Məhkəmə qərarları › İş №1(099)-638/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-638/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-638/2022 07.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 20 avqust 1998-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Kövüzbulaq kəndində qeydiyyatda həmin ünvanda yaşamış, barəsində 20 iyul 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videkonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti müəyyən edilməmiş şəxslə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanılıb daşınaraq Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində «Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar» lövhəsinin yanında gizlədilmiş bir ədəd bükümdə təmiz çəkisi 3735,0 qram çəkidə narkotik vasitə tiryəki cinayətkar qrupun müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 18 iyul 2022-ci ildə saat 19:00 radələrində cinayətlər barədə xəbərsiz olan Şahid4 idarə etdiyi «VAZ 21011» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «X4 Kompleksi» inzibati binasının yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilərkən qeyd edilən narkotik vasitə bir ədəd şəffaf rəngli sellofan bağlamada olmaqla avtomobilin qabaq sağ oturacağının altından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının 17-dən 18-ə keçən gecə toy şənliyində olmuş, sonra Biləsuvar rayonunun Bəydili kəndində qeyri rəsmi münasibətdə olduğu Aytac adlı qızla görüşmək üçün həmin kəndə getmiş, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Elnur və Eldəniz adlı şəxslərin ona narkotik vasitə satmaq təklifindən imtina etdiyi üçün polis əməkdaşları tərəfindən şərələnərək tutulmuş, polis şöbəsində olarkən pəncərədən polis əməkdaşı Eldənizin əlində olan sumkanı şöbənin həyətində dayananan taksi sürücüsü Cahandarın avtomobilinə qoymasını görmüş, istintaq zamanı ifadələrinə müstəntiqin təsir və təzyiqi nəticəsində imza etmiş, narkotik vasitədən istifadə etməmiş, ittiham aktında göstərilənlər müstəntiqin uydurması olmaqla, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ətraflı ifadələr verərək göstərmişdir ki, «İnstagram» sosial şəbəkəsindən tanış olduğu İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsin göndərəcəyi narkotik vasitə tiryəki Biləsuvar rayonundan götürüb Bakı şəhərində ona deyəcəyi hər hansı bir yolun kənarına qoymasını, bunun müqabilində ona pul verəcəyini demiş, Məhəmmədin təklifini qəbul edib 18 iyul 2022-ci ildə saat 19 radələrində taksi fəaliyyəti ilə məşğul olan həmkəndisi Şahid4 məxsus avtomobillə Biləsuvar gömrük yoluna getmiş, yolda olarkən Məhəmməd gömrük yolunun kənarındakı plakatın şəklini çəkib telefonun vatsap proqramında ona göndərərək narkotik vasitə tiryəkin orada olduğunu bildirmiş, «Şuşa- Bəhrəmtəpə» sözü yazılan plakatın yanına çatıqda Cahandara maşını saxlatdıraraq maşından düşmüş, plakatın yanına gedib oradan içərisində narkotik vasitə olan bağlamanı götürüb avtomobilə oturmuş, maşına əyləşəndə Cahandar əlindəki sellofan torbada nə olduğunu soruşmuş, sonuncuya torbanın içərisində qablarında qızıl olduğunu demiş, oradan bir qədər uzaqlaşdıqdan sonra yol-patrul xidmətinin əməkdaşları tərəfindən maşınları saxlanılmış, həmin vaxt əlindəki bağlamanı oturacağının altında gizlətmiş, polis əməkdaşları polis şöbəsinə aparmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunsuz heç bir əşya aşkar olunmamış, sonra avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə olan bir ədəd bağlama aşkar olunaraq götürülmüş, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bağlamaya açılıb baxış keçirilərkə həmin bağlamanın içərisində tiryəkə bənzər narkotik vasitə olması müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Biləsuvar rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında 18 iyul 2022-ci ildə əməliyyat qrupu yaradılmış, həmin gün saat 18:50 radələrində Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan «VAZ 21011» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, Q.Həsənova küçəsində olan zaman əməliyyat müşahidəsinə götürülmüş, az sonra qeyd olunan avtomobil DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla sürücünün və Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onların üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, sonra avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı avtomobildən bir ədəd şəffaf rəngli sellfona bükülmüş bağlama aşkar edilərək götürülmüş, həmin bağlamaya baxış zamanı bağlamanın içərisindən tiryəkə bənzər narkotik vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olduğunu, şifahi sorğu zamanı sonuncu avtomobilin sürücüsü Şahid4 həmin narkotik vasitədən məlumatı və xəbəri olmadığını, narkotik vasitəni Məhəmməd adlı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, özünə məxsus «VAZ 21011» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 18 iyul 2022-ci ildə günorta saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs Biləsuvar rayonunda tanış qızın olduğunu, həmin qızdan qızıl-zinyət əşyaları götürmək üçün onu Biləsuvar rayonuna aparmasını xahiş etmiş, sonuncunu aparıb gətirməsi müqabilində 30 manat pula razılaşmış, yolda Təqsirləndirilən şəxs avtombili Biləsuvar gömrük yoluna sürdürmüş, yolun kənarında plakatın yanında olarkən sonuncu avtomobili saxlatdıraraq düşmüş, ona işlərinin alınmadığını deyərək getməsini demiş, bir az sonra Kənan ona işlərinin alınmadığını deyərək geri qayıtmasını istəmiş, geri qayıdırkən Kənan gəlib maşına əyləşmiş, həmin vaxt sonuncunun əlində sellofan torba olmuş, Kənan torbada qızıllar olduğunu demiş, maşını sürməyə davam etmiş, həmin yerdən bir az aralıda yolpatrul xidməti əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, sonra idarə etdiyi avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına maşında özünə məxsus narkotik vasitə olduğunu bildirmiş, avtomobilin qabaq hissəsində olan bir ədəd bağlama aşkar olunaraq götürülmüş, bağlamaya açılıb baxış keçirilən zaman bağlamanın içərisində tiryəkə bənzər narkotik vasitə olduğu müəyyən edilmiş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına həmin narkotik vasitənin ona məxsus olduğunu, narkotik vasitəni ona tanışı İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsin göndərdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, vət. X2 idarə etdiyi «VAZ 21011» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı avtomobilin ön sağ oturacağının alt hissəsindən bir ədəd şəffaf rəngli sellfona bükülmüş bağlama aşkar edilərək götürülmüş, həmin bağlamaya baxış keçirilərkən bağlamanın içərisindən 3835 qram tiryəkə bənzər narkotik vasitə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə ona məxsus olduğunu, sürücü Şahid4 həmin narkotik vasitədən məlumatı və xəbəri olmadığını, həmin narkotik vasitəni Məhəmməd adlı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Baxış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və sənədlər iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 19 iyul 2022-ci il tarixli 19/802 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şahid4 idarə etdiyi avtomobildən aşkar olunmuş Təqsirləndirilən şəxs məxsus narkotik vasitə...» sözlər və imzalar olan bir ədəd bağlamadakı 01 ədəd bükülüdə təmiz çəkisi-3735,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına» daxildir. (Siyahı İ). İş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərib təqdim etməklə bir daha təsdiq etmiş, bu barədə müvafiq protokol və fotocədvəl tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 25 avqust 2022-ci il tarixli 874 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının 02 avqust 2022-ci il tarixli 1055 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin psixonevroloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, vət. Şahid4 məxsus VAZ21011 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və 01 ədəd Samsunq markalı mobil telefon onun özünə təhvil verilmişdir. İş materiallarında olan qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3734,9 qram narkotik vasitə tiryək Biləsuvar rayon polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsini obyektiv ifadə kimi qəbul etmir və hesab edir ki, həmin ifadə işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçicinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini daha səmimi, düzgün, obyektiv, məntiqli ifadələr kimi qəbul edir, həmin ifadələrin işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir və onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzadan, başqa sözlə, onun cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə tiryək miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində saxlanıldığı vaxtdan, yəni 18 iyul 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Biləsuvarı rayon məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 18 iyul 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Ağayev X3 rayonunun Kövüzbulaq kəndində qeydiyyatda olmaqla valideynləri, qardaşları, heç bir yerdə işləməyən arvadı və bir azyaşlı uşağı ilə birgə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, ilk məhkumlugunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti madıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3734,9 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid4 məxsus VAZ21011 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və 01 ədəd Samsunq markalı mobil telefon aparatının özünə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 60 (altmış) Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılan 3734,9 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şahid4 məxsus VAZ21011 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və 01 ədəd Samsunq markalı mobil telefon aparatının özünə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar