Məhkəmə qərarları › İş №1(099)-635/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-635/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-635/2023 13.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X21, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxxxxx 1988-ci ildə Neftçala rayonunun Aşağı Surra kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, “ERS” şirkətində operator vəzifəsində işləmiş, Neftçala rayonunun Aşağı Surra kəndində qeydiyyatda olmaqla orada yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-31,370 qram narkotik vasitə olan heroin əldə etmiş, saxlamış və həmin maddəni üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 09 aprel 2023-cü il tarixdə, saat 19:30 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Neftçala rayonunun Aşağı Surra kəndində, yaşadığı evin yaxınlığında küçədə saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcəsinin cibindən bir ədəd bükümdə külli miqdarda-31,370 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində biri xəstə olmaqla üç azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Neftçala rayonunun Aşağı Surra kəndində qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “ERS” şirkətində operator (çilingər) işləməklə aylıq təxminən 800 (səkkiz yüz) manat əmək haqqı almışdır. Ona verilmiş ittihamda göstərilənlər tamamilə əsassızdır. O, dini ibadətlə məşğul olmuş, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamış, hətta siqaret belə çəkməmişdir. 09 aprel 2023-cü il tarixdə, saat 19:30 radələrində yaşadığı evdə olarkən Neftçala RPŞ-nin 7-8 nəfər əməkdaşı onun yaşadığı evə gəlmişlər. Həmin vaxt evdə ailə üzvləri olmuş, həmçinin o, evin içində birinci mərtəbədə olmaqla əynində qısaqol köynək və idman şalvarı, ayağında isə ev şəpiyi olmuşdur. Polis əməkdaşları ona Neftçala RPŞnin rəisinin yanına getməli olduğunu demiş, o, bunun səbəbini soruşduqda bilmədiklərini bildirmişlər. Əynində ev paltarı olduğundan o, əyninə başqa paltar geyinməsinə icazə istəmiş, üzdən tanıdığı, adını bilmədiyi polis əməkdaşı ona icazə vermiş və o, evin ikinci mərtəbəsinə qalxıb yataq otağında əyninə şalvar, köynək və gödəkcə-montunu geyinib aşağı düşmüşdür. Sonra polis əməkdaşları onu tutub “Jiquli” markalı avtomobilə oturdub Neftçala RPŞ-nə aparmışlar. Onun evindən dediyi qaydada polislər tərəfindən tutulub aparılmasını anası Xədicə, qardaşı Murad, arvadı Nərmin, qonşuları Şəhla və Bahar şahidi olmuşlar. Polis Şöbəsində o, Cəbrayıl adlı rəis müavinin otağına aparılmış, rəis müavini deyilən həmin şəxs ona “dindar olduğun üçün sənin tutulmağına yuxarıdan göstəriş veriblər” deyib bir ədəd qara rəngli sellofanda olan narkotik maddəni onun əynindəki gödəkcənin-montunun yan cibinə qoyub “nə özünü incit, nə də bizi, üzərinə baxış keçiriləndə de ki, bu narkotik heroindir, tanımadığım şəxsdən öz istifadəm üçün almışam. Əks halda səni cəsusluqda ittiham edəcəyik, əlli-ayaqlı gedəcəksən” bildirmiş, o da daha ağır cinayətdə ittiham oluna biləcəyindən qorxub bu təkliflə razılaşmışdır. Bundan sonra vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı əynindəki gödəkcənin yan cibindən bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Orada olan polis əməkdaşları həmin maddənin heroin olduğunu bildirmişlər. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş kütləni küçədən tapdığını və üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməsə də, ona qarşı dediyi qaydada psixi təzyiqlər olduğu üçün o, əvvəldən üzərinə qoyulmuş narkotik maddənin özünə məxsus olmasını deməyə məcbur olmuşdur. Sonra polis əməkdaşları tərəfindən həmin narkotik maddə (heroin kütləsi) qablaşdırılıb götürülmüş, daha sonra isə sənədləşmə aparılmışdır. Üzərində aşkar olunmuş narkotik maddə (heroin) ona məxsus deyil, həmin narkotik maddəni (heroini) cibinə polis əməkdaşı qoymuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş narkotik maddə ilə (heroinlə) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Neftçala RPŞ-nin əməkdaşıdır. 09 aprel 2023-cü il tarixdə ona, Neftçala rayonunun Aşağı Surra kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, axşam saat 19 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Neftçala rayonunun Aşağı Surra kəndində, yaşadığı evin yaxınlığında, küçədə saxlanılıb ona qanunsuz olaraq narkotik maddə əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Taryel Əmirov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən bir ədəd bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütləni (heroini) yerdən tapdığını bildirmişdir. Aşkar olunmuş heroinə oxşar kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra şəxsi axtarışla bağlı protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs narkotik maddəni kimdən alması və kiməsə narkotik maddə satması barədə onda konkret məlumatlar yoxdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin o, Neftçala RPŞnin rəisinin müavinin yanına aparılmamış, saxlandıqdan sonra təhqiqatçının otağına (yanına) aparılıb üzərində şəxsi axtarış keçirilmiş və üzərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid4 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. 09 aprel 2023-cü il tarixdə, saat 19:30 radələrində yaşadığı evdə olarkən mülki geyimli 7-8 nəfər polis onun yaşadığı evə gəlmişlər. Həmin vaxt oğlu Məftun və ailənin digər üzvləri evdə olmuşlar. Polis əməkdaşları səbəbini demədən oğluna polis şöbəsinə getməli olduğunu bildirmiş, sonra oğlu Məftun bir nəfər polis əməkdaşının icazəsi ilə evin 2-ci mərtəbəsinə qalxıb əynindəki ev paltarlarını dəyişmiş, həm də əyninə gödəkcə geymiş, sonra polis əməkdaşları Məftunu “Jiquli” markalı avtomobilə oturdub Neftçala RPŞ-nə aparmışlar. Sonra ona məlum olmuşdur ki, oğlu Məftun narkotiklə bağlı tutulmuşdur. Oğlu Məftun dini ibadətlə məşğul olmuş, hər hansı zərərli vərdişlərdən, o cümlədən narkotik vasitələrdən istifadə etməsi halları olmamışdır. O, hesab edir ki, polis şöbəsinə aparıldıqdan sonra oğlu Məftunun üzərində aşkar olunmuş narkotik maddə ona (Təqsirləndirilən şəxs) aid deyil, həmin narkotik maddə oğlu Məftunun cibinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Həmçinin yaşadığı evdə axtarış zamanı aşkar olunmuş dini ədəbiyyata aid kitablar özünə məxsus olmaqla o, həmin kitabları müxtəlif yerlərdən əldə etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər X12, X10, X15 və X13 şahid Xədicə Nağıyevanın ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Neftçala RPŞ-nin əməkdaşının 09 aprel 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Neftçala rayonunun Aşağı Surra kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satması ilə məşğul olması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 09 aprel 2023-cü il tarixdə, saat 19:30-da Neftçala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Neftçala rayonunun Aşağı Surra kəndində, yaşadığı evin yaxınlığında küçədə saxlanıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 09 aprel 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Neftçala RPŞ-nin TB-nin təhqiqatçısı Taryel Əmirov tərəfindən müdafiəçi Seymur Abdullayevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin cibindən bir ədəd bükümdə heroinə oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 10 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 31,370 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 31,320 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Əşyanı maddi sübut kimi tanıma haqqında” 27 aprel 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 31,320 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Neftçala RPŞnin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olub, lakin asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur və məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi xəstəxanasının narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Axtarış və götürmə aparılması haqqında” 16 may 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, məhkəmənin 01 may 2023-cü il tarixli qərarına əsasən (Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlaması ehtimalı əsası ilə) 16 may 2023-cü il tarixdə istintaq orqanı tərəfindən şəxs Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonunun Aşağı Surra kəndindəki yaşayış evində və evin həyətyanı sahəsində yardımçı tiklilərdə axtarış aparılmış və axtarış zamanı evdən dini ədəbiyyata aid materiallar-Əyyamullah (İİ cild), İslamda nümunəvi qadınlar-Fatimə, Bağdad Mətinin toplantısı, 3 ədəd fotoşəkil (X25, Qasim Süleymani və Cabir ibn Həyyan), Günəşin hekayəti, İmam Hüseynin qiyamı və onu doğuran səbəblər, İslam Mötədilliyi, Kəlimati Qisar-hikmətli və nəsihətli sözlər, 40 mövzu-40 qət, Surələr Gülüstanı, Dörd Risalə, Sahibəzzaman, Bəqərə surəsinin təfsiri, Şəriət hökmlərinin izahı, Əl-Müraciət, Şəri şullara cavablar (İİ cild), Şəriətin məqsədləri, Orucun hökmləri, Fatimə-dünyanın ən üstün qadını, O gələcək-həzrəti məhdidən nəql olunan 40 hədis və onun şərhi, Həcc, İslam maarifi, Örpək, 250 yaşlı insan, Təfsir-nümunə-Vİİ cild Nisa surəsi, On üç yaşında, İslamın gizli qalmış həqiqətləri, Şərafətli insanların xüsusiyyətləri, Dini sullara cavablar, İmam Əli əleyhissəlamın təcavüzkarlar, müharibədən qaçanlar və beytül-malı nahaq yeyənlər ilə rəftarı, Fatimeyi-Zəhranın xütbəsi, Məhdinin qiyamı və inqilabı, İmam Riza əleyhissalamm həyatı, Parlayan Günəş, Nur Təfsiri-yeddinci cild, X5 prinsipləri, Namazı belə qılaq, Hacılar üçün müsəvvər kitab, İmam Əlinin vilayəti, X26 ibn Əbutalib, İmam Hüseyn barəsində hədislər, Aşura, Pişavər Gecələri kitabları aşkar edilib götürülmüşdür. İşdə olan, məhkəmə-dinşünaslıq ekspertizasının 31 may 2023-cü il tarixli və əlavə məhkəmə-dinşünaslıq ekspertizasının 23 iyun 2023-cü il tarixli rəyləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs evindən götürülmüş və dinşünaslıq ekspertizasına təqdim edilmiş dini ədəbiyyat nümunələri-X27 Xamanei. “Şəri suallara cavabla” (2 cild), X16. “Kəlimati- Qisar”, Əli Hicrani. “İslamın gizli qalmış həqiqətləri”, Muqatil ibn Ətiyyə əl-Kubra. “Bağdad alimlərinin toplantısı” kitabları Azərbaycan Respublikası hüdudları daxilində yayılması məqsədəuyğun olmayan dini ədəbiyyata aiddir, digər kitablar ölkədə yayılması məqsədəuyğun olmayan dini ədəbiyyat nümunəsi sayılmır. Eyni zamanda X28 və Qasım Süleymaninin fotoşəkilləri dini təyinatlı material hesab olunmur. Habelə ekspertizasıya təqdim edilmiş dini ədəbiyyat nümunələrində dini ekstremizm, dini düşmənçilik, dini radikalizm, dini anatizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi, qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması, həmin birləşmə və qruplarda iştirak edilməsi, terror fealiyyətinin həyata keçirilməsi, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edilməsi, milli və sosial nifrətin yaradılması, milli ləyaqətin alçaldılması, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsi, şəxsin hər hansı dinə və dini cərəyana etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsi, belə əməllərin törədilməsinə aşıq çağırışların edilməsi, dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması, dini ekstermizmin maliyyələşdirilməsi kimi faktlar və cümlələr yoxdur. Eyni zamanda X9 “Kəlimati-Qisar” kitabında dini nifrətin yaradılmasına yönələn fikirlər mövcuddur. Aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 300 (üç yüz) manat təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 14 iyul 2023-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublbikası CM-nin 167-2 (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma) və 167-3-cü (Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə) maddələrində nəzərdə tutulmuş cinayət əməli kimi qiymətləndirilməmiş, habelə istintaq orqanı tərəfindən götürülmüş dini kitablar Təqsirləndirilən şəxs anası X3 qaytarılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübut, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları onu yaşadığı kənddə küçədə yox, yaşadığı evdə olarkən tutub polis şöbəsinə aparmaları, polis şöbəsində Cəbrayıl adlı rəis müavinin ona “dindar olduğun üçün sənin tutulmağına yuxarıdan göstəriş veriblər” deyib bir ədəd bükümdə narkotik maddəni onun əynindəki gödəkcənin-montunun yan cibinə qoyması, daha sonra o, cibinə qoyulmuş narkotik maddənin özünə məxsus olmasını bildirməsi ona daha ağır ittihamın veriləcəyini ilə polis əməkdaşlarının ona qarşı psixi təzyiqlər etməsi və bu səbəbdən cibinə qoyulmuş narkotik maddənin özünə məxsus olmasını bildirməyə məcbur olması, üzərində aşkar olunmuş narrkotik maddənin (heroinin) ona məxsus olmaması və həmin narkotik maddəni (heroini) cibinə polis əməkdaşının qoyması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə (şəxsi axtarış zamanı o, üzərində aşkar olunmuş heroin kütləsinin özünə məxsus olmasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahidlər Xədicə Nağıyeva, Nərmin Nağıyeva, Murad Nağıyev, Bahar Nağıyeva və Şəhla Qarayevanın ifadələrində göstərdikləri xüsusatlar, yəni 09 aprel 2023cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə olarkən polis əməkdaşları tərəfindən tutulması, evdə olduğu müddətdə Təqsirləndirilən şəxs bir nəfər polis əməkdaşının icazəsi ilə evin 2-ci mərtəsinə qalxıb əynindəki ev paltarlarını dəyişməsi, həm də əyninə gödəkcə geyinməsi, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik maddənin ona (Təqsirləndirilən şəxs) aid olmaması, həmin maddəni Təqsirləndirilən şəxs cibinə polis əməkdaşları tərəfindən qoyulmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə (şəxsi axtarış zamanı o, üzərində aşkar olunmuş heroin kütləsinin özünə məxsus olmasını göstərmişdir) təkzib olunduğundan məhkəmə şahidlər Xədicə Nağıyeva, Nərmin Nağıyeva, Murad Nağıyev, Bahar Nağıyeva və Şəhla Qarayevanın ifadələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri yaxın qohum və qonşu olan Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə öz mülahizələrə uyğun verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 31,370 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda heroin əldə etməsi və həmin maddəni üzərində saxlayıb yaşadığı ərazidə küçədə daşıması onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroini əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Neftçala Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Neftçala rayonu, Aşağı Surra kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 12 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Neftçala rayonunun Aşağı Surra kəndində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə müsbət (yaşadığı ərazidə tərbiyəli, əxlaqlı, işgüzar şəxs kimi tanınmış, səmimiliyi və zəhmətsevərliyi kənd əhalisi arasında ona dərin hörmət qazındırmış və ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. Habelə Neftçala rayonu, Aşağı Surra kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 31 oktyabr 2023-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində uşaqları-10 avqust 2014-cü il təvəllüdlü X4, 29 sentyabr 2015-ci il təvəllüdlü X11 və 15 iyun 2020-ci il təvəllüdlü X8 vardır. Habelə Təqsirləndirilən şəxs himayəsində olan azyaşlı uşağı X4 “serebral iflic” diaqnozu ilə xəstədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə xəstəxananın narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Neftçala RPŞ-nin maddi sübutlar otağında saxlanılan 31,320 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X6 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-349 (üç yüz qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə xəstəxananın narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Neftçala Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 31,320 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-349 (üç yüz qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar