Məhkəmə qərarları › İş №1(099)-63/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-63/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-63/2023 24.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Lənkəran rayonu Havzava kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Lənkəran rayonu Havzava kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının əvvəllərində Hirkan Milli Parkının 12 saylı meşə dolayının Lənkəran rayonu Havzava kəndi ərazisində yerləşən meşə zolağına aid torpaq sahəsində, böyürtkən kolları ilə əhatə olunmuş hissəni alaq otlarından təmizləyib əkin üçün hazır vəziyyətə gətirdikdən sonra əldə etdiyi əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkib-becərərək, onlardan bitən külli miqdar təşkil edən 61 (altmış bir) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini suvarıb gübrələyərək aqrotexniki qaydada qulluq edib yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş, 12 iyul 2022-ci il tarixdə saat 13 radələrində Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qeyd olunan torpaq sahəsinə baxış keçirilərkən külli miqdar təşkil edən həmin 61 (altmış bir) ədəd çətənə (kannabis) bitkiləri həmin böyürtkən kolları ilə əhatə olunmuş torpaq sahəsində köküstə, yaş vəziyyətdə aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Lənkəran rayon polis şöbəsinin əməkdaşı Şahid1 ona xx.xx.2022-ci il tarixdə zəng vuraraq onunla söhbət etmiş, söhbət əsnasında ona həyat yoldaşının da yaşadığı Havzava kəndindən olduğunu, tez-tez ora gəlib getdiyini, onunla görüşmək istəməsini demiş, o da hazırda şəhərdə olduğunu bildirmişdir. Sabahısı gün yəni xx.xx.2022-ci il tarixdə Nəvai yenidən zəng vuraraq polis şöbəsinə gəlməsini onunla işinin olmasını demişdir. O polis şöbəsinə gəldikdən sonra Nəvai şöbənin həyətində ona “meşədə bağ görmüşəm, həmin bağı mənə göstər” sözlərini demiş, o da bağın ona məxsus olmamasını demişdir. xx.xx.2022-c il tarixdə yenidən Nəvai ilə görüşmüş, həmin gün onu polis şöbəsində saxlayaraq ona təzyiqlər edərək sənədlərə imza etdirmişlər. Polis əməkdaşları onu saxladıqdan sonra xx.xx.2022-ci il tarixdə çətənə kolları əkilən əraziyə baxış keçirilmişdir. Polislər tərəfindən ona təziqlər olduğundan, sənədlərə imza etmiş, əslində isə heç bir çətənə kolları əkməmişdir. İstintaq zamanı verdiyi ifadələri həqiqəti əks etdirmədiyindən həmin ifadələri təsdiq etmir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman polislərdən qorxduğu üçün çətənə kollarının özünün əkdiyini rayon məhkəməsində ifadə verərkən demişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan çəkmə yolu ilə istifadə edir. Atası dünyasını dəyişdikdən sonra onun evdə əkmək üçün saxladığı çətənə bitkisinin toxumlarının olduğunu bilirmiş, lakin həmin toxumları əkməyə ehtiyyat etdiyindən onları uzun müddət idi ki, evdə özündə saxlamışdır. 2022-ci ilin iyun ayının əvvəllərində sözügedən çətənə toxumlarını əkmək qərarına gəlmiş, kəndinin yaxınlığında yerləşən Hirkan Milli Parkına aid olan meşə zolağında böyürtkən kollarının arasında yer seçmiş və həmin çətənə toxumlarını orada əkmək qərarına gəlmişdir. Toxumlarını əkmək üçün yeri şumlamış və toxumları həmin şumladığı yerə səpmişdir. Bundan sonra o, həmin toxumları əkdiyi yerə atla bulaqdan su daşımış və toxumların yaxşı inkişaf etməsi üçün onları əkdiyi yeri gübrələmişdir. Toxumları əkdiyi gündən etibarən 2-3 gündən bir həmin yerə gedib və əkdiyi marixuana toxumlarına həmin yerdə saxladığı kauçuk su qablarında atla gətirdiyi suyu verib, onlara qulluq edirmiş. 2022-ci ilin iyul ayının əvəllərində artıq marixuana kolları böyümüş və sayı da 61 ədəd olmuşdur. Bu müddət ərzində o, həmin çətənə kollarının bir neçəsinin yarpaqlarını qırıb istifadə etmişdir. 12 iyul 2022-ci il tarixdə, saat 13 radələrində o, Lənkəran rayonu Havzava kəndində yerləşən meşə zolağında olduğu zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmişlər. Baxış zamanı meşə zolağında qanunsuz olaraq əkdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmiş və polis əməkdaşları aqronomun iştirakı ilə meşə zolağına baxış keçirmişlər. Polis işçiləri 61 ədəd çətənə kollarını çıxardıb yerə qoymuş, sonra həmin bitkilər qablaşdırılaraq götürülmüş və protokol tərtib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsi obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun gəlir, cinayət işində olan digər sübutlarla da təsdiq edilir və məhkəmə həmin ifadəni sübut növü kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 12 iyul 2022-ci il tarixdə icraatına Lənkəran rayonu Havzava kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq yaşadığı kəndə yaxın olan meşə massivində böyürtkən kollarının içərisində narkotik tərkibli çətənə kollarını əkib-becərməsi barədə əməliyyat məlumatları daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 12 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı kənddə yolla piyada hərəkət etdiyini görmüş və ona yaxınlaşaraq özünü təqdim etmiş, narkotik tərkibli bitkilərin əkilib-becərilməsində şübhələr olduğundan onun iştirakı ilə Lənkəran rayonu Havzava kəndində yerləşən meşə massivində baxış keçirilməsini bildirmişlər. Bundan sonra həmin gün saat 13:10 dəqiqədə Təqsirləndirilən şəxsla birlikdə Lənkəran rayonu Havzava kəndində yerləşən Hirkan Milli Parkının 12 saylı dolayına baxış keçirilmiş, belə ki, Təqsirləndirilən şəxs həmin meşə massivində əkdiyi çətənə kollarının olduğu yeri təqdim edərək göstərmiş və həmin çətənə kollarını 2022-ci ilin iyun ayında əkdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bildirdiyi yerə polis əməkdaşları mütəxəssis aqronomun iştirakı ilə baxış keçirməyə başlamışlar. Həmin yerdə 61 ədəd nakotik xassəli çətənə kollarına bənzər kollar aşkar edilmişdir. Həmin kolların hündürlüklərinin 80 sm-dən 200 sm-dək olması aşkar olunmuş və aşkar olunmuş çətənə kolları dibdən çəkilib çıxarılmaqla qablaşdırılmışdır. Aqronom baxış keçirdikdən sonra bitkilərin təxminən 2022-ci ilin iyun ayında yerə əkilməklə onlara mütəmadi aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, həmin bitkilərin dibi yumşaldılmış və suvarılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, çətənə bitkilərini öz istifadəsi üçün tək əkmişdir. Bundan sonra protokol tərtib edilmişdir. Şahid1 əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində çətənə bitkilərinin əkməsi barədə məlumat daxil olduqda o, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək, onun olduğu yeri müəyyən etməkdən ötrü bir neçə dəfə ona zəng edərək əməliyyat söhbətləri aparmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər Rayon Polis Şöbəsinin əməkdaşıları X6, Şahid3, Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 13 iyul 2022-ci il tarixli, 19/782 nömrəli rəyində qeyd olunmuşdur ki, -Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs Lənkəran rayonu Havzava kənd meşə ərazisində əkmiş olduğu və becərdiyi çətənəyə bənzər bitki....” sözlər və imzalar olan bir ədəd kisədəki, ümumi sayı 61 ədəd olmaqla, yaş vəziyyətdə ümumi təmiz çəkisi: -6375,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Qeyd: Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli, 775 nömrəli “ambulator məcburinarkoloji tibbi yoxlama” rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli, 658 nömrəli “məhkəmə tibbi ekspertizasının” rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Lənkəran şəhər Psixatriya Xəstəxanasının 15 iyul 2022-ci il tarixli 539 arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan 12 iyul 2022-ci il tarixli “Baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərkibində narkotik vasitə olan bitkiləri Lənkəran rayonu Havzava kəndində yerləşən meşə zolağında böyürtkən kollarının arasında əkmişdir. Torpaq sahəsində bir-birindən 10-15 santimetr aralıda 61 ədəd tərkibində narkotik maddə olan çətənəyə bənzər kollar aşkar edilmişdir. İş materiallarında olan 12 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aşkar edilmiş çətənəyə bənzər bitkilərin əkildiyi torpaq sahəsinə baxış zamanı oradan 61 ədəd 0,80-2 metr hündürlükdə çətə kolları aşkar edilmişdir. Həmin çətənəyə bənzər bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı qərarı ilə ekspertiza tədqiqatından sonrakı qalıq 61 (altmış bir) ədəd, 6374,6 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 3 ədəd su bidonu, 01 ədəd sintetik kisədə gübrə, Təqsirləndirilən şəxs narkotik təbiətli bitkiləri kultivasiya etdiyi yerə baxış keçirilməsi və üzərinə axtarış keçirilməsini videogörüntülərinin yazıldığı 2 ədəd DVD disk maddi sübut kimi tanınmış, 2 ədəd DVD disk iş materiallarına əlavə olunmuş, 61 (altmış bir) ədəd, 6374,6 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri saxlanılması üçün Lənkəran şəhər rayon polis şöbəsinin saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli qərarı ilə Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid1 “təxirə salınmadan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 12 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 12 iyul 2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 12 iyul 2022-ci il tarixdən hesablanmaqla "xxxx" qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azercell Telecom MMC tərəfindən məhkəməyə daxil olan 14 fevral 2023-cü il tarixli, 3355 nömrəli məktuba əlavə edilmiş diskdən görünür ki, Lənkəran ŞRPŞnin əməliyyat müvəkkili Şahid1 məxsus +**********08 əlaqə nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus +**********15 əlaqə nömrəsi arasında 09 iyul 2022-ci il tarixdən 12 iyul 2022-ci il tarixinə kimi bir neçə dəfə danışıqlar aparmışlar. Həmçinin diskə baxış zamanı anten məlumatlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixdə Lənkəran rayonu, Havzava - İstisu qəsəbəsi ərazisində və Nərimanabad qəsəbəsində, 10 iyul 2022-ci il tarixdə Lənkəran rayonu, Vilvan kəndində, Havzava - İstisu qəsəbəsi ərazisində, , 11 iyul 2022-ci il tarixdə Lənkəran rayonu, Havzava - İstisu qəsəbəsi ərazisində və Nərimanabad qəsəbəsində, Şirin Su kəndində, Masallı rayonu, Təzəkənd kəndində olmuşdur. Buradan aydın olur ki, təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixində deyil, 12 iyul 2022-ci il tarixində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikası Prezideninin 558 saylı əfv fərmanı ilə cəzadan azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Lənkəran rayon Havzava kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Fərəcov X4 rayonu, Havzava kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi bacısından və bacısı oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 237.2.3-cü maddəsrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi çətənə bitkiləri “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Lənkəran şəhər rayon polis şöbəsində saxlanılan 61 (altmış bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs narkotik təbiətli bitkiləri kultivasiya etdiyi yerə baxış keçirilməsi və üzərinə axtarış keçirilməsi videogörüntülərinin yazıldığı 2 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 12 iyul 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Lənkəran şəhər rayon polis şöbəsində saxlanılan 61 (altmış bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. - Təqsirləndirilən şəxs narkotik təbiətli bitkiləri kultivasiya etdiyi yerə baxış keçirilməsi və üzərinə axtarış keçirilməsi videogörüntülərinin yazıldığı 2 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar