Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-622/2024 02.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi X3, müdafiəçilər-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və X2 iştirakları ilə xx xxxxx 1988-ci ildə İran İslam Respublikası Parsabad rayonunda doğulmuş, İran İslam Respublikası vətəndaşı, evli, təhsilsiz, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Parsabad rayonunda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxx 1968-ci ildə İran İslam Respublikası Parsabad rayonunda doğulmuş, İran İslam Respublikası vətəndaşı, evli, təhsilsiz, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Parsabad rayonunun Oltan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə etməklə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətləri istintaqa Arif Fərəci və Behzad adlı İran İslam Respublikası vətəndaşları kimi məlum olan şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyətə uyğun olaraq, külli miqdarda narkotik vasitə olan, ümumi təmiz çəkisi 7945 qram qurudulmuş marixuananı və xeyli miqdarda narkotik vasitə olan, ümumi təmiz çəkiləri 0,04 qram təşkil edən iki ədəd metadon həbini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etmiş və saxlamış, 24 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Hamoşam kəndində yerləşən 8-ci sərhəd zastavasının 3-cü sahəsindən qəsdən, qanunsuz olaraq İİR-dən Azərbaycan Respublikası istiqamətinə keçərək, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə həmin 7945 qram qurudulmuş marixuananı və iki ədəd metadon həbini daşıyaraq İİR-dən Azərbaycan Respublikasına qanunsuz olaraq keçirmiş, həmin 7945 qram qurudulmuş marixuananı qeyd edilən ərazidə yerləşən, yaşayış üçün əlverişsiz vəziyyətdə olan yarımtikilinin içərisində gizlətmiş, qidalanmaq və dincəlmək üçün Astara rayonunun Hamoşam kəndinin ərazisinə getmiş, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin əməliyyat qrupu tərəfindən keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində Astara rayonunun Hamoşam kəndinin ərazisində saxlanılmış, 26 dekabr 2023-cü il tarixdə, saat 01 radələrində Astara rayonunun ərazisində yerləşən hərbi hissənin inzibati binasında Təqsirləndirilən şəxs1 paltarlarına şəxsi axtarış keçirilən zaman şalvarının sağ yan cibindən xeyli miqdarda narkotik vasitə olan, ümumi təmiz çəkiləri 0,04 qram təşkil edən iki ədəd metadon həbi aşkar edilərək götürülmüş, 26 dekabr 2023-cü il tarixdə, saat 07 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdikləri yerdən, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Hamoşam kəndində yerləşən 8-ci sərhəd zastavasının 3-cü sahəsinin ərazisində yerləşən, yaşayış üçün əlverişsiz vəziyyətdə olan yarımtikilinin içərisindən külli miqdarda narkotik vasitə olan 7945 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlarda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etnik olaraq azərbaycanlıdır, ana dili azərbaycan dilidir. Hadisə ittiham aktında yazıldığı kimi olmuşdur, lakin torbanın içində narkotik vasitə olduğunu bilməmiş, Arif adlı şəxs ona torbada dərman olduğunu, Gürcüstana aparılacağını bildirmişdir. Sərhədi qırıq məftilin altından keçmişlər, sərhədi keçdikdən sonra meşədə Qulamrza ilə birlikdə itmişlər, meşədə itdikdən sonra bir kişi onlara kömək etmiş, su, çay vermiş, 2-3 saatdan sonra onlar saxlanılmışlar, torbada narkotik vasitələr olduğunu saxlanıldıqdan sonra bilmişdir. Sərhədi Təqsirləndirilən şəxs1 ilə birlikdə keçmişdir, başqa adam olmamışdır. Sərhədi keçəndə keçdikləri yerin Azərbaycan tərəf olduğunu bilmiş, lakin, Astara tərəf olubolmadığını dəqiq bilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, dövlət sərhədini qanunsuz keçərək torbanı Azərbaycan Respublikası ərazisinə keçirmək müqabilində Arif adlı şəxs onlara 10.000 manat verəcəkmiş, Arif həmin dərmanların onkoloji xəstəliyin müalicəsində istifadə edilən bahalı dərmanlar olduğunu bildirdiyindən, pulun onlara çox təklif edilməsi onda şübhə oyatmamışdır, sərhədi pozduğunu dərk etmişdir, lakin, sərhədi pozaraq dərman keçirməyin qaçaqmalçılıq cinayəti olduğunu bilməmişdir, Arif torbanı bir nəfər şəxsin gəlib götürəcəyini bildirmişdir, içkili olduğu üçün Arifin təklifi ilə razılaşmışdır, sərxoş olmasaydı heç vaxt belə əməl törətməzdi, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, torbanın içində narkotik vasitə olduğunu bilmədən onu Azərbaycan Respublikası ərazisinə keçirdiyi üçün əməlindən peşmandır. Sonda Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, himayəsində dörd, altı və on üç yaşlarında 3 azyaşlı övladı olmasının nəzərə alınaraq, ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlarda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etnik olaraq azərbaycanlıdır, ana dili azərbaycan dilidir. Onları Azərbaycan Respublikasının dövlət sərhədinə qədər maşınla gətirmişlər, onlara keçirəcəkləri torbada dərman olduğu deyilmişdir. Sərhədi keçdikdən sonra meşədə itmişlər, meşədə olanda torbanın içinə baxmışlar, torbanı açdıqdan sonra içində marixuana olduğunu bilmişlər. Gecəni meşədə qalıb, səhəri günü kəndə getmişlər. Kənd camaatı onlara kömək etdikdən sonra polis əməkdaşlarına xəbər vermişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, torbanın içində narkotik vasitə olduğunu meşədə torbanı açıb baxandan sonra bilmişdir, onları aldadıb bu əməli törətdirmişlər, belə ki, onlar içkili olmuşdur, sərxoş olmasaydı belə bir təkliflə heç vaxt razılaşmazdı. Narkotik vasitə, psixotrop maddə istifadə etmir, üzərində aşkar edilərək götürülmüş 2 ədəd metadon həbini ürək və şəkər xəstəsi olduğu üçün həkim tərəfindən yazılmış və hər ay həmin dərmandan 20 həb içir, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, onlara qarşı ibtidai istintaqda heç bir təzyiq və ya təsir olmamışdır. Sonda Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu bildirərək, ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. AR CPM-in 126.6-cı maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin ƏAŞ-nin baş əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 2-ci sərhəd komendantlığının əməliyyat-axtarış işləri üzrə müavini, baş leytenant Şahid2 ilə birlikdə 2-ci sərhəd komendantlığının xidməti ərazisində xidməti fəaliyyətlə məşğul olmuş, bu zaman Astara rayonunun Hamoşam kəndi ərazisində iki nəfər zahiri görkəmində və hərəkətləri ilə Azərbaycan Respublikası vətəndaşına oxşamayan şəxslərin olması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal baş leytenant Şahid2la birlikdə məlumatı yoxlamaq məqsədi ilə həmin istiqamətə yollanmışdır. Həmin şəxsləri kənd ərazisində saxlamışlar, ilkin araşdırma aparılması məqsədi ilə onları Lənkəran rayonunda yerləşən N nömrəli hərbi hissəyə dəvət etmiş, aparılmış ilkin araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin şəxslər 25 dekabr 2023cü il tarixdə N nömrəli hərbi hissənin Astara rayonu ərazisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədini pozaraq narkotik vasitələrini İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişlər və dağlıq ərazidə dağılmış tikilidə narkotik vasitələri gizlətmişdirlər. Ertəsi gün, xx.xx.2023-cü il tarixdə sərhəd pozucuları ilə birlikdə, narkotik vasitələrini gizlətdikləri əraziyə yollanmışlar və 8-ci sərhəd zastvasının 3-cü sahəsinin arxa istiqamətində yarıtikilidə bir ədəd ağ rəngli torba aşkar edilmiş, sərhəd pozucularının və hal şahidlərin iştirakları ilə həmin bağlamaya baxış keçirilərkən içərisində narkotik vasitələr aşkar edilmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsləri Şahid2la birlikdə eyni zamanda saxlamışlar, onların gizli keçdiyi nəzarət zolağında izlər olmuş, təqsirləndirilən şəxslər özləri də göstərmişlər, təqsirləndirilən şəxs saxlanılarkən dərmanın təsiri altında idi, özü də etiraf etdi ki, həkim yazıb, hər ay metadon həbi qəbul edir, təqsirləndirilən şəxslər saxlanılarkən heç bir müqavimət göstərmədilər, əməllərini etiraf etdilər, ibidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid AR DSX-nın Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığının əməliyyat-axtarış işləri üzrə müavini, baş leytenant Şahid2 da mayor Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər saxlanılan zaman üzərlərindən narkotik vasitə aşkarlanmadı, sonradan narkotik vasitəni gətirdikləri və gizlətdikləri məlum olmuşdur, baxış zamanı 9 kq-a yaxın qurudulmuş marixuana aşkar olunmuşdur, özləri də etiraf etmişdir, hətta Təqsirləndirilən şəxs1 ağlamışdır, onları ucqar kənddə olan evdə yaxalamışlar, narkotik vasitələr isə yarımtikilidə olmuşdur, ibidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid4 ifadəsində göstərmişdir ki, o, Astara rayonu, Hamoşam kəndində işıq ustası işləyir, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının inzibati binasına dəvət edilmiş və Şahid3la birlikdə təqsirləndirilən şəxslərin üzərinə və daşıdıqları torbaya baxış keçirilməsində iştirak etmiş, Təqsirləndirilən şəxs1 üzərindən dərman aşkar olunmuş, torbadan isə sonradan narkotik vasitə olduğunu bildiyi otlar aşkar olunmuşdur, onun həmin maddələrdən anlayışı yoxdur. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, şəxsi axtarış da, torbaya baxış da onun iştiakı ilə keçirilmişdir, Təqsirləndirilən şəxs1 üstündən çıxan dərmanla bağlı özü bildirmişdir ki, xəstədir, həkim həmin dərmanı ona yazıb, mütəmadi istifadə edir. Məhkəmə tərkibi CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - 26 dekabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 3-cü sahəsinin arxa istiqaməti, dövlət sərhəd xəttindən 4100 metr, 123/3 nömrəli sərhəd nişanından 4050 metr, MTC-dən 4000 metr aralı olan insan yaşayışı olmayan yarımtikilidir. Ərazi dağlıq relyefə malikdir, həmin bağlama hal şahidlərinin iştirakı ilə birlikdə yarımtikilidən götürülmüşdür. (İ cild, i.v. 42-47) - 26 dekabr 2023-cü il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində aşkar edilərək götürülmüş həblərə baxış zamanı həmin həblərin üzərində F/M 20 yazısı olduğu, həmçinin Təqsirləndirilən şəxs1 qeyd olunan həblərin ürək və şəkər xəstəsi olduğu üçün, İran İslam Respublikasında adını xatırlamadığı həkim tərəfindən yazıldığını, hər ay həmin dərmandan ona iyirmi ədəd verilərək gündə bir ədəd olmaqla istifadə etdiyini və həmin həblərin psixotrop həb olan “Metadon” olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gizlətdikləri yarımtikilidə aşkar olunaraq götürülmüş bağlamaya onların iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı bağlama elektron tərəzidə çəkilərək ümumi çəkisi 8.850 kq olduğu müəyyən edilmiş, bağlamanın içərisinə baxış zamanı içərisindən 11 ədəd ağ polietilen torbaya bükülmüş yapışqan lentlə sarılmış üzərinə “A8” yazısı yazılmış marixuanaya bənzər narkotik vasitə olması müəyyən olunmuşdur. (İ cild, i.v: 38-41,48-53) - 26 dekabr 2023-cü il tarixli dövlət sərhədinin pozulduğu yerə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Astara rayonu, Hamoşam kəndi ərazisində yerləşən 8-ci sərhəd zastavasının 3-cü sahəsini göstərərək bildirmişlər ki, həmin ərazi dövlət sərhədini pozduqları ərazidir, hadisə yeri olan 3-cü sahədə aparılmış baxış zamanı kolluq ərazidə aşkar olunan əzilmələr, həmçinin, əyilmələr onlar tərəfindən ərazidən keçərkən edilmişdir. (İ cild, i.v. 54-63) - Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 28 dekabr 2023-cü il tarixli, 3-16-16/2-7/1752 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 11 ədəd sellofan bağlamalarda ümumi təmiz çəkisi 7945.9 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və 28 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6579 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kiçik ölçülü şəffaf poletilen iki ədəd açıq-qəhvəyi rəngli “F/M 20” göstəricili dərman həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxildir. (İ cild, i.v. 76-82) - 10 yanvar 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış 7943.9 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı və qalıq 1 ədəd metadon həbi DSX-nin İstintaq və təhqiqat idarəsinin saxlanc yerində saxlanılır. (İ cild, i.v: 228-229) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 11 mart 2024-cü il tarixli, 1628 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. (İİ cild i.v 45-46) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 30 mart 2024-cü il tarixli, 2012 nömrəli rəyindən görünür ki, müayinə zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. (İİ cild i.v 47-48) - Tələbnamələrdən görünür ki, İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur.(İ cild, 213-214) - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-axtarış baş idarəsindən alınmış sorğunun cavabından görünür ki, İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət sərhədindən qanuni hərəkətləri barədə məlumat qeydə alınmamışdır. (cild, i.v 231 ) - Astara Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli müvafiq qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 3 gün müddətində inzibati qaydada tutulmuş, tutmanın əvvəli 26 dekabr 2023-cü il tarix, saat 00:30-dan hesab edilmişdir. (İ cild, i.v. 69, 71) - “şübhəli şəxsin tutulması haqqında” 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v 84, 114) - Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında 29 dekabr 2023-cü il tarixli müvafiq qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ARCM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, onlara həmin maddələrlə ittiham elan edilmişdir. (İ cild, i.v. 142, 159) - İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 4(009)-879/2023 və 4(009)-880/2023 nömrəli müvafiq qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablanmışdır. (İ cild i.v 189, 198) - AR Səhiyyə Nazirliyi Respublika X1 Hüquqi Şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adı göstərilən xəstəxanada müalicə olunmayıblar. ( İ cild, i.v. 248) - AR Səhiyyə Nazirliyi Respublika X4 Hüquqi Şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adı göstərilən mərkəzdə qeydiyyatda yoxdurlar. ( İ cild, i.v. 249) Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5 qram, külli miqdarının (qramla) isə aşağı həddi 500 qramdır. Həmin Siyahıya əsasən “metadon”un xeyli miqdarı 0,02 qram müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-ci il tarixli Qərarın 19-cu bəndində izah verilir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 26 dekabr 2023-cü il tarixdə saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənar, yəni N nömrəli hərbi hissənin Astara rayonunun Hamoşam kəndində yerləşən 8-ci sərhəd zastavasının 3-cü sahəsindən qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçərək, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə olan, ümumi təmiz çəkisi 7945 qram qurudulmuş marixuananı və xeyli miqdarda narkotik vasitə olan, ümumi təmiz çəkiləri 0,04 qram təşkil edən iki ədəd metadon həbini daşıyaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirmişlər. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması özlərinin etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları və ona əlavə edilmiş fotoşəkillər, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə mübahisəsiz qaydada tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin əməli CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmədə təqsirləndirilən şəxs və onun müdafiəçisi Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı övladı olduğunu bildirsələr də, məhkəməyə bu barədə heç bir rəsmi sənəd təqdim etməmişlər. Məhkəmə hər iki təqsirləndirilən şəxsin faktiki tutulduqları vaxtdan məhkəmə prosesinin sonunadək əməllərini səmimi etiraf edib peşman olmalarını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməli təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, təqsirləndirilən şəxslərə daha sərt (ağır) cəzanın təyin edilməsi onları daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxslərin islah olunması məqsədinə xidmət edə bilməz. Odur ki, məhkəmə tərkibi işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, təyin ediləcək azadlıqdan məhrumetmə cəzası elə həddə seçilməlidir ki, ailəsi təqsirləndirilən şəxsin varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunsun, bununla belə, ARCM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə xidmət etsin. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlıqlarının faktiki məhdudlaşdırıldığı 25 dekabr 2023-cü il tarixdən hesablanmalı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il traixli, 4(009)-879/2024 və 4(009)-880/2024 nömrəli müvafiq qərarları ilə barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və onların Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmədiyindən barələrində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 7943.9 qram qurudulmuş marixuana və 1 ədəd metadon həbi məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-159 (yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 318.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 dekabr 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 318.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 dekabr 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınaraq - DSX-nin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 7943.9 qram qurudulmuş marixuana və 1 ədəd metadon həbi məhv edilsin. İş üzrə 159 (yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-622/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-622/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver