Məhkəmə qərarları › İş №1(099)-63/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-63/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-63/2025 27.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Katib katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 1994-cü ildə Kürdəmir rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş (günəmuzd fəhlə işləmiş), əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə ibtidai istintaqa, habelə məhkəməyə məlum olmayan mənbədən və tarixdə külli miqdarda, ümumi təmiz çəkisi 5030,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 24 fevral 2024-cü il tarixdə, saat 23:40 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Qazax-Bakı magistral yolunun Kürdəmir rayonunun Ərşəli kəndi ərazisindən keçən hissəsində, adsız və fəaliyyətsiz kafenin arxasında saxlanılaraq əlindəki bağlamaya keçirilən baxış zamanı üç ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2160,0 qram, 1065,0 qram, 1805,0 qram, ümumi çəkisi 5030,0 qram orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Tik-tok” sosial şəbəkəsində özünü iranlı kimi təqdim edən Əli adlı şəxs ona mesajlar yazaraq, özündə “kakos”, “patı” və “nəşə” olduğunu, lazım olarsa onunla əlaqə saxlaya biləcəyini bildirmişdir. Əvvəlcə həmin şəxsin təklifi ilə razılaşmamış, bir müddətdən sonra psixoloji xəstə olduğundan iranlıdan nəşə istəmiş və 400 (dörd yüz) manata 40 qram “nəşə” almağa razılaşmışlar. Əli kimi tanıdığı İran vətəndaşı ona, narkotikin “WhatsApp” konumu vasitəsilə Bakı-Kürdəmir-Gürcüstan avotomobil yolunun Ərşəli kəndi ərazisindən keçən hissəsində, “Yusoil” yanacaq doldurma məntəqəsinin yanında üzü Bakı şəhərinə doğru “Xan Bağı” restoranına çatmamış işləməyən restoranın həyətinə qoyulduğunu bildirmişdir. Həmin yerə gələndə narkotik olan torbanın həcminin böyük olduğunu görüb götürmək istəməmiş, lakin həmin vaxt polis əməkdaşları onu yaxalamış, iranlı ilə faktiki yazışmasını silib, əvəzində iranlıya “götürdüm” məzmunda mesaj yazmışlar. “Nəşə” götürmək üçün gedəndə mobil telefonu üzərində deyil, avtomobildə olmuşdur. Avtomobildə həmkəndlisi Şahid1 və əmisi oğlu Şahid2 olmaqla üç nəfər olmuşlar və onunla birlikdə sonuncular da saxlanılmışlar. Saxlanılandan sonra polis əməkdaşlarına mobil telefonunu Məhəmmədlə Samirin ikisindən biri vermişdir. Saxlanılarkən polis əməkdaşları ona bağlamanı götürməsini bildirmişlər. Aqil, Anar adlı polis əməkdaşlarına həm bu, həm də, mobil telefonundan faktiki yazışmalarının silinməsi ilə əlaqədar etirazını bildirmiş, ona istintaq zərurəti ilə əlaqədar mesajların silinməli olduğu bildirilmişdir. Başından zədə aldığı üçün təcili tibbi yardım göstərilməsini, psixoloji disponserdə yatdığını, narkotik vasitə istifadəçisi kimi özünü təqsirli bildiyini etiraf edərək, beş kiloqram çəkidə narkotik vasitə ilə yüklənib cəza çəkməli olmasının səbəbini sorğulamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum edilməmişdir, subaydır, qardaşı 2012-ci ildə Ağdamda hərbi xidmətdə olarkən sağlamlığını itirmiş və buna görə də, birdəfəlik kompensassiya almışdır. Ona ilkin olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verildiyi üçün özünü təqsirli bilmişdir. Hadisənin əslini vəkilinə bildirmiş, lakin onu eşidən olmamışdır. İranlı ilə birinci dəfə idi ki, yazışırdı. Hadisə yerinə çatanda gecə saat 11:00 radələri idi. Yaşadığı ünvandan oraya kimi təxminən qırx dəqiqəlik yol var. İranlının ona təklif etdiyi “nəşə”nin qiyməti başqa mənbədən aldığı qiymətdən ucuz olduğu üçün o qədər məsafəni qət etmişdir. Narkotiki götürmək üçün avtomobildən düşəndə mobil telefonunu maşına “zaryatka” yığması üçün qoymuşdur. Mobil telefonu avtomobildə olduğu üçün alışqanın işığı ilə narkotik vasitəni axtarmışdır. Bu vaxt polislər narkotik olan yerin yanındakı obyektin içərisindən çıxaraq onu tutmuşlar. Narkotik vasitənin ödənişini kart vasitəsi ilə sonradan iranlıya göndərəcəkdi. İranlı ona narkotik vasitəni başqa yerə çatdırmaqla bağlı təklif etməmişdir. 40 qram “nəşə” ona iki ay çatacaqdı. İki-üç il olar ki, narkotik vasitə istifadə edir və narkotiki arabir qəbul etmişdir. İstifadə etdiyi narkotik vasitəni adətən kibrit qutusunda beş qram olmaqla 50-60 (əlli-altmış) manata almışdır. Əvvəllər çox miqdarda narkotik vasitə ala bilməmiş, qiyməti uyğun olduğu üçün ilk dəfə 40 qram almaq qərarına gəlmişdir. Bakı şəhərində yaşamış, Kürdəmirə gələndən sonra burada narkotik vasitə ilə bağlı əlaqələri olmamışdır. Polis əməkdaşları tərəfində ona torbadakı narkotik vasitənin çəkisinin 5 kilo 30 qram olması bildirilmiş, həmin vaxt həyəcanlı olduğu üçün onların dediyi məzmunda danışmış, həmin vaxt ona təsir və ya təzyiq göstərilməmişdir. Kolluğun içərisində qara torbanının balaca hissəsini görmüşdür. Olduğu yerdən torbanın balaca bir hissəsi görünmüşdür. Konumdakı şəkillə aşkar olunan kütlə eyni deyildir. Böyük torba kolluğun dibindən çıxmışdır. Şahid1la Şahid2 onun nə dalınca getdiyindən xəbərləri olmamışdır. Samirin narkotik vasitə istifadə etməsi barədə məlumatı yoxdur. Samir həmin gün onunla bir yerdə olmuş və Samirə gedəsi yeri olduğunu deyib, onu özü ilə aparmışdır. Narkotik vasitəni gizlin istifadə etmişdir. Həmin vaxt İranlı ilə 40 qram narkotikə razılaşdığından, götürəcəyi narkotikin balaca bükümdə olacağını düşünüb, bükümü cibinə qoyacağını və bunu kiminsə görə bilməyəcəyini zənn etmişdir. Kafeyə getmək bəhanəsi ilə maşındakı şəxslərdən uzaqlaşmışdır. Avtomobildən düşəndən sonra maşın geriyə dönmək üçün öz hərəkətini davam etdirmişdir. Maşından düşdüyü yerlə konum atılan yer arasında 100-150 metr məsafə olmuşdur. Konum atılan yerə iki-üç metr qalmış tutulmuşdur. Altı-yeddi nəfər polis əməkdaşı əvvəlcədən hadisə yerində olub onu müşahidə etmişlər. Tutulan vaxt haray-həşir salmaq mənasız olmuşdur, çünki Məhəmmədlə Samir ondan uzaqda idilər, həm də yolda olan maşınların səsi onların onu eşitmələrinə imkan verməzdi. Təzyiq altında videoçəkilişdə etirafedici ifadə vermişdir. Polislər onu tutandan sonra binanın içərisinə aparıb mobil telefonu üzərində olmadığı üçün onunla söhbət aparmışlar. Onu cinayət-axtarış bölməsinin rəisi Zamin adlı şəxs döymüşdür. Baş verən qanunsuzluqlar barədə şikayətlər yazmışdır. Şahidlərdən Şahid4 onun Zamin tərəfindən döyülməsini görmüşdür, Şahid6 tutulduğu vaxt orada olmamışdır. Saxlanılarkən ayıq vəziyyətdə olmuş, narkotikin təsiri altında olmamışdır. Kiməsə narkotik vasitə pay verməmişdir. Məhkəməyə əlavə şahid qismində dəvət olunmuş Kürdəmir Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin rəisi Şahid7 tanımadığını, Zaminin onu döyən şəxsə oxşadığını bildirsə də, həmin şəxs olmadığını, Zamini tutulduğu günün səhəri otağına aparılarkən gördüyünü bildirmişdir. Ona fiziki, psixi təzyiq və təsir edən Zamin adlı şəxs ucaboy və keçəl biri olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədəki son sözündə kiməsə narkotik alıb vermədiyini, kuryerlik etmədiyini, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi açılandan dörd ay sonra əməlinin heç bir səbəb olmadan həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunduğunu, özünü yanız narkotik vasitələrin istifadəsində təqsirli bilməsini və bu hissədə, habelə 40 qram narkotik dalınca getməyə görə peşmançılıq çəkməsini, qardaşının Ağdamda sağlamlığını itirməsini, anasının xəstə olmasını və onlara baxan yeganə şəxs olduğunu, həyatı boyu polislik hər hansı bir işi olmaması, belə bir hadisənin ilk dəfə başına gəlməsini bildirərək, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidlərin ifadələri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsi Post Patrul Xidməti Bölüyü İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri, polis serjantı Şahid4 ifadəsində bildirmişdir ki, 24 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması və daşıması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması üçün polis şöbəsinin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 23:40 radələrində Bakı-Qazax-Gürcüstan avtomagistral yolunun Kürdəmir rayonu, Ərşəli kəndi ərazisindən keçən hissəsində adsız və fəaliyyətsiz kafenin arxasında əlindəki bağlama ilə saxlayıb özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmiş və əməliyyat istintaq qrupunu hadisə yerinə dəvət etmişlər. Müstəntiq gəldikdən sonra Təqsirləndirilən şəxs saxlanıldığı yerdə əlindəki bağlamaya videoçəkilişlə baxış keçirilmişdir. Videoçəkiliş zamanı müstəntiq Təqsirləndirilən şəxs əlindəki qara rəngli polietilen torbanı götürüb yerə qoymuş, sonra həmin torba açılmış və içərisindən üzəri yapışqanlı lentlə bağlanmış üç ədəd qara rəngli bağlama aşkar edilmişdir. Həmin bağlamaların üzəri qayçı ilə kəsilmiş və hər birinin içərisində yaşıl rəngli, kəskin qoxulu qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində aşkar edilmiş bir ədəd polietilen bağlama içərisində olan üç ədəd polietilen bağlama ilə birlikdə qablaşdırılaraq, üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmiş, yazılaraq iştirakçılar tərəfindən imzalanmış və bağlamanın ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələri İran vətəndaşı ilə “İnstagram” sosial şəbəkəsində və “WhatsApp” proqramı vasitəsi ilə danışıb əldə etmiş, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. İran vətəndaşı ilə danışıb ondan 30-40 qram narkotik vasitə qurudulmuş marixuana almağı fikirləşmişdir. Narkotik vasitənin qoyulduğu yerə Məhəmməd və Samir adlı tanışları ilə birgə gəlmişdir. Samirlə Məhəmmədin onun narkotik vasitə götürməsindən xəbəri olmamış, onunla əlbir olmamışlar. İran vətəndaşı ona narkotik vasitənin qoyulduğu yerin şəklini atdığına görə həmin yerə gedib narkotik vasitəni götürmüşdür. İranlı ilə danışarkən narkotik vasitəni nisyə alacağı barədə razılaşmış, narkotiki əldə etdikdən sonra satıb pulunu verəcəkmiş, lakin niyyəti İranlını aldadıb narkotik vasitəni əvəzsiz ələ keçirmək və pulunu verməmək olmuşdur. Baxış keçirilməsi ilə bağlı heç bir etirazı olmamışdır. Bundan sonra baxış sonlandırılmış və onlar polis şöbəsinə getmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmiş, ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhələr olduğu bildirilərək, videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edilərək, təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə keçirilən şəxsi axtarış zamanı bir ədəd “Redmi9” markalı smartfon telefon, bir ədəd portmanatın içərisindən şəxsiyyət vəsiqəsi və iki ədəd “birbank” kaşbekə aid plastik kart aşkar edilmişdir. Mobil telefona baxış keçirilən zaman, Təqsirləndirilən şəxs bildirmişdir ki, telefonun üzərində 055 ***-**-** və 051 ***-**-** saylı nömrələr vardır, 34-34 isə telefonun kodudur. İran vətəndaşı ilə “İnstagram” sosial şəbəsində yazışmışdır. Mobil telefonda olan “instagram” sosial şəbəkəsinə girib baxılarkən “gara bazar, patı_kola_baku_iscileri” adlı şəxslə narkotik vasitələrin alqı-satqısı ilə bağlı yazışmalarının olduğu məlum olmuş və həmin şəxsə 055 ***-**-** saylı nömrəsini yazmışdır. Bundan sonra telefonda olan “WhatsApp” ani mesajlama proqramına baxılarkən +98-***-***-**-** saylı İran nömrəsi ilə mesajlaşma müəyyən edilmişdir. Həmin nömrə ilə mesajlara baxılarkən müəyyən olunmuşdur ki, xarici nömrənin sahibi ona ---“Yus oil kecendən sonrA, Yolun sağ tərəfi bakı istiqametinde” sözlərini yazmış, o da həmin şəxsə 15 saniyəlik səsini yazaraq “bildim hə, bildim mənim qaqaşım, narahat olma, çıxdım mən burdan gedim çatım, qayıdım, ola bildi mən sənə yazmadım, biraz gec yazdım, götürüm oradan təmiz aralanım ondan sonra səninlə özüm əlaqə saxlayacam ki, yəni götürdüm” sözləri işlətmişdir. Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunan plastik kartlar ailə üzvlərinə məxsusdur, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmiş, İran vətəndaşı ilə danışıb ondan 30-40 qram narkotik vasitə qurudulmuş marixuana almağı fikirləşmişdir, gözlərinin qızarması isə onda olan nevroz xəstəliyinə görədir, əsəbləşən kimi gözləri qızarır. Təqsirləndirilən şəxs əlindəki bağlamaya keçirilən baxış, eləcə də üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən kiminsə tərəfindən ona fiziki təzyiq göstərilməsinin şahidi olmamış, Maxsudun kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Şahid4 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır, onunla ədavət və ya düşmənçiliyi yoxdur. Əməliyyat qrupunun tərkibinə o, şöbənin Narkotiklərlə Mübarizə Qrupunun rəhbəri Fərhad müəllim, əməliyyat müvəkkili Şahid3, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid6, İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Şahid5 daxil edilmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı yarımtikili kafe ilə asfalt yol arasında məsafə maksimum 20-25 metrdir. Əməliyyat tədbirinə iki avtomobillə getmişlər. Avtomobillərdən biri Fərhad müəllimin idarə etdiyi qara rəngli “Prado” markalı, digəri isə içərisində dörd nəfərin olduğu Aqil müəllimin maşını olmuşdur. Məxfi olduğu üçün hara getdikləri əvvəlcədən onlara bildirilməmişdir. Maşının işığını Təqsirləndirilən şəxs üzərinə salmışlar. Təqsirləndirilən şəxs qaçmaq istəyəndə Şahid5 qaçaraq onu tutmuş və bu zaman Maxsud əlindəki qara torbanı yerə atmışdır. Fərhad müəllimgil Təqsirləndirilən şəxs suallar vermişlər. Sonra şöbənin növbətçi hissəsinə zəng vurulmuş, əməliyyat-istintaq qrupu, cinayət axtarış bölməsinin əməliyyat aparatı, Zaur müəllim, müstəntiq hadisə yerinə gəlmişlər. Post Patrul Xidmətinin əməkdaşlarına hadisə yerinin mühafizəsi ilə əlaqədar göstərişlər verilmiş və ərazi mühafizəyə alınmışdır. Təqsirləndirilən şəxs həmin vaxt ona ünvanlanmış suallara cavab olaraq, özü ilə gələn maşındakılara yolun əks tərəfində bir saatlıq işi olduğunu, işini bitirdikdən sonra gəlib onu götürmələrini deməsini bildirmişdir. Təqsirləndirilən şəxs şöbəyə post patrul xidmətinin maşını ilə getmiş və həmin maşında özü də olmuşdur. Yol boyu Təqsirləndirilən şəxs suallar verməmişdir, çünki buna səlahiyyəti yox idi. Saxlanılandan otuz-qırx dəqiqə sonra digər şəxslər olduqları yerə gəlmişlər və müstəntiq onlara hadisəni bildirmişdir. Şahid7 Cinayət-Axtarış Bölməsinin rəisidir və o, sonradan hadisə yerinə gəlmişdir. Zamin müəllimin Təqsirləndirilən şəxs döyməsini görməmişdir. Tədbirə beş nəfər getmişlər. Hadisə yerinə əlavə əməkdaşların cəlb edilməsi xidməti zərurətlə əlaqədar idi, çünki torbada silah, insan meyiti və s. ola bilərdi. Həmin vaxt Təqsirləndirilən şəxs psixi problemli olması görünsə də, gözlə görünən hər-hansı xəsarəti olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid Kürdəmir Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis mayoru Şahid3 Şahid4 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Kürdəmir rayon sakini kimi tanımışdır, onunla ədavət və ya düşmənçiliyi yoxdur. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatında şəxsin gələcəyi və narkotik vasitəni götürəcəyi bildirilmiş, lakin gələnin kimliyi göstərilməmişdir. Əməliyyat tədbiri vaxtı yol boyu maşınla hərəkətdə olmuşlar. Təqsirləndirilən şəxs əməliyyat məlumatı daxil olandan nə qədər vaxt sonra saxlanılmasını xatırlamır. Əməliyyat tədbirində beş-altı nəfər iştirak etmişlər. Avtomaşınla Təqsirləndirilən şəxs məsafəsi 100-150 metr idi. Onu təxminən iki saat müşahidədən sonra saxlamışlar. Təqsirləndirilən şəxs əməliyyat tədbiri zamanı qaçmaq istəmiş, hardasa beş-altı metr məsafə qaçdıqdan sonra saxlanılmışdır. Təqsirləndirilən şəxs torbanı götürüb qaçmasına səbəb onları görməsi olmamışdır. Yarımçıq tikili ilə 25-30 metr məsafədə Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılıb müvafiq sənədləşdirmə prosesi başa çatdıqdan sonra tərəfindən yarımçıq tikiliyə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs əlində qara torba ilə hərəkətdə olarkən qəfildən görüb, məlumatda qeyd olunan şəxs ehtimalı ilə onu saxlamışlar. Təqsirləndirilən şəxs hadisə yerinə gəldiyi avtomobilə tərəf qaçmaq istəyəndə onu tutmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan bağlamanı atmaq istəmiş, lakin atıb-atmaması yadında deyildir. Təqsirləndirilən şəxs çatan anda qrupun digər üzvləri artıq onu tutmuşlar. Təqsirləndirilən şəxs ilkin olaraq Şahid5, Şahid4, sonra isə özü yaxınlaşmış, digərləri sonradan gəlmişlər. Təqsirləndirilən şəxs hadisə yerinə gəldiyi avtomobil də orada olmuş, sürücü və yanındakı şəxs qaçmamışlar. Tərəfindən Təqsirləndirilən şəxs qarşı hər-hansı təzyiq, təsir olmamışdır. Tutulandan sonra Təqsirləndirilən şəxs hər-hansı etirazını görməmişdir. Təqsirləndirilən şəxs dərhal saxlanılmışdır, çünki əksinin mənfi nəticələri ola bilərdi. Tədbir keçirilən ərazidə ətrafda tikililər olmuşdur. Təqsirləndirilən şəxs maşını saxlayarkən onları görmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən videoçəkiliş zamanı nə deməsi tam dəqiqliklə yadında qalmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə kimin maşınında getməsini xatırlamır, səhv etmirsə, cinayət-axtarış bölməsinin rəisinin maşınında gətirilmişdir. Özü maşında tək olmuş, avtomobili idarə etmiş, maşınlar da tez-tez dəyişilmişdir. Adətən əməliyyat məlumatı şəxs tutulanda konkret olaraq real olur. Videoçəkilişdə iştirak etmiş və bununla da onun tədbiri bitmişdir, sonrakı prosesləri xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 Şahid4 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onları gördükdən sonra neçə metr qaçması barədə heç bir fikiri yoxdur. Təqsirləndirilən şəxs onları görəndə təxminən 15-20 metr məsafədə, həm də təlaşlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasında o da iştirak etmiş, oradakı avtomobildə olmuş, Şahid5 çevik hərəkət edərək onlardan öncə maşından düşüb Maxsuda yaxınlaşmışdır. Məhkəmə iclasında dindirilmiş şahid Kürdəmir Rayon Polis Şöbəsi İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri, polis serjantı Şahid5 Şahid4 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən yarım saat müşahidə etmişlər. Təqsirləndirilən şəxs Şahid6lə birlikdə saxlamışlar. Maxsud tutulan zaman Şahid2 və Şahid1 orada olmamışlar. Səslərdən hadisə yerində əlində alışqan işığı olan Təqsirləndirilən şəxs hərəkətini hiss etmişlər. Şahid2la Şahid1 və sonuncunun avtomobilini polis şöbəsinə kimin apardığını xatırlamır, Maxsud Nəsirov isə şöbəyə xidməti maşında aparılmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Kürdəmir rayonu Yenikənd kənd sakinləri Şahid2 və Təqsirləndirilən şəxs onun həmkəndliləridir, aralarında ədavət və ya düşmənçilikləri olmamışdır. 24 fevral 2024-cü il tarixdə evdə yemək yeyən zaman tanışı Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsilə ona yazaraq, onu Kürdəmir şəhərinə aparmasını xahiş etmiş, etiraz etməmiş və idarə etdiyi avtomobillə kənd ərazisindəki çayxananın qarşısına gedərək Maxsudla Şahid2 oradan götürmüşdür. Avtomobilə mindikdən sonra Maxsud bir nəfərlə söhbəti düşdüyü üçün dediyi ünvana getməli olduğunu bildirmiş, birlikdə yola çıxmışlar. Maxsudun göstərməsinə əsasən Ərşəli kəndi ərazisindəki “Xan Bağı” restoranının yanına getmişlər. Maxsud orada avtomobildən düşmüş, Samir isə onunla birlikdə avtomobildə qalmış və döngədən dönüb “Yusoil” yanacaq doldurma məntəqəsinin yanına gəlmişlər. Bir müddət sonra Maxsudun gəlmədiyini görüb, döyülməsini zənn edərək tez avtomobildən düşüb həmin ünvana gedəndə bir neçə polis əməkdaşının orada olduğunu görmüşlər. Sonradan onlara məlum olmuşdur ki, Maxsud əlində torbada narkotik vasitə aparan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Maxsudun nə narkotik vasitə istifadə etməsi, nə də kiməsə satması barədə məlumatı olmuşdur. Şahid1 məhkəmə iclasında cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs normal biri kimi tanımışdır, eyni ildə məktəbi bitirmişlər. Maxsud avtomobildən düşəndə Şahid2la ona gözləməyi demiş, beş-on dəqiqə gözlədikdən sonra narahat olmuş, nəsə hadisə baş verməsindən şübhələnmişlər. Maxsuda yaxınlaşmaq istəyəndə, polis əməkdaşları onlara yaxınlaşmışlar. Maxsudu əlləri qandallı vəziyyətdə dindirilərkən görmüş, qandalın ona hansı vəziyyətdə taxılması barədə heç bir fikri olmamışdır. Maxsudu əlində torba ilə görməmişdir. Maşını saxlayıb yolun o biri üzünə keçəndə polis əməkdaşlarını görmüşlər. Həmin vaxt kiminsə əlində bağlama görməmişdir. Polis şöbəsinə müstəntiqin göstərişi əsasında izahat vermək üçün Samirlə birlikdə post patrul maşınının arxasında getmişlər. Polis şöbəsində Maxsudu görməmişdir. Maxsudun “zaryatkası” olmayan mobil telefonunu polislərə təqdim etməmiş, həmin telefonun maşınında olub-olmamasını xatırlamamışdır. Bildirmişdir ki, hadisə günü çox qarışıq vəziyyət yarandığından detalları dəqiqliyi ilə xatırlaya bilmir. Hadisə yerinə Maxsuda kömək etmək üçün onunla birlikdə getməmiş, bu məzmunda ifadə verməmişdir. Maxsudu gözləyərkən vaxt yarandığı üçün avtomobillə dönməli olacağı yolu dönmək qərarına gəlmişdir. Maxsudu görəndə o artıq tutulmuşdur. Maxsudu oraya sadəcə taksi kimi aparmışdır. Polisdə şübhəli şəxs qismində tutulmamışdır. Hadisə vaxtı Maxsudun sifəti qızarmış vəziyyətdə olmuş, bunun səbəbini bilməmiş, onun döyülməsini görməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qohumu, yəni əmisinin oğludur. Maxsudla dediyi yerə çatanda, Maxsud onlara maşında qalmalarını bildirmişdir, çünki söhbət edəcəyi şəxs tək gələcəkmiş, yəni onlarla getməsi düzgün çıxmazdı. Maxsudun mobil telefonunun “zaryatkası” olmamış və həmin telefon maşında olmuşdur. Hadisə yerinə qaça-qaça getmişlər. Maxsudu bölmədə görmüş, lakin ondan hadisə barədə soruşmağa şərait olmamışdır. Hadisə yerindəki polislər mülki geyimdə olmuşlar, sonradan polis formasında olan şəxslər gəlmişlər. Maxsudun arasında ədavəti olan şəxslə söhbətə getməsini bilmişdir. Onlar gələndə polislər Maxsudu saxlayıb maşına əyləşdirmişlər. Maxsudun hansı avtomobilə əyləşdirilməsi barədə heç bir fikri yoxdur. Maxsudun mobil telefonunu polislərə o təqdim etməmiş, avtomobil, mobil telefon polislərin özləri tərəfindən götürülmüşdür. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Kürdəmir Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin rəisi, polis mayoru Şahid7 cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon sakini kimi tanımış, onunla hər-hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Kürdəmir Rayon Polis Şöbəsində ondan başqa Zamin adında şəxs yoxdur. Hadisə günü zəng əsasında oraya getmiş, Təqsirləndirilən şəxs avtomobildə görmüş, lakin sonuncu onu görməmişdir və həmin vaxt müvafiq sənədləşdirmə işləri artıq başa çatmışdır. Müstəntiq hadisə yerində olmuşdur. Tərəfindən Təqsirləndirilən şəxs qarşı hər-hansı təzyiq və ya təsir olmamışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs görməmiş, onunla arasında dialoq olmamışdır. Həmin gün hadisə yerində Təqsirləndirilən şəxs təsvir etdiyi, yəni uca boy, keçəl şəxs olmamışdır. Ümumiyyətlə orada bölmənin əməkdaşlarından savayı başqa şəxslər yox idi. Adətən bütün tədbirlər zamanı ona məlumat verilir. Tədbir onların bölməsinə aid olmadığı üçün baş vermiş hadisə haqqında ətraflı maraqlanmamışdır. Məhkəmə heyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Kürdəmir Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələr saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Kürdəmir Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2024-cü il tarixli qərarı, eyni tarixli əmri və məktubundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 04-07). Kürdəmir Rayon Polis Şöbəsi xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Kürdəmir rayonu, Ərşəli kəndi ərazisində, Bakı- Qazax yolunun kənarında fəaliyyət göstərməyən kafenin həyətində saxlanılmışdır (iş vərəqi 08). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bakı-Kürdəmir-Gürcüstan avtomagistral yolunun Kürdəmir rayonu, Ərşəli kəndi ərazisindən keçən hissəsində, üzü Bakı şəhəri istiqamətində sağ tərəfdə yerləşən adsız və fəaliyyətdə olmayan kafenin həyətində narkotik vasitəni götürdüyü yerdə saxlanılmış, əlindəki qara rəngli polietilen torba götürülüb yerə qoyulmuş, açılmış və içərisindən üzəri yapışqanlı lentlə lentlənmiş üç ədəd qara rəngli bağlama aşkar edilmiş, həmin bağalamaların üzəri qayçı ilə kəsilmiş və hər birinin içərisində yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Protokola əlavə olunmuş “baxış keçirilməsi və götürmə haqqında” istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 10-12). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı, protokolu və məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna bu barədə məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 14-15; 27-28; 30). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı bir ədəd smartfon markalı mobil telefon, bir ədəd portmanatın içərisindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, iki ədəd “Birbank” kaşbekə aid **********291059 və **********602232 nömrəli plastik kart aşkar edilmişdir. Mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, telefonun üzərində 055 ***-**-** və 051 ***-**-** saylı mobil nömrələr var, mobil telefonun kodu 34-34-dür, İran vətəndaşı ilə “İnstagram” sosial şəbəkəsində yazışmışdır. Mobil telefonda olan “İnstagram” sosial şəbəkəsinə baxılarkən “gara bazar, patı_kola_baku_iscileri” adlı şəxslə narkotik vasitələrin alqı-satqısı ilə bağlı yazışmaların olduğu və həmin şəxsə 055 ***-**-** saylı nömrəsini yazmışdır. Bundan sonra telefonda olan “WhatsApp” ani mesajlama proqramına girib baxılarkən +98-***-***-**-** saylı xarici nömrə ilə mesajlaşması müəyyən edilmişdir. Həmin nömrə ilə mesajlara baxılarkən xarici nömrənin sahibi Təqsirləndirilən şəxs ---“Yus oil kecendən sonrA, Yolun sağ tərəfi bakı istiqametinde” sözlərini yazması, Təqsirləndirilən şəxs isə həmin şəxsə 15 saniyəlik səs göndərərək, səsdə “bildim hə, bildim mənim qaqaşım, narahat olma, çıxdım mən burdan gedim çatım, qayıdım, ola bildi mən sənə yazmadım, biraz gec yazdım, götürüm oradan təmiz aralanım ondan sonra səninlə özüm əlaqə saxlayacam ki yəni götürdüm” sözlərini işlətdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 15 saniyəlik səs yazısı onun səsidir və ona məxsusdur. Xarici nömrənin sahibi Təqsirləndirilən şəxs “yaxşı” mesajını yazmış, daha sonra isə iki dəfə zəng etmiş, daha sonra “noldu, goturdun” mesajını yazmış, Təqsirləndirilən şəxs isə “götürdüm sagol” mesajını yazmışdır. Həmin şəxs Təqsirləndirilən şəxs “şeklin at, bqxm, tez şekilin at, elinde, at, ay brat” sözlərini yazmış, daha sonra isə iki dəfə zəng etmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkarlanan plastik kartlar ailə üzvlərinə məxsusdur. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. İran vətəndaşı ilə danışıb ondan 30-40 qram narkotik vasitə qurudulmuş marixuana almağı fikirləşmişdir. Narkotik vasitənin qoyulduğu yerə həmkəndlisi Şahid1 və əmisi oğlu Şahid2la birgə getmişdir. Samirlə Məhəmmədin onun narkotik vasitə götürməsindən heç bir xəbərləri olmamış və onunla əlbir olmamışlar. İran vətəndaşı ona narkotik vasitənin qoyulduğu yerin şəkilini atdığına görə həmin yerə gedib narkotik vasitəni götürmüşdür. İran vətəndaşı ilə danışarkən narkotik vasitəni nisyə alacağı barədə razılaşaraq, narkotiki əldə etdikdən sonra satıb pulu qaytaracağını bildirmiş, lakin niyyəti İranlını aldadıb narkotiki əvəzsiz ələ keçirmək və pulunu verməmək olmuşdur. Bütün bu videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 36-39). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 3-16-16/2-18/215 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı üç ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2160,0 qram, 1065,0 qram, 1805,0 qram, ümumi çəkisi 5030,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 5030,0 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə olan marixuananın 5029,7 qram qalığı ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik müəyyən edilmişdir (iş vərəqi 46-50). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 54-55). Kürdəmir Rayon Məhkəməsinin 4(041)-16/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 24 fevral 2024cü il tarixdən hesablanmaqla dörd ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (iş vərəqi 73-77). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatına sərf edildikdən sonra faktiki olaraq ümumi çəkisi 5029,7 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq, həmin polis şöbəsinin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqi 88-89). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmlərini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsi “Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının” xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur (iş vərəqi 92). Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla orada yaşamış, qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqi 101- 102) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 160-161). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının “səhhətin müayinə edilməsi” barədə 72/2013 və “sağlamlıq vəziyyətinin müayinə edilməsi” haqqında 3507/2023 nömrəli aktlarından məlum olur ki, Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidməti Kürdəmir Rayon Şöbəsinin göndərişi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər “şəxsiyyətin affektiv tipli pozuntusu, özünü kəsmələrlə” dioqnozu ilə stasionar, xx.xx.2023-cü ilədək isə “şəxsiyyətin emosional-davamsız tip pozuntusu, özünü kəsmələrlə” dioqnozu ilə ambulator müayinədə olmuşdur (iş vərəqi 108-109). "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş CD diskdəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 685-04-65 nömrəsi ilə 055 863-6-87 mobil nömrəsi arasında xx.xx.2024 tarixində ayrı-ayrı saatlarda “başqa problem olmasın”, “Qaqa cavab falan vermirsen atmisan mennen elaqe saxla pulu at karta”, “neter olsun bu telefonu bele koda qoy vatsapda da blok nomren vatsap yazismasi hamisi durur sen silsende aqritma basini”, “Qaqa nomreni yazismalari kart nomresin verirəm polise özləri mesqul olacaq senen ozun mecbur eledin” məzmunlu sms yazışması olmuşdur (iş vərəqi 139-147). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 160). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserin Ambulator Məcburi Narkoloji-Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 708 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 177). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü tarixli, 276 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər “emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT 10” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirir. Keçirdiyi həmin xəstəliyə baxmayaraq bu xəstəlik az ifadəli olması səbəbindən o, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarındadır, gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir, cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında, yəni anlaqlı olmuşdur və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. “Emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT 10” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, ona hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur, cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir), həmin vaxt onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və s.) olmamışdır (iş vərəqi 179- 182). “Məhkəmə Ekspertizası Mərkəzi”nin məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 5/317 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi 9” markalı, “M2004J19G” modelli, “**********20402, **********20410” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir, mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “sms” mesajlar, audio, foto, video fayllar, texniki qeydlər, “WhatsApp”, “WhatsApp (Dual App)” proqram təminatları, “TikTok”, “İnstagram” sosial şəbəkələri vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur (rəyə əlavə olunmuş dörd ədəd DVD-R diskdə). Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən olunmuşdur (iş vərəqi 184-187). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, dörd ədəd CD diskdə olan on altı ədəd fayla baxış keçirilərkən “files” adlı fayl içərisindəki ‘•image” adlı fayl içərisində “İnstagram” və “WhatsApp” proqramı vasitəsilə edilmiş yazışmaların fotoşəkilləri aşkar edilmişdir. Fotoşəkillərdə “garalama bazar” adlı “İnstagram” sosial şəbəkə istifadəçisinin "pati_kola_baku iscileri” adlı səhifəsinə yazan şəxsin “ot” almaqdan ötrü 055 ***-**- ** saylı “WhatsApp" sosial şəbəkə nömrəsini yazması görsənir. Bundan başqa, “Ali” adlı “WhatsApp” istifadəçisinin +98-***-***-**-** nömrəsinin yazışmalarında və səsdə görünür ki, “Ali” “Yus oil kecenden sonrA Yolun sag terefi bakı istiqametinde” yazaraq “malı” goturub-götürmədiyini soruşur, 055 ***-**-** saylı istifadəçi də saat 23:36-da götürdüyünü bildirir, həmçinin yazışmada narkotikin qoyulduğu yerin şəkili də göndərilmişdir. Bu barədə fotoşəkillər protokola əlavə edilmişdir (iş vərəqi 189-193). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (iş vərəqi 211-212; 214-215). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi, cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmış; Təqsirləndirilən şəxs əlindəki bağlamaya keçirilən baxış zamanı üç ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2160,0 qram, 1065,0 qram, 1805,0 qram, ümumi çəkisi 5030,0 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra 5029,7 qram qalığı iş üzrə əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü həmin şöbənin maddi sübutların saxlanma yerinə təhvil verilməsi nəzərə alınmış; üzərində şəxsi axtarış və baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı iki ədəd disk və məhkəmə kompüter-texniki ekspertizasından daxil olmuş dörd ədəd disk əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından cinayət işində saxlanılmışdır (iş vərəqi 230-241). Məhkəmədə ittiham tərəfinin vəsatəti əsasında 1(099)-590/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Kürdəmir Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı” və “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:55-də şöbədə qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə, saat 01:25-də tibbi müayinədən keçirilmiş və onda hərhansı xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsi “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası”nın xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə “sol saidin iç səthinin çox saylı sıyrıqları” diaqnozu ilə xəstəxanın təcili yardım bölməsinə müraciət etmiş və ambulator müalicə almışdır. Deməsinə görə psixoloji xəstədir, qəsdən edib (Təqsirləndirilən şəxs həmin xəstəxanaya müraciətləri ilə əlaqədar xəstə qeydiyyatı sistemindən çıxarış məktuba əlavə olunmuşdur). Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 19 (on doqquz) saat həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsi, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmaması, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, hazırki cinayət işi üzrə tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, narkotik vasitə istifadəçisi kimi özünü təqsirli bildiyini etiraf edərək sosial şəbəkədən tanış olduğu iranlıdan şəxsi istifadə üçün “nəşə” istəməsi, iranlının razılaşdıqları kimi 400 (dörd yüz) manat müqabilində 40 qram “nəşə”ni “WhatsApp” konumu vasitəsilə Bakı-Kürdəmir-Gürcüstan avotomobil yolunun Ərşəli kəndi ərazisindən keçən hissəsində, “Yusoil” yanacaq doldurma məntəqəsinin yanında üzü Bakı şəhərinə doğru “Xan Bağı” restoranına çatmamış işləməyən restoranın həyətinə qoyması, həmin yerə gedəndə narkotik olan torbanı həcmi böyük olduğu üçün götürmək istəməməsi, lakin həmin vaxt polis əməkdaşlarının onu yaxalamaları, narkotiki götürmək üçün avtomobildən düşəndə maşında “zaryatkaya” qoyduğu mobil telefondan polislərin istintaq zərurəti ilə əlaqədar iranlı ilə faktiki yazışmasını silib, əvəzindən “götürdüm” məzmunda mesaj yazmaları, saxlanılarkən polis əməkdaşlarının ona bağlamanı götürməsini bildirmələri, həmin vaxt həyəcanlı olduğu üçün ona deyilənləri etməsi, deyilən məzmunda ifadə verməsi, kolluğun içərisində qara torbanın balaca hissəsini görməsi, konumdakı şəkillə aşkar olunan kütlənin eyni olmaması, böyük torbanın kolluğun dibindən çıxması, konum atılan yerə iki-üç metr qalmış tutulması, altı-yeddi nəfər polis əməkdaşının əvvəlcədən hadisə yerində olub onu müşahidə etmələri, təzyiq altında videoçəkilişdə etirafedici ifadə verməsi, cinayət-axtarış bölməsinin rəisi Zamin adlı şəxs tərəfindən döyülməsi, şahidlərdən Şahid4 onun Zamin tərəfindən döyülməsini görməsi, Şahid6 tutulduğu vaxt orada olmaması, baş verən qanunsuzluqlar barədə şikayətlər yazması barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupunun üzvlərinin iştirakı ilə videoçəkilişlə aparılmış baxış keçirilməsi və götürmə istintaq hərəkəti zamanı Bakı-Kürdəmir-Gürcüstan avtomagistral yolunun Kürdəmir rayonu, Ərşəli kəndi ərazisindən keçən hissəsində, üzü Bakı şəhəri istiqamətində sağ tərəfdə yerləşən adsız və fəaliyyətdə olmayan kafenin həyətində narkotik vasitəni götürdüyü yerdə əlində qara rəngli polietilen torba ilə saxlanılmış, şifahi sorğu-sual zamanı həmin torbanın içərisindən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlələri iran vətəndaşı ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq əldə etdiyini bildirmişdir (həmin istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən DVD diskdəki videçəkilişdən görünür). Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən polislərin onun mobil telefonundan iranlı ilə yazışmalarının müəyyən qismini silmələri, iranlının “WhatsApp”-da ona “Noldu”, “Goturdun” yazısına polisin onun əvəzindən “Götürdüm sagol” yazması barədə dedikləri cinayət işinin materiallarına əlavə olunmuş onun mobil telefonunun “WhatsApp” yazışmalarının fotoşəkilləri və şübhəli şəxs qismində tutulma protokolu ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ilə iranlı arasında “Noldu”, “Goturdun”, “Götürdüm sagol” sms yazışması 23:36 dəqiqədə olmuş, Maxsud saat 23:40 radələrində saxlanılmışdır. Odur ki, polis əməkdaşları tərəfindən saat 23:40 radələrində saxlanılan şəxsin mobil telefonu ilə polisin saat 23:36-da sms yazması mümkün deyildir. Bu həm də onu göstərir ki, Təqsirləndirilən şəxs mobil telefonu onun dediyi kimi narkotik vasitəni götürmək üçün avtomobildən düşəndə maşında qalmamış, özünün üzərində olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən mobil telefonunun avtomobildə deyil, üzərində olmasını təsdiq edən digər fakt “şəxsi axtarış keçirilməsi haqqında” protokola əlavə olunmuş şəxsi axtarışın videogörüntülərini özündə əks etdirən diskdəki məlumatlardır. Belə ki, sözü gedən diskə baxış zamanı videogörüntünün 0:02:53 dəqiqəsində Təqsirləndirilən şəxs əynindəki boz rəngli qış gödəkcəsinin (paltonun) üst sağ yan cibindən bir ədəd smartfon markalı mobil telefonun aşkarlandığı aydın görünür. Məhkəmə göstərilən xüsusatla bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, Şahid2 Təqsirləndirilən şəxs avtomobildən düşəndə mobil telefonunu “zaryatka” yığması üçün maşına qoyması, həmin telefonun sonradan polislər tərəfindən götürülməsi, digər Şahid1 Maxsudun mobil telefonunun avtomobilində olub-olmamasını xatırlamaması, bununla da telefonun maşında ola bilmə ehtimalı yaratmaları barədə dediklərini yuxarıda sadalanan mötəbər sübutlarla tam təkzib olunduğundan, eləcə də, onlardan birinin təqsirləndirilənin əmisi oğlu (Samir), digərinin isə tanışı (Məhəmməd) olmaqla qohumluq və yaxın münasibətində olmaları səbəbindən Maxsudu məsuliyyətdən yayındırmaq məqsədi güdmələri ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadələri təqsirləndirilənin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı iranlının göndərdiyi qara rəngli polietilen torbadan aşkarlandığını dediyi narkotik vasitə qurudulmuş marixuana ilə bağlı məhkəmə-bioloji ekspertizasının rəyi ilə tanış olarkən vəsatət və etirazının olmamasını qeyd etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən kimi ifadələrində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilsə də, əməli həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edildikdən sonra bu ittihamla razılaşmamış, məhkəmədə isə ilkin ifadələrini ona göstərilmiş fiziki və psixoloji təzyiqlə əlaqələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözü gedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki, psixoloji təzyiq və təsirlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, məhkəmə iclasında şikayətlər etməsini desə də, iş materiallarında bu barədə bir dənə də olsun sənəd mövcud olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin rəisi Şahid7 tərəfindən döyülməsi, şahidlərdən Şahid4 onun Zamin tərəfindən döyülməsini görməsi, Şahid6 tutulduğu vaxt orada olmaması barədə dedikləri, məhkəmədə şahid qismində dindirilən həmin şəxslərin özləri tərəfindən təkzib olunmuşdur. Həmçinin, cinayət işinin materiallarındakı “baxış keçirilməsi və götürmə haqqında”, “şəxsi axtarış və götürmə barədə” protokollara əlavə edilmiş DVD disklərdəki videogörüntülərə baxış zamanı Şahid6 hər iki istintaq hərəkəti zamanı iştirakı müəyyən olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşıları tərəfindən fiziki təzyiqə məruz qalması barədə deməsinə əsasən onun saxlanılandan sonra polis şöbəsinə aparıldığı, habelə şöbənin müvəqqəti saxlama yerində olduğu müddətlərdə üzərində xəsarət olub-olmamasını müəyyənləşdirmək üçün verilmiş sorğulara alınmış cavablarda onun xx.xx.2024-cü il tarixdə, saat 23:55-də şöbədə qeydiyyata alınması, xx.xx.2024-cü il tarixdə, saat 01:25-də tibbi müayinədən keçirilməsi və üzərində hər-hansı xəsarətin aşkar edilməməsi göstərilmişdir. Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu vaxt, yəni 05 mart 2024-cü il tarixdə “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası”na müraciəti isə deməsinə əsasən psixoloji xəstəliyi ilə əlaqədar özünə xəsarət yetirməsi ilə bağlı olmuş və o, “sol saidin iç səthinin çox saylı sıyrıqları” diaqnozu ilə həmin xəstəxanın təcili yardım bölməsinə ambulator müalicə almışdır (Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsi “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası”nın xx.xx.2025-ci il tarixli məktubu). Təqsirləndirilən şəxsin polis tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda özü bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiq və təsirlərə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir və sübut kimi nəzərə almır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində kolluğun içərisində qara torbanın balaca hissəsini görməsi, konumdakı şəkillə aşkar olunan kütlənin eyni olmaması, böyük torbanın kolluğun dibindən çıxması barədə dediklərinə münasibət bildirərək, qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkarlanmış mobil telefonun “WhatsApp” proqramında iranlı ilə yazışmalarının əks olunduğu cinayət işinin materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, iranlının ona göndərdiyi konumdakı qara rəngli bağlama ilə Təqsirləndirilən şəxs saxlanılarkən əlində aşkarlanan bağlama eyni olmuş, bağlamanın ölçüsündəki fərq yalnız şəkildə bağlamanın qoyulduğu kolun yarpaqlarının bağlamanın üstünə düşməsi və həcmini nisbətən kiçik göstərməsidir. Həqiqətdə isə iranlının göndərdiyi şəkildəki bağlama ilə Təqsirləndirilən şəxs əlində aşkarlanmış bağlama eynidir. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, yuxarıda qeyd olunanlarla yanaşı, onun üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın üç ayrı-ayrı bükümdə olması, çəkisi həmin kütləyə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə eyni zamanda onu qeyd edir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir və hazırki cinayət işində satış məqsədinin olması mötəbər sübutlarla müəyyən olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 146-cı bəndinə əsasən marixuana dövriyyəsi qadağan olunmuş narkotik vasitədir; Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, qismən etirafedici ifadə verməsini və özünü təqsirli bildiyi hissədə səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşının Ağdamda sağlamlığını itirməsini, anasının xəstə olmasını, onlara baxan yeganə şəxs olduğunu onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından, onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin 24 fevral tarixindən 26 fevral tarixinədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün, habelə 26 fevral tarixindən 11 iyul tarixinədək ev dustaqlığında, 11 iyul 2024-cü il tarixdən isə həbsdə olduğu müddət cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs əlindəki bağlamaya keçirilən baxış zamanı üç ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2160,0 qram, 1065,0 qram, 1805,0 qram, ümumi çəkisi 5030,0 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra 5029.7 qram qalığı məhv edilməli; onun üzərində şəxsi axtarış və baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı iki ədəd disk və məhkəmə kompüter-texniki ekspertizasından daxil olmuş dörd ədəd disk, ümumilikdə altı ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 129 (bir yüz iyirmi doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarını və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin 24 fevral tarixindən 26 fevral tarixinədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün, habelə 26 fevral tarixindən 11 iyul tarixinədək ev dustaqlığında, 11 iyul 2024-cü il tarixdən isə həbsdə olduğu müddət cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 24 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, ev dustaqlığında və həbsdə olduğu müddətlər cəzaçəkmə müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 24 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 129 (bir yüz iyirmi doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs əlindəki bağlamaya keçirilən baxış zamanı üç ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamada ümumi çəkisi 5030,0 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra 5029,7 qram qalığı məhv edilsin; şəxsi axtarış və baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı və məhkəmə kompüter-texniki ekspertizasından daxil olmuş ümumilikdə altı ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar