Məhkəmə qərarları › İş №1(099)-633/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-633/2024

22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-633/2024 22.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 24 may1983-cü ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Neftçala şəhəri, A.Mütəllimov küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-2,221 qram psixotrop maddə olan metamfetamini, ümumi təsiredici maddəsinin miqdarı 4,81 qram təşkil edən külli miqdarda-119 ədəd bütöv, 2 ədəd ½ hissə və 1 ədəd ¼ hissə narkotik vasitə olan metadon həbləri, 14,658 qram narkotik vasitə olan tiryəki və 30,454 qram narkotik vasitə olan qurudulmuş marixuananı, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəsinin miqdarı 0,225 qram təşkil edən 1 ədəd tramadol hidroxlorid həbini əldə edib, saxlayıb, daşıyaraq yaşadığı Neftçala şəhəri, A.Mütəllimov küçəsi, ev 9 ünvanında olan fərdi yaşayış evinə aparmış və bundan sonra həmin maddələrin satışını realizə etmək üçün tiryəki ayrı-ayrılıqda 1,671 qram və 1,665 qram olmaqla cəmi 3,336 qram hisssini 2 ədəd bükümdə qablaşdırıb üzərində saxlayıb daşımış, tiryəkin qalan hissəsini və digər maddələri qablaşdırıb yaşadığı evin mətbəx hissəsində yerləşən dolabın siyirməsində saxlamışdır. Daxil olmuş məlumat əsasında Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 11 aprel 2024-cü il tarixdə, saat 14:40-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Neftçala şəhəri, M.Əsədov küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcəsinin cibindən 2 ədəd bükümdə, ayrı-ayrılıqda 1,671 qram və 1,665 qram olmaqla cəmi 3,336 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüş, habelə təhqiqat orqanı tərəfindən həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı Neftçala şəhəri, A.Mütəllimov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı evin mətbəx hissəsində yerləşən dolabın siyirməsində 1 ədəd plastik qutuda-21 ədəd bükümdə ayrı-ayrılıqda 0,066 qram, 0,078 qram, 0,065 qram, 0,143 qram, 0,064 qram, 0,059 qram, 0,106 qram, 0,058 qram, 0,144 qram, 0,145 qram, 0,164 qram, 0,136 qram, 0,132 qram, 0,116 qram, 0,167 qram, 0,074 qram, 0,123 qram, 0,134 qram, 0,068 qram, 0,095 qram və 0,084 qram olmaqla cəmi, külli miqdarda-2,221 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd plastik qabda-ümumi təsiredici maddəsinin miqdarı 4,81 qram təşkil edən külli miqdarda-119 ədəd bütöv, 2 ədəd ½ hissə və 1 ədəd ¼ hissə narkotik vasitə olan metadon həbləri, 1 ədəd plastik qabda-12 ədəd bükümdə ayrı-ayrılıqda 2,193 qram, 0,525 qram, 1,753 qram, 0,730 qram, 0,105 qram, 1,490 qram, 0,361 qram, 0,831 qram, 0,873 qram, 0,771 qram, 0,815 qram və 0,875 qram olmaqla cəmi 11,322 qram narkotik vasitə olan tiryək və 1 ədəd şüşə bankada-30,454 qram narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəsinin miqdarı 0,225 qram təşkil edən 1 ədəd tramadol hidroxlorid həbi və üzərində psixotrop maddə olan metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin Neftçala şəhər məscidinin imamının müavini olmuşdur. O, narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamışdır. 11 aprel 2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı Neftçala şəhərinin mərkəzində (Neftçala şəhəri, M.Əsədov küçəsində) olarkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib rayon polis şöbəsinə aparılmışdır. Tutulub polis şöbəsinə aparılarkən üzərində narkotik maddələr olmamışdır. Polis şöbəsində polis əməkdaşları tərəfindən üzərində axtarış aparmış, lakin üzərindən hər hansı narkotik maddələr aşkar edilməmişdir. Sonra polis əməkdaşları tərəfindən ona psixi təzyiqlər edilmiş və üzərinə bir büküm narkotik maddə qoyulmuş, bundan sonra vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış və axtarış zamanı üzərində bir büküm narkotik maddə (tiryək) aşkar edilib götürülmüşdür. Həmin vaxt polis əməkdaşlarının ona qarşı psixoloji təzyiqləri olduğu üçün o, üzərində aşkar olunmuş narkotik madənin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu yaşadığı evə aparmış (ünvan 3 ünvannda olan fərdi yaşayış evinə) özünün və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə evinə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evinin mətbəxində olan dolabın siyirməsindən narkotik maddələr, dərman həbləri və bir ədəd elektron tərəzi aşkar olunub götürülmüşdür. Polis əməkdaşlarının ona qarşı psixoloji təzyiqləri olduğu üçün o, evində aşkar olunmuş narkotik maddələrin və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir. Əslində isə üzərində və evində aşkar olunmuş narkotik maddələr, dərman həbləri və bir ədəd elektron tərəzi ona məxsus deyil, həmin maddələri üzərinə və evinə polis əməkdaşları qoymuşdur. Polis əməkdaşlarının ona qarşı belə hərəkətlər etmələrinin səbəbini bilmir. Həmçinin o, heç kimə, o cümlədən tanışı Şahid3 narkotik və psixotrop maddələr satmamış, verməmişdir. Ona görə də o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 12 və 13 aprel 2024-cü il tarixli ifadələrində göstərmişdir ki, o, heç bir yerdə işləmir, ağrıları olduğu üçün narkotik vasitələrdən arabir olanda istifadə etmişdir. 2023-cü ilin noyabr ayında istifadəsi üçün Neftçala şəhər sakini tanışı Rəşad Nağıyevdən metadon, tutulmamışdan təxminən 10 gün əvvəl Neftçala şəhər sakini tanışı Rəşad Rüstəmovdan 20 qrama yaxın tiryək almış və həmin narkotik maddələrdən istifadə etmişdir. Tutulmamışdan təxminən 1 həftə əvvəl Bakı şəhərində tanımadığı şəxsdən istifadəsi üçün metamfetamin və qurudulmuş marixuana alıb yaşadığı evinə gətirmişdir. Evində tiryəki və metamafetamini istifadə edəndə miqdarını bilməsi üçün özünə məxsus elektron tərəzidə həmin maddələri çəkib bükümlərə ayırmış, sonra onlardan götürüb istifadə etmişdir. O, metadon həbləri, narkotik və psixotrop maddələri, həm də elektron tərəzini yaşıdığı evin mətbəxtində olan dolabın siyirməsində saxlamışdır. 11 aprel 2024-cü il tarixdə, saat 14:40-da Neftçala şəhəri, M.Əsədov küçəsi ilə hərəkət edərkən polis əməkdaşları onu saxlayıb qanunsuz olaraq narkotik vasitələr əldə edib qəbul etməsi, üzərində saxlaması və onların alqı-satqısı ilə məşğul olmaqda şübhəli olduğu bildirmiş, həmin vaxt evində olan narkotiklərdən istifadəsi üçün 2 büküm tiryək əynindəki gödəkcəsinin cibində olmuş, sonra polis əməkdaşları onu tutub Neftçala RPŞ-nə aparılmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı özü əlindəki gödəkcəsinin cibindən 2 bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisində tiryək aşkar edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş tiryəkin özünə məxsus olduğunu, həmin narkotik maddəni istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində aşkar olunmuş narkotik maddə elektron tərəzidə çəkilib qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən müdafiəçinin və özünün iştirakı ilə və videoçəkilişlə yaşadığı evə (Neftçala şəhəri, A.Mütəllimov küçəsi, ev 9 ünvanında olan fərdi yaşayış evinə) baxış keçirilmişdir. Baxış zamanı evin mətbəxində olan dolabın siyirməsindən bir ədəd şüşə bankanın içərisində qurudulmuş marixuana kütləsi, bir ədəd plastik qabın içərisində 118 ədəd metadon həbləri, bir ədəd plastik qutuda 21 ədəd bükümdə metamfetamin maddələri, 2 ədəd metadon həbləri, 6 ədəd kəsilmiş həblər, bir ədəd xəstəlik üçün istifadə etdiyi adını bilmədiyi bütöv həb, bir ədəd plastik qabda 12 bükümdə tiryək kütlələri və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı o, aşkar olunmuş maddələrin, həblərin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin maddələri və həbləri Neftçala şəhər sakinləri Rəşad Nağıyevdən və Rəşad Rüstəmovdan aldığını, həmçinin Bakı şəhərində təsadüfən tanış olduğu tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün saxladığını, həmin maddələrdən heç kimə vermədiyini və satmadığını bildirmişdir. Evində aşkar olunmuş narkotik maddənin kütlələri elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr, həblər və elektron tərəzi qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra protokol tərtib edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixli ifadəsində göstrmişdir ki, o, narkotik vasitələrdən arabir istifadə etmişdir. Tutulmazdan bir müddət əvvəl, Bakı şəhərində təsadüfən rastlaşdığı tanımadığı şəxsdən marixuana, tiryək, metamfetamin, metadon və tramadol almışdır. Üzərində aşkar olunmuş tiryəki və evindən aşkar olunmuş marixuana, tiryək, metamfetamin, metadon, tramadolu da həmin tanımadığı şəxsdən almışdır. O, aldığı maddələri istifadə edəndə miqdarını bilməsi üçün evində olan özünə məxsus elektron tərəzi ilə ölçüb bükümlərə ayırmış, arabir həmin həblərdən, narkotik və psixotrop maddələrdən götürüb istifadə etmişdir. O, şəxsi istifadəsi üçün əldə etdiyi həmin həbləri, narkotik və psixotrop maddələri, həm də elektron tərəzini evində mətbəxdə olan dolabın siyirməsində saxlamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Tutulmazdan təxminən 10 gün əvvəl o, Neftçala şəhər sakini tanışı Bahadir Məcidova bir neçə dəfə tiryəki pay olaraq vermiş, buna görə ondan pul almamış, Bahadirə və ya başqa şəxsə narkotik maddə satmamışdır. Həmçinin o, Şahid3 heç vaxt narkotik maddə satmamış və ya pay verməmişdir. Neftçala rayon prokururluğunda olarkən həyəcanlı olduğundan Şahid3, X2 və digər adlarını xatırlamadığı şəxslərə bir neçə dəfə narkotik və psixotrop maddələri pay kimi verməyi barədə ərizə vermiş, əslində belə şey olmamış, yalnız bir neçə dəfə tanışı Bahadirə tiryək pay vermiş, heç kimə narkotik maddələr satmamışdır. İş üzrə ilkin İfadə verəndə həyəcanlı olduğuna görə Rəşad Rüstəmovdan narkotik maddə almasını demiş, əslində belə şey olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs Neftçala rayon prokuroruna ünvanladığı 13 aprel 2024-cü il tarixli ərizəsində göstərmişdir ki, o, Neftçala şəhər sakinləri, Şahid3, X2 və digər adarını xatırlamadığı şəxslərə bir neçə dəfə narkotik və psixotrop maddələri pay kimi vermiş və hazırda əməlindən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və baxışla bağlı videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, ruhani olmaqla dini ibadətlə məşğul olmuş, narkotik vasitələrdən istifadə etməmişdir. Üzərində və evində aşkar olunmuş narkotik və psixotrop maddələr, bir ədəd elektron tərəzi ona məxsus deyil, üzərinə və evinə narkotik və psixotrop maddələri, həm də elektron tərəzini polis əməkdaşları qoymuşdur. O, heç kimə, o cümlədən tanışı Şahid3 narkotik və psixotrop maddələr satmamış, verməmiş və verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Neftçala RPŞ-nin əməkdaşıdır. Neftçala şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, bu məlumat əsasında özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün əməliyyat-axtarış tədbiri keçirilmişdir. 11 aprel 2024-cü il tarixdə, saat 14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Neftçala şəhəri, M.Əsədov küçəsində saxlanılmış və ona üzərində narkotik maddələr saxlamasında şübhəli olduğu bildirilib Neftçala RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qolsuz gödəkcənin cibindən 2 ədəd bükümdə tiryəkə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra axtarışla bağlı protokol tərtib olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə (ünvan 3 ünvanında olan fərdi yaşayış evinə) baxış keçirilmişdir. Baxış zamanı evin mətbəxində olan dolabın siyirməsindən bir neçə qablarda olmaqla dəqiq xatırlamadığı sayda içərisində narkotik və psixotrop maddələr olan bükümlər, dərman həbləri və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs evində aşkar olunmuş narkotik maddələrin, dərmanların və elektron tərəzinin özünə məxsus olmasını, həmin maddələri şəxsi istifadəsi üçün evində saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik və psixotrop maddələrin kütlələri elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr, həblər və elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və evinə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs dindar molla kimi tanıyır və münasibətləri yaxşı olmuşdur. O, dua yazması üçün molla Təqsirləndirilən şəxsla bir neçə dəfə görüşmüş və aralarında mobil telefonla danışıqları da olmuşdur. Bir dəfə xatırlamadığı tarixdə Samidlə söhbət zamanı o, stresdə olduğunu Samidə demiş, Samid də onda narkotik maddə olduğunu, istəsə ona sata biləcəyini demişdir. Sonradan o, stresdə olduğu üçün narkotik qəbul etməyi düşünmüş və bu məqsədlə 10 aprel 2024-cü il tarixdə, axşam saatlarında Neftçala şəhərində Samidlə görüşüb ondan narkotik maddə istəmiş, Samid də ona 100 manata tiryək sata biləcəyini demiş, sonra razılaşıb ondan 100 manata bir bükümdə qara rəngli tiryək almışdır. Aldığı tiryəkin bir hissəsini qəbul etmiş, sonra evdə bilərlər deyə tiryəkin qalan hisəsini Neftçala şəhərindəki axmaz gölə atmışdır. Sonradan Samidin narkotikə görə tutulduğunu eşitmişdir. Samidin özündən başqa kiməsə narkotik maddə satması barədə heç bir məlumatı yoxdur. İşdə olan, Neftçala RPŞ-nin əməkdaşının 11 aprel 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Neftçala şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Neftçala RPŞ-nin əməkdaşları tərəfindən 11 aprel 2024-cü il tarixdə, saat 14:40-da keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Neftçala şəhəri, M.Əsədov saxlanılıb Neftçala RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 11 aprel 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Neftçala RPŞ-nin TB-nun təhqiqatçısı Nicat Sadıqov tərəfindən müdafiəçi Seymur Abdullayevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs gödəkcəsinin cibindən 2 ədəd bükümdə tiryəkə oxşar kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış və götürmə haqqında” 11 aprel 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Neftçala RPŞ-nin TQ-nun təhqiqatçısı Nicat Sadıqov tərəfindən müdafiəçi Seymur Abdullayev və Təqsirləndirilən şəxs iştirakları ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı, Neftçala şəhəri, A.Mütəllimov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı evin mətbəx hissəsində yerləşən dolabın siyirməsindən 1 ədəd plastik qutuda 21 ədəd bükümdə metamfetaminə, 1 ədəd plastik qabda 12 ədəd bükümdə tiryəkə və 1 ədəd şüşə bankada qurudulmuş marixuanaya oxşar kütlələr, eləcə də metadon və tramadol həbləri, həmçinin bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr, həblər və bir ədəd elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir İşdə olan, məhkəmə-bioloji ekspertizasının 12 aprel 2024-cü il tarixli, 3-16-16/2- 7/567 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs evinin mətbəx hissəsində ... qurudlmuş marixuanaya oxşar kütlə ... çətənə toxumlarına oxşar kütlələr ... yazı və imzalar olan zərfdə bir ədəd şüşə bankada təmiz çəkisi 30,454 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və həmin zərfdə 1(bir) ədəd ağ rəngli plastik qabda təmiz çəkisi 2,230 qram bitki toxumları əkib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrə aid deyildir. Elmi cəhətdə işlənib hazırlanmış metodik vəsait olmadığı üçün marixuana ilə çətənə toxumlarının eyni tərkibli olmasını müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 30,40 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 12 aprel 2024-cü il tarixli, 3-16-16/2- 6/1985 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad, və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 1,671 qram, 1,665 qram, ümumi təmiz çəkisi 3,336 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. “Vət. Təqsirləndirilən şəxs evinin mətbəx hissəsində yerləşən dolabın siyirməsində aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd ar rəngli plastik qabda 12 (on iki) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 2,193 qram, 0,525 qram, 1,753 qram, 0,730 qram, 0,105 qram, 1,490 qram, 0,361 qram, 0,831 qram, 0,873 qram, 0,771 qram, 0,815 qram, 0,875 qram, ümumi təmiz çəkisi 11,322 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqdim olunmuş 14 ədəd bükümdə olan tiryək xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Üzərində “Təqsirləndirilən şəxs evinin mətbəx hissəsində yerləşən dolabın siyirməsində aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində üzəri qara rəngli yapışqan lentlə sarılmış bir ədəd plastik qabda 21 (iyirmi bir) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,066 qram, 0,078 qram, 0,065 qram, 0,143 qram, 0,064 qram, 0,059 qram, 0,106 qram, 0,058 qram, 0,144 qram, 0,145 qram, 0,164 qram, 0,136 qram, 0,132 qram, 0,116 qram, 0,167 qram, 0,074 qram, 0,123 qram, 0,134 qram, 0,068 qram, 0,095 qram, 0,084 qram, ümumi təmiz çəkisi 2,221 qram ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Təqdim olunmuş 21 ədəd bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponetlərinə görə eynidir. Təqdim olunmuş üzərində “F/M40” göstəricisi olan 119 ədəd bütöv, 2 ədəd ½ hissə və 1 ədəd ¼ hissə həblərin tərkibindəki metadonun təsir maddəsinin miqdarı 4,81 qram təşkil edir (üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,004 qram). Təqdim olunmuş üzərində “225” göstəricisi olan 1 ədəd çəhrayı rəngli dərman həbin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,225 qram təşkil edir (üzərində olan göstəriciyə əsasən 1 ədəd həbdə təsiredici maddənin miqdarı 0,225 qramdır). Təqdim olunmuş 2 ədəd ağ rəngli həbin, 1 ədəd yaşıl rəngli həbin və 1 ədəd 1/3 hissə açıq qəhvəyi rəngli həbin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddələr narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildirlər. Təqdim edilmiş 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün deyildir və maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Ekspertiza tədqiqatından sonra qalıq-1,591 qram psixotrop maddə olan metamfetamin, 13,958 qram narkotik vasitə olan tiryək, 104 ədəd bütöv, 1 ədəd ½ hissə və 1 ədəd hissə narkotik vasitə olan metadon həbləri və ½ ədəd tramadol hidroxlorid həbi. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 12 aprel 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq-1,591 qram metamfetamin, 13,958 qram tiryək, 30,404 qram qurudulmuş marixuana, 104 ədəd bütöv, 1 ədəd ½ hissə və 1 ədəd hissə metadon həbləri, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən ½ ədəd tramadol hidroxlorid həbi və üzərində marixuana izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Neftçala RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə 08 iyul 2024-cü il tarixli qərarla şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid3, Şahid1 və Şahid2 ifadələri yalnız özünün birbaşa şahid olduğu hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübut hesab edir, onun göstərdiyi halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərində və yaşadığı evdə aşkar olunmuş psixotrop və narkotik maddələr şəxsi istifadəsi üçün əldə edib saxlaması, narkotik vasitələrdən istifadə etməməsi, heç kimə, o cümlədən Şahid3 və Samir Əbilova psixotrop və narkotik maddələr satmaması və ya pay verməməsi, ibtidai istintaq zamanı həyəcanlı olduğundan Şahid3, Samir Əbilova və digər adarını xatırlamadığı şəxslərə bir neçə dəfə psixotrop və narkotik maddələri pay kimi verməsi barədə ərizə yazması və ifadə verməsi, əslində isə belə bir halın olmaması, polis əməkdaşlarının ona qarşı psixoloji təzyiqləri olduğu üçün üzərində və evində aşkar olunmuş psixotrop və narkotik maddələrin, həm də elektron tərəzinin özünə məxsus olmasını bildirməsi, üzərində və evində aşkar olunmuş psixotrop və narkotik maddələr, dərman həbləri və bir ədəd elektron tərəzinin ona məxsus olmaması və həmin maddələrin üzərinə və evinə polis əməkdaşları tərəfindən qoyulmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid3, Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa və baxışa dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni narkotik vasitələrdən istifadə etməməsi, heç kimə, o cümlədən Şahid3 və Samir Əbilova psixotrop və narkotik maddələr satmaması və ya pay verməməsi, ibtidai istintaq zamanı həyəcanlı olduğundan Şahid3, Samir Əbilova və digər adarını xatırlamadığı şəxslərə bir neçə dəfə psixotrop və narkotik maddələri pay kimi verməsi barədə ərizə yazması və ifadə verməsi, əslində isə belə bir halın olmaması, tutularkən üzərində narkotik maddənin olmaması, polis əməkdaşlarının ona qarşı psixoloji təzyiqləri olduğu üçün üzərində və evində aşkar olunmuş psixotrop və narkotik maddələrin, həm də elektron tərəzinin özünə məxsus olmasını bildirməsi, üzərində və evində aşkar olunmuş psixotrop və narkotik maddələr, dərman həbləri və bir ədəd elektron tərəzinin ona məxsus olmaması və həmin maddələrin üzərinə və evinə polis əməkdaşları tərəfindən qoyulmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid3, Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar (o cümlədən üzərində metamfetamin izləri olan bir ədəd elektron tərəzinin olması), ekspertiza rəyləri, o cümlədən ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyində Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması göstərilmişdir), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış və evə baxışla bağlı tərtib olunmuş protokollarla (həmin vaxt o, üzərində və yaşadığı evdə aşkar olunmuş psixotrop və narkotik maddələri, həm də elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatı və ifadələri ilə (həmin izahat və ifadələrində o, üzərində və yaşadığı evdə aşkar olunmuş psixotrop və narkotik maddələrin, həm də elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop və narkotik maddələri, eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara, habelə “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarı”nın Siyahısına əsasən dərman preparatı kimi beynəlxalq adı “Metadon”, “Tiryək” və “Marixuana-Kannabis” (o cümlədən qurudulmuş marixuana) olan maddələr narkotik vasitələr və “Metamfetamin” olan maddə psixotrop maddə, hebelə “Tramadol hidroxlorid” olan maddə güclü təsir edən maddədir. Metamfetaminin 0,15 qramdan 2 qramadək, metadonun 0,02 qramdan 1,6 qramadək, qurudulmuş marixuananın 5 qramdan 500 qramadək və tiryəkin 0,5 qramdan 50 qramadək hissəsi xeyli miqdar, metamfetaminin 2 qramdan artıq 400 qramadək, metadonun 1,6 qramdan artıq 160 qramadək, qurudulmuş marixuananın 500 qramdan artıq 50000 qramadək və tiryəkin 50 qramdan artıq 5000 qramadək hissəsi külli miqdar, habelə tramadol hidroxloridin 6 qramdan artıq 1200 qramadək hissəsi külli miqdar, metamfetaminin 400 qramı, metadonun 160 qramı, qurudulmuş marixuananın 50000 qramı, tiryəkin 5000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar, habelə tramadol hidroxloridin 1200 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 24-cü bəndində qeyd edilir ki, CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub-olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 2,221 qram psixotrop maddə olan metamfetamin, ümumi təsiredici maddəsinin miqdarı 4,81 qram təşkil edən 119 ədəd bütöv, 2 ədəd ½ hissə və 1 ədəd ¼ hissə narkotik vasitə olan metadon həbləri külli miqdar və 14,658 qram narkotik vasitə olan tiryək və 30,454 qram narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdar təşkil edir, habelə 1 ədəd tramadol hidroxlorid həbin təsiredici maddəsinin miqdarı 0,225 qram olmaqla külli və ya xüsusilə külli miqdar təşkil etmir. Həmçinin Təqsirləndirilən şəxs ayrı-ayrı növlərdə olmaqla külli və xeyli miqdarda psixotrop və narkotik maddələri, eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edib üzərində və yaşadığı ünvanda saxlaması, əldə etdiyi tiryəkin bir hissəsinin tanışına pulla satması, eləcə də üzərində metamfetamin izlərin olan elektron tərəzinin aşkar olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, o, həmin maddələri, yəni metamfetamin, metadon, tiryək, qurudulmuş marixuana və tramadol hidroxlorid maddələrini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və onlardan bir hissəsini satmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli və xeyli miqdarda psixotrop və narkotik maddələri, eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə əldə etmiş, saxlamış, daşımış və satmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə tövsif edilmişdir. İşdə olan, Neftçala Rayon Məhkəməsinin 13 aprel 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 aprel 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Neftçala şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 23 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Neftçala şəhəri A.Mütəllimov küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə qənaətbəxş (nümayəndəliyə ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Neftçala şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 23 aprel 2024-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində anası, arvadı və uşaqları-xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə və bir yetkinlik yaşına çatmayan uşağın olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3 və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən hallar, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-in bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyatda alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Neftçala RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1,591 qram psixotrop maddə olan metamfetamin, 13,958 qram narkotik vasitə olan tiryək, 30,404 qram narkotik vasitə olan qurudulmuş marixuana, 104 ədəd bütöv, 1 ədəd ½ hissə və 1 ədəd hissə narkotik vasitə olan metadon həbləri, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən ½ ədəd tramadol hidroxlorid həbi və üzərində metamfetamin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Neftçala Rayon İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-135 (bir yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-135 (bir yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübutlar olan və Neftçala Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1,591 qram psixotrop maddə olan metamfetamin, 13,958 qram narkotik vasitə olan tiryək, 30,404 qram narkotik vasitə olan qurudulmuş marixuana, 104 ədəd bütöv, 1 ədəd ½ hissə və 1 ədəd hissə narkotik vasitə olan metadon həbləri, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən ½ ədəd tramadol hidroxlorid həbi və üzərində metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-135 (bir yüz otuz beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan) 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar