Məhkəmə qərarları › İş №1(099)-634/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-634/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-634/2023 21.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə, 19 avqust 1997-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 5,425 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşımaqla özündə saxlayaraq həmin narkotik vasitənin bir hissəsi olan 0,888 qramını 15 manata 09 yanvar 2023-cü il tarixdə səhər saatlarında Astara rayonu Kələdəhnə kəndində tanışı Şahid5 qanunsuz olaraq satmış, qalan 4,537 qram heroini satış məqsədi ilə qanunsuz olaraq daşıyaraq Astara rayonu Şahağacı kəndində dəniz kənarı ərazidə yerləşən sahibsiz yarımtikilidə saxlamış, Astara rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid5 10 yanvar 2023-cü il tarixdə saat 16:05 radələrində Astara şəhəri Z.Bünyadov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 03 ədəd qızılı rəngli siqaret kağızı bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,415 qr; -0,238 qr; və -0,235 qram olmaqla ümumi təmiz çəkisi -0,888 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 10,221 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 17 fevral 2023-cü il tarixdə günorta saatlarında Astara rayonu Kələdəhnə kəndində tanışı Şahid6 5 manata qanunsuz olaraq satmış, 17 fevral 2023-cü il tarixdə saat 16 radələrində Astara rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Şahid6 Astara şəhərində yerləşən X4 yaxınlığında saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və həmin tarixdə üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd üzərində “Sobranie” sözü yazılan siqaret qutusunun içərisinə doldurulmuş, təmiz çəkisi 10,221 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, heroin narkotik vasitəsinin özündə qalan 4,537 qramını satış məqsədi ilə qanunsuz olaraq daşıyaraq Astara rayonu Şahağacı kəndində dəniz kənarı ərazidə yerləşən sahibsiz yarımtikilidə saxlamış, 10 aprel 2023-cü il tarixdə saat 18:30 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən Astara rayonu Şahağacı kəndində dəniz kənarı ərazidə yerləşən həmin sahibsiz yarımtikiliyə baxış keçirilən zaman orada olan daş hasardakı kiçik ölçülü dəliyin içərisindən qara rəngli sellofan bağlamaya bükülmüş 04 ədəd qara rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,949qr; -1,140 qr; -1,288qr və - 1,160 olmaqla ümumi təmiz çəkisi -4,537 qram olan, Şahid5 üzərindən aşkar edilmiş heroin narkotik vasitəsilə eyni tərkibli narkotik vasitə heroin və üzərində həmin narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə Qazaxıstan Respublikasına getmək üçün Bakı Beynəlxalq Hava Limamina getmişdir. Orada sənədlərini yoxlayarkən onun barəsində Astara rayon polis şöbəsi tərəfindən məhdudiyyət qoyulduğunu deyib orada saxlamışlar. Bir neçə saat sonra Astara rayon polis şöbəsinin işçiləri gəlib onu Astara RPŞ-yə gətirmişlər. Polis şöbəsinedə üzərinə baxış keçirilərkən üzərindən heç nə aşkar olunmamışdır. Heç vaxt heç kəsə narkotik vasitə satmamışdır. Bir dəfə tanışı Şahid5la birlikdə narkotik vasitə istifadə etmişlər, həmin narkotik vasitəsini də o təşkil etmişdir. Polis əməkdaşlarının Astara rayonu Şahağacı kəndində yerləşən dəniz kənarı boş ərazidə yerləşən yarımtikilinin arxa tərəfindəki mişar daşından inşa edilmiş hasarda daşların arasından bükümlərdə olan narkotik vasitə və bir ədəd elektron tərəzi ona məxsus olmamış və kim tərəfindən qoulmasından məlumatı yoxdur. Şahid5 üzərindən aşkar olunmuş narkotik vasitəsinin onun tərəfindən satmağını deməsinin səbəbi onun polislər tərəfindən məcbur edilməsi olmuşdur. Heç kəsə narkotik vasitə satmamış, heç kəslə narkotik vasitələrinin satışı ilə bağlı danışığı olmamışdır. Polis şöbəsində təzyiqlərə məruz qaldığı üçün məcbur qalıb etirafedici ifadə vermiş və sənədlərə imza etmişdir. Günahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur, həmin ifadədə o, 2023-cü ilin yanvar ayında İran İslam Respublikası vətəndaşından 300 manat müqabilində 10 qram çəkidə “kakos” aldlanan narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitəni özündə olan elektron tərəzidə ölçüb xırda qızılı kağız və qara rəngli sellofan bükümlərdə qablaşdırmışdır. Bir neçə gün sonra Astara şəhər sakini Şahid5 ona zəng edib heroin istədiyini bildirmişdir. O da Eminə gəlib götürməsini demişdir. Şahid5 xx.xx.2023-cü il tarixdə səhər saatlarında Astara rayonu, Kələdəhnə kəndinə körpünün yanına gəlmişdir. Həmin vaxt o, Şahid5 3 ədəd kağız bükümdə heroin vermişdir. Həmin vaxt Emin ondan aldığı heroinləri tərəzidə çəkdikdən sonra heroinləri götürüb ona qarşılığında 15 manat pul vermişdir. Qalan narkotik vasitəni isə sata bilmədiyi üçün özü istifadə etmişdir. Həmin narkotik vasitədən onda 4 ədəd sellofan büküm qalmışdır. Tutulmazdan bir neçə gün əvvəl həmin narkotik vasitələri və elektron tərəzini Astara rayonu Şahağacı kəndində sahibsiz bir yarımtikili tapıb orada gizlətmişdir. Bundan sonra işləmək üçün Qazaxıstan Respublikasına getməyi qərara almışdır. Daha sonra o, Qazaxıstan Respublikasına getmək üçün Bakı Beynəlxalq Hava Limamina getmişdir. Orada sənədlərini yoxlayarkən onun barəsində Astara rayon polis şöbəsi tərəfindən məhdudiyyət qoyulduğunu deyib orada saxlamışlar. Bir neçə saat sonra Astara rayon polis şöbəsinin işçiləri gəlib onu Astara RPŞ-yə gətirmişlər. O, ifadə verərkən səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Şübhəli şəxs kimi tutulduqdan sonra narkotik vasitələri gizlətdiyi yerə baxış keçirilməsi üçün həmin yerə getmişlər. Daha sonra Astara rayonu Şahağacı kəndində dəniz kənarı yerdə yerləşən sahibsiz tikilidəki həmin yerə, polis işçilərinin, müdafiəçinin və onun iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı o, bir müddət əvvəl gizlətdiyi narkotik vasitələr olan heroinin yerini göstərmişdir. Daha sonra həmin narkotik vasitələr aşkar olunaraq götürülüb qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının ortalarında Astara şəhərində tanışı Şahid6 qurudulmuş marixuana satmışdır. Həmin narkotik vasitəni isə Lənkəran şəhərindən tanımadığı şəxsdən almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Astara rayonu Şahağacı kəndində yerləşən dəniz kənarı boş ərazidə yerləşən yarımtikilinin hasarında daşların arasından aşkar olunan narkotik vasitə və bir ədəd elektron tərəzi ona məxsus olmaması, heç kəsə narkotik vasitə satmaması, polis şöbəsində təziqlərə məruz qaldığı üçün məcbur qalıb etirafedici ifadə verməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Astara rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Astara şəhər sakini, Təqsirləndirilən şəxs müəyyən edilərək gətirilməsi üçün verilmiş əməliyyat tapşırığına əsasən 10 aprel 2023-cü il tarixdə həmin şəxsi müəyyən edib istintaq orqanına gətirilməsi tərəfindən təmin edilərək dindirilməsi üçün istintaq orqanına təqdim edilmişdir. Təqsirləndirilən şəxs dindirildikdən sonra şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra onun narkotik vasitə gizlətdiyi yerə baxış keçirilməsi üçün onun təklifi ilə Astara rayonu Şahağacı kəndində yerləşən dəniz kənarı boş əraziyə getmişlər. Baxışda polis şöbəsinin digər əməkdaşları və müdafiəçi də iştirak etmiş və baxış video çəkiliş vasitəsi ilə aparılmışdır. Həmin vaxt orada olan yarımtikiliyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yarımtikilinin arxa tərəfindəki mişar daşından inşa edilmiş hasar istiqamətdə gedərək həmin hasarda daşların arasında yaranmış kiçik ölçülü dəliyi göstərib narkotik vasitələri orada gizlətdiyini bildirmişdir. Onun gizlətdiyi maddələr oradan çıxarıldıqda həmin qara rəngli sellofan torbanın içərisində qara rəngli sellofan kəsiyində 04 ədəd kiçik ölçülü büküm və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin və elektron tərəzinin özünə məxsus olduğunu, bükümlərin içərisində el arasında «kakos» adlanan narkotik vasitə heroin olduğunu onları bir neçə gün əvvəl qoyduğunu bildirmişdir. Bundan sonra bükümlər açıldıqda onun narkotik vasitə heroinə bənzər kütlə olması aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr və 01 ədəd elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları təstiq etmişlər. İşi üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 17 fevral 2023-cü il tarixdə Astara rayonu, Kələdəhnə kəndində məhlədə olan zaman orada Təqsirləndirilən şəxs görmüş və onda “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olub olmadığını soruşduqda İlyas onda nəşə olduğunu bildirmiş, o da İlyasa 5 manat pul verərək İlyasdan bir ədəd siqaret qutusunda qurudumuş marixuana alaraq evə getmişdir. Bundan bir neçə saat sonra polis əməkdaşları onu saxlamışlar, o, da marixuananı İlyasdan 5 manata aldığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edirmiş. Təqsirləndirilən şəxsı tanıyır, ondan heç vaxt narkotik vasitə almamışdır. İstər istintaq zamanı istərsə də barəsində CM-in 234.1-ci maddəsi ilə işə baxılarkən məhkəmədə İlyasdan narkotik vasitə almasını deməmişdir. Şahid5 məhkəmə baxışında və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun barəsində olan ibtidai istintaq vaxtı verdiyi ifadəsi və barəsində olan Astara Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə olan ifadəsi elan olunmuşdur. Həmin ifadələrində o göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs zəng edərək heroin istədiyini demişdir. İlyas ona heroin satacağı ilə razılaşdıqdan sonra onunla Kələdəhnə kəndində körpünün yaxınlığında görüşüb ondan 15 manata üç bükümdə heroin almışdır. Məhkəmə Şahid5 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatlar obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və Təqsirləndirilən şəxs müdafiə xarakteri daşımağa cəhd kimi qiymətləndirir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 11 aprel 2023cü il tarixli, 19/446 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,949 qr; - 1,140 qr; -1,288 qr; -1,160 qram: ümumi təmiz çəkisi: 4,537 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə herolinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatından sonrakı qalıq heroin narkotik vasitə 4,337 qram təşkil edir. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 aprel 2023-cü il tarixli, 131 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Şahid6 17 fevral 2023-cü il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 15 radələrində Astara şəhəri Səməd Vurğun küçəsində saxlanılıb Astara RPŞ-nin inzibati binasına gətirilmiş və Astara RPŞ-də xidməti iş otaqlarının birində videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı o, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etmiş, aşkar olunan kütlə elektron tərəzidə çəkildikdən sonra 14,17 qram olması müəyyən edilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq «DİN Zərflər üçün № 84» möhürü ilə möhürlənmiş, Şahid6la aparılan şifahi sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş bir ədəd siqaret qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı İlhamın oğlu İlyas adlı şəxsdən 05 manata aldığını bildirmişdi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 18 fevral 2023-cü il tarixli, 19/209 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər sakini Şahid6 üzərindən aşkar olunmuş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd siqaret qutusunda təmiz çəkisi 10,221 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Şahid5 qara rəngli gödəkcənin sağ yan cibindən içərisində naroktik vasitə heroin olan üç ədəd qızılı rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 20 iyun 2023-cü il tarixli, 19/618 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid5 məxsus 3 büküm heroin və 1 ədəd elektron tərəzi №-19/28...” və “Təqsirləndirilən şəxs gizlətdiyi yerdən aşkar edilmiş 4 büküm və 1 ədəd elektron tərəzi Rəy №-19/446....” sözlər və imzalar olan iki ədəd zərfdəki ümumilikdə 7 büküm heroinlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının 13 aprel 2023-cü il tarixli, 428 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli “baxış keçirtmə və götürmə aparılması haqqında” protokoldan və məhkəmə zamanı tədqiq edilmiş videogörüntülərdən müəyyən olunur ki, Astara rayonu Şahağacı kəndində yerləşən dəniz kənarı boş ərazidə yerləşən yarımtikilinin arxa tərəfindəki mişar daşından inşa edilmiş hasarda daşların arasında yaranmış kiçik ölçülü dəliyin içərisindən qara rəngli sellofan bağlamaya bükülmüş 04 ədəd qara rəngli sellofan kəsiyi bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmin maddələr Təqsirləndirilən şəxs göstərməsi ilə aşkar edilmişdir. İş materiallarında olan 10 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə ekspertiza tədqiqatından sonrakı qalıq 4,287 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmişdir. Həmin tarixli qərarla Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi yerə baxış keçirilməsi barədə çəkilmiş videogörüntünün yazıldığı bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Astara rayon məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarı ilə , Təqsirləndirilən şəxs barəsində 10 aprel 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 03 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətə intizam xarakterili hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, məhkumluğu yoxdur. İş materiallarında olan 11 aprel 2023-cü il tarixli Astara şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara şəhəri, S.Vurğun küçəsi 329-da qeydiyyatdadır, ailə tərkibi ata, anası və qardaşından ibarətdir. Yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, 0,888 qram heroini 09 yanvar 2023-cü il tarixdə Şahid5 15 manata satmış, bundan başqa 10,221 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 17 fevral 2023-cü il tarixdə Şahid6 5 manata satmış, həmçinin ümumi təmiz çəkisi 4,537 qramı narkotik vasitə – heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, gənc olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs oğlu törətdiyi əmələ görə CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Astara RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 4,287 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasınına dair videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 10 aprel 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq – Astara RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 4,287 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılmasınına dair videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar