Məhkəmə qərarları › İş №1(099)-630/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-630/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-630/2024 01.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Mehralı oğlunun iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum edilməmiş, bərbərlik fəaliyyəti ilə məşğul olmuş, Neftçala şəhəri məh.5-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 11,874 qram çəkidə narkotik vasitə olan heroini (bundan sonra – heroin) əldə edib üzərində daşıyaraq saxlamış, 05 aprel 2024-cü il tarixdə saat 12:30 radələrində Neftçala rayon Polis Şöbəsinin (bundan sonra – Neftçala RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri 20 Yanvar küçəsində işlədiyi bərbərxanının qarşısında saxlanılaraq Neftçala RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli qısaqol gödəkçənin sol içəri yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı təmiz çəkisi 11,874 qram olmaqla külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 05 aprel 2024-cü il tarixdə Neftçala rayonu 20 yanvar küçəsində mülki qeyimdə olan polis əməkdaşları onu işlədiyi bərbərxananın qabağında tutmuşlar. Tutulmağına səbəb olaraq üzərində narkotik vasitə olması deyilməmiş, əksinəd ona “sən dinlə məşğulsan, bizimlə polis şöbəsinə getməlisən” deyilmişdir. Onlarla polis şöbəsinə getməyə etiraz etsə də onu boğaraq avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Onu polis şöbəsinə apararkən məhkəmənin icazəsi olmadan bərbərxanaya girib onun telefonomu və gödəkçəsini götürmüşlər, həmçinin gödəkçənin cibinə narkotik qoymuşlar, bundan sonra isə narkotik vasitəni götürmədiyi halda ailə üzüvlərini tutacaqları, ailəsində işləyən şəxsləri işdən çıxaracaqları ilə hədələmişlər. İfadəsində narkotik vasitə ilə əlaqəsinin olmadığını, siqaret belə çəkmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən videoçəkiliş olmuş, lakin çəkilişdən əvvəl ona ailəsi ilə hədə-qorxu gəlinmiş, nə deməli olduğu öncədən bildirilmişdir. Ona qarş fiziki təsir olmamış, lakin psixoloji təzyiq olmuşdur. Psixoloji təziq olaraq əməliyyatçılar tərəfindən təhqir olunmuş, ailə üzüvlərini işdən çıxarmaqla hədləmişlər. Əvvəllər narkotik vasitədən istifadə etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə qarşısına çıxarılarkən orada da narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Belə ki, məhkəmədə saat 11:30 radələrində tutulduğunu, heç bir təqsir göstərilmədən polis şöbəsinə aparıldığını, məhkəmənin icazəsi olmadan mobil telefonunu götürdüklərini bildirmişdir. İbtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini oxumuş və razı olmamışdır. İfadəni də özləri yazmışlar. İfadəsini oxuyarkən, ifadəsində narkotik vasitənin ona aid olmadığı, istifadəçisi olmadığı yazılmış, buna görə də ifadəsini imzalamışdır. Tutulmamışdan əvvəl onunla polis əməkdaşları arasında ziddiyət olmamışdır. Neftçala RPŞ-yə onu növbətçi hissədən deyil, arxa qapıdan daxil etmişlər, sonra onun polis şöbəsinin əməliyyat rəisinin otağına salmış və orada əməliyyatın rəisi ona “sən dini fəaliyyət göstərmisən, “Quran”ı təbliğ etdiyinə görə tutulmalısan” demişdir. O, da hər hansı pis iş görmədiyini cavab olaraq bildirdikdə tutulması ilə bağlı yuxarıdan əmrin gəldiyi ona bildirilmişdir. Bərbərxananın qabağındaykən mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb tutulma səbəbini izah etmədən zorla avtomobilə əyləşdirmişlər. Ona təzyiq edən şəxsin adı Cəbrayıl olmuşdur. Dini fəaliyyəti namaz qılıb, oruc tutmaqdan ibarət olmuşdur. İranda oxumamış, orada olmamışdır. Subaydır, ailə tərkibi anası, atası, bacısı, qardaşı və özündən ibarətdir. Narkotik vasitədən istifadə etməmiş və satmamışdır. Saxlanılarkən iş yerinin qarşısında olan kameralar onu qeydə almışlar. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrlə əlaqəsi olmadığını bildirərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 05 aprel 2024-cü il tarixdə şübhəli və 07 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş və məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən saat 11 radələrində velosipedlə evdən işə gələrkən iş yerinə çatana yaxın yerdə səkinin üzərində qara rəngdə sellofan kəsiyinə bükülmüş bükümü götürüb əynindəki qara rəngli gödəkçənin sol içəri yan cibinə qoymuşdur. Fikirləşmişdir ki, iş yerinə çatanda baxar. O, iş yerinə az qalmış saat təxminən 12:30 radələrində mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə olması barədə şübhələrin olmasıını ona bildirmişlər. Sonra onu maşına mindirib şöbəyə gətirmişlər. Şöbənin Növbətçi hissəsində vəkilin iştirakı ilə videoçəkiliş zamanı təhqiqatçı ona narkotik vasitəyə görə saxlanıldığını və üzərində hər hansı narkotik maddə varsa təqdim etməsini istəmişdir. O, gödəkçənin sol yan iç cibindəki bükülünü təqdim etmişdir. Bükülü onun yanında açılmışdır. İçərisindəki maddənin nə olduğunu bilməmişdir. Ona orada bildirmişlər ki, bu heroinə oxşar kütlədir. O, orada bildirmişdir ki, bükülünü yolda tapmış, nə olduğunu bilmədən tutulmuşdur. Özü onu haradansa da xüsusi olaraq əldə etməmişdir. Bildirmişdir ki, həmin narkotik vasitə olan heroin onun deyil. İndiyədək narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmamışdır. Üzərindən götürülmüş narkotik vasitə orada qablaşdırılmış və möhürlənmişdir. O da üzərini imzalamışdır. Onun tutulmağımın hər hansı səbəbini bilmir. Ona bu haqda məlumat verilməmişdir. O, heç narkotik vasitəni tanımır,ondan nə istifadə etmiş, nə də satmışdır. Ona rayon polis şöbəsində heç bir fiziki və psixi təzyiq olunmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, sonuncu həmin məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə hər hansı hala etiraz etməmişdir. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, polis əməkdaşları onu döyməmişlər, ancaq hədələmişlər, buna görə də etirafedici ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 aprel 2024-cü il tarixdə əməliyyat aparatına Təqsirləndirilən şəxs narkotik vasitənin qəbulu və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə edilmiş, əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi yerlər əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün səhər saatlarında Təqsirləndirilən şəxs işlədiyi yerin yaxınlığında saxlayıb özlərini təqdim edib onu Neftçala RPŞ-yə dəvət etmişlər. Neftçala RPŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirələcəyi bildirilmiş, vəkil və hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirlmiş, baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansısa maddələrin olub olmaması barədə sual verilmiş və üzərində narkotik tərkibli maddələr olduğu halda təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan yarımqol qış gödəkçəsinin üzərindən sellofana bükülmüş narkotik vasitəni təqdim etmiş, həmin kütləni yerdən tapıb üzərində saxladığını bildirmişdir. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üç nəfər o, Şahid2 və Şahid3 yaxınlaşmışlar. Təqsirləndirilən şəxs zor tətbiq olunmamış, sonuncu da onlara müqavimət göstərməmişdir. Saxlanılarkən Təqsirləndirilən şəxs yanında adam olmamışdır. Saxlanılma səbəbi ona izah edilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə xidməti avtomobillə aparmışlar. Polis şöbəsində Mərhəmət vəkil ilə təmin olunmuş, vəkili ilə danışması üçün şərait yaradılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Mərhəmət narkotik vasitəni tapdığını bildirmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatının məzmunu narkotik vasitənin satışı və üzərində daşımasından ibarət olmuşdur. Mərhəmətin narkotik satışı ilə məşğul olması barədə əməliyyat tədbirləri keçirilməmişdir. Üzərində axtarış zamanı Mərhəmitin əynində gödəkcənin olmasını xatırlayır, əynində başqa nə olduğunu isə uzun müddət keçdiyi üçün xatırlamır. Mərhəmət narkotik vasitəni gödəkçənin cibindən çıxmışdır. Təqsirləndirilən şəxs təzyiq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala Rayon Polis Şöbəsinin CAB-ın əməkdaşı Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və verilmiş suallaraq cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir təzyiq olmamış, həmçinin sonuncu da onlara müqavimət göstərməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim etmiş, narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində vəkili ilə danışmamışdır. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Əməliyyat məlumatının məzmunu Mərhəmətin narkotik vasitənin istifadəsi və üzərində daşımasında şübhəli olmasından ibarət olmuşdur. Təqsirləndirilən şəxs heç kim psixoloji təsir göstərməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəçi kimi deyil, rayon sakini kimi tanımışdır. Əməliyyat məlumatının dəqiqliyini məlumat daxil olmuş əməliyyatçı yoxlamış, o, bununla məşğul olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadəsi və daşıması barədə onda məlumat olmamışdır. Təqsirləndirilən şəxs dini ayinləri yerinə yetirdiyi üçün həbs edilməmişdir. Mərhəmət hər hansı hədə ilə təhdid olunmamışdır. Əməliyyat qrupuna o, Şahid1 və Şahid2 daxil olmuşdur. Saxlanıldığı yerdə üzərinə baxış keçirilməsinə şərait olmadığından orada üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs üzərində xatırladığı qədər qış gödəkcəsi olmuşdur. Üzərinə baxış zamanı üzərindən heroinə bənzər narkotik vasitə aşkar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 05 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının daxil olduğu barədə tərtib edilmiş raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 3-5; 09-10;25-26) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 05 aprel 2024-cü il il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:40-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 11;27) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 05 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncu əynindəki qara rəngli qısaqol gödəkçənin içəri yan cibindən 1 (bir) ədəd qara rəngli bükülünü təqdim etmiş, baxış zamanı həmin bükümdə olan kütlənin heroinə bənzər kütlə olması müəyyən edilmişdir. (i.v. 25-26) -materialların məhkəmə ekspertizasının 06 aprel 2024-cü il tarixli, 18/382 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-11,874 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 11,824 qram ( i.v. 38-40) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 48-49) -Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(053)-16/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 aprel 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 65- 67) - 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 11,824 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış, Neftçala RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 69-70) -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 aprel 2024-cü il tarixli, 2558 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 103-104) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən üzərində hər hansı narkotik vasitə olmaması, polis əməkdaşlarının hədəsi ilə onların verdiyi bükümü cibindən çıxararaq təqdim etməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, bundan sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni Neftçala rayonunda iş yerinə yaxın olan ərazidə yerdən tapdığını, işə çatanda açıb baxmaq istədiyini buna görə də üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirərək həmin protokolları imzalamışdır. Bundan əlavə Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, sonuncu üzərində aşkar olunmuş bükülünü yerdən tapmasını bildirmiş, hər hansı hala etiraz etməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin yuxarıda adı qeyd edilən əməkdaşları da ifadəsində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu cibindən bir bükümdə heroinə bənzər bükülünü çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı həmin kütlənin ona məxsus olmasını, Neftçala rayonunda iş yerinin yaxınlığında yerdən tapdığını, hər hansı etirazı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Həmçinin “Ekspert rəyinin şübhəli şəxsə elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə kimyəvi ekpertizanın 06 aprel 2023-cü il tarixli, 18/382 nömrəli rəyi ilə tanış olarkən üzərindən çıxan narkotik vasitə ilə bağlı hər hansı etiraz etməmişdir. Hazırkı iclasda isə ümumiyyətlə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılması üçün hakim qarşısına çıxarılan Təqsirləndirilən şəxs hər hansı hala etiraz etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatını və ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (üzərində hər hansı miqdarda narkotik vasitə olmaması, polis əməkdaşlarının hədəsi- psixi təzyiqi nəticəsində onların verdiyi bükümdə olan heroini təqdim etməsi, narkotik vasitə istifadə etməməsi hissəsində) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq psixi təzyiqlərə, hədələrə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Həmçinin təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı üzərində hər hansı növdə narkotik vasitə olmadığını bildirsə də ibtidai istintaq zamanı verdiyi ifadələrində belə bir hal göstərməmiş, əksinə verdiyi ifadələrinə özünü elan olunmuş ittihamla deyil, bilmədən narkotik vasitə saxlamaqla, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz psixi təzyiq nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12- 20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ibtidai istintaq zamanı ifadə verməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını qeyd edərək özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi isə 2,0 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 11,874 qram, yəni külli miqdar təşkil edən heroini əldə etmiş, üzərində saxlamışdır. Cinayət işi materiallarında olan “Cinayət işinin başlanması haqqında” 06 aprel 2024cü il tarixli qərardan (i.v.1) görünür ki cinayət işi Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə başlamış və sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 11,874 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncuya Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 11,874 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 5,5 dəfə çox olması, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış məqsədi olmadan saxalamsını, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - məhkəmə istintaqı zamanı ifadə vermiş Neftçala RPŞ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı fakt əldə etmədiklərini bildirmələri barədə ifadələri, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroini tanımadağı üçün əldə etdiyini, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, Şahid1 və Şahid3 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının 06 aprel 2024-cü il tarixli, 18/382 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2024-cü il tarixli, 2558 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 81) - Neftçala rayon İHB-nin Neftçala şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə və arayışdan görünür ki, Baxışov X4 şəhəri, məhəllə 5 ünvanında yaşamış, barəsində nümayəndəliyə şikayət və ərizə daxil olmamışdır. Ailə tərkibi atası, anası və qardaşından ibarətdir. xx.xx.2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial Ekspert Komissiyasındakı sonuncu müayinəyə aktından götürülmüş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs anası X3 ikinci dərəcəli əlildir. (i.v. 107-109) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 11,874 qram olması, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları cəzasını yüngülləşdirən digər hal olduğunu və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 05 aprel 2024-cü il tarixdən hesablanmalı və Neftçala Rayon Məhkəməsinin 07 aprel 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2024-cü il tarixli, 2558 saylı nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 11,824 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan - 05 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,824 qram çəkidə qurudulmuş heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar