul 2022-ci il tarixli 1160 nömrəli arayışda Təqsirləndirilən şəxs himayəsində - oğlu 2007-ci il təvəllüdlü Səlimzadə Hikmət, oğlu 2009-cu il təvəllüdlü Səlimzadə Müzəffər və qızı 2019-cu il təvəllüdlü Kürsüm Səlimzadə üç azyaşlı uşağının olması göstərilir və təqdim olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayətin aləti olan bıçaq, ölmüş zərər çəkmiş şəxs Samir Novruzova məxsus bıçaq, Təqsirləndirilən şəxs məxsus şalvar və damalı qısaqol köynək, ölmüş zərər çəkmiş şəxs Samir Novruzova məxsus uzunqol köynək, ağ rəngli mayka, cins şalvar, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan bir ədəd yarpaq, üzərində qanabənzər ləkələr olan quru ot hissələri, üzərində qanabənzər ləkələr olan pambıq tamponlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran Rayon Prokurorluğuna təhvil verilmişdir. Azercell MMC-dən daxil olmuş bir ədəd disk, ifadənin yerində yoxlanılması istintaq hərəkətini özündə əks etdirən bir ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını və CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Lakin, CM-nin 60.2-ci maddəsinin tələblərinə görə, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olduğundan onun təqsirləndirildiyi CM-nin 120.1-ci maddəsinə münasibətdə barəsində 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan törətdiyi cinayət əməli xüsusilə ağır cinayətlər katerqoriyasına aiddir, həmin maddənin sanksiyasında 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, insanların həyat və sağlamlığı təhlükə altına alınır, onlara qəsd olunur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, CM-nin 65.2-ci maddəsinin müddəalarına əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan 26 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:00-da CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 27 iyun 2022-ci il tarixdə CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Lənkəran Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan - tutulduğu 26 iyun 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 2016-cı ildən “Opium narkomaniyası” diaqnozu ilə Lənkəran şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran Rayon Prokurorluğunda saxlanılan cinayətin aləti olan bıçaq, ölmüş zərər çəkmiş şəxs Samir Novruzova məxsus bıçaq, Təqsirləndirilən şəxs məxsus şalvar və damalı qısaqol köynək, ölmüş zərər çəkmiş şəxs Samir Novruzova məxsus uzunqol köynək, ağ rəngli mayka, cins şalvar, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan bir ədəd yarpaq, üzərində qanabənzər ləkələr olan quru ot hissələri, üzərində qanabənzər ləkələr olan pambıq tamponlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azercell MMC-dən daxil olmuş bir ədəd disk, ifadənin yerində yoxlanılması istintaq hərəkətini özündə əks etdirən bir ədəd disk cinayət işində saxlanlımalıdır. İş üzrə 282 (iki yüz səksən iki) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 2016-cı ildən “Opium narkomaniyası” diaqnozu ilə Lənkəran şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Rayon Prokurorluğunda saxlanılan cinayətin aləti olan bıçaq, ölmüş zərər çəkmiş şəxs Samir Novruzova məxsus bıçaq, Təqsirləndirilən şəxs məxsus şalvar və damalı qısaqol köynək, ölmüş zərər çəkmiş şəxs Samir Novruzova məxsus uzunqol köynək, ağ rəngli mayka, cins şalvar, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan bir ədəd yarpaq, üzərində qanabənzər ləkələr olan quru ot hissələri, üzərində qanabənzər ləkələr olan pambıq tamponlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Azercell MMC-dən daxil olmuş bir ədəd disk, ifadənin yerində yoxlanılması istintaq hərəkətini özündə əks etdirən bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci 282 (iki yüz səksən iki) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim - Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar