Məhkəmə qərarları › İş №1(099)-621/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-621/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-621/2022 10.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 Vaqif oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1959-cu ildə Kürdəmir rayonu, Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Çöl-Qubalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində sürücülük hüququ olmadan və orta dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus “VAZ 2106” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Küdəmir rayonu, Ərəbqublı kəndi ərazisindən keçən Kürdəmir-Ərəbqubalı kənd yolunun 7-ci kilometrliyində, Kürdəmir rayonu, Sığırlı kəndi istiqamətindən Ərəbqubalı kəndi istiqamətinə doğru hərəkətdə olarkən «X11» Azərbaycan Respublikası Qanununun 33-maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bədinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, nəqliyyat vasitəsini 90-100 km/saat sürətdən artıq sürətlə sərxoş vəziyyətdə idarə etməklə idarə etməni itirib sağa istiqamətlənərək avtomobili yoldan çıxararaq aşırmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişin X5 başın alın, təpə və sağ gicgah sümüklərinin sınığı, alın nahiyəsinin yaraları, beyin qişaları altına və mədəciklərinə qansızma, alnın, burnun və gözaltı nahiyənin, qarın nahiyəsinin sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus olan **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili var, lakin sürücülük vəsiqəsi yoxdur. X2 ilə dost və həmkəndli olmuşdur. 19 iyul 2022-ci il tarixdə axşam saatlarında Nəsir ona zəng edərək birlikdə ona məxsus olan avtomobillə Kürdəmir rayonu, Sığırlı kəndinə gedərək mağzadan alış-veriş edib qayıtmalarını xahiş etmişdir. Bir müddət sonra, elə həmin gün avtomobili ilə Kürdəmir rayonu, Sığırlı kəndinə yola düşmüşlər. Yolda Nəsir ona “birlikdə gedək yemək yeyək, sonra gəlib alış veriş-edib, kəndə qayıdarıq” sözlərini demişdir. Bundan sonra, Kürdəmir rayonu, Karrar kəndində yerləşən “Bığ” restoranına getmişlər, orada birlikdə yemək yeyib, 2 nəfərə 0.5 litr spirtli içki (araq) qəbul etmişlər. Təxminən 1 saat sonra həmin restorandan çıxaraq avtomobillə Sığırlı kəndinə getmişlər. Orada Nəsir alış-veriş etmişdir. Sonra Ərəbqubalı kəndinə doğru təxminən avtomobilini, 90-100 km/saat sürətlə hərəkət etmişdir. Yolda avtomobil olmadığı üçün avtomobili yolun orta hissəsi ilə idarə etmiş, bu vaxt anidən fikri yayındığından idarəetməni itirmiş, avtomobil yolun sağ istiqatinə doğru getmiş, avtomobili saxlaya bilməmiş, avtomobil asfalt yoldan torpaq yola düşmüş, təxminən 60-70 metr sonra avtomobil tərsinə çevrilmiş, huşunu itirmiş, bir müddət sonra huşu özünə gələn zaman avtomobildən çıxarıb yerə uzadıldığını görmüş, lakin ətrafda olan şəxsləri və danışılanları dərk edə bilməmişdir. Sonra xəstəxanaya aparılmış, orada olan zaman Nəsirin hadisə zamanı aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Zərərçəkmiş şəxs Nəsir Nəsirov onun yaxnı dostu olmuş, mərhumun dəfninə və yas mərasiminin keçirilməsinə köməklik etmiş, mərhumun hüquqi varisi ilə barışmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, hadisə zamanı özü qapalı kəllə beyin travması, üz və qol sümüklərinin sınıqları xəsarətlərini almış, hazırda da müalicə alır, əməlindən peşimandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum Nəsir Nəsirovun qardaşı olmuşdur, mərhumun 68 yaşı olmuşdur. 19 iyul 2022-ci il tarixdə saat 19-dan sonra tanışları zəng edərək Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazisində asfalt yolda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində qardaşı Nəsirin öldüyünü demişlər. Dərhal yol nəqliyyat hadisəsi baş verdiyi yerə getmişdir. Orada həmkəndlisi Əlhəsənin idarə etdiyi avtomobilin yoldan çıxaraq aşdığını görmüş, qardaşının meyitinin avtomobildən 10 metr kənarda olmasını görmüşdür. Qardaşının meyitinin götürülərək Kürdəmir rayonunda ekspertiza şöbəsinə aparmışlar. Müayinə olunduqdan sonra meyiti gətirilib kənd ərazisində dəfn etmişlər. Ona məlum olmuşdur ki, Əlhəsənlə qaradaşı Kürdəmir rayonu, Sığırlı kəndi istiqamətindən Ərəbqubalı kəndinə doğru hərəkətdə olan zaman Əlhəsən avtomobildə idarə etməni itirdikdən sonra avtomobil aşmış, nəticədə avtomobildə olan qardaşı Nəsir xəsarət alaraq ölmüşdür. Əlhəsən qardaşının dəfn və yas mərasimlərinin keçirilməsinə köməklik etmiş, Əlhəsənlə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İşi üzrə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxsin hüquqi varisi X4 bildirdiklərini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş ki, Şahid3 ifadəsində göstərimişdir ki, Kürdəmir rayon Polis Şöbəsində yol polisi inspektoru işləyir, 19 iyul 2022-ci il tarixdə saat 19:20 radələrində Kürdəmir-Ərəbqublu kənd avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verməsi və xəsarət alanların olması barədə Kürdəmir rayon Polis şöbəsinə məlumat daxil olmuş, bununla əlaqədar olaraq hadisə yerinə getmiş, hadisə yerinin təhlükəsizliyini təmin edərək yol hərəkətini nizamış, hadisə yerində VAZ 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində avtomobildə olan 2 nəfərdən birinin öldüyünü, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını görmüş, ölən şəxsin təcili-tibbi yardım avtomobili ilə ekspertizaya aparıldığını, xəsarət alan şəxsin isə hadisə yerində uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Yolun hərəkət hissəsi asfaltbeton, düz, üfuqi, hadisə zamanı quru olmuşdur, hadisə gündüz, aydın havada baş vermişdir. Yol örtüyünün eninin 6 metr, yolda nişanlanma xəttləri olmamış, yolun hərəkət hissəsinin ümumi eni 6 metr təşkil etmişdir. Müstəntiq tərəfindən hadisə yerində baxış protokolunun tərtib olunmuş və fotoşəkillərin çəkilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyul 2022-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil hərəkətdə olarkən idarəetməni itirərək sağa istiqamətlənərək, ümumilikdə 78 metr, 66.5 metr asfalt üzərində tormoz, 11.5 metr isə yol çiynindən avtomobilin aşdığı yerə qədər tormoz (təkər) izi qoymaqla torpaq sahədə aşaraq dayanmışdır, yolun hərəkət hissəsi asfaltbeton, düz, üfuqi, hadisə zamanı quru olmuşdur, hadisə gündüz, aydın havada baş vermişdir, yol işıqlandırılmır, yol örtüyünün eni 6 metrdir, yolda nişanlanma xəttləri yoxdur, yolun hərəkət hissəsinin ümumi eni 6 metrdir, yolun sağında və solunda olan yol çiyinləri 1.5 metrdir, hadisə baş verən yer Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazində olan avtomobil yoludur, “VAZ 2106” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur, həmin avtomobildə bir nəfər sürücü 1 nəfər sərnişin olmuşdur. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli 210 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktıdan görünür ki, Təqsirləndirilən şəxs “Yol nəqliyyat” hadisəsi baş verən zaman orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin məhkəmə – kimyəvi ekspertizası ilə bağlı tərtib olunmuş 05 avqust 2022-ci il tarixli 2651 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, X1 götürülmüş qan nümunəsinin tərkibində etil spirt aşkar edilmişdir. Etil spirtinin qatılığı – 0.9% olmuşdur. Metil, propil, butil, amil spirtləri, baribitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazpin törəmələri, salisilatlar və kannobionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 16 sentyabr 2022-ci il tarixli 350 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, 1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarətlər vardır: müştərək travma, qapalı kəllə-beyin travması, soldan əng, almacıq sümüyünün, almacıq-təpə birləşməsinin yerdəyişməli sınıqları, C2 fəqərə cisminin yerdəyişmiş sınığı, sol bazu sümüyünün yuxarı üçdə birinin qəlpəli yerdəyişmiş sınığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən minik avtomaşınında gedərkən salonun küt hissələrinin təsirindən əmələ gəlməsi mümkündür, törənmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 19 iyul 2022-ci il tarixli 19 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, 1954-cü il təvəllüdlü X5 meyitinin məhkəmə tibbi müayinəsinə əsasən və əlavə müayinənin cavabı, hadisə haqqında olan ilk məlumat nəzərə alınaraq aşağıdakı nəticələrə gəlinmişdir, X2nun meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın alın, təpə və sağ gicgah sümüklərinin sınığı, alın nahiyəsinin yaraları. Beyin qişaları altına və mədəciklərinə qansızma. Alnın, burnun və gözaltı nahiyənin,qarın nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olmaqla və X5 ölümündən az əvvəl - yəni xx.xx.2022-ci il tarixdə avtomobil qəzası zamanı minik avtomobilinin salonunun içərisində gedərkən salonun küt hissələrinin təsirindən əmələ gəlməsi mümkündür və yetirilən anda həyat üçün təhlükəli hal olduğu üçün sağlamlğa AĞİR zərərvurma xəsarətlərinin əlamətlərinə aiddirlər. X5 ölümünə səbəb- Başın küt travması, alın, təpə və gicgah sümüklərinin sınması nəticəsində beyin qişaları altına və mədəciklərinə qansızma olmuşdur. X5 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 1,40 etil spirti aşkar edilmişdir ki, bu da müvafiq sərxoşluğun təyini cədvəlinə uyğun olaraq orta dərəcəli sərxoşluğa aiddir. (Əsas xx.xx.2022-ci il tarixli 2730/K saylı məhkəmə kimyəvi müayinə Aktı). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası ilə bağlı tərtib olunmuş 08 sentyabr 2022-ci il tarixli 8/2369 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, -2. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən VAZ 2106 markalı, 33BB545 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X11” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X11» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində «X11» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır». İş materiallarında AC N 448113 nömrəli “Nəqiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”-nin surətindən görünür ki, “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtombil Təqsirləndirilən şəxs mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Baş X14 İdarəsinin 02 senytabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Kürdəmir rayon Ərəbqubalı kənd inzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli arayışdan, xasiyyətnamədən, doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindlən görünür ki, Təqsirləndirilən şəxs kürdəmir rayonu, Çöl-Qubalı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, qızından və 2016-cı il təvəllüdlü nəvəsindlən ibarətdir, yaşadığı müddət ərzində nizam intizamlı aparmış, kəndin xeyr-şər işlərində həmişə yaxından iştirak etmiş, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli “maddi subut kimi tanınma haqqında” qərardan görünür ki, “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtombil avtombil maddi sübut kimi tanınmış və Kürdəmir RPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılır. İş materiallarında olan 08 avqust 2022-ci il tarixli Kürdəmir Mərkəzi rayon xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın polklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X4 notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmin şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini, əməlini səmimi etiraf etməsini, peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, özünün yaşlı olmasını, həmçinin hadisə zamanı da özünü qapalı kəllə beyin travması, çoxsaylı sümük sınıqları olmaqla az ağır dərəcəli xəsarətlər alması Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Kürdəmir rayon polis şöbəsinin X14 Bölməsinin cərimə meydançasında saxlanılan “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtombil mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub - Kürdəmir rayon polis şöbəsinin X14 Bölməsinin cərimə meydançasında saxlanılan “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtombil mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar