Məhkəmə qərarları › İş №1(099)-63/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-63/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-63/2024 12.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X9 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Astara Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki övlad atası, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və şəraitdə, naməlum mənbədən külli miqdarda 22,223 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 29 mart 2023-cü il tarixdə, saat 19:20-də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Astara şəhəri, H.Əliyev prospektində saxlanılaraq Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərinə aparılan şəxsi axtarış zamanı 01 ədəd yaşıl rəngli sellofan bükümdə, təmiz çəkisi 22,223 qram olan narkotik vasitə heroin əynində olan qara rəngli gödəkcənin sağ içəri cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə ad günü olmaqla evdə olmuşdur. Polislər həmin gün saat 18 radələrində gəlib onu evdə tutmuşlar. Onun narkotik vasitələrlə əlaqəsi yoxdur. Polislər ona polis şöbəsində sorğu-sual edilib buraxılacağını demişlər. Həmin vaxt ailə üzvləri və yaxınları evdə olmuş, özü oruc olmuşdur. Tanımadığı polis əməkdaşları onu maşına mindirib şöbəyə aparmışlar. Polis şöbəsində üzərində narkotik vasitə aşkar edilməsini qəbul etməli olduğu, yoxsa ailə üzvlərinin şöbəyə gətiriləcəyi və onlara gözünün qarşısında işgəncə veriləcəyi deyilmişdir. O da ailəsinə xələl gəlməsin deyə buna razılaşmışdır. Polislər onun cibinə narkotik vasitə qoymuş, sonra videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Polislər ona iki sillə vurmuş, sonra isə ailəsi ilə şantaj etmişlər. Üzərinə videoçəkilişlə baxış keçirilmiş, əvvəl narkotik vasitə cibinə qoyulmuş, sonra çəkiliş aparılmışdır. Həmin vaxt şokda olmaqla qorxmuş, müdafiəçiyə də bu barədə deməyə qorxmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən ondan soruşulmadığına görə polislərin qanunsuz hərəkətləri barədə məhkəməyə bir söz deməmişdir. Barəsində olan cinayət işinin istintaqı başa çatdığından və iş Astara RPŞ-dən çıxdığına görə fikirləşmişdir ki, məhkəmə baxışında həqiqəti desə artıq polislər məhkəmədən qorxub ailəsinə bir şey edə bilməzlər. Ona görə də məhkəmədə hər şeyi olduğu kimi danışır, amma yenə də buna tam arxayın deyildir. Onu Lənkəran rayon narkoloji dispanserinə aparıb analiz üçün damarından qan götürmüşlər, həkimə narkotik vasitə və spirtli içki qəbul etdiyini deməmişdir. O kiçik sahibkarlıqla məşğul olmuş, təxminən 8 kv.metrlik dükanı olmaqla orada ərzaq və xırdavat satmış, polis əməkdaşları ilə ədavəti olmamış, 2010-2022-ci il ərzində Astarada məsciddə icma sədri olmuş, sonra həmin işdən çıxmışdır. Heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamış və narkotik vasitə istifadə etməmiş, siqaret və spirtli içki də qəbul etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı məhkəmənin müəyyən etdiyi halları etiraf etməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Astara RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə ona Astara şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq istifadə etməsi, üzərində saxlaması, daşıması, həmçinin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək saat 19 radələrində əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 olmuşlar. 29 mart 2023-cü il tarixdə, saat 19-19:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı əraziyə gedərək onu Astara şəhəri H.Əliyev prospektində, yol kənarı ilə piyada hərəkət edərkən görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələndirildiyini və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək onu Astara RPŞ-nə gətirmişlər. Orada xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bundan sonra o, əynində olan qara rəngli gödəkcənin sağ içəri cibindən 01 ədəd yaşıl sellofan bükümü çıxarıb masanın üzərində qoymuş və bükümün içində narkotik vasitə olduğunu bildirmişdir. Onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir digər əşya aşkar edilməmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs zor tətbiq olunmamış, ona təzyiq göstərilməmiş, ailəsi ilə təhdid olunmamışdır. Şəxsi axtarış zamanı, şifahi sorğu aparılarkən Təqsirləndirilən şəxs təqdim etdiyi yaşıl rəngli sellofan bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütlənin özünə məxsus olduğunu, onu öz istifadəsi üçün 28 mart 2023-cü il tarixdə Astara şəhərində yerləşən bazardan tanımadığı şəxsdən 90 manata aldığını bildirmişdir. Sonda şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Astara RPŞ-nin CAB-də əməliyyat müvəkkili işlədiyi müddətdə Təqsirləndirilən şəxs konkret olaraq kiməsə narkotik vasitə satması barədə ona hər hansı bir məlumat daxil olmamışdır və belə bir halı müəyyən etməmişdir. Astara RPŞ-nin CABdə əməliyyat müvəkkili vəzifəsində işlədiyi müddətdə Təqsirləndirilən şəxs konkret olaraq kiməsə narkotik vasitə satması barədə ona hər hansı bir məlumat daxil olmamışdır və belə bir halı müəyyən etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Astara RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 Astara şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq istifadə etməsi, üzərində saxlaması, daşıması, həmçinin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək saat 19 radələrində əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə onunla birlikdə polis əməkdaşları Şahid1 və Şahid3 daxil olmuşlar. 29 mart 2023-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı əraziyə gedərək onu Astara şəhəri H.Əliyev prospektində, bazar tərəfdən gələrək üzü şəhərə tərəf piyada hərəkət edərkən görüb yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələndirildiyini və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək onu Astara RPŞ-nə gətirmişlər. Orada xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ içəri cibindən 01 ədəd yaşıl sellofan bükümü çıxarıb masanın üzərində qoymuş və bükümün içində narkotik vasitə olduğunu bildirmişdir. Onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir digər əşya aşkar edilməmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs zor tətbiq olunmamış, ona təzyiq göstərilməmiş, ailəsi ilə təhdid olunmamışdır. Şəxsi axtarış zamanı, şifahi sorğu aparılarkən Təqsirləndirilən şəxs təqdim etdiyi yaşıl rəngli sellofan bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Astara RPŞ-nin CAB-də əməliyyat müvəkkili işlədiyi təxminən iki il müddətdə Təqsirləndirilən şəxs konkret olaraq kiməsə narkotik vasitə satması barədə ona hər hansı bir məlumat daxil olmamışdır və belə bir halı müəyyən etməmişdir. Onun üzərindən tərəzi aşkar olunmamışdır. Təqsirləndirilən şəxs evini tanımır və onun evində axtarış aparılmasında iştirak etməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs ad günü olduğuna görə onlara getmiş, saat təxminən 17:10 radələrində Ayaz evdə olduğu vaxt iki nəfər mülki geyimdə olan şəxs onun evinə gəlib Ayaza ev paltarını dəyişib onlarla polis şöbəsinə getməsini, sorğu sual olunduqdan sonra geri qayıdacağını bildirmişlər. Ayaz da onlarla polis şöbəsinə getmişdir. Həmin vaxt Ayazın oğlu da atası ilə polis şöbəsinə getmişdir. Oğlu Ayaz siqaret belə çəkən olmamış, dindar olmaqla namaz qılmış, evdən aparılan vaxtı da oruc olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə atası Ayazın ad günü olmuş, həmin gün saat təxminən 17:00 radələrində atası evdə olduğu vaxt iki nəfər mülki geyimdə olan şəxs onların evinə gəlib atasına onlarla polis şöbəsinə getməsini bildirmişlər. Atası Ayaz da ev geyimini dəyişib onlarla polis şöbəsinə getmişdir. Sonra o da dayısı ilə birlikdə polis şöbəsinə getmiş, atası polis şöbəsinə aparıldıqdan sonra buraxılmamışdır. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 və X5 ifadələrində Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə, saat 17 radələrində evdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmasına dair göstərdikləri xüsusatlara tənqidi yanaşaraq, hesab edir ki, onların bu cür ifadələr verməsi təqsirləndirilən şəxsi müdafiə xarakteri daşıyır və digər şahidlərin ifadələri, həmçinin işin faktiki halları ilə kifayət qədər təkzib olunur. Məhkəmə istintaqı zamanı videoçəkiliş tətbiq edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs baxış zamanı əynində olan gödəkçənin sağ içəri cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyduğu, həmin bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütlənin özünə məxsus olduğunu, istifadəsi üçün 28 mart 2023-cü il tarixdə Astara şəhərində yerləşən təzə bazardan tanımadığı şəxsdən 90 manata aldığını, narkotik vasitə olan heroindən istifadə etdiyini və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bldirməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şöbəyə gətirilərək şübhəli şəxs qismində tutulmuş, saat 20:15-dən saat 20:31-dək üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ içəri cibindən 01 ədəd yaşıl sellofan bükümü çıxarıb, masanın üzərində qoymuş, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdən başqa üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı şifahi sorğu aparılan vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi yaşıl rəngli sellofan bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütlənin özünə məxsus olduğunu, istifadəsi üçün 28 mart 2023-cü il tarixdə Astara şəhərində yerləşən təzə bazardan tanımadığı şəxsdən 90 manata aldığını, narkotik vasitə olan heroindən istifadə etdiyini və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd yaşıl rəngli sellofan bükümə baxış keçirilən zaman bükümün içərisində toz formasında, spesifik qoxuya malik, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilmiş, büküm sapla bağlandığından bükümün tamlığını pozmamaq məqsədi ilə büküm açılmamış, çəkisinin müəyyən edilməsi üçün həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 23,01 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin büküm götürülərək 01 ədəd zərfdə qablaşdırılmış, həmin zərf ekspertizaya təqdim edilməsindən ötrü Azərbaycan Respublikası DİN-in 84 saylı möhürü ilə möhürlənmiş, zərf möhürləndikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2 və şəxsi axtarışda iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Astara RPŞ-yə gətirilərkən ona qarşı hər hansı qeyri-qanuni, zorakılıq hərəkətlərinin edilmədiyini, hər hansı xəstəliyinin olmadığını və azərbaycan dilini tam olaraq başa düşdüyünü bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertiza”nın 30 mart 2023-cü il tarixli, 19/371 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 22,223 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər X2 məcburi narkoloji tibbi yoxlamanın 01 aprel 2023-cü il tarixli, 370 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulunda yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə, saat 20:00-da tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Astara RİHB-nın Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət xarakterli materiallar daxil olmamışdır. Cinayət işinin materillarında olan Astara RİHB-nın Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 578 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı, 1997 və 1998-ci il təvəllüdlü iki övladından ibarətdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq və təsir göstərilməklə cibinə narkotik vasitə qoyulması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq məsuliyyətdən yayınmağa hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Bundan əlavə məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və şəraitdə, naməlum mənbədən külli miqdarda 22,223 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Cinayət işi materiallarında olan “şübhəli şəxs qismində tutma haqqında” 29 mart 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, bundan 1 (bir) gün sonra ibtidai istintaq orqanı onun üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarla yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 22,223 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə cinayət işi başlamış, sonradan isə həmin maddə ilə ona ittiham elan etmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 370 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 22,223 qram, yəni külli miqdarının aşağı həddindən 20,223 qram çox olması, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitə satışı məqsədinin olmadığını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, - Verilmiş əməliyyat tapşırığına cavab olaraq Astara rayon polis şöbəsinin məktubunda hər hansı bir faktın göstərilmədən və konkret olaraq hansısa bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmaqla mütəmadi olaraq istifadəsi və satışı ilə məşğul məşğul olmasının müəyyən edildiyinin, narkotik vasitə olan heroini nə vaxt, harada, kimdən əldə etməsini, kimlərə satmasını müəyyən etmək mümkün olmamasının göstərilməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin narkotik vasitədən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi şahid ifadələri, ekspertiza rəyləri, həmçinin işin digər obyektiv halları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrəşikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halların olmadığını, cəzasını yüngülləşdirən halı, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Astara RPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan ümumi təmiz çəkisi 22,173 qram narkotik vasitə olan heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişlər olan 01 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Astara RPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan ümumi təmiz çəkisi 22,173 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişlər olan 01 ədəd DVD disk isə iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar