Məhkəmə qərarları › İş №1(099)-639/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-639/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-639/2024 03.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində Hacıqabul Rayon Məhkəməsinin 12 aprel 2024-cü il tarixli qərarı ilə 04 ay müddətə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə etməklə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən əldə etdiyi 22 ədəd çətənə toxumunu istintaqa məlum olmayan tarixdə yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində qanunsuz olaraq əkərək, tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 22 ədəd çətənə (kannabis) bitkilərini yetişdirməklə və aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, 10 aprel 2024-cü il tarixdə, saat 12 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində onun aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etdiyi külli miqdarda 22 ədəd, 7,20 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisi Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindən aşkar edilərək kökündən çıxarılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir, 2024-cü ilin yanvar ayında Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi ilə gedən zaman yerdə diqqətini polietilen büküm cəlb etmiş, o, həmin polietilen bükümü açıb baxmış və içərisində əvvəlcədən tanıdığı çətənə tumlarının olduğunu görmüşdür. O, narkotik vasitədən istifadə etdiyi üçün toxumu tanımış və həmin polietilen bükümü cibinə qoyub yaşadığı evə gəlmiş, həmin toxumları əkmək qərarına gəlmiş və daha sonra yaşadığı evin həyətinin aşağı tərəfində 4 ədəd çətənə toxumunu səpmişdir. Bundan sonra Bakı şəhərinə getmişdir. Həmin müddətdə Hacıqabul rayonuna tez-tez yağış yağdığı üçün əkdiyi çətənə toxumları cücərmiş və çətənə şitilləri əmələ gəlmişdir. O, 22 deyil, cəmi 3-4 ədəd çətənə kolu əkmişdir, kolları kultivasiya etməmişdir, kolları öz istifadəsi üçün əkmişdir, polis əməkdaşları vəkil və aqronomun iştirakı ilə baxışdan əvvəl onun yaşadığı evdə olmuşlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, toxumları bağın həyətinə özü istifadə etmək üçün səpmişdir, Qarabağda usta işləyirdi, aşkar olunmuş 22 ədəd çətənə bitkisi onun toxumları səpdiyi yerdən bitmişdir, o, cəmi 4 ədəd toxum səpmişdir, ola bilsin ki, tozlanma nəticəsində artım olmuşdur, çətənə toxumlarını tutulmazdan təxminən 1 həftə əvvəl əkmişdir, aşkar olunmuş kollar təxmini 5-6 santimetr ölçüdə olmuşdur, polis əməkdaşları kolları onun gözü qarşısında çıxarmışlar, əkdiyi kollar kənardan görünməmişdir, yer sulanmışdır, kolları təxmini martın 25-i və ya 26-sı əkmişdir, kollara qulluq etməmişdir, səpdikdən sonra Bakı şəhərinə getmiş, aprelin 9-u qayıtmışdır, özünə məxsus telefon nömrəsini xatırlamır, o, Bakı şəhərində olarkən anası, arvadı və 3 azyaşlı övladı həmin evdə yaşamışdır, arada bacısı uşaqları da yaşadığı evə gəlibgetmişdir, ancaq heç kimin həyətdə çətənə kolları əkilməsindən məlumatı olmamışdır, 22 ədəd çətənə bitkisinin həyətində bitməsinə o, icazə verməzdi, ona görə ki, azyaşlı uşaqları vardır, yaşadığı ev onun nəzarətində olmuşdur, Bakı şəhərindən qayıtdıqdan sonra kollara baxmamışdır, fikirləşmişdir ki, hələ böyüməzlər, yaşadığı ünvan ünvan 3xniki səhv olaraq ev 1 yazılmışdır, videoçəkilişdəki ev yaşadığı ünvandır Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri mübahisələndirilən hissədə elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək, qeyd etmişdir ki, 2024-cü ilin yanvar ayında Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi ilə gedən zaman yerdə diqqətini polietilen büküm cəlb etmiş, o, həmin polietilen bükümü açıb baxmış və içərisində əvvəlcədən tanıdığı çətənə tumlarının olduğunu görmüşdür. O, narkotik vasitədən istifadə etdiyi üçün toxumu tanımış və həmin polietilen bükümü cibinə qoyub yaşadığı evə gəlmişdir. 2024-cü ilin aprel ayında o, həmin toxumları əkmək qərarına gəlmiş və 03 aprel 2024-cü il tarixdə yaşadığı evin həyətinin aşağı tərəfində həmin 22 ədəd çətənə toxumunu əkmişdir. Həmin müddətdə tez-tez yağış yağdığı üçün əkdiyi çətənə toxumları cücərmiş və çətənə şitilləri əmələ gəlmişdir. 10 aprel 2024-cü il tarixdə saat 12 radələrində o, Hacıqabul şəhəri, A.Abdullayev küçəsində polis əməkdaşları onun əkib-becərilməsi qanunla qadağan olunan narkotik tərkibli bitkiləri yaşadığı evin həyətində əkib-becərdiyi barədə onlarda məlumatın olduğunu bildirib onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər, orada vəkilin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmiş, narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra o, yaşadığı fərdi yaşayış evinin həyətinə polis əməkdaşlarının onunla birlikdə baxış keçirilməsinə heç bir etirazının olmadığı barədə Hacıqabul rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları onun, müdafiəçinin və mütəxəssisin iştirakı ilə onun yaşadığı fərdi yaşayış evinin həyətinə baxış keçirməyə başlamışlar. Orada polis əməkdaşları mütəxəssislə birlikdə onun əkdiyi çətənə bitkilərini aşkar edərək onlara baxış keçirtmiş və 22 ədəd çətənə bitkilərini sayıb yerdən çıxarmışlar. Bundan sonra çıxarılmış həmin narkotik tərkibli bitkilər yenidən sayılaraq qablaşdırılıb möhürlənmişdir. Polis əməkdaşı tərəfindən ona verilən suala cavab olaraq o, həmin bitkiləri şəxsi istfadə etməsi üçün əkdiyini, onları satmaq fikri olmadığını bildirmişdir. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib olunmuş və həmin protokol imzalarla təsdiq edilmişdir. O, həmçinin qeyd etmişdir ki, həmin həyətyanı sahə əmisi X3 məxsusdur. Həmin həyət əmisinə məxsus olsa da, o və ailə üzvləri həmin ünvanda qeydiyyatdadırlar və əmisi həmin həyətdə onların yaşamasına, istifadə etməsinə, həmçinin əkib-becərməsinə icazə vermişdir. O, ilk dəfə narkotik tərkibli bitki əkmiş, o, özü narkotik vasitələrin aludəçisi olduğu üçün istifadə etmək məqsədilə həmin bitkiləri əkmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrin aludəçisi olduğu üçün istifadə etmişdir. O, çətənə bitkisinin toxumlarını heç kimdən almamış, sadəcə olaraq Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsindən tapmış və bu barədə heç kimə bildirməmişdir. O, həmin bitkilərə xüsusi qulluq etməmişdir. Sadəcə olaraq o, həmin toxumları əkdikdən sonra tez-tez yağış yağdığı üçün həmin toxumlar yetişərək şitillər əmələ gəlmişdir. Bundan əlavə o, bildirmişdir ki, polis əməkdaşları ona yaxınlaşan vaxt, həyətyanı sahəyə baxış keçirilən zaman və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. (i.v. 72-74) Təqsirləndirilən şəxs həmçinin, ibtidai istintaqda əlavə ifadəsində, o, istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq edir. Hacıqabul rayon Məhkəməsi tərəfindən onun barəsində 4 ay həbs qətiimkan tədbiri seçiləndən sonra o, tutduğu əməldən peşman olmuş və yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində özünün istifadə etməsi üçün çətənə bitkisini əkməsindən boyun qaçırmaq üçün o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X1 rayon prokurorluğuna ərizə ilə müraciət edərək polis əməkdaşlarının ona qarşı qərəzli münasibət bəslədiklərini, həyətindən aşkar olunaraq götürülmüş 22 ədəd çətənə bitkisinin yabanı halda bitiyini, onun bundan xəbərinin olmadığını, həyətyanı sahəsinə baxış keçirilərkən ona təzyiq olunaraq video çəkliş aparıldığını bildirmişdir. Lakin bu belə deyil. 2024-cü ilin yanvar ayında o, Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi ilə gedən zaman yerdə diqqətini polietilen büküm cəlb etmiş, o, həmin polietilen bükümü açıb baxmış və içərisində əvvəlcədən tanıdığı çətənə tumlarının olduğunu görmüşdür. O, narkotik vasitədən istifadə etdiyi üçün toxumu tanımışdır. O, həmin polietilen bükümü cibinə qoyub yaşadığı evə gəlmişdir. 2024-cü ilin aprel ayında o, həmin toxumları əkmək qərarına gəlmiş və 03 aprel 2024-cü il tarixdə yaşadığı evin həyətinin aşağı tərəfində həmin 22 ədəd çətənə toxumunu əkmişdir. Həmin müddətdə tez-tez yağış yağdığı üçün əkdiyi çətənə toxumları cücərmiş və çətənə şitilləri əmələ gəlmişdir. O, həmçinin qeyd etmişdir ki, ekspertiza keçirilən zaman o, ekspertiza keçirən həkimlərin qarşısında tutduğu əməldən utandığı üçün həyətindən aşkar olunaraq götürülmüş çətənə bitkilərini əkmədiyini, onların yabanı halda bitdiyini və ona qarşı qərəzli münasibət bəslənildiyini bildirib öz əməlini etiraf etməmişdir. Lakin o, bunun ekspertiza rəyində yazılacağını güman etməmiş, o, sadəcə olaraq utandığı üçün bu cür hərəkət etmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu X6 rayon üzrə baş aqronomu vəzifəsində işləyir. 10 aprel 2024-cü il tarixdə saat 14 radələrində Hacıqabul rayon PŞ-nin əməkdaşları onu Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsində mütəxəssis qismində iştirak etmək üçün dəvət etmişlər. Baxış keçirdikləri çətənə bitkilərinin dibləri yumşaldılıb su verilmişdi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, kolların əkilmə vaxtını dəqiq deyə bilmir, kollar tozlanma vasitəsilə çoxala bilməzdi, ona görə ki, toxum düşməsə ot bitməz, kolları gözləri qarşısında torpaqdan təhqiqatçı çıxarmışdır, kollar torpağa yenicə əkilmiş olsaydı bilinərdi, kollara qulluq olunmuşdu, dibləri yumşaldılmışdı, həmin vaxt yağış yağmırdı, kollar təzə əkilməmişdi, torpaq təzə yumşaldılmamışdı, kolların ölçüləri bir-birinə yaxın olmuşdur, qulluq olunmadan kollar böyüyə bilərdi, ancaq toxum səpilməsə tozlanmadan kol bitə bilməzdi, torpağın münbit olmasından bilinir ki, ona qulluq olunmuşdur, kolların dibi peyinli idi, yalnız yağışın yağması ilə torpaq münbit ola bilməzdi, kollar ən azı günaşırı suvarılmalıdır ki, böyüyə bilsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Hacıqabul rayonu ərazisində saxlanılaraq, rayon polis şöbəsinə gətirilmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə şəxsin üzərinə axtarış keçirilən zaman o bildirmişdir ki, həyətində narkotik tərkibli bitkilər əkmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs həyətinə baxış keçirərkən həyətdə 22 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, çətənə bitkilərini şəxsi istifadəsi üçün əkmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə aqronomun iştirakı ilə baxış keçirilmişdir, kollar eyni yerdə əkilmişdir, Təqsirləndirilən şəxs barəsində əvvəllər əməliyyat məlumatı olmamışdır, ona qarşı zor tətbiq etməmişdir, əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, dövriyyəsi ilə məşğul olması və həyətində narkotik əkməsi barədə olmuşdur, kollar qulluq olunmuş vəziyyətdə olmuşdur, belə ki, kolları qorumaq üçün bəzi kolların qırağına ağaclar qoyulmuşdur, kolların ölçüsü təqribi 10-15 sm olardı, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, 10 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında saat 12 radələrində Təqsirləndirilən şəxs Abdullayev küçəsində olduğunu görüb ona yaxınlaşmışlar, şəxsə narkotik vasitələrin istifadəsi və daşınmasında şübhəli olduğunu bildirib polis şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə şəxsin üzərinə axtarış keçirilmiş, narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər mövcud olmasına dair onlarda əməliyyat məlumatı olmuşdur. Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-əkməməsini soruşduqda özü bildirmişdir ki, həyətində çətənə bitkisinin kolları vardır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həyətinə baxış keçirilmiş, həyətdə 22 ədəd narkotik tərkibli bitki aşkar olunmuşdur. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, yaşayış evinə baxış keçirilməzdən öncə Təqsirləndirilən şəxs razılıq ərizəsi alınmışdır, çətənə bitkiləri torpaqda əkilmişdi, baxışdan az öncə kolların torpağa əkilə bilməsinin mümkünlüyü ilə bağlı suala yalnız aqronom cavab verə bilər, həmin həyətə baxışdan əvvəl daxil olmamışlar, polis əməkdaşları tərəfindən heç kim həmin həyətdə çətənə ştilləri əkməmişdir. S.Cəfərovun narkotik vasitə istifadəçisi olması, qanunsuz gəzdirməsi və həyətində çətənə bitkisinin kolları olması barədə əməliyyat məlumatı var idi, Təqsirləndirilən şəxs küçədə saxlamışlar, o, kolların yağış yağması səbəbindən çoxalmasını bildirdi, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik istifadəçisi olması, qanunsuz gəzdirməsi və əkməsi barədə olmuşdur, Təqsirləndirilən şəxs saxladıqları yer evindən 200-300 metr məsafədə olmuşdur. Məhkəmə iclasında Şahid2 Şahid1 və Şahid3 ifadələrinə uyğun ifadə verərək bildirmişdir ki, 10 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Abdullayev küçəsində olduğunu görüb ona yaxınlaşmışlar, şəxsə narkotik vasitələrin istifadəsi və daşınmasında şübhəli olduğunu bildirib polis şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə şəxsin üzərinə axtarış keçirilmiş, narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər mövcud olmasına dair onlarda əməliyyat məlumatı olmuşdur. Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-əkməməsini soruşduqda özü bildirmişdir ki, həyətində çətənə bitkisinin kolları vardır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həyətinə baxış keçirilmiş, həyətdə 22 ədəd narkotik tərkibli bitki aşkar olunmuşdur. Verilmiş suallara cavab olaraq M.Seyidzadə bildirmişdir ki, çətənə kolları müxtəlif ölçülərdə olmuşdur, həyətə Təqsirləndirilən şəxsla birlikdə daxil olmuşlar, Təqsirləndirilən şəxs kolları özü əkdiyini bildirmişdir, kollar əkilmiş həyətyanı sahə evdən görünürdü, kimsə əksə görünərdi, kollar su verilmişə oxşayırdı, ətrafı da təmiz idi, polis əməkaşlarından heç kim baxışdan əvvəl Təqsirləndirilən şəxs həyətinə daxil olmamışdır, torpaqda peyin görünürdü, əkin sahəsi evə yaxın idi, görünürdü, həyətdə cəmi 1 ev var idi. Məhkəmə iclasında iştirak etməyən Şahid5 ibtidai istintaqdakı ifadəsi elan olunmuş və ifadədə Şahid5 göstərmişdir ki, o, Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında oğlu Təqsirləndirilən şəxs, sonuncunun övladları və arvadı Şahid6 ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində narkotik tərkibli çətənə bitkisi əkib-becərdiyini bilməmişdir. Onun bu barədə yalnız 10 aprel 2024-cü il tarixdə polis əməkdaşları onların yaşadıqları evin həyətinə baxış keçirərkən həmin narkotik tərkibli bitkiləri aşkar etdikdən sonra məlumatı olmuşdur. Onun və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evi və həyətyanı sahə vəfat etmiş əri X2 məxsusdur. Onlar həmin ünvanda artıq 45 ildir ki yaşamaqla qeydiyyatdadırlar. O, həmçinin qeyd etmişdir ki, nə onun, nə də ki onlarla bir ünvanda yaşayan gəlini Şahid6 bu barədə heç bir məlumatı olmamışdır. Onların bu barədə məlumatları olsaydı onlar Təqsirləndirilən şəxs bunu etməyə imkan verməzdi. İşdə olan, Hacıqabul RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması, qanunsuz olaraq narkotik vasitə əldə etməsi və yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkilər əkibbecərməsi barədə xx.xx.2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. (c İ, i.v 4) İşdə olan, təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (i.v 5) İşdə olan, «Baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokol və videoçəkilişdən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkib-yetişdirilmiş 22 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. (i.v 32-36) İşdə olan, şübhəli şəxsin tutulması haqqında 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə, saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 12) İşdə olan 12 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, barəsində Hacıqabul Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 aprel 2024-cü il tarixdən hesablanmışdır. Barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirmişdir.(i.v 64-66, 82-85) İşdə olan, 10 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən əkilib-yetişdirilmiş 22 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq işləri göstərilmişdir. ( i.v 39) İşdə olan 10 aprel 2024-cü il tarixli 3-16-16/2-18/393 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs.....həyətindən...22 ədəd...” sözləri və imzalar olan kağız paketdə ümumi sayı 22 ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkisi 7,20 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 22 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. (i.v. 44-47) İşdə olan 14 iyun 2024-cü il tarixli 3-16-16/2-18/586 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs məxsus...” sözləri yazılmış MEM-ə məxsus kağız paketdə olan ağ rəngli kağız paketin içərisində 22 ədəd çətənə bitkilərinin kökləri üzərində olan torpaq nümunəsi ilə “Təqsirləndirilən şəxs həyətindən götürülmüş torpaq nümunəsi...” sözləri yazılmış kağız paketdə 1 ədəd şəffaf polietilen torbanın içərisindəki torpaq nümunəsi qrup və cinsi əlamətlərinə görə eynidir. ( i.v 180-183) İşdə olan, 16 aprel 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, aşkar olunaraq götürülmüş qalıq çəkisi 6,76 qram olan ümumilikdə 22 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Hacıqabul RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilərkən çəkilmiş video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk və üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntünü özündə əks etdirən bir ədəd DVD diskin maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (c İ, i.v 119-120) İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 12 aprel 2024-cü il tarixli qərarı ilə Hacıqabul rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 10 aprel 2024-cü il tarixli qərarının Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir. (i.v 60-63) İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 03 may 2024-cü il tarixli 2911 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 160-161) İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 may 2024-cü il tarixli 1513 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri AR CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. (i.v 162-165) İşdə olan məhkəmə tibbi ekspertizasının 12 aprel 2024-cü il tarixli, 152 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində müayinə zamanı həmin günə uyğun hər hansı travmatik zədə və onun obyektiv izləri aşkar edilməmişdir. (i.v 99-101) İşdə olan “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli, PHŞ-18-1-41/2-345/2024 saylı məktuba əsasən Təqsirləndirilən şəxs Hacıqabul rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi əsəb kabinetində qeydiyyatda deyildir. (i.v 132) İşdə olan Hacıqabul RPŞ-dən alınmış əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisinin toxumlarını nə vaxt və hansı mənbədən əldə etməsini, narkotik vasitələrin kultivasiyası ilə məşğul olub-olmamasını, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs çətənə toxumlarını naməlum mənbədən əldə etmiş, yaşadığı ünvan 6 ünvanında yerləşən evinin həyətində əkib aqrotexniki qaydada qulluq etmişdir. (i.v 129) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Səfərov X5 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ARCM-in 177.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v 130-145) İşdə olan Hacıqabul rayon İHB-nın Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 2 saylı evdə yaşayır və onun barəsində Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyinə müsbət rəy daxil olmamışdır. (c İ, i.v 124-125 İşdə olan 04 iyul 2024-cü il tarixdə Hacıqabul rayon Bələdiyyəsindən alınmış 102 saylı məktubdan görünür ki, ünvan 6-də qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə atası X4 tərəfindən 45 il əvvəl inşa olunan və ailəsi ilə birlikdə yaşamaqla qeydiyyatda olduqları fərdi yaşayış evində yaşayırlar. ünvan 6-də yerləşən fərdi yaşayış evi və həyətyanı sahə Təqsirləndirilən şəxs atası X2 məxsusdur. Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir torpaq sahəsi zəbt olunmamışdır. (i.v 200) İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən göünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X8 və X12 adında əkiz və xx.xx.2016-cı il təvəllüdlü X9 adında 3 azyaşlı övladı var. (i.v 126-128) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün qismən səmimi etirafı ilə sübuta yetirilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında onun yaşadığı evin həyətyanı sahəsinə 4 ədəd çətənə toxumu səpməsi, onlara qulluq göstərməməsi, bitkilərin artımının tozlanmadan və ola bilsin ki, intensiv yağışlar yağması səbəbindən baş verməsi, polis əməkdaşlarının həyətyanı sahəyə baxış keçirilməsindən əvvəl onun evinə getməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin qeyd edilən dəlili həm iş üzrə dindirilmiş şahidlərin ifadələri (aqronomun “tozlanma ilə çətənə bitkisi bitə bilməz, toxum düşməsə ot bitməz, bitkilər torpağa baxışdan az əvvəl əkilsəydi, bilinərdi, çoxdan əkilmişdir, qulluq olunub, suvarılmışdır, dibi peyinlənmişdir” ifadəsi, polis əməkdaşlarının baxışdan əvvəl müvafiq yaşayış evinin həyətyanı sahəsinə daxil olmamaları ilə bağlı ifadələri), həm də yaşayış sahəsinə baxış protokolu və videoçəkiliş (videoçəkilişdə təqsirləndirilən şəxs aşkar olunmuş 22 ədəd çətənə bitkisinin onun tərəfindən əkildiyini etiraf edir) və müvafiq ekspertiza rəyləri, (çətənə bitkilərinin üzərindəki torpaqla yaşayış sahəsindən götürülmüş torpaq örtüyünün eynilik təşkil etməsi, aşkar olunmuş bitkilərin narkotik tərkibli çətənə bitkisi olması, bədənində xəsarət izlərinin olmamasına dair tibbi ekspertiza rəyi) həmçinin, özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, həbs qətimkan tədbiri seçilən zaman verdiyi izahatı ilə tam təkzib olunur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan «Çətənə növlü bitkilər»in ölçü vahidləri-sayı 16 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanununun 1.0.6cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yerləşən həyətyanı sahəsindən aşkar edilərək götürülmüş əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 22 ədəd çətənə (kannabis) bitkilərinin sayı külli miqdar təşkil edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olması, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,76 qram olan 22 ədəd çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-81,69 (səksən bir manat, altmış doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan 6,76 qram 22 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və yaşayış yerinə baxış keçirilməsi haqqında müvafiq 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-81,69 (səksən bir manat, altmış doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar