Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-636/2022 24.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmiov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1968-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay 18 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Lənkəran şəhəri İ.Babayev küçəsi 11 saylı evdə qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında vüdeokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə əvvəllər cəzaçəkmə müəssisəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Fərhad adlı şəxslə 2022-ci ilin iyun ayında qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan Fərhad adlı şəxs tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə etdikləri 03 ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 411,336 qram, 215,917 qram və 80, 274 qram, ümumi təmiz çəkisi 707,527 qram olub külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə heroini, 1 ədəd bükülüdə təmiz çəkisi -203,620 qram olub külli miqdar təşkil edən ağ rəngli kristal formada psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və şəraitdə İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirməklə Lənkəran rayonu, Göyşaban kəndinə gətirib, “Panorama” adlı restoranın yaxınlığında yolun kənarında gizlədərək həmin narkotik vasitələri və psixotrop maddəni gizlətdiyi yer barədə ona məlumat verdikdən sonra Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində “Panorama” adlı restoranın yaxınlığına gedib, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini gizlədildiyi yerdən götürüb əldə etdikdən sonra əynində olan şalvarın sol yan cibinə qoyub üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməkdaşlarının 14 iyun 2022-ci il tarixdə saat 22:45 radələrində keçirdikləri əməliyyat tədbirləri zamanı Lənkəran rayonu, Göyşaban kəndində, küçədə hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən regional şöbənin inzibati binasına gətirildikdən sonra razılığı ilə əynində olan şalvarın sol yan cibindən ağ rəngli sellofan torbanın içərisindən göstərilən çəkilərdə və bükülülərdə külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o əvvəllər cəzaçəkmə müəssisəsində cəza çəkərkən iran vətəndaşı ona Fərhad adlı şəxsin telefon nömrəsini vermişdir. 2022-ci ilin iyun ayında o Fərhadla telefonla danışaraq ondan öz istifadəsi üçün 50 qram heroin istəmişdir. Sonra da Fərhad ona zəng edərək narkotik vasitəni Lənkəran rayonu Göyüşaban kəndində yerləşən Panarama restoranının yaxınlığında olan inək şəkilli plakatın altında gizlədildiyini dediyindən o 14 iyun 2022-ci il tarixdə saat təxminən 10 radələrində həmin yerə getmiş, lakin narkotiki tapa bilməmiş və iranlıya zəng edərək malın orada olmadığını demişdir. Həmin vaxt əməliyyatçılar oraya gələrək onu tutub, narkotiklərlə mübarizə idarəsinin regional şöbəsinə aparıb, bir ədəd bağlamanı onun cibinə qoymuşlar. Sonra da vəkilin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmiş və əynindəki şalvarının cibindən bir ədəd torba götürülmüşdür. Torbada isə 3-4 ədəd bükülülərdə maddələr aşkar edilmişdir. Həmin maddələr ona məxsus olmamışdır. İranlı ona 50 qram heroin göndərməli, o da 50 qram heroini götürdükdən sonra pulunu iranlının kartına ödəməli idi. O ifadəsində daha sonra göstərmişdir ki, iranlı qabaqcadan narkotiki qoyacağı yerin şəklini onun telefonuna göndərmişdir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o 2017-2018-ci illərdə cəzaçəkmə müəssisəsində olarkən hal-hazırda adını xatırlamadığı İran vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs ona Fərhad adlı başqa İran vətəndaşının nömrəsini vermişdir. Həmin vaxtdan onun nömrəsini özündə saxlamışdır. 2022-ci ilin iyun ayının əvvəllərində Fərhad adlı İranlının nömrəsinə “WhatsApp” vasitəsilə zəng etmiş və ondan öz istifadəsi üçün kakos deyilən narkotik vasitə heroin istəmişdir. Fərhad da ona heroin verməyi qəbul etmiş, bunun qarşılığında ondan istəmişdir ki, onun göndərəcəyi narkotik vasitələri götürüb onun deyəcəyi yerdə qoysun. Bunu edəcəyi təqdirdə ona 50 qram heroini pulsuz verəcəkmiş. Fərhadın bu təklifi ilə razılaşmış, Fərhad adlı şəxs sonrakı günlərdə bu barədə ona məlumat verəcəyini bildirmişdir. 14 iyun 2022-ci il tarixdə, günorta radələrində Fərhad ona zəng edərək həmin gün, saat 22 radələrində Lənkəran rayonu, Göyşaban kəndində yerləşən Panorama adlı restoranın yaxınlığında narkotik vasitə qoyduracağını, həmin narkotiki götürüb özündə saxlamağını, harada qoyacağını isə sonradan ona deyəcəyini bildirmişdir. Əvvəllər məhkum olunduğu üçün polisin nəzarətində ola biləcəyini düşünmüş və Fərhad adlı şəxslə olan “WhatsApp” zənglərini silmişdir. Həmin gün saat 22:30 radələrində Göyşaban kəndində yerləşən Panorama adlı restoranın yaxınlığına getmişdir. Orada yolun kənarında sellofan paket olduğunu görmüşdür, paketi götürüb içərisinə baxdıqda narkotik vasitəyə bənzər kütlələr olduğunu gördükdən sonra həmin sellofan paketi şalvarının sol yan cibinə qoymuşdur. Elə bir neçə addım getdikdən sonra bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına müqavimət göstərməyin mənasız olduğunu başa düşmüş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına vəkil Ədalət Muradov təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi ona bildirilmişdir. O da əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan paketi təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyim paketin içərisinə baxış keçirilmiş və üç ədəd bağlamada olan heroin, bir ədəd bağlamada olan metamfetamin aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisindəki kütlələr heroin və metamfetamindir, həmin bükümləri Fərhad adlı İranlı göndərmişdir, həmin kütlələrdən 50 qramını öz istifadəsi üçün götürəcəkmiş, qalanını isə Fərhadın ona deyəcəyi yerdə qoyacaqmış. Fərhad ilk dəfə narkotik göndərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməlinin törətməsi özünün məhkəmədə tədqiq edilmiş vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti porotokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşıması, saxlaması və satması barədə əməliyyat məlumatı onun icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə daxil olmuş əməliyyat məlumatı şöbə rəisinə məruzə edilmiş, tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və bundan sonra şöbə rəisi tərəfindən imzalanmış əmrə əsasən əməliyyat qrupu yaradılmışdır. 14 iyun 2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Göyşaban kəndində yerləşən “Panorama” adlı restoranın yaxınlığında küçədə saxlayaraq polis şöbəsinə aparmışlar. Şöbədə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o da şalvarın sol yan aşağı cibindən bir ədəd sellofan torba çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə kakos, yəni heroin və şüşə, yəni metamfetamin olduğunu bildirmişdir. Baxış keçirilərkən üç ədəd bükülülərdə heroinə, bir ədəd bükülüdə isə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsnin üzərinə baxış keçirilmiş və heç bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. O sorğu edilərkən üzərindən aşkar edilmiş heroini və metamfetamini Fərhad adlı İran İslam Respublikası vətəndaşının göndərdiyini, heroindən 50 qramını istifadə etmək üçün ona göndərdiyini, qalan hissəsini isə Fərhadın deyəcəyi yerə qoyacağını bildirmişdir. Sonra da heroin və metamfetaminə oxşar maddələr çəkilərək qablaşdırılmış və bu barədə protokol tərtib olunmuş, protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və sonra ona hər hansı təsir və təzyiq olunmamışdır. Dindirilmiş şahidlər Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə verdilər. Cinayət işinin materiallarında olan videoçəkilişlə keçirilmiş 14 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 03 ədəd bükülülərdə narkotik vasitə olan heroin və 01 ədəd bükülüdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin 03 ədəd bükülüdə narkotik vasitə olan heroinin çəkisi 790 qram, 01 ədəd bükülüdə psixotrop maddə metamfetaminin çəkisi 250 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 2017-2018-ci il tarixlərdə həbsdə olarkən tanış olduğu Fərhad adlı İran İslam Respublikası vətəndaşı göndərmiş, göndərilən heroindən 50 qramını o öz istifadəsi üçün götürəçəkmiş, qalan hissəsini isə Fərhad adlı şəxsin deyəcəyi yerdə qoyacaqmış. Fərhad adlı şəxs ilk dəfə onun üçün narkotik vasitə göndərmiş, bu barədə heç kimin məlumatı olmamışdır. Məhkəmədə qeyd edilən istintaq hərəkətinin köçürüldüyü CD diskdə olan görüntülər nümayiş etdirilmiş və həmin görüntülərdə də 14 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd edilənlər öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan Lənkəran rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirinin keçirilməsinə dair Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 14 iyun 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 iyun 2022ci il tarixli 19/701 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxsun təqdim etdiyi 03 büküm heroinə bənzər kütlələr, 1 büküm metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan paketdəki, 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -411,336 qram, -215,917 qram, -80,274 qram, ümumi təmiz çəkisi -707,527 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər və 01 ədəd bükümdə, təmiz çəkisi -203,620 qram olan ağ rəngli kristal şəkilli olan maddə metamfetamindir. İşdə olan ibtidai istintaq orqanının 11 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 707,377 qram narkotik vasitə heroin, qalıq çəkisi 203,57 qram psixotrop maddə metamfetamin və 01 ədəd CD disk cinayət maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, 14 iyun 2022-ci il tarixdə DİN-in BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul edir, həmçinin İran İslam Respublikasında yaşayan şəxslərlə əlbir olaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına göndərilən narkotik vasitə və psixotrop maddələri pul müqabilində ona deyilən yerlərdə qoyaraq gəlir əldə edir. İşdə olan ibtidai istintaq orqanının 20 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən hazırki cinayət işindən cinayətin digər iştirakçılarının barələrində CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraatda cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Narkotik vasitə heroinin və pisixotrop maddə meamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 707,527 qram narkotik vasitə heroin və 203,620 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından təxminən yüz dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs ilə cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların, o cümlədən Təqsirləndirilən şəxs niyyəti külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlərin və təqsirləndirilən şəxsin məhkəmədə tədiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, habelə həmin narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama, daşıma cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilib həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun əməli CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və şəxsiyyəti məlum olmayan İİR-nın vətəndaşı kimi özünü təqdim etmiş Fərhad adlı şəxs əvvəlcədən İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitəni göndərməsi və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs qəbul edib, Azərbaycan Respublikasında satması barədə razılaşmışlar. Həmin razılaşmadan sonra Fərhad adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına Təqsirləndirilən şəxs tanımadığı şəxs vasitəsi ilə göndərmiş və həmin narkotik vasitəni Lənkəran rayonu ərazisində qoydurmuş, Təqsirləndirilən şəxs da satış məqsədi ilə həmin narkotik vasitəni əldə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq qeyd edilən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ondan götürülmüşdür. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan Fərhad adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən bir qrup şəxsin icra etdiyi cinayət iştirakçılığın “bir qrup şəxs” və yaxud “qabaqcadan əlbir olan bir qrup şəxs” formalarını yaratmır. CM-nin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Qabaqcadan əlbir olan bir qrup şəxs”-i CM-nin 34.1-ci maddəsində göstərilən iştirakçılığın formasından fərqləndirilən yeganə cəhət də CM-nin 34.2-ci maddəsinə görə iştirakçılar (icraçılar) arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılaşmanın olmasıdır. Hazırki iş üzrə şəxsiyyəti məlum olmayan Fərhad adlı şəxs tərəfindən külli miqdarda narkotik vasitə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına gətirilmiş, yəni narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. Həmçinin müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmaya Fərhad adlı şəxs tərəfindən həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə gətirildikdən sonra əldə edib, saxlayıb Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran vətəndaşı Fərhad adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitəni əldə edib satışını təşkil etməsi ilə bağlı onunla əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənəndlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 1968-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Lənkəran şəhəri, İ.Babayev küçəsi 11 saylı evdə qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 14 iyun 2022-ci tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından və Lənkəran rayon məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmününü surətindən və 21 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Əliyev X2 rayon məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmünə əsasə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 4 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin məhkəmənin 21 dekabr 2021-ci il tarixli qərarına əsasən onun barəsində “Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azaldılaraq üzərində 08 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. O hazırki cinayəti törədərkən onun çəkilməmiş 02 ay 23 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Əliyev X2 rayon məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmünə əsasə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 4 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin məhkəmənin 21 dekabr 2021-ci il tarixli qərarına əsasən onun barəsində Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azaldılaraq üzərində 08 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. O hazırki cinayəti törədərkən onun üzərində çəkilməmiş 02 ay 23 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Göründüyü kimi bu hal CM-in 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivi halını yaratmır və CM-nin 61-ci maddəsinə əsasə onun cəzasını ağırlaşdıran hal kimi nəzərər alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hal olmaqla ağırlaşdıran halın olmamasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona təyin olunacaq cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin hökmü ilə təyin edilmiş 2 il 4 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 ay 23 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 ay 11 gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 14 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 707,377 qram narkotik vasitə heroin və qalıq çəkisi 203,57 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 65 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 318, 344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 2 il 4 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 ay 23 gününün iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 ay 11 gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona qəti cəza 10 (on) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 707,377 qram narkotik vasitə heroin və qalıq çəkisi 203,57 qram psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 65 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-636/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-636/2022
24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver