Məhkəmə qərarları › İş №1(099)-627/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-627/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-627/2023 31.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1969-cu il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Bala-Həşimxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə -CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda satış məqsədilə külli miqdarda ümumi təmiz çəkisi 10,967 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 30 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sabirabad rayonu Bala-Həşimxanlı kənd ərazisində saxlanılıb rayon polis şöbəsinə aparılmış, üzərində şəxsi axtarış keçirilən zaman əynmində olan göy rəngli gödəkcənin sağ yan cibindən 02 ədəd sellofan kəsiyi bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 4,024 qram, 6,943 qram ümumi təmiz çəkisi-10,967 qram olan külli miqdarda eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Bala-Həşimxanlı kəndində evində xəstə anası ilə birlikdə yaşayır. Həmin günü polis əməkdaşları tərəfindən kəndin ərazisində tutulub Sabirabad RPŞ-yə aparılmışdır. Polislərə müqavimət göstərməmişdir. Rəis müavini Anar müəllimin otağında olmuş, Anar müəllim ona «uzun müddət qonağımız olacaqsan» demişdir. Bunun səbəbini soruşmuş, orada olan digər polis əməkdaşları ona «danışma, nə deyir de ki, hə» bildirmişlər. Anar müəllim onda narkotiklə məşğul olub-olmamasını soruşmuş, cavabında narkotiklə məşğul olmadığını demişdir. Anar müəllim ona «axı, narkotik ilə məşğul olursan, cibindən narkotiki çıxart». Əməliyyatçı Şahid1 cibindən iki büküm çıxarıb ona göstərmiş, sonra Taleh Anar müəllimdən iczazə alıb onu başqa bir otağa aparmışdır. Ona təzyiq və hədə-qorxu olmuşdur ki, həmin bükümləri boynuna götürsün. Anası ağır xəstə olduğu üçün polislərə yalvarmışdır ki, nə desələr razılaşacaqdır, ancaq anası ilə telefonda danışsın. Sonra da videoçəkiliş zamanı polis əməkdaşlarının qabaqcadan ona dedikləri kimi, iki büküm kütləni gödəkçəsinin cibindən çıxarıb təqdim etmiş, həmin bükümləri kəndin ərazisindən tapdığını və kənddə gəzərkən polislər tərəfindən saxlanıldığını bildirsin. Polislərin dedikləri kimi etmiş və istintaq vaxtı etirafedici ifadə vermişdir. Saxlanılarkən üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Özü Namaz qılır, dini kitablar oxuyur. Baxış zamanı evində çoxlu sayda dini kitablar aşkar edilmişdir. Evində aşkar olunmuş «İmam Xamenei»nin ailə həyatına aid olan və bir neçə dini ədəbiyyat X6 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan çap və idxal edilmişdir. Polis şöbəsində döyülməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi xx.xx.2023-cü il tarixli etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilərək üzərində aşkar olunun iki bükümdə ümumi çəkisi 10,967 qram olan psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, həmin bükümü yaşadığı kənddə piyada gedərkən tapdığını, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini və onların satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən ona təzyiq və zor tətbiq olunmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə istintaqıda şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin günü yaşadığı Bala-Həşimxanlı kəndində saxlanılmış və rayon polis şöbəsinə aparılmışdır. Şöbədə vəkilin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən 02 ədəd büküm çıxarıb masanın üzərinə qoymuş və həmin bükümlərdə psixotrop maddə metamfetamin, yəni el arasında «patı» kimi adlanan maddə olmasını bildirmişdir. Müşviq bildirmişdir ki, metamfetamini yaşadığı kənddə yerdən tapmışdır. Bundan sonra onun yaşadığı evə baxış keçirilmiş, evdən çoxsaylı dini kitablar aşkar edilmişdir. Müşviqə qarşı heç kim tərəfindən təzyiq olmamış, onun üzərinə heç kim tərəfindən psixotrop maddə qoyulmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid4 və Şahid5 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 18/110 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərində....” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 4,024 qram, 6,943 qram, ümumi çəkisi 10,967 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01 fevral 2023-cü il tarixli, 546 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olmuşdur. Lakin halhazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan «Şəxsi axtarış aparılması haqqında» 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Cəfərov X1 rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan gödəkcəsinin sağ yan cibindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 10,967 qram, ekspertiza tədqiqatından sonrakı qalığı 10,867 qram psixotrop maddə metamfetamin 01 fevral 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. İş materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ümumi təmiz çəkisi 10,967 qram psixotrop maddə metamfetaminin mənbəyini yəni psixotrop maddəni haradan və kimdən əldə etməsini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirilsə də müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bununla yanaşı əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Cəfərov X1 Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti sınaq müddəti ilə əvəz olunmuşdur. Hazırda məhkumluğu ödənildiyindən o, məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək saxlanılan zaman üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmadığını, metamfetaminin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində təzyiqlərə məruz qaldığı üçün məcbur olub qeyd olunan çəkidə metamfetaminin özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq başlandığı ilk gündən istintaq başa çatanadək izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, üzərinə metamfetaminin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı heç yerə şikayət etməmiş, ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan iki büküm metamfetamini çıxarıb təqdim edərək özünə məxsus olduğunu səmimi etiraf edir, həmin maddənin polis əməkdaşları tərəfindən cibinə qoyulması və ya hədə-qorxuya və ya təzyiqlərə məruz qalması ilə bağlı hər hansı bir fikir irəli sürmür. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007). Həmçinin, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən metamfetaminin qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olunması və üzərinə psixotrop maddənin qoyulmasına dair gətirdiyi dəlil əsassız hesab edilməlidir. Bununla da, Təqsirləndirilən şəxs üzərində iki bükümdə külli miqdarda metamfetaminin aşkar edilməsi, təqsirləndirilən şəxsin həqiqətən də psixotrop maddəni qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan metamfetamin psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq iki bükümdə külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalı, təyin olunmuş cəza çəkilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. 30 yanvar 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 31 yanvar 2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Sabirabad Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu Bavlahəşimxanlı kəndində anası X2 ilə birlikdə yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Sabirabad RPŞ-də saxlanılan qalıq çəkisi 10,867 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparılmasına dair 1 ədəd CD disk isə cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 499 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 10,867 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 499 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar